Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Təxminən üç il bundan qabaq “Azərbaycan” jurnalına bir neçə şeir göndərdim . Xeyli vaxt gözlədim , amma şeirlərdən səs-soraq çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi , uğur dilədi və söz verdi ki, tezliklə dərc olunacaq. Sakitləşib oturdum. Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da söz verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin , gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də) . Orda da odlu alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi? Elə “Azərbaycan” jurnalında dərc olunmuş kimi vardım. Tədbirdə kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi böyük dəyəriydi sözə, poeziyaya.
Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi,dərc olunmadım. Sonra bir də, bir də ..
Bu dəfəki telefon danışığımız əvvəlkilərə bənzəmədi. . Araya küskünlük düşdü. Çəkilib oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən. Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. . Nəyi var dilindədi. Ürəyi başqadı. . Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm , tanıyıram onu.
Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra…Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə ,elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü.
Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim . Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi . Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi . Səs atdı . Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim . Səsindən.
Artıq “Azərbaycan” jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq.
Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. . Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi -təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi . Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman da olmadım dəvət etdiyimçün. Danışdı.
Bir qədər sakit, yuxulu, yorğun. Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar onun ağzından bu dəfə . İkimizin ortaq dostlarımız. Daha heç yadına da salmırdım onun.Özü gəlmişdi . Bəs idi.
Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm Nəcəfzadə sevinirdi mənim əvəzimə. Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim .
Bu gün onun dünyaya gəldiyi gündü. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür. Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var.Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun . Köhnə yaş tarixdə qaldı. Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir