Etiket arxivi: Şəfəq Nasir

YAMAN OLUR YADDAŞ AĞRISI

QAN YADDAŞI: 31 Mart azərbaycanlıların soyqırımı günüdür
YAMAN OLUR YADDAŞ AĞRISI
Yaxın günlərdə M.S.Ordubadinin “Qanlı sənələr” əsərini yenidən oxuyarkən 1905-ci ilin hadisələri gözlərimin qarşısında canlandı. Soydaşlarımızın milli münaqişələr zəminində şahidi olduqları hadisələri güzgü kimi əks etdirən mənzərə – Qərbi Azərbaycanda, Bakıda, ölkəmizin bir sıra bölgələrində ermənilər tərəfindən törədilən iğtişaşlar, başımıza gətirilən faciələr haqqında yerlərdən göndərdikləri məlumatlar, xəbərlərlər qəlbimi ağrıdırdı. Kitabı yeni nəzərlərlə gözdən keçirdikcə, hələ o vaxtlardan ermənilərin ürəklərində toxum kimi cücərtdikləri “Böyük Ermənistan” yaratmaq arzularının, torpaqlarımızın hesabına ərazilərini genişləndirmək, yeraltı və yerüstü sərvətimizə sahib olmaq iddialarının bir daha şahidi olurdum…
XX əsr Qərbi azərbaycanlıların yaddaşına “didərgin”, “köçkün”, “qaçqın” kimi yazıldı. Ermənilər havadarlarının gücü, köməyi ilə bütöv bir əsrdə nə qədər qan tökdü, kəndlərimizi, qəsəbələrimizi yandırdı. Milləti qarlı-çovğunlu günlərdə evlərindən çıxarıb düzlərə, dağlara qovdu. Xalqa soyqırımı faciəsini yaşatdılar. Doğma yurdu, el-obanı isə heç vəchlə unutmaq olmur… O itirilmiş torpaqlarda babalarımızın ruhu dolaşır. İsti ocaqlarından, barlı-bəhrəli torpaqlarından əli üzülmüş soydaşlarımızın taleyi, yurd yerlərinin nisgili, itkilər fiziki, həm də mənəvi ağrılarımızdır.
Yaman olur yaddaş ağrısı…

Ötən əsrdə minlərlə soydaşımız kimi köküm-nəslim də erməni-müsəlman münaqişələrində dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan üç dəfə köçürülərək Şimali Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. İrəvan ziyalılarından olan babam, yazıçı-publisist Məmmədəli Nasir 1918-ci ildə bu hadisələrin mahiyyətindən, soydaşlarına edilən zülmlərdən bəhs edən yazılarla Bakı mətbuatında çıxışlar edir, eyni zamanda, belə bir qarışıq vaxtda İrəvanda yerli ziyalılardan Mirməhəmməd Mirfətullayev və tələbə Rza Tağıyevlə birgə açdığı “Cavanlar şurası” qəzetində düşmənçiliyə geniş meydan açan daşnaqsütun partiyasının qanlı əməllərini ifşa edirdi. Elə həmin vaxtlarda daşnakların təqibinə məruz qalan M.Nasir Gəncəyə gəlmiş, ictimai və yaradıcı fəaliyyətini burada davam etdirmişdir. O, həmin dövrdə Gəncədə, Qazaxda, Ağdaşda İrəvan mühacirlərinin acınacaqlı həyatını görür, müşahidə edir. Bütün bunlardan ürəyi ağrıyan yazıçı-publisist gördüyü hadisələrdən dəhşətə gələrək Bakı mətbuatına həyəcanlı məktublar göndərirdi. Belə məktubların birində müəllif yazırdı: “İki ildən artıqdır ki, daşnakların növbənöv zülm və təərüzlərinə düçar olan İrəvan dairəsinin işçi və kəndçiləri Azərbaycanın hər tərəfinə səfil, ac, çılpaq dağıldıqları kimi, bir çoxları da Gəncədə yaşayırlar. Bir bölük insan kütləsinin hazırkı məişət və diriliklərini görsək olursaq, o zavallıların nə dərəcədə əskik həyat sürdüklərinə hökm etməliyik. İki ildən ziyadə paltar, yemək, rahatlıq, yataq görməyən biçarələr qapısız, akoşkasız daxmalarda yaşayırlar. Qaranlıq, rütubətli daxmalarda yaşayan kəndçilər tif-vaspalenka mərəzinə mübtəla olaraq, divarlar dibində açıq havada can verərək ölürlər, günlərcə kəfənsiz, dəfnsiz qarın, boranın qabağında qalırlar. Gəncə stansiyalarının yanmış odalarında həkimsiz, dərmansız acından zarıldayan zavallı bədbəxtlər hər kəsin gözləri önündədir… Əgər səsimizi eşidən, fəryadlarımıza çatan, bir bölük məzlum insanlara mərhəmət, şəfqət edən varsa, uca bir səslə deyirik: bu gün hər yerdə, Azərbaycanın şəhər və qəsəbələrində İrəvan mühacirləri acından, soyuqdan və xəstəlikdən tələf olub gedir. İmdadə mərhəmət! Şəfqət ediniz, dəhşət və fəlakətlərə məruz qalan bir bölük zavallı insanlara!” (“Azərbaycan füqərası”, 2 fevral 1920).

Bu, ötən əsrdə xalqımızın yaşadığı ikinci böyük faciə, doğma torpaqlarından qovulan soydaşlarımızın acı taleyinin açıq-aşkar görüntüsü idi. Çox təəssüf ki, xainlərin xəyanətkarlığının dönə-dönə şahidi olsaq da qonaqpərvərliyimiz, ürəyi yumşaqlığımız əsrlər boyu gözümüzün qarşısına pərdə çəkib. Ötən tarixlərdə “barışıqların” havası arxayın salıb bizi, unutqan olmuşuq. Odur ki, itkilərimiz – soyqırımı faciələrimiz yaddaşımızı ağrıdır…

1948-1950-ci illərdə “könüllü köçürülmə” adıyla yenə Azərbaycanın və Gürcüstanın rayonlarına, kəndlərinə köçürülənlər arasında 1950-ci ildə Mil düzünə gələn, Beyləqanda məskunlaşan valideynlərim də köçkünlüyün acısını, qırılıb-itən doğmalarının həsrətini ömürləri boyu ağır dərd kimi ürəklərində daşıdılar…

1988-ci ildə İrəvanda bütün eli, obasıyla qovulan, məşəqqətlər içində canını və balalarını götürüb qaçan insanların içərisində kökümün, nəslimin qalan qol-budaqları əzəli torpaqlarından didərgin düşdülər. Üstündən azca ötmüş doğma Qarabağımızın başı üstündən qara yellər əsdi. Erməni işğalçıları havadarlarının yardımı, köməyi ilə soydaşlarımızı böyük itkilərə, qanlı faciələrə məruz qoydular. Vətənin içində tərki-vətən olduq. Mədəni abidələrimiz dağıdıldı, talan edildi…

Qərbi Azərbaycanda bir nəfər də olsa soydaşımızın qalmaması səbəbindən o yerlərdən əlimizin üzülməsinin gələcək nəsil tərəfindən unudulacağı fikri məni yaman qorxudur. Vaxt-zaman ötdükcə unutqanlığımız yaranarsa, necə olar halımız… Amma nə yaxşı ki, tarixin yaddaşı etibarlıdır. İllər, qərinələr, hətta minillər ötsə belə, əsrlərin daş yaddaşı heç şübhəsiz, unutqanlığa yol qoymayacaq…

Bu gün bizin nəslin çiynində bir yük, vəzifə borcu var. Biz o yerlərdə kök atmış şəcərəmizi, ədəbi-mədəni abidələrimizi zaman-zaman tədqiq etməli, mənəvi dəyərlərimizi üzə çıxarmalı, onların yazılı tarixini yaratmalıyıq. Bu istiqamətdə heç olmasa ermənilərin həmişə ehtiyat etdikləri sonrakı ağlımızın gücünü səfərbər edib iş görməliyik. Orda yaşayıb-yaratmış insanların, ziyalı nəsillərin, ədəbi şəxsiyyətlərin həyatını, ictimai fəaliyyətini öyrənməliyik. Bu istiqamətdə müəyyən işlər görülsə də, səyimizi daha da artırmalıyıq. Ötüb-keçən tarixə, babalarımızın taleyinə işıq salmalıyıq. Çünki, dədə-baba torpaqlarımızdan qovulmağımız heç vəchlə ədalətə, məntiqə sığan deyil! Biz bu ictimai ağrının kökünü aramalı, haqqımızı bərpa etməliyik. Unutmayaq ki, Qərbi Azərbaycanla Qarabağ problemi bizim bütöv ağrımızdır.

Qarabağ dərdimiz qaynarlığından düşməyən qəlbimizi yandırıb-yaxan bir mövzudur. Ümumiyyətlə, torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyondan çox qaçqınımızın yurd-torpaq sızıltılarıyla yaşadığı acı taleyi, haqqımızın tapdalanması tarixi bir faktdır. Dünya bu ədalətsizliyə sussa da, işğalçı bir dövlətin çirkin siyasətinə göz yumsa da, haqqın tərəzisi göz qabağındadır… Biz heç vaxt qonşu dövlətlərin ərazisinə xain gözlə baxmamışıq, özgə torpaqlarının hesabına torpağımızı artırmamışıq. Amma ürəyimizin genişliyindən, açıqlığından, humanistliyimizdən, insansevərliyimizdən yersizə yer verib, ən ağır günlərində onlara həyan olmuşuq. Sözümüzə qüvvət olsun deyə, ermənilərə səxavətlə qucaq açdığımız, qayğı göstərdiyimiz, onların aşla, özümüzün daşla qarşılandığımız vaxtlardan saysız-hesabsız nümunələr, misallar gətirə bilərik. Ancaq bu məlum həqiqətləri xatırlatmaqdan ötərək, son iki əsrdə xalqımızın üzləşdiyi faciələrin kökü elə burdan başlayır, deməkdə israrlıyıq.

Təəssüflər olsun ki, ötən əsrdə daşnakların başımıza gətirdiyi faciələrdən uzun müddət bəhs edə bilməmişik. Çünki o zamanın ideologiyasına uyğun olaraq Hayastanla Azərbaycan “qardaş” idi. Əzilən, döyülüb-öldürülən, yurdları viran qoyulan soydaşlarımız zaman-zaman faciələr yaşasalar da biz yenə də dostluqdan, qardaşlıqdan yazmağa məhkum idik. Bir tərəfdən də informasiya blokadasına alınmışdıq. Amma bu gün gənclərin, tələbə jurnalistlərin, bütövlükdə qələm əhlinin üzünə tarixi həqiqətləri əks etdirən mətbuat, xəbər portalları açıqdır. Biz bu füsətdən həmişə, hər yerdə yararlanmalıyıq. Biz bu gün işğalçı dövlətin haqsızlığının qarşısına keçməli, onu durdurmalı, aşıb-daşan iştahlarına, iddialarına son qoymalıyıq. Onların nəzərində “unutduğumuz” Qərbi Azərbaycan torpağındakı hüquqlarımızın bərpası yolunda da çalışmalıyıq. İrəvan xanlığının sakinləri olaraq yerimizin, ata-baba ocaqlarımızın hesabını çəkməliyik.

Dünənimizlə müqayisədə bu gün hadisələrə daha ayıq nəzərlərlə baxmağa çalışırıq. Bunun başlıca səbəbi, heç şübhəsiz, milli oyanışımızın səbatlı bir axara düşməsidir. Unutmamalıyıq ki, Qərbi Azərbaycan itkilərimizlə Qarabağ ağrılarımız bütöv dərdimizdi. Qarabağ mövzusu mətbuatımızda, ədəbiyyatımızda əbədi olan bir mövzudur. Bu gün mətbuata gələn gənc qələm sahibləri Qarabağ mövzusunda yazarkən həssas olmalı, xalqımızın yaşadığı tarixi hadisələri dərindən öyrənərək araşdırmalıdırlar. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində rus siyasətinin iyrəncliklərindən xəbərdar olmalıdırlar. Onlar 1905-1907, 1915-1918, 1948-1953, 1988-ci illərdə baş verənləri bilmədən, öyrənmədən bu siyasi hadisələri obyektiv şəkildə işıqlandıra, qiymətləndirə bilməzlər. Başqa bir tərəfdən, bu münasibətlər gözlədiyimiz təsiri, nəticəni verməz.

Yeri gəlmişkən, I Pyotrun 1725-ci ildə yazdığı vəsiyyətnaməsindən indi çoxumuz xəbərdarıq. Çarın bu məktubu ilə illər öncə klassik mətbuatımızı araşdırarkən “Dirilik” jurnalının 1916-cı ildəki saylarının birində tanış olmuşdum. O, həmin məktubunda övladlarına Rus səltənətinin bütün dünyaya hökmran olması yollarını göstərmiş, Türkiyəni Avropadan ayırmağı tövsiyə etmişdir. Demişdir ki, Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. İstanbula sahib olan çar İlahi çar olacaqdır…

Aydındır ki, vərəsələri I Pyotrun vəsiyyətlərini bir təlimat kimi qəbul edərək yüzillər boyu mərhələ-mərhələ ona əməl etməyə çalışmışlar.
Biz, I Pyotrun öz varislərinə vəsiyyət etdiyi, dünyaya hakim olmaq kimi cəfəng iddialardan çox-çox uzağıq. Lakin belə-belə təlimatlardan özümüz üçün heç olmasa bu nəticəni çıxarmalıyıq ki, vətənimizin, torpaqlarımızın tam hüquqlu sahibi olmalı, onu canımız qədər qorumağı bacarmalıyıq. Bir də “didərgin”, “köçkün”, “qaçqın” kimi qəlb incidən, ürək göynədən adlarla dədə-baba oçaqlarından ayrı düşən, bu dərdlərə dözməyib dünyasını dəyişən soydaşlarımızın ruhu bağışlamaz, dara çəkər bizi.
Yaman olur yaddaş ağrısı…
PS. Məqalə 30 mart 2019-cu ildə “Azərtac”ın Mədəniyyət saytında yayımlanıb və “Respublika” qəzetində dərc olunub.

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏDAQƏT KƏRİMOVANIN DOĞUM GÜNÜNƏ

SƏDAQƏT KƏRİMOVANIN DOĞUM GÜNÜNƏ
Həyatda ruhuna yaxın, doğma sandığın elə insanlar olur ki, aylarla, illərlə görüşmürsən, amma onun yaşadığı barlı-bəhrəli möhtəşəm ömründən xəbərdar olunca fərəhlənirsən.

Bir də o insan ictimai, ədəbi mühitdə özünün imzası, şəxsiyyəti ilə varsa, demək, hər vaxt onu görə bilirsən… İndiki zamanda sosial şəbəkə hər şeyi əlçatan edib. Bir şərtlə: özün də o mühitin içində az-çox görünə bilirsənsə, kiminləsə əqidə yaxınlığı sizi birləşdirə bilər…
Mətləbə uzaqdan ayaq qoysam da əslində sözümün canına nəfəs qədər yaxınam…

Bu gün tanınmış yazıçı, publisist, şair, tərcüməçi, ssenarist, rejissor… hər zaman qəlbimə, ruhuma yaxın bildiyim Sədaqət Kərimovanın doğum günüdür. Yeni yaşın mübarək olsun, əzizim!


Sədaqət Kərimova ilə tanışlığımızın nə az, nə çox, 55 illik tarixi var. İkimiz də BDU-nun Jurnalistika fakültəsində (iki il fərqlə) təhsil almışıq. Tələbəlik çağlarından bu günə qədər yaxından, uzaqdan bir-birimizin ədəbi taleyindən məlumatlıyıq.

Yazıçının yaradıcılıq diapazonu o qədər geniş və çoxşaxəlidir ki, ona yaxşı mənada qibtə etməmək mümkün deyil. Sədaqət Kərimova 40-dan çox müxtəlif növ və çeşiddə kitabların müəllifidir.

Bəlkə də qələm sahiblərinin içərisində mənim tanıdığım yeganə müəllifdir ki, kimsədən heç nə ummadan, mükafatlar arxasınca sürünmədən, qapılar döymədən, özünün təmiz dünyasına çəkilib, uşaqlar, yeniyetmə və gənclər üçün biri digərindən maraqlı romanlar, poetik əsərlər, ssenarilər yazır, Ən başlıcası da yaradıcılığının mərkəzində insan amili, onun həyatı, mübarizəsi dayanır. Vətənçilik, yurdsevərlik, insanpərvərlik əsərlərinin aparıcı xəttini təşkil edir. Sədaqət Kərimova bütün ictimai şüuru ilə Ədəbiyyat Adamıdır.

Sözün bu məqamında xatırladım ki, Sədaqət xanım əsərlərini üç dildə – Azərbaycan, rus və ləzgi dilində yazır.

Əzizim Sədaqət, dünyaya gəlişin mübarək olsun! Sənə uzun illər sağlam həyat, sönməyən yaradıcılıq eşqilə dopdolu bir ömür yaşamağını arzulayıram. Səsinin, sözünün intizarındayıq…

P.S. Bilmirəm, bunlar yeni yaşınla bağlı sənə təbrik sözüm oldu, yoxsa səni çoxumuzdan fərqləndirən bəzi amilləri burda bölüşüb-paylaşmaq… məncə hər ikisi də…

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YAZ DÜŞÜNCƏLƏRİ

Fotoda: Zaur USTAC – AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

YAZ DÜŞÜNCƏLƏRİ
Yazın ilk ayı mart girəndən sübhün alatoranında açıq nəfəslikdən içəri dolan quşların civiltisini eşidincə xoş ovqat, hərarətli hisslər qəlbimizi çulğayır. Bu civiltilərin yaratdığı ovqat bizi duyğulandırır, üz-gözümüzə sığal çəkən səhər mehi könlümüzə rahatlıq gətirir. Elə bil quşlar da adama səslənir, baharın gəlişini müjdələyirdi: Nə yatmısan, oyan, pəncərəni aç, açılan səhərə boylan. Bax, bu çisəkli səhər mehi də novruzgülünün ətriylə elimizi salama gəlib. Arzuları, ümidləri puçur-puçur göyərdən, ömrümüzə ilkinlər, təzəliklər bəxş edən, sevgilərə, sevinclərə qapı açan allı-güllü, yaşıl donlu Bahar gəldi…

El arasında mart çıxdı, dərd çıxdı deyirlər. Yəqin bunu da ayın dəyişkən, dəymədüşər havalarına görə yozublar. Axı, yazla qışın ölüm-dirim savaşıdı bu mart ayı. Nə olur-olsun, nə deyirlər desinlər, mart yaz aylarının ilkini kimi təbiətin də, insanların da istəklərinin qönçə ayıdır. Elin-günün təzəlik bayramı – Novruz ayıdır.

İllərdi yazı ömrümüzün, günümüzün sozalmayan sevgisi, qəlbimizin ən böyük sevinci sanmışıq. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb illərə könül vermişik. Bu Bahar qızıyla fərəhimizi bölüşüb, ona söz-söz istəklərimizi pıçıldamışıq…

Mən yazın bösböyük işığını, bu işığın düşüncəmə gətirdiyi hərarətini hələ uşaqlığımdan duymuşam. Yeniyetmə çağlarımda ilk yazın bağçamıza gətirdiyi gözəllik bir aləm idi. O zaman təbiəti bəzəyən güllər içində hər kəsi heyran edən qızılgülə aşiqdim. Ləçəkləri şeh damlalarında, səhər şəfəqlərində nurlanan qızılgülə. Bu şahanə gülə vurulduğum zamandan əlimə qələm almışam, ilk baharda anamı vəsf etmişəm. Anamın əllərinin istisini yazın nəfəsində duymuşam. Və onu düşüncəmin doğurduğu ilk sözümlə vəsf etmişəm. Bu bənzətməm şeir olmasa da duyğularımın tərcümanı idi…

Şaqraq səsli, yaz nəfəsli anam mənim,
Qeydə qalan layla çalan sonam mənim…

Nostalji duyğularla pəncərədən ətrafa boylanıram. Gözlərimin qarşısında ətraf dumana-çənə bürünüb. Amma mən bu dumanın, çənin arxasından indicə ətrafı nurlandıracaq şəfəqi görürəm. Ağac dibində, səki kənarında, daşların arasından boy göstərən sısqa cücərtilərin ətrini duyuram. İllərdi yazı ömrümün, günümün sozalmayan sevgisi, qəlbimin sultanı sanmışam. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb illərə könül vermişəm. Bu Bahar qızıyla sirdaş olub ülfət bağlamışam. Bir kəsə söyləmədiklərimi onun ilk nübarı olan yaşıl otlara, yanağı çatlayan güllərə, çiçəklərə, yaşıllaşan ağaclara söyləmişəm, onlarla xısın-xısın, xəfifcə bölüşmüşəm…

Bu, mənim yeniyetmə çağlarımda ilk yazın bir udum havasından, bir əlçim yaşıllığından, bir qom bənövşəsindən, bir sısqa çiçəyinin ətrindən, bir qurtum şirinliyindən ilham aldığım günlərdə qəlbimdə puçurlanan istəklərimin pıçıltılarıydı…

Və bu yazın gah çiskinli, gah günəşli, gah da küləkli günlərində torpağın sinəsindən boy göstərən, ətrilə ruhumuzu təravətləndirən güllərin, çiçəklərin gözəlliyinə bir aşiq sevgisilə qucaq açır, doğmalarla, yaxınlarla bu füsunkarlığı bölüşürük. Ümidlər də, sevgi-sevinclər də yazın bu çağında, bu növrağında yolumuza şəfəq saçır…

Bəs, uzaq illərin o tayında qalan baharın ilk çağında babalarımız onu necə qarşılayırdı? Bu səhər vaxtilə ahıllarımızdan eşitdiyim, el-obanın yaz günlərinin xoş qayğıları ilə yaşadıqları həyat xatirələrimi közərdir…

Şaxtalar sınıb, bağ-bağçaların ağ örpəyi əriyəndən, torpağın sinəsindən boy verən bənövşələr gözlərini açandan, insanlar da sanki təzələnir, yenidən doğulurmuş kimi şirin arzular, ümidlərlə yaşayırdılar. Bu növrağa əsrarəngizlik qatan güllərin nazlana-nazlana ətir saçması qəlblərini sevinclə, hərarətlə doldururdu. Aylardan bəri çılpaqlaşmış ağacların tumurcuq bağlayan budaqları öz təravətilə istəklərinə təzəlik qatırdı. Beləcə, yazın həniri eşidiləndən adamlar həyət-bacada qaynaşırdı.

Axır çərşənbədən bir ara sonra el əl-ayağa düşür, yaylağa köç hazırlığı başlanır, nə başlanırdı. Əl kirkirələri işə düşür: un üyüdülür, yarma, qovut çəkilir, əriştə kəsilirdi. Qız-gəlinlər hələ uzun qış günlərindən hanalarda başladıqları palazların, kilimlərin axırıncı ilmələrini vururdular. Yır-yığış arası özlərinə allı-güllü, butalı-xonçalı parçadan don da tikirdilər.

Arabaçılar da əl-ayağa düşürdü. Təkərləri şinləyir, çağları bərkidir, qolları çüyləyir, oxları yağlayırdılar. Xülasə, bütün əyər-əskiyini düzəldərək arabaları saz hala gətirirdilər. Köçhaköç vaxtı arabaların içərisinə qız-gəlinlərin toxuduğu kilimlərin siftəsini salırdılar.
İş-gücdən macal tapan ağsaqqallar kəndin ortasında, bulağın səmtində məsləhət-məşvərətə yığışırdılar ki, yaylağa nə vaxt köç eləsinlər. Vədə tamamında hava işıqlanar-işıqlanmaz köç yola çıxardı. Yaylağa qalxan yollarda küllü-külfətin dincəlməsindən ötrü düşərgə salan kişilərin rahatlıq yaratması, lalə donlu qız-gəlinin əl boyu qədər qalxmış çəmənliyin arasından deyə-gülə bənovşə yığması bir başqa aləmdi…

İndi bu sətirləri qələmə aldığım anlarda torpaqlarımızın işğal altında olduğu illərin yazını xatırlayıram. Ömrünü-gününü gözəl yaylaqlarda keçirən köçkün həmvətənlərimizin halını göz önünə gətirirəm… Doğmaca yurdlarından – Qarabağımızdan ayrı düşmüş soydaşlarımızın həsrəti, yurd itkisi qəlbimizi necə yandırırdı… Hələ qədim İrəvan torpaqlarından qovulmuş soydaşlarımızın halından necə göynəyirdik…

Hər baharda üz-gözümüzə sığal çəkən ata-baba yurdlarımızı, gözəl yaylaqlarımızı, eh… itirib unuda bilmədiyimiz adlı-sanlı yerlərimizi yada salırdım. Bilirdim ki, o yerlərin yal-yamacı, dağları, qayaları, buz bulaqları, düz-düzəngahları doğmalarının isti nəfəsindən ötrü qəribsəyib. O yerlərin yazda göyərmiş torpağı da, tumurcuq bağlayan ağacları da ətrafına boylana-boylana qalmışdı. Xırdaca pöhrələri, yanağı çatlayan qönçələri, qayğıkeş vətən övladlarının sevgi dolu baxışlarına, isti əllərinə illərlə tamarzı qalmışdı…

Şükür, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuzun igid oğulları torpaqlarımızı erməni işğalından azad etdilər. Düşmənin tapdağı altında inləyən Qarabağımızın cənnət güşələrindən, nadir xarıbülbülün gözəlliyinə tamarzı qalan doğmalarımızın gözlərində sevinc yaşı yaşardı, azad olunmuş yurdlarına evlərinə köç başladılar. İndi Qarabağımız yenidən qurulur, bütün məkanlar gülüstana dönür.

İnşallah, qədim Oğuz yurdumuz olan Qərbi Azərbaycan torpaqlarına da ləyaqətli dönüşümüz olacaq…

Həmişə qəlbimizdə xalqımızın xoş gələcəyinə inamımız olub. Axı hər gələn yaz özüylə elimizə, obamıza xoş müjdələr gətirir. Ruhumuzu təzələyir. Ömür-günümüzün təzəlik içrə keçən günləri yaddaşımıza o qədər istəklər, sevgilər naxışlayır ki. Bunlar yazla birgə insan ümidlərinin göyərməsi, arzularının böyüməsi, kamala yetməsi, murada çatması deyilmi…
Qoy bu yazın qədəmləri xalqımıza düşərli olsun. İlimizin, günümüzün təzə növrağı – Bahar, yurdumuza xoş gəldin!

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasir yazır

BAHARDA DOĞULAN VƏTƏN QIZI
ŞAHNAZ ŞAHİN, bilmirəm, bu yazı özəl gününlə bağlı sənə təbrik sözüm olacaq, və ya görüşmədiyimiz son 1 ayda bölüşmək istəyimdən yaranan ehtiyacımın ifadəsi. Bəlkə də axır bir neçə həftədə ictimai həyatda, ədəbi mühitdə baş verən hadisələri düşüncəmin işığında müzakirə müstəvisinə çıxarmaq məqsədilə fikirimi sənə ünvanlamaqdır. Sözün bu yerində özümə etiraz edirəm: müzakirəni sosial şəbəkədə açmağa nə hacət, bunlar qalsın Allahın iznilə baş tutacaq növbəti görüşümüzə…

Yaradana şükr edirəm, nə yaxşı ki, ortaq rəfiqəmiz, tələbə yoldaşım, istedadlı jurnalist, rəhmətlik Vəsilə Usubova vaxtilə bizi tanış etdi. Bu tanışlıq aramızda həmişəlik Söz körpüsü oldu. Anlaşdıq, dərk etdik bir-birimizi. İki ədəbiyyat adamı olaraq bir-birimizin mənəvi, yaradıcı aləminə yaxınlığımız dostluğumuza xoş rənglər qatdı…

Şahnaz xanım, düşünürəm ki, səni ədəbi mühitə, sosial mediaya geniş təqdim etməyə lüzum yoxdur. Nədən ki, bir şair olaraq çağdaş poeziyamızın istedadlı nümayəndəsi, ədəbi, ictimai həyatda gərəkli və ciddi, aktual mövzularda dəyərli esselər müəllifi kimi özünü təqdim-təsdiq etmiş Ədəbiyyat adamısan. Burada məqsədim yaradıcılığını xarakterizə etmək, əsərlərinin ideya-mənəvi dəyərlərindən söz açmaq deyil, amma bu istiqamətdə bəzi məqamlara toxunmağı vacib sanıram.

Hamımız bu Vətənin övladlarıyıq, amma çoxlarından fərqli olduğun üçün sənə ağızdolusu Vətən qızı deyirəm. Çünki, yaradıcılığınla Vətənə, xalqına xidmət edən, millətin ağrı-acılarına yanaraq onları dilə gətirən, el-oba təəssübü çəkən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igdlərimizin, şəhid oğullarımızın taleyinə, həyat salnaməsinə işıq salan, qələbə sevincimizi, zəfərimizi qızıl qələminlə vəsv edən Söz xiridarı kimi dəyərli vətəndaşsan. Bunları görməzlikdən gələ bilərəmmi, Şahnaz Şahin…

İndiki məqamda yadıma düşən, oxuduqca coşduğum, xoş təəssürat içrə duyğulandığım bəzi kitablarını xatırlayıram. “Xocalının Sərvəri”, “Sabiradad Şəhidləri”, “Zəfər nəğmələri”, “Şuşa haqqı” əsərlərinlə sən də Vətənin keşiyində dayanan mübariz, dəyanətli bir əsgərsən…
Zatən münasibətimizin davamlı olacağına inanıram. Xoş halımıza ki, bazar söhbətlərindən çox-çox uzağıq. Hər görüşümüzdə yazılarımız haqqında, ümumən ədəbiyyatımıza xidmət edən əsrlərlə bağlı fikir mübadiləsi aparır, hansısa bir bədii mətni müzakirə edirik. Düz sözə etina edirik. Lütfən, kimsə bu fikrimi özümüzdən razılıq kimi anlamasın…

Doğum gününlə bağlı bu yığcam fikirləri qeyd etməklə istədim biləsən, bütün uğurlarına (bilirəm ki, ölkəmizdən kənarda da yaradıcılığına verilən dəyəri, haqqın olan dəyəri qazanmısan) özün qədər sevinirəm. Səni təbrik edirəm, Şahnaz. Bir də demək istəyirəm ki, baharda doğulan rəfiqələrimin arasında sən də özəlliyinlə seçilirsən. Novruzun mübarək qədəmləri ilə birgə doğulmağın da Tanrının həyatına bəxş etdiyi bir naxışdır. Əzizim, ruhunun yaşı gülümsər çöhrəndə daim şəfəq saçsın. Yeni yaşın mübarək, Şahin Çahin! Sənə sağlam həyat içrə davamlı yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə, Şəfəq Nasir

ŞAHNAZ ŞAHİNİN YAZILARI

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YAXŞI ADAM”A BAYRAM TƏBRİKİ

“YAXŞI ADAM”A BAYRAM TƏBRİKİ
Bu gün səhərdən Günəşin al şəfəqlərinin təbiəti nura qərq etdiyi bir vaxtda Novruz və Ramazan bayramları münasibətilə doğmalara, dostlara təbriklər göndərir, hər biri ilə xoş diləklərimi bölüşürəm. Eləcə də ünvanıma gələn bayram təbriklərindən ruhlanır, fərəhlənir və bu ovqatımdan könlümcə rahatlıq duyuram…

Bu bayram günlərində illərlə bir-birindən xəbər tutmayan, elindən, obasından ayrı düşən insanlar əziz günlərdə dostlarını, doğmalarını arayıb-axtarır, ürək dolusu sevinclə əhvallaşır, bayramlaşırlar.

Ramazan və Novruz bayramlarında ilk olaraq kimsəsizlərə, əlillərə, şəhid balalarına, əlsiz-ayaqsızlara, unudulmuşlara, tənhalara, yaşlı insanlara baş çəkmək, onları sevindirmək, xalqımızın savab adlı milli dəyərlərindəndir. Bu adətləri yerinə gətirənlər el-obada yaxşı adam kimi tanınır, sevilir, xalqın etimadını qazanır, hörmətlə qarşılanır.

Dünyada yaxşı adamların sayı nə qədərdir, onu heç kim bilmir, amma hər kəs yaşadığı məkanda yaxşıları tanıyırsa, nə xoş bizlərin halına! Əbəs yerə demirlər ki, dünya yaxşıların çiyni üstə qərar tutur. Bu söz bir qədər obrazlı deyilsə belə, burda bir həqiqət də var: Yaxşıların çox olduğu yerdə doğruluq, düzlük, təmiz əxlaq, inam, etibar, böyüyə hörmət var…

Belə yaxşı adamlardan biri də Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Əziz Əzizovdur. Düşünürəm ki, bir elin, yurdun rəğbətini qazanmış bu Yaxşı Adam məxsusi bayram təbrikini haqq edir.

Mən Əziz müəllimi bəlkə də 1 il-dən bir qədər artıq vaxtdır ki, tanıyıram. İlk təəssüratım yaxşı olsa da haqqında elə də çox məlumata malik deyildim. Onu son bir ildə Beyləqana tez-tez səfərlərim zamanında, el arasında olduğum vaxtlarda dost-tanışlarla söhbətlərimdən tanımağa başladım.

Rayona hər gəlişimdə bir təzəlik, yenilik, səliqə-sahman gözümü oxşayır, könlümü açırdı. Hər dəfə də Başçı haqqında xoş sözlər eşidir, hər kəslə, hamıyla səmimi, mehriban davranışlı, sadə bir rəhbər işçi olduğunu söyləyirdilər. Eşitdiklərimin izi ilə addım-addım “irəlilədim”. Tərcümeyi-halı ilə tanış oldum. Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsindən fəaliyyətini izləməyə başladım. Rayonda görülən bütün işlər, Əziz müəllimin qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullarda, inzibati binada vətəndaş qəbullarında görüşləri – insanların problemlərinə həssaslıqla yanaşması, həllinə kömək etməsi, qayğı göstərməsi…, rayonda müxtəlif mövzularda keçirilən tədbirlərin cəmiyyət həyatı ilə bağlılığı, küçələrin, yolların, bərpası, səliqəyə salınması, bir sözlə, Beyləqanın dinamik inkişafının əksini səhifədəki paylaşımlarda görürdüm. Bu paylaşımlara yazılan rəylərdə vətəndaşların razılığını, Başçıya təşəkkürünü ifadə edən fikirləri oxuduqca düşüncəmdə Əziz müəllim haqqında fikirlərim formalaşırdı.

Hiss edirdim ki, Əziz Əzizov Beyləqana özünün mükəmməl iş proqramı ilə gəlib. Bu proqramın bütün bəndləri cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsaslanırdı: Böyük zəhmət və bacarıqla xalqın xidmətində durmaq, əhalinin sosial, mədəni yüksəlişi yolunda çalışmaq rayon rəhbərlərinin ümdə vəzifəsidir. Bütün bunların fonunda İnsan amili öndə olmalıdır…

Əziz müəllim özünün iş prinsipində Prezidentin tapşırıqlarına ciddi şəkildə əməl edir, böyük səylə çalışır, dövlətinə, xalqına sədaqətlə xidmət edir…

Əziz Əzizov hər gün çöldə, bayırda insanların arasındadır. Ağac əkilir, təmizlik işləri aparılır, bir bel də Başçının əlindədir. Hətta yer əkməyin çəmini, yöntəmini fəhlələrə başa salır. Torpağın dilini, sirrini bilən təsərrüfatçı kimi onlara tövsiyələrini verir…


Əziz Əzizovun təşəbbüs və təşkilatçılığı ilə bayramqabağı rayonda böyük tədbirlər keçirilir. Bu bayramlar ərəfəsində Əziz müəllim nə qədər şəhid ailələrini, əlilləri, yaşlıları təkcə bir vəzifə adamı kimi deyil, El Adamı olaraq yad etdi, hər birinin könlünü aldı. Qadınlar bayramında, İftar süfrəsində onları böyük şadlıq sarayında bir araya gətirdi. O, Beyləqan ailəsini qeyrətlə, zəhmətlə, işgüzarlıqla idarə edən bir Başçıdır…

Bəziləri bu sətirləri oxuyanda düşünər ki, bu kimi tədbirlər bütün rayonlarda keçirilir. Etiraz etmirəm, amma səviyyə, məzmun, ideya, layihələrə özəl yanaşma, başqadır. Müqayisə üçün bir neçə rayonun rəsmi səhifəsinə baxa bilərsiniz…


Beyləqan camaatının hər birinin həyatında Yaxşı adam kimi yeri olan hörmətli Əziz müəllim! Sizi müqəddəs Ramazan bayramı və ilimizin təzəlik ayı, günü olan Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirəm.

P.S. Bilirəm, bu bayram təbriki Əziz Əzizovu yaxından tanıyan, onun sadəliyini, təmizliyini, mərhəmətini, xeyirxahlığını bilən bütün Beyləqan camaatının da ürəyindən olacaq.
Bayramlarınız mübarək, Yaxşı adam!

Hörmətlə, Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NAHİD HACIZADƏ – 90

NAHİD HACIZADƏ – 90
Bu dünyada unutmadıqlarımdan biri də şair, yazıçı, publisist, dramaturq, ssenarist, ən başlıcası da səmimi, xeyirxah insan kimi tanıdığım Nahid Hacızadədir.

O, bəlkə də yeganə yazıçı idi ki, Azərbaycanın əksər korifey sənətkarları ilə görüşüb, ünsiyyətdə, dostluq, yaradıcılıq münasibətində olub. Hər biri haqqında xeyli sayda oçerk, publisistik əsərlər, xatirə yazıları ərsəyə gətirib. Bu əsərlər özünəməxsus üslubu, dilinin səlisliyi, zərifliyi, milli koloriti, duyğusallığı ilə ürəklərə yol tapıb.

Nahid Hacızadə özünün genişəhatəli yaradıcılığı ilə həmişə Azərbaycan ədəbi mühitinin mərkəzində olan, xalqın ictimai şüuruna işıq saçan sənətkardı. Əslində bu, yazıçının düşüncəsindən, ürəyindən qələminə süzülən əsərlərinin işığıdır…

Yazıçının 2008-ci ildə işıq üzü görmüş “Yada düşdü” kitabında yer almış xatirə yazıları Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrindən hesab olunur. Nahid Hacızadə kitabına yazdığı ilk sözündə deyir: “Mən yarım əsrdir ki, söz-sənət adamları ilə sıx ünsiyyətdəyəm. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyim uzun illər ərzində görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları, elm və mədəniyyət xadimləri ilə, tanınmış şəxsiyyətlərlə sayagəlməz görüşlərim, söhbətlərim olub. Bunların unudulanı, yaddan çıxanı da olub, ürəyimdə iz salanı, yaddaşıma yazılanı da”. Deyirəm, nə yaxşı ki, yazıçı yaddaşına yazılanları vaxtında cəmləşdirərək kitablaşdıra bilib…

Nahid müəllim uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Azərbaycan televiziyasında Ədəbi dram redaksiyasının Baş redaktoru olub. O zaman həmin redaksiya ilə yaradıcılıq əlaqələrim vardı. “Səhər görüşləri” “Hekayə axşamı” proqramlarında kiçik hekayələrim əsasında hazırlanmış səhnəciklər nümayiş olunurdu. Hər dəfə də yazıçı Rafiq Səməndər hekayələrim haqqında Nahid müəllimin fikirlərini mənə çatdıranda çox təsirlənirdim. Onunla şəxsən tanış olmasam da gənc yazıçıya qayğısını, dəstəyini hiss edirdim. Bu, məni yazmağa həvəsləndirirdi….


Təqvimdə 2012-ci ildi. O zaman Azərbaycan nəşriyyatında yerləşən bir sıra qəzet və jurnallara yazı vermək üçün vaxtaşırı həmin nəşriyyatda olurdum. Bir gün də yolumu Nahid Hacızadənin Baş redaktoru olduğu Xatirə ədəbiyyatı redaksiyasından saldım. Yazıçı həm də “Yada düşdü” jurnalının Baş redaktoru idi. Həmin gün burada uzun illər “Gənclik” nəşriyyatında birgə işlədiyim şair, publisist, eləcə də həmyerlim Zülfüqar Şahsevənli ilə qarşılaşdım. O, məni Nahid müəllimə təqdim etdi. Amma təqdimatına bir qədər uzaqdan başladı. Dedi, Şəfəq hörmətli bir ziyalı ailənin övladıdır. Babası, tanınmış İrəvan ziyalısı Məmmədəli Nasir jurnalist, mollanəsrəddinçi olub. Qardaşı, bacısı filan yerlərdə işləyir, özünün də filan kitabları (adlarını dilə gətirdi)… “Beyləqanın güllü yazı”na çatanda, Nahid müəllim qayıtdı ki, Zülfüqar, burda saxla! Bayaqdan ordan-burdan danışırsan. Elə Şəfəqi “Beyləqanın güllü yazı” kitabının müəllifi kimi təqdim etsəydin, bəs edərdi. Yoxsa başlamısan, o belə gəldi, bu da belə getdi… Hə, yadıma düşdü, Şəfəq xanım vaxtilə bizim redaksiya ilə də əməkdaşlıq edib. Şəxsən görüşməsək də onu qiyabi olaraq elə bu kitabından tanımışam…

1991-ci ildə 30 min tirajla çap olunmuş adı çəkilən kitabım həmin vaxt respublikada geniş yayılmış və yaxşı qarşılanmışdı. Demə, “Beyləqanın güllü yazı”na maraq göstərənlərdən biri də Nahid Hacızadə imiş…

Sonralar nə vaxt yolum Azərbaycan nəşriyyatına düşürdü, hökmən Xatirə ədəbiyyatı redaksiyasına da baş çəkir, Nahid müəllimlə görüşürdüm. Bir gün də Baş redaktora yazıçı Manaf Süleymanovla bağlı bir yazı təqdim etdim. Hələ oxumamış qayıtdı ki, Manafın yazı dili çox quru və pintidi, nəyini tərifləmisən ki. Bu sözdən bir qədər pərt olsam da halımı büruzə vermədən özümü ələ aldım. Dedim, bu bir xatirə yazısıdır. Xahiş edirəm, imkanınız olsa baxarsınız.

Təxminən iki həftədən sonra Nahid müəllimlə görüşəndə məni mehribanlıqla qarşıladı, dedi, yazını çox bəyəndim, gözəl xatirədi. Növbəti nömrəmizdə verəcəyik. Və gözləmədiyim halda ərkyana bir tərzdə qayıtdı ki, bu günlər jurnalımızın 1 yaşı tamam oldu. Bəlkə nömrələrə baxasan, xoşuna gəlsə haqqımızda bir təəssürat yazısı hazırlayarsan. Məmnuniyyətlə razılaşdım. Bir həftə ötməmiş məqaləni Baş redaktora təhvil verdim. Yazı həm jurnalda, eləcə də “525-ci qəzet”də, səhv etmirəmsə,“Respublika” qəzetində də dərc olundu.

Sonralar “Respublika”nın Baş redaktoru Teymur Əhmədov məni qəzetdə işləməyə dəvət etdi. O vaxtdan Nahid müəllimlə tez-tez görüşürdük. “Yada düşdü” jurnalında yazılarım dərc olunurdu. Nahid müəllim arada nahar fasiləsində bizim mərtəbəyə qalxır, Teymur müəllimlə yaradıcılıq qayğılarından danışır, bəzən məni də bu söhbətlərə dəvət edirdilər…


Nahid Hacızadə işıqlı İnsan idi. O işıq mənəvi dünyasından, yaradıcılığın bütün növ və janrlarında qələmə aldığı əsərlərindən görünən işıqdı. Biz o işığı bu gün də görür, hiss edir və bu işıqlı İnsanı böyük ehtiramla anırıq…

Martın 14-də unudulmaz yazıçı Nahid Hacızadənin 90 yaşı tamam olur. Ruhu şad, məzar evi nurla dolsun…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“LİTERA”DA ŞEİR GECƏSİ

“LİTERA”DA ŞEİR GECƏSİ
Həmin gün axşam çağı, havanın təzəcə qaranlıqlaşdığı bir vaxtda xudmani bir məkanda şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun poeziya işığında çox maraqlı bir gecədə iştirak edirdik.

Gün 20 fevraldı, amma təəssüratı bölüşmək bu günün tarixinə yazılır. Buna səbəb təkcə həmin gecənin təsirindən ayrıla bilməmək deyil, həm də günün mənasını dərindən dərk etməkdən ötrü şairin poetik əsərlərinin kiçik bir qisminin yer aldığı “Oğlumla söhbətlər” və “İlk hərfi itmiş cümlə”dəki şeirləri oxumaq, mətləbləri duymaq, şairin poetik aləminə dərindən varmağım oldu.

Səlim müəllim sadə bir tərzdə ciddi ədəbiyyat söhbətinə başlayır. Deyir, Avropa ölkələrində tədbirlərə dəvət olunarkən sərgilərdə, kitab mağazalarında olan ədəbiyyata, əsasən də şeir kitablarına diqqət yetirir, götürüb vərəqləyirdim. Dizayn, tərtibat, ümumiyyətlə, kitab nəşri, onun yayımlanması, avropalıların kitaba marağı məni heyrətləndirirdi. “Onlarda belə idi…” deyəndə hiss etdim ki, şairimiz də mövzu ilə bağlı gördüklərindən yetərincə bəhrələnib…

Həmin gün o şeir gecəsinə yığışdığımız oda sanki tünlükdən kənarda, dənizin sularında ahəstə yırğalanan “gəmiyə” bənzəyirdi. Burda poeziya işığına yığışanlar həzin, duyğulu bir ovqatda şairi dinləmək intizarında idilər. Müəllifin ifasında səslənən şeirlər də hər kəsi zamanın, illərin, anların xatirələri ilə çulğamışdı. Poeziyanın həzzini yaşamaq, mənəvi zövq almaq isə əsl qəlb rahatlığı idi. Həmin gün o “gəminin sakinləri” duyğusal bir ovqatda gözəl məqamlar yaşadı…

Şairin öz ifasında səsləndirdiyi şerləri, sözün poetik toxunuşundan yaranmış rənglərin harmonik ecazı, poeziyasının yarandığı zamana oxucu marağı, onları təsəvvürdə canlandırmaq, səsləndirmək, nələri bölüşmək, nələrdən bəhs etmək, şeirdə hansı ricətlərdən söz açmaq, bu qəbildən bir çox detalları – həzin poeziya gecəsini əvvəldən axıra qədər sanki Yaradan öz nizamında axarına salmışdı. Gecəyə mənəvi rahatlıq, duyğusallıqla diqqət kəsilsəm də gözümü şairin “İlk hərfi itmiş cümləsi”ndən və “Oğlumla söhbətlər”dəki poetik mətnlərindən ayıra bilmirdim. Fikrim səsləndirdiyi şeirlərində, gecənin iştirakçıları ilə qurduğu maraqlı mükalimələrdəydi…

Unutmamış qeyd edim ki, bu poetik nümunələrin hər biri ayrılıqda mənzum həyat hekayətlərdir. Yəni nəsr üçün xarakterik olan epitetlər, rəngli təsvirlər poetik mətnlərdə səciyyəvi idi. Onu da deyim, bütün şeirlər süjetlidir: formaca yeni, üslubca özünəxas və məzmunca zəngin, rəngarəng süjetli. Bu əsərləri bizlərə sevdirən cəhətlərdən başlıcası məhz o həyat hekayətlərində çoxlarının özünü, öz taleyini, gün-güzarını görə bilməsidir. Başqa bir tərəfdən, insanların taleyində üst-üstə düşən məqamların oxşarlığı, doğmalığıdır…

Arada şairin kövrəlmiş səsində sezdiyimiz həyəcan Ana haqqında yaddaş xatirələrinin yaratdığı ovqatla bağlı idi. Bəzən də fikrin qətiyyətli intonasiyasında qərarlaşmış məğrurluq, nikbinliklə süslənmiş səsinə gözlərimi kitabdan ayırır, tamlıqla ona diqqət kəsilirəm. Əsər məni alıb-aparır… Axı, qəhrəman Anadır! Dünyaya şair gətirən Ana… Övlad üçün ən böyük sevgili varlıq olan Ana…


Səlim Babullaoğlu məsuliyyətli ədəbiyyat adamıdır. Əslində zahirən sadə görünən bu fikrin sərhədi çox genişdir. Mən bu cəhəti şairin ədəbi yaradıcılığın bir neçə qolunda ərsəyə gətirdiyi əsərlərində – şeir, tərcümə, esselərində, tərtib etdiyi kitablarda və əksərinə yazdığı ön sözdə, redaktoru olduğu toplularda müşahidə etmişəm. Hər birində də dərin və məsuliyyətli yaradıcılıq zəhməti açıq-aydın duyulur…

Xatırlayıram, onun Mirzə Şəfi Vazehin “Bütün əsərlər”inin layihə redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi olaraq öhdəsinə aldığı işləri bir neçə istiqamətdən, həm də həssaslıqla, heç kimin xidmətini unutmadan, itirmədən ətraflı, sistemli şəkildə, ardıcıllıqla gözəl ədəbi formada təqdim etməsini bu təəssürat yazısında da təqdir etməyi məqsədəuyğun hesab edirəm. Səlim Babullaoğlunun ədəbi fəaliyyətinin başlıca amili olan bu böyük zəhmətinin adı məsuliyyətdir!

Həmin gün Səlim müəllimin söhbətlərində, oxucuların suallarına verdiyi cavablarında da mən onun daxili məsuliyyətini hiss etdim…

Yeni kitablarınızın işığına yığışmaq intizarındayıq, Səlim Babullaoğlu!

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖTƏN İLİN BİR QIŞ GÜNÜNDƏ…

ÖTƏN İLİN BİR QIŞ GÜNÜNDƏ…
Gecədən başlayan qar gün ərzində bir qədər səngisə də aravermədən elə hey yağırdı. Günboyu çöldə-bayırda həm işlərimlə məşğul olur, həm də ağ örtüklü bağlarda, səkilərdə gəzib-dolandıqca xatirələrə dalırdım. Gəncliyimdən qarlı havalarda tək-tənha gəzməkdən zövq alırdım.

Elə ki güclü qar başlayırdı, yarım saat ötməmiş təbiət ağ örpəyə bürünürdü. O zaman ev-eşiyə yığışmaq istəmirdim. Səhərə qədər küçələri, bağları dolaşmağa təşnəydim. Adı nəydi bu dəliliyin… Əlbəttə ki Romantika…

İndi yadıma 70-ci illərin qarlı-şaxtalı qış günləri düşür. Jurnalistikada oxuduğum çağlardı. Bir gün auditoriyada “Sov.İKP tarixi”ndən mühazirə oxuyan professor, mərhum Xəlil Əlimirzəyevin dərsindəydik. Yadımdan çıxmamış, əvvəl onu deyim ki, Xəlil müəllim dərsə davamiyyəti yoxlayarkən hər kəs adı çəkildiyi zaman bir-bir qalxıb “burda”, cavabını verəndə, mən “buradayam”, deyirdim. Bu zaman Xəlil müəllim təəccüblə üzümə baxır, amma bir söz demədən yoxlamasına davam edirdi…

Çöldə quşbaşı qar yağır, ağaclar bu bəyazlıqda elə gözəl görünürdü ki! Həmin anlarda ürəyimə sanki lopa-lopa cevinc dolurdu. Əlimi üzümə dayayıb böyük vəcdlə pəncərənin o üzündəki gözəlliyə baxırdım. Dərsdə olduğumu tamam unutmuşdum. Fikrim-zikrim qar dənəciklərinə dönüb fırfıra kimi havada uçurdu. Qəflətən Xəlil müəllimin acıqlı səsi məni yaşadığım sevinc dolu aləmdən ayırdı:

– Qız! Fikrin hardadı, indi səni bayıra çıxararam, ağlın başına gələr!
Həmişə qaşqabaqlı, zəhmli olan Xəlil müəllimin səsindən, sözündən tez də özümü yığışdırdım. Amma qorxu mənə nə qədər əsər eləsə də cəsarətimi toplayıb, hələ qeyb olmayan fərəhli ovqatımla müəllimin diqqətini bu gözəlliyə çəkmək istədim:

– Xəlil müəllim, bir baxın, bayırda necə gözəl qar yağır, elə bil göydən yerə sevinc ələnir.

Xəlil müəllim eynəyinin üstündən bir mənə baxdı, bir də bayırda yağan qara. Onda gördüm, çöhrəsinə təbəssüm qondu, həmin anda sərtliyindən əsər-əlamət qalmadı:

– Jurnalisti romantik xəyallarından ayırmaq olmaz- deyib, kürsüdən aralandı. Əslində müəllim mühazirəsini bitirmişdi. Asta yerişlə masanın arxasına keçib yerində əyləşdi. Jurnalı qarşısına çəkib, qeydlərini yazmağa başladı. Auditoriyada elə yumşaq, rahat ab-hava yarandı ki…

Professor Xəlil Əlimirzəyev Qəbələ rayonunun Mirzəbəyli kəndində doğulmuşdu. Təbiəti də o yerlərin qışı kimi sərt idi. Amma həmin mükaliməmizdən sonra Xəlil müəllimin davranışında büruzə vermədiyi səmimiyyətini hiss etdim. Auditoriyada olanda simasında gördüyümüz sərtliyi, intizamı, ciddiliyi zabitəli insan olduğundan irəli gəlirdi…

Həmin hadisədən sonra kursumuza dərsi olan günlər tənəffüslərdə pəncərə qarşısında mənimlə mehribancasına söhbət edirdi. Bir gün də Jdanov rayonundan (indiki Beyləqan) olduğumu biləndə xəbər aldı ki, Səməd Hacıyevi tanıyırsan? Dedim bəli, oğlu ilə bir sinifdə oxumuşam. Xəlil müəllim Səməd kişi ilə dostluğundan, bir neçə dəfə evində qonaq olduğundan, birgə ova çıxdıqlarından danışdı. Söhbət əsnasında həyəcan keçirsəm də fərəhimi gizlədə bilmirdim. Demə, Xəlil müəllim sadə və mehriban insan imiş…

Biz universiteti bitirən ili, 1976-cı ildə Xəlil Əlimirzəyev 58 yaşında vəfat etdi. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixindən bizə dərs deyən Xalid Əlimirzəyevin əmisi idi…

İndi quşbaşı yağan qarlı havada gəzişərkən Xəlil müəllimi xatırladım. Allah ona da, Xalid müəllimə də rəhmət eləsin! Ruhları şad olsun!
9 yanvar 2023

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İTİRDİYİMİZ DƏYƏRLƏR

İTİRDİYİMİZ DƏYƏRLƏR
Ev telefonları hər yerdə yerli-dibli kəsildi. Yeni texnologiyalar həyatımızın bir gözəl vərdişini də əlimizdən aldı…

Bəs, ev telefonları həyatımıza nə vaxt daxil olub və bizə nə verib?
Mənbələrdən aydın olur ki, Bakıda ilk telefon xətti 1881-ci il noyabrın 23-də Nobel Qardaşları Cəmiyyəti tərəfindən istismara verilib. Bu xətt cəmiyyətin baş kontoru ilə rəhbər şəxslərin evlərini birləşdirən 6 km-lik ilk rabitə xətti olmuşdur. Mərkəzləşmiş telefon şəbəkəsi isə 1886-cı ildə fəaliyyətə başlayıb.

İlk kommutasiyalı şəbəkə: 1886-cı ildə 40 istifadəçi olmaqla Bakı Şəhər Telefon Stansiyası fəaliyyətə başlayıb. Bir qədər sonra isə evlərə telefon xətti çəkilişlərinə start verilib. Bu sırada ilk telefon çəkilişi “Telefonnaya ulitsa”dakı (indiki 28 May küçəsi) mənzillərdə aparılıb. Və növbəylə bütün evlər telefonlaşdırılıb.


Yadımdadır, 5 ya 6-cı sinifdə oxuyanda rayonumuzda (Beyləqanda) ilk olaraq müəllimlərin evi, idarə və təşkilatlar telefonlaşdırıldı. Onu da xatırlayıram ki, evlərdə olan telefon kitabçalarında əlifba sırası ilə mənzil sahiblərinin adı və telefon nömrələri qeyd olunmuşdu. Dəstəyi qaldıran kimi xəttin o başından xətləri birləşdirən qurğunun başındakı işçinin səsi eşidilirdi: Salam. Hansı nömrəni istəyirsiniz? Cavab verirdilər: filan nömrə, filankəsin evi. Danışıqlar uzun çəkməzdi, 2-3 dəqiqə. Söhbəti uzadanda kommutatorda danışıqları izləyən xanım dillənirdi: Xahiş edirəm, xətti məşğul etməyin, danışığı bitirin. Aylıq abunə pulunu gecikdirənlərin telefonu bağlanırdı, ta ki, idarəyə gedib pulunu ödəyəndən sonra xətt açılırdı…

Beləcə, ev telefonları bütün evlərə, ailələrə uzun zaman xidmət etdi. Bu günsə, iki əsrdən çox insanlara sevinc, fərəh gətirən, uzaqları yaxın edən, səhhətimizə heç bir ziyanı olmayan ev telefonları öldü, başqa sözlə, tarixin arxivinə atıldı. Amma ev telefonu ilə danışmaq adama bir ayrı zövq verirdi. Onun səsi gələndə evdə xoş bir canlanma yaranırdı…


Hərdən köhnə vaxtlardakı kimi, dəstəyi əlimə alıb, yaxınlarıma zəng etmək istəyirəm. Sanki möcüzə gözləyirəm. Bilsəm də ki dəstəkdən səs gəlməyəcək, yenə bir nömrə yığıram, telefon susur…

Bir vaxtlar yaşlı adamlar telefonu özlərinə qulaq yoldaşı bilirdi. Darıxanda, tıncıxanda, dəstəyi əlinə alıb qohumla, qonum-qonşuyla hal-əhval edirdi…

Neçə vaxtdı ev telefonları sıradan çıxarılsa da dəstəyi aparatın üstündən ayırmamışam, eləcə xəttin üstündə qalıb. Dünənsə, onu öz yuvacığından götürüb kənara qoydum. Başım iş-gücə qarışmışdı, bilmirəm nə qədər ötdü, 2 saat, 3 saat… Bir də gördüm hardansa qırıq-qırıq səs gəlir, ora baxdım, bura göz qoydum, bilmədim bu ciyiltili səs nə səsdi və hardan gəlir… Axır başa düşdüm ki, telefon dəstəyinin enerjisi qurtarıb. Səs elə bil yalvarırdı, “məni xəttdən ayırma, enerjimi ölməyə qoyma”- deyirdi. Telefon can verirdi, inildəyirdi… Əvvəlki vaxtlar olsaydı, dərhal dəstəyi götürüb aparatın üstünə qoyardım. Amma indi… Toxunmadım, onu yerinə qoysaydım nə dəyişəcəkdi ki…

Və birdən-birə bikeflədim, birtəhər oldum, bu dilsiz-ağızsız əşyaya yazığım gəldi. Məni qınamayın, əşyalara cansız kimi baxa bilmirəm. Məndən ötrü həyatda cansız heç nə yoxdur, daş, dəmir parçası belə canlıdır. Yalnız atılıb qalmış, unudulmuş əşyalar var. Deyir, filankəsin canı polad kimidi, ona heç nə olmaz. Amma poladcanlılar da vədə tamamında gedir. Atılmış, unudulmuş əşyaların da “ölümü” belə olur…

Ev telefonu ilə bağlı bu qeydlər bəlkə də çoxlarına adi görünər. Mənsə, onun həyatımızdan qoparılmasına öyrəşə bilmirəm. Bu, yaxın keçmişdə həyatımıza rahatlıq gətirən, bu günsə əlimizdən alınmış bəzi gözəl vərdişlərimizi mənə bir daha xatırlatdı…


Televizorlara qismən maraq olsa belə, yeni nəyinsə icad olunacağı qarşılığında onun da həyatımızdan birdəfəlik silinəcəyinə şübhə etmirəm. Çünki, zamana hegemonluq edən yeni texnologiya var haa, o da özünün yaratdığına qənim kəsilir. Birini “öldürüb”, yenisini yardır. Hələ bu süni intellekt… onun “üstünlüyünü” o qədər qavramasam da adı gələndə qıcıqlanıram. Bir şey ki hissiz, duyğusuz oldu – süni, onun adama nə yapışığı olar…

Düşünürəm, yeni mobil telefonların insan orqanizminə zərərləri meydana çıxdıqca, (hələ günbəgün qalxan, dəyişən şəbəkə taariflərini demirəm) onlardan da imtinalar başlayacaq.

Amma məndə belə bir inam var ki, itirdiyimiz nə varsa, bir vaxt geri dönəcək, yenə qızıl dövrümüzə qayıdacağıq. Əlimizə kitab alıb səhifələrini çevirdikcə, gözümüzü sətirlərdə gəzdirdikcə duyğu, həyəcan ruhumuzu saracaq. Qəhrəmanların taleyinə gah acıyacaq, gah da xoşbəxliyinə sevinəcəyik. Ən başlıcası, onlardan ibrət alacağıq…

Kinoteatrların qapıları yenidən üzümüzə açılacaq. Ötən zamanlarda olduğu kimi, səhərlər qəzet köşklərində növbəyə dayanacağıq. Həvəslə oxucu kitabxanalarına, kitab evlərinə üz tutacağıq. Eh… bu ki lap nağıl oldu. Amma nağılların bir ucu yalandırsa, o biri ucu gerçəkdir. Nə olur-olsun, yeni texnologiyada bəzi istisnaları nəzərə almaqla yanaşı, köhnə həyat vərdişlərinə qayıtmaq istəyirəm.
Bəs siz necə? Ötən çağların xiffətini çəkmirsiniz ki…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Viktor Hüqo müsəlman idi

AZƏRBAYCANLI HÜQOŞQNAS ALİM
Bir neçə il əvvəl Azərbaycanda Viktor Hüqonun tədqiqatçısı, professor Əsgər Zeynalov haqqında yazı hazırlayarkən alimin “Hüqonun Şərq baxışı” əsərində maraqlı bir məlumatla tanış olmuşdum. Sən demə, Hüqo İslam dinini qəbul edibmiş və bundan sonra özünə Əbu Bəkr Hüqo adını götürübmüş… “Hüqonun Şərq baxışı”nda fransız yazıçısının İslamı qəbul etməsi faktının üzə çıxarılmasının da əsərdə öz əksini tapması və onun İngiltərədə nəşr olunması Əsgər Zeynalovun böyük cəsarəti idi…

Hüqonun anadan olmasının 100 illiyində – 1902-ci ildə Fransa dövləti onun İslam dininə həsr etdiyi şeirlərinin 100 il müddətinə nəşrini qadağan etmişdir. Əsgər müəllim bu əsərlərlə (Hicrinin doğuz ili, “Məhəmməd”, “Sidr ağacı”) yazıçının sağlığında , 1859-cu ildə nəşr olunmuş “Əsrlərin əfsanəsi” kitabından məlumatlı idi. Yeri gəlmişkən, “Hüqo” əsəri haqqında çıxışlarının birində prof. Cəlil Nağıyev demişdir ki, bu monoqrafiyada hər şey yenidir, ancaq Hüqonun İslam dinini qəbul etməsi tamamilə gözlənilməz idi.
Əsgər Zeynalov Azərbaycanda ən böyük hüqoşünas alimdir.

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I