Cığır-cığır, çəpər -çəpər, Dəniz -dəniz, liman-liman, Ölkə -ölkə, şəhər -şəhər, Qaya-qaya , orman-orman Ürəyimdə kök atmısan, Dodağımın sözü Vətən, Həsrətimin özü , Vətən! Tarixlərin yaddaşında Ərən kimi qalan yurdum, Talan yurdum. Dərdlərində yanıb, yanıb Külündə bir də doğulan Qalam yurdum, Azərbaycan, Salam yurdum!! Kimlərə pay verməmisən Axı halal çörəyindən? Üzünə kim ağ olmayıb, Kimlər çəkib ətəyindən? Kimlər verib ürəyini, Kimlər vurub ürəyindən? Kimlər keçib ələyindən? Şərəfiylə , qeyrətiylə, Sevgisiylə , şəfqətiylə Dünyaya səs salan yurdum, Azərbaycan, Salam , yurdum! Hara getsəm çəkir məni Bu torpaq, bu su, bu hava, Bu duman, bu külək, bu çən, Bu yuva, bu el , bu oba, Anam Vətən, babam Vətən, İstəyirəm yağış olub Damcı -damcı torpağına hopam , Vətən! Minib arzu köhlənimə Səni dağ-dağ, çəmən -çəmən O baş , bu baş çapam , Vətən. Sərhəd -sərhəd tikələnib Şəhid-şəhid bütövlənən , Şeir -şeir hecalanan, Varaq-varaq çiçəklənən, Dilimizdə ən müqəddəs Kəlam, yurdum, Azərbaycan, Salam, yurdum!
Qulu Ağsəsin sevgisi onun sözünün boyuna biçilib. Hər şey yerindədi. Əti, qanı, canı üstündədi. Bircə sözü də adamı aldatmır . Dialoqa girirsən şairlə .Sözü şairlə oxucu arasında körpüdü. Bəzən dalaşırsan, bəzən barışırsan, bəzən küsürsən. Amma sonra təzədən dönüb yapışırsan sözün ətəyindən. Axı bilirsən ki, bu sözdən sənə ziyan gəlməz, işığa çıxarar səni. Bir də ki, şair onsuz da sevgiyə Tanrı kimi baxır. Özü isə şeirinin arxasında gizlədir özünü. Amma bununla belə oxucu harda olsa axtarıb tapır şairi. Sözündən. Pıçıltısında bir haray var.Şeirlərinin səsi adamın başına düşmür , ürəyinə düşür. Duyğularına alqış donu geyindirmir, bəzək vurmur, rəngləmir. Necə varsa, necə düşünürsə , elə yazır. İncitməkdən , ağlatmaqdan, küsdürməkdən də qorxmur. Gecədə ulduzu sayır, gündüzdə günəşə qucaq açır. Sazaqda üşüyür, istidə yanır. Amma hər yerdə özüdü. Öz məninə sadiqdi şair. Təkrarı da sevmir. Elə uzunçuluğu da. Gedənin dalınca da ağlamır. Boş da vermir. ( Özü demiş) Bütün əzablarını, iztirablarını, həsrətini də yükləyir ayrılığın boynuna ki, bir də geri dönməsin. Demək vüsalla ayrılığın növbələşməsində də özüylədi şair. Təkliyinə sığınır bütün məqamlarda.
..İstidi, Ürəyim səni istədi, Səni-Soyuq bir şeyi yəni.
Görürsən ki, şairin od kimi ürəyi qarşıdakının buz soyuqluğuna sevə-sevə dözür hələ. Çünki hələ ayrılığa hazır deyil şair. Çünki hələ sevir. Yenə boyasız, pafossuz, “Ölürəm”, “yanıram” demədən. Göstərir sadəcə. Sözünə sığınıb göstərir həm də. Şairə görə “sevgidə üçüncü yox , ikinci adam artıq”- dı. Bir də sevgi heç də ikinəfərlik deyil. İki ürək bir olursa , demək bütövləşir sevgi də. Çox doğru yanaşma.
Tağda bir xanım şamama gördüm. Sinəsində siqaret söndürməyə çatıbmış kiminsə kişiliyi
–deyən şairin tər-təmiz sevdaların kimlərinsə əlində oyuncağa çevrilməsindən nigarançılığı və narahatlığı sezilir. Fərqli ifadələr seçə-seçə, dolayısı ilə çatdırır fikirlərini yiyəsinə. Oxucunun gözünün qabağına solmuş , ətri küçələrə tökülən, siqaret tüstüsünə bürünən bir çiçək gəlir. Geri çəkilir oxucu bir addım. İnamından bir pillə aşağı düşür və güclənir. Sözün qüdrəti də budu.
Lənət şeytana, Ya gərək iyirmi il qabağa gedəsən, Ya gərək iyirmi il geri. Hanı? Hardan alım qırx yaşın sevgi şeirin? …Başımın üstündə az ağla, Ev dolub, batıram. Mən çürük dişimi çəkdirmirəm.. Səni hara atıram?!
Şairlə söz arasında zaman məsafəsi var. Amma qırx yaşında da eyni sevgidədi, üstündə dayandığı zamanda da. Sadəcə bir az yorğundu şair. Vəssalam. Amma öz çəkisindədi.Elə sevgisi də. Bircə göstərişi bacarmır. Sadiqliyi elə sevgisinin isbatıdı. Özündə olanı bilir. Bilir ki, qırx il əvvəl də belə olub, indi də belədi, qırx il sonra da belə olacaq. Bir sözlə etibarsız deyil. Şairçün forma yox, məzmun əsasdı:
İstəyirəm əcəl gələndə Qarşımda heçnə dayanmasın. Məni elə çağırsın ki, Sevgilim yuxudan oyanmasın.
Şair burda da sevginin ali mərtəbəsindədi. Ölümə meydan oxuyan ruhu bircə sevdasından nigarandı. Yəni özündən çox , qarşı tərəfi düşünmək amalı var bu sətirlərdə.. Şair boyat, çiy ifadələrdən çox uzaqdı. Təkrarçılıqdan da. Ümumiyyətlə Qulu Ağsəs hər şeirdə fərqli yanaşmaları ilə seçilən yazardı. Dünyaya baxış bucağı da, sevgiyə yanaşma tərzi də fərqlidi. Bir az da mükəmməliyə can atan şair olduğu üçün yüz ölçüb bir biçəndi həm də.Sözdə olduğu kimi sevginin də yeni formulunu çıxarmağa çalışır şair. Düşündürməyi, təkrar-təkrar yeni qənaətlərə gətirməyi bacarır eyni zamanda:
İşdi, qəzadı , səndən əvvəl ölsəm, Məni son mənzilə aparırlar görsən , vəsiyyətimə əməl elə: Arxamca su at, Uğur dilə. Saçını yolma, Köksünü ötürmə, Allahın yanına gedirəm, Ürəyinə ayrı şey gətirmə.
Nigarançılıq, eyni zamanda qəribə bir arxayınçılıq var bu sətirlərdə. Şairçün ölüm son deyil. Bir həyatın başqa həyatla yerdəyişməsidi sadəcə. Birinin sonu o birinin başlanğıcıdı demək. Bu sözlər adi təsəlli deyil, inamdı. Eyni zamanda o ilahi Eşqi Tanrıyacan aparıb çıxarmaqdı. Paklandırmaq və qüsullamaqdı. Bundan müqəddəs duyğu ola bilərmi? Şairin təxəyyülü də çox güclü və dəyişkəndi. O obrazdan obraza girməyi bacarır.. Hər misrasında işıq var, ümid var, Eşq var. Şair ” Onsuz da hamının gedəcəyi yer Oradı” qənaətindədi. Demək bu dünya fanidi və hər kəs özünü Ora hazırlamalıdı. Amma sevgi əbədidi, bəşəridi. İnsan cismən ayrıla bilər bir- birindən. Əsas ruh yaxınlığıdı, doğmalığıdı. Unutmağın, unudulmağın bu dünyayla heç bir əlaqəsi yoxdu. Elə o dünyayla da. Bütün ayrılıqlar ruhdan başlayır. Sevgidə bədən sadəcə qabıqdı. Şairin sufi düşüncələrində ruh hər şeydən əvvəl gəlir və əbədidi. Şair vüsalla həsrəti qoşa görür həmişə. Yəni yazıları belə deyir:
Bu sevgim də daşa dəydi, Bəxtəvər daşın başına
-deyən şair əslində bu daşı gözləyirmiş əvvəldən. Amma nə atıldığından, nə unudulduğundan şikayətçi deyil.Peşmançılığı da yoxdu. Bircə ürəyinin soyuduğuna, daşa döndüyünə görə nigarandı. Demək nigarançılığı da özündəndi. Daşa dönmək istəmir şair.
Cavab məktubumda sözlər baş-ayaq, Bir ucdan yazılır, pozulur elə. Qorxuram , öləsən , sevgi yaşaya, Qorxuram, qalasan, məhəbbət olə..
Əslində getlə qalın arasında can çəkişdirməkdi bu hissin adı. Ucuz sevdalardan qaçmaqdı. Həsrəti ondan doğma bilməkdi özünə. Elə insanlığın təntənəsi də adlandırmaq olar bu hissi. Bir də ki, şairə görə təki adam sevgidən ölsün. Qulu Ağsəs bənzətmələrdən , təşbehlərdən, metaforalardan da çox məharətlə istifadə edir. Şeirdən-şeirə keçdikcə irəliləyir həm də. Sözdən sözə artır, böyüyür, qol-budaq atır. İnandırır , aldatmır. Gözdən pərdə asmağı da sevmir. Necə varsa, elədi. “Sözü əyninə biçilib”- deyəndə məhz bunu nəzərdə tuturam. Sözü söz xatirinə deməkdən də çox uzaqdı .
Yığışıb qarama yüz söz deyərlər, Bu boyda millətə nə cavab verim? Bilsələr qanıma yerikləyərlər Səni sevdiyimi sevmədiklərim–
deyən şair mübhəm , gizlin hisslərini qoruyur əslində. Yad nəfəsdən, yad baxışdan, küləkdən, yağışdan. Hansı ağrıdan keçdiyini də bir özü bilir, bir ürəyi, bir də Tanrısı:
Bunu bir mən bilim, bir də sən ancaq, Ölüncə bu gözəl sirr bəsimizdi. Bizə nə yurd versin, nə yuva Allah, Sənə ayırdığım yer, bəsimizdi.
Ümumiyyətlə şairi oxuduqca belə qənaətə gəlirsən ki, bu şeirlər tərtəmiz duyğularla cilalanıb və ona görə də hamısı gedib İlahi Eşqə söykənir. Bu da bir zəfərdi.
Aprel ayı olmasına baxmayaraq,havadan zəhrimar yağırdı.Üz-gözünü elə bozartmışdı ki,adamın lap zəhləsi gedirdi.Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı.Hamının əynində pencək,gödəkçə,jaket vardı.Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi.Maşınlar da ki,tıxac yaratmışdı.Siqnal səslərindən,çığır-bağırdan qulaq batırdı.Havadan benzin,tütün,mazutqarışıq qəribə iy gəlirdi.Daha doğrusu havada hava yox idi.Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu.Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın.Çantasını çiynindən aşırıb(adətiydi,çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi.Nə yaxşı ki,evi yaxınlıqdaydı..Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə?Nə maaşı vardı ki?450 manat.Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki,axı əvvəllər Bakıda bu qədər adam yox idi.Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü.Avtobusda da bu boyda basa-bas nə gəzirdi.Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi.Bax onda bir az tünlük olurdu.Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi.Vəssalam.O da tələbələrin dərsdən çıxdığı vaxtlarda.Başqa saatlarda əminlik idi.Sonra ağlından keçirdi ki,rayonlarda,bölgələrdə işsizlikdi axı.İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən,eşiyindən.Sıxlıq,tıxac da bu üzdən yaranmışdı şəhərdə.Tikintidə fəhlə işləyən kim,küçə süpürən,maşın yuyan,evlərdə qulluqçuluq edən kim.Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi.Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi.Evsiz,eşiksiz,küçələrdə,vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi.Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də.Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki.İşsiz adama mağazalar nisyə mal da vermirlər.Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu. Salam,qonşu.Necəsən? _Salam,Rizvan müəllim.Şükür.Dığırlana-dığırlana yaşayırıq.Siz necəsiz? Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya: Şükür,bu günkü günümüzə,qonşu deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı.Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün. Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra: _Qonşu,yaz dəftərə.İnşallah ayın axırında hamısını birdən ödəyəcəm deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı. Ürəyində fikirləşdi ki,görəsən qonşusu söyüb söylənmədi ardınca?Axı niyə söylənsin?Mən ki,maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm. Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı.Qapını oğlu açdı. Adəti idi.İşdən gələndə həmişə öpüşüb görüşürdülər.İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi. Təngnəfəs olmuşdu.Töyşüyürdü.Üzünə su vurdu.Gözü güzgüyə sataşdı.Boğulmuşdu sanki.Qapqaraydı. Ordan çıxıb yataq otağına keçdi. Yoldaşı ütü ütüləyirdi.Salam vermək də yadından çıxdı. _Gəldin?Əynini dəyiş,keç mətbəxə.Yemək hazırdı. _Yox.Nəsə özümü pis hiss edirəm.Bir az uzanacam.Bir-iki şey almışam.Sən onları yerbəyer et -deyib yerinə uzandı. Fikirləşdi ki,yəqin işdə çox yorulub.Uzansa keçər.Baxdı ki,gödəkçəsi də əynindədi.Halsız-halsız düymələrini açdı.Əynindən çıxarmağa heyi olmadı.Sinəsi göynəyirdi.Otaqda hava yox idi sanki.Durub pəncərəni açmaq istədi.Qalxa bilmədi .Tumbanın gözündəki dərmanını tapıb atdı.İstədi Nazlını (həyat yoldaşını)çağırsın.Sonra fikirləşdi ki,bir az da gözləsin.Niyə təlaş yaratsın?Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.Ölümdən qorxan adam deyildi.Bircə oğlunun,yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə.Vəssalam.Oğlu sonuncu kursda oxuyurdu.Universiteti bitirib əsgər gedəcəkdi.Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi.Yoldaşı isə tibb bacısı idi.Amma işləmirdi.Arada qonşuların iynəsini vururdu.Azdan çoxdan pulu olurdu.Allah bərəkət versin.Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi.Yuxuda kəndlərini,anasını,bacılarını gördü.Hər yer çiçək açmışdı.Anası səhənglə su daşıyırdı Axmazdan.Bacıları da tullana-tullana,gülə-gülə onun ardınca gəlirdilər.Bir yanda toyuq cücə küllükdə eşələnirdi ,bir yanda da qoyun quzu mələşirdi.Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın.Görünür o ki,var qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı.Təzə motal pendiri,nehrə yağı,qaymaq,təndir çörəyi adama gəl-gəl deyirdi.Nə gözəl mənzərəydi,İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən: _Süfrəni sən yığışdırarsan,oğlum- deyib tələsik evdən çıxdı. Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı: -Yox,oğlum.Mən getdiyim yerə uşaqları aparmırlar.Gələn dəfə mütləq səni də özümlə aparacam.İndi olmaz. Sonra anası gözdən itdi. Rizvan diksinib yuxudan oyandı.Qanın tərin içindəydi.Bir müddət yuxunun təsirindən qurtara bilmədi.Əl atıb sinəsini ovuşdurdu.Bir az ağrısı azalmışdı.Otaq qapqaranlıq idi.Görünür axşam düşmüşdü.Yavaş-yavaş ayağa qalxdı.Hiss etdi ki,acıb.Paltarını dəyişib təzədən vanna otağına keçdi,əl üzünə su vurdu ki,yuxusu qaçsın.Həm də bir növ adət etmişdi.Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu.Günün hansı hissəsində olur,olsun.Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı.Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi.Sakitcə qapını çəkdi ki,fikri dağılmasın.Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı: _Birinci çay verim,yoxsa.. _Yox yemək yeyəcəm.Acmışam. Stolun üstündə göy-göyərti,duzlu xiyar,duz,istiot,bir də çörək vardı.”Allahın evi avadan” Adəti idi.İlahinin verdiyi hər nemətə görə şükr edərdi. Sonra yoldaşının çəkdiyi bir qab mərci supunu qaşıqlamağa başladı. Yuxu heç yadından çıxmırdı.Mütləq anasının qəbrini ziyarət edəcəkdi.”Görünür arvad darıxıb.Haçandı ziyarət etmirəm” Bir də maaşı alan kimi həkimə gedəcəkdi.Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu.Canını pula satmayacaqdı.Hələ işləri vardı.O işləri görmədən ölməyə haqqı yox idi. Yeməyi bitirəndən sonra sakitcə yoldaşına “Şağ ol.Dadlı idi.Əlinə sağlıq”deyib süfrədən durdu.Halsız idi bir az.Həm də yorğun.İstədi götürüb bir kitab oxusun .Sonra fikrindən vaz keçdi.Dincələcəkdi bu gün.Yataq otağının pəncərəsindən çölə baxdı.Yağış yağırdı.Həyətdə heç kim görünmürdü.Heç itlər,pişiklər də gözə dəymirdi. “Hamı yuvasına çəkilib.Görəsən yuvası olmayanlar neynir,İlahi?”Ağlından keçirdiyi bu fikirdən üşüdü.Yerinə uzandı,yorğanı başına çəkdi.Nəsə narahat idi.Bədəni uçunurdu. “Bircə səhər açılsaydı”.Ömründə səhərin açılmasını bu qədər istəməmişdi.Qaranlıq bu qədər qorxutmamışdı onu.Bircə onu bilirdi ki,yatmayacaqdı.Yuxusu da yadından çıxmırdı.O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü.Yenə götürüb bir dərman atdı.Mətbəxdən səslər gəlirdi.Yoldaşı idi yəqin.Gecə keçənəcən sil süpürlə məşğul olurdu.”Zalımın qızı bir dəfə kitab oxumur.Həyatı,evliliyi ancaq yır-yığışda,biş-düşdə görür.Zərrəcən romantikası yoxdu.Heç mənim hansı rəngi,hansı musiqini,hansı fəsli sevdiyimi belə bilmir”Ömründə ilk dəfə özünə yazığı gəldi.Tələbəlik illəri,eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü.Sevgisinə yiyə dura bilmədi.Anası qoymadı.”Nə tanıyırıq xalxın qızın “deyib sevdiyi qızı ona almadı.O da susdu.Anasından keçmədi,sevdiyindən keçdi.Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi.Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu.Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu.Allah tərəfi pis qız deyildi.Hər şeyə qane olan,başını aşağı salıb öz işini görən qız idi..Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki,50 ni haqlayıb.Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına.Başı işinə,problemlərinə elə qarışmışdı ki,vaxtın necə keçməsindən xəbəri olmamışdı.Ara-sıra keçmişi,gəncliyi,tələbəlik illəri ,Nüşabə yadına düşsə də işin,qayğıların çoxluğu onu göz açmağa qoymamışdı.Hissizləşmişdi sanki.Elə bil o duyğulu,sevgisindən ötrü ölümə getməyə hazır olan,kitablarla yatıb duran,özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi. ….”Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən.Hələ gecə saat birdi.Zamandan daş asılıb elə bil.Ürəyim də ki,rahatlana bilmir.Görəsən bu gün nə olub bu çər dəymişə?”Gecə keçdikcə hiss edirdi ki,gözləri qapanır.Kirpiklərindən daş asılıb sanki.Öz- özünə bağlanır.Artıq yuxuya gücü çatmırdı.Almışdı gözlərini cənginə. ….Yenə anası əlində səhəng su gətirməyə gedirdi: _Ana qurban,gəl gedək su gətirək.Yorulmuşam.Bir az mənə kömək elə. İstədi etiraz edə.Səsi çıxmadı.Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü.Hər yer qaranlıq idi.Göz -gözü görmürdü.Kol-kosu yara-yara gedirdilər.Heç yer tanış gəlmirdi Rizvana.Bu yol hara aparıb çıxaracaqdı onları?Bilmirdi.Eləcə diqqətlə baxırdı ki,anasını itirməsin.Geriyə qayltmaq gözünə durdu.Bu yolu necə qayıdacaqdılar,İlahi? “Bircə səhər açılsaydı”.
Anam bu dünyadan köç edəndən sonra başa düşdüm ki, məzarlıqda bir şəhər adam varmış sən demə. Gördüm ki, dayanıb səbirsizliklə sahibini gözləyən qapıya bənzəyir burda qəbirlər. Ayaqları torpaqdan, baxışları yoldan asılan Körpə qəbirlər, qoca qəbirlər, Ana qəbirlər, ata qəbirlər. Bəzilərinin ətrafında əl ələ verib keşik çəkir Daş hasarlar, dəmir çəpərlər. Bəzilərinin yanı, yörəsi boşdu hələ. Hər yandan üzünə yorğun-yorğun baxır ot basmış köhnə ləpirlər. Təzələrinin üstü-başı yaşdı hələ. “Burda ölülər adamı yanıq qoxusundan, Bir də ölüm qorxusundan tanıyır”. Kimdənsə eşitmişəm, Ya hardasa yazılıb… Ölülər durub qaçar deyə Məzarlığın girişindən yekə qıfıl asılıb.
** ** **
Hardasa bayquş ulayır bir ümidin xarabalığında , Kimsə daş atır gecəyə, Bayquşun səsi çiliklənib tökülür dünyanın başına. Tanrı gördümü? Görəsən kim düşdü bayquşun qarğışına?
** ** **
Bu sevgi ölümdən keçib, Təzədən bir də doğulub. Göyün üzündə əkilib, Qayıdıb yerdə doğulub.
Yanıb, kül olub odunda, Külündən keçib qayıdıb. Min yol şeytanın , iblisin Feilindən keçib, qayıdıb.
Bu sevgi qandan, qadadan, Bu sevgi zülümdən gəlib. Göy yarılıb, göydən düşüb, Tanrının belindən gəlib.
“Xəzan” ədəbi-bədii jurnalının mart-aprel 2024 sayı çapdan çıxdı. Sayca 57-ci olan 128 səhifəlik jurnal 2016-cı ildən çıxır. Jurnalın səhifələri ədəbi nümunələrlə zəngindir. Jurnalda MAHİR CAVADLInın 65, Şərqiyyə BALACANLI və Nəzakət EMİNQIZInın isə 75 yaşlarının tamam olması münasibətilə redaksiya heyəti adından təbrik mətnləri yerləşdirilib. Yubilyarlara can sağlığı, uzun ömür, bol-bol yaradıcılıq uğurları arzulanıb. Bundan əlavə hələ də haqqında müxtəlif şayiələr dolaşan Mir Cəfər BAĞIROV haqqında araşdırmaçı jurnalist Füzuli BARATOVun təkzibolunmaz faktlara və məxəzlərə söykənən araşdırma yazısı da jurnalın bu sayında çap olunmuşdur. Nəsrsevərlər Ayaz İMRANOĞLUnun “Uşaq ferması” romanının davamını da jurnalın bu sayında oxuya bilərlər. Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
Gecə yenə qaşqabağını töküb durub, Kim bilir nə acığı var dünyaya. Buludlar bir tərəfdə bardaş qurub oturub . Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında . Külək qudurub, Gör necə ulayır gecənin başı üstündə ac yalquzaq tək. Torpaq bir qat qabıqdan, Ağaclar yarpaqdan çıxır. Dəniz yaxasını açıb qaçır sahilə , Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə. Bir şair tənhalığın acığını varaqdan çıxır . Təzə abzasdan köhnə yaralar boylanır, Hamısının da üstü açıq. “Bircə səhər açılsaydı”-deməyə də adamın dili gəlmir. Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq… Nağıl kimi….
** ** **
Əynimdə dekabrdan qalma ömür, Ürəyimdə iyun həsrəti. Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa. Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır. Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim. Dünən, bu gün mənimdi…hələ ki… Bəs sabah? …Gözümdə bütün rənglər bir-birinə qarışır Budaq-budaq, yarpaq-yarpaq…
** ** **
Bir şeir asıb özünü hecadan, Qafiyələr ağlaşır başı üstündə. Ayağının altında varaq, Boğazında qələm, Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə. Azadlığa açılır qapısı qorxuların. Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz , Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..
Siz Göy adamı ifadəsin eşitmisiz? Eşitməmisizsə, bu yazını oxuyun və görün ki, göy adamı necə olur? Özü də təpə-dırnaq . Yer günah yuvasıdı onunçun. Suyu günah, havası, dəni, işığı–hamısı kirlidi. Balaca da olsa hər şeydə günah var Yer üzündə. Günahkar da özümüzük. Onunçun göy üzü ən mübhəm, bakirə duyğuların məkanıdı. Sözün qanadında ruhu tez-tez göylərə uçur və paklanıb, durulub geri dönür. Ayı, ulduzu , buludları, səmanı özünə dost seçib deyə ürəyi rahatdı bir az. Qaldan, qeybətdən, paxıllıqdan uzaq bir dünyası var. Yurdu , yuvasıdı Göy . Yeri rahatdı yəni. Ürəyinin, ruhunun qapılarını hər adama açmaz. Heç özü də hər qapını döyməz. Şeirlərini pıçıldayar, səsə salmaz. Özünü öyməz, yazar sadəcə. Ürəyindən nə gəlirsə, Tanrı nə göndərirsə onu. Bir sözlə razıdı göyündən. Alqışı da şeirdi, qarğışı da. Qarğışı da alqışa bənzəyir. Uzaqbaşı “Mənim yaşıma çatasan” -deyər bir kəlmə. Vəssalam. Ürəyi gəlməz uzağa getməyə. Heç kimdən gözükölgəli deyil. Ona görə yerişi də amiranədi. Polis polkovnikidi axı. Qanunlardan kənara çıxmağı sevməz. Elə sözü də qanundu onun. Ona görə sözü də qəlibdə saxlayar. Burda da qanunları, sədləri keçməz. Qafiyəbaz deyil. Qafiyə onu axtarıb tapır. Bu sarıdan kökünə bağlıdı. Ona görə də qol-budaq atıb. Sözü ilə işi birdi. Fəxrəddin Teyyubu deyirəm. Sözünün ağası şair Fəxrəddin Teyyubdu bu günkü qəhrəmanım. Onun sözünə ikinci sığalımdı mənim bu yazı. Tərifi çox sevmir deyə elə duyduqlarımı qələmə alıram . Bir də şairi şairdən gözəl kim duyar, tanıyar axı? Şairlər özlərini sözlərilə ələ verirlər. Onları tanımaqçun bircə misrasından tutmaq kifayətdi. Ağrıları , acıları, həsrəti , sevgisi, nifrəti, arzusu, ümidi -hamısı gizlənib o bircə misranın arxasında. Görmək, duymaq lazımdı sadəcə. Bir sözlə sözün ucundan tut, qaldırsın səni göyün yeddinci qatına. Çox hikmət var sözdə. Fəxrəddin Teyyub da sözüylə adamı göylərə qaldıran şairdi. Onun bioloji yaşında payız qışla savaşdadı. Ruhunun yaşı isə hələ bahardadı. Cismi ilə ruhu bir -biriylə yollaşa bilmir. Ruhunu cisminə geyindirə bilmir Fəxrəddin Teyyub. Dar gəlir. Neynəsə də əynindən çıxıb qaçır o çox sevdiyi göylərə. Qoşulur aya, ulduza, günəşə, səmaya. Dayanır Tanrısıyla üz -üzə. Cismi də yerdə tozla, torpaqla, otla, çayırla, yağışla, qarla əlləşir. Yazıq qalır ruhun dalınca baxa-baxa. Bu tərsmütənasiblikdə şair yorulur, inciyir ancaq dayanmır. Gözü dünya malında yoxdu. Bircə hörmətin, sevginin, qayğının, diqqətin acıdı. Hamını dinləyər, özü susar. Dərdini anlatmaz. Yükünü özü çəkməyə alışıb. Kimsə içindəki təlatümü görməz .Ruhunu kimsəyə əmanət etməz axı, bircə Tanrıdan başqa. Dost sözünə axıracan sadiq qalanlardandı . Küsməyi də şeir yazanacandı. Söz doğulan kimi ürəyindən tikan çıxar. Sözlə yaralanar, sözlə sarınar. Mənim Fəxrəddin Teyyubla dostluğumun yaşı elə də çox deyil. İki il ola, ya olmaya. Ümumiyyətlə elə də çox dostum yoxdu axı. Bircə ovucun içinə sığacaq qədər. Kiminsə dostu olmaqdan da qorxmuşam ömür boyu. Bu boyda ağır yükün altına girmək hünər tələb edir axı adamdan. Deyilənə görə hünərliyəm. Bəlkə də…Bilmirəm.. Ömür boyu dostum daş, divar, qapı, pəncərə olub. Məhkumiyyətim azadlığımdı. Azadlığımın içinə sığacaq qədər dostum, yaxınım var. Fəxrəddin Teyyubla aramızda bir fəsillik yol olsa da ruh yaşımız eynidi. Bahardayıq ikimiz də. Ruhumuzun götürdüyü yerə ayaqlarımız getməsə də ürəyimiz gedir. Ürəklə ” dostumdu” -deyə bildiklərimdəndi. Ərkim çatan qədər doğmayıq yəni. Saatlarla söhbət edirik. Sözdən, ədəbiyyatdan, yaradıcı adamlardan, dünyasını dəyişən ustadlarımızdan, klassiklərimizdən. Dünya ədəbiyyatına da baş vurduğumuz zamanlar az olmur. Heç kimin haqqına girmədən, heç kimin sözünə toxunmadan . Rəngsiz, boyasız fikirlərimizin işığında fikirləşirik ki, görən bütün yazarlar da bizim kimi görə bilirmi dünyanı? Aydın, ləkəsiz, rəngli…Kaş.. Bəlkə də.. Ola bilər… Saatlarla danışığımızın sonunda yenə yarımçıq qalırıq. Sözdən doymaq olarmı? Bəlkə də heç kim bilmir ki, Fəxrəddin Teyyub daim düşünür, axtarışdadı. Özü deməsə də bilirəm. Günün bütün saatlarında şeir havasındadı. Yazır, pozur, bir də yazır. Ta ki ürəyi soyuyanacan. Axırda da nə özündən razı qalır, nə sözündən. Hər gün nəsə tapır. Sevinir uşaq kimi. Sonra yazır. Bir də, bir də…Onunçun ağac, yarpaq, xəzəl, külək, yağış, torpaq-hamısı şeirdi. Bəlkə də ən yaxın dostları da onlardı. Şair gözlə görünən, toxunduğu hər şeyi dilləndirə bilir. Daşı da, qayanı da, dənizi də, buludu da…..Etdiyi yaxşılığı unudur. Ona edilən yaxşılığısa heç vaxt unutmaz. Rahatlığı yoxdu. Həmişə narahatdı. Ata narahatlığı, övlad, yar, dost, qardaş, yoldaş narahatlığı var həmişə. Nəsə gəzir. Bəzən heç özü də nə istədiyini bilmir. Bu yaşında da anasını axtarır Fəxrəddin Teyyub. Uşaqlaşmaq, saflaşmaq, ovunmaq, yaşamaq üçün. Bir də görürsən bu həsrətin içində gözəl bir şeir dünyaya gəldi. Özü də şairin ürəyinə , sevgisinə , göz yaşına bələnmiş şeir..Gəl bu şeiri sevmə indi… Darıxanda, özünə çəkiləndə təptəzə , işıqlı, tərtəmiz bir şeirlə dönür geri şair. Çox az hallarda ürəkdən gülür. Boğazdan yuxarı gülüşünü tanıyıram axı. Üzünə vurmuram… Utancaqdı… Bağlı boxçadı ürəyi. Qıfılı özündədi. Özü küsər, özü də barışar…Kini yoxdu. Heç düşməninə də. Görəsən Fəxdəddin Teyyubun düşməni var? Maraqlıdı. İnanmıram. Amma onu sözünə, özünə rəqib bilənlər həddindən artıq çoxdu. Qoy olsun. Bu da bir uğurdu. Dünyaya gəlişi ərəfəsində nəsə hədiyyə etmək istədim şairə. Bildim ki, o məndən ancaq söz istəyir bu günündə . Onunçun sözdən dəyərli heç nə yoxdu. Axı sözə əbədi vurğundu. Ürəyimdən keçənləri yazdım. Yazmadım əslində. Bu yazı da belə doğuldu. Bəs görəsən onun ürəyindən keçənlərdən xəbər verə bildimmi? Bilmirəm…Kaş..Bəlkə də….
Universitetə ilk qədəm basdığım gün heç yadımdan çıxmaz. Rayondan gəlmişdim. Adi kənd məktəbini bitirən arıq qız idim. Həm də utancaq. Utancaqlığım əynimdən, başımdan , üzümdən , gözümdən tökülürdü. Elə bilirdim ki, yollar, binalar, adamlar, səkilər, göyərçinlər, maşınlar- hamısı mənə baxır. Saçlarımı yığıb gizlətmişdim sancağın altında. Çantam böyrümə qısılmışdı, özüm də atama. Balaca kəndimizdən sonra Bakı mənə o qədər böyük və ucsuz- bucaqsız görünürdü ki, hər an itəcəyimdən, azacağımdan ehtiyyat edirdim. Yolları , döngələri gözümə yığırdım ki, dönəndə çaşmayım. Ürəyim nigaran, baxışlarım ürkək, addımlarım qorxaq idi. Qarşıdakı beş il gözümə dağ durmuşdu. Kim yaşayacaqdı bu qoca zamanı? Hər şeyi buraxıb qaçmaq istəyirdim kəndimizəcən. Həm də bu mənim ilk böyük ayrılğım idi.Anamdan, elimdən, obamdan, sinif yoldaşlarımdan , rəfiqələrimdən , hətta ömründə bircə kərə belə kəlmə kəsmədiyim adamlardan ötrü də burnumun ucu göynəyirdi. Qoxusu burnumdaydı ağacların, yolların, çiçəklərin, kolların. Bir himə bənddim. . Tək bir söz, bir işarə lazım idi ki, ürəyimin həsrətini boşaldım bu nabələd şəhərin qucağına. Birinci universitetin həyəti qarşıladı bizi, sonra qapısı, sonra pillələri, sonra dəhlizi, sonra auditoriyası. Tamam yad mühit, yad adamlar, yad divarlar, yad güzgülər. Sıxıldım. Yenə qaçmaq istədim. Uşaqlığım yadıma düşdü. Qucaqlamaq istədim yaddaşımı. Xəyalımdakı özümə sarılmaq istədim. Yazıqlaşdım. Burdakı tənhalığımdan tutub boş skamyaların birində oturdum. Sonra bir oğlan mənə yaxınlaşdı. Ömründə üzünü görmədiyim, səsini duymadığım bu gənc məndən yanımda oturmaqçun icazə istəyirdi.Duruxdum. Başımla razılıq verdim. Sonra auditoriyadakı uşaqlar bir- bir yanıma gəldi. Salamlaşdıq. Min ilin yaxını kimi. Qaynayıb qarışdıq. Unutdum tənhalığımı. Yiyəsiz deyildim bu şəhərdə artıq. Bu uşaqlara güvənə bilərdim. Güvəndim də. Baxdım ki, daha ağlamağım da gəlmir. Sonra bu şəhər də, universitet də elə şirinləşdi ki mənimçün.. . Daha bu şəhərdən, bu adamlardan, bu küçələrdən, döngələrdən, bu göyərçinlərdən, bu dənizdən qorxmurdum. İsinişdim yavaş-yavaş kirayə evimə də, divarlarına da , pəncərəsinə, qapısına da. . Şəhər hopdu üstümə, saçlarıma, baxışlarıma, ovuclarıma. Xəzərlə yudum həsrətimi . Metronun havasına alışdım. Stansiyaları yığdım baxışlarıma. Əzbərlədim addım-addım şəhəri. . Elə şəhər də öyrəşdi mənə deyəsən. Səsimə, saçlarıma, gözlərimə. Addımlarımı saydı yollar. Yorğunluğumu daşıdı avtobuslar, tramvaylar. Sığındım Bakıya, jurnalistikanın işıqlı auditoroyalarına. Burda qəribliyimizi , tənhalığımızı , kimsəsizliyimizi ovutduq bir -birimizin. Arxalanmağı, ayaq üstə durmağı, mübarizəni, udmağı, uduzmağı öyrətdilər bizə. Elə sevib sevilməyi də. Kənddən şəhərə yol ölçdü ayrılıqlar. Dörd təkərin üstündə daşıdım arzularımı. Gah küsdüm, gah barışdım özümlə. Sözün əlindən tutub yeridim sabaha sarı. Arzularım da, ümidlərim də mənlə yeridi. Göz açıb yumunca bitdi tələbəliyim. Kitab-kitab xatirələr qaldı yaddaşımda. Bir də rəngli-rəngli xəyallar. Təkcə universitet yox, elə bu şəhər, bu binalar, bu yollar da mənə o ki, var dərs keçdi. İtirə-itirə qazandım, qazana-qazana itirdim. Amma dayanmadım. Hərə öz bəxtindən baxdı dünyanın sevincinə, kədərinə. Ata , ana oldu dünənin uşaqları. Sonra zamana allandıq. Unutqanlığı öyrətdi həyat bizə. Hərə bir tərəfdə vaxtı ölçdü. Bu günə, sabaha atdıq istəklərimizi. Bir də baxıb gördük ki, bahar çoxdan gedib. Əlimizdə, ovcumuzda olanlara şükr etdik yenə . Elə payıza da. Bu şəhər də bizimlə birgə xəzəlləşdi. Binalar yekəldi, sevgilər kiçildi. Arzular doğuldu, arzular tükəndi.Hər dəfə də ümidə sığındıq… Yaxşı ki, sabahlar var…
Təxminən üç il bundan qabaq “Azərbaycan” jurnalına bir neçə şeir göndərdim . Xeyli vaxt gözlədim , amma şeirlərdən səs-soraq çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi , uğur dilədi və söz verdi ki, tezliklə dərc olunacaq. Sakitləşib oturdum. Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da söz verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin , gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də) . Orda da odlu alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi? Elə “Azərbaycan” jurnalında dərc olunmuş kimi vardım. Tədbirdə kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi böyük dəyəriydi sözə, poeziyaya. Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi,dərc olunmadım. Sonra bir də, bir də .. Bu dəfəki telefon danışığımız əvvəlkilərə bənzəmədi. . Araya küskünlük düşdü. Çəkilib oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən. Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. . Nəyi var dilindədi. Ürəyi başqadı. . Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm , tanıyıram onu. Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra…Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə ,elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü. Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim . Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi . Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi . Səs atdı . Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim . Səsindən. Artıq “Azərbaycan” jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq. Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. . Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi -təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi . Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman da olmadım dəvət etdiyimçün. Danışdı. Bir qədər sakit, yuxulu, yorğun. Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar onun ağzından bu dəfə . İkimizin ortaq dostlarımız. Daha heç yadına da salmırdım onun.Özü gəlmişdi . Bəs idi. Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm Nəcəfzadə sevinirdi mənim əvəzimə. Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim . Bu gün onun dünyaya gəldiyi gündü. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür. Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var.Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun . Köhnə yaş tarixdə qaldı. Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.
Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də. .Yaxası orden , medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram. Özü də mərhum H.Əliyevin kadrı idi. 70 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Bu ötkəm, sözünün ağası, dilinə görə dilçəyi olan qadına bir ayrı hörmət edirdi ölkə başçısı. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, onu yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgəyə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.
Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi – bütövlükdə mükəmməl idi. Bütün bunları bir ayada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik , eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.
Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da . Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də . Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.
Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa , bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım , bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.