Etiket arxivi: Könül Nuriyeva

Könül Nuriyeva – İşsiz

İşsiz

Şair deyilsən ki, şeir yaza bilməyəndə
səni sərxoş edəcək qadın axtarasan,
sonra da içdiyin o qadınların
ayılanda adlarını tapmayasan…

Yoqa müəllimi deyilsən ki,
hər gün dərsə gecikəsən,
bəhanəni zamana tabe olmamaqla bağlayasan…
Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən,
illər sonra onu xatırlayıb ağlayasan…

Aşbaz deyilsən, yeməklərin dadı ilə
ocağın istisini qarışdırasan,
başqalarını boyat, özünü təzə təama alışdırasan…
Gecələri də tez yatırsan,
heç olmasa bir işə yarayıb,
ayla günəşi barışdırasan…

Ata deyilsən, bir dərdin ola,
o da övlad…
Ona öyrədəsən necə qazanılır
şərəfli ad.
Bəzən uşaqlarının adını qarışdırasan…
Yaxşı ki, ata deyilsən,
çətin zamandır— hamısına verəmməzdin savad.

Sən heç bir iş bacarmayan,
anasının şikayət etdiyi adamsan.
Mənimçun birlikdə gedəcəyimiz yol,
başqaları üçün zəhlətökən dumansan…
Bu boyda şəhərdə yer tapılmır
sənə madam ki,
deməli, mənə lazımsan,
mənim qəlbimdəki kamansan…

İş taparam mən sənə:
Buludları rəngləmək gəlirmi əlindən?
insanlardan küsəndə şirin söz çıxarmı dilindən?
Məlikməmməd üçün yandırarsanmı telindən?
Hamı üz döndərəndə bu şəhərin dənizindən,
sən tutarsanmı onun biləyindən?

Bitirəndə bu işləri
bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən?
Sənin sıxmaram ürəyini
birlikdə içərik yağış suyunu
tez öyrəşərik bir-birimizə
bir gündə tanıyaram
sənin huyunu…
Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?

Sonra, böyük, çox böyük işlər görərik
Hər axşam günəş batmasın deyə
qalın kəndir hörərik…
Axı adamlar kədərlənir,
nə olsun ki, arada ay bədirlənir.
Onlara lazımdır günəş
hər axşam yanğınsöndürən olarıq
dərdli qəlblərə çiləyərik atəş…

Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə,
bir sevgili taparıq gecəyə!..
Ölümü aldadarıq,
mat qoyarıq onu qurduğunuz kələyə…
Onu göndərərik gedər-gəlməzə,
ikimiz birlikdə olanda, o nə edə bilər bizə?!
Körpələrin, cavanların mərəzlərini verərik küləyə,
doyunca gülərik, rişxəng edərik xəstəliyə…
Yetim uşaqları analara verərik,
yaşanmayan uşaqlığı yenidən bələyə…
Yetimlərin adları olmur ki,
analar onlara “laylay” deyib səsləyə…

Görəsən, sənə niyə işsiz deyirdilər,
Bilmirsən, niyə?!

Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın digər yazıları

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Xoş gəldin, ŞEİR!

Xoş gəldin, ŞEİR!

Gündüz bir neçə saat yatdığım üçün gecəni ilanvuranlar təki yata bilmədim. “Facebook” sosial platformasında gəzişirdim ki, birdən qarşıma bir şeir çıxdı. Oxuyandan sonra müəllifinin səhifəsinə girib paylaşımlarını nəzərdən keçirdim. Bəli, adı Könül, soyadı isə Nuriyeva olan bu xanımın səhifəsində çox maraqlı yazılara rast gəldim. Kimliyini ədəbiyyatşünas, kitab təhlilçisi, məqalə, hekayə yazarı, ingilis və fransız dili müəllimi kimi təqdim edən Könül xanım özünü şair kimi təqdim etməsə də, onu həm də şair adlandırmaq olar. Çünki şair olmasaydı belə gözəl şeiri yaza bilməzdi, mümkün deyil. Könül xanımın haqqında bu sözləri söyləməyə məni vadar edən həmin şeiri sizə də təqdim edirəm…

İşsiz…

Şair deyilsən ki, şeir yaza bilməyəndə
səni sərxoş edəcək qadın axtarasan,
sonra da içdiyin o qadınların
ayılanda adlarını tapmayasan…

Yoqa müəllimi deyilsən ki,
hər gün dərsə gecikəsən,
bəhanəni zamana tabe olmamaqla bağlayasan…
Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən,
illər sonra onu xatırlayıb ağlayasan…

Aşbaz deyilsən, yeməklərin dadı ilə
ocağın istisini qarışdırasan,
başqalarını boyat, özünü təzə təama alışdırasan…
Gecələri də tez yatırsan,
heç olmasa bir işə yarayıb,
ayla günəşi barışdırasan…

Ata deyilsən, bir dərdin ola,
o da övlad…
Ona öyrədəsən necə qazanılır
şərəfli ad.
Bəzən uşaqlarının adını qarışdırasan…

Yaxşı ki, ata deyilsən,
çətin zamandır— hamısına verəmməzdin savad.
Sən heç bir iş bacarmayan,
anasının şikayət etdiyi adamsan.
Mənimçun birlikdə gedəcəyimiz yol,
başqaları üçün zəhlətökən dumansan…

Bu boyda şəhərdə yer tapılmır
sənə madam ki,
deməli, mənə lazımsan,
mənim qəlbimdəki kamansan…

İş taparam mən sənə:
Buludları rəngləmək gəlirmi əlindən?
insanlardan küsəndə şirin söz çıxarmı dilindən?
Məlikməmməd üçün yandırarsanmı telindən?
Hamı üz döndərəndə bu şəhərin dənizindən,
sən tutarsanmı onun biləyindən?
Bitirəndə bu işləri
bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən?
Sənin sıxmaram ürəyini
birlikdə içərik yağış suyunu
tez öyrəşərik bir-birimizə
bir gündə tanıyaram
sənin huyunu…

Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?
Sonra, böyük, çox böyük işlər görərik
Hər axşam günəş batmasın deyə
qalın kəndir hörərik…

Axı adamlar kədərlənir,
nə olsun ki, arada ay bədirlənir.
Onlara lazımdır günəş
hər axşam yanğınsöndürən olarıq
dərdli qəlblərə çiləyərik atəş
Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə,
bir sevgili taparıq gecəyə!..

Ölümü aldadarıq,
mat qoyarıq onu qurduğunuz kələyə…
Onu göndərərik gedər-gəlməzə,
ikimiz birlikdə olanda, o nə edə bilər bizə?!
Körpələrin, cavanların mərəzlərini verərik küləyə,
doyunca gülərik, rişxəng edərik xəstəliyə…

Yetim uşaqları analara verərik,
yaşanmayan uşaqlığı yenidən bələyə…
Yetimlərin adları olmur ki,
analar onlara “laylay” deyib səsləyə…
Görəsən, sənə niyə işsiz deyirdilər,
Bilmirsən, niyə?!

Könül xanıma uğurlar arzulayıram.

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Könül Nuriyeva – “Kvant insanı”

“Kvant insanı”

(Elmi-bədii mətn)

1-ci hissə

Dünyanın əvvəllər materiya və düşüncəyə, sonralar isə materiya və enerjiyə bölünməsi həmişə diqqətimi çəkib. Bu dualizm haqqında bəziləri uzun- uzadı düşünür, bəziləri həyatına tətbiq edir, bəziləri isə boş və mənasız hesab edir. Həqiqətənmi, düşüncə çox az şeyi dəyişə bilər, siz də bu fikirdəsiniz?
Yoxsa,-düşüncə ilə möcüzələr yaratmaq olar, – fikri təkcə kitablarda, kinolarda olmur, real həyatda da mümkündür?
Biz hüdudsuz energetik sahənin elementləriyik fikrini ilk dəfə, Dispenzanın kitabında oxumuşdum. Kitab “Təhtəlşüurun gücü” adlanırdı. Orda belə bir sual qoyulmuşdu,-insan idrakın köməyi ilə öz reallığını yarada bilərdimi?
Deməli, bir adamın olduğunu təsəvvür edin. Əslində, təsəvvürə ehtiyac yoxdur, çünki içi özümüz qarışıq, ətrafımız belə adamlarla doludur. Öz keçmişini və yaşadığı ağır günləri özünün reallığı edənlər…
Məsələn, əgər uzaq keçmişdə kimsə bunun haqqını yeyibsə və ya maşın qəzasına düşübsə, illər keçməsinə baxmayaraq bu faciə və hadisələrin ətəyindən yapışıb, onu yeri gəldi- gəlmədi danışmaq, sanki yenə baş verəcəkmiş kimi ləzzətlə nəql etmək, dolayısıyla enerji vasitəsiylə bədbəxt olayları özünə çəkmək. Bu enerji vasitəsiylə öz reallığını yaratmaqdır. Amma insan o qədər bəsit varlıqdır ki, uğuru öz reallığı edə biləcəyi halda, uğursuzluğu reallığına çevirir.
Çox, çox vacib bir sual yaranır,- biz düşüncənin köməyi ilə istədiyimiz həyatı yarada bilərikmi, bu, asandırmı, buna nail olan konkret insan nümunələri varmı və onlar kimlərdir?
Dispenza deyir ki,- həqiqətin gözünə dik baxaq, axı biz qeyri- kamilik. Demək olar ki, yeniyetmə yaşından özünü kamilləşdirmək üçün dəridən- qabıqdan çıxan biri kimi, bu fikirlə razıyam. Amma, Dispenzanın bu sərt fikrinə qarşı bir söz demək istəyirəm,- bəs kamilləşmə meyli olanlar, bəs buna can atanlar, bəs müəyyən mənada nail olanlar necə olsun? Ümumiyyətlə kamilliyin əlamətləri, ölçüləri, sərhədləri hansılardır?
Biz özümüzü idaellaşdırmağa çalışanda, bəlkə böyük bir səhv də edirik,- ətrafımızdakıları da ideallaşdırırıq. Bu isə çox zaman mübahisələrə, incikliyə və pozulmuş münasibətlərə səbəb olur. Dispenza, övladının üstünə qışqıran, onun mənliyini təhqir edən valideyni misal gətirir. Sonra həmin valideynin özünü mələk saymasını, özünü ədalətli insan hesab etməsini yazır. Daha sonra, iki obrazın hansının real olduğunu soruşur? Maraqlıdır, elə deyilmi? Biz də beləyik,- özümüz haqqında düşündüklərimiz, ətrafın bizim haqqımızdakı rəyi…
Dispenza bu vəziyyəti belə izah edir,- insanın fiziki, ruhi, emosional olaraq dəyişmək cəhdləri onu ideal obrazına qətiyyən yaxınlaşdırmayıb!
Buna səbəb kimi, iradə, vaxt və cəsarət çatışmazlığını yox, həyat əqidəsini əsas gətirib.
Hamımıza bəxş edilmiş qüdrətli qüvvə sayəsində biz nələrə nail ola bilərik? Bunun üçün reallıqla barışmaq lazım deyil. İstənilən anda yeni mən yarada bilərik. Hə, bilirəm, çoxunuz inanmadınız. Bu isə inananların başına gəlir. Niyə? Aşağıda izah edəcəyəm, indi qısaca olaraq deyim ki, bu məsələlər birbaşa atom, elektron, nüvə ilə bağlıdır, qəşəng elmi izahı var.
Başımıza bir hadisənin gəlməsini istəmədiyimiz halda, amma həmin hadisəni düşünməkdən necə yaxa qurtarmağı istəmək, -tanış gəldimi?
Xəyal etdiyimiz həyatı şüurlu surətdə yaratmaq, -buna nail olan heç ondan əl çəkərmi? Təbii ki, yox!
Bütün bu işlərin kökündə kvant fizikası durur desəm, müəllifin də kitabının ilk bölümünü “kvant insanı” adlandırması aktual deyilmi?
İndi isə keçirik, reallığın təbiətinə…
Reallığı qavramaq üsulumuz səhv olduğu üçün, həyatımızdakı dəyişikliklər təsadüfi və ötəri xarakter daşıyacaq, – deyən müəllif yüz faiz haqlıdır.
Yeni düşüncə obrazına yaxınlaşmaq üçün müəllif bizi kosmologiyaya dəvət edir.
Müəllif olduqca maraqlı məqama toxunur. Biz diqqət yetirməsək, heç bir zərrəcik reallıqda peyda olmayacaq. Kvant fizikasında bu “dalğa funksiyasının dağılması” və ya “müşahidəçi effekti” adlanır. Yəni, müşahidəçi elektronu gördüyü məqamda zamanın və məkanın kəsişməsi baş verir, bunun nəticəsində sonsuz sayda ehtimallardan fiziki hadisə meydana çıxır. Müəllif bu cür gözəl izaha davam edərək deyir,-bu kəşfdən sonra idrak və materiyanın bir- biriylə qarşılıqlı əlaqədə olduğu aydın oldu. Ona görə bu fəslin adı “ Kvant adamı” adlanır ki, subatom səviyyəsində enerji- özünə istiqamətlənmiş diqqətə reaksiya verir və maddiləşir. Yəni, sadə dildə desəm, bizim düşüncələrimizə həm bədənimiz, həm ətrafımız reaksiya verəcək. Bədənimiz enerjidən ibarətdir, ətrafımız isə materiya sayılır. Yəni, düşüncə və enerji arasındakı əlaqəni bundan gözəl, bundan elmi, bundan məntiqəuyğun necə izah etmək olardı ki?!
Elm inan deyir, elm dəyişə bilərsən deyir, elm özünü hər bir məqamda yenidən yarada bilərsən deyir…
İnsan müşahidəçi effektini idarə etməyi, əminəm ki, çox istəyər. İnsan həm də sonsuz sayda ehtimallar dalğasının reallıqla maddiləşməsi prosesini də seçmək istəyər.
Bütün maddi kainatın subatom zərrəciklərdən, yəni elektronlardan ibarət olduğunu fizika dərslərindən bilirik. Dispenza yazır ki,-bu zərrəciklərin təbiəti elədir ki, müşahidəçi diqqət yetirməyincə onlar sırf potensial şəkildə mövcuddur və dalğa halındadırlar. Onlar potensial olaraq “hər şey” və “heç nə” dirlər, diqqət fokusuna düşməyənə qədər. Bütün bunlar mənə dəhşətli dərəcədə maraqlı gəlir. Başqa bir nüans isə, bunları dərk edərək, yaşadığım həzz hissidir. Dünyada necə maraqlı məsələlər varkən, insanlar bəsit münaqişələrlə məşğuldurlar.
Deməli, fiziki reallıq sırf potensial şəkildə mövcuddur yazan müəllif sonra qeyd edir ki, -əgər insan idrakı elektonu maddiləşdirə bilirsə, onda istənilən ehtimalı da maddiləşdirə bilər, yəni düşüncələrimizlə həyatımızı dəyişə bilərik.
Axı fiziki Kainatda hər şey qarşılıqlı əlaqədədir.
Kainat bizi gözləyir, o bizim real edə biləcəyimiz nəsnələrə təkan verəcəyini bilir. Müşahidəçinin şüurunun, yəni enerjinin təsiri altında həyat hadisələri fiziki mövcudiyyət əldə edə bilər.


Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın digər yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Könül Nuriyeva yazır

“Çöllərdə böyüyən son nəsil”

Dişlənmiş alma şəklini otağının divarına yapışdırmış yeniyetmə ilə çox yox, ikicə kəlmə kəssəniz, nə qədər mülayim olursunuz-olun, əsəb sizə də güc gələcək.
Nə vaxtsa, bir jurnalist dişlənmiş almanı icad edən Stiv Cobsdan soruşmuşdu:”Uşaqlarınız iPad’ı çox sevirlər?”O da belə cavab vermişdi: “Heç istifadə etmədilər. Uşaqların evdə istifadə etdiyi texnologiyanı məhdudlaşdırmışıq”.

Smatfonlardan asılılıq uşaqları xəyal gücündən, yaradıcılıqdan uzaq, problemli həyata sövq edir. Biz çöllərdə oynaya-oynaya böyüyən son nəsilik. Hərəkət edirdik, sınaqdan keçirdik, məlumatları Google yerinə kitablardan öyrənirdik. Sosiallığa güclü həvəsimiz vardı, dizüstü kompüterlərimiz isə yox idi.
Tozun-torpağın içində oynayan uşaqları ana hər axşam elə həyətdəcə vannada çimizdirirdi. Yanaqlarından qan daman, şən uşaqlar axşam yeməyini yeyib, saat doqquzda cizgi filminə baxıb yatırdılar. Bu, bizim uşaqlığımız idi.
İndi isə analar telefon üçün ağlayan uşağının istəyinə əməl etməli olur. Üstəlik, özünə haqq da qazandırır; təki səsini kəssin, qulağımız dinc olsun.
Valideynlər sosial şəbəkələrdə itirdiyi vaxtdan xəbərsiz olurlar. Onların yeməyi yanır, gözləri qızarır, eyni vəziyyətdə oturmaqdan sümükləri ağrıyır.
Uşaq isə əlində telefon ac-yalavac yatır.
İşin mənəvi tərəfi isə valideyn-övlad ünsiyyətinin zəifləməsi, sosial şəbəkə xəbərlərindəki ağrı, cinayət, qalmaqal yüklü məlumatların istəməyərəkdən izlənməsi, bunların şüurda buraxdığı mənfi izlər olur. Həm də bu proses saatlarla davam edir.


Bizim evlərimiz Silikon vadisinə bənzəyir. ABŞ-ın texnologiya sektorunun lokomotivini deyirəm. O yerlərdən çıxan Google, Apple kimi nəhənglər asanlıqla çarpayımızda yatır, divanımızda oturur, əllərimizin vazkeçilməzinə çevrilir. Amma bu şirkətlərin üst səviyyə idarəçiləri uşaqlarını texnologiyadan uzaq tutmaq istiqamətində artan meylləri ilə seçilirlər, uşaqları texnologiyadan uzaq Waldorf məktəbinə göndərirlər. Çünki onlar ilk əldən məlumat sahibidirlər, təhlükə barədə yetərincə məlumatları var.
Ana uşağına bahalı və “cool” görünən cihazlar vermək yerinə, onunla bayıra çıxsa, oynasa, danışsa – və o an zəhlətökən görünsə də – gələcəkdə uşağı ona təşəkkür edəcək.
Texnologiya xəyallarımızı almaqla gələcəyimizi qaranlığa məhkum edib. Çox gəncdən gələcəyi haqqında soruşanda, qeyri-qəti cavablar alıram.
Texnologiya yeni nəslin dil, yazı vərdişinə, diksiya, nitq mədəniyyətinə, fikrini ifadə etmək bacarığına ciddi təsir göstərir. Onlar bunun fərqində deyillər. Məsələn, “zəhərli”, “zəhərlənmiş”, “rədd et”, “seç” sözləri eyni düymələrdədir. Rusca “bədən” və “şam yeməyi” əksər telefonlarda eyni düymələrdədir, buna görə də, “evə gələndə, şam soyuducudadır” cümləsi, “bədən soyuducuda yatır” kimi yazılır. “Mobil nömrə” “qəbir nömrəsi”nə uyğun gəlir.
T9-un ən geniş yayılmış və xoşagəlməz səhvi “özünüz” sözünün “özümüz”lə əvəz olunmasıdır. Xüsusilə “Səni sevirəm” cümləsində. Hətta “Nokia” telefonlarında “boynundan öpmək, qulağının arxasında cızıq” ifadəsi “cızıqdan öpüş, fırçanın arxasında cızıq” birləşməsinə çevrilir. Alman dilində söz yazdıqda sözü hissə-hissə daxil etməlisiniz. Mətn daxiletmə sistemi hazırlanmalıdır.
Danışmayan, ünsiyyətdə olmayan gənclər yazmaqla fikirlərini izah edə bilmirlər. Daima tələsir, sözləri qısaldıb yazır, gülmədən gülmək işarələri göndərir, zamanın necə keçdiyini fərq etmirlər.
Texnologiyanın müsbət cəhətləri sözsüz ki, çoxdur. Sürət, informasiya bolluğu, məlumatsızlığın demək olar ki, olmaması, doğmalarınla anında əlaqə. Amma düşünürəm ki, məhz informasiya bolluğuna görə insanlar oxumur, tez ötürür, yorulur, sonraya saxlayır. Hamı içini, duyğularını, hər an nə geyindiyini, nə yediyini, hara getdiyini paylaşdığı üçün eynilik çoxalır, bəhsə girmə meyilləri artır.
Doğmalardan gecikmiş telefon zəngləri isə streslərin ilk səbəbi olur. Biz tələbə olanda ev telefonları yox idi, aylarla valideynlərimiz bizdən xəbərsiz qalırdılar. Narahat deyildilər, indi isə zəngə gec cavab verən kimi, ürəyi getmək, aşırı həyəcan yaşamaq halları çoxalıb. Hətta bir saat əvvəl danışsaq da.
Texnologiyadan danışıb, “i” hərfi haqqında danışmamaq eyib sayılar. Apple istehsalı olan bütün məhsulların ilk hərfi kiçik “i” hərfidir.
Apple kiçik “i” hərfini ilk dəfə 1998-ci ildə iMac modelində istifadə edib. Bu, internet mənası daşıyırdı. Hərfin mənası tək bu deyildi. “İndividual – fərdi”, “inspire – ilham vermək”, “inform – məlumatlandırmaq”, “instruct – təlimatlandırmaq” mənaları daşımaqla, “i” hərfi çoxşaxəli olduğunu göstərirdi. 2007-ci ildə ilk Apple telefonu olan iPhone-da da bu hərf istifadə edildi. Son məhsullarda isə bu hərf yoxdur. Apple Watch və Apple TV məhsullarının internetə daxil olması adidir, buna görə də “i” hərfinə ehtiyac qalmayıb.
Keyfiyyət vurğunu olan S.Cobs ölümündən sonra böyük miras buraxdı. Bu zəngi miras içində onun ən fərqli məsələlərlə bağlı dediyi fikirləri də var idi.

“Nələrisə itirmək qorxusundan uzaq durmağın ən asan yolu bir gün mütləq öləcəyinizi dərk etməkdir. Əslində, siz gerçək mənada heç nəyə sahib deyilsiniz. Bu anlamda qəlbinizdən keçənlərin ardınca düşməyinizə heç bir səbəb yoxdur”.

“Qrup halında çalışaraq, hər hansı bir məhsul ortaya çıxarmaq çox çətindir. Çox vaxt insanlar sən onlara göstərənə qədər istədikləri şeyin nə olduğunu bilməzlər” “Fikrini bir işə yönəltmək və bəsitlik! Bəsitlik və sadəlik qarışıqlıqdan daha çətindir. Bir işi sadələşdirmək üçün əvvəlcə düşüncələrinizi sadələşdirməniz lazımdır. Bu, çox zəhmət tələb edir. Amma bu zəhmətə qatlaşmağına dəyər – çünki siz o nöqtəyə çatanda dağı da yerindən oynada bilirsiniz”.

Bu yazıda texnologiyanın mənfi təsirlərindən, gəncliyin özündən xəbərsiz, nəticəsi gələcəkdə bilinəcək durumundan, valideynlərin sosial şəbəkələrdə başını qatacaqlarını zənn etdiyi, əslində isə mənfi enerjini özlərində cəmlədiyi hallardan bəhs etməyə çalışdıq.

Özünənəzarətin azalması ilə nəticələnən davranışlar insan psixologiyasına mənfi təsir göstərir. Məsələn, telefonu əlinə götürən insan ondan asılı hala düşür, faydalı məlumat yerinə tanışlarını izləyir, kobud desək, güdür. Hər dəfəsində içində qısqanclıq, həsəd, acıq duyğuları yaşayır. Amma bu zamanını bir filmə həsr etsəydi və filmi ailəsi, dostları ilə izləsəydi, daha gözəl olardı.

Texnologiyanın ən yaxşı olmayan halı cinslərin əks cinslərlə anında əlaqəyə keçə bilməsidir. Bunu gizli etdiyini düşünən qadın, ya kişi özünə haqq qazandıraraq, adi yazışmadır deyir. Amma bağlılıq gün keçdikcə artır. Ailədən uzaqlaşma, saatlarla telefon həmdəmliyi, mübahisələr depresiyyaların səbəbidir. Uşaqlar əziyyət çəkir. Valideynlərin kefsizliyi ailənin istiliyinə təsir edir. Münasibətlərdə dayanıqsızlıq yaranır. Sosial şəbəkələr çoxlu buğda səpilmiş tarla kimidir, biri olmasa, o birini götürərəm düşüncəsi sevgi, hörmət, təmiz münasibətlər anlayışlarını sıradan çıxarır.
Həyatımızdakı nöqtələri gələcəyimizə baxıb birləşdirə bilmərik. O nöqtələri ancaq keçmişinizə baxaraq birləşdirmək mümkündür. Buna görə də, gələcəkdə bu nöqtələrin bir şəkildə birləşəcəyinə inanmalıyıq. Taleyə, həyata, bəxtə – nəyə olur-olsun, bir şeyə qəti şəkildə inanmamız lazımdır. Özümü götürürəm, bu düşüncə məni əsla yarı yolda buraxmadı. Həyatımdakı bütün fərqliliklər məhz inandıqlarım sayəsində gerçəkləşdi.
Texnologiya bütün ziyanı və xeyri ilə həyatımızın vazkeçilməzidir. Ona nəzarəti əlimizdə saxlamağı bacarsaq, özümüzə, gələcəyə inam sayəsində, biz özümüz də daha yeni texnologiyanın qurucuları ola bilərik. Elə isə, insan niyə öz yaratdığından asılı olsun ki?!.

Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın digər yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Könül Nuriyeva – Zalım yoxsa ədalətli?

Zalım yoxsa ədalətli?

Sizə təzadlı şəxsiyyətdən və şahdan danışan kitab təqdim edildiyini təsəvvür edin. Bu şah düşmənlərinə qarşı sərt və amansız, sadə insanlara qarşı isə rəhmli və ədalətlidir. Onun psixoloji və tarixi portretinə Eyvaz Zeynalovun qələmindən nəzər yetirsək, oxusaq və təhlil etsək, qarşımızda əhatəli və geniş romanı görərik. Əsas obraz olan Nadir şah Rusiya, Osmanlı və Moğol imperiyasının tuğyan etdiyi illərdə yaşayıb, hadisələrə şahid olub, düşmənlərlə mübarizə aparıb, islahatlar yerinə yetirib və çətinliklərlə üzləşib.
Onun idarəetmə və təşkilatçılıq qabiliyyəti hələ yeniyetməlik vaxtından ətrafındakıları heyran edirdi. O ədalətli bölgü aparmağıyla, öz gücünə inanmağıyla, dava planları qurmağıyla, strateji bacarığıyla fərqlənirdi. Nadirin özgüvəni sayəsində hər kəs ona qarşı yox, məhz onun tərəfində olmaq istəyirdi. Müəllif qəhrəmanın mənəvi xüsusiyyətlərinin hələ yeniyetməlik vaxtından üzə çıxdığını uğurla yazıb və bizə çatdırıb.
Kitaba istinad etsək, görərik ki, 1647-1694-cü illərdə hakimiyyətdə olan Şah ikinci Səfi adını adını Şah Süleyman kimi dəyişdi. O böyük oğlunu öldürmüşdü, ikinci oğlu isə onun yanından qaçmışdı. Şahın oğullarına döyüş sənəti öyrədilmirdi, onlar gizli saxlanılırdı. Yəqin ki, bu qısa cümlələr müəyyən mənada Səfəvi dövlətində olan tənəzzül və onun səbəbləri haqqında bizdə təsəvvür yaratdı. Bundan əlavə ölkənin vəziyyəti çətin, vergilər ağır, qara camaatın dərdi çox, rüşvətxorluq, özbaşınalıq, hərc- mərclik, xaos ərşə qalmış səviyyədə idi.
Şah Hüseynin hakimiyyət illərində isə dövlət nəzarətçiləri qaçaq- quldura hücum etmək yerinə, özləri quldurluqla məşğul olurdular. Bu dövr ölkənin müdafiəsizliyi ilə, hərəmxanalara külli miqdarda pul xərclənməsi ilə, mollaların intriqası və fitnə- fəsadı ilə xarakterik idi.
Üstəlik, tarixin bütün dövrlərində olduğu kimi, bu zamanda da Rusiya kimi ikibaşlı siyasət yürüdən qonşumuz var idi. Bir epizoda diqqət yetirsək, görərik ki, yazıçı birinci Pyotr sarayındakı söhbətlərə geniş yer vermişdir. Bir erməniyə xəritə göstərən və “öz ölkəni bu xəritədə tap” deyən ölkə başçısının ikibaşlı sualları detallı şəkildə yazılıb. Erməni isə Azərbaycanın qərb, Gürcüstanın cənub, Osmanlının şərq torpaqlarını göstərərək, öz ərazisi kimi təqdim edir. İsrail Ori adlı bu fırıldaqçı erməni özünü çara Avropada işğüzar əlaqələri olan diplomat kimi sırımaqla saxta iddialarına nail olmağa çalışırdı. Çar ona polkovnik rütbəsi, etimadnamə verməklə ondan faydalanmaq haqqında planlar qururdu. Müəllif hər iki tərəfin mənfəətlər əsasında hərəkət etdiyini kitabın ilk səhifələrindən diqqətimizə çatdırır.
Bu çətinliklərlə və çaxnaşmalarla dolu olan dövr Nadirin atasıyla mübahisəsi baxımından daha da beynimizi qarışdırır. Nadir atasına kənd məscidində oxunan azan səsindən tutmuş, abdəstə, mollaların qəbr üstündə dualar oxumasına, həcc, oruc və çadraya kimi suallar verir və “mən bunların hamsını qadağan edəcəyəm!” deyirdi.
Atası dünyasını dəyişdiyi gün isə mollanın oxuduğu çətin sözlərin mənasını başa düşməyib, əmisinə suallar verən Nadir “təlqin duası nəyə lazımdır, atam ərəb dilini bilmir, ana dilində dua oxumaq olmazdımı, ölü dua eşidirmi?” kimi cümlələrlə mollanı əsəbləşdirmişdi.
Atasının ölümündən sonra Əbivərd hakimi Baləli bəy Nadiri müdafiə dəstəsinə ehtiyat tüfəngçi kimi götürdü. Bu, onun həyatında döyüşlərlə zəngin ömrünün ilk addımlarına başladığı dövr kimi səciyyələndirilir.

Müəllif kitabında dövrün aydın mənzərəsi haqqında bizdə təsəvvürlər yaradır.
Səfəvilərin sərhədlərinin Amudəryadan Kürdüstana, Dağıstandan Oman dənizinə, Bəhreyn adalarına kimi uzanmasını qeyd edir, ən zəngin vilayət kimi Azərbaycanı göstərir.
Yazıçı, Şah Hüseyn çarhovuzlu bağında kef və əyləncəylə məşğul olanda, ölkənin sərhədlərində münaqişələrin davam etməsini yazır. Çoxdandır ki, xoş xəbər almayan şah çapardan Əbivərdə hücum çəkən türkmənlərinin əzişdirlməsi müjdəsini alır və bu səbəbdən Nadiri sarayına dəvət edir. Nadir isə saraydan ağır təəssüratla ayrılır, mövhumatçıların davranışları onu çox narahat edir.
Hadisələrin sürətli inkişafı Əfqan Mahmudun İsfahana təntənəli şəkildə daxil olmasıyla, Şah Hüseynin hakimiyyəti könüllü surətdə təhvil verməsiylə davam edir. Farsdilli əfqanların sabunu ilk dəfə İsfahan bazarında qida bilib yeməklərini müəllif onların mədəni səviyyələrinin aşağı olmasınını göstərməkçün qeyd edir. Əfqanların idarəçilik təcrübələrinin olmamasını, onların hakimiyyətə gəlmələrinin ölkənin qeyri-inkişaf səbəbləri kimi qeyd edilən bu romanda
atasının devrildiyini eşidən Təhmasib Mirzə 1722- ci ildə Qəzvində özünü ikinci Təhmasib elan etməsiylə hadisələr gərgin mərhələyə qədəm qoyur. Onun əhali arasında nüfuzu və dövlətçilik təcrübəsi olmaması səbəbiylə əfqan Mir Mahmud üzərinə qoşun göndərdi.
Hər kəsin bir az qüvvə toplayıb hakimiyyət iddiasına düşdüyü bu ağır dövrdə ikinci Təhmasib qacarların başçısı Fətəli xanla razılaşıb Məlik Mahmudun üstünə qoşun göndərdi.
Bu hadisə 1726- cı ildə baş verdi. Otuz yeddi minlik avarlardan və kürdlərdən ibarət qoşunla Nadir Xorasanın şimal- şərq
hissəsinə nəzarət edirdi. Az sonra müəllif onun Təhmasibin şəxsi muşaviri olmasını qeyd edərək, daha sonra Nadirin 1732-ci ilə qədər İsfahana gedib çıxan mübarizə və döyüş yoluna nəzər salır, vacib tarixi hadisələri yazır. Nadirin Osmanlıya qarşı müharibəyə başlaması onun gələcəkdə əhəmiyyətli sazişlərə imza atması ilə nəticələnəkdi. Hələ on altıncı ərsdə Osmanlıların aldığı Bağdad Nadirin qoşunları tərəfindən 1733-cü ildə mühasirəyə alındı.
1734-cü ildə Nadir qoşunları ilə Azərbaycana gəldi və 1735-ci il 21
martda Rusiya ilə müqavilə bağlandı. Həmin müqavilənin şərtlərinə görə Bakı və Salyan iki həftəyə, Dərbənd isə iki aya boşaldılmalı idi.
Nadir Bakı, Dərbənd və Salyana hakimlər təyin etdi və yeni Şamaxı Şirvanın mərkəzi oldu. Türk tayfalarını Abşeronun Zabrat, Keşlə və Sabunçu ərazilərilərinə yerləşdirdi. O vaxtdan bu ərazilər turk tayfa adları ilə adlandırıldı.
Birinci Pyotrun on üç il əvvəl yüz otuz min rus əsgərinnin həyatı bahasına qazandığı işğalı Nadir bitirdi.
Dağıstan üzərində Nadirin hakimiyyətinin Rusiyanın tanınıması Osmanlınl dəli etdi. Osmanlı hakimiyyəti Krım xanına ora qoşun yeritməsini istədi. 1735- ci ildə əlli üç minlik qoşunla Krım xanı Dağıstana üz tutdu. Rusiya isə iyirmi min qoşunu ilə Krımı xarabaya döndərmək qərarına gəldi. İstanbulda isə Nadirin Anadoluya yürüşə hazırlandığı xəbərinin yayılması Osmanlının
əl-ayağa düşməsinə və sulh təklifinə razılaşmasına səbəb oldu.
Nadirin bir- birinin dalıyca qazandığı qələbələr ardıcıllığını uzun müddət itirmir. Onun nüfuzu yüksəlir, onun adı kabus kimi qonşu dövlətlərin başçılarının yuxusuna girir. Nadir sanki özünü unudaraq bir məqsədə doğru irəliləyir. Onun məramı hələ kiçik yaşlarından başına qoyduğu ədalət idimi?
Bəlkə o din haqqında çoxlarının narazılığına səbəb olan düşüncələrini həyata keçirmək üçün tələsirdi?
Ümumiyyətlə, hakim xarakterli, qələbəyə meyilli, qanından döyüşkənlik axan insanların dərin qatlarına enmək maraqlı mövzudur. Həmişə mənə elə gəlib ki, onlar dərin adamlar deyillər. Çünki, dərin adam və ağıllı adam fərqli mövzudur. Hakimlər ağıllı ola bilərlər, tədbirli, çevik zehinli, taktiklər ustası, fəndgir ola bilərlər. Amma dərin adam öz təzadlarında boğulan adamdır. Dərin adam bir ömür boyu öz qatlarını aça bilməyən və yaxud həmin qatlarını, sirrlərini açmaqla vaxtını keçirir. Dərin adamı çox düşünür, düşünməsinə nisbətən az hərəkət edir. Dərin adamın idarəetmə qabiliyyəti zəif olur. Çünki, o özünü idarəetməklə məşğuldur. Ağıllı hakim, ağıllı başçı isə idarəetmə məsələrində bacarıqlıdır, dünyaya belə gəlib. O hələ kiçik yaşlarından ətrafındakıları idarə edir. Bu onun genetik bağlarıyla da əlaqədar ola bilir. Bu baxımdan Nadir bir ölkənin, müəyyən tarixi dövrün taleyində müstəsna əhəmiyyəti olan şəxsdir. O tarixi idarə edir, tarixin onu idarəetməsinə imkan verməyəcək dərəcədə güclüdür. Bu güc daxildən gəlir, bu mənəvi və zehni gücdür. Bu gücə fiziki güc də qoşulanda Nadir bu günümüzdə belə adına əsərlər, məqalələr yazılacaq və araşdıralacaq şəxsiyyətə çevrilir. Kimsəyə kürəyini söykəmədən, kimsədən güc almadan irəliləyən insanlar yaza bilirlər: talelərini, həyatlarını, tarixi…


Təbii ki, Nadirin uğurlu hərbi yürüşləri Şah Təhmasibi qəzəbləndirir, onun narahatlığına səbəb olurdu. Tarixin bütün dövrlərində olduğu kimi şahın ətrafındakı fitnə- fəsadçılar münasibətlərin gərginləşməsində mühüm rol oynayırdılar. Əfqanlarla döyüşdə olan Nadirin geri dönəcəyinə inanmayan Təhmasib gələcəyə dair məkrli planlar qurmaqdan çəkinmirdi. Əgər Nadir qayıdarsa, Təhmasib aradan götürəcəkdi.
Tarixin sonrakı inkişafı, Təhmasibin bacarıqsız dövlət başçılığı, onu azyaşlı övladının taxta gətrilməsi, dolayı yolla idarəetmənin Nadirin əlinə keçməsi ilə davam etdi.
“Mən ölsəm də, süni və şiə ayrı- seçkiliyinə son qoyacağam və türkləri birləşdirəcəyəm” deyən Nadir həm də bilirdi ki, müəllifin dediyi kimi din siyasətin ibtidası, amma çox qəliz, təhlükəli formasıdır.
“Hikkəni yeritmək üçün Şah birinci İsmayıl kimi xalqı qılıncdan keçirəcəksən? Yoxsa türk sultanı Quyuçu Muradın əliylə xalqı quyuya doldurmaq yolunu seçəcəksən? sualına görəsən Nadir hansı cavabı vermişdi? On altıncı əsrə qədər Osmanlı da, Ağqoyunlu dövləti də Avropadan üstün idi. Şah İsmayılla Yavuz Sultan Səlim türk dünyasını məhzəbçiliyə qurban verdilər, qaranlığa gömdülər. Farsa, ərəbə yamaq, xidmətçi etdilər. Türklüyümüzə qayıtmalıyıq, amma Şah İsmayılın,Yavuz Sultan Səlimin yoluyla yox! Yalnız birinci Orxanın anasından başqa, türk sultanlarının hamısının anası əcnəbi idi. Bu son cümlələləri bəlkə müəllif bu gününüzdən Nadir şahın dövrünə boylanaraq, ona iç səsi kimi ünvanlamışdı. Hər halda oxucunun da qəhrəmana verəcəyi çox sualları olacaq, kitabı oxuduqca baş rolla döyüşən, dərin düşüncələrə qərq olan, çətinliklər zamanı düşünmədən qərarlar verən oxucular həmişə kitabların əsl mahiyyətini anlayırlar. Onlar mühakimə etmir, onlar müzakirə edir və dövrün sosial- iqtisadi, siyasi mənzərəsini təsəvvür edir, özünü baş obrazın yerinə qoyur, həmin günlərdə necə davranmalı olduqlarını götür- qoy edirlər.

Kitabdan oxuduğum qısa hissəylə bu mətndəki mövzuların, sualların genişliyi arasında fərqi görürsünüzmü? Bu baxımdan əgər əsər tarixidirsə, o mütləq qollu- budaqlıdır, çoxşaxəlidir, müxtəlif fikirlərə səbəb olur.

Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Vəhdət” kitabı haqqında – fəlsəfə

(Birinci hissə)

Bir kitabı oxumaq üçün bəzən bir fikir kifayət edir. “Başlanğıc sonda aydınlanır” fikrini irəli sürən filosofun düzxətli düşüncə dedikdə nəyi nəzərdə tutduğunu anlamaq üçün “Vəhdət” kitabını oxumağa başladıqda “ənənəvi fəlsəfi fikirləri kənara qoymaq lazımdır” cümləsi isə razılaşmışdım. Bundan əlavə, xeyli suallarla özüm-özümü üzbəüz qoydum: insan kimi missiyam nədir? Mənim dünyagörüşüm elmin tərkibindədir və ya önündədir? Ölkəmizdə fəlsəfi fikir fəzası varmı? Müəllif universal fəlsəfi sistem yaradılması deyəndə nəyi nəzərdə tutur? Bəs ənənəvi və ya klassik fəlsəfədəki çatışmazlıqlar deyəndə, ilk olaraq ağlımıza nələr gəlir? Min illər ərzində fəlsəfə bütövləşə bildimi? 

Suallar çox maraqlıydı, əlbəttə ki, hər birini müəlliflə müzakirə etmək çox gözəl olardı. Bu olmadığı təqdirdə, bir insan olaraq özüm həmin suallara kitabla dialoq quraraq cavab tapmaq istədim. Bəlkə mükəmməl cavablar verə bilmədim, amma zövq aldığım və günlərlə davam edən şirin fəlsəfi düşüncələrlə dolu zaman keçirdim. Bunun dadını isə yaşayanlar bilər. Nəticədə müəllifin məqsədini  anladım: o, fəlsəfəni elmin qəfəsindən xilas etmək istəyirdi, müasir elmi və riyazi metodları onun xidmətinə verməyə çalışırdı. Klassik fəlsəfəyə nəzər salanda müəllif bildirirdi ki, bu irs vahid, bütöv sistem kimi yox, parakəndə haldadır və dərinə inkişafı çətinləşir. Müəllif çox bəyəndiyim fikri irəli sürərək bildirir ki, çoxdan məlum olan mövzuların fərqli konteksdə “yenidən kəşf olunması”, yəni köhnəliyə yeni don geyindirilməsi, yeni terminlərlə bəzədilməsi lazım deyil. Bu etiraf tələbkar oxucuya obyektiv yazıçının əlamətlərini nişan verirdi. Yanaşma fərqli idi, fikir aydın ifadə olunmuşdu, ən əsası isə mən bunları oxuyanda fəlsəfi zövq, fəlsəfi obyektivlik hiss edirdim. 

S. Xəlilovun fikirlərini aydın, dəqiq ifadə etməsi dilimizin söz ehtiyatlarını məharətlə istifadə etməsi, oxucuya aydın dillə izah etməsi həmişə məni heyran edib. Sanki qarşında biri var və o sənin beynini aydın şəkildə oxuyur. Sənin düşünüb, amma yazıya çevirə bilmədiklərini usta şəkildə ifadə edir. Hər cümlənin arxasından səbr, tarazlıq, fikrindən əmin olmaq, dərininə inkişafı sistemli bilən və əməl edən filosof boylanır. Burda vacib məsələ diqqətimi cəlb edir: bizim görə bildiklərimiz və bizi görə bilənlər. Təbii ki, söhbət burda baxmaqdan, nəzər yetirməkdən, gözünə sataşmaqdan getmir. Burda bir mövzu var: aydın şəkildə görə bilmək, ilk baxışda görə bilmək, qarşındakı beyni, qarşındakı düşüncəni bir udum su kimi içə bilmək!

Müəllif cəsarətlə iddia edir: müasir dövrdə fəlsəfə zamandan geri qalır! O fizikaya müraciət edir və bu geriqalmanın izahını verərək deyir ki, müəyyən mərkəzdən yayılan dalğalar divara dirənib geri qayıdır və bu zaman yeni dalğa mərkəzləri yaranır.

Kitabın növbəti hissələrinə nəzər salanda görürük ki, çıxış yolu hər insanın, hər filosofun, hər oxucunun əsas silahıdır. Filosof-yazıçı çıxış yolunu fəlsəfə və elmin münasibətlərinin yenidən qurulmasında görür. Münasibətlər üzrə çoxsaylı mətnlərin müəllifi kiimi qeyd etməliyəm ki, sevgi varsa, çıxış yolu var. 

Harmoniya varsa, yollar olacaq, qarşılıqlı anlaşma başqa sözlə desəm, bütövləşmə varsa çıxış yolu var, inkişaf var. Sözlər hələ böyük məna və əhəmiyyət kəsb edirsə, tənəzzül geridə qalacaq. Bu baxımdan müəllifin dediyi kimi tərəflərdən biri, yəni fəlsəfə əsas yolundan imtina etməməli və elmin çuxasına sığınmamalıdır. Öz simasını qorumalıdır və qarşısına çıxan sədləri elmin imkanlarından, xüsusiylə riyazi aparatdan istifadə etməklə aşmalıdır. Yəni, bir növ münasibətlər kimi, heç bir tərəf digərində yoxa çıxmamalı, onun üçün özünü fəda etməməli, əksinə qarşılıqlı tarazlığı saxlamalıdır. Müəllif yazır ki, elm dərinə getdikcə fəlsəfəyə ehtiyac duyur. Fəlsəfə, bir yaşam fəlsəfəsi kimi məna kəsb edilməsi, gerçək həyatda istifadə edilməsi üçün konkretləşməlidir. Çox gözəl, çox praktik yanaşma deyilmi? Bu günümüzlə səsləşən baxış bucağı deyilmi Bunu nəzərimizə çatdıran, aydın cümlələrlə izah edən filosof alqışa layiq deyilmi? 

Düşüncələrimi aydınlatdığı üçün, fəlsəfənin əsl mahiyhətini mənə izah etdiyi üçün “Vəhdət” kitabı əvəzedilməzdir. Yəni, bir gün bir insan məni danlayaraq “sənin işin-gücün yoxdur ki, fəlsəfə oxuyursan, o sənə çörək verir və ya suyunu əvəz edirmi? kimi dayaz sual verərsə və çox zaman bu tipli suallar verilir – inamla deyəcəyim cavabım var: fəlsəfə oxuyuram, çünki onu sevirəm, çünki dünyaya fəlsəfi düşüncə ilə gəlmişəm. Əslində hər birimizə yaradan fəlsəfi təfəkkür bəxş edib, bizi zəngin olaraq yaradıb. Amma açarı öz əlimizə verib. O açarla kimsə boş işlərə zaman xərcləyir, kimsə öz düşüncələrinin inkişafına vaxtını sərf edir. Kimsə özünü kamilləşdirir, kimsə ətrafı çirkləndirir. Səlahəddin müəllimin yolu isə bizə fəlsəfənin real həyatdakı rolunu başa salmaqdır. O demək istəyir ki, sən fəlsəfi düşüncələrlə düzgün həyat tərzi seçə bilərsən, sən çətinliklərini özün həll edə bilərsən, sən fəlsəfə oxumaqla sadəcə teoriya üzərində qalmayıb, fəlsəfəni gündəlik münasibətlərinə

tətbiq edə bilərsən. Qısası, sən fəlsəfə ilə xoşbəxt, rahat ola bilərsən. Öz varlığından zövq ala bilərsən, mövcud olmağın əzablarına fəlsəfi yanaşa bilərsən, özünün və ətrafındakıların həyatını gülüstana çevirə bilərsən”.

Müəllif insan idrakının məhdudluğu və formal məntiqlə sərhədlənən düzxətli düşüncəni qarşılaşdıraraq, insan gözünün görmə qabiliyyəti olmasına baxmayaraq, onun mikriskopdan və tekeskopdan istifadə misalını çəkir. Ali riyaziyyatdan istifadə etməklə nəzəri təfəkkürün sərhədlərini genişləndirmək və sonsuzluğun dərkolunmaz statusunu yumşaltmaq məsələlərinə toxunur. Deməli, daima sonsuz bildiyimiz bir çox məsələlərin naməlumluğunu yumşaltmaq mümkün ola bilər. Deməli, insan idrakının sərhədləri sonsuzluğun sərhədlərini müəyyənləşdirə bilər. Əslində isə elə bu yerdə, bu məqamda yumşalmış sonsuzluq mövzusu insan idrakının səehədlərinə çatanda, yenidən sonsuzluq statusu qazanmırmı? Bu sualı müəllifə vermək istərdim. Dərkolunmazlıq statusunu yumşaltmaq, qeyri-müəyyənliyin dərki, mütləq qaranlığı alatoranla əvəz etmək – bu mövzular həqiqətən də çox maraqlı və əhatəli izahlar tələb edən söhbətlərə səbəb ola bilər.

S. Xəlilov fəlsəfi düşüncəni çoxölçülü fikir fəzasına daşımaq qərarına gəldiyini deyir. Söhbətin riyaziyyatın fəlsəfəsindən getmədiyini, fəlsəfənin riyazi dilə “tərcüməsindən” getdiyini qeyd edən müəllif fəlsəfənin öndə getmək missiyasını unutduğunu bizim diqqətimizə çatdırır. Onun elmlərdən biri olması aqibəti ilə razılaşmasına qarşı çıxan filosof, fəlsəfənin tənəzzül səbəbini Qərblə bağlayır. O, Qərb ruhunun daha fəlsəfəni qidalandıra bilməməsini önə çəkir. Fəlsəfənin yeni yüksəliş səviyyəsini Qərbdən gözləməyin sadəlövhlük olduğunu yazan müəllif, bizi dərin düşüncələrin axarına buraxır. Qarabaqara razılaşmaq təbiətində olmayan bir çox insanlar kimi, biz də yenidən Qərb və Şərq fəlsəfəsinin gedişatına dair ədəbiyyatı bir daha vərəqləməliyik. Bütün hallarda razılaşmağın inkişaf səbəbi olmadığını diqqətimizdə saxlamalıyıq. Axı, ta antik dövrdən başlayaraq iti zehni olanlar, bəsirət gözü açıq olanlar, təslimçi ruha sahib olmayanlar filosof olublar, filosof olmasalar da, fəlsəfi düşünüblər…

Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru