Tanınmış şair Həqiqət ŞAMİLLİ “Ömrümə nəğmə payım” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə ZİYADAR MÜKAFATIna layiq görülüb. Mükafatı Azərbaycan Nəşriyyatında kitabın təqdimat mərasimində “Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC şəxsən özü təqdim edib.
“Yazarlar” olaraq, Həqiqət xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!
İyunun 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ayna Asimqızının “İlk söz” kitabının təqdimatı keçirilib.
“Ulduz” jurnalının təqdimatı ilə keçirilən tədbiri jurnalın baş redaktor müavini, yazıçı Təranə Vahid açaraq ədəbiyyatda ilk uğurlu addımlarını atan Ayna Asimqızının özünəməxsus yaradıcılığından –fəlsəfi dünyasından, vətənpərvərlik ruhunda qələmə aldığı mənsur şeirlərindən, esselərindən söz açıb.
Tədbirdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova, BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, Türkologiya kafedrasının müəllimləri Səmayə Cəlilova, dosenti Afaq Məmmədova, yazıçı Tapdıq Türksoy, gənc yazar Səma Muğanna çıxış edərək nümunəvi tələbə, istedadlı yazar Ayna Asimqızının yaradıcılığından danışıblar.
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək, yolu “Ulduz”dan başlayan gənc yazara uğurlar arzulayıb. O, “İlk söz” kitabına görə Ayna Asimqızına “Ulduz” jurnalının diplomunu təqdim edib.
Sonda gənc yazarın valideyinləri və Ayna Asimqızı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkür ediblər.
Əziz dostlar. Azərbaycan Ədəbiyyat Fondu olaraq növbəti tədbirimizi mayın 23-də keçirəcəyik. Saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstanın Xaq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimatı olacaq. Bu, fondumuzla “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi – “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Kitab “XAN” nəşriyyatında nəşr edilib. Layihə rəhbərləri ikidir – Hədəf Şirkətlər Qrupu, eləcə də Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və mən – bəndəniz. Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar Yunus Oğuz və Cavid Qədirdir. Deyim ki, çox möhtəşəm romandır. Gəlin, maraqlı olacaq.
GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI….. Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi.. Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər. Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.
Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni antologiya işıq üzü görüb.
Esmira xanım antologiyaya “Salam Şuşam, Uluyurdum mənim…” sərlövhəsi ilə dəyərli bir “Ön söz” də yazıb. Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.
Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşid, tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.
Adından da bəlli olduğu kimi antologiya-kitabda Güneyli-Quzeyli bütün Azərbaycan yazarlarının, klassik və çağdaş şairlərimizin əsərləri yer alıb.
19 sentyabr 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi baş tutub. Tədbirdən fotalar:
Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.
Şair- publisist Şahnaz Şahinin bu ilin may ayında Türkiyədə “Zafer nağmeleri” adlı kitabı çapdan çıxıb. Kitabın işıq üzü görməsilə əlaqədar Şahnaz Şahin avqust ayının 9 və 10- da Ankarada “Gənc Yürekler” dərgisinin qonağı olub.
Bundan başqa, o, TÜRKSOY, “Türkiyənin sesi” radiosu, dərginin internet televiziya proqramı olan “Mohabbat sofrası”, “Krım Xəbər ajansı”nın “Memleket hikayeleri” internet televiziyasında da yeni kitabını təqdim edərək Azərbaycan və doğma Qarabağdan bəhs edib.
Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbədən söz açan şair çətin günlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərdiyini vurğulayıb.
“Ermənilər Şuşadakı tarixi əsərlərimizi, türbə və sənət abidələrimizi məhv etdi. Amma dövlətimiz azad edilmiş yurdlarımızı dircəldəcək, çiçəkləndirəcək” deyən Şahnaz Şahin hamını duyğulandırıb.
Azərbaycanlı şair eləcə də 2023-cü ilin iyul ayında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb, tədbirə qatılanların suallara cavab verib.
Keçirilən görüşlərdə şair “Zafer Nağmeleri” kitabını da imzalayıb.
Bu gün ölkəmizin mədəniyyət tarixində əlamətdar bir gündür. Laçında kitab təqdimatı var.
Məlumatı tanınmış şair İlham Qəhrəman öz sosial şəbəkə hesabınadan paylaşıb: “Ədəbi-bədii görüşlərdə, kitab təqdimatlarında dostlar həmişə belə bir alxış eyləyirdilər: O gün olsun Laçında görüşək, Laçında təqdimatınız olsun! Arzular çin olur. Avqustun 4-ü həmin günlərin ilkidi mənim üçün.
Sabah (03.08.2023) Laçına çıxıram. Birisigün axşam saat 20:00-da yenicə Laçına köçmüş sakinlərlə görüşümüz olacaq. Əməkdar artist Ehtiram Hüseynov, Aşıq Sahil (saz), Rauf İslamovla (kamança) bir yerdə çıxış edəcəyik. Allahın bu gününə şükür! Ürəyim fərəhlə doludur.
Laçında olan hər kəsi dəvət edirəm! Kitablardan ərməğanımız da olacaq.”
Müəllifi təbrik edir, yeni – yeni nailiyyətlər arzulayırıq!
Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub. “Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirmişdir.
Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman və hekayələrdən ibarət “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), “Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada nəşr olunmuşdur. “Ölüm yuxusu” romanı Danimarkada, daha sonra professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014) antologiyaları ABŞ oxucularına təqdim edilmişdir.
“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan “Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri daxil edilmışdır. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılmış, Türk etnosunun keçmişi, bu günü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılmışdır.
İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.
21 may 2023-cü il tarixində Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən Misra book cafe də təqdimat zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “Gizli qapı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Ayaz İmranoğluna“İsa Muğanna” diplomunu təqdim edib. Ayaz İmranoğlu Zaur Ustac üçün kitab imzalayarkən.
Əziz dostlar, hər birinizi Biz Klubun təşəbbüsü ilə nəşr olunan Ayaz İmranoğlunun “Gizli Qapı” romanının təqdimatına dəvət edirəm. Gəlin əyani də tanış olaq, çay içək, kitabı müzakirə edək.
Təqdimat, 21.05.2023, saat 13:00-14:00 aralığında Lev Tolstoy küçəsində yerləşən Misra book cafe də keçiriləcəkdir.