Etiket arxivi: POEZİYA

SƏNİ UNUTMAQ OLMUR – BALAYAR SADİQ

Balayar SADİQ – şair-publisist.

SƏNİ UNUTMAQ OLMUR
Rekviyem çələngi
I
Belə qərib-qərib ağlama, qızım,
Bir az da mənimçün göz yaşı saxla.
Balaca əllərin çətirim olsun,
Ömrümü isladan yağışı saxla.
* * *
Ta uçdu könlümün arzu qoxusu,
Baş qoyub sinəmə ümidim ağlar.
Hər gün göz yaşımda dəstəmaz alır,
Əcəl köynəyini geymiş ağrılar.
* * *
Dilimdə sözlərin dili quruyub,
Könlü qancır olub bu sətirlərin.
Yellənir bir ömrün əcəl bayrağı,
Gözü doluxsunub xatirələrin.
II
Gözü doluxsunub xatirələrin,
Qırpır kirpiyini sözlər içimdə.
Könlümün ətrinə tamarzı qalan,
Bir məzar yolumu gözlər içimdə.
* * *
Mələk göyə uçar, mənim mələyim,
Niyə uçub getdin torpağa sarı?!
Götür öz əlinlə öz məzarından,
Könlümə bir ovuc torpağı sarı.
* * *
Kədər təbəssümlə baxır üzümə,
Sözüm, sətir-sətir gəl, ayağa dur.
Mənim pəncərəmdə üşüyən işıq,
Nakam bir ananın son məktubudur.
III
Nakam bir ananın son məktubudur,
Gözümü oxuyan payız yağışı.
Əcəlin köynəkdən çıxdığı yerdə,
Yağış-payız oxur, payız-yağışı.
* * *
Ürəyimdən keçən tənhalıq yolu,
Özünə don biçib sənin səsindən.
Asılıb kədərin nəm təbəssümü,
Bəxtimin qırılmış pəncərəsindən.
* * *
İlahi, könlünü mən necə alım,
Sinəmdə hönkürən qərənfillərin.
Ovcunda bir layla buz bağlayıbdı,
Göz yaşı qoxulu çiçək əllərin.
IV
Göz yaşı qoxulu çiçək əllərin,
Əyninə dar gəlir sükut köynəyi.
Alnımdan torpağa yıxılan yolun,
Üstündə bir əlçim ümid göynəyir.
* * *
Ürəyim, səbrimə daha qar yağır,
Götür qalan ömrü yığışdır, gedək.
Üzündə xəfifcə qəm gülümsəyir,
Bu qəbri mənimlə danışdır, gedək.
* * *
Könlü məzar-məzar hönkürən sözün,
Gözündə ünvansız qəbrim islanır.
“Təsəlli” sözünü külək apardı,
Payızın ovcunda səbrim islanır.
V
Payızın ovcunda səbrim islanır,
Boğazı quruyub təsəllilərin.
Daha ürəyimdə ürək qalmayıb,
Geysin köynəyini sənsiz illərin.
* * *
Nəm çəkməz bu qəbir göz yaşlarımdan,
Sükutu sərmişəm başdaşın altda.
Saçların torpağa qoy dağılmasın,
Götür ürəyimi qoy başın altda.
* * *
Adın damcılayır, adın, əzizim,
Yaralı sükutun qara səsindən.
Ümid sahilləri görünmür daha,
Yelkənsiz qayığam dərd dənizində.
VI
Yelkənsiz qayığam dərd dənizində,
Gözümün yaşından su içir sular.
Payız yarpağıtək düşür gözümdən,
Əlləri qoynunda qalan arzular.
* * *
Geyib köynəyini “gedər-gəlməz”in,
Ümid xəcalətdən üzümə baxmır.
Sən mənim əlimi buraxıb getdin,
Nə yaxşı həsrətin məni buraxmır.
* * *
Yeriyən bir damla göz yaşıyam mən,
Səbrimin yarası qan verir hər gün.
Sən gedən yolların dodaqlarında
Könlüm sətir-sətir can verir hər gün.
VII
Könlüm sətir-sətir can verir hər gün,
Hüsnün ləpələnir baxışlarımda.
Gecələr yuxunu yuxuya verib,
Gəzirəm alnımın qırışlarında.
* * *
İslanmış məktubdu gözümün yaşı,
Xəttimi min dəfə oxuyanım, gəl.
Ölümün əlləri sevgiyə çatmır,
Məzarı məhəbbət qoxuyanım, gəl.
* * *
Ətri burda qalıb qədəmlərinin,
Ahım tonqal çatıb göyün üzündə.
Hər gün ürəyimi dəfn eləyirəm,
Sənin ləpirində, sənin izində.
VIII
Sənin ləpirində, sənin izində,
Mənim ağrılarım gül-çiçək açır.
Asıram gecəni kirpiklərimdən,
Hər səhər dərdlərin dodağı qaçır.
* * *
Əcəlin çiynində gedən baharım,
Bir bənövşə ömrü dur, ayaq saxla.
Sinəm arzuların məzar yeridir,
Məni başdaşıtək bir az qucaqla.
* * *
Mənim gözlərimin payız günüydü,
Əcəl qəfil dərdi bənövşəm – səni.
Yığıb göz yaşımı ümid əvəzi,
Yenə görüşünə gəlmişəm sənin.
IX
Yenə görüşünə gəlmişəm sənin,
Gözümdə min ilin həsrət buludu.
Qəlbimdə bir sətir yer qoymamısan,
Barı bircə sətir səni unudum.
* * *
Ta ömrüm bir gündü – sənsizlik günü,
Ayrılıq qolunu boynuma salıb.
Söylə Əzrayıla saata baxsın,
Yanına gəlməyə nə qədər qalıb.
* * *
Surələr yüyürür, ayələr qaçır,
Solur çiçək-çiçək sonuncu güman.
Səsimi isladır sükutun şehi,
De, niyə dinmirsən, səbrinə qurban?!
X
De, niyə dinmirsən, səbrinə qurban?!
Adını asmışam öz ürəyimdən.
Bəyaz varaqları camalın bilib,
İntihar eləyir söz ürəyimdə.
* * *
Üzü göyə gedən tənha cığırdı,
Bu qəbrin başında dalğalanan daş.
Dur, gəl əllərimlə dara saçını,
Çatlamış güzgündü gözlərimdə yaş.
* * *
Elə sakit-sakit baxır üzümə,
Bu dərdin Allahdan xəbəri yoxdur.
Üstümə qar kimi yağır ayrılıq,
İsin göz yaşımla, hava soyuqdur.
XI
İsin göz yaşımla, hava soyuqdur,
Kövrəlib sözümün sehri, ovsunu.
Yumdu gözlərini insaf yolları,
Apardı ömrümün yar qoxusunu.
* * *

Getdin, bu dünyanı çırpdın üzümə,
Utandı bəxtindən bütün qapılar.
Nə mənim könlümtək bir eşq yolçusu,
Nə sənin hüsnündə gözəl tapılar.
* * *
Məhəbbət ətirli başdaşınam mən,
Səsimlə-güzgülən, sözümlə-daran.
ənim gözlərimin yaraşıq yeri,
Əyninə geydiyin qəbrinə qurban.
XII
Əyninə geydiyin qəbrinə qurban,
Dərdimin boynuna qolunu sal, get.
Sənin saçlarında qalıb əllərim,
Gəl, bu son ümidin tozunu al, get.
* * *
Ocaq qalamışam göz yaşlarımdan,
Külümü ovcunda tutub mələklər.
Hər gün gülümsəyir dağlar sinəmdə,
Ətrindən danışır hər gün çiçəklər.
* * *
Elə qəfil əsdi əcəl küləyi,
Düşüb çilikləndi bu alın yazım.
Bir layla üşüyür bu məzar üstə,
Belə qərib-qərib ağlama, qızım.
XIII
Belə qərib-qərib ağlama, qızım,
Gözü doluxsunub xatirələrin.
Nakam bir ananın son məktubudur,
Göz yaşı qoxulu çiçək əllərin.
* * *
Payızın ovcunda səbrim islanır,
Yelkənsiz qayığam dərd dənizində.
Könlüm sətir-sətir can verir hər gün,
Sənin ləpirində, sənin izində.
* * *
Yenə görüşünə gəlmişəm sənin,
De, niyə dinmirsən, səbrinə qurban?!
İsin göz yaşımla, hava soyuqdur,
Əyninə geydiyin qəbrinə qurban…
Müəllif: Balayar SADİQ

BALAYAR SADİQİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROV

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur.

Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında  Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.

Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.

Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası  oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.

İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. …Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.

Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].

Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].

Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.

Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:

Abbasəlim uzun, gödək,

Aşıq Novruz sinədə tək. [7,s.277]

Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].

Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə  Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.

Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].

Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].

Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.

Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu, türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.

Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin  nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad,  Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.

1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].

Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.  

Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin  bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində  aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.

Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə  ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.

Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.

İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət,  Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.

***

Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.

Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.

…Yar çıxdı qarşıma yaman halımda,

Gözüm qaldı o bimürvət zalımda.

Söynalı başını qoydu yolumda,

Hüseyn pəl vurdu, Hasan qoymadı.[21,s.19].

Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:

“Aşıq Ələsgər Daşkənd kən­dində Hacı Kə­ri­min oğlu Mux­tarın toyuna aşıq çağırıl­mışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələs­gərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, ke­çi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qata­caydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:

“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.

Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş apa­rasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələs­gər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğ­lu­la­rı­na qatdı. Aşıq Ələsgər camaatla görüşüb, hey­van­ları da Əsəd­lə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğ­­lu bir yana oldu, Hasan verən toğlu bir yana, nə hey­­vanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara dü­­şür­dü qaçırdı. …Səhər Əsəd­lə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğ­lu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün ol­madı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pir­na­zar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, ha­zıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Gö­rək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]

Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm”  adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:

“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:

“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.

Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.

Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:

“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:

Başına döndüyüm, Şahnəzər qardaş,

Əzəldən pis qurdun, vallah, bu işi.

Toğlun dəli olub sürüyə getmir,

Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]

Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı”, Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.

2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.

3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144

4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.

5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906 

6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu…-N). RXKR, Bakı, 2011.

7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.

8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.

9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda…”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.

10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.

11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.

12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/

13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141

14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932

15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz…”, Bakı, “Nurlan”, 2005.

16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı

17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/

18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739

19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf

20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.

21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.

22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.

23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.

24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAMIM, SALAM! – ƏJDƏR ƏLİZADƏ

Əjdər ƏLİZADƏ – şair.

AĞDAMIM, SALAM!
(Bu gün Ağdamımızın düşmən işğalından qurtulduğu gündür)
Çin oldu millətin dilək, arzusu,
Qələbə – xalqımın alın yazısı.
Şəhidi qəhrəman, igid qazisi,
Müzəffər Ordumun qadasın alam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Otuz il yolunda qalmışdı gözüm,
Titrəyir ağzımda Qarabağ sözüm.
İnanın, cismimdə yox idi dözüm,
Nə qədər həsrətlə qürbətdə qalam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Bilməzdim o yerə dönəcəm bir də,
Yurdsuz yaşayırdım sanki, sibirdə…
Cismim rahət olar indi qəbirdə,
Torpağım anamdır, öz evim balam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Əjdərəm, mən köçkün deyiləm daha,
Ümid bağlamışıq gələn sabaha.
Şükürlər dilərik Uca Allaha,
Alındı illərlə alınmaz qalam,
Salam qarabağım, Ağdamım, salam!
20.11.2021.
Müəllif:Əjdər ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağam!.. Adam!.. Ağdam!.. – Qulu Ağsəsin şeiri

Ağam!.. Adam!.. Ağdam!.. – Qulu Ağsəsin şeiri

Ağam!.. Adam!.. Ağdam!..

“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
                                         şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
                                          şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..

15 noyabr 2020

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu dəfə “SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Leyla Qədirzadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.

1. Leyla xanım siz çox orijinal qadınsınız. Başqalarına bənzəməmək çətindirmi?
Çox maraqlı komplimentdir… Əslində başqalarına bənzəməmək, özün olmaqdan asan nə var ki? Sadəcə özün olursan. Amma bir məqam da var – hər bir insan, özü də bilmədən kiməsə bənzəyə bilər. Xüsusilə də, valideynlrinə, nənə-babalarına və s. Bu DNK ilə gələn bənzərlikdir. Təbiidir. Amma hansısa bir məşhura özünü oxşatmaq – ən uğursuz niyyətdir. İstər zahirən, istər daxilən.Çünki hər insan məhz özünəməxsusluğu ilə maraqlıdır.
2. Anlatmaq çətindir yoxsa anlanmaq?
Məncə, hər ikisi eyni dərəcədə. Baxır kimə və nəyi anlatmaq istəyirsən və ya kim tərəfindən anlanmaq istəyirsən. Bəzən bu o qədər müşkül, ən əsası isə lazımsız bir işdir ki, əziyyətinə dəyməz. Qəlbən, ruhən səninlə eyni dalğada olanlar səni yarısözdən anlayacaq. Başqalarına isə vaxt itirməyə dəyməz…
3. Şərqşünas olmaq istəyirdiniz yoxsa tərçüməçi?
Əslində ixtisasım elə iki peşənin simbiozudur, yəni şərqşünas-tərcüməçiyəm. Amma tale elə gətirdi ki, əsasən tərcüməçi kimi fəaliyyət göstərirəm. Özü də fars dilindən deyil, Azərbaycan dilindən rus dilinə və rusdan Azərbaycana. Və bu işi çox sevirəm. Gənc vaxtında hobbi kimi başladığım bir iş sonra çörək ağacım oldu.
Bu günə qədər yadımdadır – ilk tərcümə etdiyim əsər atamın “Haram pul” adlı povesti idi. “Literaturnı Azərbaycan” jurnalında çap olundu. Mən 9-cu va ya 10-cu sinifdə oxuyurdum… Bəlkə, atam məndən çox fəxr edirdi… Məndən çox sevinirdi. Mən isə, açığı, daha çox ilk qonorarıma sevindim. Əməlli bir məbləğ idi. Təxminən 100 rubl. Çox fikirləşdim, ilk qazancımı nəyə xərcləyim ki, yadda qalsın… Evimizin yanındakı Passajda xırda dükanlar var idi. Biri – güzgü mağazası idi. Gözüm çoxdan böyük divar güzgüsünə düşmüşdü, elə 100 rubl idi qiyməti. Nə isə, onu aldım. Elə indi də həmin güzgü durur, koridorda asılıb 
4.Dilləri gözəl bilirsiniz. Bu bir istedaddır yoxsa daimi mütaliə?
Dil öyrənmək çətin iş deyil. Mütaliədən çox canlı ünsiyyət, mühit kömək edir. Axı körpə uşaq, təbii ki, mütaliə etmir, amma böyük adamdan tez dil öyrənə bilir. Özümü tanıyandan iki dildə danışmışam – anamla rus dilində, atamla və qardaşımla Azərbaycan dilində. Atam icazə vermirdi evdə anamdan başqa kiminləsə rus dilində danışaq.
Üstəlik, çox gözəl mühitdə böyümüşəm. Hüsü Hacıyev 19 (indiki Azərbaycan prospekti) ünvanında yerləşən Yazıçılar binasında dünyaya göz açıb boya-başa çatmışam. Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, İlyas Əfəndiyev, Qabil, Kamal Talıbzadə, Əliağa Kürçaylı, Bayram Bayramov, Qasım Qasımzadə, İsa Muğanna və digər yazıçılar bu binada yaşayırdılar. Biz, uşaqlar yaşıd idik. O vaxt bizlərdən, demək olar ki, heç kim bağçaya getmirdi. Bütün günü həyətdə oynayardıq, yəni lap uşaqlıqdan, dil açandan bir yerdə idik. Atalarımız dost idi, biz də dostluq edirdik. Sanki bir ailə idi Hüsü Hacıyev 19. Ən xoş xatirələrim bu dövr ilə bağlıdır.
Sözümün canı odur ki, yazıçıların uşaqları, təbii ki, öz aralarında da Azərbaycanca danışırdılar. Başqa cür ola da bilməzdi axı.
Rus dilinə gəldikdə… anam rusdur və təbii ki, rus dili də mənə doğmadır. Məktəbdə ingiis dilini keçirdik. Qardaşım şərqünaslıqda oxuyurdu, məndə də fars dilinə həvəs oyandı, məktəbi bitirəndən sonra sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim.
Uzun sözün qısası, dil bilmək – istedad deyil. Savadlı insan bir neçə dil bilməlidir.
5. Necə oldu ki müxtəlif peşələrə yiyələndiniz?
Tale elə gətirdi… İnstitutu bitirəndə “Yazıçı” nəşriyyatında işə düzəldim. O vaxt orada yeni şöbə açmışdılar – ərəb əlifbası ilə kitab nəşri. İxtisasıma uyğun idi. Nəşriyyatın direktoru rəhmətlik Əjdər Xanbabayev, baş redaktoru Sabir Rüstəmxanlı idi. Uzun müdddət redaktor, sonra böyük redaktor kimi çalışdım. Sonra Mətbuat komitəsində (indiki Mətbuat nazirliyi), Gənclik nəşriyyatlnda işlədim… Sonra yenidənqurma başladı, maddi çətinliklər yarandı. Məcbur oldum 2 yerdə işləyim – səhərlər Fars təmayüllü gimnaziyada müəllim, məktəbdən sonra – Günay qəzetində tərcüməçi.
Sonra fəaliyyətimi reklam sahəsiylə bağladım və s. Açığı desəm, müxtəlif peşələrə yiyələnməyim hər zaman maddi durumla bağlı olub. 1-ci həyat yoldaşım 45 yaşında rəhmətə gedib, uşaqlara həm ana, həm ata olmaq məcburiyyətindəydim. Yəni pul qazanmalıydım. Səmimi desəm, səbəb bu idi əslində.
6. Sizin bir şəkliniz məni cəlb etdi bir dəfə. Dərin xəyala dalıb çoox uzaqlara baxırdınız. Olur belə hallar?
Xəyala dalmaq hər adama xasdır, amma mən xəyala dalanda uzaqlara baxmıram. Yəni o qədər romantik deyiləm. Şəkildə, çox güman poz verirdim 
7. Sİz müasir həyatla çox gözəl ayaqlaşa bilirsiniz. Bunu necə bacarırsınız?
Bəlkə özümü daxilən gənc hiss edirəm, ona görə. Gənclərlə daha çox ünsiyyətdə oluram, işləyirəm. Şəxsən mən onlardan çox şey öyrənirəm. Söhbət əlbəttə ki, ziyalı, peşəkar gənclərdən gedir.
8. Nədən inciyirsiniz? Nəyi qəbul edə bilmirsiz?
Əslində təbiətcə çox küsəyənəm. Məktəbdə kimsə, məsələn, müəlimə 1-ci dərsdə mənə acıqlananda ya “4” yazanda axırıncı dərsə qədər ağlayırdım. Məndən asılı deyidi. Nəinki, kiminsə acı sözü, hətta tonu belə məni yaralaya bilər. Sonra həmin an kinolent kimi 1 saat deyil, 1 gün deyil, bir neçə gün gözümün önündə canlanır, məni incidir. Çox əziyyət çəkirəm buna görə. Kobudluğu, tərbiyəzisliyi və namərdliyi (həm kişilərdə, həm qadınlarda) qəbul etmirəm.
9. Sizi aldatmaq olar?
Bəlkə bəxtim gətirib, bilmirəm. Yəni bir o qədər də aldanmamışam. Amma, təbii ki, olar. Hər adamı aldatmaq olar.
10. Sizin rus dilinə etdiyiniz tərcümələr demək olar ki,mükəmməldir.
Təhsili rus dilində almısınız?

Bəli, rus dilində təhsil almışam. Anam da milliyətcə rus olub. Atam məni rus bölməsinə vermək istəmirdi, qardaşım Azərbaycanca təhsil alıb. Burada həlledici məqam o oldu ki, atam məktəbdə keçirilən valideyn iclaslarına getmirdi. Moskvadan gələn anam isə həmin iclaslarda kompleks keçirirdi, çünki o vaxt dili bir o qədər də mükəmməl bilmirdi. Atama dedi ki, onda iclaslara sən gedərsən. Atam razı olmadı. Beləliklə, məni 189 nömrəli məktəbə göndərdilər.
Son vaxtlar bir çox insan rus bölməsinin əleyhinə çıxış edir. Mən düşünürəm ki, insan istənilən dildə təhsil ala bilər. Önəmlisi təhsilin keyfiyyətidir. Bizim məktəb o vaxt çox güclü məktəb idi, çox yaxşı müəllimlərimiz var idi. Ömrümün sonuna qədər onlara borcluyam.
11. Sizin soyadınız Azərbaycanda çoxlarına məlumdur.
Yəni atanız Salam Qədirzadəni hamı tanıyır.
Atanız haqda maraqlı xatirələriniz olmamış deyil…

Atam haqqında o qədər xatirələr var ki… Hər zaman onları təbəssümlə xatırlayıram, amma eyni zamanda çox kövrəlirəm…
Çox incə yumoru var idi. Atam, Əliağa Kürçaylı, Qabil və Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov möhkəm dost idilər. Bir gün Qabilin Nəsimi poeması çapdan çıxır. Kitabı avtoqrafı ilə yaxın dostlarına hədiyyə edir. Ağarəhim adlı bir Buzovnalı kişi var idi, şofer idi. Ədəbiyyatı çox sevirdi. Atamgili tez-tez qonaq çağırırdı, həyat yoldaşı yaxşı qutab bişirirdi. Qabil atama deyir ki, könlümdən qutab keçir, dur gedək Ağarəhimgilə. Elə kitab da bağışlayaram ona, qoy kişi sevinsin. Nə isə, gedirlər. Yolda Qabil deyir ki, “heç bilmirəm kitabda nə yazım Ağarəhimə. Nəsə səmimi bir söz olsun. Məsləhət ver!” Atamda dərhal cavab verir: “Yaz “al kitabı – ver qutabı” Ən səmimisi elə budur.
12. Valideynləriniz əsl sevgi yaşayıblar. Ananız milliyyətcə rus olaraq Salam müəllimə həmişə sadiq həyat yoldaşı olub. Maraqlıdır, onlar necə tanış olublar?
Anam təzə rəhmətə gedib. Çox kövrəlirəm haqqında danışanda…
Tanışlıqları barədə tez-tez danışardı… Atam Qorki adına Ədəbiyyat institutunda oxuyub. Nəbi Xəzri, Əli Kərim, İsa Muğanna ilə bir yataqxanada qalırdılar. Yataqxana Peredelkino qəsəbəsində yerləşirdi. Hər səhər elektrik qatarı ilə Peredelkinodan Moskvaya, instituta gedəndə qatarda bir qız görürdülər, yolboyu kitab oxuyurdu. O, mənim anam idi. Vnukovo kəndindən Moskvaya işə gedirdi. Beləcə qatarda tanış oldular. Anam Bakıya gələndə Səməd Vurğunla görüşünü hər zaman xatırlayırdı. Atamla Yazıçılar İttifaqının pilləkənlərində Səməd Vurğunla rastlaşıblarmış. Atam Səməd Vurğuna deyib ki, tanış olun, mənim həyat yoldaşımdır. Təzəcə evlənmişik, Moskvadan gəlib. O da anama baxıb rusca deyib ki “Lyubov pobedila Rodinu” (Məhəbbət Vətənə qalib gəlib). Anam bu sözləri tez-tez xatırlayardı…
14. Ən çox sevdiyiniz rəng?
Təbiətdə saf, təmiz rəngləri sevirəm – ağacların, otun yaşıl rəngini, göyün, dənizin mavisini. Geyimdə çox şey insanın ovqatından asılıdır. Bəzən heç kimin diqqətini cəlb etmək istəmirsən – boz geyinirsən. Kədərə bürünəndə qara sənə həmdərd olur. Sevinəndə – qırmızı. Ümumiyyətlə, yayda parlaq, əlvan rənglərə üstünlük verirəm.
15. Siz televiziya işçisi olaraq TV kanallarımıza nə tövsiyyə edərdiniz?
İnsanların zövqünü, səviyyəsini inkişaf etdirən verilişlərə üstünlük vermək. Reytinqin dalınca qaçmamaq. Təəssüf ki, baxış sayı, reytinq bu gün həlledici amillərdir. Jvanetskinin bir sözü var idi – “reytinq üçün təkcə ağıllı adam azdır, bizə adamların hamısı lazımdır”. Çalışaq ki, hamı ağılı olsun, zövqlü olsun.
16. Musiqi zövqünüzü televiziyada sizin verilişlərindən müəyyən etmək olur. Amma yenə də bilmək istərdim musiqiyə münasibətiniz.
Musiqini sevməmək olarmı?

O, ruhumuzun səsidir. Sevincimizə, kədərimizə şərik olanımızdır. Bizə təsəlli verənimiz, göz yaşımızı silənimizdir… Bir sözlə, musiqi ruhumuzun dilidir. Onsuz həyat lal olar.
17. Azərbaycan sizin üçün nədir?
Azərbaycan hamımızın qürur yeridir, sevgi yeridir. Atalar sözündə danılmaz həqiqət var – gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Başqa ölkəyə gedirsən, orda çox şeylər xoşuna gələ bilər… Amma bir müddətdən sonra darıxırsan, evin üçün, doğma küçən üçün, Vətən üçün darıxırsan. Bir söz də var – Vətəni başqa şeyə görə deyil, ona görə sevirlər ki, o, sənindir, özünküdür, doğmadır.
18.Qələbəmizin ildönümünü necə qeyd etdiniz?
Qələbəmizin ildönümünü bağda qeyd etdik, televizorda bayram verilişlərinə, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqisi, Cəngi, Qarabağ şikəstəsinin sədaları altında Bakıda, Şuşada, möhtəşəm atəşfəşanlığa baxa-baxa. Bu günə qədər keçirdiyim ən möhtəşəm, misli olmayan bayram idi bu. Qürur bayramı.
Çox təntənəli şəkildə keçirdik Zəfər gününü – bir neçə ailə yığışmışdıq bağda – qardaşımgilin ailəsi, uşaqlar öz həyat yoldaşları ilə, qudalarım… Bizə bu günü yaşadan Uca Tanrıya min şükür. Şəhidlərimizin ruhu şad olsun…
19. Sizin arzularınız çox olmalıdır məncə. Ən çox arzu etdiyiniz nədir?
Bilirsiniz, insan cavanlıqda arzularla yaşayır, yaşlaşanda isə daha çox xatirələrlə. Və yaşadığı hər gününə görə Allaha şükür edir. Mənim arzularım indi daha çox uşaqlarımın, nəvələrin gələcəyi ilə bağlıdır. Arzum – onların sağlamlığı, xoşbəxtliyidir.
20. Bütün arzularınız çin olsun. “Səmimi söhbət”in qonağı olduğunuz üçün sizə təşəkkür edirəm . Mənə və oxuculara nə deyərdiniz?
Hər günün qədrini bilin, çünki hər gün ömürdən gedir. Bu, atamın son kitabının başlığıdır. Bu sözləri onun baş daşında da yazdırmışıq.
Dəvətinizə görə təşəkkür edirəm, əziz Təranə xanım.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

LEYLA QƏDİRZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZDIM… – SEYMUR SÖNMƏZ

Seymur Sönməz (Paşayev) – şair.

SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ
Məni dərd içində qoyub getmisən,
Sirrini hər yana yayıb getmisən.
De, bəlkə kiməsə uyub getmisən?
Mənim lal həsrətim dağdan da iri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Səni səsləyirəm hər addımbaşı,
Niyə ətəyindən tökmədin daşı?
Hələ də qurumur gözümün yaşı,
Bilmirəm ölüyəm, yoxsa ki, diri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
İndi üzü dönmüş bəxtə nə deyim,
Bu eşqi de, necə vəsf edim, öyüm?
Hardasa çatdımı sənə gileyim,
Bildinmi, baş alıb gedəndən bəri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Qaçdın gözlərimin yuxusu kimi,
Qəfildən bulandın axar su kimi.
Puç oldum bir ömrün arzusu kimi,
Ötüb-keçən anlar dönərmi geri –
Sinəmin ağrıyır sən olan yeri!

TOXUNMA DUYĞULARIMA
Geç olar ox çıxıb,gedirsə yaydan,
Yüz il ömür sürsə düzəlməz nadan,
Qoy yatsın oyatma şirin yuxudan,
Sən canın toxunma duyğularıma.!
* * *
Nə olsun əhdinı,andını danıb,
Məndə qalaq-qalaq izləri qalıb,
Könlumü qırdığın yadıma salıb,
Sən canın toxunma duyğularıma.!
* * *
Dönük bir sevginin olmaz əlacı,
Hər şirin vusalın,sonluğu acı,
Tənəli baxışı atıb qıyğacı,
Sən canın toxunma duyğularıma.
* * *
İndi yadlar kimi kənar olmuşuq,
Nəmli kipriklərdən axar olmuşuq,
Bəlkə lap əzəldən elə buymuşuq,
Sən canın toxunma duyğularıma.

AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ
Qürbət eldə sevdim, sirdaşım oldu,
Həm çiçəkli yazım, həm qışım oldu.
Bəs, niyə çevrilib göz yaşım oldu,
Danıb öz əhdini, unutdu məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Ərşə qalxan kimi naləm-harayım,
Döndü qəm-kədərə hər günüm, ayım.
Qəfil əldən getdi qismətim-payım,
Bilmirəm heç niyə tez atdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Axırda bildim ki, yoxmuş vəfası,
Gözümdə zülmətə döndü səfası.
Dağdan da ağırmış demə cəfası,
Vara-dövlətəmi o, satdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir vaxtlar gözünün sildim yaşını,
Bahara çevirdim qarlı qışını.
Bəs, niyə üstümə çəkib “qoşunu”,
Aldada-aldada fırlatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Seymurun qəlbini tutmadan dilə,
Neçə arzusunu çevirdi külə.
Niyyəti nəyimiş, bilmirəm hələ,
Dilim gəlmir deyəm, yaşatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir quru salamla xatirə oyat,
Hərdən yoxuma gəl,başımı aldat,
Demirəm bir yolluq qəlbindən sök ,at,
Sən canın toxunma duyğularıma.

TALESİZ QADIN
Halına ürəkdən yanıram sənin,
Üstündən çəkilmir dumanın-çənin.
Sığışmır qəlbinə dağ boyda qəmin,
Döndünmü köləyə əlində yadın –
Puç oldu hər anın, talesiz qadın?!
* * *
De, niyə bəxtindən yarımadın sən?
Sevginlə bilikdə qarımadın sən.
Bir körpə saçını daramadın sən,
Qaldın arasında suyunan odun –
Bağlandı hər yanın, talesiz qadın!
* * *
Zülmətdə qərq oldu arzun-diləyin,
Nanə yarpağıtək əsdi ürəyin.
Baş əydin hökmünə acı küləyin,
Doyunca duymadın sevincin dadın –
Sızladı hey canın, talesiz qadın!
* * *
Hər yetən gəc baxdı üzünə sənin,
Elə hey qar yağdı izinə sənin.
Dərd-qəm kölgə saldı gözünə sənin,
Tənə yeri oldu tərsin-avandın –
De, varmı ünvanın, talesiz qadın?!

ÜRƏK OĞRUSU
Mən nankor sevgindən necə söz açım?
Necə söhbət edim ürək dolusu.?
Fikrinlə yaşarkən haraya qaçım?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Nə unuda billəm, nədə ki, ata,
Dolanıram dərdə mən bata-bata,
Nə idi günahım axı dünyada?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Əhdini danaraq andını pozan,
Sözü söz eyləyib kəlməni yozan,
Tərk edib getməyin bu qədər asan,
Söylə ?
Məni məndən edən ürək öğrusu .!
* * *
Sən getdin, sinəmdə sızladı qəlbim,
Artdı yoxluğunda, çoxaldı dərdim
Ömrümə bəs niyə gəlmişdin mənim?
Söylə!
Məni məndən edən ürək oğrusu!
* * *
Seymuru tərk etdin yol yarısında,
İnləyir bitən bu eşqin yasında,
Axtarım dünyanın bəs harasında?
Söylə-
Məni məndən edən ürək oğrusu.

GƏLMƏ
Qara saçlarıma qarlar ələnmiş,
Həyatın sınağı yaman çətinmiş,
Qamətim bükülmüş,qəddim əyilmiş,
Çarəsiz halımı biləndə gəlmə.!
* * *
Qaysaq bağlayıbdı qəlb mamırlanıb,
Xəyalım yıxılıb,uçub talanıb,
Gördüyün bənizdən əsər qalmaıb,
Anam göz yaşımı siləndə gəlmə.!
* * *
Yazdım necə kərə cansız kağıza,
Söz oldum dillərə,düşdüm ağıza,
Bir zaman vurğundum, yaza,payıza,
Ağac yarpaqların tökəndə gəlmə.!
* * *
Üstümə üstümə gəlir,zaman il,
Silə bilirsənsə,gəl qəlbimdən sil,
Mənim təbiətim dəyişkən deyil,
Nadanlar halıma güləndə gəlmə.
* * *
Bu yolda nə çəkdi,nə çəkdi Seymur,
Etmədi bir kərə,etmədi qürur,
Gəlirsən indi gəl,son arzum budur,
Gözlərim yumulub öləndə gəlmə.!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – NƏDƏNDİ

 Zaur USTAC

NƏDƏNDİ
Yanağına qəmzə atan gülüşün,
Ürəyimə nizə atır nədəndi?!
Ədasıyla meh gətirən yerişin,
Ürəyimi közə atır nədəndi?!
* * *
Sən gələndə yoxa çıxır dərd, ələm
Cismim dəftər olur, ruhumsa qələm,
Bir baxış atəşli gözümə məlhəm,
İynə tək dizimə batır nədəndi?!
* * *
İstədim deyəm ki, olasan agah,
Mat qaldım, bu işə özüm də Billah,
Ustacın işləri Vallahi dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YEL

 Zaur Ustacın şeiri

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021-Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ NOYABR SAYI İŞIQ ÜZÜ GÖRÜB

Yazarlar jurnalının noyabr sayı şanlı Zəfərimizə həsr olunb.

BU  SAYIMIZDA:

Baş  redaktordan…………………………………………..3

Sona Abbasəliqızı (İsmayılova). Məhəbbətin gücü..4

Zaur Ustac. O şeiri bir də söylə Ərdoğan……………9

Qismət Tağıyev. Bədbəxt………………………………..19

Səma Muğanna. Tanrı əmanətinin göz yaşları…..47

Ülvi Aydın. Şeirlər………………………………………….50

Nuranə Rafailqızı. Şeirlər………………………………..52

Aytac İbrahim. Altıncı sinifdə oxuyurduq……………58

Boluslu Anar Əlioğlu. Şeirlər……………………………60

Aqşin Hacızadə.Şeirlər…………………………………..63

Samir Mustafayev. Şeirlər……………………………….67

Mövlud Ağamməd. Şeir…………………………………..70

Əsgər Ordubadlı. Şeirlər………………………………..72

Zaur Ərmuğan. Şeirlər…………………………………..75

Zaur Ustac. Şeirlər……………………………………….81

Şahnaz Şahin. Səmimi söhbət……………………….87

Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları!  Bizim yalnız bir məqsədimiz  var ki, o da Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada  məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit,  dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93 

“YAZARLAR, ANCAQ YAZARLAR…”  © YAZARLAR

Texniki redaktor: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! – ZAUR USTAC

ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru