Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac (Mustafayev Zaur Mustafa) oğlu Zəfər Günü münasibəti ilə “Böyük Zəfər” medalı ilə təltif olunb.
“Böyük Zəfər” medalı
Bu münasibətlə Zaur müəllimi təbrik edir, yeni-yeni naliyyətlər arzu edirik! Zəfər Günümüz mübarək olsun!
Şəhla əvvəlcə elə dünyaya gəldiyi özəl günlə fərqləndi. 31 dekabr… Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin astanasında hələ heç nəyinə bələd olmadığı dünyaya gəlişi ailəyə üçüncü bayramı da yaşatdı. Sabirabad rayonunda doğulan bu qızın uşaqlığı güvənli, qayğı ilə əhatə olunmuş keçdi, orta məktəbi bitirib 2 nömrəli Bakı Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olundu. Ailədən mənimsədiyi işgüzarlığı, öz imicini yaratmaq meyli, daima axtarışlarda olması nəticəsiz qalmadı. Hələ birinci kursda ikən əmək fəaliyyətinə apteklər şəbəkəsindən başladı…
Musahibimiz bir ildən artıq Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanda Əl işləri və gəlin aksesuarlarından ibarət “Nefertiti” brendinin qurucusu Şəhla Babayevadır.
-Şəhla xanım, necə oldu ki, bu işə başlamağa qərar verdiniz? İlk hazırladığınız nə oldu və bundan nə qədər gəlir əldə etdiniz? Ümumiyyətlə, sizi bu işin ən çox maddi, yoxsa mənəvi tərəfi maraqlandırır?
-Orta məktəb illərindən özümün xüsusi bacarığım olduğunu kəşf etmişəm. Mənim çoxlu gəlinciklərim vardı. Hamısına da ad qoymuşdum. lk dəfə onlar üçün paltar tikmişəm. Ən çox da gəlin paltarı tikir, ona uyğun fata düzəldirdim. Sonra mənimlə bərabər arzularım, ideyalarım da böyüdü. Evdə köhnə hesab edilən bəzək əşyası və suvenirləri götürüb görkəmini dəyişirdim. Bir dəfə sosial şəbəkələrin birində bir gəlin şəkli gördüm, saçına vurduğu aksesuar marağma səbəb oldu. Beləcə indiki işimin bünövrəsi qoyuldu… İlk əl işim gəlin üçün bel kəməri olub, qazancım isə 8 manat oldu… İş insanı məmnun etməlidi, işləyərkən daxili rahatlıq hiss etməlisən. Mən bu işimlə xoşbəxtəm, həm də bir növ qazanc yerimdi.
-Bildiyimiz kimi, belə işlərlə məşğul olanlar çoxdur, amma hamı uğur qazana bilmir. Sizcə bunun səbəbi nədir?
–Təşəkkür edirəm, insanda özgüvən aşağıdırsa heç bir işdə uğur qazana bilməz. Ruh yüksəkliyi, inam, yeni ideyalar, zamanın nəbzini tutmaq vacibdir. Hər sahədə olduğu kimi burada da peşəkarlar da var, həvəskarlar da. Hər birinə uğur arzulayıram.
-Bu iş həm də səbir tələb edən bir işdir, bir aksesuar üstündə günlərlə işləmək lazım olur bəzən. Bəs sizin səbriniz böyükdürmü?
-Doğrudur. Dediyim kimi sevdiyim iş olduğundandı ki, səbirlə işləyirəm. Bəzən vaxtı unuduram, eyni vəziyyətdə oturduğumun, gözümü saatlarla xırda muncuqlara zillədiyimin fərqində olmuram. İşi bitirəndə bütün ağrılarım bitir, yorğunluğumu unuduram. Bir də əl işlərimi xanımların xoş gününün şahidi olduğu üçün sevirəm…
-Siz ən çox hansı aksesuarlarla işləməyi xoşlayırsınız və yaşadığınız şəhərdə rəqiblərinizmı deyim, ya həmkarlarınız, çoxdurmu? Hazır işlərə orada tələbat necədir?
-Bütün işlərim mənə əzizdir, amma sifarişçinin istəyini nəzərə alıram, zövqlər çox müxtəlifdir, dəbdəbəli taclardan tutmuş ta zərif baş bəzəklərinə qədər sifarişlər olur. Türkiyədə daha çox həmkarlarım var, orada paxıllıq edənlər demək olar ki, yox dərəcəsindədi. Hamı uğurunu paylaşır, bir-birinə bildiyini öyrədir. Təlabata gəlincə əsasən sadə aksesuarlara üstünlük verirlər, çox diqqət çəkən bəzək əşyalarını sevmirlər…
-Son zamanlar gəlinlik paltarlarının təqdim olunmasında model kimi də görünürsüz. Üstəlik qardaş ölkədə film çəkilişlərinə də qatılırsız, hansı daha maraqlıdır sizin üçün və bu üç işi necə çatdırırsınız?
-Hələ az dediniz, (gülür), işim çoxdur əslində, qadınsansa məşğuliyyətin bitməz… Ev işləri, oğlumun dərsləri vaxt tələb edir. Məni modellik, modelyerlik həmişə maraqlandırıb. Tibb sənətini valideynlərimin istəyilə seçmişəm. Bəli, zəhmətim, göstərdiyim çaba nəticəsini verir, çox şükür. Film çəkilişlərinə istəyim Türkiyədə reallaşdı, burada istəsəm də bəzi əngəllərlə üzləşdim. Modelliyə gəlincə isə, əslində dediyiniz kimi də deyil, Bakıya gəldiyim zaman bir qadın gözəllik salonunda olarkən gəlin obrazı üçün üz cizgilərim diqqət çəkdi və mən də gələn təklifi dəyərləndirdim…
-İndiki pandemiya dövrü həm də toylarımızdan da yan keçməyib. Artıq iki nəfərlə evlənmək adi hal sayılır. Bu sizin işlərinizə də təsir edirmi?
-Bəli, özü də çox. Əvvəllər insanlar ümidlə pandemyanın tezliklə bitəcəyini gözləyirdi, görəndə vaxt uzanır, onlar da əlacsız qalıb belə evlənməyi qəbul etdilər. Təki sağlıq olsun, atalar deyib ellə gələn dərd toy-bayramdı…
-Bilirik ki, uşaqları da unutmursuz, xüsusən qız uşaqları üçün saç üçün maraqlı bəzək əşyaları düzəldirsiniz. Nə zamansa əl işlərinizin satışı üçün xüsusi bir məkan açmağı düşünmüsünüzmü?
– Qızlar özü elə gözəldilər ki, onlara hər şey yaraşır. Əsasən qolbağ və saç aksesuarları düzəldirəm onlar üçün… Məkan məsələsinə gəlincə, bəli, düşünürdüm, amma indiki vəziyyətdə bir sıra çətinliklər var ki, onlar aradan qaldırılmalıdı.
– Deyirlər uzaqdan baxana döyüş asan gələr, buna inanırsınızmı? Tezliklə İstanbula geri dönəcəksiniz, bu zaman işə hardan, nədən başlamaq fikrindəsiniz?
-Atalar nə deyibsə, düz deyib. Qardaş ölkə olsa da doğmalarından uzaqda olmaq üzür adamı. Amma başladığım işləri yarım buraxmaq olmaz, inşallah qoyub gəldiyim yerdən davam edəcəyəm işimə:
-Sizə YAZARLAR adından uğurlar arzulayır, səsiniz daha ucalardan gəlsin deyirik. Həyat sevginiz bol, əlləriniz var olsun, fantazlyalarınız isə tükənməsin. Etiraz etməsəniz bu fotoların birindən jurnalımızın növbəti sayında üzqabığı üçün istifadə edərdik.
-Buyurun. Seçim sizindir. Ancaq məsləhət olsa üçüncü fotodan istifadə edərsiniz. Hə. Məhz üçüncüdən.
-“Atalar üçdən deyib” – ona görə (ciddi)?
-Bəli ‘”atalar üçdən deyib” (gülür).
-Oldu! (gülürəm) Ən dəyərli nemət olan zamanınızı bizim üçün ayırdığınıza görə minnətdarıq. Çox sağ olun!Uğurlarınız bol olsun!!!
Zaur UstacM. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə.
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.
Elektron ərizələrin qəbulu 2021-ci il 8 iyul – 10 avqust tarixlərində internet vasitəsilə aparılır
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 – 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.
Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.
“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat verilib.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Müsabiqənin keçirilməsi
1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;
Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.
2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.
Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.
Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.
İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.
Yazarlar.az olaraq, bütün dünya müsəlmanlarını, bu mətni gözəl, şipşirin ana dilimizdə oxuyb-anlayan müsəlman soydaşlarımızı Qurban Bayramı münasibəti ilə təbrik edir, Böyük Allahdan əziz günlər xatirinə bəşəriyyətə şəfqət, mərhəmət göstərməsini diləyirik. Bayramınız mübarək, Uca Yaradanı tanıyan insanlar! Tanrı sizləri qorusun! Amin! Amen!
Jurnalın bü sayında kimlər var? Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər… “XƏZAN” ədəbi-bədii jurnalının iyun-iyul, 2021 sayı çapdan çıxıb. Sayca 34-cü nömrəsi sayılan 128 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.Jurnalın redaksiya heyəti şairlərdən Əjdər Yunis Rza və Vahid Çəmənlinin 65, yazıçı Əli bəy Azərinin isə 55 yaşının tamam olması münasibətilə hər üçünü təbrik edib.Jurnal Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Şuşa Bəyannaməsi – bölgədə sülhə çağırışın salnaməsi” məqaləsi ilə başlayır. Eyni zamanda bölgə üçün Sülh və Barış çağırışı hesab olunan tarixi sənəd “Şuşa Bəyannaməsi” də bütövlükdə redaktor guşəsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, jurnalın beş yaşı tamam olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayeva “Xəzanın beş yaşına” məqaləsi ilə bu təqvimi qeyd edib.Şair-filoloq Elvin İntiqamoğlu “Əlli beş illik romanın on beş illik hekayələri” məqaləsi ilə Əli bəy Azərinin, şair-publisist Ələsgər Talıboğlu “Özünü sözündən asan şair” məqaləsi ilə Əjdər Yunis Rzanın, şair Zaur Ustac “Mən eşq atəşiyəm” məqaləsi ilə Vahid Çəmənlinin yaradıcılıqlarına səyahət etmişlər. Azərbaycan ədəbiyyatı divançılıq tarixində ilkə imza atan- bütün qəzəlləri yalnız azərbaycan sözlərindən istifadə etməklə yazılan Hafiz Əlimərdanlının “Divan”ı AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli bəy Azərinin məqalələrində qismən təhlil olunmuşdur.AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun kiçik elm işçisi, Bakı Dövlət Universitetinin doktorantı Təhminə Vəliyevanın təqdimatında Seyid Hüseynin “Ağvalideyn, yaxud, zavallı Məşədi Zaman” hekayəsi və onun təhlili yer almışdır.Özbək ədəbiyyatından Əzizbəy Abduməlikin “Qatarı dayandıran “Leyla”nın ifaçısı Türküstan bülbülü Dədəxan Həsən” məqaləsi şair Şahməmməd Dağlaroğlunun tərcüməsi əsasında çap olunub. Dilbər Rzayevanın “Vüqar Əhməd yaradıcılığında Qarabağ mövzusu”, şair Əliyar Yusiflinin yaradıcılığından bəhs olunan Ələsgər Talıboğlunun “Əzəl gündən könül verib vətənə” və Ələsgər Talıboğlunun Qəhrəman Qasımovla birgə hazırladığı “Qvami Məhəbbətoğlunun Alpan etüdləri” məqalələri ədəbi təhlillər sırasındandır. Natəvan Quıiyevanən “Kəndə onlarsız qayıtmalı olacağam” məqaləsi bir vaxtlar uşaqlıq illərini keçirdiyi, otuz ilə yaxın erməni işğalında inləyən doğma yurd yerlərinin ab-havasına həsr olunub. Tərlan Əliyevanın “Qızıllı Salman adı ilə tanınan zirək, qoçaq, mərd babam” məqaləsində isə bölgədə yaşanan qaydalardan, ağsaqqallıq missiyasından, böyüyə hörmət, ehtiram kimi ülvi milli dəyərlər fonunda əlbəttə ki, tarixi hadisələrə çevrilmiş həqiqətlərdən söhbət açılır. Rəna Mirzəliyevanın “Görüşə bilmədik bu il, bənövşəm”, Anar Əhmədovun ““Qarabağ” ordenli cəsur baş leytenant”, Sadıq Rəfiyevin “Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq qürurludur” məqalələrində 2020-ci ilin patızında baş vermiş 44 günlük döyüş iştirakçılarından və şəhidlərdən, Günay Rzayevanın “Türk şəhidi Xəlil Məmməd oğlu” araşdırma-məqaləsində isə adından göründüyü kimi XX əsrin əvvəlində Osmanlı qoşunu tərkibində Azərbaycana köməyə gəlmiş döyüşçünün taleyindən bəhs olunur.Poeziya bölməsində şair Budaq Təhməzin “Cəsarətdən doğan qeyrət” poeması çap olunub. Şairlərdən: Xaliq Azadi, Zeynalabdin Novruzoğlu, Hafiz Əlimərdanlı, Məhəmməd Əli, Cəlil Xeyirbəy, Qərib Hüseynov, Əbülfəz Əhməd, Ədalət Nəcəfoğlu, Şərqiyyə Balacanlı, Kirman Rüstəmli, Xaliq Laçınlı, Ələsgər Talıboğlu, İlqar Boranoğlu, Bəxtiyar Abbas İntizar, Gülşən Aydınqızı və Xəyal Zeynalın şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.Nəsr bölməsində Eyvaz Zeynalovun “Qiyaslı gilası”, Əli bəy Azərinin “Anama deyin, məni bağışlasın”, Rəşid Bərgüşadlının “Hacı Novruzəli” hekayələri, Ramiz İsmayılın “Əbədiyyata məktublar” elegiyasının son hissəsi yer alıb.Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və dəyərli yazıları ilə oxucularının görüşünə gəlib.
“Vikipediyanın Azərbaycan seqmentində NMW03 qurama adıl ilə fəaliyyət göstərən “azərbaycanlı” idarəçi indi də Azərbaycanın, bütün türk dünyasının fəxri olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında olan, artıq 5-6 ildən artıq vikipediyada mövcud olmuş “Oriyentir Ulduzu”(kitab) məqaləsini silib. Məsələ ondadır ki, bununla kifayətlənməyən “manitor cəngavərlərimiz” (NMW03 nikli bu yeni idarəçi bir neçə də özü kimi yeni istifadəçilərdən ibarət qrup yaradaraq bu işlə məşguldur, yəni onların Azərbaycana faydası ola biləcək tək bir məqalələri belə yoxdur) “oriyentir ulduzu” sözünü Google axtarş sistemi üçün də bloklayıblar. Düzü bu məsələ məni hər şeydən öncə vətənpərvər bir ziyalı, sonra isə NMW03 ləqbli gəncin gələcək aqibətinə görə ciddi narhat edir. Yaxın keçmişdə Xudayar barədə artıq-əksik danışmış gəncin aqibəti hamıya yaxşı məlumdur. Hər şeyi bir kənara qoysaq da, bir məsələ adamı ciddi düşündürür: bu işi bu uşaqlar qanmazlıqdan edirlər, yoxsa bunların bir hamisi, yol göstərəni var??? Çox maraqlıdır… Heyif Mübariz kimi minlərlə oğullardan ki, ömürlərinin çiçəkləndiyi vaxtda şirin canlarından keçdikləri Vətən torpağında bu cür tərbiyə almış “vətən övladları” yaşayır… ÇOX HEYİF….
Zərif romantikadan, xəyalların başlandığı yerdən, sərhədsiz duyğulardan, rənglərin sehrindən söhbət açsaq, məncə, ilk ağıla gələn rəssamlıq sənəti olacaq.Elə lap əvvəldən də aləmdə məşhur, görkəmli rəssamlar yaratdığı sənət əsərləri ilə cəmiyyətə mesaj verməyə, beyinlərdə iz qoyacaq dərin düşüncələrin təməlinə yol açmışlar… Diqqətlə müşahidə etsək görərik ki, adətən incə sənətlə məşğul olan insanlar daha həssas, daha fərqli və düşüncələri ilə hər zaman seçilən şəxslər olurlar.Belə rəssamlardan biri də, Qax rayonunun Qaratala kənd sakini, 18 yaşlı Ramazan Məmmədlidir.Həmişə ətrafındakılara öz təbəssümü ilə, həyat dolu baxışı ilə işıq saçan gənc, cılız bədəninə dünya boyda güc sığışdırıb sanki… Gəlin, onu daha yaxından tanıyaq. Halhazırda, Azərbaycan Memarlıq və İnşaat universitetin tələbəsi olan Ramazan, içində böyütdüyü gizli vətən eşqi ilə diqqətimi çəkdi. Doğrusu, bu barədə ona heç bir sual verməmişəm.Hiss edilməsi lazım olanlar və gördüklərim kifayətdir.Şəhid qardaşlarımızın portretini çəkib, şəhid analarının könlünü azca da olsa sevindirən gəncin ruhu elə həssas, elə dərindir ki… Bu hissləri yaradıcı insanlar daha yaxşı izah edə bilər; fırça, musiqi və təklik= Hüzur… Ramazanda olan bu fitri istedada heyran qalmamaq əldə deyil.İncə detalların öhdəsindən gəlmək, bu barədə heç bir təhsili olmadan özünəməxsus şəkildə gözəl təsvirlər yaratmaq alqışa layiqdir.Xüsusən də bu isteddan vətən üçün, millət üçün kiçik də olsa, böyük sevinclər yaratmaq hər özünü “insan” adlandıranların işi deyil… Ramazanın çəkdiyi rəsmlərdə qaranlıqdan işığa doğru ümid qığılcımları var.O, ümidlərin tez ölməyini istəmir.Yaşamağın, yaratmağın, var olmağın tərəfdarıdır.Elə bu məziyyətlərinə görə bir çoxumuzun rəğbətini qazanmışdır.Əgər onun daxilində aydın və gələcəyin gözünə dik baxan gənc olmasa, belə gözəl təsvirlər yarada bilməzdi.Əgər onun düşüncələri, hissiyatı ötəri və dayaz olsaydı, beyni ilə dərk etdiklərini görüb, kağız parçasına həkk edə bilməzdi… Bu məmləkətin, öz ayaqları üstdə möhkəm dayana bilən, gələcəyə ümidlə baxan, millətinin hər daim yanında olan, vətənini candan sevən övladlara ehtiyacı var. Belə gənclərə dayaq olaq ki, sabah övladlarımıza, millətimizə də onlar dayaq olsun.Ölkəmizə layiqli vətəndaş, hər zaman qürurla xatırlayacağımız şəxslər olsunlar. Ramazan kimi gənclərlə qürur duyur, işlərində böyük uğurlar arzu edirik! Bu vətən sizin kimi gənclərlə daim çiçəklənəcək…
Bu gün hamımızın sevimlisi, ictimai xadim, şair, “Bakı” jurnalının baş redaktoru xanım Leyla Əliyevanın doğum günüdür! Ad günü münasibəti ilə Leyla xanımı təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Leyla xanım!!!