Etiket arxivi: MAHİRƏ NAĞIQIZI

Mahirə Nağıqızı – Gününüz mübarək olsun, müəllimlər!

Tanınmış alim-şair, pedaqoq, professor MAHİRƏ NAĞIQIZInın 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü münasibətilə özəl təbriki:

MÜƏLLİM GÜNÜNDƏ…

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı, gözüm önündə.
Demək istəyirəm sevgiynən dolu,
Sözümü onlara müəllim günündə.

Birinci addımı atdığım andan,
Məni sehirləyib sinif otağı.
Müəllimlərim olub başlanğıcından,
Bir-bir qazandığım uğur ortağım.

Hərdən elə gəlir, qismətim mənim
Silinib-yazılıb dərs lövhəsində.
Tonundan bilmişəm etdiklərimin
Səhvini, düzünü onun səsində.

Qaranlıq yollarda tutdunuz çıraq,
Siz başa saldınız bizə həyatı.
Onu öyrətdiniz elmdən qabaq,
Dayanar insanın mənəviyyatı.

Dediniz ki, alim olmağa nə var,
Bu dünya çox görüb alimi nadan.
Boşdur qazandığın adlar, titullar,
Şəxsiyyət olmazsan, insan olmadan.

Vətəni sevin siz- dediniz bizə,
Ən böyük arxadır, ən isti ocaq.
Əziz müəllimlərim, hər birimizə,
Sizlərin sevgisi ocaq olacaq.

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı gözüm önündə.
Demək istəyirəm, sevgiynən dolu
Sözümü onlara müəllim günündə!

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – İpək köynək

İPƏK KÖYNƏK

(hekayə)

Otel otağının dənizə baxan balkonuna çıxanda sifətimə dəyən mehin sərinliyini əvvəl yanaqlarımda, sonra ciyərlərimdə hiss etdim. Yaşadığım yorğunluqqarışıq bu hissin yaratdığı qəribə əhvalın təsirindən başımın gicəllənə biləcəyindən ehtiyat edərək yanımdakı stula əyləşdim. Bilmirəm, nagahan gələn oxşar vəziyyətlərdə siz nə cür davranırsınız, amma mən epizodik üzləşdiyim belə məqamlarda 1-2 dəqiqəlik olsa da əyləşməyi, qollarımı yuxarı qaldıraraq başımın arxasında barmaqlarımla daraqlanan əllərimin arasında saxlamaqla rahatlıq tapıram. Bu vəziyyətdə Egeyin üzərində, sonsuzluğu dənizin üstünü bürümüş qaranlığın içində itən səmada ulduzun gətirdiyi toxtaqlığın verdiyi təpərdə təyyarənin enişini xatırlayıram. Boşluğa düşən təyyarənin yaşatdığı saniyələr çəkən narahatlığı sinirməyə macal tapmamış gözüm illuminatora sataşır və mənə elə gəlir ki, ancaq İzmirə xas olan cazibənin içindəyəm. Sinədolusu havanı tamarzılar kimi ciyərlərimə çəkirəm. Buna baxmayaraq, təyyarədən enər-enməz yolun ilğım kimi bürüdüyü yorğunluqdan qurtarmaq üçün Adnan Menderes Hava Limanından birbaşa Qaraburuna, qalacağım otelə yollanmaq istədim. Bu fikirlə də əyləşdiyim maşında, yarıyolda qərarımı dəyişdim, sürücüyə sahil boyunca- palma, xurma palmalarının yanından keçən prospekt boyu körfəzə qədər gedəcəyimizi dedim. İzmirə budəfəki ikigünlük konfransla bağlı səfərimdə vaxtımın az olmasını nəzərdə tutaraq bir saatlığa da olsa “MaviBahce”yə baş çəkmək və bir aydan artıqdır Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə “yenə vaxt darlığı imkan vermədi”- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam:
Köynəyin kətandımı,
Canına yatandımı…
Mən sənə qurban olsam,
Bu dünya batandımı…
Təsvvürümdə gətirdim ki, ovcumda saxladığım köynəyi evimizin dəhlizindəcə Sultanın əyninə geyindirirəm.
“Sən saydığını say, gör fələk nə sayır”. Bu sözləri isə “MaviBahce”-yə gedib də axtardığım ipək köynəyi tapa bilməyəndən sonra artıq yollandığım otelə qədər ürəyimdə vərəvürd edirəm. Təsəvvür etməyin özü belə, ağlasığmaz idi ki, müştərilərinə ağlagəlməz dərəcədə mal çeşidlərinin təqdimatına görə fərqlənən ticarət mərkəzində almaq üçün axtardığın nəyisə tapa bilməyəsən. Belə məqamlarda ancaq anamdan eşitdiyim, onun aradabir yadıma düşən deyimlərindən olan “Sən saydığını say, gör fələk nə sayır…!” sözlərində nə qədər haqlı olduğunu bir daha təsdiq edirəm.
Onu isə nəinki təsdiq edir, ovcumun içi kimi bilirəm ki, iki daşın arasında Sultan üçün almaq istədiyim ipək köynəklərin ərsəyə gəlməsi prosesi haradan başlayır. Əsl ipəyin nə demək olduğunu, onun iplərinin toxuculuq dəzgahına qədər hansı mərhələdən keçdiyi yolun başlanğıcı gözlərimin qarşısında gəlir və etiraf edim ki, o, unuda bilməyəcəyim mənzərələrdən biridir. Tut yarpaqlarını yeyən ipəkqurdlarının sürfələrindən barama toxumaq üçün sap buraxması barədə oxduqlarım və eşitdiklərim isə o səhnənin görünməyən tərəflərinə işıq salır. Həmin işıqda apaydın görünən odur ki, ipəkqurdlarının bu nəsli insanlar tərəfindən xüsusi olaraq yetişdirilən növdür. Ona görədir ki, məhsuldarlığın və digər parametrlərinə görə onlar vəhşi həmcinslərindən çox fərqlidir. Bu fərq isə onunla izah olunur ki, onlar “azadlıqda yaşayan” həmcinslərindən təxminən on dəfə çox sap verir, daha çox yumurta qoyur və sağlamlıqları isə müqayisədə daha yaxşıdır. Üstəlik, onlar yırtıcılardan nəinki qorxmur, bunu heç ağıllarına gətirmir, üstəlik, qarşı tərəfin üstünə gedəcək qədər cəsarətlidirlər. Hətta bu qorxmazlıq fiziki mənada onları dəyşikliyə aparıb, nəticədə isə, ipəkqurdları kamuflyaj rənglərini itirib. Rəng itkisi isə qətiyyən onları narahat etməyib, əksinə, bunun əvəzində qazandıqları rahatlıq ipəkqurdlarını uzaqlaşdıqları qohum-əqrabalarından daha böyük olmaq və daha sürətli böyümək, sıxlığa daha yaxşı dözmək kimi üstünlüklər qazandırıb.
Əlbəttə, ipək ancaq ipəkqurdları tərəfindən hazırlanmır, lakin onlar bunu ən yaxşı bacaranlar siyahısında birincidir. Üstəlik, onların hazırladıqları saplardan toxuna parça nəinki vaxt keçdikcə və yuyulduqdan sonra köhnəlmir, əksinə, hətta o parçanın üstünə nəsə tökülsə belə, orada hansısa ləkələrin qalacağı, sadəcə, mümkün olan hal deyil.
İpəyin araya-ərsəyə gəlməsi haqqında bildiklərimi bir-bir xatırlayıram. Sanki xatırlananların gətirdiyi emosiyanı bölüşmək üçün qarşıdakı Egeyə baxıram. Az qala ləpələrinin səsini eşidəcəyim qədər yaxınlıqda olan dənizdən uzaq Naxçıvana qyıdır, evimizi, həyətimizi, ata-anamı, qardaş-bacılarımı və bütün doğmalarımızı gözlərimin önünə gətirirəm. Yenə iki daşın arasında, haradansa hər il may ayının ortalarında ocağımızda ipəkqurdları gələndən sonra yaranan canlanmanı xatırlayıram.
Bizim ailədə, söhbət məndən yaşda böyüklərdən gedir, uşaqların hamısı Sust kəndində anadan olsalar da, mən Xalxal kəndindəki yeni evimizdə doğulmuşam, baxmayaraq ki, doğum kağızında sustlu olaraq göstərilirəm. Əvvəl-əvvəl xalxallı ola-ola niyə sustlu yazılmağıma qarşı mübarizəmdə barışmaz görünürdüm, ancaq evdəkilərin mənim etirazlarıma yanaşması tədricən avtobioqrafiyamdakı bu faktla razılaşmağıma gətirib çıxartdı. Gözümü açandan və özümü biləndən bomboz dağların ətəyində yaşıllığa bürünmüş, göz gördükcə uzanan tutağacları və çinarların arasındakı Xalxalı gördüm. Kəndimizdəki evimizdə, yadımda deyil neçə yaşım olandan, amma mənə elə gəlir ki, ayağım yer tutandan yediyim əriklərin tumlarını xüsusi ciddi-cəhdlə yerə basdırar, o tumlar növbəti ilin yazında özünü göstərənə, ilk cücərtisi görünənə qədər hər sabahı manşırladığım həmin yerlərə baş çəkməklə qarşılayırdım. Bu, günümün dəyişməz ritualı idi, ancaq yerdə qalacağına şübhə olmayan qar yerə düşəndə və onun azından 4 ay düşdüyü yerdə duracağına əmin olandan sonrasa oraya pəncərədən baxmaqla kifayətlənirdim. Bir də yazın gəlişi ilə yenə həminki qaydada davam edər və həmin cücərti fidana çevrilənə, böyüyüb mən boyda olana qədər onu nəzarətsiz buraxmaz, hər gün onların nazı ilə oynamağı birinci işim hesab edərdim. Birinci dəfə isə 7-8 yaşım olanda anamın ipəkqurdu və yaxud, sadəcə olaraq, “barama” dediyi balaca qurdların yazda, ağaclar yarpaqlayanda evimizdə peyda olana qədər işimin istiqaməti dəyişməyə başlardı. Baramaqurdları ovuc boyda qutuların içində evimizə “ayaq açdı”. Düyüdən azca balaca, qarışqa boyda olan bu qara rəngdə qurdlar ilk baxışda hərəkətsiz görünürdü və bir az səbrini basıb da onları diqqətlə izləyəndə gözünün qarşısındakıların canlı olduğuna əmin olmaq mümkün idi. Təbii ki, qurdlar evimizə gəlib çatmamış uşaqlar onlarla bağlı ilkin xəbərdarlıq aldılar və həmin xəbərdarlıq o qədər ciddi səslənirdi ki, hər kəs necə davranacığını əvvəlcədən müəyyənləşdirməyə borclu oldu. Onlar ovuc içi boyda qutularda kandardan içəri keçdiyi andan anamın həmin qurdlara münasibətindən də hiss etmək olurdu ki, bu düyü boyda balaca, qara varlıqlar hər nədirlərsə evimiz üçün xüsusi əhəmiyyət daşıyır. Əvvəl-əvvəl onları görmək üçün kimdəsə xüsusi maraq hiss etmirdik və bu onunla izah oluna bilər ki, yazın ortalarında, mal-qaranın, çöl-bostanın, bunlardan əlavə, ev-eşiyin bitib-tükənməz kimi göründüyü məqamlarda, Xalidə demiş, bu “adamaoxşamazlar” bizim üçün mataha çevrilmirdi. Üstəlik, özləri gəlməmişdən öncə evimizdə yaranan atmosfer demək olar ki, bir nəfər kimi hamımızın ürəyincə deyildi və buna görə idi ki, baramaqurdlarının evimizdə peyda olması onlara qarşı uşaqlardan çoxunda bu zavallı qurdlara münasibəti formalaşdıra bilmişdi. Bunlardan əlavə, şəxsən məni qıcıqlandıran başlıca səbəb anamın həmin düyüdən azca balaca qurdlara daha çox diqqət ayırması olurdu və mən anamın diqqətinin açıqdan-açığa onlara tərəf yönəlməsini sinirə bilmir, üstəlik münasibətimi ifadə etmək üçün hansısa məqamı gözləyirdim. Deyim ki, “qısqanclığım” uzun sürmədi və bir az keçəndən sonra anamın özünəməxsus mərhəmət hissinin köməksiz vəziyyətdə olan “Allahın məxluqlarını” vəziyyətdən çıxarmaq olduğunu başa düşdüm. Di gəl, məni və ancaq məni deyil, evimizdə bu balaca qurdları əvvəldən görən uşaqları bir məsələ üzərində baş sındırırdılar. O da “Allahın məxluqları” olan bu qara, balaca canlıların evimizə qədəm basdıqları ilk vaxtlardan gündən-günə inkişafda olmaları idi və həmin prosesi biz də aradabir müşahidə edir, heyrətimizi isə öz aramızda bölüşürdük. Məsələn, iki saatdanbir anamın atdığı tur yarpaqlarının taleyi ilə maraqlanarkən uşaqlardan birinin, o cümlədən mənim qutunun qapağını azca açıb onun içinə boylananda nəinki onların iriləşdiyini görmək, üstəlik, rənglərinin açıldığını müşahidə etmək mümkün olurdu. Onların min dəfələrlə böyümək potensialında olduğunu sonralar billəcəyəm. İndi içində qurdların olduğu qutuya tək-tək atılan yarpaqların sayının gün ərzində saatbassat artırıldığı isə gözümüzün qabağında baş verirdi. Məxsusi bunun hansı sürətlə getməsinin şahidi olmaq istəyən uşaqlar, o cümlədən mən qutunun saxlanıldığı yarımqaranlıq otağa keçən nənənin yanında dayanmaq üçün müxtəlif bəhanələr axtarır və belə bir imkan tapan kimi ipəkqurdlarının yemlənməsinə baxmaq fürsətini qaçırmırdıq. Cəmi 2-3 günün içində həmin balaca qurdların hansı sürətlə böyüdüyünü onların içində olduqları qutudan 5-6 dəfə böyük qutulara köçürülməsi ilə əmin olurduq. Əlavə olaraq, qurdların yarpaq payının da dəfələrlə artırıldığı göz qabağında idi və bir neçə gün əvvəl düyüdən azca balaca olan həmin qurdların tut yarpağını hansı acgözlüklə yediyini isə onların içində olduğu qutunun qapağını açıb baxmağa ehtiyac yox idi, qutunun yanında bir neçə saniyə dayanmaq bəs edirdi ki, xırçıltısınə görə içəridə hansı prosesin getdiyini təsəvvür edəsən. Bu, hər kəs kimi məni də heyrətləndiridi. Onlar tut yarpaqlarını sözün birbaşa mənasında qurd kimi yeyirdi. İş davam edirdi və artıq onlar üçün həyətdəki otaqların biri məxsusi hazırlanırdı. Bu isə o demək idi ki, həmin böyük otaqda içində artıq iriləşmiş qurdlar onlar üçün düzəldilən enli və rahat taxta rəflərə köçürülürdü. Otaqda quraşdırılan rəflərdə say etibailə yerləşdirilən qurdlar 10-15 gün ərzində əməlli-başlı gəlişər və ən maraqlısı o olurdu ki, nə vaxtsa düyüdən azca balaca qurdlar böyüdükcə onların rəngləri də dəyişər, buludlu havadakı səmanın rəngini alardı. İçinizdə hansı biriniz həmin mənzərəni görməmisinizsə, bunun necə olduğunu təsəvvür edə bilməzsiniz. Bu rənglərin gözlərimin qarşısında yaratdığı qəribə harmoniya o qədər füsunkar olurdu ki, sadəcə olaraq ona baxmaqdan doymaq olmurdu.
İpəkqurdlarının böyüməsilə onların tut yarpaqlarına olan tələbatının artdığını evə gələn yarpaqların artıq şələlərlə gətirilməsində də görmək olurdu. Anamın bu tələbata həssas müansibətini isə şələlərlə gələn yarpaqların gündəlik normalar nəzərə alınaraq bölünməsi və səliqə ilə otağın qarşısında bunun üçün quraşdırılmış, hətta onun üçün atamın məxsusi düzəltdirdiyi səliqəli çardağın altındakı rəflərə yığılması göstərirdi. Həyətimizdə gedən və film kimi bizi özünə çəkən bu mənzərənin özü o qədər kaloritli idi ki, üstündən neçə onilliklər keçməsinə baxmayaraq hələ də gözlərimin qarşısında durur. Anam çardağın altındakı stolun arxasında oturar, həmin yarpaqlardan qarşısına yığar və əlindəki bıçaqla yarpaqları özünün düzgün hesab etdiyi formada doğrayaraq məcməyi dolanacan kəsər, heç kimə etibar etmədiyi açıq-aşkar hiss olunacaq tərzdə içəri keçər, yarıqaranlıq otaqda rəflərin qarşısına yığardı. Bizlərdən hansımızsa köməyimizi təklif edəndə isə yorğun gözlərindəki şəfqətlə bizə baxır və “Yox, bala, Allah şeytana lənət eləsin, bilirəm, sizi şeytan danışdırır, amma bilməzsiniz, qurdu əzərsiniz”- deyərdi. Onu deyim ki, anam sonuncu rəfin üzrinə lazım bildiyi qədər yarpaq yığandan sonra əvvəlki rəflərə baxmağı da unutmazdı və dəfə yanımıza gələndə “Birinci sıradakılar yarpaqları demək olar ki, yeyib qurtarıblar”- deyirdi. O ifadəni işlədərkən anamın sifətinə qonmuş məmnuniyyət hissini isə sözlərlə təsvir etməyi, sadəcə, mümkün saya bilmirəm. Bunu deyərkən onun özünü çox xoşbəxt hiss etdiyi gözlərindən oxunurdu və o sözləri elə tərzdə ifadə edərdi ki, guya hansısa muştuluq xəbərini çatdırır.
Tut yarpaqlarından iştahla yeyən ipəkqurdları artan çəkiləri, böyüyən bədənləri ilə iştahanın elə-belə gəlmədiyini varlıqlarındakı müsbət hesab olunan nəticələrlə sübut etdirirdilər və onların getdikcə artan iştahası qida rasionunda korrektələrə ehtiyacı anama pıçıldayırdı. Təbii ki, bu, növbəti gün həyətimizə gələn şələlələrin sayına təsir edirdi. Beləliklə, bir aydan azca keçən müddət ipəkqurdlarının bəslənməsi üçün bəs edirdi. Bir dəfə qurdların tut yarpağını necə yediyini görmüşəm və şübhəsiz ki, bu səhnə də heç vaxt unudulmayacaq məqamlardandır. Mən o səhnəni görəndə bir az bozumtul rəngdəki qurdların rənglərindəki dəyişənlik diqqətimi cəlb etdi. Maraqlı o idi ki, bozdan nisbətə ağ çalarlara keçən qurdun parıltısı indi daha qabarıq görünürdü, o, hətta başını tərpədəndə, ehtimal ki, qulaqlarının olduğu hər iki tərəflərində qara xala bənzətdiyim nəsə varıydı. Onlar bütün varlıqları ilə tut yarpaqlarına girişmişdilər ki, bunu müşahidə edən hər kəsdə maraq qarışıq heyrət yaşana bilərdi. Anamın həmən il üç qardaşımın fasiləsiz olaraq daşıyb gətirdikləri tut yarpaqlarını bunlara necə çatdıra bildiyi sonralar fikirləşəndə təəccüb hissimin miqyası çoxalırdı ki, azalmırdı. Tut yarpaqlarının zoğ və damarlarına toxunmayan ipəkqurdları onların üst dəriciyinin altındakı toxumalarını o qədər səliqəli və acgözlüklə yeyirdi ki, yarpaqdan salamat qalanlar ancaq onun zoğ və damarları olardı. Mənsə anamın gəlməsindən ehtiyat edib otaqdan çıxmağım olmasaydı xəlvəti keçdiyim yarıqaranlıq otaqda saatlarla bu prosesi izləməkdən yorulmaq bilməzdim. Məsələ bundadır ki, anam nəinki üstündə artıq iriləşmiş qurdlar olan rəflərə yaxınlaşmağa, ümumiyyətlə, rütubət qoxulu həmin otağa uşaqlardan heç kimin keçməsinə icazə verməməkdə israrlı idi. Onun bu qadağalarını mən və sanksiya altına düşən digər uşaqlar belə qiymətləndirirdik ki, anam qurdlara xələl gətirə biləcəyimizdən ehtiyat edərək belə edir, lakin illər keçəndən, ipəkqurdları ilə bağlı müxtəlif ədəbiyyatlar oxuyandan sonra bunun əsl səbəbini öyrənə bildim. Öyrəndiklərimdən biri də ipəkqurdu tırtıllarının daşıyıcısı olan təhlükələrlə bağlı idi. Sən demə, onlar təkcə təbii ipək istehsalatında ən mühüm istehsalçılardan biri deyil, həm də zəhərli tükləri ilə insanlar arasında ən təhlükəli xəstəliklərin, məsələn, nəfəs darlığını və ya şoku inkişaf etdirə bilməsindədir. Onların ətraf üçün yaratdığı risk əsasən may ayının ortaları və iyun ayları arasında, sürfələrin ikinci tükənməsindən sonra zəhərli tüklər meydana gətirdiyi zaman meydana çıxırmış. Bu təhlükə xüsusilə iyul ayından başlayaraq sentyabr ayına qədər artıq boşalmış yuvalarından zəhərli tüklərin yayıla bilməsi ehtimalı ilə mövcudluğunu saxlayacaq qədər əlçatan olurmuş. Anam isə sözssüz ki, dünyanın ən gözəl “peşəkarlarının” gəzdirdiyi təhlükə barədə bilib və bizi bütün vasitələrlə ikicə addımlığımızda “gəzişən” bəladan qorumağa çalışıb.
Biz ipəkqurdlarının evimizdə olduğu son on günü ya pəncərədən, ya da birtəhər hansısa bəhanənin yartadığı birinci imkandan istifadə edərək onların qərarlaşdığı otağa keçməkdə davam edərdik. Yarıqaranlıq otaqda gördüklərimiz qardaşlarımın və anamın ağlagəlməyəcək qədər zəhmətinin əsil mənzərəsini yaradırdı. İpəkqurdları isə öz işlərində idi. Onlar üçün artıq məxsusi kəsilib hazırlanmış yarpaqlar deyil, üstündəki yarpaqarla birlikdə tut ağacı şaxlarının atılırdı və baş verənlər prosesin yekunlaşmaq üzrə olduğundan xəbər verirdi. Bir dəfə yenə anamın gözündən yayınıb yarıqaranlıq otağa keçərkən ilk gözümə sataşan hadisə ipəkqurdlarının ağızlarını açıb yumması oldu. Onlar bunu o qədər rəvan edirdilər ki, ilk əvvəl qarşıdakı rəfdə nəyin baş verdiyini anlamadım, başımı çevirib getmək istədim və bu anda başını həmin qaydada irəli verən ipəqurdunun ağzından çıxan parıltı diqqətimi cəlb etdi. Sonralar biləcəyəm ki, parıltısı diqqətimi çəkən şey ipək saplar olub, mənə öyrənmək müyəssər olacaq ki, məhz ipəkqurdlarının süfrəsindən ifraz olunan həmin saplarla dünyanın möcüzələrindən biri olan ipək toxunur. Beləcə, özüm də bilmədən neçə günlərdir görmək istədiyim hadisənin, ipəkqurdlarının toxumanı necə apardığının şahidi oldum.
Sonralar həyətimizdə onlar üçün səliqəyə salınmış ayrıca otaqda onların son günlərini yaşadıqlarını öyrənəcəyəm. İpəkqurdları başa düşür ki, daha çox böyümək üçün buradan başqa heç bir yerləri yoxdur və onu anlayan vaxta qədər böyüməyində olan tırtıllar həmin məqamdan faydalanaraq intensiv şəkildə toxumağında olurlar. Bu, əlbəttə, ipəkqurdlarında hansısa şüurlu məqamına ayaq basdığı an deyil, o, hərəkətsiz qaldığı və köklü fiziki dəyişikliklərə məruz uğradğı, xüsusən də qanadlarının yetişdirdiyi pupa mərhələsindən sağ şıxmaq üçün həyatının təhlükəsiz görünən yeni mərhələsini başlayır. Bu, kiçik, hərəkətsiz və çarəsiz canlının mövcud şəraitdə özünüsaxlama instikti kimi də qəbul edilə bilər. Həmin instiktik ona baramanın ən azı bir qədər qorunma təmin etdiyini diqtə edir və ipəkqurdu o yolu gedir. O, hələlik bir barama düzəltmək üçün ona çoxlu, 3000 metrə qədər ip lazım olduğunu bilmir. Etiraf edək ki, uzunluğu təxminən 6-7 santimetrlik ipəkqurdu üçün bu, həllolumaz problemdir, lakin o, bunun öhdəsindən gələ bilir. Bir baramanın kilometryarim ipək sap demək olduğunu da bu zəhmətkeş tırtıl haradan təxmin etsin? İpəkqurdu bunu bilmədiyindən öz yuvasını, baramanı yaratmaqla məşğuldur və bu məşğuliyyət onun ömrünün 46 gününə başa gəlir. Bu, tırtıllar üçün həyat uğrunda mübarizədir. Həmin müddətdə onlar ölümə yox, azadlığa qənşər getdiklərini zənn edir və bütün enerjisini bu yolda qoyur. Barama ipəkqurdları üçün son mənzildir. Orada onları qibtəolunmaz aqibət gözlədiyindən xəbərsiz həmin son mənzildə tamamlama işlərini başa çatdırmaq uğrunda gərgin iş gedir. Buna görə o, baramanı toxuyur ki, 2-3 həftədən sonra sapı məhv edən xüsusi fermentlər ifraz edərək yetkin qanadlı tüklü kəpənəyə çevrilsin. Yumurta boyda və rəngdə topaların içində son məqama qədər üzərinə götürdüyü işi başa vuran ipəkqurdu nəhayət, evinin hazır olduğunu görür, qaçılmaz gerçəkliklə üzbəüz qalanda ipək saplardan hörülmüş sədəf rəngli baramanın içindən çıxa bilməyin mümkünsüzlüyünə isə son məqama qədər inanmır.
Bu barədə də ilk dəfə anamdan eşitmişəm. Bu qəmli barama ömrü barədə hekayətin təsirindən uzun müddət, illərcə çıxa bilmədiyim yadıma düşür. Bunlar sonralar baş verəcək. Bəlkə buna görədir ki, ipəkqurdları haqqında fikirləşəndə qəlbimə qüssə dolu hisslər qonduğunu indi də yaşadığım anlar olur. Həmin vaxtlar isə ipəkqurdlarının öz işlərini başa çatdırması haqqında xəbəri elan edən ilk adam anam oldu. O, həyəcanlı və işini başa vurmuş insanlar kimi evə girərək müjdə verən adamlar kimi bəyan etdi:

-Allah bərəkət versin, Allah xeyir versin, baramalar hazırdır.
Sözünü dedi və çıxdı, bizsə onun arxasınca getsək də, anam bizə evə qayıtmağı tapşırdı, “Bir balaca burada görməli işlər qalıb, onları bitirib gəlirəm”- dedi. Bundan sonra da ipəkqurdları üçün hazırlanmış otağa yenə özü tək girər və rəflərdəki qutulardan hazır ipək topalarını iri-iri ləyənlərə yığar, başqa otaqda boşaldırdı. Bu, uzağı iki gün çəkdi. Baramalar rütubətli yerdə çox qala bilməzdi deyə, anam bu asan olmayan işi təkbaşına başa çatdırdı. Bundan sonra başqa bir otaqda, əvvəlcədən döşəməsinə cecim salınmış yerə gətirilən baramalar sərilmiş cecimin üstünə yığılb qurtarandan sonra o, bizim yerdə qalan işlərə qoşulmağımız üçün öz tapşırıqlarını verdi:

-İriləri, ortaboyluları və xırdaları ayrıca seçin. Baramalar bu cür çeşidlənirdi. O il baramalar həm çox, həm də iri idi. Təsəvvür edin ki, iri toyuq yumurtası boyda olan həmin baramalar əlimizdə par-par yanırdı. Atam hamımızın xüsusi iştirakı ilə qablaşdırdığımız barama topalarını qəbul məntəqəsinə təhvil verdi. O, məntəqədən gələndə 780 kiloqram barama təhvil verdiyimizi bildirdi, hamımız bunu böyük hadisə kimi qarşılayıb bir-birimizi təbrik edəndə, gözüm qapının ağzındakı qaz sobasının üstündə poqquldayan qazanın qapağını qaldıran anama sataşdı. O, baş verənlərin ona aid olmadığı adamlar kimi, biş-düş işləri ilə məşğul idi. Mənə elə gəlirdi, yoxsa doğrudan elə idi, bilmirəm, amma əmin olduğum həqiqət anamın baramaya müqəddəs bir şey kimi baxdığını deyirdi.

28.07.2024. İlisu.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Nazlı, sən!

Nazlı, sən!

Nazlı-nazlı baxışına heyranam
Heyranam ki, doğulandan nazlısan.
Hər sözünə, dürr sözünə vurğunam,
Bəxtəvərəm, anam oldun, Nazlı, sən!

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən.

Hara getsək, hardan gəlsək yuva – sən,
Nəsil-nəsil gələnlərə yuvasan.
Güclülərin güc aldığı havasan,
Gücsüzlərə güman oldun, Nazlı, sən!

Ağam olub evimizin yarağı,
Əllərinlə yandı onun çırağı.
Oğlu, qızı, on bir oğul-uşağı,
İsitməkçün yanan oldun, Nazlı, sən.

Hamımızın anasısan duymadım,
Özüm sevdim, başqalara qıymadım.
Mahirəyəm, baxmağınan doymadım,
Nazla baxan sonam oldun, Nazlı, sən!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

22 may Məhəmməd Hadinin xatirə günüdür

22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür

Hadi (1879-1920) romantizm üslubunda gözəl şeirlərilə ümumtürk ədəbiyyatında özünəməxsus yer tutur.
Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.

Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.

1908-ci ildə çıxmış “Firdovsi-ilhamat” kitabına “Varmı bundan yuxarı uçmağa istedadım” misrası ilə başlanan “Cəhalətimdən şikayət”, “Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız” misrası ilə başlanan “Bu da bir həqiqət”, “Afərin olsun sənə, filusufi-zifunun” misrası ilə başlanan “Şeyxlərə-işanlara”, “Sofi, gəl öyrən həyatın tərzini heyvandan” misrası ilə başlayan “Söfiyə-zahidə” və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir

Ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev Məhəmməd Hadi haqqında yazıb:
“XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.”

Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub.
Şair 1920-ci ilin 22 mayında Gəncədə 41 yaşında dünyasını dəyişib.

Məlumatı hazırladı: Aynurə Əliyeva

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Borcumu

  BORCUMU

Keçən ömrün hər anını sanıram,
Çətin verəm, ana, sənə borcumu.
Borclu qalmaq kösöyündə yanıram,
Anlayıb da gündən-günə borcumu.

Dil açanda ilkin sözüm sən oldun,
Ayaq açdım, üz tutduğum yön oldun.
Sevincimdə, kədərimdə tən oldun,
Bunlar vurdu biri minə borcumu.

Bircə dəfə baş qoymağım dizinə,
Dəyərmiş bu Yer üzünün özünə.
Qulaq verib söhbətinə-sözünə,
Xatırladım dönə-dönə borcumu.

Bu dünyanın nə dövləti, nə malı,
Kömək etməz dəyişməyə əhvalı.
Bir söz deyim dədə-baba misalı,
Qoruyacam, bil, dəfinə borcumu.

Bu nə düzən, zamanada nə qayda,
Ömür gəlir keçir hayda-harayda.
Şair oldum, alim oldum, nə fayda,
Verəmmədim sənə yenə borcumu.

Anlayaqmı, ya dünyada çaş qalaq,
Keçib gəldin yollarında daş-qalaq.
Bilirəm ki, eyləyəcək daşqalaq,
Dönsün görüm ləlöyünə borcumu.

Sevib məni oxşamaqdan doymadın,
Göydə oldu, əlin yerə qoymadın.
Bircə dəfə Mahirəyə qıymadın,
Götür apar, bas sinənə borcumu.

03.03. 2024-cü il.

Novxanı.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı: Anam sinəsində ocaq daşıdı.

Onun daş nağılı

Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.

Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.

Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.

O, daş əllərinnən durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa dərdi.
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi.

Çörək bişirərdi, paltar yuyardı,
Corab toxuyardı o daş əlinnən.
Elə bil nə yatar, nə uyuyardı,
Beləcə yol gəldi gəlinniyinnən.

Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər- dedi.
Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər- dedi.

Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş asılmadı.

Atamnan yanaşı daş qaldırardı,
Bilirdi o daşlar ocaq daşıdı.
Bir dəfə yoruldum, bezdim- demədi,
Anam sinəsində ocaq daşıdı.

22.10.17. İlisu

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Anam…

Anam üçün Gün

Qadınlar Günüdür, çaşıb qalmışam,
Neyniyim bilmirəm, danış, söylə, din.
Tək qərar verməyə alışmamışam,
Mənə nə etməyi sən öyrədərdin.

Bir də xatırladım ötən illəri,
Yığılardıq hamı sənin başına.
İndi necə gəlim, qızılgülləri
Səpimmi, düzümmü sinədaşına.

Birinci dəfə mən çıxmaz yadımdan
O bayram günündə verdiyim çiçək.
Dəstə bağlamışdım qızlar adından,
Sanırdım sözü də onlar deyəcək.

Ucadan dedim ki, Günün mübarək!
Çöhrən bir andaca allandı, yandı.
Özünə sıxanda köksümü bərk-bərk.
Duydum doğmalığı, ruhum oyandı.

Analar içində başdın, xasıydın,
Sözün də, işin də yerli-yerində
Təkcə bizim deyil, el anasıydın,
O adı yaşatdın əməllərində,

İlləri illərə beləcə qatdıq,
Nə cür qayğısızdıq, necə şad idik.
İndi də bilmirəm nə cürə çatdıq.
Bu yerə belə tez çatan deyildik…

Daşlaşdın gözümün önündə hər gün,
Sinirə-sinirə övlad dağını.
Nə yaxşı görmədin qızları küskün,
Oğlunun uşaqtək ağlamağını.

Bilirsən, belədə söz tapammıram,
Cavabım da yoxdur çoxuna mənim.
Gəl yenə təmkinlə sən aram-aram,
Başa sal girib də yuxuma mənim.
05.03.2024

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Saz havası

SAZ HAVASI

(hekayə)

İnsan təbiətən zəngin doğulur, sadəcə olaraq, həmin zənginliklər tədricən üzə çıxır, hiss edilir. Buna görə də o özünü yaşamalı, həmin yaşantıarla özündən və ətrafındakılardan xəbərdar olmalıdır. Onun şəxsiyyətə olan ehtiyacı o qədər həyati və güclüdür ki, insan bunu təmin etmək üçün fürsət tapmayınca özünü sağlam hiss edə bilməz. Bu fürsətin biri və bəlkə də birincisi sevgidir. Sevgi hisslərin daha çox üstünlük təşkil etdiyi ani və yaxud şüuraltı gedən uzunsürən prosesdir.
Bəzən yaşadığı sevgi insanın üzündə yazılır, işıq saçır, ətrafı nurlandırır. Bu, həm də daxili zənginlikdən irəli gəlir. Qəlb zənginliyi mütləq simada əks olunur və çox zaman ətrafındakıları açıq-aydın görünən zənginlikləri ilə cəlb edir.
Mən öz anamdan- Nazlı nənədən danışıram. O ana ki, üzünün nurundan, şirin söhbətindən, ağıllı, nəsihətamiz kəlmələrindən doymaq olmurdu. O, sonadək, lap ömrünün axırına kimi eləcə də qaldı. Bunlarla birgə, dərin müşahidə və təhliletmə qabiliyyyəti olan Nazlı xanım el şairlərinin şeirlərini, şifahi xalq ədəbiyyatı nümunələrini sanki sətir-sətir sinəsinə yazmışdı və yazılanları da, o, ömrünün son günlərinə qədər, yeri düşəndə, səsləndirirdi. Anam ali təhsilli deyildi, heç orta təhsilini də doğru-düzgün ala bilməmişdi, daha dəqiqi, almağına imkan verilməmişdi. Ana babaları bəy, ata babaları regionun ən nüfuzlu din xadimləri olduğundan dinə qarşı mübarizəni gündəlik norma kimi elan edən sovet hökuməti onları ”xalq düşməni” elan edib vətəndən didərgin salmışdılar. Bu üzdən anam qürbət həyatı yaşayır, elə hey yanıqlı ah çəkər, doğulduğu yerlər üçün göz yaşı tökərdi.
Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi:
Tökmə, surahı tutmaz,
Daşar, günahı tutmaz.
Haqqı olan kəsləri,
Haqsızın ahı tutmaz.
Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır…
1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da. Payızın sərt sazaqları artdıqca qışa bir addım da yaxınlaşır, ağacların sonuncu yarpaqlar da məğlubedilmişlər kimi bir-bir yerə düşür, irigövdəli, qollu-budaqlı ağaclar da sanki soyuqda üşüyür, gözümün qarşısında kiçilir, yığılırdı.
Bunları mən, anamın dili ilə desək, “bekar adamlar” müşahidə edirdi. Anam isə bu vaxtlarda gördüyümüz kimi, yenə öz hazırlığında-qış hazırlığında idi. İpə sərilmiş əriştəni ağappaq süfrənin üstünə irisini ayri, bir az xırdalanmışları da bir ayrı yığırdı. Təndirin üstündəki sac qıpqırmızı idi. Yaş dəsmalla sacın alouşunu alan anam əriştədən aşsüzənlərə doldurur və sacın içinə tökürdü. Yanındakı ərsini yerə qoymur, əriştəni sacda qovururdu. Onun zərif, ağ bənizi pörtüb qıpqırmızı olmuş, gözləri yaşarmışdı.
Bu mərasim günortadan bir az ötmüş bitdi.
İndi anam bağçada sərdiyi süfrələrdə əriştənin soyumasını gözləyirdi və deyim ki, qonum-qonşuda bu işi xalalar, bibilər bacılar yığışıb birlikdə edərdi. Bizimsə xalamız uzaqda- Dərələyəzdə yaşayırdı, Mələk bibim işlədiyindən yalnız bazar günləri bizə gələrdi. İkinci bibim isə uzaq bir dağ kəndində, Gərməçataqda yaşadığı səbəbindən və minik vasitəsi olmadığından tez-tez gələ bilmirdi.
Deməli, anam belə işləri tək görməli olurdu. Biz hamımız anamın qulluğunda idik. Bu illər ərzində artıq daşlaşmış o qayda- heç birimizin anamızın bir sözünü iki eləməsini xatırlamıram. Nə dedisə, müzakirəsiz-filansız, elə o anda da yerinə yetirdik. Yarma, əriştə, qovurma, pendir, ehtiyat un hazır olanda anam da özünü qışa hazır hesab edir, o da qışın gəlməyinə bizim kimi sevinirdi. Qış hazırlığının vacib elementlərindən biri də kömür sobasının qurulması idi və onu da atamla birgə qurmuşdular.
Soyuq dekabr günləri idi. Anamın üzü gülürdü. Çox qayğılı görünən üzü bu gün təbəssümlə dolu idi. Kimsə xəbər gətirmişdi ki, qovuşuqlu aşıq Nəsib Naxçıvandadır, sizə də gələcək. Anamın qanadı olsa uçardı. Hörmətli qonağımızı qarşılamaqla əlaqədar evdə hazırlıqlara başlanılmışdı.
Aşıq Nəsibin anamgilə qohumluğu çatırdı. Bir də, aşıq Nəsib vətəndən- Dərələyəzdən gəlirdi axı!
Qar yağıb yolu-izi basmışdı. Anam bir az bikef kimi görünürdü. Görünür aşıq Nəsibin gəlməyəcəyini düşünürdü. Axşamüstü Salatın nənənin nəvəsi Qərib üstü-başı qar içində özünü içəri saldı: “Nağı dayı, bayırda bir kişi var tanımıram o sizi soruşur”.
Atam tez paltosunu geyinib çölə çıxdı. Getməyi ilə qayıtmağı bir oldu. Yanında tanımadığımız bir kişi vardı. Hə, deməli, aşıq Nəsib bu imiş.
Anam əl-ayaqda idi. Onun da, atamın da paltosunun qarını çöldə çırpdı, hal-əhval tutdu. Babamgillər, xalamgillər, qohum-əqraba haqqında məlumat aldı. Sobanın üstündə pıqqapıq qaynayan çaydandan çay süzdü və yemək hazırlığına başladı. Biz yəni qızları da onunla bərabər idik. Anam süfrə açdı. Biz əyləşmədik. Atamla aşıq Nəsib yeməyə başladı. O biri otaqda isə Xalidə ilə Validə uşaqlar üçün süfrə açdı. Naxçıvanda aşıq yox idi. Olanlar isə (Şahbuz tərəfdə) Qərbi Azərbaycandan gəlmə insanlar idi.
Yemək ritualı başa çatdı, süfrə yığışdırıldı, yenidən ortalığa çay gəldi.
Adətən kəndin ziyalıları, ayrıca ağsaqqaları belə vaxtlarda bizə- atamla uzun qış gecələrində söhbətə gələrdilər. 1941-45-ci il Böyük Vətən müharibəsin iştirakçısı Əlpaşa dayı isə hər gecə söhbətə gələrdi. O, hər gəlişində içəri keçən kimi, birinci işi balaca bacım Alidəyə cibində gətirdiyi, öz həyətlərindən yığılıb qurudulmuş məviz gətirərdi. Alidə də məvizi heç kəsə verməz, ona baxan o biri uşaqlara göz süzdürərdi ki, Əlpaşa dayı məvizi mənə gətirib.
Bu gün kənd camaatı sanki sözləşmişdilər və birucdan gəlirdilər. Otaqda yer daralırdı. Aşıq Nəsib sazı asta-asta çalır, nəsihətamiz şeirlər deyirdi. Gecə xeyli uzandı. Aşıqlar bir az dildən zirək olurlar axı, həm də ev yiyəsi deyə bilməz deyə özü gələnlərə səsləndi: Bu gün bir az gec oldu, sabah axşam yığılın, mən də sazı sizin üçün dilləndirim.
Camaat yavaş-yavaş dağıldı. Anam hamını yerbəyer etdi. Aşıq Nəsib atamla qonaq otağına keçdi.
Səhər yuxudan oyananda çay süfrəsi hazır idi. Elə bil anam gecə yatmamışdı. Südü maşına verib (süd maşınından keçirib) xamanı da süfrəyə qoymuşdu. Süfrə elə bil işıq saçırdı. Yemək başa çatdı. Nəsib dayı atamla bərabər evdən çıxdı.
Sonra eşidəcəyik ki, meşəbəyi Səməd dayı o taydakı meşədən bir canavar, bir dənə də tülkü vurubmuş. Dükanın qabağında meydanda kişilər dövrə vurub vurulmuş heyvanlara baxır, Səməd dayıya suallar verirdilər. Nəsib dayı da atamla birgə orada olublar, söhbət onlara çox maraqlı gəlmişdi.
Hə, anam bir-birinin içində olan otaqların hər ikisini xalça ilə döşəyir, divarın dibincə döşəkçələr qoyur, çatmayan yerlərə yorğanları qatlayıb oturmağa yer düzəldirdi. Axşamın düşməsini mən hamıdan çox gözləyirdim. Nəsib dayı hündür, kök, yaraşıqlı bi kişi idi. Ağzından dürr tökülürdü. Axşama qədər saatları saydım, nəhayət, axşam düşdü. Kənd camaatı yavaş- yavaş yığışır, hamı qeyri-adi nəyisə gözləyirdi. Gələnlər ədəblə keçib bardaş qurub əyləşir, bir – birinin qarşısından yeni bir sıra yaradırdılar. Arada aşığın dolanmasına yer də saxlayırdılar.
Meydan qurulandan sonra Nəsib dayı ayağa qalxaraq sazı sinəsinə basdı. Aşıq “İrəvan çuxuru” oxuyurdu, mənimsə gözlərim anamı axtarırdı və tapdı. O, qapının ağzında oturmuş, gözlərini uzaq, çox uzaq qeyri- müəyyən bir nöqtəyə dikmişdi. Nə düşünürdü, görəsən?! Anası Nahidə (Nahad nənə) saçlarınımı darayırdı, yoxsa atası Mirzəlioğlu İbrahim nəsihət verirdi, bəlkə də, Dərələyəzdə çiçəklərin arasında gəzirdi. Mənə elə gəldi ki, o, həmin məqamlarda atalı -analı günlərini yaşayırdı.
Onu da tutdum ki, anam Nəsib dayının çəkmələrinin səsinə xəyallardan ayıldı.
Nəsib dayı isə öz sevimli havalarını bir-bir dəyişirdi. İndi “Orta Sarıtel”ə keçmişdi.
Məclisdəki bütün adamlar sazın sehrində idi və apaydın görünürdü.
Bu hava başlayandan sona qədər anam gizli-gizli ağladı.
Yanına gəldim: Ay ana, niyə ağlayırsan? Gör, Nəsib dayı nə gözəl oxuyur…! “Bəs sən niyə ağlayırsan?”- deyəndə anam dilləndi və astaca əlavə etdi: Sən qulaq as. Anamla keçirdiyimiz o pərəsəng günləri xatırladım”. Bir azdan Nəsib dayı “Baş Sarıtel”ə keçdi.
Kömür sobasının istisi adamlara elə xoş idi ki, sanki bayırda lopa-lopa yağan qarı belə düşünmürdülər, hamı sazın sehrində idi. Anamın gözlərindən narın-narın yaş ələnirdi. Mənsə yenə anamın dizinin dibini kəsdirdim: “Ay ana, nə oldu, niyə ağlayırsan? Nə yaxşı Nəsib dayı gəldi! Ağlama, nə olar, bəsdir”.
Anam yenə özünəməxsus tərzdə : Ana yurdumun iyini hiss etdim, bircə anlıq düzü-dünyanı dolanıb özümü Dərələyəzdə Yastı bulağın başında gördüm…
Yaxşı dur, ayqqabıları cütlə qoy, camaat rahat geyinsin. Nəsib dayı da deyəsən , camaatla sağollaşırdı elə sazla, sözlə.

04.03. 2024-cü il

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Mahirə Nağıqızının şeir yaradıcılığında ANA obrazı

Bayatı və nağıllarımızdan başlayaraq bu günə qədər bütün bədii nümunələrdə ana, vətən obrazı ön sırada dayanıb. Çünki ana həyatın, insanlığın yaradıcısı, vətən isə onu boya-başa çatdıran, qayğısına qalıb xoşbəxtliyə qovuşduran məkandır ki, onu anaya bərabər tutub Ana Vətən adlandırırıq. Ana və Vətənlə bağlı şeiri olmayan şairə rast gəlmək qeyri-mümkündür. Yaradıcılığında ana obrazını daha canlı və qabarıq şəkildə oxucularına təqdim edən sənətkarlardan biri də çağdaş poeziyamızın sayılıb-seçilən, Vətənə və Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən igid əsgərlərimizə həsr edilən şeirlərin və onlarla bağlı oxunan mahnıların mətninin müəllifi olan məhsuldar şairə Mahirə Nağıqızıdır.

M.Nağıqızının yaradıcılığı geniş və çoxşaxəlidir. Onlarla fundamental elmi əsərin müəllifi olmaqla yanaşı, həm də elə bir o qədər də  şeir kitabının müəllifi olan şairənin yaradıcılığında ana obrazı digər obrazlardan daha qabarıq şəkildə diqqəti cəlb edir. Onun yaradıcılığında Vətən, Ana obrazını bir-biri ilə müqayisə etmək qeyri-mümkündür. Anaya həsr olunmuş şeirlərini oxuyanda gözlərimiz qarşısında Vətən, Vətənə aid şeirlərini oxuyanda isə ana canlanır.

Mahirə Nağıqızının yaradıcılığı geniş olduğundan mən bu məsələ ilə bağlı fikirlərimi yalnız onun 2020-ci ildə nəşr olunan 411 səhifəlik “Onun daş nağılı” kitabında anaya həsr olunan şeirlərlə bağlı söyləyəcəyəm.

Şairənin yaradıcılğı boyu anaya həsr etdiyi şeirlərin sayı ilə bağlı fikir söyləmək qeyri-mümkündür.

Yuxarıda adını qeyd etdiyimiz kitabda şairənin anaya həsr olunan üç şeiri verilmişdir.

Təkcə  2018-ci  ildə  (bir  neçəsi   2017-ci   ildə qələmə alınmışdır) yazılan şeirlərin içərisində,  yəni  bir  il  ərzində  şairənin  anaya  üç   şeir həsr etməsi onun anaya olan tükənməz məhəbbətinin sözlə ifadəsi kimi də qiymətləndirmək olar.

Göz yaşı anaların əlindədir. Övladları xoşbəxtliyə qovuşanda da, analarından ayrılıb uzaq səfərə çıxanda da, uzaq səfərdən qayıdanda da anaların göz yaşı dayanmaq bilmir. Ananın sevincdən axan göz yaşının ağrısına tab etmək qeyri-mümkündür.

Övlad həsrətinin onun qəlbində yaradacaq kədəri əvvəlcədən duyan ana bu həsrətin qarşısını almağa gücü çatmayanda gücü göz yaşı axıtmağa çatır.

Övladın isə anasına “ağlama” deməkdən başqa əlacı qalmır. Mahirə Nağıqızının şeirində olduğu kimi övladı üçün ağlayan anaya üz tutaraq şairə deyir:

Yenə qəlbim göynətməsin qəlbini,

Ağ saçını suya sərib ağlama.

Kim böləcək bölünməyən dərdini,

Fəqan çəkib qərib-qərib ağlama.

Hər kəsə məlumdur ki, ananın bir “can” kəlməsi, saçımıza çəkilən bir sığalı ən ağrılı dərdimizin dərmanı, narahat gecələrimizin rahatlığıdır.

Lakin bunun qarşılığında bizim analarımızın dərdlərinə şərik olmağımız, onun dərdini azaltmağımız qeyri-mümkündür.

Şairənin “Anama” adlanan bu şeirini oxuyanda gözlərimin qarşısına Qarabağ döyüşlərində şəhid olan, yaxud gedib qayıtmayan oğulların yolunu gözləyən qəlbi dağlı anaların matəmli obrazları dayanır.

Şairə şeirin ikinci bəndində anaya bu dünyada hər şeyin gəldi-gedər olduğunu söyləməklə, hər bir kəsin bu gedər-gəlməz yolun yolçusu olduğunu diqqətə çatdırmaqla onun dərdini azaltmağa çalışır və bu məqsədlə yazır:

Ah eləmə, ahu-zarın hədərdi,

Bu dünyada hər şey gəldi-gedərdi,

Göz yaşımnan göyətmişəm bu dərdi,

Təsəlli ver, durub-durub ağlama.

Şairənin “Anama” (səh.273) adlanan digər bir şeirində isə hər səfərə çıxan zaman hər şeydən əvvəl ata ocağının ziyarəti, ana xeyir-duasıyla qarşılanıb o xeyir-dua ilə yola salınma anı-mənzərəsi göz önünə gəlir. Səfərdən əvvəl üz tutduğu ata ocağının istiliyini ana qucağının istiliyi ilə müqayisə edən müəllif yazır:

Gəldiyim həmin ev, həmin ocaqdır,

Sənin qucağıntək güvənli, isti.

Bilmirəm nə istək, nə umacaqdır,

Qəlbim bura çəkir hər səfərüstü.

Bu cür ziyarətə səfərə çıxan hər bir kəs üz tuta bilər. Ancaq bu şeirin elə birinci bəndini oxuyanda qəlbini birdən-birə kədər duyğuları öz ağusuna alır. Çıxdığı səfərin sonunun necə qurtaracağını dəqiqləşdirə bilməyən bir övladın yaşadığı duyğuların poetik ifadəsi kimi.

Şairə öz dərdini-sərini  öz canından artıq sevdiyi anasından gizlədir, onun dərdinin üzərinə dərd gətirməkdən, sevincinin üzərinə kölgə salmaqdan qorxur. O, yenicə ayrıldığı anasını illərin həsrətlisi kimi əzizləyir, ondan bir an belə ayrılığı illərin həsrətinə bənzədir və yazır:

Elə bil illərdir səni görmürəm,

Bu gün də görməsəm nəyim var itər,

Xoşhal danışıram, dərd bildirmirəm,

Üzümdən olanı oxusan yetər.

Şairə dərdinin çoxluğunu dilinə gətirib, onsuz da dərdi böyük olan ananın dərdini artırmaqdan çəkinir, söyləyib, anasının da dərdinin üstünə dərd qoymaq istəmir.

Dərdini anasına söyləyib onun da dərdini artırmaqdan çəkinən övlad buraya təkcə ananı görüb, onunla xudahafizləşmək fikrində deyil. Onun bu səfərindən üzüaq, qalib dönmək üçün ana xeyir-duasına ehtiyacı var. Elə bu fikirlə də şairə yazır:

Elə bil təzədən doğulacam mən,

Titrək əllərindən tutsam bir kərə.

Ay ana, neyniyim, deyə bilmirəm,

Ver xeyir-duanı çıxım səfərə.

Övladını yola salan ana da narahatdır. Onun hansı yaşda olmasına baxmayaraq, o, anasının gözündə uşaqdır. Ana övladı üçün etdiyi duaların qədəri ilə kifayətlənmir, bunun üçün Tanrıya müraciət edir, onu köməyə çağırır. Övlad ananın yaşadığı həyəcanı, keçirdiyi təlaşı duyaraq öz ürəyində deyir:

Narahat baxırsan, gizli baxırsan,

Gəzirsən davamı öz ahında sən.

Bilirəm min dəfə gedib çıxırsan,

Durursan Tanrının dərgahında sən.

Şairənin anaya həsr etdiyi üçüncü şeiri də “Anama”(səh.272) adlanır.

Bu şeirdə anaların çəkdiyi əzab-əziyyət, övladlarına göstərdiyi əvəzsiz qayğı öz yuxusuna haram qataraq səhərdən axşamadək onların qulluğunda dayanmaq, buna baxmayaraq üzündə həmişə təbəssümü qoruyub saxlamaq kimi müsbət keyfiyyətlər öz əksini tapır. Müəllif beş bəndlik şeirdə yaratdığı ana obrazını oxucularına nümunə göstərir. Özünün çəkdiyi ağrı-əzaba baxmayaraq, həmişə övladlarının qarşısına gülərüzlə çıxan, öz dərd-sərini onlardan gizli saxlamağa çalışan müqəddəs bir ana obrazı yaradır. Milyonlarla analara nümunə ola biləcək bir ana obrazı. Şairə obaşdan durub sakitcə dolaşa-dolaşa (uşaqlar yuxudan durmasın deyə) ev işlərini yerinə yetirən anaya müraciətlə deyir:

Yadımdan çıxmaz ki, hər səhər erkən,

Elə gəzinərdin evdə yavaşdan.

Nə cür çatdırırdın, deyə bilmərəm,

O boyda işləri durub o başdan…

Bu  qayğı  təkcə  ananın  övladlarına  göstərdiyi qayğının göstəricisi deyil, bu, həm də özündən sonra gələn xanımlara-qızlara nümunə göstərilən ana obrazıdır. Ana övladına nəyi isə sözlə deyil, nümunə ilə göstərmək istəyir. Göstərmək istəyir ki, övladını sevən əsl ana  necə olmalıdır, onlara necə qayğı göstərməlidir. Bu, bu gün övladlarını kiçik yaşlarından körpələr evinə, internatlara atıb qaçan tək-tək ana adına ləkə gətirənləri analıq şərəfini qorumağa səsləyən bir acı çağırışdır.

Müəllif əsl ananın hansı keyfiyyətlərə malik olmasını bu şeirdə qabarıq şəkildə ortaya qoyur.

Müəllifin şeirinin qəhrəmanı namazını və orucunu bir dəfə də olsun yadından çıxarmayan, əsl və nümunəvi bir Azərbaycan qadınıdır. Tapdığına şükr edən, onunla kifayətlənən bir Azərbaycan qadını. Elə bütün bunları nəzərdə tutaraq müəllif yazır:

Hər günə şükr etdin sabah ertələr,

Yaddan çıxarmadın oruc namazı.

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

Bütün bu əzab-əziyyətinə baxmayaraq ana öz övladlarından qayğısını əsirgəmir, yorulub əldən düşsə də, bu yorğunluğu övladlarından gizləməyə çalışır. Bunun üçün o heç vaxt üzündən təbəssümü azaltmır, əksinə daha da çoxaltmağa çalışır. Öz acısını təbəssümlə pərdələməyə çalışır; bunu duyan şairə yazır:

Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən?!

Müəllif şeirdə ananın üzündə yaşatdığı bu təbəssümü övladlarının həyatda qazandıqları ən qiymətli var-dövlət hesab edir. O hesab edir ki, uşaq yaşlarından başlayaraq ana təbəssümü ilə əhatə olunan hər bir kəsin qisməti xoş bir gələcəkdir.

Şairə bu fikri sözlə ifadə edərək yazır:

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür, bəlkə də, indi,

Ən böyük sərvəti hər birimizin.

Müəllif şeirin sonunda belə bir nəticəyə gəlir ki, həyatda nə varsa, hamısının özünə görə qədəri, qiyməti var. Həyatda nə varsa o müəyyən dəyərə, qiymətə malikdir. Həyatda olan bir varlıq var ki, ona qiymət vermək, dəyər vermək, onu dəyərləndirmək insan düşüncəsindən kənar bir məsələdir. Bunu nəzərə alan şairə şeirin son bəndində deyir:

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq.

Hər şeyin qiyməti olur həyatda

Sənin qiymətini tapmadım ancaq.

Ana zəhmətinə, ana sevgisinə dəyər verməyi bacarmaq hər kəsə, hər övlada, hər şairə qismət olan qabiliyyət deyildir. Özü də analıq şərəfini daşıyan bir şəxsin-bir şairənin anaya verdiyi qiymət tamamilə başqa bir məsələdir.

Bizə elə gəlir ki, anaya həsr edilən bu şeirləri oxuyan hər bir gənc qız əsl ananın hansı keyfiyyətlərə sahib olmalı olacağını bu şeirlərdən öyrənəcək, bu şeirlərdə söylənənləri öz həyati istəklərinə çevirəcək.

Müəllif: Sərdar ZEYNAL

(Sərdar Səyyad oğlu Zeynalov),

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru

SƏRDAR ZEYNALIN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZININ DOĞUM GÜNÜDÜR!

                                    DOĞUM GÜNÜ TƏBRİKİ

Mahirə NAĞIQIZI  1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir

1984-cü ildən  təyinatla  Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Mahirə xanım bu gün də  şərəfli peşəsini ən yüksək səviyyədə layiqincə davam etdirir.

 Mahirə NAĞIQIZI  2017-ci ildən filologiya üzrə elmlər doktorudur. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

YAZARLAR cameəsi adından  Mahirə xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

“YAZARLAR”JURNALININ NOYABR – 2023 N: 11 (35)-Cİ SAYINDA DOĞUM GÜNÜ TƏBRİKİ VƏ XÜSUSİ TƏBRİK YAZILARI YER ALIB PDF: yazarlar-35


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru