SALAM, PAYIZ! Salam, payız! Yenə bizə xoş gəlmisən! İstin yoxdur, Soyuqlarla bol gəlmisən! Mənə danış, Sarı, ölmüş yarpaqlardan. Xəzəl olub, Ayaq altda qalanlardan. Külək vurub, Sındırılmış budaqlardan, Canı yanmış, Tənha qalan qadınlardan! Danış mənə, şairlərdən, Gecəyarı sərxoş olub, Yuxarıya deyənlərdən. Əcəl olub yuvamızda, Şirin-şirin gülənlərdən! Söylə mənə kimliklərdən, Beş köpüklük mütilərdən! Səsin yoxdur, a payız, Bilirəm ki, gəlməyəcək. Sənə yazdım gördüyümdən, Ölə-ölə, bilə-bilə Damarıma gömdüyümdən… Di gəl, payız, Ağrın alım… Onsuz sən də gedəcəksən! Salamat ol, qal hələlik Bir gün sən də bezəcəksən…
ƏZİZİM Daha yazılmır, əzizim, o çiçəkli, böcəkli şeirlər … Daha göylər də ağlamır, quruyur həyətimizdəki güllər. Mürəkkəb əvəzinə qan axır, tökülür asta-asta mərmilər.. Söz deməyə dil axtarır, bir busəyə ad axtarır. Xoş görməyə göz axtarır, ölür burda nakam şeirlər… Yarısı yazılır, başdan pozulur cırılıb atılır, qələm yorulur. Hisslər donur, qəm sovrulur doğulmadan ölür körpə şeirlər…. Kimlər ölmür ki, gün işığım, kimlər getmir ki, bircəciyim … Hamı gedir, sən getmə, Hamı bitir, sən bitmə Hamı ölür, sən ölmə… Qoy sağalmasın şairlər, Heç tükənməsin şeirlər…
KİM İndi kimsəsizəm,bir az da cəllad, İçimdəki fəryadı boğmağım gəlir. Gözlərim kövrəlib,damlalar durğun, Çıxıb hər kəsimdən getməyim gəlir. * * * Əllərim boş qalıb,gözlərim sərxoş, Güzgüdən əksimə gülməyim gəlir. Nə pismiş fələyin qisas oyunu, Torpaqla qol-boyun yatmağım gəlir.
ELƏ BİL Kİ… Elə bil ki, Milyon ilin ölüsü uyuyub içimdə, Paltarlarım təptəzə, asılqandan asılmış Geyinməyim yox, Nemətlər düzülmüş sıra ilə önümdə, Yeyib-içməyim yox. Ayaqqablarım gəzilməyə hazır, Düz pilləkənin dibində, Getməyim yox. Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah. * * * Hardan gəlib tapdı məni bu mirət Tank kimi üstündən keçdi ömrümün İliklərimə qatışıb, qandı bu mirət Axır ki sonuna çıxdı ömrümün. * * * Tənhalığın ipin çəkdim, atdım ocağa Ki bəlkə şadlığımı mənə qaytara Bəlkə sıxıntıdan yaxam qurtara Döndüm ki,çarə yox, döz, a bəxti qara! * * * Yarımadım dostumdan,nə tanışımdan Bezmişəm dünyanın pis axışından. Hər kəsimin yerinə utanıram yaşımdan Neçə zillət çəkmiş bu səbirsiz başımdan. * * * Gəl, Gəl dəymə bu bəndənin xətrinə Səndən ömür istəmirəm,gün istəmirəm Bircə harayına yetiş duamın Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah.
Əbdürrəhim bəy Haqverdiyevin hekayə yaradıcılığının ilk mərhələsi
Azərbaycan bədii nəsrinin inkişafında misilsiz rolu olan Əbdürrəhim bəy Haqverdiyev 1892-1906-cı illər ərzində daha çox dramatik əsərlər yazmış, sonralar isə mütəmadi olaraq nəsrlə, o cümlədən, hekayə yazmaqla məşğul olmuşdur. Bu baxımdan, tədqiqatçılar ədibin hekayə yaradıcılığını 2 mərhələyə ayırırlar: ilk mərhələyə 1906-cı ildə yazıb “Həyat” qəzetində dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri aiddir. Ə.Haqverdiyevin yaradıcılığında “Bəxtsiz cavan” faciəsi ilə başlayan “atalar və oğullar” qarşıdurması “Ata və oğul” hekayəsində davam edir. Hekayəni bu yöndən təhlilə cəlbetmə ədəbiyyatşünaslığımızda daha əvvəllər də mövcud olmuş təcrübədir. “Atalar və oğullar” məsələsi yalnız konkret valideyn-övlad arasındakı anlaşılmazlıq olaraq qalmır – bəşər övladının yaranışından mövcud olan problem kimi meydana çıxır: elm, məişət və sənətin müxtəlif sahələrində yaranan fikir ayrılıqları problemin əsasını qoyur və bütövlükdə nəsillərin qarşıdurması şəklində əksər böyük yazarların yaradıcılığında ifadəsini tapır. Nəsillərarası münasibətlərin qırılması “atalar və oğullar” məsələsi kimi müxtəlif əsərlərdə bəzən əsas, bəzən fon motiv kimi mətnlərdə yer alır. Ə.Haqverdiyevin “Ata və oğul” hekayəsinə “atalar və oğullar” kontekstindən yanaşıldıqda birincilərin (Hacı Xəlil, Kərbəlayı Qulaməli, Rüstəmin atası) təlim-təhsil tərəfdarı olmaları, hesab-kitabda halallıq, sədaqət, fədakarlıq, yaxşılıq, humanistlik kimi xüsusiyyətlərə münasibətlərinin idealizə olunduğunu görürük. Gənc nəslin əsərdə təsvir olunan hər iki nümayəndəsinin isə (Rüstəm, Əkbər) tənbəl, nankor, valideyn hesabına yaşayan, ata mülkünü dağıtmağı hər şeydən yaxşı bacaran, əyləncəni təhsildən üstün tutan düşüncəsiz, intizamsız olduğunu izləyirik. Ə.Haqverdiyevin maarifçi realizmi hekayə yaradıcılığının ilkin mərhələsində dini aspektdə təşəkkül tapır; “Pir”, “Şəbih”, “Seyidlər ocağı” kimi hekayələrdə dini fanatizmi hədəflədiyi halda, ilk hekayəsində insana islam əxlaqı ilə aydın yol göstərir. Deməli əksər maarifpərvər ədiblər kimi Ə.Haqverdiyev də dini hədəf seçmir, cəhaləti tənqid edirdi. Ədəbiyyatşünas Tehran Əlişanoğlu bu hekayəni “milli müsəlman həyatının “proza”sını verən ibrətli bir hekayə” adlandırır. Hacı Xəlil insanın həyatını çevrələyən bütün məsələlərə münasibətdə ideal bir obrazdır. Yetimliklə böyüyüb, min bir əziyyətə qatlaşan balaca Xəlilin uğurlu iş adamı, hörmətli, nüfuzlu Hacı Xəlilə çevrilməsi prosesi oxucunun gözü qarşısında baş verir: onun uğurunun səbəbi oğluna da vəsiyyət etdiyi kimi, təhsilli və inanclı olması, bu dəyərlərə tutunmasıdır. Burada qarşısına çıxan insanların kimliyi və necəliyi də az əhəmiyyət daşımır. Adətən, bədii mətnlərdə izlədiyimiz naqis ruhani, yetim əməyindən sui-istifadə edən “qaniçən” obrazları bu hekayədə görə bilmirik. Mənfi obraz olaraq yalnız Əkbərin dostu Rüstəm hekayənin ikinci – Xəlilin ölümündən sonrakı hissəsində görünür və ardınca yalnız şər və pislik gətirir. Hacı Xəlil ölüm yatağında oğluna xüsusi vurğu ilə özünə doğru yoldaş seçməyi vəsiyyət edir: “Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!” Hacı Xəlilin “yenə deyirəm” deyə vurğu etdiyi nəsnə həqiqətən də yerini tapır, zamanla yaman yoldaş seçiminə görə Əkbər əzablar çəkir, atasının dediyi kimi, min bəlaya da düçar olur, xalq arasında da bədnam olur. Bu hekayədə müxtəlif məsələlər qabardılsa da, əsərin əsas ideya məzmunu didaktik xətdir – övlada vəsiyyət edərkən əslində nəsihət verən atanın sözləri ən çox bu istiqamətə yönəlir. Ə.Haqverdiyev uzun mətləblərdən qısa bəhs etməyin ustasıdır; yazdıqları arxasında yazmadıqlarını da görə bilmək mümkündür. Bir insanın yanlış yola düşməsini hekayədə mərhələ-mərhələ, lakin qısa təsvirlərdə izləyirik. İlk dəfədən səhərə kimi içki məclisində əylənən Əkbərə yoldaşı Rüstəm deyir: “Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənərsən. Ayaq bir-bir qoyarlar nərdivan”a. Əkbər qısa müddətə nərdivanın elə bir pilləsinə qalxır ki, oradan yıxılanda həyatı, taleyi paramparça olur. Əvvəlcə yanlış addımlar atarkən utanıb-qızaran, yanlış saydığı əməllərinin üstü açılmasın deyə, yalan danışmağa məcbur olan Əkbər sonra heç yalan danışmağa belə cəhd göstərmədən anasına qarşı kobud davranaraq “Bir yol, sənin borcun deyil” – cavabını verir. Ana oğlunu bu illətdən qurtarmağa çalışmır, cəhd göstərmir, sadəcə xiffət edib xəstələnir və dünyasını dəyişir. Onun təbiətindəki bu acizlik, çarəsizlik “binəva övrət” birləşməsində ifadə olunur. Hadisələr sona doğru sürətlə cərəyan edir. Atanın ömrü boyunca qəpik-qəpik qazandıqlarını oğul böyük məbləğlərdə havaya sovurur. Hekayədə əxlaqi dəyərlərin dini dəyərlərlə tənzimlənməsi sondakı beytdə də əksini tapır: “Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi” (beytin hərfi tərcüməsi) fikrini sitat gətirən müəllif yenə oxucunu dini əxlaqdan bəhrələnməyə sövq edir. Maarifçilik mövqeyindən tədqiq olunan “Ata və oğul” hekayəsi də Haqverdiyevin sonrakı digər hekayələri kimi bir ailənin timsalında cəmiyyətin sosial bəlalarını üzə çıxarır. Bu hekayədə təhsilə münasibət həm Hacı Xəlilin, həm də Rüstəmin atasının simasında əksini tapır. Oğluna vəsiyyət edən ata deyir: “Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı ləzzət aparacaqsan”. Fikir versək, adam olmaq savadlanmanın nəticəsi kimi göstərilir. Bəs Hacı Xəlilin oğlu niyə “adam ola” bilməyib? Çünki məktəbi yarımçıq qoyub çıxıb, təhsili tamamlanmadığı üçün insanlıqdan da kəsirli qalıb. Burada insanın bütöv bir simaya, xarakterə sahib olmasında qabardılan iki əsas amil – təhsil-təlim və islam əxlaqı bir-birini rədd etmir, əksinə, birlikdə insani keyfiyyətlərin dolğunlaşmasına, bitkinləşməsinə xidmət edir. Hacı Xəlilin həyatı bütün mərhələləri ilə Şərqə bağlıdır – inancı, ticarəti, ziyarəti… Əkbərin yolu isə Moskva, Peterburq, Parisdən keçsə də, əslində, keçdiyi yerlərin mədəniyyətini özündən keçirə bilmir, içindəki neqativlər onu yanlış yola yönləndirir. Əkbər atasının işini davam etdirsə də, yolunu davam etdirə bilmir. İlk hekayədən təxminən iki ay sonra yenə “Həyat” qəzetində dərc olunmuş “Ayın şahidliyi” haqqında ədəbiyyatşünaslıqda müxtəlif fikirlər yer alsa da, qəbul olunmuş ümumi bir qənaət var ki, bu hekayənin əsas leytmotivi “Nahaq qan yerdə qalmaz” fikridir. Bu hekayə və onun leytmotivi ədəbiyyatşünaslığımızda maarifçi-realizmə aid edilsə də, burada magik realizm elementlərinin olduğunu da istisna etmək olmaz. Bədii mətndə başlanğıc da, son da daxili konfliktin bədii həllinin aşkara çıxarılması baxımından əhəmiyyətlidir. Ə.Haqverdiyev hekayələrinin əksəriyyətinə bir beyt, yaxud bir bənd şeirlə epiqraf verir. Əminliklə demək olar ki, həmin epiqraflar yazıçının mətnin sonunda qət edəcəyi qənaət şəklində hekayənin əvvəlində yer almaqla oxucuya müəllif məramını açıqlamış olur. Lakin mətni oxumadan o qənaət hələ ki, bizimçün qaranlıq olaraq qalır. “Ayın şahidliyi” hekayəsinin epiqrafında Ayın düşdüyü vəziyyətlərlə insanın əhvalı arasında bənzətmə aparılır:
“Key gəh qədim kimi xəmidə, Gahi pür olan misali-didə!”
Bu beytdə dairəvi forması yaşla dolmuş göz bəbəklərinə, qövs şəklində olan bədirlənməmiş forması Məcnunun həsrətilə əyilmiş qəddinə bənzədilir. Füzulinin qələmindən çıxan bu kədərli beyt hekayənin ümumi intonasiya ilə həmahəngdir, onu tamamlayır. “Ayın şahidliyi” hekayəsində yazıçının ictimai əhəmiyyətli məsələlərdən kiçik formada, lakonik şəkildə bəhs etmək məharətinin şahidi oluruq. Feodal dərəbəyliyinin hökm sürdüyü cəmiyyətdə quldurluq və vəhşiliyin ifşasına həsr olunmuş mətndə süjetə başlamazdan öncə kənd təbiətinin təsviri verilir: “Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular”. Azərbaycan ədəbiyyatında realist nəsrə qədərki bədii ümumiləşdirmə, əsasən, peyzaj və portret vasitəsilə həyata keçirilirdi. Misal gətirdiyimiz nümunədə də peyzajın təfərrüatlı təsviri müəllifin ideya-siyasi düşüncələrini sətiraltı mənalarla oxucuya çatdırmaq məqsədi daşıyır. Mətn içində mətn texnikası ilə yazılan “Ayın şahidliyi” hekayəsində Ay obrazlaşdırılır; qocanın danışdığı əhvalatda Səlma tərəfindən şahid tutulan Ay təhkiyəçinin yuxusunda sanki gündüz eşitdiyi əhvalatı təsdiqləyir. Hekayəni mifoloji aspektdən incələyən tədqiqatçı Güldəniz Qocayeva mifik və islami təfəkkürdə Ayın rolu və mövqeyindən ətraflı bəhs edərək fikrini belə yekunlaşdırır: “İki atributun vacibliyi xüsusi qeyd olunmalıdır: 1. Ay, 2. Dərə: Quldur bu hadisəni başqa məkanda və başqa zamanda xatırlaya bilərdi. Bu onun incitdiyi, öldürdüyü müxtəlif qurbanlardan birinin xatırlanmasından uzaq getməzdi. Amma həmin məkanda Ay ilahi varlıq kimi onu danışdırır. Ay çərçinin qətli günü onun ölümünə fərman vermişdi, vaxtını gözləyirdi. Burada Ayın şahidliyi Ayın intiqamına çevrilir. Qulduru Səlman öldürür, ancaq bu ölümü Ay hazırlayır. Səlman icraçı, Ay isə hakimdir. “Tədqiqatçı çox doğru olaraq hekayədə total mifin bütün parametrlərinin, zaman – məkan – insan sxeminin özünü doğrultduğunu qeyd etsə də fikrinin sonunda bunun bir növ, təsadüfi şəkildə ərsəyə gəldiyini yazır: “Halbuki əvvəldə qeyd etdiyimiz kimi, bu, sadəcə olaraq, təfəkkürdə yaşayan mifik inamların izləri ola bilər və çox güman ki, yazıçı tərəfindən əsərə düşünülmüş şəkildə gətirilməmişdir”. Müəllifin sonuncu qənaəti ilə razılaşmaq olmur. Çünki bununla tədqiqatçı sanki özünün yuxarıdakı fikrini təkzib etmiş olur. Epiqrafından başlayaraq, bütün obrazlar, hadisələr və zamanın uyum sağladığı hekayədə məkanın təsadüfi bir element kimi daxil olduğu inandırıcı görünmür. Bu hekayədə dərənin də ən az Ay qədər yaddaşı var: Ay hər nə qədər mifik obraz olsa da, bu ölümü “hazırlayan”, “şahid” olsa da, hekayədə bütün bunlar İlahinin iradəsindən kənarda baş vermir: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz. Və Ay, ulduz, daşlar ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”. Yenə elə Allahın iradəsiylə “dərənin yaddaşı” da lazımi məqamda bərpa olunur və quldur Səlmanı öldürdüyü dərədən keçərkən çox ucadan gülür. Hətta bu məqamda quldurun sözləri də təsadüfi deyil: “…neçə il bundan əqdəm burda bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı”. Səlman Ayla bərabər daşı, torpağı da şahid tutmuşdu və bu dərə olanlara ən az Ay qədər şahidlik edir. Elə bu üzdən də bundan sonra baş verənlər eynilə təkrarlanır, quldur “tüfəngini düzəldib” Səlmanı vurduğu qayda ilə qardaşı Süleyman da “tüfəngini düzəldib” qulduru vurur. Bu qədər detalların bir hekayədə təsadüfi olması mümkünsüzdür, Ə.Haqverdiyev bədii detal ustası olduğu üçün bu hekayədə də istənilən söz və detalın məhz düşünülmüş olduğundan əminliyə imkan verir. “Ayın şahidliyi” hekayəsi bu qətl hadisəsinin üstünün açılması ilə yekunlaşmır. “Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara, ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qaldığını görüb ciyərimdən çıxardıram”. Bunları təhkiyəçinin yuxusuna gələn Ay danışır. Ona görə danışır ki, onunla “söhbətləşməyi” arzu edən var. Gerçəkləri bilmək istəyən, onları duymağa hazır olan varsa, hətta Ay da “danışar”, sirləri bəyan edər. Amma hələ ki, şahid olduqlarına baxdıqca Ay da “lal olub” danışa bilmədiyinə şükür edir. Bu hekayədə dini ideyaların bədii təsir səviyyəsində iştirakını görürük. Çünki nə qədər Ayın şahidliyi aktını mifoloji təfəkkürə bağlasaq da, dini təfəkkürə söykəndiyi də şəksizdir. Qeyd edək ki, Ə.Haqverdiyevin ilk iki hekayəsi “Həyat” qəzetində dərc olunduqdan sonra Ə.Hüseynzadənin təqdimatı ilə “İki hekayət” adıyla ayrıca kitabçada çap olunmuşdur.
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın böyük elmi işçisi
2021-ci il noyabr ayının 12-də kitabxanaşünas-alim, professor Kərim Məhəmməd oğlu Tahirovun 70 yaşı tamam olur. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Kərim Tahirov ömrünün 30 ildən çox hissəsini Azərbaycan mədəniyyətinin, kitabxana işinin inkişafına həsr etmişdir. Bunun nəticəsidir ki, alim təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış və şöhrət qazanmışdır.
Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almış və təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına ( indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir. 1979-1982-ci illərdə Elmi-metodiki şöbəsində böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi,1987-1988-ci illərdə rəisi,1988-1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.2000-2005-ci illərdə Milli kitabxananın Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. K itabxanaşünas alimin elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.
Tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmişdir. Görkəmli kitabxanaşünas alim, BDU-nun fəxri professoru Abuzər Xələfovun rəhbərliyi ilə 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Alimin tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.
Fədakar alim “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
Professor Kərim Tahirov BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır. O, BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq, Kitabşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrantların elmi rəhbəri və rəsmi opponenti olmuşdur. 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədridir.
Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu dövrdən kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Belə ki, bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda , Azərbaycan kitabını təbliğ etməkdə alimin zəhmətini xüsusi qeyd etmək lazımdır. Kərim Tahirovun kitabxanaya rəhbərliyi dövründə 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.
“Milli – mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.
Professor Kərim Tahirovun səyi nəticəsində oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuşdur. Kitabxananın elektron kataloqu və elektron kitabxanası yaranmışdır. Alimin rəhbərliyi altında müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafik vəsaitlər tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, Elmi Şurası yaradılmışdır.
Professor Kərim Tahirov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. Eyni zamanda alim 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.
Fədakar alim, təcrübəli təşkilatçı, professor Kərim Tahirovun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasiyası üzrə “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülmüşdür.
Professor Kərim Tahirovun yubileyi ilə əlaqədar olaraq Milli kitabxanada “Professor – Kərim Tahirov” adlı elektron məlumat bazası və “Kitabxanaşünas alim-Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə oxucuların istifadəsinə verilmişdir.
Görkəmli alim, təcrübəli müəllim, qayğıkeş rəhbər, ictimаi хаdim, professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və çoxşaxəli fəaliyyətində uğurlar diləyirik!
Müəlliflər:
Solmaz Sadıqova
BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru
Rəşad Sadıqov
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,
Artıq səhər açılmaqda idi. Günəşin şəfəqləri gecəni, alayımızın əsgərləri isə düşməni qovmağa başlamışdı. Biz döyüşə-döyüşə kəndə daxil olduq. Qırmızı kirəmitli evlərinin çoxuna od vurub yandırmışdılar. Kəndin üstünü qətran kimi qalın tüstü layı bürümüşdü. Korun-korun tüstülənən evlərdən birinin yanından keçərkən sanki bir səs, daha doğrusu uşaq hıçqırtısı eşitdim. Sövq-təbii ayaq saxlayıb ətrafı dinşədim. Evın həyətinə daxil olub ehtiyatla daş pillələri qalxdım. Bir əlimi avtomatın tətiyindən çəkməyərək o biri əlimlə qapını açdım. Gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Döşəmənin üstündə qan içində gənc bir qadın, qadının sinəsi üstündəsə bir körpə vardı. Körpə anasının döşünü əmərək hıçqırırdı. Qadın ölmüşdü. Mən körpəni qucağıma alıb diqqətlə bu balaca varlığın üzünə baxdım. İndi onun hıçqırtısı kəsmişdi. Qəddar dünyanın işlərindən hələ heç nə anlamayan əl boyda uşağın iri, heyrətli və məsum baxışları mənim üzümə dikildi. Mən bir müddər nə edəcəyimi kəsdirə bilmədim. Qərara aldım ki, kəndin arası ilə hərəkət edən, öndəki dəstədən qırılıb qalan əsgərlərimizdən bir neçəsini haraylayım. Axı qan gölməçəsinin içindəki bu gənc qadını dəfn etmək lazım idi. Bəs bu dilsiz-ağızsız körpəni belə dar macalda hara, kimə təhvil vermək olardı? Yaxınlıqdakı kəndlərin çoxu boşaldılmışdı. Uzaqa atılan toplar yalquzaq kimi ulaşırdı. Nəsə bir şey fikirləşib tapmaq lazım idi. Mənim yanımda silah-sursatdan başqa bir şey yox idi. Birdən ağlıma qəribə bir fikir gəldi; cəld şalvar cibimin birindəki güllə daraqlarını boşaltdım. Uşagı ehtiyatla boşalmış nəhəng cibimə qoyub başını sığalladım: -Hə, necəsən, əsgər?
Sadıq Qarayevin “Sarvansız Zamanlar” adlı hekayə və esselərdən ibarət 3- cü kitabı işıq üzü görmüşdür (472 s.). Kitaba Akademik İsa Həbibbəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazmışdır.
Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!”
Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna:
– Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki.
Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı.
Oğluna düşəndə deyərdi:
– Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh neyləyim”ə verir. Məsələn: gedir bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür iki şahı artıq veribdir. O saat deyir: “Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksi beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: “Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin.
Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.
Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq.
Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna, yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd” (Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar). Bəli, bir nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt eləməzdi. İranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!” (Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar) Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halal malı.
Maral savadlı idi. Təbi-şeri də vardı.
Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə.
“Müttətuhü nəfəsi binəfsikə, – qəbiltu!”
Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtdığını yeyib böyüyəcək.
Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmali-müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsnü-rəğbət və şöhrət qazanır. Bir az keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan… Maral başlayır patron-tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə da bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir.
On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala bilməyib. Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllalığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə təklif edir:
– Məşədi, siğə nə mixabi? (Məşədi, siğə istəmirsən?)
Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər…
Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanı da gedib kənbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı ki, İrandan keçmiş bir seyid, iki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqalıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğu-sual edən.
Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa.
Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüdd qalıb birdən qışqırdı:
– Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm!
Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı.
Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnunadək yükləyib gəldi evinə.
Bir az zamanda Hacı Rüstəm atasının iki-üç dövlətincə dövlət qazandı.
Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ yeri verib, on iki il də hər bir xəracatdan azad edirlər.
Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar.
Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü, Təzəşəhərə. O vaxtdan orada sakindir; yaxşı dövlət qazanıb Məkkəyə gedib.
Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi.
Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim.
Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü sarıqlı yaman bir halda gəlir.
– Ay hacı, olmasın azar, sifətini niyə sarımısan?
– Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam.
– Nə olub? De görüm!
– Nə olacaq, dişim məni öldürür.
– Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər:
Qonşun pisdir, köç qurtar.
Dişin pisdir, çək qurtar.
Arvadın pisdir, boşa qurtar.
Canın pisdir, öl qurtar.
– Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt-quran açır.
– Axır mən nə eləyim?
– Get çəkdir qurtarsın!
– Elə mən də ona gəlmişəm. deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa, gör onu tapdıra bilərsənmi?
– Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətininin salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin.
– O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq?
– Necə neçə alacaq? Nə istər, verərsən.
– Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun.
– On şahı verərsən, qurtarar gedər.
– On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda… Uf!.. uf… uf!.. Aman, aman, öldüm. Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf… uf… uf!.. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “Çəkməkdən sivay əlacı yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki, çıxmır… Yazıq məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (O vaxt hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə… Uf… uf… uf!.. Aman allah… Aman allah.. Elə ki gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən iki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə “allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi, bir az “şto-mişto” oxuyub? Bacarmayacağam.
– Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara!
– Necə! Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz alır, amma sənin matışkan təharət nə olduğunu bilmir… Aman!.. aman… aman… Başım çatladı!
– Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim.
Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına.
Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə.
– Ağrıyan dişinizi göstərin!
Hacı dedi:
– Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan?
– Dişçəkmənin taksası on şahıdır.
– Mən heç bir girvəngə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası verəcəyəm, dişimi çəkəcəksən, vəssalam!
– Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən.
Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi:
– Eybi yoxdur, çək! Ağrıyan dişim budur.
Həkim dişi çəkib qoydu yerə.
Hacı üzünü usta Həsənə tutub dedi:
– Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki, baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın!
Həkim soruşdu:
– Nə olub?
– Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin!
Həkim hərçi inandırdı ki:
– Özün göstərdiyin dişi çəkimişəm.
Hacı söyüb-söylənib dedi:
– Di gəl, evi yıxılmışın qızı, bax ağrıyan dişim budur.
Həkim onu da çəkib yerə qoydu.
Hacı ilan çalmış tək yerindən qalxdı:
– Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası görbagör olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu!
Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı.
– Adını diş həkim qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan dişim budur!
Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və çöldə usta Həsənə dedi:
– Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz.
Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.
Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –
coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.
XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.
Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.
Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).
STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.
STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning), Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.
Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.
Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.
STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:
Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.
Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:
Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.
Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:
peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.
Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.
Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim auditoriyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrənilənin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həmçinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xüsusi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:
Anlamaq; Anlatmaq; Anlaşmaq.
Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün -Təhsil; Tərbiyə – nəticədir; İnkişaf.
Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.
Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent birlikdə iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəticədə arzuolunan təhsili formalaşdırır.
STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və 15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.
STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.
Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.
Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.
Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.
ANANIN Analar can deyər, balasın sevər, Siz Allah, eşidin sözün ananın. “Balamdı ürəyim, bu canım” deyər, Dərdinə dərmanlar gəzin ananın. * * * Anam olsa gözüm üstə bəslərdim, Əzizlərdim, “ana”, “ana” səslərdim. Canımnan artıq da onu istərdim, Nə olsa cəbrinə dözün ananın. * * * Abbasəli, hər varlıqdan şirindi, Ana məhəbbəti yaman dərindi. Görürəm anaya çoxu sərindi, Öpün gözləriynən üzün ananın.
TAPILMAZ Dostu satıb yaltaq olan adamda, Nə namus, nə qeyrət, nə də ar olmaz. Kişilik insanda bir nişanədir, Nə pulnan, nə varnan bilin, var olmaz. * * * Qorxuludur, insanların yaltağı, Çəkər səni ayağından aşağı. Dili də acıdır, qurtarmaz dağı, Çox illər ötüşər, yeri sağalmaz. * * * Abbasəli gəlib Göyçətək eldən, Mehriban danışaq, bağırma zildən. Qoşacam xırmana, açacam vəldən, Hayına yetməyə kimsə tapılmaz.
DAĞLAR Həkim də, loğman da, sağ can da sizsiz, Dərdlərin dərmanı, a gözəl dağlar. Mən ağıl ucunnan olmuşam xəstə, Ürəyim çırpınır, gözlərim ağlar. * * * İki ildir, dağlar, sizə gəlmədim, Qohumdan, qardaşdan əhval bilmədim. Nə lalə, bənövşə, nərgiz dərmədim, Yadımdan çıxmayır soyuq bulaqlar. * * * Abbasəli, qəlbin çıxmır qaradan, Rəhm eyləsin yeri-göyü yaradan. Çətin dərddir köçüb gəlmək oradan, Gavıra qalmasın gözəl yaylaqlar.
QURBAN OLUM Ata-ana qədri bilən, İnsanlara qurban olum. Dar ayaqda bəd halını, Duyanlara qurban olum. * * * Böyük yolu saxlayanlar, Allaha da əziz olar. Yaxşılıqdan əla nə var, Yaxşılara qurban olum. * * * Abbasəli bir veteran, Çoxdu sevən, hörmət qoyan. Arxa olan, kömək duran, Oğlanlara qurban olum.
DAĞLAR Otuz ildir aralıyam, Çıxmırsınız yaddan, dağlar. Qardaş öldü, yaralıyam, Ağzım düşüb daddan, dağlar. * * * Hacı Qurban, Tərsə dağı, Gəşd eylədim cavan çağı. Seyid Bayramın ocağı, Çıxardandı oddan, dağlar. * * * Abbasəliyəm, oralıyam, Dost-qardaşdan aralıyam. Dərdim çoxdur, yaralıyam, Xəbər verin Zoddan, dağlar.
YAMANDI Gözəl Göyçə kimə qaldı, Hamı susqun, hamı laldı. Millətə çox zülüm oldu, Çəkilməz dərddi, yamandı. * * * Yaddan çıxmaz o yaylaqlar, Durna gözlü gur bulaqlar. Qərib didərginlər ağlar, Kömək ol, Allah, amandı. * * * Abbasəli, artıq gecdi, Yaş yetmişi gəlib keçdi. Hər nə etsən, daha heçdi, Ürək susur, son zamandı.
XOŞ GƏLDİN Yönün düşüb bu dağlara, Şair, xoş gəldin, xoş gəldin. İstisuya, bulaqlara, Şair, xoş gəldin, xoş gəldin. * * * Arzu edirdik sizi də biz, Yaman şad oldu qəlbimiz. Aləmə dəydi görüşümüz, Vurğun, xoş gəldin, xoş gəldin. * * * Şair Məmmədsöyün babam, Dost yolunda müdəm varam. Abbasəli sənətkaram, Şair, xoş gəldin, xoş gəldin.
VURĞUNA Görməmişdim, arzulardım görməyi, Əlli beşdə mən rast gəldim Vurğuna. Kəlbəcərdə, İstisuda, kurortda, Qulaq asdıq bircə gecə biz ona. * * * İnsan gedərgidir yaxşılıq qalar, Vurğun kimi insan harda tapılar? Xanəndə, aşıqlar şeirin oxuyar, Min rəhmət deyirik gözəl insana. * * * Adım Abbasəli, şair nəvəsi, Çətindir dünyada deyib gülməsi, Dolaylarda bulaq üstə məclisi, Çox böyük şöhrətdi Azərbaycana.
YAMAN DƏRDDİ Ana baladan ayrılsa, Yaman dərddi, yaman dərddi. Həm ağlayır, həm öpüşür, Yaman dərddi, yaman dərddi. * * * Bala – ananın ürəyi, Canına sinmir yeməyi. “Of-of” bala, can deməyi, Yaman dərddi, yaman dərddi. * * * Ana-bala ağladılar, Ürəyimi dağladılar. Qəm-qüssədə çağladılar, Yaman dərddi, yaman dərddi.
GETDİ İndən belə başlı başın saxlasın, Kənddən ağsaqqallar, alimlər getdi. Dost-qardaşlar bir-birini yoxlasın, İnsana ən lazım bircə rəhmətdi. * * * Hacıyev Tanrıverdi çıxmayır yaddan, Misir, Şahin, Tahir getdi dünyadan. Odur ki, ağzımız düşübdü daddan, Gözümüzdən neçə cavanlar itdi. * * * Abbasəli, niyə belə olubsan? Qardaş ölüb, saralıbsan, solubsan. Yetmiş yaşa az qalıbdı, dolubsan, Bilirəm çəkirsən çox əziyyətdi.
Ölümün caynagında – Salam ! – Salam . Nə lazımdı? Sən kimsən ? Mən hardayam? -Xatırlamadın? – Yox. Bura haradı ? Gözlərimi niyə aça bilmirəm? Mənə nə olub? Heç nə hiss etmirəm . Əllərim hanı ? Bəs ayaqlarım? Niyə axı , niyə ayaga dura bilmirəm? Niyə susursan? – Fikirləş , xatırlayacan . – Fikirləşə bilmirəm! – Mən sənin yer üzündə bitən zamanının son saniyəsiyəm. – Nə zaman , nə saniyə ? – Sən gözəl qonagını qarşılamaq üzərəsən. -Qonaq, nə qonaq? Sən kimsən axı ? Nə istəyirsən? – Sənə qoy düzünü deyim. Cənabi haqqın ölüm mələyiyəm! – Niyə gəlmisən? -Səni aparmaga. – Mən getmək istəmirəm axı . -Son anındı artıq . Bu yol hamınıza var . Gəldinizsə gedəcəksiniz demək . – Hara və niyə aparırsan məni? Mənim yarımçıq işlərim çoxdu. – Bu qədər zamana sıgışdıra bilmədin işlərini? – Yox , təbiiki . İnsan övladı doguluşdan ölümünə qədər çarpışır. – Mənim vəzifəm bu . Gəlib can alaram . – Mən ölmək istəmirəm! – Doguluşunda , ölümündə yaradanın əlində. O ol dedisə olar. – Mən üsyan etmirəm . Doymadım axı bu həyatdan? Hələ cavanam ölmək istəmirəm.. – Sənin vaxtın burda tamamdı artıq . Gözlərini aç , ətrafa doyunca bax , gülümsə . Bu zaman ətrafda şeytan peyda olur . – Kəlmeyi şəhadətini oxuma .Sən ölmürsən . İki mələk görsənir . Biri sag , biri sol çiyninə qonur . – Əməllərini yazacagıq. Yenə şeytanın səsi gəlir . – Ey insan , nəfəs al , nəfəsini artır , sən güclüsən , sənə heç kim qalib gələ bilməz! Bu dünya sənindi , sən həmişə qalibsən , sən ölməyəcəksən ! -Sən kimsən? – Mən sənin özünəm ! Gözlərini açır ətrafa baxır , budur yol kənarında uzanıb , hər yeri qanın içindədi . Əlin tərpətmək istəyir . Yox deyəsən qolu yoxdu axı . Bir az kənara düşüb . Nə baş verir burda? – O kimdi aglayan? Niyə aglayır görəsən? Bəs ayaqları hanı ? Aha o tərəfdə ayaqqabıları görsənir . Ayagı üstündə deyil . Hamı ətrafa qaçır , nəsə axtarırlar . Burda nə baş verdiyini kimsə mənə deyəcək , ya yox? – Ey insan, bu sənsən . Qəza törətmisən , yüksək sürət səni məhv edib . Budur anası , aglaya – aglaya , öpə – öpə ayaqlarını tapıb gətirir . – Ana, aya ana ayagımı bura qoy , bax bura . Qoy birləşsin ayaga durum . Şeytanın səsi: – Sən güclüsən , qalx ayaga ! Bəs bədənim hardadı axı ? Niyə bədən üzvülərim məndən uzaqdadı? – Onlar artıq səni istəmirlər . Sən onlara sadiq olmadın . Düşünmədin ki bir gün səni tərk edə bilərlər . – Mən , məən neynədim axı? – Bax , anana, atana , bacına gör necə aglayırlar. Sən onlara da əziyyət verdin. -Mən ölmək istəmirəm! Mən hələ cavanam! – Hazırlaş gedirik. Ruh yavaşcadan bədəni silkələyir . – Ey bəni insan, mən gedirəm . 32 ildi səninlə agladım güldüm . Səninlə gəzdim . Cisminlə dost oldum . Bax görürsənmi heç nəyin sonu yoxdu . Və bir gün gəldi , mən cismini tərk edirəm! Şeytanın məglubiyyət dolu qahqahaları ətrafa yayıldı . Get – gedə səs yavaşımaga başladı . Gözləri qapanmaga , bədən heydən düşməyə , hissiyyat məhv olmaga dogru gedirdi artıq . Heç nə qavramır , heç nə duymurdu. Bərkdən qışqırmaq istədi , yox səsi də çıxmır ,əlini qaldırmaq , sagollaşmaq istədi nə qədər etsə də əli qalxmadı . Həqiqətənmi sonudu? Qısa həyat yolu göz qabagına gəldi . Yaşadıqları , yaşatdıqları bir lentə düzülüb gözü önündən keçməyə başladı . Budur o balacadı anasını incidir , burda böyüyüb müəlliməsin dinləmir , sinif yoldaşının qələmini ogurlayıb , bax burda küçədə uşaqları döyür , bu lentə bax hələ qızı aldadır , yalvarışlarına məhəl qoymur , anasına qışqırır , atasının sözünə baxmır .. Nələr var burda nələr .. Gedəcəksə bəs bu günahlar necə olacaq ? Əzrayıl əlində xəncıriylə ona baxır : – Hazlrsanmı ? -Əslində yox, bu qədər günahla mən qorxuram getməyə . – Qorxma , Allah bagışlayandı . De görək kəlmeyi şəhadətini . – Əşhədü ən la illahə illəllah -Əşhədü ənna Mühəmmədən rəsulullah Quran sədası , hıçqırıq.. Əzrayıl bir can daha alıb gedir .. Bu da bu dünyanın faniliyinə inanmayan ,sagollaşmaq istəməyən bir insanın uzun görsənən , əslində qısa olan ömürünün sonu…
SƏNİ UNUTMAQ OLMUR Rekviyem çələngi I Belə qərib-qərib ağlama, qızım, Bir az da mənimçün göz yaşı saxla. Balaca əllərin çətirim olsun, Ömrümü isladan yağışı saxla. * * * Ta uçdu könlümün arzu qoxusu, Baş qoyub sinəmə ümidim ağlar. Hər gün göz yaşımda dəstəmaz alır, Əcəl köynəyini geymiş ağrılar. * * * Dilimdə sözlərin dili quruyub, Könlü qancır olub bu sətirlərin. Yellənir bir ömrün əcəl bayrağı, Gözü doluxsunub xatirələrin. II Gözü doluxsunub xatirələrin, Qırpır kirpiyini sözlər içimdə. Könlümün ətrinə tamarzı qalan, Bir məzar yolumu gözlər içimdə. * * * Mələk göyə uçar, mənim mələyim, Niyə uçub getdin torpağa sarı?! Götür öz əlinlə öz məzarından, Könlümə bir ovuc torpağı sarı. * * * Kədər təbəssümlə baxır üzümə, Sözüm, sətir-sətir gəl, ayağa dur. Mənim pəncərəmdə üşüyən işıq, Nakam bir ananın son məktubudur. III Nakam bir ananın son məktubudur, Gözümü oxuyan payız yağışı. Əcəlin köynəkdən çıxdığı yerdə, Yağış-payız oxur, payız-yağışı. * * * Ürəyimdən keçən tənhalıq yolu, Özünə don biçib sənin səsindən. Asılıb kədərin nəm təbəssümü, Bəxtimin qırılmış pəncərəsindən. * * * İlahi, könlünü mən necə alım, Sinəmdə hönkürən qərənfillərin. Ovcunda bir layla buz bağlayıbdı, Göz yaşı qoxulu çiçək əllərin. IV Göz yaşı qoxulu çiçək əllərin, Əyninə dar gəlir sükut köynəyi. Alnımdan torpağa yıxılan yolun, Üstündə bir əlçim ümid göynəyir. * * * Ürəyim, səbrimə daha qar yağır, Götür qalan ömrü yığışdır, gedək. Üzündə xəfifcə qəm gülümsəyir, Bu qəbri mənimlə danışdır, gedək. * * * Könlü məzar-məzar hönkürən sözün, Gözündə ünvansız qəbrim islanır. “Təsəlli” sözünü külək apardı, Payızın ovcunda səbrim islanır. V Payızın ovcunda səbrim islanır, Boğazı quruyub təsəllilərin. Daha ürəyimdə ürək qalmayıb, Geysin köynəyini sənsiz illərin. * * * Nəm çəkməz bu qəbir göz yaşlarımdan, Sükutu sərmişəm başdaşın altda. Saçların torpağa qoy dağılmasın, Götür ürəyimi qoy başın altda. * * * Adın damcılayır, adın, əzizim, Yaralı sükutun qara səsindən. Ümid sahilləri görünmür daha, Yelkənsiz qayığam dərd dənizində. VI Yelkənsiz qayığam dərd dənizində, Gözümün yaşından su içir sular. Payız yarpağıtək düşür gözümdən, Əlləri qoynunda qalan arzular. * * * Geyib köynəyini “gedər-gəlməz”in, Ümid xəcalətdən üzümə baxmır. Sən mənim əlimi buraxıb getdin, Nə yaxşı həsrətin məni buraxmır. * * * Yeriyən bir damla göz yaşıyam mən, Səbrimin yarası qan verir hər gün. Sən gedən yolların dodaqlarında Könlüm sətir-sətir can verir hər gün. VII Könlüm sətir-sətir can verir hər gün, Hüsnün ləpələnir baxışlarımda. Gecələr yuxunu yuxuya verib, Gəzirəm alnımın qırışlarında. * * * İslanmış məktubdu gözümün yaşı, Xəttimi min dəfə oxuyanım, gəl. Ölümün əlləri sevgiyə çatmır, Məzarı məhəbbət qoxuyanım, gəl. * * * Ətri burda qalıb qədəmlərinin, Ahım tonqal çatıb göyün üzündə. Hər gün ürəyimi dəfn eləyirəm, Sənin ləpirində, sənin izində. VIII Sənin ləpirində, sənin izində, Mənim ağrılarım gül-çiçək açır. Asıram gecəni kirpiklərimdən, Hər səhər dərdlərin dodağı qaçır. * * * Əcəlin çiynində gedən baharım, Bir bənövşə ömrü dur, ayaq saxla. Sinəm arzuların məzar yeridir, Məni başdaşıtək bir az qucaqla. * * * Mənim gözlərimin payız günüydü, Əcəl qəfil dərdi bənövşəm – səni. Yığıb göz yaşımı ümid əvəzi, Yenə görüşünə gəlmişəm sənin. IX Yenə görüşünə gəlmişəm sənin, Gözümdə min ilin həsrət buludu. Qəlbimdə bir sətir yer qoymamısan, Barı bircə sətir səni unudum. * * * Ta ömrüm bir gündü – sənsizlik günü, Ayrılıq qolunu boynuma salıb. Söylə Əzrayıla saata baxsın, Yanına gəlməyə nə qədər qalıb. * * * Surələr yüyürür, ayələr qaçır, Solur çiçək-çiçək sonuncu güman. Səsimi isladır sükutun şehi, De, niyə dinmirsən, səbrinə qurban?! X De, niyə dinmirsən, səbrinə qurban?! Adını asmışam öz ürəyimdən. Bəyaz varaqları camalın bilib, İntihar eləyir söz ürəyimdə. * * * Üzü göyə gedən tənha cığırdı, Bu qəbrin başında dalğalanan daş. Dur, gəl əllərimlə dara saçını, Çatlamış güzgündü gözlərimdə yaş. * * * Elə sakit-sakit baxır üzümə, Bu dərdin Allahdan xəbəri yoxdur. Üstümə qar kimi yağır ayrılıq, İsin göz yaşımla, hava soyuqdur. XI İsin göz yaşımla, hava soyuqdur, Kövrəlib sözümün sehri, ovsunu. Yumdu gözlərini insaf yolları, Apardı ömrümün yar qoxusunu. * * *
Getdin, bu dünyanı çırpdın üzümə, Utandı bəxtindən bütün qapılar. Nə mənim könlümtək bir eşq yolçusu, Nə sənin hüsnündə gözəl tapılar. * * * Məhəbbət ətirli başdaşınam mən, Səsimlə-güzgülən, sözümlə-daran. ənim gözlərimin yaraşıq yeri, Əyninə geydiyin qəbrinə qurban. XII Əyninə geydiyin qəbrinə qurban, Dərdimin boynuna qolunu sal, get. Sənin saçlarında qalıb əllərim, Gəl, bu son ümidin tozunu al, get. * * * Ocaq qalamışam göz yaşlarımdan, Külümü ovcunda tutub mələklər. Hər gün gülümsəyir dağlar sinəmdə, Ətrindən danışır hər gün çiçəklər. * * * Elə qəfil əsdi əcəl küləyi, Düşüb çilikləndi bu alın yazım. Bir layla üşüyür bu məzar üstə, Belə qərib-qərib ağlama, qızım. XIII Belə qərib-qərib ağlama, qızım, Gözü doluxsunub xatirələrin. Nakam bir ananın son məktubudur, Göz yaşı qoxulu çiçək əllərin. * * * Payızın ovcunda səbrim islanır, Yelkənsiz qayığam dərd dənizində. Könlüm sətir-sətir can verir hər gün, Sənin ləpirində, sənin izində. * * * Yenə görüşünə gəlmişəm sənin, De, niyə dinmirsən, səbrinə qurban?! İsin göz yaşımla, hava soyuqdur, Əyninə geydiyin qəbrinə qurban… Müəllif: Balayar SADİQ