Görəm ki, kəndimiz Ağbulaqdayam

GÖRƏCƏM

Yuxudan oyanam bir yaz səhəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.
Unudam kədəri, udam qəhəri
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, dərəyə sel suyu dolmuş,
Görəm ki, güneylər yamyaşıl olmuş,
Görəm ki, dağ döşün lalələr almış,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Günəş Dəfyalından görəm boylanır,
Sürülər örüşə görəm haylanır,
Odunu taylanır, otu laylanır,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, biçinə durub babalar,
Görəm ki, işdədi dımrıx, yabalar,
Görəm ki, qış üçün artıb çabalar,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, yayılıb quzu quzeyə,
Otların içində dönüb bəzəyə.
Bulaq da nəğməsin oxur kuzəyə,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, kol altdan baxır bənövşə,
Qoxusu könülə gətirir nəşə.
Görəm ki, Xustuba uzanır meşə,
Görəm ki, kəndimiz Ağbulaqdayam.


Yuxudan oyanıb bir yay səhəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.
Nə ola yuxuda edib səfəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, məktəbə getdiyim ilmiş,
Görəm ki, uşaqlar tətilə gəlmiş,
Görəm ki, kəndimiz bir ağır elmış,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, hər küçə, döngə qaynayır,
Görəm ki, hər çəpər yola boylayır,
Görəm ki, uşaqlar futbol oynayır,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki sel keçən dərə durulmuş,
Yağışlar kəsincə hana qurulmuş,
Görəm ki, Otayda taya vurulmuş,
Görəm ki, kəndimiz Ağbulaqdayam.


Yuxudan oyanıb payız səhəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.
Nə ola yuxuda minəm kəhəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, çən-duman alıb dağları,
Bar, bəhər gətirib alma bağları.
Görəm ki, saralıb ləkdə tağları,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, tarlalar taxılla zəngin,
Görəm ki, meşələr dəyişir rəngin,
Ağaclar payızla eyləyir cəngin,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, durnalar cənuba köçür,
Görəm ki, ot- ələf qırovu seçir,
Görəm ki, payızdan qışa yol keçir,
Görəm ki, kəndimiz Ağbulaqdayam.


Yuxudan oyanıb bir qış səhəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.
Duyam ki, ordumuz çalıb zəfəri,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, ağarıb torpağın üstü,
Görəm ki, damlardan uzanır tüstü,
Görəm ki, hər tərəf ayazdı, sisdi,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, qar yağır kəndə quşbaşı,
Görəm ki, bələyir torpağı, daşı,
Görəm ki, görünmür Kəpəsin qaşı,
Görəm ki, kəndimiz Ağbulaqdayam.

Görəm ki, buz tutub yolu, dərəni.
Görəm ki, əliklər keçib bərəni,
Gözlərim axtarır yanı- yörəni,
Görəm ki, kəndimiz Ağbulaqdayam.


Gözlə, gələcəyik yurd yerim Vətən,
Səni yurdu bilməz hər yandan ötən.
Övladın olacaq ününə yetən…
Görəcəm Gorusda, Ağbulaqdayam.

04. 05. 2026

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir