SEVİL GÜL NUR – Qızıma məktub.

İki il öncə Libra kitab nəşriyyatının təşəbbüsü ilə “Övladına məktub yaz!” layihəsinə göndərdiyim məktub birincilik qazanaraq 20 müəllifin məktubu arasında yer almışdı. Bu gün BBKS-də kitabın təqdimatı oldu.

QIZIMA MƏKTUB

Çiçəkqoxulum, sənə olan sevgimi gözlərimdən və hərəkətlərimdən aydın görürsən. Amma istərdim ki, bu sevgimi sözlərimdən də oxuyasan. Ona görə bu məktubu sənə yazıram.
Mələküzlüm, hər səhər atanla birlikdə yanağına incə bir öpücük səndən ayrılırıq. Saçlarına sığal çəkib səni oyandırmamaq üçün barmaqlarımızın ucunda asta-asta otağından çıxırıq. Bilirsən ki, mən sənin kimi onlarla şagirdə bilik vermək üçün, atan isə sənin kimi uşaqların işıqlı və rahat evlərdə xoşbəxt yaşamalarını təmin etmək üçün səndən uzağa getməli oluruq. Amma bütün düşüncəmizdə və qəlbimizdə səni özümüzlə aparırıq.
Gözəlgözlüm, getdiyim uzun yol boyu hər an səni düşünürəm. Avtobusun pəncərəsindən qaranlıq küçələrə baxaraq sənin indi necə şirin-şirin yatdığını xatırlayıram. Üzümə təbəssüm qonur. Gözlərim avtobusda iri lövhədəki saata dikilir: 07:10 – “İndi zəngli saat çalacaq, qızım yuxudan ayılacaq və məktəbə hazırlaşacaq”.
Dəqiqələr keçir… Küçədə işıq dirəkləri bir-birini qovur… Avtobus gedir… Dayanır… Yenə gedir…
07:30 – “Qızım evdən çıxıb məktəbə gedir” – deyə düşünürəm.
Sən məktəbə çatanda artıq mən də işlədiyim məktəbə çatmış oluram. 07:45 – artıq dərsin başlanmasına 15 dəqiqə qalıb. Uşaqlar ikibir, üçbir sinfə daxil olurlar. Kimi öz parta yoldaşı ilə nəyisə müzakirə edir, kimi dərslərini təkrar edir, kimi də yolda gördüyü hadisəni maraqla dostlarına nəül edir. Onlara baxdıqca yenə səni düşünürəm: “Mənim mələküzlüm indi sakitcə oturub dərsin başlanmasını gözləyir…”
Zəng vurulur, dərs başlayır. Bizi bir-birimizdən ayıran bu 45 dəqiqələrdir, hansı ki, bu vaxt mən şagirdlərimə yeni dərsi izah edir, tapşırıqlar verirəm, sənsə öz müəllimini diqqətlə dinləyir, verdiyi tapşırıqları yerinə yetirirsən. Bilirəm ki, gələcəkdə sən də xalqın övladlarını elmlə zinətləmdirmək, vətəninə, xalqına layiq övlad olmaq üçün bu gün çox çalışırsan.
Tənəffüs zamanı yenə gözlərimin önündəsən: “Qızım su içir, yemək yeyir”.
Sonunsu dərs bitəndə sən evə gedir, mənsə ikinci növbədəki işimə başlayıram. Yenə gözüm saatdadır: 12:10 – “Qızım məktəbdən çıxdı, evə gedir, 15 dəqiqəyə çatacaq” – deyə düşünürəm. 13:00 – “Qızım dərslərini edir”.
Sənə demişdim, Sevinc müəllimin sinfindəki Nuray eynən sənə bənzəyir – o da sənin kimi ikinci sinifdə oxuyur, sənin kimi sakit, ağıllı, savadlı qızdır. Hər tənəffüsdə o qızı uzaqdan seyr edirəm, sanki sənə baxıram. Bilirsən, müəllim olmağın özəlliyi nədir? Bütün şagirdlərinə öz övladı kimi yanaşmağı bacarmaq, onları öz balası kimi sevə bilmək. Hər şagirdimdə bir az sən varsan, hər birində bir az səni görürəm. Onları da sən qədər sevirəm.
İş saatım bitəndə şagirdlərimlə sağollaşıb dayanacağa tələsirəm. Sənə tez çatmaq, sarılıb doyunca öpmək, sənin üçün necə darıxdığımı demək üçün…
Səhərin alatoranında evdən çıxdığım kimi axşamın qaranlığında da evə qayıdıram. Bilirsən? Hər səhər avtobusun pəncərəsindən günəşin necə doğduğunu görürəm. Təbiətin günəşi səhər doğur, səhər aləmi nura boyayır, hər yeri isidir. Mənimsə günəşim axşam doğur – hər axşam qapını döydüyümdə həyəcanlı ayaq səslərinin ardından balaca əllərin qapını tələsik açdığı an. O an mənə sevgiylə baxan bir cüt gözün şöləsi bütün canıma yayılır, ruhumu isidir. Mənə uzanan yumşaq əllərini ovcuma alıram, soyuq əllərim isinir, donmuş vücudum canlanır. Bu hərarətin canımdan çıxmaması üçün sənə bərk-bərk sarılıb istiliyini içimə çəkirəm: – “Mənim Günəşim sənsən! Ömrümə xoş gəlmisən, Günəşim! Səni çox sevirəm!”
Səni sevən anan.

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir