“MANQAL” DA YAŞAYAN KİTABLAR (Ötən ilin təəssüratı)
Keçən ay yaxın qohumlardan birinin nişan mərasiminə yığışmışdıq. Məclis bulvar tərəfdə yerləşən Manqal restoranında idi. Əzəl başdan deyim ki, məkan çox xoşuma gəldi. 30-35 qonağın iştirakı ilə keçirilən ailəvi məclis ürəkaçan idi. Təzə qohumların bir-birinə isinişməsi, qaynayıb-qarışması, süfrə arxasında şirin söhbətlər, gənclərə verilən xeyir-dualar, oyun havalarımıza qol açıb oynayanlar milli adələrimizə sayğımızdı.
Amma burda könlümü açan bir başqa gözəllik də vardı. Mən bu gözəlliyi “Manqal”ın qapısından içəri keçən andan hiss etdim. Klassik üslubda qurulmuş bu restoran, şadlıq məkanından daha çox mədəniyyət ocağını xatırladırdı. Üst qata qalxanda aralıqda adda-budda yerləşdirilmiş antik suvenirlər, divar rəflərinə düzülmüş köhnə kitablar gözə, könülə dinclik gətirirdi. Bu rahatlığın içindən keçib salona daxil olanda mədəni ab-havanı burda da hiss etdim. İçəri keçən təki rəflərə düzülmüş kitabları görəndə fərəhləndım. Məni ən çox sevindirən o idi ki, restoran təkcə ləziz təamları ilə süfrələri bəzəmirdi, həm də kitaba sevgini, mütaliəyə marağı təbliğ edirdi…
Məclis öz axarı, şuxluğu ilə davam etdiyi məqamlarda rəflərə yaxınlaşıb, kitablara nəzər saldım. Bir-bir götürüb müəlliflərin adlarına baxdım. Deyim ki, burada olan kitabların hamısı rus klassiklərinin əsərləri idi. Ötən əsrin 50-60-70-cı illərində çap olunmuş kitablardı: F.Dostoyevski, M.Şoloxov, L.Tolstoy, İ.Bunin, A.Puşkin, V.Şukşin, M.Bulqakov, A.Platonov, A.Soljenitsin və daha kimlərin əsərləri. Hamısı da köhnəlmiş nəşrlər olduğundan rəngləri soluxmuşdu. Fikirləşdim, görəsən bu qədər kitabları hardan yığıb gətiriblər? Evlərdənmi almışdılar, həyətlərdənmi yığmışdılar, bilmirəm. Amma hansı yolla əldə ediblərsə, xeyirxah iş görüblər. Əsas odur ki, kitablar cırılmaqdan, yandırılmaqdan və artıq yük kimi tullanmaqdan xilas olub. Və bəlkə də bilik xəzinəsi timsallı əsərlərin belə məkanlarda sərgilənməsi, insanları kitablarla canlı ünsiyyətdə olmağa, mütaliə vərdişini unutmamağa səsləyir…
O gün “Manqal”ın mədəni aurası yaddaşımda xoş xatirəyə döndü. Amma rus klassiklərinin sırasında Azərbaycan yazıçılarından bir nəfərin belə, kitabının olmaması məni çox təəccübləndirdi…
Güman etmirəm ki, “Manqal”a gələn bir kəs orda bir kənara çəkilib kitab oxumuş olsun. Amma şənlik arası kimlərinsə gözucu da olsa, kitablara nəzər salması, bəlkə də hansınısa oxumaq üçün icazəylə götürüb özüylə aparması mümkündür. Bu mədəni ab-havadan ürəyi açılan, sövqi-təbii rəflərə yaxınlaşaraq kitablara maraqla baxan, hələ desən, neçəsini də götürüb vərəqləyənlər də olmamış deyil. Evlərinə dönəndə məclislə bağlı təəssüratlarında yəqin ki, kitablar da yer alar.
Düzü, indiki dövrdə sosial şəbəkələrdə adamlarla dilsiz-ağızsız ünsiyyət, mətnlərə soyuq yanaşmalar məni həm darıxdırır, həm də çox qorxudur. Belə ki, insanlar, xüsusən də yeni nəsil bu gözəl vərdişi, mütaliəni, kitablarla ünsiyyəti tamam unuda, yadırğaya bilər. Bu, heç də yaxşı hal deyil. Düşünürəm, insanların toplaşdığı bütün məkanlarda “Manqal”da gördüyüm şəkildə kitabın təbliğatı aparılsa, kitaba sevgi, maraq yeniyetmə və gənclərin tərbiyəsinə və dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərər…
Bizim ən yaxın dostumuz kitabdır. Kitab oxuyaq, ay millət, kitab! Sözümz, söhbətimiz də kitablardan olsun, Daha bir-birimizi əzib irəli keçməkdən yox…
Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub
Tanınmış jurnalist, yazıçı Şəfəq xanım bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün Azərbaycan Mətbuat Şurasında, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltifolunma mərasimi keçirildi. Bəndəniz də mükafat alanların sırasında idi.
İlk olaraq, milli mətbuatımızın atası H.B.Zərdabinin adı ilə bağlı olan yubiley medalı ilə təltif olunmağıma görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm…
Tarixdə 1969-cu ildi. Səkkizinci sinif şagirdi Şəfəq Məmmədova imzası ilə rayonumuzun “Yüksəliş” qəzetinin 19 aprel (№ 46 (1.045) tarixli sayında “Anam haqqında nəğmə” adlı ilk şeirim dərc olunmuşdu. Bundan sonra şeirlər, esselər, məktəb həyatından bəhs edən yazılarla rayon qəzetində müntəzəm olaraq çıxışlar etdim. Bir də baxdım ki, hər şeydən uca, dəyərli olan Sözlə sirdaşam. Sözə bunca aşiqlik məni jurnalistikaya gətirdi…
O vaxtdan bu günə, 56 ildir ki, qələmdən ayrılmadım. Yüzlərlə bədii, publisistik əsərlər, İrəvanda iki anadilli mətbuatın tədqiqi, transliterasiyası, 1 monoqrafiya, tarixi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıq yolunu əks etdirən tədqiqat xarakterli məqalələr, xeyli sayda kitabın redaktoru, onlarla kitaba yazdığım Ön söz və 13 adda müxtəlif növ və janrlarda ədəbi mətnlərin yer aldığı kitab…
Hazırda masamın üzərində iki irihəcmli əsər üzərində iş, arxivimdə olan iri qovluq arası xam materiallar, qəfl qafamda doğulacaq mövzular ömrün davamını da Sözlə, qələmlə (oxu bilgisayarla) baş-başa olacağımı deyir…”
“P.S. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) ” yubiley medalına layiq görülmüş dostlarımı – ömrünün böyük bir hissəsini həqiqi mənada mətbuata, jurnalistikaya həsr etmiş həmkarlarımı təbrik edirəm.”
MƏDƏNİYYƏTİN ALİ MƏQAMI – ETİRAF İnsanda təbii olan hər şey doğaldır, həm də gözəl. Uca Yaradanın lütfü olan və insanın da müdaxilə etmədiyi, əl gəzdirmədiyi xarici görünüşdən başlamış, daxili aləminə məxsus olan keyfiyyətlərinə qədər.
Çeşmənin gözündən axan dumduru, büllur, saf suya bənzər hal-xasiyyət kimi. Hiss və duyğuların xəfif bir titrəyişlə oyanışı, bu məqamda gülün tər-təzə ləçəklərinə toxunan ilk nəfəs təki… Bu gözəlliyi, paklığı duyaraq ürəkdolusu yaşamaq, etiraf etmək bəxtiyarlıqdır!
Bir də var, insanın özündən başlamış, ailəsi, dostu, yoldaşı – ümumən onu əhatə edən cəmiyyətə etirafı. Nədən qaynaqlanır, hansı zərurətdən yaranırsa yaransın, bütün hallarda etiraf etmək insanın kin-küdurətdən, riyadan-yalandan, göz-götürməzlikdən, paxıllqdan… azad olması, təmizlənib durulmasıdır. Əgər, bunu bacarırıqsa, nə xoş bizlərə!
Etirafı incəliyinə qədər dərk etməyin yolu qəlbimizdən keçir: əxlaqımızın, mədəniyyətimizin, etik davranışımızın mövcudi-məcmusundan. Ən ümdəsi, mənəviyyat aynasında qüsurumuzu, günahımızı görür və etiraf etməyi bacarırıqsa, eşq olsun bizi doğan analara!
Etiraf qəlb rahatlığıdır. Peşmançılıq ürəyindən dəyirman daşı kimi sallanıbsa, ondan azad olmaq – səhvini etiraf etmək dünyaya təzədən gəlmək kimidir…
Etirafın bir naxışı da ləyaqətdir. “Mən”in daşıdığı ləyaqət və səmimiyyətin meyarı etiraf… Varsa bunlar, hər addımda ona hazır olmalıyıq. İki şəxsin arasında olan ixtilafın yaratdığı küskünlük, anlaşmaya imkan verməyən eqo etirafın qarşısında maneədir, keçilməz səddir. Hətta, dövlətlər arasında mədəni əlaqələrin inkişafına əngəl olan, ona xələl gətirən iddialı münasibətlərin, düşmənçiliyin aradan qaldırılmasında belə, etiraf xalqlar arasında əmin-amanlığın qarantıdır.
Etiraf ailələr, tayfalar, dövlətlər, cəmimiyyətlər arasında sülhün təntənəsidir. Əl-ələ verib şərə, böhtana, acılara birlikdə qalib gəlməyin ipək yoludur.
Etiraf tərəflər arasında əyilməyən, sarsılmayan, sınmayan dostluqdur. Əgər bircə yol ona sarı gəldinsə, niyyətinə, istəyinə işıq çilədinsə, dost özünün şəfqəti, mərhrəməti, xeyirxahlığı ilə hər zaman yanındadı.
Etiraf etmək təbiəti, insanları sevərək, həzzi duyaraq yaşamaqdır. Bunu bacarırıqsa, aləm gözümzdə başdan-başa işıqdır, gözəllikdir, gözəllik. Demək ki etiraf bütün sevgilərin açarıdır, özü də qızıl açarı…
P.S. Yağışdan sonra göy üzü durulur, az sonra Günəş doğur, zərrin şəfəqlər bütün aləmə səpələnir, yer üzü gözəlliklə süslənir. Belə bir füsunkarlıq bütün canlıları ehtizaza gətirir. İnsan həyatının fövqündə ömrə zinət, təravət, lətafət bəxş edən duyğular oyanır. Bunlar romantika, səmimiyyət və mənəvi gözəlliyin etirafı, deyil, bəs nədir…
Çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm”, deyirik. Görəsən, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?
Bir anlayış, fikir kimi, maraqlıdır: səmimiyyət nədir, o özünü necə nişan verir…
Səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər…
Səmimiyyət əxlaqdır. Davranışda, ünsiyyətdə bunu duymaq çətin deyil. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgiylə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: filankəs çox əxlaqlı adamdır…
Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir.
Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara sövq edir.
Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur.
Səmimi insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır.
Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət…
Bu gün görkəmli türkoloq alim, ədəbiyyat və sənət dünyamızın parlaq siması, elmi, ədəbi yaradıcılığı ilə bütün zamanların çağdaşı olan filologiya elmləri doktoru, professor Minaxanım Nuriyeva Təkəlinin doğum günüdür…
Heç bilmirəm, bu kiçik təbrik Sözümdə Onun ömür salnaməsindən hansı səhifəni önə çıxarım. Və ya buna ehtiyac varmı? Türk yurdlarımızın tarixinin araşdırılmasında Minaxanım Təkəlinin adı ünlü elm fədailəri ilə bir sırada dayanmırmı…
Minaxanım Təkəli deyəndə, yaddaşımızdan tədqiqat axtarışlarının bəhrəsi olan “Türk əsilli ruslar”, “Türk sözləri rus dilində”, “Türk kitabı: Unudulan tarix, dəyişdirilən adlar”, “Qafqaz İslam ordusunun xronologiyası” (Mehmet Ruhtunla birgə), “Türk imzası”, “İstilalar, müharibələr: Türk şəhərlərinin taleyi”, “Qərbdən Şərqə ulu türk yurd adlarının dəyişdirilməsi tarixindən”, “Dil-sənət, poetika məsələləri”, “Yaddaş kitabı: Azad və tənha adamlar”… kimi əsərləri boylanır. Elm xadiminin milli ədəbi sərvətimiz statusunda olan kitablarının hər səhifəsində türk dünyası bütün aləmə şəfəq saçır…
Professor Minaxanım Təkəli bu gün də ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri, nəhayət, qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalarını səylə davam etdirir…
Minaxanım Təkəlinin özəl günündə portretinə əzəmət verən elmi ştrixlərlə naxış salmaq bizim ehtiramımız, Onun da halal haqqıdır…
Dünyaya gəlişiniz mübarək, məxmər təbiətli bacım! Qarşıdakı illərdə uğur, fərəh dolu həyat, nağıla bənzər bir ömür nəsibiniz olsun…
YAZDIQLARIMDAN SƏTİRLƏR… MƏNİ YAŞADAN İŞIQ İnsanlarda görmək istədiyim ümdə cəhət mənəvi gözəllik, zənginlikdir. Həyat adama nə qədər çətin, maraqsız görünsə, onu problemlərlə yükləsə, dəyərlər sozalıb itsə, pul, var-dövlət ölümdən savayı hər şeyi həll etməyə qadir olsa belə, hələ də mənəvi gözəlliyə aşiqəm. Və bu sevgimdə ölənəcən varam. Məndən ötrü digər xüsusiyyətlər bundan sonra gəlir…
Ali varlıqda hissi, duyğunu, istəyi, sevgini oyadan da ilk növbədə mənəvi zənginliyin yaratdığı varidatdı. Bu, həm də insanların bir-birini fikrən duyması, anlaması, mənəviyyatca tən gəlməsidir. Əgər bu yoxdursa, izdivacda olan qadınla kişinin də bir-birinə bağlılığı ola bilməz! Ən şirin anlar, ani yaranan şəhvət hissi də ötəridirsə… Yaşandı, keçib getdi, unuduldu, mənəvi yaddaşda bir iz-hiss qalmadı! Zənnimcə, insanı həyatda duyğusallıqla yaşadan, aləmi gözündə cazibədar edən də mənəvi gözəllik, zənginlikdir. Qarşılıqlı anlamın içində yaranan duyğularsa ülvidir, ülvi…
Mən xeyirxahlığı, insansevərliyi, humanizmi, düzlüyü, sədaqəti, saflığı, mədəni davranışı, etikanı, şəfqəti, mərhəməti bəşər övladının yaraşığı, naxışı hesab edirəm. İnsanlarda görmək istədiklərim də bunlard. Bir-birini duymaq, anlamaq, dəyərləndirmək… İlk gənclik çağlarımda hələ mənasına vara bilmədiyim, anlamadığım hansısa bir qüvvə məni uzaqlara, xoş bir hissin müşayəti ilə nələrinsə axtarışına çəkib aparırdı. Elə bilirdim, axtarışında olduğum bu gözəllik, zənginlik bir addımlığımdadır, üz tutunca sarınacam ona, heyhat… Amma bundan rəncidə deyiləm. Bu, həyatdır, taledir, belə bir zənginlik, mənəvi varidat hamıya nəsib olmur ki… Qarşıma çıxmadısa da, nə qəm, o zənginlik, gözəllik daxilimdə topa işıq kimi varlığıma saçılıb. Məni yaşadan, ruhuma zər şəfəqlər kimi çilənən İşıq…
YAMAN OLUR YURD İTKİSİ Bir neçə gün əvvəl yola çıxıb, mənzil başına vaxtında çatmaq üçün bir taksiyə əyləşdim. Salamımı nəzakətlə alan sürücü Qərbi Azərbaycan İcmasına getdiyimi biləndə mənimlə həmsöhbət oldu. Xəbər aldı ki, orada işləyirsiniz? Yox, – dedim, İcmada bir nəfərlə görüşməliyəm. Sürücüdən ikinci sual gəldi: – Siz də Qərbi Azərbaycandansınız? – Bəli, köküm İrəvandandır, valideynlərim 1950-ci ildə “könüllü köçürülmə” siyasətilə ilan mələyən Mil düzünə, Beyləqana gəliblər.
Onun növbəti sualı bu gün bəlkə də yerindən-yurdundan didərgin olan bütün Qərbi Azərbaycanlıların ürəyini göynədən həsrətin açıq-aşkar ifadəsiydi: – Görəsən, yurdumuza qayıda biləcəyikmi? Televizorda bu barədə elə hey danışırlar, kəndlərimizi göstərirlər, doğma yurd yerlərimizi görəndə gözlərim dolur. Amma nə vaxtsa elimizə qayıdacağıma heç inanmağım gəlmir… – Nahaq inanmırsan. Çoxumuz Qarabağımızın, ona bitişik yeddi rayonumuzun, ələlxüsus da Şuşanın, Xankəndinin, Xocalının erməni tapdağından azad olacağına inanmırdıq. Bayraqlarımızın o yerlərdə dalğalanacağını ağlımıza belə gətirmirdik. Şükürlər olsun ki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun sücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu… Biz mütləq Qərbi Azərbaycana da qayıdacağıq. Bu məsələ nə vaxtdır beynəlxalq müstəvidə ən aktual mövzu olaraq müzakirə edilir…
Sürücü susdu, amma hiss etdim ki, dediklərim illərdir doğma yurduna həsrət qalmış bu insanda azacıq da olsa, ümid yaratdı və bu inamın işığında xəyallara daldı. Handan-hana araya çökmüş sükutu da elə özü pozdu…
Sürücü bildirdi ki, o da Qərbi Azərbaycandandır, özü də Ləmbəlidən. Mənə yurdundan, tərcümeyi-halından danışdı. Altmış yaşlı Yaqubun səsindəki kədər, həsrət, nisgil qəlbimi üşütdü: – 36 ildir ki, gözüm yollardan yığılmır. Yuxularımda elə hey Ləmbəliyə, evimizə sarı yol gedirəm, gedirəm, amma çata bilmirəm. Və qəflətən ayılıram… Allah baisin evini yıxsın, oturmuşduq allı-güllü yurdumuzda. Meyvəçiliklə məşğul olurduq. Bağlarda elə dadlı, ətirli şaftalı yetişdirirdik ki, yedikcə dadından doymaq olmurdu. Yalan olmasın, 2-si, 3-ü bir kilo gəlirdi. Hələ almanı, armudu demirəm. Sərin bulaqlarımız, Çubuqlu kimi yaylağımız vardı. Camaatımız çox qoçaq, qürurluydu. İnandığımız haqqı, ermənilər bizdən çəkinirdilər. Öz qaydalarımızla yaşayırdıq. Hə, meyvə bağlarımızın arasında qonaqların dincəlməsi üçün böyük, yaraşıqlı besetka vardı. Meyvələrin yetişən vaxtı Ermənistanın o vaxtkı I katibi Dəmirçiyan şaftalıdan ötrü bu bağlara gələrdi, ağacların arasında gəzər, özü budaqdan şaftalı dərib yeyərdi. Gedəndə də iri səbəti meyvəcatla doldurub maşınına qoyardılar. Burunlarından gəlsin əməyimiz..
Yaqub kişi köksünü ötürdü, deyəsən, bütün ruhuyla Ləmbəlidəydi, həyətində, bağında gəzirdi… – Deyirəm, görəsən indi barından budaqları torpağı öpən o meyvə bağlarımız dururmu, bulaqlarımızın dişgöynədən suyu yenə də şırıltıyla axırmı… Növrağımızı pozdular, bizi ağacı dibindən qoparan təki yurdumuzdan çıxarıb qovdular…
Ürəyimdə deyirdim, eh, Yaqub qardaş, bu hisslər mənə elə tanışdı ki! Yurd itkisinin acısı valideynlərimin qanından, canından keçmişdi yaddaşıma. Əzab-əziyyətlə özlərinə çiy kərpicdən ikimərtəbəli ev tikdirən ata-anam rayonda oturuşub, müəllim kimi elin hörmətini qazansalar da yurd itkisinin nisgili həyatları boyu gözlərindən çəkilmədi. Anam deyirdi, yatanda da üzümü Ləlvər dağımıza sarı çevirirəm ki, yuxumdasa yaylağımızı, Qarabulaq meşəsini gəzim…
Allahdan möhlət istəyirəm ki, Qərbi Azərbaycana ləyaqətli qayıdışımızda ata yurdum İrəvana, anamın doğulduğu Allahverdi rayonunun Böyük Ayrım kəndinə gedə bilim. Ata-baba torpağımızı ayaqlarım tutunca gəzim, görüm, bu ziyarətimlə Beyləqanda uyuyan valideynlərimin ruhunu şad edim…
Mənzilbaşına çataçatda Yaqub qardaşdan xəbər aldım: – Dədə-baba yurdumuza, qədim torpaqlarımıza dönüşümüzdə Ləmbəliyə qayıdacaqsanmı? Səsindəki həsrətin odu elə bil üzümü qarsdı: – Hələ bir soruşursan da! Qayıdaram nədi? Dizin-dizin sürünüb gedərəm. Torpağımı, bağımızdakı ağacları bir-bir öpərəm. O gün gəlsin, həyətimdə gözü qara, dizi qara bir qoç da qurban kəsəcəm… Xudahafizləşdim: – İnşallah, Ləmbəlidə görüşənədək!
Bu, mənim Yaqub kişi ilə ötənilki söhbətimdən qalan bir xatirə yazısıdır. Bu bir ildə nə qədər sular axdı, qabağını kəsən daşı-kəsəyi, kol-kosu yuyub apardı… sular duruldu. İndi dünyanın tarixi, mənəvi yaddaşında bir oyanış, tərpəniş yaranıb. Dillərdə “Sülh” kəlməsi dolaşır. Bütün xalqlar müharibədən, didərginlikdən bezib, öz torpaqlarında rahat yaşamaq istəyir. Nə xoş ki Qərbi Azərbaycana qayıdış məsələsi Beynəlxal müstəviyə gətirilib. Soydaşlarımız 1988-ci ildən üzü bəri dədə-baba torpağına qayıtmağın intizarındadır.
Nəhayət, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülhün astanasındayıq. 8 avqust 2025-ci ildə ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh memorandumu imzalandı. Düşünürəm ki, bu sülh müqaviləsi yaxın vaxtlarda həyata keçəcək. İndi biz qədim Oğuz yurdlarımızdan olan Qərbi Azərbaycan torpağının astanasındayıq…
Ləmbəli elinin övladı, Yaqub kişi, yəqin Sülh söhbəti meydana gələndən sənin də sis-duman içində itən ümidlərin yenidən göyərməyə başlayıb. Hazırlaş, eloğlu, elinə, yurduna, kəndinə qayıdacaqsan…
İrəvanın ictimai-siyasi, mədəni həyatında iştirak edən qadınların, zülmətdə tək-tək sayrışan ulduzların öz yaradıcılıqları ilə quberniyanın ədəbi siması olan “Bürhani-həqiqət”-də görünməsi zamanı üçün böyük hadisə idi. Mövhumatın, cəhalətin qatı hökm sürdüyü bir şəhərdə onları jurnalla əməkdaşlığa həvəsləndirmək, xanımların ədəbi düşüncələri ilə xalqı tanış etmək, əslində jurnalın sahibi – müdir və mühərriri Əli Məhzunun adına, şəxsiyyətinə böyük inamın göstəricisi idi. Əli Məhzun cəmiyyət həyatında yaradıcı qadınların da jurnalda iştirakına, ədəbi mühitdə tanınmasına çalışırdı. Cavan olmasına baxmayaraq (“Bürhani-həqiqət”i nəşr edəndə 31 yaşı vardı) xalqın içində müəllim, şair, ədib kimi böyük nüfuza malik idi. Odur ki, qadın yazarlar həm əsərlərinin işıq üzünə çıxmasından fərəhlənir, həm də onunla ideya birliyi nümayiş etdirməyə cəsarətlənirdilər.
Şöhrət xanım, Səri xanım, Nigar xanım, Əbdülhəqq Mehrinnisə, Fatma-Müfidə xanım, Rəmziyyə xanım kimi şair qadınların adlarının, əsərlərindən nümunələrin jurnalın səhifələrində dərci əlbəttə ki, Əli Məhzunun gördüyü işlərin bəhrəsi idi. Jurnalın əksər saylarında “Türk-islam xanımlarının asarından (əsərindən) bir nümunə” başlığı ilə qadınların yaradıcılığından nümunələr təqdim olunub. İnanmaq çətindir ki, həmin dövrdə, bəlkə bir qədər də ondan əvvəl tipik bir müsəlman şəhəri olan İrəvanda kövrək qanadlı düşüncələrini, həyati yaşantılarını ifadə edən sənətkar qadınların adları, yaradıcılıqlarından nümunələr bu gün ədəbiyyat, sənət aləminə bəlli olsun. Onları üzə çıxaran, əsərlərindən seçmələri saralıb xəzana dönmüş səhifələrində yaşadan yalnız “Bürhani-həqiqət”dir. Qadın yazarların əsərlərindən nümunələrə diqqət edək:
Vəcdinin bir qəzəlinə nəzirə
Sanır könlüm ki, dağlardan mənə imdad qabildir, Mənim alamıma dağlar üçün fəryad qabildir. Rücusu əslinə mümkün olursa münkəsir canım, Mükəddər, münkəsir bir qəlbi qılmaq şad qabildir.
Z.Şöhrət
Eşqin qarşısında məğlub olub, acılar yaşayan, sonda da həyatıyla vidalaşan bir qızcığazın kədərindən aldığı təəssüratını şair xanım Əbdülhəqq Mehrinissə belə ifadə edir:
Bir qız ki, tanırdım
Münqəlib xaka bu baharında, Duruyor təzəlik məzarında. Gəzinirkən onun cüvarında, Bir təəssürlə mən tək-tənha. Sanıram qəbrdən çıxıb nagah, Olacaq şövq ilə mənə həmrah.
Zərif təbiətli, incə ruhlu Səri xanım “Mənzumə”sində pərişan qəlbinin yaşantılarını, qızılgülün qanla dolu qönçəsinə bənzədir. Bahar çiçəklərinin də könlünü açmağa gücü çatmadığını, pərvanətək eşqin oduna yandığını belə izhar edir:
Fələk dilxahım üzrə dönmədi, bərgəştə dövrandır, Nəhali-nazənimdən cüda, halım pərişandır. Mənim könlüm qızılgül qönçəsivəs dopdolu qandır Açılmaq ixtiyar etməz, əgər yüz min bahar olsa.
Fatma xanımın “Qadınlar haqqında bəzi əfkar” əsərində qadın qəlbinin fəlsəfi düşüncələri, qadın nurunun, gülüşünün həyatın özü qədər qüdrətə malik olduğu təsvir edilib:
“Bəşər – zən olmasa doğmaz”, demək deyildir bu Zülami – dərd-bəla aləmə qılınca qülüv, Qadın gülər, görür adəm o üzdə nuri-fəlah, Demək budur ki, bu aləmdə varsa, nisvandır.
Bu dövrdə qadınların bir-birinin yaradıcılığını izləməsi, əsərlərindən aldıqları təəssüratları barədə poetik fikirlərini mətbuatda bölüşməsi İrəvanın ictimai-ədəbi mühitində yaradıcı xanımların kifayət qədər tanındıqlarını düşünməyə əsas verir. Əminə Süməyyə xanımın “Tərbiyəyi-ətfala aid üç hekayə” adlı əsərləri üçün şairə Rəmziyyə xanım tərəfindən inşa edilmiş beytlər” əsərindən gətirdiyimiz parçada dediklərimizin ifadəsi aydın görünür:
Ağlatdı bir az gərçi bizi “xovfi -məlamət”, Güldürdü fəqət sonradakı “qismi-zəkavət” Tərbiyəyi-ətfalə gözəl bir “model” oldu, Təbşir edirəm, bu əsərin bibədəl oldu.
Şairə Pəridə xanımın “Eşq və göz yaşları” poetik nümunəsində “şimdi sənsiz” deyib, varlığını çulğamış məhəbbətin romantikası duyulur:
Şimdi sənsiz təhəssüsatımda, Şimdi sənsiz bütün həyatımda, “Gülməyən bir ləbi-mərarət var” Ah, ruhumda bir dərin fəryad, Hissi-fikrimdə münkəsir bərbad, Yenə qəlbimdə həp məhəbbət var!
Öz “Təranə”sində təbiətin ecazını, gözəlliklərini, əsrarəngiz nəğmələrini sevdiyi ilə dinləməyi arzulayır Nigar xanım. Çünki o səsin içində məhəbbətin inlədiyini duyur:
Səninlə dinləyəlim, gəl təbiəti tənha Şu nəğməsaz olan əşcari, ruzigarı, yəmi, Bütün təranəyi-sevdanı, nəğməyi-ələmi, Ki eşqə olmada hərdəm nişanəyi-qura Bu bir ənini-təhəssür kimi məlalavər Bu bir yəmini-məhəbbət ki, dəmbədəm inlər…
Doğrudur, bu şeirlərin sadə təsvirində ritorika, primitivlik aydın görünür. Sənətkarlıq baxımından əsərin təsir gücü, müəllifin bədii imkanları zəifdir. Lakin XX əsrin əvvəllərində İrəvanın ədəbi mühitində ziyalı qadınların həyati müşahidələri və yaşamları ilə yaradıcılıq aləmində görünməsi bir ədəbi fakt kimi diqqəti çəkir. Başqa bir tərəfdən də bu şeirlərin hər biri həyatı aşiq baxışları ilə görən, duyan və sevən qadınların qəlb pıçıltıları olduğu üçün ruha xoş təsir bağışlayır.
Fatimə-Rasimənin qələmə aldığı “Yetimə bir qız” hekayəsi qadın müəlliflərin əsərləri arasında yeganə nəsr nümunəsidir. Əsər demək olar ki, kövrək notlar üstə köklənib. Müəllif, toyuna 10 gün qalmış yetim bir qızın gəlinlik paltarı olmadığından yaşadığı kədərini, səadətə qovuşacağı günlə bağlı arzularını ifadə edir. İmkansızlıq xoşbəxtliyinin qarşısında sanki keçilməz sədd kimi dayanıb, qızı naümid və pərişan etmişdir. Pəncərə qarşısına çəkilərək göz yaşı tökən qızcığaz toy günü gəlinlik libasını hardan tapacağını düşünür. Elə bu zaman qapı döyülür. Gələn xidmətçi qadın qoltuğundakı boğçanı qıza uzadaraq deyir: “– Xanım əfəndinin sizə və validənizə salamını təbliğ edirəm. O, sizin üçün həmən boğçadakı libası göndərdi. Lakin biçimi təbdil edilmək lazım. Xərci-məsafirinə sərf olmaq üçün bu paranı dəxi sizə verməyi əmr etdi”.
Ağ ipəkdən qədimi bir dəst libas qızcığazı bəxtəvər etmişdi. Amma həddən ziyada böyük olan bu libas qızın ölçüsünə və zövqünə görə yenidən tikilməliydi. Müəllif qızın bacarığına, qeyrətinə, əl qabiliyyətinə meydan verilən belə bir məqamda ağıllı, işgüzar, hətta “hünərvər modistlərin” belə, bacarmadığı işi zərif qızcığazın məharətlə gördüyünü açıqlayır. Təbiətən də incə ruhlu, yaradıcı təxəyyülə malik olan qız sanki qəlbinin gözəlliyini, sevincini sünbül kimi, gül kimi libasın üstünə düzür.
Bu kiçik hekayədə müəllifin fikrini duymaq çətin deyil. Sevinməyə, xoşbəxt olmağa haqqı çatan yetim bir qızcığazı ovundurmaq, arzusuna qovuşdurmaq əsərin əsas ideyasını ifadə edir. Haqdan gələn kömək kimi, xeyirxah bir qadının onun dadına çatması da bu ideyanı gerçəkləşdirən maraqlı bir detaldır. Bunlar həyat həqiqətləri də ola bilər. Lakin hekayənin nağıl süjeti əsasında işlənməsi daha təsirlidir…
Zənnimizcə, ötən əsrin ikinci onilliyində İrəvanın ədəbi, mədəni mühitinin inkişafına təsir etmiş “Bürhani-həqiqət” (1917) jurnalında görünən yaradıcı qadınlarla bağlı araşdırma-tədqiqatların aparılması bu gün daha aktual, həm də vacib mövzulardan biri olaraq elmi müstəviyə gətirilməlidir…
ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ 2020-ci ilin 27 sentyabr tarixində minillərin dövlətçilik tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyinin həlledici məqamlarını yaşadı. İllərlə doğmalarının isti nəfəsinə, səsinə-hənirinə həsrət qalmış yurd yerlərimiz, itirilmiş torpaqlarımız igid övladlarının azadlıq uğrunda savaşa atılmasından sanki cana gəldi. Qədim məskənlərimizin dağı, daşı, düzəni, ağacları, bir sısqa otu da yeni oyanış, dirçəliş çağında qamətini dikəldib cəngavər oğulların pişvazına durdular. Belə bir həyəcanı, sevinc ovqatını yaşamaq necə də qürurverici idi!
Candan keçildi, Vətəndən keçilmədi… Siyasi, diplomatik bacarığa, qüdrətə malik olan Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevın rəhbərliyi altında Yenilməz Ordumuzun cəngavər əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan böyük bir tarixi qələbə qazandı. Bu Zəfəri xalqımıza yaşadan igid oğullarımız oldu. Mübarək Vətən savaşında yüzlərlə igidlərimiz şəhidliyə qovuşdu.
İndi şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş bütün bölgələrdə Azərbaycanın Bayrağı dalğalanır. Abadlaşmış, yenidən qurulmuş bölgələrimizdə həyat qaynayır.
Hərdən mənə elə gəlir ki, yaz-payız dağların döşündə, yamyaşıl düzəngahda torpaqdan boy atıb, ətrafa gözəllik saçan çiçəklər şəhidlərimizin özüdür. Başqa sözlə, Onlar azad Azərbaycana çiçəklərin gözü ilə baxıb xoşbəxtcəsinə gülümsünürlər. Ruhunuz şad, məkanınız nur içində olsun, Şəhidlər.
GÜNƏŞ TİMSALLI MEHRİBAN XANIM Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın doğum gününə
İnsana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Zəkasına bir ömrün yetəcəyi milli amala doğru yürümək istəyi bəxş edir. Bu yollarda onu həyatı boyunca daşımalı olduğu missiya ilə şərəfləndirir. İnsan bu missiyanı böyük məqsəd məcmusunda təfəkkürünün ziyasında çəkib aparır. Güclü xarakterə malik olan xeyirxah, nəcib və humanist İnsan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tutiya ömrü ləyaqətlə yaşamağa qərar verir. Və kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər gördüyünün fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük mənada büruzə verir. Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Arif qızı Əliyevanın ictimai-siyasi fəaliyyətində olduğu kimi…
Mehriban Əliyevanın ömrünü zinətləndirən də ölkənin, xalqın mənafeyinə hesablanmış böyük xidmətləridir. Bu baxımdan birinci vitse-Prezidenti gördüyü işlərin timsalında qədərincə səciyyələndirmək olar. Lakin təbrik statusunda olan lakonik bir yazıda məqsədimiz portretin xarakterik cizgilərindən yığcam formada bəhs etməkdir.
Mehriban xanım Əliyevanın genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının yeni formada təzahürüdür. Dövlətçiliyin möhkəmlənməsində, gəncliyin yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə, təhsilin, səhiyyənin inkişafına qayğı göstərməsi birinci vitse-Prezidentin şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşması, tarixdə iz qoyması ilə səciyyəvidir.
Birinci vitse-Prezident statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı əlbəttə, Onun xalqına, vətəninə böyük məhəbbəti, milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. Bu keyfiyyətlər Mehriban Əliyevanın təbiətində, şəxsiyyətində doğal olduğu üçün O, daşıdığı statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi…
Mehriban xanım genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı, bütövlükdə istəyinin başlıca amili olaraq həyata keçirir. Bunlar onun ömür yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detalına, incəliyinə qədər izləməsi, proseslərin içərisində olması Onun özəlliklərə qadir olduğunun bariz göstəricisidir. Mehriban xanımın qurub-yaratmaq və yaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da bəxtiyarlıqdır. Xalqın sosial-mədəni həyatının çiçəklənməsində şəfqətli, mərhəmətli birinci xanımın başa gətirdiyi xidmətləri misilsizdir.
Bu gün həyatda bir sıra çətinliklərlə üzləşən, qayğıya, dayağa, dəstəyə ehtiyacı olan insanların xoş halına ki onların böyük mənada hamisi Mehriban xanım Əliyeva Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, həqiqi, əməli, operativ çalışmalar, böyük dəyərlər, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur. İndi yalnız milli dəyərlər məcmusunda hərtərəfli inkişafa doğru getmək qeyri mümkündür. Sözün həqiqi və mükəmməl formasında milli-bəşəri dəyərlər zəminində tərəqqiyə nail olmaq – Azərbaycanı dünya cəmiyyətində halal hüquqlu dövlət imicində tanıtmaq, yerimizi və mövqeyimizi göstərmək mübarizəmizin əsas ideyasına xidmət edir. Bu xüsusda Azərbaycançılığın necə bir humanist, bəşəri ideyalarla zəngin olduğunu gücümüz, sözümüz, əməlimizlə beynəlxalq müstəviyə gətirməyimiz vəsvəgəlməz uğurumuzdur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məhz belə sivil düşüncəsi, həyata bəsirətli baxışları, geniş diapazonda çalışmaları ilə fəaliyyət göstərir. Odur ki, dövlətlər və bir çox xalqlar Onu müşahidə etdikləri xüsusiyyətləri – qüdrətli olması, tolerantlığı, multikultural dəyərlərə malikliyi, xeyirxahlığı, mədəni əlaqələri, tərəfdaşlığı yarada bilməsi ilə sevir və dəyərləndirirlər.
Düşünürəm ki, Mehriban Əliyeva tarixdə qalacaq şəxsiyyət, siyasi, bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ümdəsi budur ki, qəhrəmanımız düşüncə-xəyalların deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirib cilaladığı obrazdır. Onun portretində parlaq cizgilər yetərincədir. Bir nüansı xatırladaq ki, tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah, tədbirli və diplomat qadınlarımızın obrazını istər şifahi ədəbiyyatda, istərsə də yazılı ədəbiyyatda yaradanda çox zaman müəlliflər onu xalqa sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edirlər. Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən sənətkar Onun portretini yaratmaqda çətinlik çəkməz. Çünki qəhrəmanı ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər qatmağa, təsvirlər əlavə etməyə ehtiyac yoxdur. Mehriban xanımın obrazı həyatdan gələn təbii, doğal obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə malik olan, qəlbində vətən, xalq sevgisi çağlayan tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə nüfuzlu dövlət xadimi, ləyaqətli İnsan, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.
Bu gün Prezident İlham Əliyevin Azərbaycanın taleyində açdığı yeni dövrün inkişafında, dövlətçiliyin qorunması və möhkəmlənməsi naminə gördüyü işlərdə milli-bəşəri düşüncəyə malik Birinci vitse-Prezidentin qoşa qanad timsalında Onunla birgə fədakarcasına çalışmasını xalq böyük heyrət və məhəbbətlə izləyir. İşğaldan azad edilmiş Qarabağımızın yenidən qurulmasında, dağıdılmış dini, mədəni abidələrimizin yenidən tikilməsi, bərpası, milli sərvətimizin qorunmasında Heydər Əliyev Fondunun Prezidentinin bitib-tükənməyən fövqəl əməyi də Vətənə sevgisinin ən yaxşı nümunəsidir. Yeri gəlmişkən, bütün bunları müşahidə edən Söz adamı kimi, Mehriban Əliyevanın humanizmi, şəfqət və mərhəməti, xeyirxahlığı sayəsində yüzlərlə ailələrə, insanlara sağlamlıq, sevinc bəxş etdiyindən, eləcə də multikultural dəyərlərin, tolerantlığın, mədəniyyətimizin başqa ölkələrdə təbliğində daim yeni layihələrlə xariqələr yaratdığından mütəmadi olaraq publisistik məqalələrimdə böyük inam və sevgiylə bəhs edirəm. Və inanıram ki, dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir. Dövlətin böyük idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması vətənin, xalqın ümdə qazancıdır.
İllər boyunca apardığım müşahidələr Onun haqqında qənaətimi hər zaman xatırlamağıma yol açır. İndiki məqamda sözümə yekun olaraq, bir fikri də səsləndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda, çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə, dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər İnsandır…
Bu yerdə mütləqdir, deyəm ki, dan üzünün yenicə söküldüyü anında, səhərin təzəcə açıl-saçıl çağında bu duyğusal fikirlərin qəlbimdə baş qaldırmasına səbəb Mehriban xanım Əliyevanın öz həyatında xalqın taleyini yaşaması ecazıdır. Onun obrazına mükəmməlik verən detalları sözlə təsvirə gətirmək, bu fövqəlbəşər İnsanın həyatına, ictimai fəaliyyətinə işıq salmaq istəyimiz, güclü xarakterə malik dövlət xadiminə xalqın böyük sevgisini cəm halda ifadə etmək marağından yarandı…
Özünün ali keyfiyyətləri ilə xalqın böyük rəğbətini, sevgisini haqq etmiş Mehriban xanım Əliyevaya can sağlığı, Azərbaycançılıq naminə əzmlə çalışmağı, xoşbəxtlik, ailə səadəti arzulayıram. Doğum gününüz mübarək olsun, əziz və sevimli Birinci xanım…