Əli NƏCƏFXANLI – GECƏNİ SEVMƏYƏN QIZ

GECƏNİ SEVMƏYƏN QIZ
“Mənim gecələrdən acığım gəlir…”
(R. adlı bir qızın etirafından)

Uzun bir tunelə bənzəyir gecə,
Kölgələr sürünə-sürünə keçir.
Arxayın saatlar, ləng dəqiqələr
Zülmətə bürünə-bürünə keçir.

Bir qız var, gecəni görən gözü yox,
Gecə qənimidi, səhər həkimi.
Gözünü zilləyib zil qaranlığa
Səhəri gözləyir səhərə kimi.

Divarlar yeriyib gəlir üstünə,
Yuxu həbləri də işə yaramır.
Gündüzlər damağı çağ olan qızın
Gecələr başlayır qara bayramı.

Bir qərib sevdanın itiklisidi,
Könlü haraydadı, qulağı səsdə.
Hərdən də sükutu tərpətmək üçün
Dərdini oxuyur bayatı üstdə.

Gecə ahlarıyla yalqız qalan qız
Axşamdan-sabaha şam kimi yanır.
Səhər açıldımı, dağılır dərdi,
Təzədən ömrünə ömür calanır.

Gündüzü min dillə dindirə bilir,
Bilmir gecə ilə dil tapsın necə.
Günəşə yalvarır – çıxıb getməsin,
Allaha yalvarır – düşməsin gecə.

Barışmaq istəmir öz qismətiylə,
Gecəni danmaqdan bezmir, yorulmur.
Amma nə etməli, ömür qatarı
Gecə tunelindən keçməsə, olmur.

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir