QORİDƏN GƏLƏN QATAR OXUCULARA TƏQDİM OLUNDU

QORİDƏN GƏLƏN QATAR OXUCULARA TƏQDİM OLUNDU

ADA Universitetinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant mərhum Şəmistan Nəzirlinin QORİDƏN GƏLƏN QATAR kitabının təqdimatı keçirildi.
Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Şəhid ailələri, ADA Universitetinin əməkdaşları, ziyalılar, elm adamları, millət vəkilləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəmistan Nəzirlinin ailə üzvləri, media nümayəndələri iştirak edirdilər.

Kitab ADA Universitetinin təşəbbüsü ilə çap olunmuşdur. Şəmistan Nəzirlinin əziz xatirəsinə həsr olunur. Əsər müəllifin sağlığında etdiyi düzəlişlər və əlavələr nəzərə alınmaqla yenidən nəşr olunmuşdur.
Kitabda Qori Müəllimlər Seminariyasının Azərbaycanın maariflənməsi və mədəniyyət tarixindəki rolundan, eləcə də bu təhsil ocağının yetirmələri, xüsusilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimləri haqqında tarixi-sənədli tədqiqatlardan bəhs edir. Kitabda maarifçilik ideyaları və yetişən ziyalıların fəaliyyəti işıqlandırılır. Qori Seminariyasının Azərbaycan üçün maarifçi kadrlar yetişdirməsinin önəmi vurğulanır. Əsərdə həmin Seminariyanı bitirən görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilib.
Kitab tarixi faktlara, arxiv materiallarına əsaslanır.
Əsər Azərbaycan maarifçilik tarixinin qaranlıq qalan səhifələrini aydınlaşdıran mühüm tədqiqat əsəridir.

Tədbiri giriş sözü ilə akademik Nizami Cəfərov açaraq Şəmistan Nəzirlinin Azərbaycan hərb tarixində və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin araşdırılmasında xüsusi xidmətlərindən, Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən danışdı. Qoridən gələn qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz Paşayevə minnətdarlığını bildirdi.

Sonra çıxış üçün söz “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova verildi. İlham Pirməmmədov Şəmistan Nəzirlinin dostluğa sədaqətindən, Qazağa qəlbən, ruhən bağlılığından, əsərlərini Qazax sevgisi ilə yazdığından, onunla olan görüşlərindən söhbət açdı: “Hafiz müəllim, biz tez-tez görüşərdik. Yeni kitabı çap olunan kimi zəng edərdi ki, Qağa təzə kitabım çapdan çıxıb. Sonuncu görüşümüz ölümündən bir az əvvəl avqust ayının 12-də oldu. Qazaxlı ziyalılarla bərabər Şəmistan müəllimin ad gününü qeyd etdik. Sonuncu dəfə Qazağa gedəndə də bizimlə əlaqə saxladı. Qazağa getdiyini dedi. Qoridən gələn qatar kitabı özündə olmadığı üçün həmin kitabdan istədi. Puşkin Əhmədovda 5 kitab qalmışdı. Həmin kitabları Şəmistan müəllimə göndərdi. Şəmistan müəllim sonuncu danışığımızda sizin dəstəyinizlə Qoridən gələn qatar kitabının yenidən çap olunacağını da söylədi. Hörmətli Hafiz müəllim, Şəmistan Nəzirli yaradıcılığına hər zaman diqqət və qayğı göstərmisiniz. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə yeni həyat bəxş etmisiniz. Sizin diqqət və qayğınız sayəsində Qazaxda möhtəşəm elm məbədi fəaliyyətə başladı. Bütün bunlara görə sizə öz adımdan, Qazax mahalının ziyalıları adından təşəkkürümü bildirirəm”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Qoridən gələn qatarın Azərbaycana saçdığı işıqdan danışdı: “Bu qatar simvolik məna daşıyır. Qatar Qoridən Azərbaycanacan gəlib çatır. Qatar fiziki cəhətdən Qazaxda dayansa da, onun içində olanlar, onun daşıyıcıları, onun gətirdiyi maarif işığını bütün Azərbaycana yayan insanlar olubdur. Qoridən gələn Qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz müəllim sizə təşəkkür edirəm. Kitabın işıq üzü görməsində zəhməti keçən insanlara, çox sağ olun, deyirəm”.

Millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin ABŞ-dakı mərkəzinin direktoru Qalib Məmməd, millət vəkili Azər Allahverənov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili, Əməkdar jurnalist Gülbəniz Hüseynova, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi Natəvan Dəmirçioğlu, , yazıçı Məti Osmanoğlu, tənqidçi alim Rüstəm Kamal, professor Ədalət Tahirzadə, publisist Ramiz Göyüşov, dünya şöhrətli yazıçı Varis, Türkiyədən olan qonaq Ufuq Aydın çıxış edərək Şəmistan Nəzirli yaradıcılığı haqqında ətraflı danışdılar. Onun Azərbaycan xalqının tarixi köklərinə bağlılığını xüsusi vurğuladılar. Qoridən gələn qatarın Azərbaycan elmi üçün verdiyi misilsiz töhfələrdən söz açdılar. Çıxış edənlər qatarın bir əsr öncə Qoridən Qazağa gələndə Azərbaycana elm işığı yayıldığını, illər sonra isə Bakıdan Qazağa gedən qatarın təkcə Azərbaycana deyil, dünyaya elm işığı bəxş etdiyini təbdir iştirakçılarının diqqətinə çatdırdılar. Seminariyanın bərpasına və yenidən elm məbədinə çevrilməsinə görə Hafiz Paşayevə təşəkkürlərini bildirdilər. Natiqlər Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən söhbət açdılar. Şəmistan Nəzirli yaradıcılığını qədirbilənlik məktəbi, tarixin şərəfli səhifəsi adlandırdılar. Çünki Şəmistan Nəzirli şərəfli tariximizin qəhrəmanlığını, elmini yorulmadan qələmə aldı. Gələcək nəsillərə əvəzsiz tarixi irs qoyub getdi.

Professor Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının tarixi-mədəni irsinin bərpası, köklü maarifçilik ənənələrinin dirçəldilməsi, milli təhsil dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi ardıcıl, məqsədyönlü və səmərəli fəaliyyətinə, habelə yüksək ictimai əhəmiyyətə malik xidmətlərinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən “Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom”la təltif olundu.
İlham Pirməmmədov Xalq şairi Səməd Vurğun adına “Fəxri Diplom”u Hafiz Paşayevə təqdim edəndə ona ADA Universitetinin Qazax mərkəzini elm məbədinə çevirdiyi üçün təşəkkür etdi. Qazax mahalının ziyalılarının təşəkkür və salamlarını Hafiz müəllimə çatdırdı: “Hörmətli Hafiz müəllim, 2018-ci ildə rəhmətlik Şəmistan müəllim mənə dedi ki, biz Seminariyanın 100 illiyinin qeyd olunması ilə əlaqədar Cənab Prezident İlham Əliyevə məktub yazmalıyıq. Biz “Qazax” Xeyriyyə İctimai Birliyinin adından Cənab Prezident İlham Əliyevə məktub ünvanladıq. Cənab prezident İlham Əliyev 2018-ci il 3 noyabr tarixində Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasına dair sərəncam imzaladı. Və həmin sərəncamda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlandı. Həm Qazaxda, həm Bakıda Seminariyanın 100 illik yubileyi yüksək səviyyədə qeyd olundu.
Hörmətli Hafiz müəllim, siz Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsinə yeni həyat bəxş etməklə, Cənab prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya öz böyük töhfənizi verdiniz. Sizin gördüyünüz işlər bir məktəbdir. Biz həmişə düşünürdük ki, Qori Müəllimlər Seminariyasının binası necə olacaq. O bina yenidən təmir olunacaqmı? Siz bizim suallarımıza cavab verdiniz. Siz həm də bizim ürəyinizin səsinə səs verdiniz. Artıq ADA Universitetinin Qazax mərkəzi elm, təhsil Brendinə çevrildi. Bu müqəddəs və xeyirxah işlərinizə görə sizə təşəkkür edirik və deyirik: Hörmətli Hafiz müəllim, biz Sizinlə fəxr edirik”.

ADA Universitetinin rektoru, Professor Hafiz Paşayev öz çıxışında Şəmistan Nəzirli yaradıcılığını yüksək qiymətləndirdi: “Şəmistan Nəzirli unudulmaz tariximizi yazdığı əsərlərində, kitablarında yaşadıb. Səməd Vurğun haqqında yazdığı kitabda Mir Cəlal Paşayevin Səməd Vurğun haqqında dediyi fikirləri ustalıqla qələmə almışdır. Ümumiyyətlə Şəmistanın yazdıqları hər zaman oxunub, xalq tərəfindən sevilib. Bizim onunla birlikdə çox planlarımız vardı. Allah Şəmistan müəllimə rəhmət eləsin.
Mən hər zaman deyirəm: Nə iş görürsünüz, çalışın nümunə olsun. Biz ADA Universiteti olaraq Qazaxda Seminariyanın bərpasına başlayanda bilirdik ki, Seminariyaya yeni həyat bəxş etməklə, nümunəvi iş görürük. Bu həqiqətən belə oldu. Artıq ADA Universitetinin Qazax mərkəzi bir elm məbədinə çevrildi. Şəmistan müəllimin “Qoridən gələn qatar” kitabı ADA Universitetinin Qazax mərkəzinin tarixi keçmişini özündə əks etdirir. Bildiyiniz kimi, Seminariyanın ətrafında evlər var idi. Biz həmin evləri sahiblərindən onların razılığı ilə aldıq və həmin ailələri onlara rahat olan mənzillərə köçürdük. Bu işdə bizə Qazaxdan olan sahibkar Məmməd Musayev kömək etdi. Elm yolunda göstərdiyi dəstəyə görə Məmməd Musayevə çox sağ ol, deyirəm. Qoridən gələn qatarın tarixini bizə irs olaraq qoyub gedən Şəmistan Nəzirlinin ruhu şad olsun”.

Şəmistan Nəzirlinin oğlu Aslan Nəzirli atasının yaradıcılığına göstərilən diqqət və qayğıya görə Hafiz Paşayevə təşəkkürünü bildirdi. Şəmistan Nəzirlini həm sağlığında, həm də vəfatından sonra unutmadığı üçün İlham Pirməmmədova və Şəmistan müəllimin xatirəsini əziz bilib tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

Sonda professor Hafiz Paşayev tədbirdə iştirak edən Şəhid leytenant Teymur Abbaslının anası Başxanım Abbaslı və Əfsanəvi Kəşfiyyatçı, kapitan rütbəsində Xüsusi Təyinatlı Qüvvələrinin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmiş ilk və yeganə zabiti Şəhid Mühüd Orucovun ailəsi və övladları ilə görüşüb, səmimi söhbət etdi. Mühüd Orucovun övladlarının təhsili ilə ətraflı maraqlandı. Daha sonra tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi. Tədbirdən fotolar:

“Qazax” Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti

Məlumatı hazırladı: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir