Altınbek İSMAİL 1982-ci ildə Oş bölgəsinin Köldük kəndində doğulub. 2005-ci ildə MANAS Universitetinin Türkologiya fakultəsini bitirib. Türk ədəbiyyatı və şeiri, özəlliklə təsəvvüf şairləri və şeirləri üzrə mütəxəssis olan şair, Yunus Əmrənin, Mövlananın, Bəxtiyar Vahabzadənin əsərlərindən örnəkləri qırğızcaya çevirərək, yayımlayıb. 2005-ci ildə DGTYB-nin təmsilçisi seçilib. 2006-cı ildə isə Qırğız Respublikası Milli Yazıçılar Birliyinə üzv qəbul edilib. Hazırda MANAS Universitetində çalışır. Şairin “Daş güzgü” şeirlər kitabı 2008-ci ildə ilk dəfə, 2009-cu ildə isə təkrar nəşr edilib.
Şeirləri qırğız dilindən Azərbaycan dilinə çevirən İBRAHİM İLYASLIdır.
İÇİMDƏKİ ADAM
Nədənsə qorxulu tər basır məni, Qorxular yığılıb, tərs asır məni; Boşluq zəmisinə yıxılır zaman, – Mən şeir yazıram… şeir yazır məni.
Arzular puç oldu, sındı qanadım, Gün döydü, odunda kəmiyim yandı; Boylanıb göyüzlü aynalara mən, Bir xeyli özümün seyrinə daldım…
Köksümü qovurdu qəlbin atəşi, yandı budaqlarım, yaşıl yarpağım; Qəlbimin oduna su səpsin barı, – bir soyuq daş tapıb, hey qucaqladım…
Sümürüb cismimin alovlarını, bir qüvvə o daşa çəkib ötürdü. Od tutan canımı heç bilmirəm kim, bir uçrum başına dartıb gətirdi…
Dinləyib rüzgarın xoş avazını, Mən şeirə sarıldım, tək-tənha qaldım. Əslimi bulmadım Yer üzündə mən, Dolandım dünyanı, xəyala daldım.
Gecəm gündüz oldu, gündüzüm gecə, Günəş hardan çıxdı, hayanda batdı?.. İlk dəfə özümü gördüm, onda da, Gördüm ki, bir kölgə ardınca çatdı…
Ciyərim od tutdu… su içirmədi, İçimdəki yanğı heç kiçilmədi; Gördüm, nə divanlar tuturmuş mənə İçimdəki adam – öz içimdəki..!
Qabaran dəniztək hey dalğalandım, Duydum: güzgüdəki adam nə çəkir… Bilənlər bilir ki, mən ömrüm boyu, Özümdən qorxmuşam, öz içimdəki…
EŞQ ELANI
Köhnə yatağından çağlayıb-daşan Bir düşüncə məni özümdən aldı. Sözləri qış kimi bir şeir yazdım, O bir gənc qızaydı… – xatirə qalsın.
Gözləri önündə kinolent kimi Canlandı olaylar oxuyanların… Qısqanclıq duyunca, qaldı yarısı, Gəldim evdəkinə oxuyum barı…
Xanımım hirslənib çıxdı özündən, – Savaşdıq, danışdıq dan ağarınca… “Kimə vurulmusan?” sorğu-sualı Uzandı, uzandı, ta usanınca…
Doğrusu, nə deyim, aldadıb onu, Gerçəyi desəm də, o inanmamış. Axır ki, yorulub cəngi-cidaldan, Yatdı axşamadək Allah saxlamış.
Anlam verməyib də, sözün məğzinə, Düşünüb, burda yad ünvan tapacaq. Subay vaxtımızı xatırlayıb da, Mən ona yazmışıdım bu şeiri ancaq…
QIRĞIZISTAN
Kim dünyadan dövlət umar, çox-azdan, Kim baxt umar göydə Aydan, ulduzdan. Özgələri bilməm, ancaq mənimçün, Qırğızıstan dövlət-vardı, ad-sandı!
Əsil dünya nə minnətdə, nə haqda… İnsanlar var – saf əməldən uzaqda; Özgələri bilməm, ancaq mənimçün, Qırğızıstan namus, həm də vicdandı!
Özü üçün şöhrət gəzən, taxt quran, Şahlar gördük, yıxıldı da o taxtdan; Özgələri bilməm, ancaq mənimçün, Qırğızıstan uca durur səmadan!
Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…
Məmləkətimizin hər köşəsi gözəldir, əlbəttə! Aranın aran yeri, dağın dağ yeri, dənizin dəniz yeri – Hər obamızın bir özəlliyi var. İndiyəcən ölkəmizin hər yerini gəzib dolaşmışdım, bircə Gədəbəydən başqa. Zarafatla gədəbəyli dostlara deyirdim ki, mən az qala bütün Turan coğrafiyasını gəzib dolaşmışam, ancaq hələ “Gədəbəy Demokratik Cümhuriyyəti”ndə olmamışam. İnsafən, dostlar da hər dəfə gəl gedək deyirdilər. Ancaq vaxtım heç cür təkliflərlə dəng gəlmirdi. Nəhayət, yaxın günlərdə bu arzum da gerçəkləşdi. Şair dostum Süleyman Abdullanın dəvəti və təkifi ilə onun dəmir atının tərkində Qazağın İncə Dərəsinə baş çəkib, Ağstafanın Köçəsgərindən şair Saqif Qaratorpağı da ikinci tərkimizə götürdük, Tovuzun Xınna Dərəsi boyu gözəllikləri seyr edə-edə gözəlim Gədəbəyə varid olduq. Orda bizi həmin gün özünü Sumqayıtdan Gədəbəyə çatdırmış şair dostumuz Polad İbrahimoğlu gözləyirdi. İstəyimi nəzərə alıb məni birbaş Başkəndə apardılar. Bəlli söhbətlərdən və yaylaq seyrindən sonra, bərəkətli Gədəbəy süfrəsi arxasında əyləşdik. Aşıqlar meydan sulayıb, könlümüzü ovsunladılar. Aşıb-daşan dağ çayı, göylərin ərməğanı olan yağış, dolu səfərimizə bir ayrı rəng qatdı. Amma təəssüf ki, ARABAÇIya qalxa bilmədik. Dedilər ki, o kəndə ancaq qışda – bərk şaxta, AYAZ olanda, yollar buz bağlayanda, ZƏKAlı bir adamla qalxmaq olar. Belə çiçəkli bir zamanda oralar çən-dumana bürünür, yamaclarda PƏRVANƏlər Bayram eləyir. Düşündüm ki, neynək bir “ağrın alem”lə “Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub yolla düzəllik!” düz oraa… Gecəni sirli-sehirli Çobankənddə Polad əfəndinin ata ocağında gecələdik. Səhəri Gədəbəyin rayon mərkəzinə baş çəkib, Yasamal dağının dolayları ilə Şəmkirə endik. Əziz şair dostumuz Çiçək Mahmudqızının yubileyində iştirak etmək üçün özümüzü Gəncədən Hacıkəndə yetirdik. Çiçək xanımın “Könül körpüsü”ndən adlayıb Dəlidağ istirahət mərkəzində gözəl bir törənə, sazlı-sözlü bir etkinliyə qatıldıq. Yay günləri üçün qənimət bir səfər oldu, əlbəttə!
Bu səfərin baş tutmasında əməyi keçən hər kəsə sonsuz minnətdarlıq duyğuları ilə; İBRAHİM İLYASLI P.S. Səfərlə bağlı ayrıca təəssürat yazısı isə qalsın gələn dəfəyə.
Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şair Təvəkkül GORUSLUnun “Damcı izi…” adlı yeni kitabı işıq üzü görüb. Sözə dəyər verən Şakir Həsənovun maliyyə dəstəyilə “Adiloğlu” nəşriyyatında ərsəyə gəlmiş kitabın naşiri Zaur Qafarzadə, redaktoru isə Zaur Ustacdır.
Kitaba ön sözü Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru görkəmli şair İBRAHİM İLYASLI yazıb.
Dəyərli şeirsevər oxucularımız kitabı Bakı şəhərində 28 may metrosunun yaxınlığında yerləşən KİTABEVİM.AZ kitab evindən əldə edə bilərlər.
YAZARLAR olaraq, TƏVƏKKÜL müəllimi KİTAB və MÜƏLLİF günündə belə gözəl nailiyyət münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!! Uğurlarınız bol olsun, TƏVƏKKÜL müəllim!
Tanrı dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsüzmü? Bu gün də sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan , sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı .Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün . Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki,mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? İbrahim İlyaslının imzasını çoxdan tanısam da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki , onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə, ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz , könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca . Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. Tərifi sevməz. Bir məsum , körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü harda danışmaq lazım olduğunu gözəl bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri özündən böyükdü. Elə sevgisu də. İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu
Mən sevə bilirəm ancaq, Sevilmək? – o mənlik deyil
-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi .Heç kimdən heç nə ummaz, bircə sözündən savayı. Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından tanıyarsan onu. Həm də çox həssasdı.Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini( Tanrı dərd verməsin) , ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı. Oxucunu ram edən qələmi var. Bir də bilirəm ki, onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra kövrələcək. Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan söz həm də. Özü də şairin ürəyi boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı. Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər , şair. Bir daha günün mübarək . Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.
Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.