Etiket arxivi: Orxan Hüseynov

Orxan Hüseynov. Bakı qoçuları 1918-ci il soyqırımı zamanı

ORXAN HÜSEYNOVUN YAZILARI

Bakı qoçularının 1918-ci il soyqırımı zamanı

əhalinin müdafiəsində rolu

Qoçuluq  XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər.   Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu.  Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.

 “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular  ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.

Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular  həm varlı, həmdə  hədsiz qəddar idilər. Belələrinə  məşhur qoçu  Nəcəfqulunu, Teymur  bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı  Məşədi  Hacı  oğlunu,  Şiruyəni, kürdxanalı  Adili,  Malbaş  Yusifi və  başqalarını  göstərmək  olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa  başlardılar.  Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin  adlı-sanlı  ruhani  atası  Axund Molla  Ruhullanın  mənzilinə  girərək, onu   namaz qıldığı  yerdə  öldürmüşdü.  Bu  hadisə  1912-ci  il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir  hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu  ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı  qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə  isə  neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi  ikinci dəfə  oğurlayanlarsa,  Stalinin  adamları  idi.  Partiya  xəzinəsi  boşaldığı  üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd  Əmin  Rəsulzadə  «Stalinlə  ixtilal  xatirələri» kitabında bu əhvalatdan  danışaraq, yazırdı: “…quldur dəstələri  zənginləri  təhdid  edərək  para çəkir,   bəzilərini çalıb-çapır,  aldıqları  girov  pulun   müqabilində  buraxır, çox zaman böyük firmalara göndərdikləri  təhdid  məktubları  ilə bunları xəraca  bağlayırdılar.

İkinci  qrup  qoçular  isə  daha  çox  icraçı  idilər.  Bunlar  adlı-sanlı  qoçuların   həndəvərində dolaşan buyruq  qulları  idilər. Bazar bütün  günü  belə  qoçularla  dolu  olardı.  Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə  geyər,  şalvarlarının  balaqlarını  da  çəkmənin  içinə  salardılar.  Bellərinə
pencəyin   altından  gümüş  belbağı  bağlardılar. Bığları  da  həmişə  yağlı və burum- burum olardı.

Əlbəttə, qoçuluq   Bakının  ictimai  həyatında  qara  ləkə idi. Lakin  qoçuların  üzərinə  pis bir  qüvvə  kimi  tamam xətt  çəkmək də  düzgün  olmazdı. Çünki ağır faciəli  günlərdə  qoçular həmişə  xalqın  köməyinə  çatmışdılar.   Əlabbas  Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını  çəkərək  yazırdı:  “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü  davada  şəhər  atıcılarından  Nəcəfqulu  Rzaqulu oğlu, Məhəmmədli kəndindən  Şiruyə, novxanılı  Məhəmməd  Hüseyn  öz dəstələrilə iştirak edirdi. Əsir  türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50].  Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq,  Nəcəfqulu   Rzaqulu  oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və  bakılıların  taleyi  həll  olunurdu. Və  tarixin  bu acı  dönəmində  bütün yükün  ağırlığı el  arasında  heç də  həmişə müsbət qarşılanmayan  qoçuların  çiyninə  düşmüşdü. Səhərə yaxın sursat  tükənmək  üzrə idi.  Nəcəfqulu  son və  qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara  çatdırdığı  patronlar camaatın  qanının  arasına yaman girdi. Küçənin hər  iki  tərəfində  ölənlərin sayı-hesabı yox idi.  Qoçu Nəcəfqulu özü bir neçə yerdən  güllə  yarası almışdı. Amma  anası  Güldəstə namaz üstəymiş deyə,  yaraları  o qədər də ağır deyilmiş” .

            Düşmənə  qarşı  öz dəstəsi  ilə  Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov  olmuşdur.  Bu hadisələrdən  1 il sonra  onun  ö z dilindən dedikləri,  Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına  aid  4 eyni 5-ci səhifənin  ağ  qalmış  arxa  tərəfində  köçürülmüş və orada belə qeyd olunmuşdur:  Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb  küçəyə çıxır  və Müsavatın  firqə  idarəsinə  gəlir.  Burada  ona   Nikolayevski   (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı  tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi  Hilal  nökəri  Kərbəlayi  Səfərə  döyüşün  ən  gərgin  anında  geri  getməsini bildirir: “Kərbəlayi Səfər, neçün  durmuşsan,  get!  Artıq  mən buradan  çıxacaq  deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş  açdığı  vaxt  Kərbəlayi Səfər: “Hərgiz  mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı  Kərbəlayi  Əbdülhəmid gəlib çıxır və  Məşədi  Hilal  ondan  yardım  istəyir.  Çox  çəkmir  ki, o,  iki türk əsgər,  iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.

Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə  müsəlmanların davası başlamışdır”. Dadaş  Rzazadə  daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra  düşmənlərin  bolşeviklər deyil, ermənilər olduğunu bildik” .

O, Mixaylov  xəstəxananın  yaxınlığında dostu  Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox  təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün  tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.

Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət  Novxanıda  qalıb  qanlı  mart  günlərində  aldığı  yaralarını  müalicə etdirir.  Burada eşidir ki, ermənilər  Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib  çıxır, Dəvəçidən  sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən  Məhəmmədhəsən  Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.

Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları  bahasına onların müdafiəsinə qalxmışlar.

MÜƏLLİF: ORXAN HÜSEYNOV Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı.

ORXAN HÜSEYNOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru