
ŞEİR YAZIRAM
Özüm öz dərdimi olmadım soran,
Dostdan nigaranam, yardan nigaran.
Şeirim olursa dərdlərə dərman,
Oturub sakitcə şeir yazıram.
Düşüncəm perikib yuvaya dönmür,
Özünə qapanıb, lal olub, dinmir,
Beyinlə çarpışır, ürəyə enmir,
Oturub sakitcə şeir yazıram.
Rəqibim çoxdursa, sevənim də çox,
Özümə, sözümə güvənim də çox,
Əhvalım urfani, qiyafətim tox,
Oturub sakitcə şeir yazıram.
Fikirdi, kədərdi ürəyi deşən,
Odunda, közündə bişdikcə- bişən,
Qələmdi, kağızdı mənə də düşən,
Oturub sakitcə şeir yazıram.
Şair peyğəmbərsə, şeir ayətsə,
Tanrıya sitayiş Ona biətsə,
Dilək duadlrsa, arzu niyətsə,
Oturub sakitcə şeir yazıram.
10.06.2022
Müəllif: Təvəkkül GORUSLU
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında