Etiket arxivi: ŞAİR

ZAUR USTAC – ŞƏHİD ANASI

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Раскрой свои обьятья – Заур Устадж

Прапорщик Сил специального назначения Панджали Нурмамед оглу Теймуров .

Раскрой свои обьятья

Перевод на русский язык:
Флора НАДЖИ

Раскрой свои обьятья, к тебе иду, Земля моя,
Ты знаешь ведь о том, что часто в дверь твою стучался,
И каждый раз, взяв в руки флаг, к тебе я собирался,
Теперь уже настало время, решенье принял я,
Теперь бесповоротно иду к тебе, ты жди меня.

* * *

Сколько раз я повторял, что жизнь отдам я за тебя,
И не важно, что со мной, пусть  минует тебя беда,
«Хороший командир защитит своё войско всегда»,
Капитан наш впереди, укрась его путь цветами,
Выходи нам навстречу, чтобы мы тебя обняли.

* * *

К смерти такой я готов, чтобы саваном стал мой флаг,
Я молился, чтоб сбылись мечты, не радовался враг,
Мольба моя услышана, любимая, слёз не лей,
Мать моя, ты тоже слёзы утри, меня не жалей,
Сын  землю защищает, пусть ценою жизни своей.
Автор:Устадж Заур (Zaur USTAC)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – APREL ŞƏHİDLƏRİ HAQQINDA

Xüsusi Təyinatlı gizir Pəncəli Teymurov səmada…

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – APREL ŞƏHİDLƏRİ HAQQINDA

Zaur Ustac – şair, publisist.

VƏTƏN OĞLU

(Aprel şəhidlərinin ili günü Bakıda yağış yağdı…)

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı???

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan asılıb,  bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandı qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı. 

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR QƏRARİ – ŞUŞAYA BAHAR GƏLİR…

Elnur Qərari – şair.

Şuşaya bahar gəlir,
Oyan xarıbülbülüm,
Yol üstündə şövq ilə,
Dayan, xarı bülbülüm.
* * *
Arzun birdi, min oldu,
İstədiyin gün oldu,
Gözün aydın çin oldu,
Röyan, xarı bülbülüm.
* * *
Dağına duman gəlib,
Torpağına can gəlib,
Keçilməz yoldan gəlib,
Xülyan, xarı bülbülüm.
* * *
“Hafiz” azan oxuyir,
Səsin mələklər duyur,
Şəhid-şəhid qoxuyur,
Hər yan, xarı bülbülüm.
* * *
Şuşaya bahar gəlir,
Oyan xarı bülbülüm…
Müəllif: Elnur QƏRARİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Zaur Ustac – şair, publisist.

ON ALTINCI YAZI

BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

                          və  ya

TƏRANƏ MƏMMƏDİN “TOR” – U

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza… 

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan… 

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram. 

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram. 

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. 

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. 
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. 

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

21.11.2018. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Bir kitaba yüklənmiş min fikir”, “Təzadlar”, 27.11.2018, say: 41 (2181), s.6-13. dərc olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü

TARİXİN QAN LƏKƏSİ

1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi:

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün ağrı-acılar, qanlı-qadalı illər arxada qalsın Azərbaycanımız bütövləşsin, yaraları sağalsın, İn-şəa-Allah!!! Bu gün bütün bu sətirləri oxuyanların hamısına günü-gündən böyüyən, dirçələn, çiçəklənən bir Azərbaycan görməyi arzu edirəm!!! Acılarımız böyükdür bütün bunlardan sıyrılıb önə baxmaq, irəli getmək vacibdir. Bunun üçün uşaqların, xüsusi ilə qız uşaqlarının təhsilinə ciddi fikir vermək lazımdır. Bu günün təhsilli qız uşaqları sabahın sağlam və güclü anası, həyat yoldaşına dayaq ola biləcək Azərbaycan xanımlarıdır. Əgər inkişaf etmək istəyiriksə daim bu vacib məsələyə xüsusi diqqət göstərməliyik!!!


Baş redaktor:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK

Zaur Ustac və Nargis xanım. AYB, “Natəvan” zalı. 12.03.2020. Bakı.

                  ON  ÜÇÜNCÜ   YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu son günlərdə yeni işıq üzü görmüş – KÖHNƏLİYƏ, QƏDİMLİYƏ BÜRÜNMÜŞ BİR YENİLİK olan –oxucularını, pərəstişkarlarını  müsbət mənada heyrətləndirməyi bacarmış Nargis xanımın “BEKLENEN DOLUNAY”  kitabı  haqqında olacaq. Əlbəttə, hər bir oxucuya, araşdırmaçıya, tənqidçiyə, söz adamına müəyyən bir fikrə, ideyaya  rəy vermək, onun haqqında danışmaq üçün minimal baza lazımdır. Yuxarıda  sadaladığımız və ya sadalamadığımız kateqoriyadan olan şəxslərin, hər kəsin müəyyən bir söz haqqında söylədiyi fikir ilk əvvəl onun  malik olduğu bu minimum bazaya əsaslanır, daha sonra rəy kimi xarakterizə olunur. Bu baxımdan təhlillərə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin orijinallığı münasibəti ilə Nargis xanımı təbrik etmək olar.

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “          Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Hər hansı bir əsərin orijinallığının birinci göstəricisi onun artıq ilk abzasdan müəllifin öz düşüncəsini ortaya qoymağa başlaması, müəllifin kimliyini bəyan etməsidir. Yer üzündə bu qədər yazılar, kitablar var. Görək bunlar hamısı öz müəllifini tanıda, təqdim edə bilirmi? – Əlbəttə,  xeyr. Bu çox mürəkkəb məsələdir və onu qeyd edim ki, bu məsələdə zəhmətlə, istedadın nisbəti bərabərdir. Yəni, uca Yaradanın yardımı olmadan bu naliyyətə nail olmaq mümkün deyil. Nəzmdə bəlkə də bu məsələ nisbətən asandır. Çünki, şeir belədir ki, bir şairin bir neçə əsəri ilə tanış olduqdan sonra artıq növbəti şeirlərin ilk bəndləri müəllifin kimliyindən xəbər verir. Nəsrdə xüsusi ilə romanda  bu məsələ daha mürəkkəbdir və söz adamı əvvəldən sona qədər bütün hadisələrin inkişafı boyu, hər yeni obraz ortaya çıxdıqca bu prinsipi gözləməli surətlərin bitkinliyini, xarakter və xüsusiyyətlərini özünəməxsus, orijinal tərzdə aparmağı bacarmalıdır ki, bu əsər də,  öz müəllifi haqqında məlumat verməyi bacarsın… Necə deyərlər: – “yaşat məni, yaşadım səni” . Məhz bu baxımdan müəllifi təbrik etmək olar. Əsər orijinaldır.

On üç bölümdən ibarət olan romanın ilk bölümü artıq müəllif  haqqında tam məlumat verir. Bu məlumatlar nədən ibarətdir. İstədiyimiz hər hansı bir bədii əsəri – kitabı- götürüb müəllifin kimliyi ilə tanış oladan içərisindən müəyyən bir hissəni oxuyub, ilk əvvəl yazarın qadın və ya kişi olduğu barədə nəticəyə gələ biliriksə və sonda bu məlumat həqiqətlə üst-üstə düşürsə deməli bu əsər orijinaldır. Bu nəticənin əsasında nə dayanır? – Deməli,  müəllif  heç  bir kopiyaçılığa yol vermədən öz hiss və duyğularını obrazlı şəkildə kağız üzərinə köçürmüşdür… Əgər əksi ilə rastlaşsanız deməli nəsə düzgün deyildir…  İlk bölüm artıq müəllifin kimliyi haqqında məlumat verməyə başlayır  və hadisələrin inkişafı boyunca  Angelenin dili və düşüncələri ilə bu proses daha da dərinləşir və sona qədər davam edərək tam – bitkin bir fikir formalaşdırır. Bütün bu sadalananlara görə də  Nargis xanımı təbrik etmək olar. Başqa oxucuları bilmirəm, mən ilk sətirlərdəcə nəsə, Vətənin  mərd oğlu Ramil Səfərovun orijinaldan tərcüməsində öz doğma Ana dilimizdə tanış olduğum, Macarıstanın tanınmış qadın yazıçılarından olan, Maqda Sabonun “QAPI” romanını xatırladım. Ancaq, bu o demək deyil ki, “BEKLENEN DOLUNAY” romanı, “QAPI” romanına oxşayır. Xeyir, bu belə deyil.  Sadəcə, Maqda Sabonun Emerenci, milli qadın yazarlarımızdan;  Əzizə Cəfərzadənin, Xalidə Hasilovanın yaratdıqları qadın surətləri nə qədər təbii və dolğundursa, “BEKLENEN DOLUNAY” romanındakı Angele də bir o qədər bitkin obrazdır. Bu bütünlüklə belədir. Bu romanı köhnəliyə bürünmüş yenilik  kimi də xarakterizə etmək olar. Müəllif çeşidli səhnələrdə hadisələrin müəyyən bir qeyri-müəyyənlikdə cərəyan etməsinə rəğmən daim öz mənəvi-psixoloji fikirlərini oxucuya çatdırır. Bu baxımdan əsəri hardasa psixoloji məqamların da bol olduğu bir roman kimi xarakterizə etmək olar. Xanım müəllif  bir çox müasir problemlərə toxunur və onların öz düşüncə tərzinə və qənaətinə görə həlli yollarını göstərir. Bu çox mühüm məsələdir. Çünki, istər qadın, istərsə də kişi müəlliflər içərisində problemləri qaldıran, təqdim edən müəlliflər çox olsa da, onun həlli yollarını göstərən yazarlarımız çox azdır. Roman boyu, iki yerdə məncə uğursuz alınmış bənzətmələri və bir neçə yerdə zamanın itməsi hallarını nəzərə almasaq, təbiət mənzərələrinin, erotik səhnələrin, mənəvi-psixoloji vəziyyətlərin  təsvirləri hamısı özünəməxsus və orijinaldır. Roman ümumiyyətlə, oxunaqlıdır. Ancaq, birnəfəsə oxunan əsərlər cərgəsində dayanmır. Mütləq aramla, qısa fasilələrlə, necə deyərlər  pəncərə  önündə, çay və ya kofe içə-içə yaxud da təbiət qoynunda, müəyyən bir yolçuluq əsnasında oxunarsa, daha dolğun qavranar, zövqverici olar deyə, düşünürəm.

Bu arada demək olar ki, mənim öz kitablarım da daxil olmaqla – dəfələrlə yoxlanmasına, redaktə olunmasına baxmayaraq, kitabların  hamısında rast gəldiyimiz çoxlu texniki – hərf səhvləri demək olar ki, kitabda yox səviyyəsindədir. Bu müsbət keyfiyyətə görə, kitabı nəşrə hazırlayan, Müşfik Hana, Ahmet Yıldıza,  Teymur Ferziyə, Bahti Yara təşəkkürlərimizi bildirir, bu hamımız üçün faydalı olan işlərində yeni-yeni  uğurlar arzu edirik.

Nargis xanım uğurlarınız bol olsun. Yeni-yeni əsərlər gözləyirik.

08.07. 2017. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – ŞEİRLƏR

Adilə Nəzər – şair, yazar, alim.

ADDIM-ADDIM
Məskənin yol olar, yoldaşın quşlar,
Yürüyər səninlə “mən” addım-addım.
Hər başlayan günün Onunla başlar,
Xəyala dönərsən sən addım-addım.
Aşıb keçər hisslər ağılın səsini,
Fikir dağlarının ən zirvəsini.
Bitirər həyəcan silsiləsini,
Gələr hüzün, gedər şən addım-addım.
Könlünü yaralar namərdin dili,
Gölləri qurudar gözünün seli,
Ağ küləklər yolar o ipək teli,
Gətirər gözlərin çən addım-addım.
Bəzən həyat dönər, yoxdan say arar…
Günəş ilə Ayı Dünya ayırar…
Həqiqəti bir gün bir meh duyurar,
Sonra düşər saça dən addım-addım.
Bütün gündüzlərin anası gecə,
Ay Adilə, tutun o “mütləq güc”ə.
Ağ şəhərdə yorar səni ağ küçə,
Ruhundan ayrılar tən addım-addım.

GƏLƏNƏ BAXIN
Siz ey Qazi ərlər, ey Şəhid ərlər,
Dönüb bir arxada gülənə baxın.
Doğrudan yanarmış od düşən yerlər…
Ölənin ardından ölənə baxın.
Şəhid anasının dərdi qat-qatdı,
Qazi atasının əlləri çatdı..
Məmur boş danışıdı, hacı baş qatdı –
Bu alıb-satan başbilənə baxın.

Gərək bəd xəbərdən cana pay düşə,
Gərək bağrın yana, ürəyin bişə..
Üzündə saxta qəm, içində nəşə-
Tribuna oynayıb gələnə baxın.
Xalqım, güvənməyin bu sarsaqlara,
Ağlı-düşüncəsi kor, axsaqlara,
Tüpürün belənçi qurumsaqlara,
Tikəsin sizinlə bölənə baxın.

BAYRAĞA BÜKÜLƏN ŞƏHİDİM GƏLİR
Əsir alır sanki gecə gündüzü,
Bayrağa bükülən şəhidim gəlir.
Açsın qapısını yenə göy üzü,
Bayrağa bükülən şəhidim gəlir.
Qızlar qərənfili hörüb bağlasın,
Quşlar qəmli ötsün, ürək dağlasın,
Şimşəklər hönkürsün, bulud ağlasın,
Bayrağa bükülən şəhidim gəlir.
Yaxası gül açıb- boyanıb qana,
Cənnətin yoları açılıb xana,
Bir igidim sığmaz iki cahana,
Bayrağa bükülən şəhidim gəlir.
Uca məqamına ləyaqətiylə,
Üstündə möhürlü şəfaətiylə,
Alnına yazılan şəhadətiylə,
Bayrağa bükülən şəhidim gəlir.
Zülmət qaranlığa açılan dandı,
Bir Zümrüd quşuydu, qanadı yandı.
Ya Qazi, ya Şəhid! – içmişdi andı,
Bayrağa bükülən şəhidim gəlir.

QAZİLƏRİ SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun sel kimi,
Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə..
Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.
Payız gətirsə də ömürünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

İLDIRIM ƏKBƏROĞLU – YUXUMA GƏLMİŞİDİN

İldırım Əkbəroğlu – şair, MYK-ın sədri.

SƏN YUXUMA GƏLMİŞİDİN BU GECƏ
(Nəğmə)
Qış olsa da gəlib tapdı yay bizi,
Qərq elədi öz nuruna Ay bizi.
Həsrət qoymaz bu ayrılıq, tay, bizi,
Ürəyimiz məskən oldu sevincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Sən sevilən mən sevgindən tam dadan,
Əngəl olmaz bu görüşə bir nadan.
Dəstə tutub ulduzları səmadan,
Sənə ənam gətirmişdim, gör, necə,
Sən yuxuma gəlmişidin bu gecə.

Əlim göydə,əl açıram Aya da,
O günləri mürgülərdən oyada.
Kama çatdıq biz xəyalda, röyada,
Kama çatdıq səhərimiz gəlincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Ay İldırım, artıq, saça düşüb dən,
Olmasa da ürəyində bir zədən.
Nə yaxşı ki,illər sonra, təzədən,
Qəlbimdəki həsrətimi bilincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Müəllif:İldırım ƏKBƏROĞLU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru