“18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

18 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycanın zəngin musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliği məqsədilə hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Günü münasibətilə “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
18 sentyabr – Musiqiyə çevrilən gün. Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcluyuq.
Üzeyir Hacıbəyli kimi dəyərli musiqiçilərin irsini yaşatmaqla yanaşı, bu gün Azərbaycan musiqisinin zənginliyini və mədəni dəyərlərini geniş auditoriyaya tanıdır. Musiqi təhsili, ictimaiyyətin maarifləndirilməsi və beynəlxalq mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından bu günün keçirilməsi ölkənin mədəni həyatında əhəmiyyətli bir yer tutur, Azərbaycanın musiqi mədəniyyətinin gələcəyini işıqlandırır.
Artıq Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq”ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı zəfərə imza atdı, Müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini- Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidə ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonrada yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə-“Xarıbülbül” Musiqi Festivalına, “Vaqif Poeziya Günlərinə” evsahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası

“Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası

Azərbaycan Milli Kitabxanası tərəfindən 18 sentyabr Milli Musiqi Günü və XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/uhacibeyli/index.html) hazırlanaraq istifadəçilərin istifadəsinə təqdim edilib.
“Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli 385 nömrəli Fərmanına əsasən hər il sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 2009-cu ildən etibarən isə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq hər il sentyabrın 18-də – bəstəkarın doğum günündə başlayan festival çərçivəsində konsert proqramları ilə yanaşı, teatr tamaşaları, elmi-praktik konfranslar, ustad dərsləri və digər mədəni-maarif tədbirləri təşkil edilir.
Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, publisist və maarifçi kimi milli mədəniyyət tarixində xüsusi mövqeyə malikdir. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin formalaşmasına zəmin yaratmış, milli musiqi ənənələrinin professional bəstəkarlıq yaradıcılığı ilə qarşılıqlı əlaqədə inkişafına mühüm təsir göstərmişdir.
Üzeyir Hacıbəyli irsinin elmi baxımdan araşdırılması, mühafizəsi və təbliği müasir dövrdə də mühüm əhəmiyyət daşıyır. Bəstəkarın əsərlərinin, elmi-nəzəri və publisistik irsinin, həyat və yaradıcılığına dair elmi-biblioqrafik materialların elektron mühitdə sistemləşdirilməsi tədqiqatçılar, musiqişünaslar, kitabxana-informasiya mütəxəssisləri, təhsil müəssisələri və geniş istifadəçi auditoriyası üçün mühüm informasiya imkanları yaradır.
Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası bəstəkarın həyat və yaradıcılığı haqqında müxtəlif tipli informasiya resurslarının vahid elektron informasiya məkanında sistemləşdirilməsi məqsədini daşıyır.
Elektron məlumat bazasının strukturuna “Ana səhifə”, “Rəsmi sənədlər”, “Azərbaycan ruhunu yaşadan dahi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında”, “Mükafatlar”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələri daxildir. Bölmələrdə təqdim olunan materiallar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının əsas mərhələlərini, yaradıcılıq irsini, əsərlərinin müxtəlif janr və istiqamətlərini, ictimai-mədəni fəaliyyətini, onun haqqında elmi və biblioqrafik nəşrləri, eləcə də bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatları əhatə edir. Bölmələrdə Üzeyir Hacıbəyli irsi, yaradıcılığının təbliği, yubileylərinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qəbul edilmiş dövlət sənədləri, fərman və sərəncamlar, bəstəkarın milli musiqi mədəniyyətinin inkişafındakı rolunun, yaradıcılıq irsinin əhəmiyyətinin və Azərbaycan professional musiqi məktəbinin formalaşmasına verdiyi töhfələrin təqdim edilməsinə həsr olunmuş materiallar, bəstəkarın həyat və yaradıcılıq fəaliyyətinin mühüm mərhələlərinin xronoloji ardıcıllığı, tanınmış şəxsiyyətlərin Üzeyir Hacıbəyli haqqında söylədikləri fikirlər, elmi və publisistik qiymətləndirmələr, bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər, onun adına yaradılmış mədəniyyət və təhsil müəssisələri, abidə və heykəllər, xatirə lövhələri, ev-muzeyləri və digər memorial obyektlər haqqında məlumatlar təqdim edilir.
Həmçinin, “Əsərləri” bölməsində Üzeyir Hacıbəylinin yaradıcılıq irsi janr və istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunur. Burada operaları, operettaları, musiqili komediyaları, orkestr, xor, vokal və instrumental əsərləri və digər musiqi nümunələri haqqında məlumatlar əks etdirilir.
Bazada eyni zamanda, bəstəkarın dövlət təltifləri, fəxri adları, orden və medalları, eləcə də digər mükafatları haqqında məlumatlar sistemləşdirilir, vizual və audiovizual informasiya imkanlarını genişləndirən bölmələrdə isə bəstəkarın müxtəlif dövrlərə aid fotoşəkilləri, ailə üzvləri, həmkarları, ictimai-mədəni tədbirlər və yaradıcılıq fəaliyyəti ilə bağlı foto materiallar, həyat və yaradıcılığına dair sənədli filmlər təqdim edilir.
Beləliklə, elektron məlumat bazasının tematik və funksional strukturu Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının, musiqi və elmi-publisistik irsinin, onun haqqında formalaşmış elmi-biblioqrafik informasiya resurslarının kompleks şəkildə təqdim edilməsinə imkan verir. Bu struktur məlumatların sistemləşdirilməsini, informasiya resurslarının operativ axtarışını və istifadəçilərin bəstəkarın zəngin irsinə müxtəlif informasiya formatlarında çıxışını təmin etməklə elektron məlumat bazasının elmi-mədəni informasiya resursu kimi əhəmiyyətini artırır.
Elektron məlumat bazasının yaradılması Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin rəqəmsal informasiya mühitində sistemləşdirilməsi, mühafizəsi, əlçatanlığının təmin edilməsi və elmi-mədəni dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir. Resurs eyni zamanda milli musiqi irsinin rəqəmsallaşdırılması və kitabxana-informasiya resurslarının müasir informasiya texnologiyaları əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

QAYDALARA RİAYƏT EDİLMƏLİDİR
Əziz oxucu! Dəfələrlə mədəniyyəti olmayan, etik və davranış, ünsiyyət qaydalarına riayət etməyən insanlar haqqında tənqidi məqalə yazmışam. Düşünmüşəm ki, kimlərsə yazdığım yazılardan düzgün nəticə çıxarar. Düzü, artıq bu mövzuda yazmağa utanıram. Amma mədəniyyətdən uzaq olan, etik və davranış, ünsiyyət qaydalarına riayət etməyən insanların sayı çoxaldıqca, bu, məni düşünməyə vadar edir. Məsələ burasındadır ki, bunların arasında uşaqlara, məktəblilərə, hətta ali təhsilli qadın və kişilərə də rast gəlmişəm. Bu işdə kimdir günahkar? Valideynlərdirmi? Məktəbdirmi? Kimdir günahkar?
Yaxşı yadımdadır. Bakının Mərdəkan qəsəbəsindəki 181 nömrəli orta məktəbdə təhsil alırdım. O dövrlərdə sinif rəhbərimiz, eləcə də müxtəlif fənləri tədris edən müəllimlər şagirdlərə mədəniyyətli olmağı, etik, davranış qaydalarına, gigiyenik və sanitariya qaydalarına riayət etməyi tez-tez başa salardı. Ailədə, məktəbdə, ictimai yerlərdə, xidmət sahələrində davranış və ünsiyyət qaydalarını şagirdlərə aşılayardılar. Sinfimizdə 39 şagird təhsil alırdı. Nə yaxşı ki, yaxşı müəllimlərim olub. Hətta bizə paxıl olmamağı, yalan danışmamağı tövsiyə edirdilər.
Düşünürəm ki, məni narahat edən gördüyüm faktı oxucuların da nəzərinə çatdırım. 2026-cı ilin iyul ayının əvvəlləri idi. Gəncə şəhərinə getməliydim. Bakı avtovağzalına gəldim. Tələsdiyimə görə avtobusla deyil, taksi fəaliyyəti ilə məşğul olan balaca maşınla getməli oldum. Mən sürücünün yanında əyləşdim. Arxa oturacaqda bir azərbaycanlı və iki nəfər başqa millətin nümayəndəsi oturmuşdu. Onlar ailəli idilər və başqa ölkədən Bakıya turist kimi gəlmişdilər. Onu da qeyd edim ki, Bakıdan Gəncə şəhərinə 360 kilometr yoldur. Qonaqlarla rus dilində 3-4 dəqiqə söhbət etdim və öyrəndim ki, onlar Azərbaycana muzeylərə baxmağa gəliblər. Onlar söhbət əsnasında qeyd etdilər ki, muzeyə baxdıqdan sonra, yenidən Bakıya qayıdacaqlar və bir neçə gündən sonra öz ölkələrinə yola düşəcəklər. Alqışlayıram.
Gənc ailə dahi şair Nizami Gəncəvinin məqbərəsinə və muzeyinə baxmağa gedirdilər. Təəcübləndim, amma çox sevindim, ürəyimdə onlara afərin dedim. Təəcübləndim, ona görə ki, muzeylərə gedənlərin sayı çox azdır. Hər halda insanların əksəriyyəti ancaq muzeyə baxmağa görə 360 kilometr yolu qət etməzdi.
Dörd saatdan sonra artıq Gəncə şəhərindəydim. Amma yolda çox əsəbiləşdim. Belə ki, cavan sürücü 5 dəfə siqaret çəkdi, semiçka çırtladı və arabir su da içirdi. Bu səhnəni seyr etməkdən bezmişdim və əsəbiləşmişdim. Əsəbiləşmişdim, ona görə ki, başqa ölkədən gələn şəxslərin qarşısında maşını idarə edən zaman bu hərəkətləri edirdi. Düşünmürdü ki, Azərbaycana gələn qonaqlar gördüklərini öz ölkələrində yaxınları üçün danışacaqlar. Və düşünmürdü ki, Azərbaycanı öz davranışı ilə təmsil edir. Düşünmürdü ki, qonaq öz ölkəsində gördüyünü qələmə ala bilər.
Oxucu deyə bilər ki, bəs siz niyə sürücünü tənbeh etmədiniz? Cavabını deyim. Təxminən 20 il bundan əvvəl sərnişin avtobusu ilə Bakının Mərdəkan qəsəbəsindən Bakıya gedirdim. Avtobus basabas idi, sərnişinlərin sayı çox olduğundan, nəfəs almaq olmurdu. Onu da qeyd edim ki, Mərdəkandan Bakıya təxminən 25 kilometr yoldur. Sürücü artıq ikinci dəfəydi ki, siqaret çəkirdi. Sərnişinlərin hamısı bu səhnəni görüb susurdu. Mən dözmədim və sürücünü danladım. O, əsəbi şəkildə avtobusu saxladı və mənim düşməyimi kobud şəkildə əmr etdi. Məcbur olub maşından düşdüm. O dövrlərdə hələ tənqidi məqalələrə aidiyyatı təşkilatlar tərəfindən tədbir görülürdü. Ertəsi gün bu faktla bağlı tənqidi məqalə yazdım və məqalə qəzetlərin birində işıq üzü gördü. Fakta tədbir görməkdən ötrü qəzeti bir neçə aidiyyatı təşkilata göndərdim. Bir neçə gündən sonra fakta tədbir görüldü: belə ki, sürücü iki aylıq müddətinə işindən xaric edildi.
Digər bir hadisəni də nəzərinizə çatdırmaq istərdim. Təxminən 2-3 il bundan əvvəlin söhbətidir. Bakının Mərdəkan qəsəbəsində cavan bir kişi siqareti çəkdikdən sonra, yaxınlıqda zibil qutusu olsa da, siqaretin kötüyünü yerə atdı. Ona yaxınlaşıb, siqaret kötüyünü niyə yerə atmasının səbəbini soruşdum. O, dedi:
-Atmışam. Əcəb edib atmışam. Hamı yerə atır da zibili. Get işinlə məşğul ol.
Davranışı qaydasında olmayan kişi ilə höcətləşməkdən vaz keçdim. Əziz oxucu! Daha bir neçə dəfə yerə zibil atanları, avtomobili idarə edən zaman siqaret çəkənləri tənbeh etmişəm və hadisəni törədənlər mənə əsəbi şəkildə nəlayiq cavab veriblər.
Elə başıma gələnləri də nəzərə alıb cavan sürücünü tənbeh etmədim.
…Ümumiyyətlə, savadından, yaşından asılı olmayaraq hər bir şəxs mədəniyyət, etik, davranış, ünsiyyət, gigiyenik və sanitariya qaydalarına ciddi riayət etməlidir. Düşünürəm ki, bu işin müsbət nəticəsinin olması üçün müəllimlər hər gün şagirdlərə bütün qaydaları başa salmalıdırlar. Yenə deyirəm: müəllimlər dərslərini keçib, işlərini bitmiş hesab etməməlidirlər. Onlar dəfələrlə bu mövzuda danışmalıdırlar, başa salmalıdırlar…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist, AJB-nin və AYB-nin üzvü, “İti qələm” mükafatı laureatı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – Çaydaçapan

ÇAYDAÇAPAN
(hekayə)
Bakıya köçəndən sonra anam sağlığı kəndimizə qonaq kimi gedib gələrdim. Nə qoysaydı qabağıma, onu da yeyərdim, harda yerimi salsaydı, orda da yatardım. Day şıltaqlıq eləyib, “bunu yemirəm, orda yatmıram!” deməzdim. Amma yuxudan oyanmaq öz ixtiyarımda idi.
Allah xatirinə deyim ki, həmişə anamın əziz qonağı olardım. Eşidəndə ki, kəndə gəlirəm, Hacı əmioğluna çolpa kəsdirər, plov bişirərdi, yanında da yağlıtərə dovğası. Plovun da qarası mütləq turşməzə olmalıydı. Ləziz yeməklər yeməyə vərdiş eləmiş anamın bişmişi yağ içində üzməsəydi, nə özü dilinə vurardı, nə də qonağın qabağına qoyardı onu.
Rəhmətliyin təzyiqi yüksək olsa da, mal ətinə gözünün ucuyla da baxmazdı. Bir dəfə şəhərə gəlmişdi – bacım gildəydi. Dana əti alıb aparmışdım, məndən sonra göndərib qəssaba, qoyun ətiylə dəyişmişdi.
Artıq mən də baba olmuşdum. Anama dəyməyə nəvəmlə gedərdim. O da anamın plovundan yeyib, dovğasından içəndən sonra əlini qoyardı qarnına:
–Doydum, ana, dadlıydı! – adaş olduğumuzdan nəvəm “ana” deyərdi anama.
–Nuş canınız olsun babanla sənin, ay bala! – anam qucaqlayıb hər ikimizin üzündən öpərdi.
Anamın ölümündən bir neçə il əvvəl də getmişdik kəndə. Oturmuşduq eyvanda, o, danışırdı, mən də qulaq asırdım. Deyim ki, qardaşlarım anamla şirin-şirin söhbət eləsələr də, mən sadəcə qulaq asmağı bilirdim.
Birdən anam əlini stola dirəyib, ayağa durmaq istədi. Baxdım ki, stola dayanıqlı əli tir-tir titrəyir. Fikirləşdim ki, anam qocaldığını demək istəyir mənə: “rəhmin gəlsin qocana, tez-tez gəl ona dəy, bala!”.
Gülümsədim…
Bu hadisədən illər keçdi. Artıq mən də, rəhmətlik bibim oğlu Yengibar demişkən, Kürdəmirin turacyemişi kimi qoonumuşam, yetişmişəm. Əlimi stola verməsəm çətin ayağa qalxıram. Baxıram ki, lap elə anamın əli kimi də titrəyir əlim.
İndi anlayıramki, anam mənim ürəyimdə özünə rəhm oyatmaq üçün qəsdən titrədib əsdirmirmiş əlini.
O günü kitabxanamda nəvəmlə oturub danışırdıq. Birdən ayağa duranda stola dayanıqlı əlim biləkdən əsib titrəməyə başladı.
–Ay baba, – nəvəm güldü, – çaydaçapandı ki… əlin.
–G.. atan demək istəyirsən, bala?!
–Ha… ha… ha… nə ayıb adı var bu quşun?!
–Bizim Şirvan bölgəsində, Şamaxıda bu adla çağırırlar onu.
Nəvəm yenidən bir xeyli güldü.
Mənim isə anam yadıma düşdü, uzaq xəyallara dikildi gözüm.
Vaxtilə anama təbəssümlə dediyimi nəvəm sözlə qaytardı mənə.
Ürəyim ağrıdı.
27.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Üzeyir Hacıbəyli – Musiqimizin Peyğəmbəri

Üzeyir Hacıbəyli – Musiqimizin Peyğəmbəri

Bu günlər biz dahi Üzeyir bəyin anadan olmasının növbəti 141-ci ilini qeyd ediriik. 18 sentyabr Üzeyir bəyin doğum günüdür. Bu tarixin qeyd edilməsi ənənəsinin əsasını Üzeyir bəyin qardaşı oğlu, Hacıbəylilər nəslinin görkəmli nümayəndəsi, məşhur bəstəkar və drijor Niyazi qoymuşdur. 1995-ci ildə Ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Üzeyir bəyin andan olduğu gün Üzeyir Musiqi Günü kimi təssis edildikdən sonra bu tarix daha geniş və daha möhtəşəm qeyd edilir. Artıq altıncı ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı sayəsində Üzeyir Musiqi Günü bəstəkarın vətəni Şuşada qeyd edilir. O da əlamətdardır ki, 18 sentyabr həm də Azərbaycan xalqının digər görkəmli bəstəkarı, Üzeyir Hacıbəylinin seminariya yoldaş və dostu, sonradan isə bacanağı Müslüm Maqomayevin də doğum günüdür və düşünürəm ki, Ümumilli liderimiz Heydər Əliyev heç şübhəsiz bu faktoru da nəzərə almamış deyi.
Kimin bu fikrə necə yanaşmasından asılı olmayarq mənim qənaətim belədir ki, tarixin müxtəlif dönəmlərində, dünyanın müxtəlif xalqları içərisində nə qədər dahi bəstəkarlar olsa belə Üzeyir bəy onların hamısından başda durur. Təkcə ona görə yox ki, Üzeyir bəy mənim xalqımın nümayəndəsidr,(Həm də elə ona görə) həm də ona görə ki, bu dahi bəstəkarın bütün yaratdıqları ilkdir. Yəni ondan əvvəl onun sökəndiyi ənənə, məktəb, bünövrə olmayıb və məhz elə Böyük Yardanın verdiyi fitri istedad, qeyri-adi fitrət nəticəsində O, yaratdıqlarını yarada bilib. Diqqət yetirək . Nə qədər qüdrət, enerji və istək sahibi olmalısn ki, Azərbaycanın professional musiqi sənətinin banisi, müsəlman dünyasında ilk operanın, ilk operettanın, Müstəqil Azərbaycanın və Azərbaycan SSR-ni himninin müəllifi, Respublikamızda ilk xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın, xorumuzun, simfonik orkestrimizin yaradıcısı və rəhbəri olasan. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri idi.(1938–1948).
Elə sadaladığım səbəblərin nəticəsidir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixinə dahi bəstəkar, görkəmli pedaqoq və alim, peşəkar jurnalist, yazıçı, dramaturq, publisist,musiq etnoqrafı, tarixçi, musiqi təşkilatçısı, drijor və ictimai xadim kimi daxil olmuşdu. Azərbaycan və SSRİ mədəniyyətinin inkişafındakı xidmətlərinə görə dövrünün ən ali mükafatlarına- Lenin Ordeninə, iki dəfə Stalin mkafatına, SSRİ-nin və Azərbaycan SSR-nin Xalq artist fəxri adlarına layiq görülüb. İki çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Üzeyir bəy ciddi pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycanda və xaricdə bir sıra məşhur bəstəkarların yetişməsində biavasitə rol oynamışdır. Təkcə raespublikamızda hər biri bütövlükdə bir bir xalqı təmsil edəcək və fəxri sayılacaq qədər səviyəyə qalxan böyük bir bəstəkarlar ordusu yetirmişdir. Dünya şöhrətli, Məşhur bəstəkarlarımızdan Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və digərləri bir başa Üzeyir bəyin məktəbindən keçmişdir. Təsadüfi deyil ki, məşhur bəstəkarımız Fikrət Əmirov deyirdi: “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Azərbaycan musiqisinin bütün məqamlarını dərindən və hərtərəfli tədqiq edən Üzeyir Hacıbəylinin şəxsi müşahidələrinin, gərgin axtarışlarının, dərin tədqiqatlarının məhsulu olan və 20 ilə (1925-1945) başa gələn «Azərbaycan xalq musiqisinin əsasları» adlı fundamental elmi-tədqiqat əsəri ilə o həm də müsiqişünaslıq elmimizin də banisi olmuşdur. (Abbasquliyeva)
Üzeyir Hacıbəyov musiqi sahəsində və Azərbaycan mədəniyyətində elə bir zirvə kəşf etmişdir ki, o zirvəyə hələ heç kim qalxa bilməmişdir. Dünya şöhrətli bəstəkar, Qara Qarayev deyirdi: “Üzeyir bəyin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini bir cümlə ilə ifadə etsək deməliyik ki, “O, Azərbaycan Mədəniyyətinin Atasıdır.”
Düşünürəm ki, o zamankı ölkə rəhbərlərindən –Stalindən, Nəriman Nərimanovdan, Mir Cəfər Bağırovdan, dünya şöhrətli bəstəkarlardan tutmuş bu günümüzün məşhur insanlarınadək, Üzeyir bəyi bəstəkar və ictimai xadim olaraq yüksək dəyərləndirmiş, haqqında yüksək sözlər demişlər. Bununla belə fikrimcə Üzeyir bəyə ən böyük dəyəri Azərbaycan xalqı vermişdir. Üzeyir bəy öz misilsiz xidmətləri və insani keyfiyyətləri ilə hər bir azərbaycanlının ürəyində özünə əbədi məskən salmışdır və onun cismani yoxluğundan 76 il keçməsinə baxmayaraq xalqın ona olan məhəbbət və rəğbəti nəinki azalır, əksinə daha da artır. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki, onun haqqqında ən yüksək dəyəri həm də böyük şairimiz Səməd Vurğun vermişdir. O Üzeyir bəyi “Musiqimizin Peyğəmbəri” adlandırmışdır.