(esse) (Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabına ön söz əvəzi)
“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun…” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim: “Bu dəmdə, Quşlar səkidə gəzir, Adamlar damda…” Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir. Eynilə karantində: doğmalarını, həyət-bacanı, çayxananı, hətta sevmədiklərini belə, bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi! Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yeddinci mərtəbə”ni: adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan, hər dəfə bir bəhanəylə aşağı endirilən, hər qatda sağlıq durumu daha da pisləşən, birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın (bəlkə qorxağın?!) hekayəti başdan-ayağa (bu dəfə ayaqdan başa yox!) rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim. Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından. Məmməd Məmmədli bu hekayənin astarını yazıb. Amma Məmməd italyan deyil. İspandı. Ciddi deyirəm. Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi: X.Serkas, Q.Bekker, V.İbanyes, X.Rulfo… Gördünüzmü, Məmməd həqiqətən ispandı. Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur. Olsun. Yeni kitabını oxumağa dəyər. Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız. Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir. Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda nəhayət ki, özünə təxəllüs götürsün. Vəssalam. Nəsrin … mərtəbəsinə xoş gəldin!
Bu dəfə sizə Qulu müəllimdən danışmaq istəyirəm. Yox, yox, tələsməyin, professor Qulu Məhərrəmlini deyil, əməkdar jurnalist Qulu Zeynalovu nəzərdə tuturam. Onu həm də şair Qulu Ağsəs kimi tanıyırlar. Söhbətim maraqlı olsun deyə, araşdırarkən qarşıma çıxan müxtəlif müsahibələrindən nümunələr də gətirməyə çalışacağam. Həm ədəbi jurnalın baş redaktoru, həm bir şair və həm də bir insan kimi onun haqqnda söyləyəcəyim fikirlərin obyektiv olacağına ümid edirəm…
Deyir ki:- “Əsil şeir odur ki, onu başqa dillərə çevirmək mümükündür. Əgər mən şeiri doğma dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi. Bunu bir dəmiryolu kimi təsəvvür etmək olar. Dil özü bir dəmir yoludu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək. Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümünələr yaranır. Onları həqiqətən də əsil şeirdən ayırmaq çox çətindir…”
1969-cu ildə Ağdamda dünyaya gəlib. İlk şeirini doqquz yaşında yazıb. Amma on bir yaşından mətbuatda çap olunmağa başlayıb. Daha dəqiqi, ilk dəfə Lenin haqqında yazdığı şeir “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata isə 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə təşrif buyurub. İndiyədək şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. Bir neçə kitabın müəllifidir. 2015-ci ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. On ildən çoxdur ki, “Ulduz” jurnalının baş redaktorudur…
“Bu gün dünya ədəbiyyatında siyasiləşmə motivlərini hiss etməmək mümkün deyil. Dünya ədəbiyyatı adı ilə bukmeyker kontorları səviyyəsində təbliğatı aparılan, çox asanlıqla bestsellerə çevrilən əsərlər hardansa idarə olunur. Xüsusilə son illərin ədəbiyyat sahəsində verilən “Nobel” mükafatıları birmənalı olaraq siyasi yük daşıyır. Yəni hansısa ölkənin tutduğu mövqeyə görə bu mükafatlar təqdim olunur. Məsələn, insan haqları uğrunda mübarizəyə görə, “Nobel” mükafatı verilimiş azərbaycanlı Şirin İbadiyə bu mükafatın verilməsi İrana olan antipatiyadan irəli gəlir. O qadın “Nobel” mükafatınını əsasnaməsində nəzərdə tutulan heç bir bəndə uyğun gəlmir. Sadəcə, İrandakı insan haqları ilə bağlı problemləri qabartmaq və bununla da beynəlxalq təzyiq göstərmək üçün bu adı İbadiyə veriblər. Mən həmişə demişəm ki, Orxan Pamuka verilən “Nobel” mükafatı ermənilərin və kürdlərin hesabınadır. Pamuk Türkiyədə erməni soyqırımının olduğunu və kürdlərin huquqlarınn pozulması ilə bağlı fikirləri dəstəkləyirdi. Bu dünyanın xoşuna gəldi. Odur ki, ədəbiyyata basqıların olması faktdır. Bilirsinizmi, əvvələr dünyanı ədəbiyyat idarə edirdi, indi isə siyasət idarə edir. Əslində siyasət özü də sözdür. Sanki siyasi söz ədəbi sözdən intiqam alır…”- söyləyir.
Mülahizələri güclüdür, ədəbiyyatın belə siyasiləşməsindən çox narahatdır. Amma ümidlərini itirmir…
Deyir ki:- “Bir dəfə belə bir status yazmışdım: “Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah “təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha “ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün “ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan…”
Bu söylədikləri onun bir ədəbiyyatçı, baş redaktor kimi düşüncələridir. İndi də sizə onun poeziyasından nümunə təqdim etmək istəyirəm. Adsız şeirlərindən birində yazır:
“Bu dünyada heç kəsə demədim… O dünyada soruşsalar: sən kimsən? -gözümü yumub, ağzımı açacam! Deyəcəm ki: altındakı skamyada bir yol özü oturmayan yorğun ağacam…”
Ümumiyyətlə, onun şeirlərini oxuduqca ənənəvi şərq poeziyası ilə qərb poeziyasının sintezinin şahidi olursan. Bu şeirlərdə həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb poeziyasındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Belə poeziya nümunələrinin oxucuları gələcəkdə daha çox olacaqlar. Bir də ki, bü cür şeirləri xarici dillərə çevirmək də asandır. Bu isə əcnəbi oxucuların da poetik zövqünü oxşaması deməkdir…
O ki qaldı onun şəxsi keyfiyyətlərinə, öncə onu deyim ki, hər gələn yeni günə həvəslə və səbirsizliklə başlayır. Sanki enerji və maqnit dinamosudur. Xarizmatikdir və liderlik bacarığı ilə doludur. Heç vaxt naməlum olanı araşdırmaqdan qorxmur. Demək olar ki, impulsiv, inadkar və iradəli insandır. Daxili gücü o qədər çoxdur ki, hər hansı bir problemi dəf etməyə qadirdir. Süstlükdən zəhləsi gedir, ləng hərəkəti xoşlamır. Onunla rəqabətə girmək ağılsızlıqdır. Bu baş verərsə mübarizədən qalib çıxan, o olacaq…
Nə isə, düşnürəm ki, Qulu Ağsəs haqqında az da olsa sizə məlumat verə bildim. Bu gün- aprelin 20-si onun doğum günüdür, 56 yaşı tamam olur. Bu dəfəki ad günü Pravoslav xristianların Pasxa bayramına düşüb. Onu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Yadımdadı 4-cü sinifdə oxuyanda kiçik hekayələr yazırdım. Yazan kimi də anama göstərirdim. Oxuyurdu , gülümsəyirdi. Qəribə məmnunluğu vardı anamın. O gülümsədikcə elə bilirdim ki, dünyanın ən böyük yazıçısı özüməm. Xəyalımın əlindən tutub böyük -böyük səhnələrdə , televiziya ekranlarında gəzirdim. Özümü böyük istedad sahibi bilirdim . Bir gün atam heç nə olmayıbmış kimi mənə “hünərin var şeir yaz” dedi. Pərt oldum. Sən demə mənim bu “böyük” yazılarımı atam elə yüksək dəyərləndirmirmiş. Riyaziyyatçı olduğuna görə onunçun hekayə yazmaq da iki vur iki imiş sən demə. Məndən daha böyük uğur gözləyirmiş bəlkə də. Bəlkə də ayrı səbəb vardı..Bilmirəm. O gündən sonra belə qərara gəldim ki, nə olursa olsun şeir yazacam . Bilirdim ki, şeir yazmaq elə də asan deyil. Amma atamın acığına mütləq şair olacaqdım. Bu acıq mənə sözün qapılarını daha geniş açmaqda kömək etdi və beləcə ilk şeirim doğuldu. Sonra bir də , bir də … Əlbəttə hamısı uşaq təxəyyülünün məhsulları idi. Sonra ilk şeirim dərc oldu və o zaman ilk dəfə özümü qalib kimi hiss etdim və ilklər belə başladı. Mən bacarmışdım. Çox sonralar öyrəndim ki, Qulu Ağsəs də domino oynayarkən qardaşıyla mərcə girib , uduzub şeir yazıb . Yəni hər ikimizin qocaman şeirə gəlişimiz təsadüfən olub. Sonra fikirləşirəm ki, axı təsadüflər zərurətdən doğur çox vaxt. Amma nə yaxşı ki, mən acığa düşmüşəm və nə yaxşı ki, Qulu mərci uduzub. Yoxsa biz nə edərdik ədəbiyyatsız? Sözdən başqa nə gəlir əlimizdən? Barmaqla sayılacaq qədər görüşmüşük onunla. Ayaqüstə , qaçaraq, tələsik. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Ayrı dünyalarda , ayrı məkanda , ayrı zamanda biz onunla çox yaxın dost olmuşuq düşüncəsindəyəm. Ərklə qapısını çala biləcəklərimdəndi. Tənqidimə də , tərifimə də eyni münasibət bildirir. Gülümsəyir eləcə. Çox az -az danışırıq. Başı “Ulduz”a qarışıb , mərci də yadından çıxıb. Qardaşına uduzduğu mərcindən danışıram. Bunun günahını da zamanın üstünə yıxır. Hərdən ona zəng edirəm. Nəsə soruşmaq və hansısa fikrimi bölüşməkçün. “Bir saatdan sonra sənə zəng edəcəm deyir” . Bir saat bir həftə olur. Sözüm də yadımdan çıxır. Zəng edəndə çaş- baş qalıram ki, görəsən nə deyəcəkdim. Üç ildi söz verib ki, sənin haqqında yazı yazacam. Hələ də yazır. Çörəyi də ayaqüstə yeyir , nə inciyim ondan. Amma ara -sıra kiminsə yaradıcılığı haqqında yazısını görəndə , fikirləşirəm ki, bu ayaqüstü yazıların biri də mənə ünvanlana bilərdi. Sonra da yadıma düşür ki, Qulu Ağsəs adamı yola verməyi sevmir. Çox sevdiyi sözün xətrinə dəyməkdən qorxandı. Qulu bir dastanlıq düşünər , bir dadımlıq yazı yazar. Bir dadımlıq sözünün də təpəri var axı. Özündən çox oxucunu fikirləşər . Sözü də , oxucunu da yormağı sevməz . Bəzi dostlarım kimi Qulu da şeir yazanda çiynimdən dağ götürülür. Elə bilirəm onunla birgə mənim yorğunluğum da canımdan çıxdı. Hərdən elə yazıları başımıza çıxarar ki, özün özünə məətəl qalarsan. Hərdən də elə şeirləri ayaq altına atar ki, götürüb təzədən yerinə qoymağa utanarsan. Qəribəliyi çoxdu Qulunun. Sözə o qədər vurğundu ki, dönüb dünyaya baxmaz. Qıraqdan , bucaqdan eşidərəm tərifini, üzə tərif yağdırmağı sevməz . Xəsisdi bu sarıdan. Hələ -hələ danışmaz , danışanda da susmaz. Danışdıqca özünü ələ verər. O susanda mən yazaram. Yeniliyə can atar , amma kökdən də qırağa çıxmaz. Bilir ki, yoldan çıxdısa azacaq. Əvvəl eynəyiylə , sonra gözüylə baxar adama. Kim bilir eynəkdən keçməyən nə qədər “dost”u var .. Qıraqdan baxanda xoşbəxt , dərdsiz, qəmsiz görünər. Bəzən dili yox, gözü danışar adamla. İçindəki ağrıları gözündən gizlədə bilməz. Şeiri barmaqlarıyla yox, ayaqlarıyla yazar , sözün dalınca qaçmaz , söz onun ardınca düşər. Sevgiyə yuxarıdan aşağı baxar . Göy adamıdı axı.. Həmişə gənclərlə oturub durur deyə yaşını unudub. Bir də təəccüblü də olsa eyni vaxtda , eyni məkanda doğulmağı sevməz. Hər adama bir doğum tarixi deyər. Qalarlar çaş-baş. Dedim axı eynilikdən tez bezəndi. Gecənin bir aləmində tanımadığı ölkələrə və tanımadığı adamlara telefon açar və şeir deyər. Mənim kimi. Hərdən tənhalığımızı bir yadın səsiylə ovundurarıq. Dəlisayaq. Boynuna almasa da aprelin 20 -si onun dünyaya göz açdığı gündü. Mənə elə gəlir ki, Qulu əlində qələm , çiynində çanta , gözündə eynək gəlib dünyaya. Bu yazını da ad günü təbriki kimi anlamasın. Yazdım ki, vaxtı yadına salım. Başı “Ulduz”a elə qarışıb ki, dönüb ətrafa baxmır. Həm də təmtərağı sevmir. Yaşının üstünə yaş gəldikcə bir az da uzaqlaşır şablon ad günü təbriklərindən. Bu sarıdan da bənzərliyimiz var. Özü demiş ömürdən ömür gedir , buna sevinmək yox , ağlamaq lazımdı. Amma nə etsək də zaman atına çata bilmirik . Yenə özü demiş. İndi yəqin ki, vaxtı da , bu günkü doğum gününü də unudub və “sahildə qumun üstündə oturub dənizdə batan qayaya dua edir”. Tanrı səsini eşitsin. Bu da təbrik deyil, arzudu. 56 -yacan Qulu Ağsəs kimi yaşadın. Bundan sonra da öz adınla yaşamaq ümidiylə təzə yaşda görüşənədək, əziz dost!
Canım Vətən, yenəmi Arazla suvarılır ədəbiyyat zəmin? “Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir. Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi? Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı… Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı. Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı. “Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı. Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır. Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan, düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır. Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir. Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox, məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq. Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar. Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər, “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz. Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan. Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır. “Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”. Döşəyin altı kitab, Kimin yeridi? Sən tap! Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər. Hardasa çölün düzündə Su köşkü olmalıydı. Ürəyimin alt gözündə Son eşqim qalmalıydı. Şair iki məkan göstərib: köşk, siyirmə… fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək. Sözübütövlüyün, doğruluğun ifadəsi: “Su da atmazdı arxadan… O qədər dürüst idi”. Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı: “O mənim hər şeyimdi, Mən onun yarısı” Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq. Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim: Gözəl hisslər bəsləyirik, Üstəlik də baş əyirik. Biz “Qulu Ağsəs” deyirk Aprelin iyirmisinə.
Doğulmaq da bir iş imiş… Yalan demək vərdişimiz. “Səni leylək gətiribmiş Aprelin iyirmisinə”
Nə tanrını küsdür, qına, Nə peşman ol varlığına, Səksən iki yarlığı al Aprelin iyirmisinə. (Şairin öz şeirinə nəzirə)
“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir. “Ulduz”lu görüşlər”in növbəti qonağı tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə “Ulduz” ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.
Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.
…Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək “Ulduz”da hamı biləydi ki, Fərqanə iş başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə “Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək olurdu, səhər yeməyini Əhmədlidə, günorta yeməyini Salyanda, axşamı Gədəbəydə yeyən Fərqanənin həyatı civə kimi qaynayırdı… Xəbəri eşidən kimi mənə zəng vurdu, bacın ölsün, dedi. Öldü, dedim. İki gün sonra yenidən o idi, yas yerini soruşurdu, izah elədim. Məlum oldu ki, Fərqanə ayrı yasa gedib, orda ağlayıb, başsağlığı verib, pul da yazdırıb çıxanda… məni xəbər alıb – orda kimdi Qulu Ağsəs tanıyan?! Arxasınca maşın yolladım, Fərqanə yas yerinə girəndə üzündə günahqarışıq təbəssüm vardı…
Üstündən bir neçə ay ötməmiş özü o lənətəgəlmiş xəstəliyə yoluxdu, hər gün eyni sualı eşidirdim: “Bacın xərçəngə nə qədər tab gətirdi?” Hər gün onu inandırırdım ki, ondakı başqa şişdi, birtəhər qulağını doldurub İrana yolladıq, Təbrizdə əməliyyatı uğurlu alındı, ora gedib-gəldikcə oxucuları da artmağa başladı, hamı Fərqanəni evinə qonaq çağırırdı, kitabını da çıxardılar İranda, beləcə, Fərqanə yenə əvvəlki Fərqanə oldu: deyən, gülən, tədbirlər bəzəyi, ayaqqabısı ütülü, şeir qazanı dəmdə… Və bu dəmdə… korrektorumuz Rəfiqə xanım o lənətəgəlmiş xəstəliyə düçar oldu, tez də dünyasını dəyişdi… O vaxtdan Fərqanənin həyatı, ümidləri alt-üst oldu, oturub-durub özünə ölüm arzuladı, feysdəki statusları qara geydi, bir əlini bu dünyadan üzüb, o birini o dünyaya uzatdı. Yenə həkimlər, yenə diaqnostika, yenə Bakı-Təbriz yolları… Epikrizlərini mənə oxudurdu: “Gör burda nə yazılıb?..” “Doxsan il ömür!” “And iç, elə yazılıb?” “And içirəm!” “Sənə inanıram!” “İnan!” “Oğlumun toyunu görəcəm?” “Əlbəttə!” “And iç, elə yazılıb?” “And içirəm!” “Dəqiq oxudun?” “Dəqiq!” “Sənə inanıram!” “İnan!”
…Nə yaxşı ki, epikrizdə bir şey düz yazılıbmış: oğlunun toyunu görə bildi Fərqanə!.. Amma tək onu yox: nəvə sevgisini, oxucu rəğbətini, daha nələri, nələri! “Payızın yanında gözlərsən məni” kitabını mən redaktə eləmişdim, hər dəfə poçtuma bir şeir yollayırdı, kitabın adı üstündə neçə kərə çək-çevir oldu, axırda razılaşdı, təqdimatda uşaq kimi sevinirdi – hamı gəlmişdı deyə; Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da! Feysdə hamıya ürək şəkli qoyurdu – dost, düşmən bilmədən, bir yol hətta əleyhinə yazılan statusu da bəyənmişdi, bunu özü danışanda gülməkdən gözləri yaşarırdı. Mən işə getməyəndə votsapa mesaj yazırdı: “Töhmət alırsan!” Bu, o deməkdi ki, nigaranıq səndən, ona görə çəkilişə gedəndə mütləq Fərqanəyə xəbər eləyirdim, o da işdəkilərə: “Bu gün baş redaktora özüm icazə vermişəm!” “Ulduz”da qonaqlıq olanda Fərqanənin yeri başqaydı və başdaydı: şeir desin, oxusun, oynasın, amma yeməklə arası geniydi. Kefinin kök vaxtında qəfil halı pisləşərdi, “Doxsan!” deməyimlə rəngi üstünə gələr, təzədən həmin adam olardı. Yeddi il xərçənglə doyüşdü, yeddi günə təslim oldu… Şeirləri qalacaq, balaları, nəvələri onun xatirəsini yaşadacaq, biz də əlimizdən gələni edəcəyik. “Ulduz”un may sayını Fərqanənin şeirləri ilə açırıq, Fərqanəylə açılası hələ çox sabahlar var. İşdə yerinə adam götürmədik. O öz yerini özüylə apardı…
“Ulduz”lu görüşlər” in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. “Ulduz” ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak edib. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib. Ardınca “Ulduz” jurnalının şöbə redaktorları Dayandur Sevgin, Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış edib. Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb. Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb. Tədbirdən fotolar:
Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.
Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub. Kolanı kənd orta məktəbini medalla bitirib. 1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir. Şeirləri lap gənc yaşlarından dərc olunur. Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub. İndi də müxtəlif mətbu orqanlarda dərc olunur. Ailəlidir, iki övladı var.
Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.” – məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.
“YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Özü demiş “Ağzı kasıb evində bağlanmış turşu bankasıdı, ildə bir dəfə açılar”, Sözü urvatdan salanlardan deyil , Amma sözünə dil uzadanları elə sözüylə qamçılar. Tanrıdan qorxmaz, üsyanında da, küfründə də Ona sığınar. Sevgisi bir adamlıqdı, ( yenə özü demiş) Ona görə Eşqdə ikinci adam artıqdı . Sözün keşiyində dördgözlə dayanar, ( Eynəyinin arxasında gizlədər narahatlığını, Şəhid atalarından utanar ). Namaz qılmaz, Oruc tutmaz, (Allahı aldatmağı günah sayar) Amma namaz qılmaq olar ətəyində. Adamı neçə qat işıqdan keçirib salar ürəyinə, Hər kəs sağ çıxa bilməz söz kötəyindən. Hərdən tanımadığı ölkələrə, tanımadığı adamlara açar sirrini, Tanıdıqlarına etibar etməz. Gülüşündə gizlədər dərdini. Sual alar , sual verməz. Susa-susa sevər, Sevə-sevə susar. Sükutunun xofu basar adamı, Yüz pozar, bir yazar, Birdəfəyə qərar verməz. Bircə balasındadı canı, Canı sağ olsun. Milyonlara qoşulmaz heç vaxt, Təklərin içindən çıxıb axı. Qınamıram, İstəyir hər yerdə başı dik gəzsin, Üzü ağ olsun. Ayda, ildə bir dəfə gələr ilham pərisi, Sözü misqal-misqal xərcləyər, “Xəsis”likdi ən böyük günahı. “Tənbəldi ” bir az da, Nə şöhrətə qaçar, nə ada, Zamanla ayaqlaşa bilmir həyat tərzi. Qaraladıqlarını ağa köçürməz– Ağsəs Qulu, Qulu Ağsəs. Fərq etməz , Onsuz da hayana çevirsən eyni adamdı– Bir də .. Bir də Vətən boyda sevdası var könlündə, Onunçun hər yan Ağdamdı…