
İSTANBULDAN DÖNƏRKƏN YAZDIĞIM ŞEİR.
Cığır-cığır, çəpər -çəpər,
Dəniz -dəniz, liman-liman,
Ölkə -ölkə, şəhər -şəhər,
Qaya-qaya , orman-orman
Ürəyimdə kök atmısan,
Dodağımın sözü Vətən,
Həsrətimin özü , Vətən!
Tarixlərin yaddaşında
Ərən kimi qalan yurdum,
Talan yurdum.
Dərdlərində yanıb, yanıb
Külündə bir də doğulan
Qalam yurdum,
Azərbaycan,
Salam yurdum!!
Kimlərə pay verməmisən
Axı halal çörəyindən?
Üzünə kim ağ olmayıb,
Kimlər çəkib ətəyindən?
Kimlər verib ürəyini,
Kimlər vurub ürəyindən?
Kimlər keçib ələyindən?
Şərəfiylə , qeyrətiylə,
Sevgisiylə , şəfqətiylə
Dünyaya səs salan yurdum,
Azərbaycan,
Salam , yurdum!
Hara getsəm çəkir məni
Bu torpaq, bu su, bu hava,
Bu duman, bu külək, bu çən,
Bu yuva, bu el , bu oba,
Anam Vətən, babam Vətən,
İstəyirəm yağış olub
Damcı -damcı torpağına hopam , Vətən!
Minib arzu köhlənimə
Səni dağ-dağ, çəmən -çəmən
O baş , bu baş çapam , Vətən.
Sərhəd -sərhəd tikələnib
Şəhid-şəhid bütövlənən ,
Şeir -şeir hecalanan,
Varaq-varaq çiçəklənən,
Dilimizdə ən müqəddəs
Kəlam, yurdum,
Azərbaycan,
Salam, yurdum!
Müəllif: Təranə DƏMİR
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru