İyunun 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ayna Asimqızının “İlk söz” kitabının təqdimatı keçirilib.
“Ulduz” jurnalının təqdimatı ilə keçirilən tədbiri jurnalın baş redaktor müavini, yazıçı Təranə Vahid açaraq ədəbiyyatda ilk uğurlu addımlarını atan Ayna Asimqızının özünəməxsus yaradıcılığından –fəlsəfi dünyasından, vətənpərvərlik ruhunda qələmə aldığı mənsur şeirlərindən, esselərindən söz açıb.
Tədbirdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova, BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, Türkologiya kafedrasının müəllimləri Səmayə Cəlilova, dosenti Afaq Məmmədova, yazıçı Tapdıq Türksoy, gənc yazar Səma Muğanna çıxış edərək nümunəvi tələbə, istedadlı yazar Ayna Asimqızının yaradıcılığından danışıblar.
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək, yolu “Ulduz”dan başlayan gənc yazara uğurlar arzulayıb. O, “İlk söz” kitabına görə Ayna Asimqızına “Ulduz” jurnalının diplomunu təqdim edib.
Sonda gənc yazarın valideyinləri və Ayna Asimqızı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkür ediblər.
Mayın “Ulduz”u çap olundu “Ulduz”un Qərbi Azərbaycana həsr olunmuş may sayı “Ulduz” jurnalı, Təhsil Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti “Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzi”nin birgə layihəsi əsasında işıq üzü görüb. Jurnal ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə Nağıqızı və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözüylə açılır. Jurnalda ADPU-nun rektoru Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurətdir”, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin “Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir”, Misir Mərdanov və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu”, Akademik Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”, millət vəkili Musa Urudun “Zəngəzurun təhsil tarixi”, millət vəkili Məlahət İbrahimqızının “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” yazıları yer alır. Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi”, fizika elmləri doktoru, professor Bəxtiyar Nəcəfovun “Atam haqqında xatirələr”, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan”, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Əqidəsinə sadiq alim”, professor Hacı Həsənovun “XIX –XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin tarixindən” yazıları qədim yurd yerimizin tarixini günümüzə daşıyır. ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvokulturoloji xüsusiyyətləri”, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Azərbaycan sevdalı, dünya şöhrətli jurnalist – Leyla Vəkilli”, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfahət Avılbəylinin “Qərbi Azərbaycanın Qarabağı-Qaraqoyunlu”, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” yazılarını oxuculara təqdim edir. Əməkdar mühəndis Nəbi Ramazanlının “Loru-Pəmbək mahalı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-Lək”” , Şumeroloq, biologiya elmləri doktoru Tariyel Azərtürkün (Əliyev) ”Nüvədinin uzaq-yaxın tarixi və daş yazılı abidəsi barədə”, “Bütöv Azərbaycan qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir”, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin “İrəvanlı Cabbar Ərtürk”, yazıçı Yeganə Kərimzadənin “Bir köç gedir…” yazıları oxucuları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış edir. Jurnalın bu sayında Qərbi Azərbaycanla bağlı şeirlər yer də alıb.
Təranə Dəmirin “Üşüyəndə özünü yandıran şair” adlı kitabı işıq üzü gördü.
Şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirin “Mücrü” nəşriyyatında “Üşüyəndə özünü yandıran şair” adlı kitabı işıq üzü gördü. 7 məqalədən ibarət olan bu kitab şair- publisist Qulu Ağsəsin yaradıcılığından bəhs edir, kitabın ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır. Xatırladaq ki, bu Təranə xanımın 8- ci kitabıdır və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Təranə xanımı təbrik edir, uğurlar diləyirik.
Qulu Ağsəsin sevgisi onun sözünün boyuna biçilib. Hər şey yerindədi. Əti, qanı, canı üstündədi. Bircə sözü də adamı aldatmır . Dialoqa girirsən şairlə .Sözü şairlə oxucu arasında körpüdü. Bəzən dalaşırsan, bəzən barışırsan, bəzən küsürsən. Amma sonra təzədən dönüb yapışırsan sözün ətəyindən. Axı bilirsən ki, bu sözdən sənə ziyan gəlməz, işığa çıxarar səni. Bir də ki, şair onsuz da sevgiyə Tanrı kimi baxır. Özü isə şeirinin arxasında gizlədir özünü. Amma bununla belə oxucu harda olsa axtarıb tapır şairi. Sözündən. Pıçıltısında bir haray var.Şeirlərinin səsi adamın başına düşmür , ürəyinə düşür. Duyğularına alqış donu geyindirmir, bəzək vurmur, rəngləmir. Necə varsa, necə düşünürsə , elə yazır. İncitməkdən , ağlatmaqdan, küsdürməkdən də qorxmur. Gecədə ulduzu sayır, gündüzdə günəşə qucaq açır. Sazaqda üşüyür, istidə yanır. Amma hər yerdə özüdü. Öz məninə sadiqdi şair. Təkrarı da sevmir. Elə uzunçuluğu da. Gedənin dalınca da ağlamır. Boş da vermir. ( Özü demiş) Bütün əzablarını, iztirablarını, həsrətini də yükləyir ayrılığın boynuna ki, bir də geri dönməsin. Demək vüsalla ayrılığın növbələşməsində də özüylədi şair. Təkliyinə sığınır bütün məqamlarda.
..İstidi, Ürəyim səni istədi, Səni-Soyuq bir şeyi yəni.
Görürsən ki, şairin od kimi ürəyi qarşıdakının buz soyuqluğuna sevə-sevə dözür hələ. Çünki hələ ayrılığa hazır deyil şair. Çünki hələ sevir. Yenə boyasız, pafossuz, “Ölürəm”, “yanıram” demədən. Göstərir sadəcə. Sözünə sığınıb göstərir həm də. Şairə görə “sevgidə üçüncü yox , ikinci adam artıq”- dı. Bir də sevgi heç də ikinəfərlik deyil. İki ürək bir olursa , demək bütövləşir sevgi də. Çox doğru yanaşma.
Tağda bir xanım şamama gördüm. Sinəsində siqaret söndürməyə çatıbmış kiminsə kişiliyi
–deyən şairin tər-təmiz sevdaların kimlərinsə əlində oyuncağa çevrilməsindən nigarançılığı və narahatlığı sezilir. Fərqli ifadələr seçə-seçə, dolayısı ilə çatdırır fikirlərini yiyəsinə. Oxucunun gözünün qabağına solmuş , ətri küçələrə tökülən, siqaret tüstüsünə bürünən bir çiçək gəlir. Geri çəkilir oxucu bir addım. İnamından bir pillə aşağı düşür və güclənir. Sözün qüdrəti də budu.
Lənət şeytana, Ya gərək iyirmi il qabağa gedəsən, Ya gərək iyirmi il geri. Hanı? Hardan alım qırx yaşın sevgi şeirin? …Başımın üstündə az ağla, Ev dolub, batıram. Mən çürük dişimi çəkdirmirəm.. Səni hara atıram?!
Şairlə söz arasında zaman məsafəsi var. Amma qırx yaşında da eyni sevgidədi, üstündə dayandığı zamanda da. Sadəcə bir az yorğundu şair. Vəssalam. Amma öz çəkisindədi.Elə sevgisi də. Bircə göstərişi bacarmır. Sadiqliyi elə sevgisinin isbatıdı. Özündə olanı bilir. Bilir ki, qırx il əvvəl də belə olub, indi də belədi, qırx il sonra da belə olacaq. Bir sözlə etibarsız deyil. Şairçün forma yox, məzmun əsasdı:
İstəyirəm əcəl gələndə Qarşımda heçnə dayanmasın. Məni elə çağırsın ki, Sevgilim yuxudan oyanmasın.
Şair burda da sevginin ali mərtəbəsindədi. Ölümə meydan oxuyan ruhu bircə sevdasından nigarandı. Yəni özündən çox , qarşı tərəfi düşünmək amalı var bu sətirlərdə.. Şair boyat, çiy ifadələrdən çox uzaqdı. Təkrarçılıqdan da. Ümumiyyətlə Qulu Ağsəs hər şeirdə fərqli yanaşmaları ilə seçilən yazardı. Dünyaya baxış bucağı da, sevgiyə yanaşma tərzi də fərqlidi. Bir az da mükəmməliyə can atan şair olduğu üçün yüz ölçüb bir biçəndi həm də.Sözdə olduğu kimi sevginin də yeni formulunu çıxarmağa çalışır şair. Düşündürməyi, təkrar-təkrar yeni qənaətlərə gətirməyi bacarır eyni zamanda:
İşdi, qəzadı , səndən əvvəl ölsəm, Məni son mənzilə aparırlar görsən , vəsiyyətimə əməl elə: Arxamca su at, Uğur dilə. Saçını yolma, Köksünü ötürmə, Allahın yanına gedirəm, Ürəyinə ayrı şey gətirmə.
Nigarançılıq, eyni zamanda qəribə bir arxayınçılıq var bu sətirlərdə. Şairçün ölüm son deyil. Bir həyatın başqa həyatla yerdəyişməsidi sadəcə. Birinin sonu o birinin başlanğıcıdı demək. Bu sözlər adi təsəlli deyil, inamdı. Eyni zamanda o ilahi Eşqi Tanrıyacan aparıb çıxarmaqdı. Paklandırmaq və qüsullamaqdı. Bundan müqəddəs duyğu ola bilərmi? Şairin təxəyyülü də çox güclü və dəyişkəndi. O obrazdan obraza girməyi bacarır.. Hər misrasında işıq var, ümid var, Eşq var. Şair ” Onsuz da hamının gedəcəyi yer Oradı” qənaətindədi. Demək bu dünya fanidi və hər kəs özünü Ora hazırlamalıdı. Amma sevgi əbədidi, bəşəridi. İnsan cismən ayrıla bilər bir- birindən. Əsas ruh yaxınlığıdı, doğmalığıdı. Unutmağın, unudulmağın bu dünyayla heç bir əlaqəsi yoxdu. Elə o dünyayla da. Bütün ayrılıqlar ruhdan başlayır. Sevgidə bədən sadəcə qabıqdı. Şairin sufi düşüncələrində ruh hər şeydən əvvəl gəlir və əbədidi. Şair vüsalla həsrəti qoşa görür həmişə. Yəni yazıları belə deyir:
Bu sevgim də daşa dəydi, Bəxtəvər daşın başına
-deyən şair əslində bu daşı gözləyirmiş əvvəldən. Amma nə atıldığından, nə unudulduğundan şikayətçi deyil.Peşmançılığı da yoxdu. Bircə ürəyinin soyuduğuna, daşa döndüyünə görə nigarandı. Demək nigarançılığı da özündəndi. Daşa dönmək istəmir şair.
Cavab məktubumda sözlər baş-ayaq, Bir ucdan yazılır, pozulur elə. Qorxuram , öləsən , sevgi yaşaya, Qorxuram, qalasan, məhəbbət olə..
Əslində getlə qalın arasında can çəkişdirməkdi bu hissin adı. Ucuz sevdalardan qaçmaqdı. Həsrəti ondan doğma bilməkdi özünə. Elə insanlığın təntənəsi də adlandırmaq olar bu hissi. Bir də ki, şairə görə təki adam sevgidən ölsün. Qulu Ağsəs bənzətmələrdən , təşbehlərdən, metaforalardan da çox məharətlə istifadə edir. Şeirdən-şeirə keçdikcə irəliləyir həm də. Sözdən sözə artır, böyüyür, qol-budaq atır. İnandırır , aldatmır. Gözdən pərdə asmağı da sevmir. Necə varsa, elədi. “Sözü əyninə biçilib”- deyəndə məhz bunu nəzərdə tuturam. Sözü söz xatirinə deməkdən də çox uzaqdı .
Yığışıb qarama yüz söz deyərlər, Bu boyda millətə nə cavab verim? Bilsələr qanıma yerikləyərlər Səni sevdiyimi sevmədiklərim–
deyən şair mübhəm , gizlin hisslərini qoruyur əslində. Yad nəfəsdən, yad baxışdan, küləkdən, yağışdan. Hansı ağrıdan keçdiyini də bir özü bilir, bir ürəyi, bir də Tanrısı:
Bunu bir mən bilim, bir də sən ancaq, Ölüncə bu gözəl sirr bəsimizdi. Bizə nə yurd versin, nə yuva Allah, Sənə ayırdığım yer, bəsimizdi.
Ümumiyyətlə şairi oxuduqca belə qənaətə gəlirsən ki, bu şeirlər tərtəmiz duyğularla cilalanıb və ona görə də hamısı gedib İlahi Eşqə söykənir. Bu da bir zəfərdi.
Bu gün gözəl insan, sevimli şair Qulu Ağsəsin doğum günüdür!!! Ad günü münasibəti ilə Qulu müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!!
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
…”Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım…”, – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şairin “Görsən üşüyürsən…” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanmışdır. Buna qədər – oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirmişdir.
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.