
Retrograd
Bu gecə də ulduzlara səndən danışdım,
Yarım qalan sevgi dastanımızın
sonunu öyrənməyə çalışdım.
Allah kəssin xasiyyətimi,
Onlarla da yola getmədim,
Onlarla da dalaşdım.
Milyon dənə səhv tapdım sözlərində,
Ayrılığın xəritəsini çəkdilər qara qələmlə,
Məni düşmən etdilər o sirli aləmlə.
Mənsə səni görmək istəmişdim ulduzların gözlərində.
Dönə-dönə dedilər Saturnun araya girdiyini,
Hər iki planet arasında qalın divar hördüyünü,
apardığı soyuq döyüşü.
Mənsə gözləyirdim Marsdan
Veneraya olan isti geri dönüşü.
Bilirdim zamanın artıq dolduğunu,
Zəfərin çox yaxın olduğunu,
İstiliyin soyuqlardan doğulduğunu…
Kiçik çillə çoxdan girmişdi,
Göylər Yerə ağ şəkər ələyirdi,
Yer üzünü şirin nağıla bürüyürdü.
Küləklərin gətirdiyi soyuqlar,
Şaxtaların ötürdüyü sazaqlar
Marsı retrograda sürüyürdü.
Hələ sübhün gözü açılmamışdı,
Qaranlıqlar Yer üzündən qaçılmamışdı,
Əllər səmaya,
Dualar göyə ucalmamışdı hələ,
Ən ülvi istəklər gəlməmişdi dilə.
Telefonun işığı iki dəfə yanıb-söndü,
Ekranda
Saturnun məğlubiyyətini elan edən
retrograd kod-yazı göründü:
“Bu gün çox soyuq olacaq,
Əynini qalın elə…”
-
- 2026
- 2026
Müəllif: SEVİL GÜL NUR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında