Şairin xoşbəxt uşaqları ilə birlikdə qayığa minirəm və bir quş kimi mavi dənizin üstündə uçuram.
Divanu Lügati’t Türkdə “təniz” olaraq adlandırılan bu mavi dünya, hansı şairi arxasınca aparmadı ki?
Tevfik Fikrət:
“Bir çocuk ruhu kadar şimdi münevver, lekesiz, Uyuyor mai deniz”.
Yahya Kamal:
“Yürü! Hür maviliğin bittiği son hadde kadar! İnsan, alemde hayal ettiği müddetçe yaşar”.
Orhan Vəli:
“Bakakalırım giden geminin ardından Atamam kendimi denize, dünya güzeli Serde erkeklik var, ağlayamam!”
Yalnız onlarmı? Cahit Sıtkı, Fazıl Hüsnü Dağlarca, Edip Cansevər, Turqut Uyar həmişə əbədiyyət, azadlıq və ya dənizin mavisində sevgililərinin gözlərini axtarmışlar. Mistik şair Nacip Fazıl təqvim vərəqindəki şəkildən mavi dənizi axtarır:
“Yüzüme o resimden, Köpükler vurdu sandım. Duymuş gibi tıkandım, Ciğerimde bir yosun. Artık beni kim tutsun. Denizler oldu tasam, Yakar onu bulmazsam!”
Laçında doğulan, amma dənizin mavisində eşqin rəngini görən şair Nazim Əhmədli də, Türkiyədəki şairlər kimi, eşqinin fəryadını dənizlə bölüşür:
“ruhum əsir oldu, harda, babam diksindi, məzarda; ürcah oldum, uzaq yurda, sevdim, uzaq bir dənizi”.
Uzaq dənizlər əslində, əlçatmaz arzulardır. Keşiş atası ilə birlikdə itən Əslilər, dəyişən və pisləşən bir dünyada yenidən doğulmaq arzusundadırlar. Həssas qəlbi olan şair, nəinki uzaq dənizi sevir, həm də göyə baxır, buludlarla danışır və xəyal dünyasında gələcəyin gözəl günlərini bir bostan kimi əkir:
“göydə bulud ləliyir, damcı-damcı çiləyir; fələk tumu ələyir, mən də, bostan əkirəm;”
Nədənsə, hər dəfə Nazim Əhmədlinin şeirlərini oxuyanda ağlıma alman şairi Rilke gəlir. O da, solğun və utancaq sətirləri ilə şeirlərində şəkillərə fərqli mənalar verirdi. Simvolik reallıq, ən sadə formada, fərqli mənaları görünən varlıqlara aid etməkdir. Bir çiçək, bir uşaq və ya əsən bir külək, axan su, bir dağ zirvəsi Rilke və ya Nazim Əhmədli kimi şairlərin gözündə tamamilə fərqli formalar alır:
“daşı, ağacı qara, göyüzü para-para; suyu çəkilib hara bir ölü dənizi var;”
Nazim Əhmədlinin şeirlərində zaman-zaman xalq şeiri üslubuna yaxın şeirləri də görmək mümkündür. Onun bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, XVII əsrin böyük şairi Qaracoğlandan oxuyuram:
“gəl gizlicə çıxıb gedək, bağçanızın gül yerinə; mənə bir şeir bəstələ, oxuyaq, bülbül yerinə;”
Sözlər öz yerindədir, axıcıdır və musiqisi ilə insanlara rəhbərlik edir. Belə sadə görünən çətin şeirləri yalnız ustad şairlər həyata keçirə bilərlər. Qısa müddət əvvəl şair Nazim Əhmədlinin “Uzaq dənizi sevdim” kitabı Almaniyada nəşr olundu. Yusif Savalan kitabdakı qırx şeirin səkkizini tərcümə etmişdir. Qalan 32 şeiri mən tərcümə etdim və türkoloq K.H.Kielin redaktəsiylə kitab çap olundu.
Nazim Əhmədli alman dilində nəşr olunan kitabında uzaq ölkələrdən, uzaq dənizlərdən və itkin sevdiklərindən bəhs edərkən, uşaqlıqda yaşadığı kəndin görüntüsünə diqqət çəkir. Onun hər şeirində uşaqlıq həsrətinin səsini eşitmək və görmək mümkündür. Kitabda əsasən təbiət, sevgi və mistisizm mövzusunda şeirləri olan şair Əhmədli insan ruhunu əhatə edən şeirlərində çox uğur qazanır. Şeirlərində işıq, ümid və gələcəyə inam onu bədbin bir ümidli şairə çevirir. Onda təbiətin rəngi daxili duyğularla qarışıb. Sevgi haqqında danışarkən, təbiətin daxili sistemindəki harmoniyadan daha çox simvolları nəzərdə tutur.
Şairin ana dilinə olan sevgisi yüksəkdir. Hisslərini şeirlə ifadə edərkən dili olduqca səlisdir. Zaman zaman yerli dildən istifadə edən şair, şeirlərinin bu şəkildə yadda qalmasını da asanlaşdırır. Bəzən bir güllə sanki insanla danışır kimi danışır. “Çiçəklər yetim qaldı” şeirində bir bitkinin şeirin axıcılığında özünü necə ifadə etməsi heyrətləndiricidir:
“deyir, nə dərdim qalıbdı, külək bir ötüm qalıbdı; çiçəklər yetim qalıbdı, bulud naxır-naxır gedir;”
Torpağın, çiçəklərin, böcəklərin və quşların dilində danışan şair tez -tez gözlərini özünə çevirir:
“bilmirəm, nədir bu səs, içim boşca bir qəfəs; min ildi, nəfəs-nəfəs, canımı bir dərd sökür;”
Əminəm ki, alman oxucular da Azərbaycandan gələn bu yəni melodik səsi eşidəcəklər.
İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim
həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”
Beş gündür ki, İstanbulun məşhur Sirkəci meydanında Uluslararası Dərgi günləri keçirilir. Türkiyədən və Türkiyənin hüdudlarından kənardan yüzlərlə dərginin qatıldığı bu fuar yazar Asım Gültəkinin əziz xatirəsinə həsr olunub. Asım Gültəkin Türk ədəbi mühitində sadəcə bir yazar olaraq deyil, özəlliklə gənclərin dərgi çıxarması üçün çalışan, gənc qələm adamlarını dərgilərdə yazmaq üçün yönləndirən və eyni zamanda fuarların keçirilməsinə öncülük edən bir isim kimi tanınmaqda və rəhmətlə anılmaqdadır. Dünya Dərgilər Birliyi (DERGİBİR) tərəfindən düzənlənən fuarda böyük Ahmet Kabaklının mənəvi mirası kimi əziz bildiyimiz, bu il 50-ci ildönümünü qeyd edəcək “Türk ədəbiyyatı” dərgisi də iştirak edir.
Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir.
Ahmet Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi ədəbi-elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır.
Yarım əsrlik tarixi və zəngin ədəbi ənənələri olan dərgiyə yarım ildir ki, Ədəbiyyatımızın fədakar dostu və təbliğatçısı İmdat Avşar redaktorluq edir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır.
Görüşlərin birində azərbaycanlı müxbir sayın baş redaktora belə bir sualla müraciət edir: “İmdat bəy, sizin yaradıcılığınızı izlədikcə Türkiyə, Azərbaycan, Qazaxıstan və eləcə də digər türk dövlətlərindən çoxsaylı mükafatlarla ödülləndirildiyinizi müşahidə edirik. Zəhmətlərinizin bəhrəsi olan bu mükafatlar hamısı Sizin üçün eyni doğmalıqdadırmı, yoxsa özəl olaraq ayrıca dəyərləndirdiyiniz biri varmı?”
Bədii yaradıcılığı, tərcüməçilik və redaktorluq fəaliyyəti ilə çağdaş türk ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik fikrin formalaşmasında misilsiz xidmətləri olan İmdat Avşar müxbirin sualına belə cavab verir: Bəli, mən bu günə qədər Türk dünyasından çoxlu sayda mükafatlar almışam. Fəqət “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim mənim həyatımda aldığım və ömrüm boyu şərəflə daşıyacağım ən qiymətli medalımdır…”
Dəyərli baş redaktorun ruh yüksəkliyi ilə verdiyi bu cavab gördüyü işinə təkcə peşəkarlıqla deyil, həm də bu şəkildə qutsal bir görəv kimi yanaşması İmdat Avşarın hər addımıyla “Türk ədəbiyyatı”na böyük məsuliyyət və ədəbi vicdanla xidmət edəcəyindən xəbər verir.
Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir.
Vəqfin başqanı dəyərli Sərhat Kabaklının və baş redaktor İmdat Avşarın gənc nəslə böyük etimad, qayğı və diqqətinin nəticəsidir ki, dərginin redaksiya heyəti əsasən, gənclərdən ibarətdir. Belə istedadlı gənclərdən olan Səadət xanım Örməcinin bu aydan etibarən Yazı İşləri Müdürü vəzifəsinə atanması da söylədiklərimizin bariz nümunəsidir. Gənclərin əlindən tutmaq, onların içində özgüvən yaratmaq, böyük işlər görəcəyinə inandırmaq və böyük işlər görməsi üçün meydan vermək yüksək insani məziyyətdir ki, bu mənada Sərhat bəyin, İmdat bəyin addımları olduqca təqdirəlayiqdir.
Hər bir sayından Azərbaycan elm və qələm adamlarının yaradıcılığına xüsusi yer ayıran “Türk ədəbiyyatı”nın Eylül (sentyabr) sayının Nizami Gəncəviyə həsr olunması elmi və ədəbi mühitimizdə böyük maraq və alqışla qarşılandı. Sentyabr sayının mətbuatımızda hələ də müzakirə mövzusu olduğu bir vaxtda oktyabr sayı oxucuların görüşünə gəldi. Payızın soyuğunu səhifələrinin istiliyi ilə unutduran və hər səhifəsində oxucunun gözləri önündə yeni pəncərə açan oktyabr sayı bizi Türk sənət dünyasının nadir bir İncisinin yaradıcılıq dünyasına səyahət etdirir.
1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “dövlət sənətçisi” adına layiq görülən, “Dərdli bülbül” (1957), “Son nəfəs” (1958), “Qadın əsla unutmaz” (1968), “Ayrılıq” (1972) və s. kimi çoxsaylı filmlərin musiqisini hazırlamış, səs rəngini heç zaman itirməyən, türk klassik musiqisinin bənzərsiz ifaçılarından olan İnci Çayırlının Haqqa yürüməsinin ardından bu sayın onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə İnci xanımın Türk mədəniyyətinə bəxş etdikləri kimi kompozisiya təsiri bağışlayır. İnci Çayırlı dosyasını hazırlayan Osman Nuri Özpekelin və digər sənət dostlarının İnci xanıməfəndiyi doğma və unudulmaz xatirələrlə anması, yetirmələrinin sənətkarı “mənəvi Ana” kimi yad etməsi, qızı Canan Atalayın isə ona həm ata, həm ana, həm dost, həm sirdaş olan çiləkeş valideyninin ruhu qarşısında qələmə aldığı son dərəcə kövrək və səmimi yazısı bizim təsəvvürümüzdə İnci xanımın bir rəssam həssasiyyəti ilə çizilmiş fədakar Ana, böyük Müəllim, istedadlı sənətkar, anı yazarı və ən əsası ömrünü ləyaqətlə yaşamış mətin bir Cumhuriyyət qadını obrazını yaradır.
Milli düşüncəli ziyalı İsa Kocakaplanın Mehmet Kurtoğlu ilə “Mehmet Akif və İstiqlal marşı” mövzusunda son dərəcə maraqlı müsahibəsi Mehmet Akif şəxsiyyətini müxtəlif istiqamətlərdə dəyərləndirməklə yanaşı bu il Türkiyədə elan olunan “Mehmet Akif və İstiqlal marşı ili” çərçivəsində zamanla səsləşən mövzu olması baxımından da aktualdır. Yeri gəlmişkən, bir məqamı vurğulamaq vacibdir ki, dəyərli alim İsa Kocakaplanın sözügedən mövzuda “İstiqlal marşı və Mehmet Akif Ersoy” kitabı 1999-cu ildən bəri Türkiyədə müxtəlif yayın evlərində dəfələrlə nəşr olunmuş, böyük marağa və müzakirələrə səbəb olmuşdur.
“Özbək şairi Erkin Vahid” məqaləsinin müəllifi Selahattin Tolkun son yüz ildə özbək poeziyasının yetirdiyi istedadlı nümayəndələrdən olan, əsərləri geniş xalq kütləsi tərəfindən oxunan və şeirlərinin bir çoxuna mahnı bəstələnən Erkin Vahidin yaradıcılıq yoluna işıq salır.
İsmayıl Alper Kumsar Ahmet Hamdi Tanpınarın indiyədək çap olunmuş əsərlərinə daxil olmayan “Münəvvər kimdir?” və “Kıyasıya para harcayanlar” adlı iki yazısını gün üzünə çıxararaq təhlil edir,Tanpınarın sanki bu günü görərək özünə ünvanladığı suallara verdiyi cavablar oxucuda böyük maraq doğurur.
Mahir İzə həsr olunmuş “İllərin İzi” adlı bioqrafik yazısında isə Şaban Kumcu Mahir İzin fitrətindəki müəllimlik istedadının və pedaqoji fəaliyyətinin maraqlı tərəflərini incələyir, onun dərslərində İstiqlal marşına, Çanaqqala şəhidlərinə həsr olunmuş şeirləri tələbələrinə öyrətməsi ilə ideoloji düşüncə və mənəvi dəyər aşılamağa, idrak və şüur qazandırmağa çalışdığını vurğulayır.
Ali Bilgenoğlu “Mehmet Akif İnanda Qərbliləşmə tənqidi və ənənənin mühafizəsi” yazısında Türk batılılaşması və çağdaşlaşma kimi məsələlərin ideoloji mahiyyətini təhlil edir.
Tanınmış türkoloq Camal Şafak Türklərin yayılmış olduğu arealın təbiətini, coğrafiyasını, abidələrini öyrənən Təhsin Parlakın gördüyü işlərin Türk dünyası üçün əhəmiyyətindən və bizə aid olmadığını zənn etdiyimiz bəzi mənəvi dəyərlərin Təhsin Parlak sayəsində bizə aid olduğunu öyrəndiyimizi ortaya qoyan, orijinal faktlara söykənən “Türküstanda Kıran gözlü bir sirdaşım qaldı” adlı olduqca maraqlı bir araşdırma yazısı ilə çıxış edir.
Gizem Ece Gönül Murathan Munganın “Hamamnamə” əsərində adət-ənənələrin və mənəvi dəyərlərin axtarışıyla əsrarəngiz bir sonuca varan Nagəhan Uçan Ekenin “Suyun yaddaşı” əsərini təhlil edərək bir əsərin fonunda digər əsərin panoramasını oxucuya təqdim edir.
Mehmet Ali Talayhan “Goygoyculuk” adlandırdığı araşdırma məqaləsində Məhərrəm ayında qapı-qapı gəzərək İmam Hüseyn və İmam Həsən üçün mərsiyələr söyləyən, qəsidə və ilahilər oxuyan goygoyculardan söhbət açır.
Nəsr bölümündə Zübeyde Andıç “Hesablaşma”, İrfan Uğur “Odda bitən dostluq”, Rukiye Aydın “Beli bükük ilə məzar daşı” hekayələri ilə oxucuların göüşünə gəlir. Poeziya bölümündə çağdaş Azərbaycan şeirinin istedadlı yaradıcılarından olan Qulu Ağsəsin “Sən və Mən” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Həmçinin Timur Kocaoğlu, Abdulmukaddes Kutlu, Mustafa Ruhi Şirin, Ziya Karatekin, Uğur Demirel, Ahmettahsin Erdoğan, Saygın Akanyeti, Mehmet Baş, Hayrettin Durmuş, Ahmet Suvacı, Rıdvan Yıldız şeir çələngi ilə oxucuları salamlayır.
Akademik Ziya Avşarın nəşrə hazırladığı “Yunus Əmrə “Nəsihətlər” kitabı (“Risaletün-Nüshiyye”), Mustafa Özçelikin “Bana Seni gerek Seni”, Altın İşıkın “Ziya Gökalp” və İmdat Avşarın redaktorluğu və ön sözüylə işıq üzü görən Ülkü Olcayın “Düş ertesi” və sair kimi Türk ədəbiyyatı Vəqfində yenicə yayınlanan kitabların üz qabığının rəsmi və haqqında kiçik annotasiyaların dərginin müxtəlif səhifələrində yer alması oxucuda ədəbi ortamı izləməyə geniş imkan yaradır.
Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, anı yazısının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın Ekim (oktyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!
Məqalədə xüsusilə son iki onillikdə mətbuatda, eləcə də KİV-də əsassız olaraq özünə çox qəribə tərzdə yer tapmış, ancaq müəyyən məqamlarda heç də yerində işlədilməyən “hekayə” anlayışından bəhs olunur.
Diqqətə çatdırılır ki, hekayə – bədii ədəbiyyatın janrlarından biri, yazıçı fantaziyasının ərsəyə gətirdiyi ədəbi-bədii əsərdir. Başqa sözlə, bədii təxəyyülün məhsulu olub yazıçının həyati müşahidələri nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Fikrin təsdiqi üçün “APB-24” TV-də və İnstaqramda yayımlanmış video-lentlərdə səslənən (və yazılan) cümlələr diqqətə çatdırılır. Qeyd olunur ki, hər hansı məhsulun reklamında, eləcə də canlı insanın əmək fəaliyyətindən bəhs olunduğu halda, fikrin “bu bizim hekayəmizdir” tərzində ifadəsi yolverilməzdir.
Tövsiyə olunur ki, belə olan halda “hekayət” anlayışından bəhrələnmək məqsədəuyğundur. O üzdən ki, hekayət hər hansı bədii əsər, ədəbi janr deyil, “hər hansı əhvalatı danışmaq”, “sərgüzəşti söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədilən istilahdır. Hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
ARAŞDIRMA
2015-ci ilin yaz ayları idi. Sidq ürəklə özümə doğmalaşdırdığım uşaq ədəbiyyatı bilicisi Füzuli Əsgərli yeni kitabının siqnal nüsxəsini nəzərdən keçirirdi. Kitab belə adlanırdı: “Bir alim ömrünün hekayəsi”. Soruşdum: “Uşaqlar üçün hekayələr toplundu?”.
“Yox, öz yaradıcılığımla əlaqəli kitabdı”.
Nə sənə-nə mənə, qələm götürüb kitabın üz qabığında redəktə işi apardım (hərdən məndə belə qəfil gedişlər olur): “Bir alim ömrünün hekayəti”.
Fikrimi əsaslandırmağa çalışsam da, əvvəl-əvvəl razılaşmadı, hətta mübahisəyə də girişdi. Sonda barışdırıcı mövqeni mən tutdum: “Eybi yoxdu, kim irad tutsa, töhməti yönəldərsən mənim üstümə”.
Və kitab bu adla da nəşr olundu.
Bu gün mənim kitab rəfimdə Füzuli müəllimin “Bir alim ömrünün hekayəti” adlı bu yadigarı da qorunur. Həm də öz imzası ilə, “xoş arzularla” ürək sözü ilə. Kitabın titul səhifəsində yazılıb: “Bu kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinn elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradıcılığı haqqında yazılan məqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri toplanmışdır”.
Sizcə bu məzmunda kitab “hekayə” adlandırıla bilərdimi?..
***
…Bəzən belə də olur ki. söz sahibi fikrini ifadə etmək üçün lazımi istilahı tapa bilmir və necə deyərlər, “çulunu sudan çıxartmaq üçün” “hekayə” istilahından bəhrələnir. Məsələn, ARB dedi: “Hər birimizin öz hekayəsi və [nəyi isə (deyilən ifadəni unutmuşam)] var” [ARB TV. 17.09.2021]
Fikrinizcə, burada “hekayəsi” istilahı hansı mənanı ifadə edir?
Sizi bilmirəm, şəxsən mən hər hansı mənanı yaraşdıra bilmədim.
…Hətta iş o yerə çatıb ki, poeziyadan təsəvvürü olmayan…
Senzuranın götürülməsi – “azad sözə meydan verilməsi” deməkdir, daha “ağzına, ağlına gələni yazıb tamaşaçıya, dinləyiciyə, oxucuya zorən həzm etdir” demək deyil.
Təəssüf ki adi söz düzümlüyünə layiqliyi yetməyən kəlmələri yanaşı düzüb, ona “şeir” adı qoyanlar var, Yazan yazmışdı, cəhənnəm, hətta bəstəçi də özünə hörmət qoymayıb bu kəlmələrə musiqi yazıb (etiraf edim ki, musiqi həqiqətən gözəldir). Bu da cəhənnəm. Bu cütlüyün bu eybindən onların özündən və bir-iki tanıdıqlarından savayı kimsə xəbardar olmayacaqdı. Nəğməni axı müstəviyə çıxaran, kobud desəm, bu kəlmələri aləmə faş edən var, hansı ki, adına “müğənni” deyirlər. Mənə ağır gələn o oldu ki, 10 yaşından tanıdığım, “Ahu kimi” xalq mahnısı ilə Dövlət Radiosunun “Nəğməli-sözlü gənclik” verilişində səhnə həyatına debüt edən, sonrakı addım-addım uğurlarından qürurlandığım Gülay Zeynallı (Qədirova) bu sözləri nəğmə mətni olaraq qəbul edib xalqa niyə təqdim edirdi?! Cəhd göstərsəm də, adını öyrənə bilmədiyim video-lenti 2021-ci ilin 18 sentyabrında instaqramdan dinləmişəm.
Həmin nəğmənin instaqramda səslənən hissəsinin mətni mühakimənizdə. Diqqəti “hekayə” istilahına yönəltmənizi xahiş edirəm:
Çıx gəl, qovuşacaq hamı,
Bu gündən barışacaq hamı,
Bizdən danışacaq hamı.
Dil-dişə düşə şayiələr.
Gör bir nə zəmanədir,
Aşiq dəli-divanədir,
Səndən mənə nişanədir,
Belə yaranır hekayələr.
Vurulub ürəyim bu gözəlliyə.
Hara baxıramsa, ordan səni görürəm.
Xəyalın gözümün önünə keçib dayanır (b)
Sənə toxunum deyə,
Yadına yaxınam deyə.
Sizcə, burada “hekayə” nə deməkdir?
… “2021-ci ilin avqustunda elə bir ünvanda oldum ki, orada ARB kanallarından savayı heç bir TV göstərmirdi. 10 günüm “ARB-24”-ü izləməkdə və DVD-nin köməyi ilə filmlərə baxmaqda keçdi.
“ARB-24” dedi: “Bu, bizim hekayəmizdi. Bizim böyük hekayəmiz kiçik kəşflərdən başladı. Təbii məhsullarımızla Azərbaycanımız üçün 23 ildir fəaliyyətdəyik…”. Və s. (24.08.2021-ci il, saat 07:54).
Qəribədir, “ARB-24” hansı isə məhsulun reklamını edir və özünün təqdimat tərzini “hekayə” adlandırır.
“Hekayə” ifadəsi, təəssüf ki, şifahi və ədəbi dilimiz üçün daim nümunə olan AzTV-də və digər TV aparıcılarının da dilində (“Rezonans” verilişində də, hörmətli Zaur Baxşəliyevin nitqində də bu ifadə ilə qarşılaşmışıq), həmçinin instaqramda da işlənməkdədir.
İnstaqramda qadının restoranda stol arxasında əyləşən saçları ağarmış kişinin görüşünə gəldiyi görüntülənir. Kövrək baxışlarla baxışırlar. Video-lentin üzərində bu kəlmələr yazılıb: “50 yıllık aşk hikayesi”.
…Başqa bir instaqram lentində jurnalistlə müsahibinin dialoqu görüntülənir:
Müsahib: – Her kesin bir hikayesi var.
Jurnalistin müdaxiləsi: – Kimse kimsenin şurasını bilmiyor.
Müsahib: – Üzümüz gülüyor. Amma içeridə nə oldu, bir yuxarıda ki, bir kendimiz biliyor. [İnstaqram. 28.08.2021-ci il, saat 22:35].
Yaxud, “500 manata evini satıb əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi – qadını gecəyarısı küçəyə atıblar” [İnstaqram.04.09.2021-ci il];
Və yaxud, “Express.xeberler” yazdı: “Bir xoşbəxt ailənin acı hekayəsi…”. Məqalədə Peyman Sadıqovun ailəsində baş verənlərdən bəhs olunur [İnstaqram. 04.09.2021-ci il];
“11 yaşında narkotikin qurbanına çevrilən qızın dəhşətli həyat hekayəsi” (“Express.xeberler” 22h. İnstaqram, 21.09.2021).
Sizcə, bu kimi məqamlar üçün əslində hansı istilahın işlədilməsi məqsədəuyğun olardı: “hekayə”, yoxsa “hekayət”?
Ədəbiyyatşünas Rafiq Yusifoğlu yazır ki, “hekayə – epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözləri ilə desək: “Şifahi xalq ədəbiyyatında nağıl nədirsə, yazılı ədəbiyyatda da hekayə odur” [3. s.193]. “Rus ədəbiyyatında “рассказ”, italyanlarda “novella” deyilən bu janr əsasən realist bir əsərdir. Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir verilir”, – yazırlar Mir Cəlal ilə Pənah Xəlilov [2. s.143].
“Hekayədə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur, obrazların sayı elə də çox olmur, yazıçı, əsasən, bir surətin həyat və taleyindən, konkret bir hadisədən danışır” [4] və [5].
“Hekayət” termininə isə, internet resurslarında hər hansı bədii əsər növü deyil, “əhvalat”, “sərgüzəşt”, “qəziyyə”, yaxud “danışmaq”, “nəql etmək”, “söyləmək” anlamlarında işlədilən istilah kimi izahat verilir [6], [7] və [8]. Ağamusa Axundova isə, “hekayət” – “əhvalat”, “sərgüzəşt”, “hekayəçi”, “hekayəçilik (peşə)” mənalarını daşıyır [1. s.124].
Məsələn,
Mən çəlik ürəkli bir yeni gəncəm,
Dildən-dilə düşmüş hekayətim var
(Mikayıl Müşfiq).
“Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı” (Mehdi Hüseyn).
Fikrimizcə (ədəbiyyat bilicilərinin mülahizələrindən də bu, belə görünür), hekayə – bədii təxəyyülün məhsulu olub yazıçı fantaziyasının həyati müşahidələr nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Hekayədən fərqli olaraq isə hekayət – yazıçının yaradıcı təxəyyülünün məhsulu olan bədii əsər, ədəbi janr deyil, hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
TƏKLİF
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsinin 1975-ci il məzunlarındanam (1969-1975). Bizim zamanımızda jurnalistikanın janrları sırasında “hekayət” adında janr yox idi. İndi də belədirsə… Mənə elə gəlir ki, “hekayət”i jurnalistikanın janrları sırasında görmək yanlış mövqe olmazdı.
NƏTİCƏ`dən sonra
nəticə
“Ədəbiyyat qəzeti”ndən (25 sentyabr 2021-ci il) ruhuma hopdurduğum misralar və “Həftə içi” qəzetində (09-15 sentyabr 2021-ci il) qarşılaşdığım “Səma Muqanna – yeni günəş” məqaləsindəki bir məqam mənə fərəh dolu duyğular yaşatdı…
Bu an üçün “nəhayət” istilahını işlətməyə bilmirəm. Nəhayət ki, axına qarşı çıxıb mənim arzuladığım anlayışı öz yerində-məzmununda işlədən tapılmışşdı, Həm də kim? Yaradıcılığına və şəxsiyyətinə xüsusi rəğbət bəslədiyim söz sahibi yazıçı-publisist Zaur Ustac.
Nəzərdə tutulan şeir belə adlanır: “O gün…”. Şəhid İlqar Mirzəyevin xatirəsinə həsr olunub:
Belə şanlı hekayət
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki.
“Uğurlu yol” qismində qələmə alınan məqalədən həmin məqam oxucu üçün: “Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır”.
Açar sözlər: hekayə, bədii əsər, hekayət, nəql etmək.
***
“HİKAYE” VEYA “HİKAYET”?
ÖZET
Makale, özellikle son yirmi yılda basında olduğu kadar Kitle İletişim Araçlarında da asılsız yer edinen, ancak açıklığa kavuşturulması gereken “hikaye” ve “hikayet” kavramları tartışılır. “Hikaye”nin kurgu türlerinden biri olduğu, yazarın hayal gücü ve fantezisinin ürünü olan edebi ve sanatsal bir eser olduğu inandırıcı bir şekilde doğrulanmaktadır. Bu nedenle, bir ürünün reklamını yaparken ve ayrıca yaşayan bir kişinin hayatı veya çalışmasından bahsederken, “bu bizim hikayemiz” ifadesi doğru degildir, bu durumda “hikayet” kavramının kullanılması tavsiye edilir.
“Hikaye” kavramından yerel-yersiz kullanıldığı üzüntüyle belirtilmektedir. Örnek olarak yazarın “APB-24” TV ve Instagram ile ilgili açıklamaları bir örnek verilir. Ve bu tür durumların genel olarak radyo ve televizyona, basına, Instagram’a ve sosyal ağlara erişim bulmaması tavsiye edilir.
İsrar ediliyor ki, “Hikaye” kavramı, sanatsal hayal gücünün bir ürünüdür, yazarın hayal gücünün, yaşam gözlemleri sonucunda görüntüyü genelleştirdiği ve çevresinde olup bitenler hakkında yazdığı yaratıcı bir üründür.
Hikâyet terimi ise yazarın yaratıcı hayal gücünün ürünü olan bir sanat eseri değil, “olay”, “macera”, “kaza”, veya “konuşmak”, “anlatmak”, “söylemek” anlamında kullanılan bir terim, Sanatsal düşüncenin süzgecinden geçirilmiş bir yaşam biçimi, insan yaşamının gerçek gerçeklere dayanan anlarının sanatsal yaratımda bir ifadesidir.
Anahtar kelimeler: hikaye, sanat eseri, hakkında konuşmak.
***
“STORY” OR “STORY” (“talk about”)?
ABSTRACT
The article discusses the concepts of “story” and “story”, which have been unfounded in the mass media as well as in the press in the last two decades, but need to be clarified. It is convincingly affirmed that the “story” is one of the genres of fiction, a literary and artistic work that is the product of the author’s imagination and fantasy. Therefore, when advertising a product, as well as talking about the life or work of a living person, the phrase “this is our story” is not correct, in which case it is recommended to use the concept of “story”.
It is sadly stated that the concept of “story” is used locally and inappropriately. As an example, the author’s comments on “APB-24” TV and Instagram are given as an example. And it is advisable that such situations do not find access to radio and television, the press, Instagram and social networks in general.
It is insisted that the concept of “Story” is a product of artistic imagination, a creative product of the author’s imagination, in which he generalizes the image as a result of life observations and writes about what is happening around him.
The term story, on the other hand, is not a work of art that is the product of the author’s creative imagination, but a term used in the sense of “event”, “adventure”, “accident”, or “talking”, “telling”, “telling”, a way of life filtered by artistic thought. is an expression in artistic creation of real factual moments of human life.
Keywords: story, work of art, talk about.
***
İstifadə olunan ədəbiyyat
1. Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-“Elm”-2005, 452 səh. İSBN 5-8066-1728-9.
2. Mir Cəlal, Xəlilov P. “Ədəbiyyatşünaslığın əsasları”. Bakı-“Maarif”- 1972, 296 səh.
SÖZÜN XƏTRİNƏ Qafiyə xətrinə şeir yazmadım, Yazsaydım, dəyərdi sözün xətrinə. Allahın verdiyi təb ilə yazdım, Dəymədim ağılın, gözün xətrinə. * * * Sözümü demişəm cəsarətimlə, Tanındım, sevildim fərasətimlə. Hamıyla davrandım ədalətimlə, Əyrilərdən keçdim düzün xətrinə. * * * Boluslu ucaltdı haqqın səsini, Ailədən alıb tərbiyəsini. Hər zaman qorudu səviyyəsini, Həyatda qoyduğu izin xətrinə.
QORXURAM Yeridiyim addımıma baxıram, Məzlumun bəd duasından qorxuram. Zülmət edər bu işıqlı dünyanı, Alimin bir xətasından qorxuram. * * * Haqqı desən sonsuz olar düşmanın, Düz əməli batil edər nöqsanın. İmanımı qarışdıran şeytanın,- anasından, atasından qorxuram. * * * Səhvlərimi təkrarlamam bir daha, Savabımı batırmaram günaha. Ümidimi bağlayıram Allaha, Bəndələrin Xudasından qorxuram. * * * Uzaq elə qəlbindən pis niyyəti, İnsan oğlu götürmədin ibrəti. Qəzəblənsə yağdıracaq lənəti, Yerin,göyün bəlasından qorxuram. Məzlumun bəd duasından qorxuram.
ÖLÜMÜ YOXDUR Başıma haranın daşını salım, Allahın bir ucuz ölümü yoxdur? Yaxamı qurtara dərdin əlindən, Günümü, ayımı, ilimi yoxdur? * * * Gözümdə kiçilib yaşamaq eşqi, Şərbət zəhər olub, hər gün içirəm. Mənəm-yer şumlayan qoca əkinçi, Möhnəti əkirəm, qəmi biçirəm. * * * Mən yaxşı görürəm qohumu,yadı, Yaxşını, yamanı bir-bir seçirəm. Mən sülh adamıyam, kiməsə görə,- Hətta öz dünyamdan belə keçirəm. * * * Tamaşa edirəm mən ruh halımla, Mənasız həyatın çalarlarına. Bünövrəsi yoxdur, daşı sökülüb, Bənna yox, daş qoya divarlarına. * * * Bəzən düşünürəm, şübhə edirəm, Nə üçün gəlmişəm Yer kürəsinə? Bircə istəyim var səndən İlahi, Cavab ver məzlumun batan səsinə.
VƏTƏN Qanlar tökülməsin sülh olsun deyə, Otuz il səbr etdik, bir təhər dözdük. Boş-boş danışıqlar fayda vermədi, Səbrimiz tükəndi düşməni əzdik, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Bütün dünya görsün qüdrətimizi, Yenilməz orduyuq, həqiqət budur. Qırx dörd gün ərzində biz qalib olduq, Dağıtdıq başından qara buludu, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Qısa vaxt ərzində bildilər kimik, Tanındı dostumuz, düşmənlərimiz. Səni təmizlədik yadellilərdən, Yaşıla qərq oldu çəmənlərimiz, Yeni tarix yazdıq tarixə, Vətən. * * * İcazə vermədik həddin aşmağa, Yekə danışanın kəsdik sözünü. İti qovan kimi qovduq onları, Sənə xor baxanın tökdük gözünü, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Səni borcumuzdur əziz tuturuq, İgid oğulların şirin canıyla. Böyük Yaradanın icazəsiylə, Səni Vətən edən şəhid qanıyla, Yeni tarix yazdıq tarixə, Vətən.
ATASAN Nanəcibi,şərəfsizi,alçağı, Birdəfəlik sil qəlbindən,at asan. Mehriban ol, şirin elə dilini, Nəyə lazım hərəyə söz atasan?! * * * Yaxşı dostu dar günündə an asan, Yaddaşında saxlayasan, anasan. Namuslunu anan kimi ana san, Qeyrətlini atan kimi ata san. * * * Müsibətə səbr elə nə saçın yol, Yolçulara ağır gəlməz çətin yol. Gənc nəsilə göstərginən doğru yol, Ay Boluslu axı sən də atasan.
YAR, GƏLMİŞƏM! Yar, bu gecə göz yaşımı şərbət kimi içib gəldim, Neçə zirvə aşıb gəldim, neçə dərə keçib gəldim, Gen dünyanı yana qoyub, dar qapını seçib gəldim. Dağdan uca qürurunu yollarında əyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Neçə yollar ayaqladım gah dolanbac, gah da haça, Uşaq kimi qucağına yüyürmüşəm qaça-qaça. Aç qapını! Nəfəsimdən cana gəlsin həyət-baca. Varlığına gizli-gizli güvənən mən, öyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * İnnən belə alovunun həsrətinə qızmayacam, Yağış kimi sətirləri pəncərənə cızmayacam, Yer tapmayıb, tavanından damla-damla sızmayacam. Külək deyil, misraları həzin-həzin deyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Gəlmişəm ki, əridən mən qəlbindəki buzu, qarı, Vücuduma hopduraraq, gətirmişəm ilk baharı, Qoy, ətirli çiçəkləri otağına dolsun barı. Qapınızı döyə-döyə, ürəyini yeyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Heç bilmədim, bu günədək ayrılığa necə dözdüm?! Bu həsrətdən, bu hicrandan sən də bezdin, mən də bezdim. Dəli könlüm, daha bəsdi Tanrı kimi tənha gəzdin! Bir ömürlük taleyinə göydən yerə enən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
QISQANDIM! Sən bəxtimin yazısı, xoş naxışı, Bahar etdin ömrümdəki qar-qışı. Bilirəm ki, çox sevirsən yağışı Hər damlaya, selə səni qısqandım! * * * İlmə-ilmə taleyimə toxunan, Xoş nəğməsən dodağımda oxunan. Oxşadığım tellərinə toxunan, Əsib keçən yelə səni qısqandım! * * * -Dönüb bu gün heç baxmadın üzümə… -Niyə qulaq kəsilmədin sözümə? Gah beləcə səbəb tapdım özümə, Gah da elə-belə səni qısqandım! * * * İncidəndə biri sənə döz, dedi, Biri yalan, biri doğru-düz dedi. Mənim kimi de, kim sənə söz dedi? Acı-şirin dilə səni qısqandım! * * * Günlər keçdi dava-dalaş, çarpışma. Gah incimə, gah küsülmə, barışma. Deyəmmədim, heç bir əldən yapışma, Hər tutduğun ələ səni qısqandım! * * * İstəyirsən sözlərimə gül daha, Açacağam sənə yeni sirr daha. Gül gətirmə, yarım, mənə bir daha! Əlindəki gülə səni qısqandım!
YERİNƏ Göz yaşını gizlin tökmə, Aşkar silləm siləninin yerinə! Gələn gəlmir, boynun bükmə, Durub gəlləm, gələninin yerinə! * * * Deyəcəyəm yorulmadan, Varım-yoxum sənə qurban! Ürəyimdən axsa da qan, Hər gün gülləm, güləninin yerinə! * * * Tükəndikcə səbr-dözüm, Dayaq olar sənə sözüm. Deməsən də, gülüm, özüm Dərdin billəm, biləninin yerinə! * * * Qəm üstünə kölgə salsa, Qəlbim durar gözün dolsa. Vallah, sənə rahat olsa Canım verrəm, öləninin yerinə!
QURBAN OLDUĞUM! Əlim yollarına açılı qalıb, Gəl, gözümün nuru, qurban olduğum! Ömrüm həsrətindən asılı qalıb, Könlümün qüruru, qurban olduğum! * * * Sən dərdli köksümdə kök salıb susan, İstədim dizinə baş qoyub, susam. Sanki, səhralarda bir damla susan, Dodağım qupquru, qurban olduğum! * * * Səsin Muğamların həzin havası, Qəmli segahımın qəmli avazı. Şirvan şikəstəsi, Bayatı-şirazı, Həm Rastı, həm Şuru, qurban olduğum! * * * Sənsən şair ruhum, yazmaq həvəsim. Cismimdə, canımda dönən nəfəsim! Hay saldım, Tanrıya yetışsin səsim, Ey haqqın zühuru, qurban olduğum!
YANDIRANDA Ürəyim döyünür əllərin əsir, Hicran qovhaqovda vüsal tələsir, Həyacan tıxanır lap nəfəs kəsir, Deyə bilmədiyin söz yandıranda! * * * Gözündə qığılcım alışır sönür, Gündüzün bir anda zülmətə dönür, Solur yarpaq kimi alışan könül, Həsrətdən içini köz yandıranda! * * * Gözlər gah ağlayır gahda ki gülür, Həsrət göz yaşını əllərin silir, Nələr çəkdiyini tək ürək bilir, Çəkə bilmədiyin naz yandıranda! * * * Çox zaman fələyin gərdişi sərtdir, Sevən bir ürəyə sağalmaz dərddir, Ülvinin çəkdiyi lap müsübətdir, Sevib almadığı qız yandıranda.!
LAYLA DE MƏNƏ İzin ver başımı dizinə qoyum, Layla de, əzizim,layla de mənə. Təki hər günümüz beləcə keçsin, Layla de, əzizim, layla de mənə, * * * Baxdıqca ay kimi hüsnü-camala, Dalım gözlərində şirin xəyala. Şirin vüsalından sal haldan-hala, Layla de, əzizim, layla de mənə. * * * Sığal çək saçıma könlüm açılsın, Günəştək şəfəqi elə saçılsın, Aradan həsrətin səddi uçulsun, Layla de, əzizim, layla de mənə. * * * Sən ol dərdlərimin çarə həkimi, Götür üstümüzdən hicran yükünü, Sən Allah,bacarsan lap anam kimi, Layla de, əzizim, layla de mənə.
YAS TUTUR…
İçimdə ağladım gülə bilmədim, Dərdimi heçkimlə bölə bilmədim, O gəlin köçəndə niyə olmədim?! Onsuz bu həyatda yaşayım necə?! * * * Ən saf duyğularım çırpıldı daşa, Hisslərim mənimlə durdu savaşa, Çırpılıb,çevrildim qəfəsdə quşa, Onsuz bu həyatda yaşayım necə?! * * * Tavana dikilir gözüm hər gecə, Yas tutur qəlbimdə ölən sevincə, Gözümün yaşını silib gizlicə. Onsuz bu həyatda yaşayım necə?!
TÖVBƏ…
Zər-ziba geyinə bu yerin üzü, Tövbə, bu dünyaya bir də gəlmərəm. Şah olacam,taxta sahib olacam, Tövbə, bu dünyaya bir də gəlmərəm. * * * Çirkinlər gözümdə dönə göyçəyə, Tutula hər günüm gülə,çiçəyə, Yalanlar bir anda dönə gerçəyə, Tövbə, bu dünyaya bir də gəlmərəm. * * * İnsanlar can deyə can da eşidə, Barmaqlar bir ola, hətta beşi də. Dil açıb danışa dağı, daşı da, Tövbə, bu dünyaya bir də gəlmərəm!
DAĞLARA-DAĞLARA
Səhər-səhər yenə düşdü, İzim dağlara-dağlara. Coşdu təbim axıb getdi, Sözüm dağlara-dağlara. * * * Zirvəsinə enmişdi Ay, Sinəsinə duman lay-lay. Heç bir yerdə tapılmaz tay, Bizim dağlara-dağlara. * * * Gül çiçəkdi sağım,solum, Xatirədir hər bir kolum, Vüqarına qurban olum, Özüm dağlara-dağlara.
SƏNDƏN NİGARANAM
Səndən nigaranam yenə bu axşam, Səsin eşidilmir,sorağın gəlmir. Həsrətdən ürəyim olubdu şan-şan, Eynim açılmayır,gözlərim gülmür. * * * Çəkdirib bu qədər mənə intizar, Çarəsiz canımdan eyləmə bezar. Gəl bahar ömrümə yağdırma sən qar, Hələ bu xəbəri çoxları bilmir. * * * Qurumaz gözündən süzülən yaşı, Anlamaz Ülvini,duymaz bir naşı. Ölməz ümidləri, bitməz savaşı, Dərdini tək çəkir heç kimlə bölmür.
AY BÜLBÜL
Nədir yenə oxuyursan, Qəmli-qəmli,sən ay bülbül. Oxuduqca ələyirsən, Saçlarıma dən ay bülbül! * * * Sinəmi oxlayıb keçdin, Öz yuvandan niyə köçdün? De nədən qürbəti seçdin? Yolun tutar çən, ay bülbül! * * * Sevənlər murada çatdı, Mənim”qaraçuxam”yatdı. Sənsiz bu zülmət həyatdı, Gəzmə məndən gen, ay bülbül! * * * Ülvi çəkər sənsiz zülüm, Qan-yaş tökər zülüm-zülüm. Duya-duya səni-ölüm, Dərdin mənlə tən, ay bülbül!
İTKİN Yuxusuzam hər gecə Qələm, vərəq əlimdə Saatlarla baxıram. Açıb töksəm içimdən Sağlam yer də tapmaram. Yaram eşqimnən dərin, Keçmir bütün gecəni Dinləyirəm Sezəni .(Sezən-musiqiçi) Ağla,ağla nə qədər? İnsaf elə gəl bir az, Nə dost olaq, nə düşmən Bir fincan qəhvə içib, Keçmişi xatırlayaq. Gülüm bəzən gözünə, Deyim yalan üzünə Deyim ki unutmuşam, Silmişəm,sovurmuşam Sənlə baglı hərşeyi İçimdə qurutmuşam. Bir azcada sən danış Ailəndən,evindən Razısanmı de bilim Mənə etdiklərindən? Yalan demə bu dəfə Səmimi ol,dürüstcə De görüm bir bilim mən Həyat belin əydimi? Tapdığların həyatda İtirdiyinə dəydimi?
“Xəzan” jurnalının növbəti sayı (Avqust-sentyabr 2021/4/35) ışıq üzü görüb! Bu sayda dərc olunan yazarları təbrik edir və bütün yaradıcı heyətə yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun!!!