
Sözü səngərdən başlayan yazıçı
(Əli bəy Azərinin yaradıcılığı haqqında)
Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların həyat yolu rəşadətli bir tarixin, yaradıcılığı isə xalqın keçdiyi ağrılı-acılı, həm də şərəfli yolların bədii aynasıdır. Belə şəxsiyyətlərdən biri də ömrünün altımışıncı zirvəsinə qədər ucalan, həm hərb meydanında bir zabit kimi fədakarlıq göstərən, həm də qələmi ilə ədəbi cəbhədə xidmət edən ehtiyatda olan mayor, tanınmış yazıçı Əli Bəy Azəridir. Yazıçının keçdiyi şərəfli ömür yolu həm gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi, həm də müasir ədəbiyyatımız üçün zəngin bir xəzinədir.
Əli Bəy Azəri 15 İyul 1966-cı ildə Azərbaycanın cənnət məkanlarından biri olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən təbiətin gözəlliyini, el-obanın saf mənəviyyatını ruhuna çəkən gənc Əlinin ədəbiyyata, söz sənətinə marağı ötən əsrin 70-ci illərinin sonlarında baş qaldırır. O, hələ erkən yaşlarından mətbuatda kiçik həcmli məqalələri ilə görünməyə başlayır və bu, onun gələcək böyük yaradıcılıq yolunun ilk qaranquşları olur. Lakin onun həyat xətti təkcə bədii sözlə məhdudlaşmırdı, Vətənə xidmət eşqi onu hərbi sahəyə yönəldir. Ali hərbi təhsil almaq üçün Rusiyaya yollanan Əli Bəy, orada təhsilini uğurla başa vurur və bir müddət peşəkar hərbi kadr kimi həmin ölkədə fəaliyyət göstərir.90-cı illərin əvvəllərində mənfur qonşularımızın torpaqlarımıza təcavüzü və Birinci Qarabağ müharibəsinin başlaması Əli Bəy Azərinin taleyində həlledici dönüş nöqtəsi olur. Rusiyadakı rahat hərbi karyerasını geridə qoyaraq, Vətənin çətin günündə onun harayına səs verir və dərhal Azərbaycana qayıdır. Kadr zabit kimi ön cəbhəyə atılan Əli Bəy, ölkənin ərazi bütövlüyü uğrunda gedən ən ağır döyüşlərdə iştirak edir. Müharibənin amansız qanunları və hərbi xidmətin ağır şəraiti onun bədii yaradıcılığına müvəqqəti olaraq fasilə verməsinə səbəb olsa da, cəbhədə yaşadığı, şahidi olduğu hadisələr gələcək böyük əsərlərinin xammalına çevrilirdi. O, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək bu gün Azərbaycan Ordusunun ehtiyatda olan şərəfli bir mayorudur.
Hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra Əli Bəy Azəri daxilindəki söz fəvvarəsini yenidən canlandırır və ədəbiyyata möhtəşəm bir qayıdış edir. Onun qələmi bu dəfə hərb meydanında qazandığı təcrübəni, millətin dərdini və qəhrəmanlığını kağıza köçürməyə başlayır. Yazıçının yaradıcılıq diapazonu olduqca geniş və məhsuldardır. Bu günə qədər 15-dən çox kitabı işıq üzü görmüş sənətkar, oxucular tərəfindən rəğbətlə qarşılanan 4 irihəcmli romanın müəllifidir. Eyni zamanda müxtəlif elektron portallarda və ədəbi sərgilərdə 100-dən çox hekayəsi və 7 povesti dərc edilmişdir. Onun yaradıcılığı artıq milli hüdudları aşaraq beynəlxalq aləmdə də tanınır. Əsərləri rus və özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin nüfuzlu ədəbi jurnallarında işıq üzü görüb, həmçinin bir kitabı qonşu İran İslam Respublikasında nəşr edilmişdir.
Əli Bəy Azərinin əsərlərinin əksəriyyəti hərbi mövzulardan bəhs edən sənədli-bədii nümunələrdir. O, sadəcə təxəyyülünə sığınmır, həm də özünün yaşadığı real döyüş xatirələrini ədəbiyyata gətirir. Müəllifin “Qəmlibel müsibəti”, “Arazgersdən keçən köç”, “Erməni Borisov” povestləri, eləcə də “Hərbi Zəngilan” və “İki Zəngilanlı zabit” romanları Qarabağ müharibəsinin real bədii təsviridir, doğma yurdun müdafiəsinin və zabit şərəfinin salnaməsidir. Yazıçı fərdi yaradıcılıqla yanaşı, həm də böyük bir təşkilatçı və redaktordur. O, 2016-cı ildən etibarən nəşr olunan “Xəzan” ədəbi-bədii jurnalının baş redaktoru kimi də ədəbiyyatımızın inkişafına mühüm töhfələr verir. “Xəzan” jurnalı qısa müddətdə təkcə paytaxtda deyil, xüsusilə Azərbaycanın bölgələrində ədəbi mühitin canlanmasına, gənc istedadların üzə çıxarılmasına xidmət edən gözəl bir nümunəyə çevrilmişdir.
60 yaş ömrün müdriklik zirvəsidir. Bu zirvədən geriyə baxanda görünən mənzərə fəxr ediləsidir: Vətən qarşısında zabit borcunu layiqincə yerinə yetirmiş bir hərbçi və millətin mənəviyyatına xidmət edən fədakar bir qələm adamı! Əziz qələm dostumuz Əli Bəy Azərini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uca Tanrıdan möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Qələminiz iti, sözünüz kəsərli olsun!


Müəllif: Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında