Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 35 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu.
Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.
O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.
Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.
QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU
1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.
1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.
Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:
Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin. Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun. SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın. SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin. Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.
SƏKİNƏ ƏLİYEVANIN SONRAKI TALEYİ
Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.
Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.
Mən: Namazlı Amin Ramin oğlu 17 sentyabr 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər Humanitar və Təbiət-Riyaziyyat təmayüllü İstedad liseyindən məzun oluduqdan sonra təhsilimi Türkiyə Respublikasının Isparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetidə tarix və arxeologiya ixtisasları üzrə paralel şəkildə davam etdirirəm. Eyni zamanda Anadolu Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə qiyabi təhsilinə davam edirəm. 2019-cu ildən nəsr və publisistik yazılarım ədəbi mətbuatda işıq üzü görür. Hekayə və elmi-kütləvi yazılarım “Ulduz”, “Xəzan” və.b jurnalarda, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “168 saat” və.b qəzetlərdə çap olunub, əsərlərim haqqında ədəbi təhlillər yazılıb. Bir sıra elmi sempozyumlarda və konfranslarda məruzəçi olaraq iştirak etmişəm. Azərbaycan folkloru və musiqi tarixi ilə bağlı tədqiqatlarla məşğul oluram. 2022 ilindən bəri Türkiyənin Isparta vilayətində xristiyanlıq tarixinin ilk möizəsinin oxunduğu, hac mərkəzlərindən biri olan Pisidia Antiokheia antik şəhərindəki arxeoloji qazıntılarda heyət üzvü olaraq çalışıram. Bir müddət “Yazı” ədəbiyyat jurnalında redaktor olaraq fəaliyyət göstərmişəm. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar birliyinin üzvüyəm.
İlk dəfə mətbuatda dərc olunmuş məqaləniz hansıdır?
İlk çap olunuş yazım şair-kitabçı Xan Rəsuloğlunun xeyir-duası ilə 2019-cu ildə “Sözün Sehri” qəzetində “Azərbaycan Gəncliyi” adlı kiçik bir məqalə olub.
Yazılarınızla bağlı tənqid və iradlar olubmu?
Məni ədəbi aləmə şair, kitabçı Xan Rəsuloğlu təqdim edib. Xalq Yazıçısı Mövlud Süleymanlı, Əməkdar İncəsənət Xadimi Əfqan Əsgərov, yazıçı Kənan Hacı, görkəmli alim Gülhüseyn Kazımlı, yazıçı Əlabbas, şair Gülnarə Cəmaləddin və onlarla insan xeyir-dua verib. Bakı Qızlar Universitetinin prorektoru, ədəbiyyatşünas Aygün Cəfərovanın ədəbi yazılarım haqqında “Amin`lə başlanan duamın yazısı” adlı məqaləsi var.
Türkiyədə ali təhsil almağınıza ailə üzvlərinizin münasibəti necə oldu?
Mən 6-7 yaşımdan bəri Xan Rəsuloğlunun Sumqayıt şəhərindəki kitab dükkanına gedib gəlirdim, o vaxtlardan özü mənimlə məşğul olub yüzlərlə kitab oxudurdu. Sonra bir müddət orda onlara kömək də elədim, beləliklə yazıçı və alimlərlə tanış oldum. Əvvəlcə ədəbiyyatşünas olmaq istəyirdim, yeniyetmə vaxtımdan bir çox alim və qələm adamı ilə uzun-uzun söhbətlər etmək fürsətim olmuşdu. Daha sonra təsəvvürlərim dəyişdi, xarici ölkədə təhsil almaq fikrinə qapıldım. Ondan sonra ölkədən qıraqda həm tək yaşamağı, həm də daha fərqli sahədə təhsil almağı seçdim, ailəm də çox dəstəklədi. Türkiyədə onlarla universitetdən qəbul aldım, amma kiçik şəhər olan Ispartanı seçdim, səs-küylü böyük şəhərlər xarakterimə uyğun deyil. Gəldiyim gündən də ailəm həm maddi, həm də mənəvi dəstək oldu. Türkiyəyə ayaq basanda 16 yaşım var idi, indi baxıram ki, həm mənim üçün, həm də ailəm üçün böyük cəsarətmiş.
Həm ədəbi həm də elm sahəsində paralel olaraq fəaliyyət göstərmək çətin deyilmi?
Əslində mən Türkiyəyə gələndə ən çox ədəbi mühittən qopmaq məni yaralamışdı, biraz depressiyaya da düşdüm, əlim hər şeydən soyudu. Daha sonra tarix fakültəsində ilk dərsdə müəllimim Dos.Dr. Muzaffer Duranın mənə verdiyi bir sual ədəbi boşluğumu doldurdu. İlk dərsdə Azərbaycanlı olduğumu biləndə məndən Azərbaycan adının mənasını soruşmuşdu. Mən də bildiyimi demişdim, amma nəyəsə içim soyumamışdı. 1 həftə vaxt istəyib Azərbaycan adının mənşəyinə dair bir araşdırma məqaləsi qaralayıb aparmışdım. Bu andan sonra o özü mənimlə məşğul oldu, metodologiyanı öyrətdi, sistemli çalışmağın mahiyətini başa saldı və bundan sonra hər ay başqa bir mövzuda ona yazılar apardım, beləcə daha fərqli istiqamətdə özümü tapdım. Əslində ailəmin mənsubu olduğu Qərbi Azərbaycanın Qaraqoyunlu Mahalı 12 kənddən ibarətdi, 1988 ilə qədər bu 12 kənddə təxmini 10.000 insan yaşayıb, maraqlısı budur ki, burada yüzə yaxın alim yetişib, deməli belə bir potansiyal var imiş bizim qanımızda. Niyəsə mən də özümü tədqiqatlar, ələlxüsus da muğam və folklor sahəsində yenidən kəçf elədim. Çünki çox zəngin musiqi və folklor mühitində böyümüşdüm. Daha sonra anladım ki, tarix də tam mənasıyla mənim istədiklərimi mənə vermir, ona görə də elə təhsil aldığım Süleyman Dəmirəl Universitetində arxeologiya ixtisasına da paralel təhsil üçün sənəd verdim və özümü bambaşqa bir ümmanın içində tapdım. Elə ilk qəbul olduğum həftə Prof.Dr. Mehmet Özhanlı məni kəşf edib öz ekspedisiyasına dəvət etti. 2022-ci ildən Xristiyan tarixinin ilk möizəsinin oxunduğu, İncildə uzun-uzun bəhsi keçən, xristiyanların hac mərkəzlərindən biri olan Pisidia Antiokheia antik şəhərindəki arxeoloji qazıntılarda iştirak etmə fürsətim oldu. Əslində burda böyük heyətlə çalışmağın da maraqlı tərəfləri var. Biz 12 ay 24 saat bir yerdə vaxt keçiririk, həm iş, həm ev həyatımız burdan və bir-birimizdən ibarətdir. Bura gəldiyim gündən bəri ədəbi mühitin yoxluğunu doldura biləcəyim yer oldu mənim üçün. Bizim heyətdə hamı İsa İsmayılzadənin “Güllələr demədi”, Əlisəmid Kürün “Kentavr”, Vaqif Bayatlının “Yupyumru bir eşq ilə” Ramiz Rövşənin “Ay işığı”, Şaiq Vəlinin “meyxanəçi” şeirlərini əzbər bilir, hər axşam saatlarla onlarla azərbaycan muğamları dinləyib, şeirlər oxuyuruq. Haşiyədən çıxıb demək istəyirəm ki, Kentavr mifi hər nə qədər Yunan əsatirinə aid olsa da minillər boyunca Kentavr haqqında deyilmiş, yazılmış ən möhtəşəm əsər elə Əlisəmid Kürün şeiridi. Vaqif Bayatlının şeiri də elə arxeoloji materialdı. Mənim o şeirlə bağlı bir yazım da var. Azərbaycan ədəbiyyatında çox ciddi arxeoloji struktur var. Bu iki sahə heç də bir-birindən uzaq deyil. Bu nümunələrin sayını artırmaq olar. Beləcə həm ədəbi, həm də arxeoloji mühitin içində yaşayıram.
Arxeologiya sahəsində hansı tədqiqatlar aparmısınız və nə kimi yeniliklər kəşf etmək mümkün olub?
Əslində mən özümü arxeologiya sahəsinə də aid hiss etmirəm, mənim üçün hər şey, bütün öyrəndiklərim öz maraq dairəmə uyğun şəkillənir. Mən metodologiya öyrənməyi daha çox sevirəm. Daha dəqiq desəm fərqli metod və qanunları öz tədqiqatlarımda istifadə etmək üçün öyrənirəm. Bizim arxeoloji qazıntılara antropoloqlar, geoloqlar, fiziklər gəlir, onların hərəsindən bir şey öyrənirəm. Məsələn muğam tarixində bürclərin əhəmiyyətli yeri var, fiziklərdən astronomiya ilə bağlı mənə maraqlı olan şeyləri öyrənirəm, antropoloqlardan folkloru daha yaxşı başa düşmək üçün mədəniyyət antopologiyası sahəsini öyrənirəm. Mənim üçün hər şey öz elmi maraqlarıma köklənir, ona uyğun hal alır. Heç kimin görmədiyi nüansları görmək üçün fərqli rakursdan baxmağı öyrənirəm, ümidvaram ki, maraqlı nəticələri də olacaq..
Milli folklorumuz və musiqi tariximizdən hansı araşdırmalarınız var?
Əslində mən ciddi bir konsepsiya tədbiq etmək üçün çalışıram. Məşhur türk alimi Harvard Universitetinin təqaüdçü alimi Prof.Dr. Gönül Tekinin ədəbi və mifik mətnlərə öz yanaşması var, mən o yanaşmanı öz sahəmə tədbiq etməyə çalışıram. Yeri gəlmişkən Gönül xanımla görüşüb xeyir-duasını da almışam, 90 yaşında olmasına baxmayaraq nə sualım olsa zəng edib cavab tapıram, Türkiyənin avantajlarından biri də budur. Bir çox elm adamı ilə məktublaşıram, çox şey öyrənirəm. Tədqiqatlarıma gəldikdə isə ilk növbədə muğam və mifologiya əlaqəsi üzərində çalışıram.
100 səhifəyə yaxın yazmışam, rəhmətlik ustadım, böyük muğam tədqiqatçısı Dr.Gülhüseyn Kazımlının rəhbərliyində yazırdım bu kitabı, o vəfat edəndən bəri əlim soyumuşdu, amma bu yaxınlarda yenidən davam etməyə başlamışam. Bu muğam tarixinə tamamilə yeni bir konsepsiya ilə baxışdı. Məncə maraqla qarşılanacaq, bir xeyli suala da cavab olacaq. Bundan başqa nağılların, oyunların, arxetipləri də məşğul oluram, bu sahədə də bir xeyli çap olunuş-olunmamış yazım var, yaxın gələcəkdə kitablaşdırmağı düşünürəm.
Bunlardan başqa filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı rəhbərliyində tədiqatçı alim Dr. Turan İbrahimov, Dr. Dilqəm Əhməd və tədqiqat qrupu ilə birlikdə Azərbaycan və Türkiyədə böyük Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzalıyev Şuşalının həyatı ilə bağlı araşdırmalar aparıb, nəticələrini Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Salam, Məşədi” və “Son nöqtədən sonra” kitablarında yazmışıq. Hər iki kitabın redaktoru mənəm.Bu kitabların Azərbaycan, Türkiyə və Gürcüstanda tanıdılması üçün ciddi tədbirlər də keçirmişik. Beynəlxalq Muğam Mərkəzinin təşkil ettiyi “Dəyirmi Masa” layihələrində də muğamla bağlı elmi toplantılarda araşdırmaçı kimi iştirak etmişəm. Başqa bir neçə elmi-kütləvi kitabın da redaktoru olmuşam.
Ekspedisiya zamanı elə nümunələr olubmu ki bunları əldə edib vətənimizə gətirmək və burada ətraflı nümayiş olunmasına nəzarət etmək istəyirsiniz?
Buradakı arxeoloji qazıntılardakı iş yoldaşlarımı maraqlı nümunə kimi Azərbaycana aparmaq istəyərəm. Çünki onlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xeyli bələddirlər. Mənim üçün ən dəyərli və maraqlı tapıntı onlardır. Qazıntılardan çıxan nümunələr isə muzeyə təhvil verilir, muzeylə əməkdaşlıq edilsə Azərbaycanda sərgi açıla bilər, bunu düşünmək lazımdır.
Bayaq qeyd etdiniz ki, muğam tarixində bürclərin əhəmiyyətli yeri var biraz daha ətraflı məlumat verə bilərsinizmi?
İlk dəfə sistemli musiqi nəzəriyyəsini antik Yunan alimləri tərtib ediblər, amma antik qaynaqların da yazdığına görə onlar bu elmi şərqdən öyrəniblər. Bu sahədə iki yanaşma var, Pifaqorçu və Artistotelçi musiqi nəzəriyyəsi. İslam və şərq alimləri də muğamlara, ümumən musiqiyə dair əsərlərini demək olar ki, bu nəzəriyyələr üstündə qurublar. Pifaqorçu nəzəriyyə musiqinin ilahiliyinə və səmaviliyinə köklənir, onlar belə fikirləşirlər ki, ən kamil musiqi ulduzların və bürclərin hərəkətindən yaranıb. Aritotelçi nəzəiyyə isə daha elmi yanaşmadır. Şərqdə İbn Sina və başqa davamçıları Aristotelçi musiqi nəzəriyyəsini mənimsəyiblər, İxvanı Səfa, Əl-Kindi və başqaları isə Pifaqorçu nəzəriyyəni qəbul ediblər və muğamları bürclərə uyğun mənalandırıb təsnif ediblər, muğamın özünün, şöbə və guşələrinin yaranması ilə bağlı çox maraqlı mifik mətnlər var, bunların üstündə işləyirəm.
Arxeoloji tədqiqatlar zamanı çıxan nümunələrin dəyərli və qiymətli olduğunu nələrə əsaslanıb yəni hansı keyfiyyətlərinə görə fərqləndirmək lazımdır? Hansı elementlər olduqda əşyalar daha dəyərli sayılır?
Arxeologiyada hər zaman dəyərlilik keyfiyyətə görə fərqlənmir, bəzən bir keramika vəya mərmər parçası külçə qızıldan daha dəyərli ola bilər. Unikallık, bizim üçün tarixləndirmədə köməkçi ola biləcək material, qarşılaşılmamış nəsnə, in-situ yəni olduğu yerdə qorunmuş arxeolojik materaillar bəzən daha dəyərli ola bilər. Tapıntının dəyəri arxeoloqlar və arxeologiya üçün heç də qiymətli metal olması ilə əlaqəli deyil.
Türk qazıntılarından kökü qədim dövrlərə aid olan əşyalar tapmısınızmı və onların da bizim mədəniyyətimizlə əlaqəsi olubmu?
Mən birbaşa qazıntı heyətinin içində deyiləm, fərqli iş bölgüləri var. Amma mahiyət etibarilə bizim tədqiq etdiyimiz Pisidia Antiokheia şəhəri e.ə 3 əsrdən Bizansın son dönəminə kimi yaşayış görüb, ona görə bu aralığa aid materiallar tapılır. Bizim mədəniyyətlə birbaşa əlaqəsi təbii ki, yoxdur, amma məsələn xristiyan memarlığı, ikoqrafiyası vəya bənzər litrujik mövzularda bizim üçün də, xüsusən xristiyan tarixi üçün dolaylı əlaqəsi var.
Bu sahadə müəllimləriniz kimlərdir? Gələcəkdə yolunu həvəslə davam etdirmək istədiyiniz arxeoloq varmı?
Mən Prof.Dr. Mehmet Özhanlının elmi rəhbərliyindəki arxeoloji qazıntıda iştirak edirəm. Yol başım odur. Onun dəsti-xəttini mənimsəyirəm. Arxeologiyada fərqli ekollar, yəni yollar var. Mehmet Özhanlı böyük alim Prof.Dr. Fahri Işıkın tələbəsidir, o da Türkiyənin ilk arxeoloqlarından Akademik Ekrem Akurgalın tələbəsidir. Bu bir növ dəstixət silsiləsidir. Türkiyədə Azərbaycan əsilli böyük bir arxeoloq da olub. Türkiyənin ilk qadın arxeoloqlarından Azərbaycan əsilli Darugazadə ailəsindən Prof.Dr. Muhibbe Darga, onun həyatı və əsərləri də mənim üçün stimul mənbəyidir. Birbaşa arxeologiya ilə əlaqəsi olmasa da türk alimlərdən, az əvvəl bəhs etdiyim Prof.Dr. Gönül Tekin və sənətşünas Prof.Dr. Nurhan Atasoyun tədqiqatlarından çox faydalanıram, onlardan müsbət mənada çox təsirlənirəm. Azərbaycanda isə daim məsləhətləşdiyim görkəmli alim Prof.Dr. Firudin Ağasıoğlu Cəlilov var, onun mənim üzərimdə böyük əməyi var, hər mənada ciddi təsirləndiyim müəllimlərimdəndir.
Araşdırmalar zamanı muzeylərə təhvil verdiyiniz tapıntılar olubmu?
Türkiyədəki hər arxeoloji qazıntı bir muzeyin kurasiyasındadı, ordan çıxan tapıntılar iki cür təsnif edilir, sərgilənəcək əsərlər və elmi tədqiqat aparılacaq əsərlər. Sərgilənəcək əsərlər muzeyə təhvil verilir. Elmi tədqiqata cəlb olunacaq əsərlər isə bir müddət arxeoloji ekspedisiyanın deposunda saxlanır, iş bitdikdən sonra onlar da muzeyə təhvil verilir. Bizim qazıntıların tapıntıları birbaşa Yalvaç şəhər arxeologiya muzeyinə təhvil verilir. Hər ekspedisiya və qazıntının bağlı olduğu belə muzeylər var.
Məsələn bizim ölkədə tarix muzeyinə təhvil vermək istədiyiniz eksponatlar varmı?
Əlbəttə azərbaycanlıların görməsini istədiyim çox eksponat var. Amma dediyiniz mənada bunlar mənim edə biləcəyim şeylər deyil, o əsərlər üçün Azərbaycandakı muzeylər Türkiyədəki muzeylərə sərgi təklifi verib bir müddət nümayiş etdirə bilərlər. Bu da çətin məsələdir, o əsərin qorunması, sərgilənməsi, ölkədən çıxarılması böyük məsuliyyətdir. Belə nümunələr var, vaxtaşırı böyük muzeylər başqa ölkələrə əsərlər aparıb tematik kolleksiyalarını nümayiş etdirirlər. Bu muzeyşünasların işidir. Bu barədə çox məlumatım yoxdur.
Öz yaradıcılığınızın təbliği ilə bağlı nələr etmək istəyirsiniz?
Mən kitablarımı çap etmək istəyirəm, hardasa 3-4 kitablıq məqalələrim var, sadəcə bunların üstündə biraz işləməliyəm. Onları həm Azərbaycanda həm də Türkiyədə çap edib yaymaq istəyərəm. Hələlik yaxın gələcək üçün hədəfim budur.
Ədəbi yaradıcılığa olan sevginizin kökündə kimlər dayanır və sizi motivasiya edən əsərlər hansılardır?
Ədəbi yaradıcılığa olan həvəsimin kökündə nənələrim dayanır, nənələrim ciddi folklor daşıyıcılardır. Nəslimizdə yazıçılar olub. Qohumumuz Nəsib Əfəndiyev İrəvan teatrının direktoru və məşhur yazıçı olub. Onun ailəsi mənim üçün həmişə stimul qaynağı olub. Ədəbi mühitdəki dostlarım, Biz klub ədəbi birliyi mənim üçün stimul mənbəyidir.
Yazıçı və şairlərdən Mövlud Süleymanlı, Əfqan Əsgərov, Süleyman Vəliyev, Məmməd Oruc, Vaqif Nəsib, Əzizə Cəfərzadə, Ələviyyə Babayeva, Sabir Əhmədli, Vaqif Bayatlı, Musa Yaqub, İsa İsmayılzadə və Əlisəmid Kürün əsərlərini çox sevirəm, dönə-dönə oxuyuram. Onların dəstixətti mənə daha yaxın görünür. Müasir yazıçılardan Əlabbas, Kənan Hacı, Oqtay Əhmədov, Rasim Qaraca, Rəşid Bərgüşadlı və digər qiymətli yazıçıların əsərlərini çox dəyərli hesab edirəm.
Hər il minlərlə motivasiya edici kitablar nəşr olunur əksəriyyəti də psixoloji baxımdan insanların şüuruna təsir göstərmək üçün yazılır sizcə gələcəkdə bunlardan faydalanmaq mümkün olacaqmı?
İnsanlar bu dövrdə xoşbəxt deyil. Davamlı axtarış halındadırlar. Xoşbəxtliyi özlərindən qıraqda axtarırlar. Ona görə insanlar fərqli metod və təlimlərə baş vururlar. Mənim motivasiya qaynağım təsəvvüfdür. Hərənin öz motivasiya qaynağı var, 21 əsr axtarışlar əsridir. Hər halda mən belə görürəm. Yunus İmrə deyir ki, “Məni sorma mənə, mən mən deyiləm, bir mənliyim vardır məndən içəri”. İnsanlar mənliyini axtarır, biraz da axına qarışmaq məsələsidir. Türklərin yaxşı bir sözü var, nəbzə görə şərbət, hər kəsin motivasiya qaynağı şəxsidir. Hər fərdə fərqli yanaşmaq, ona uyğun müalicə aparmaq lazımdır. Faydalı motivasiya kitabları da var, yaxın gələcəkdə faydalılıq arta bilər. İnsanlara xoşbəxtlik arzu edirəm. Hamısı xoşbəxt ola bilməməmək və dünyada, cəmiyyətdə yerini tapa bilməməkdən irəli gəlir.
Şəki şəhərinin bir müddət Nuxa adlanmasının səbəbi yəqin ki, oxucularımız üçün də maraqlıdır. Yunan coğrafiyaçısı Klaudius Ptolemaeus (100-170) qeyd edirdi ki, Alban şəhərlərindən biri də Niqa adlı yaşayış məntəqəsidir.
Məşhur sovet-tatar tarixçisi və filoloqu, Ukrayna Elmlər Ajademiyasının qurucusu Ağatanğel Yefim Qırımlı (1871-1942) isə yazırdı ki, Niqa toponimi sonradan Nuxaya çevrilmişdir.
Nuxa adlı yaşayış məntəqəsi indiki Şəki şəhərinin yerləşdiyi ərazidə, bugün Yuxarıbaş adlanan yerdə yerləşirdi. Əsl Şəki isə bir qədər cənubda idi.
1772-ci ildə güclü sel Şəkini yerlə yeksan etdi. Bu fəlakətdən sonra şəhər əhalisi qərara aldı ki, Kiş çayının dağıdıcı təsirinə məruz qalmayan yerdə məskunlaşsın. Beləliklə, Şəki camaatı Nuxa kəndinə köçdü. Şəki şəhərinin uzun müddət Nuxa adlanmasının səbəbi məhz budur.
Onu da vurğulayaq ki, qədim Şəki və Nuxada yaşayanlar bir elin, bir tayfanın üzvləri idilər.
P.S. Şəkinin 2.700 yaşı var. Şəhəri əhatə edən dağlar isə 11 milyon il əvvəl yaranmışdır.
Şəki ziyalısı Qalib Əsədovun paylaşımında, “Şəki və onun təbabət tarixi” kitabından.
Aprel ayının 28-də 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.
Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.
Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.
Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məcbur oldular.
Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.
Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.
Bundan ruhlanan bolşevik komandirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.
Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.
Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.
Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıxlar, Güdəkli, Ağaşirinoba, Dəvəçinin Gəndov, Qalagah, Zöhramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşeviklər minlərlə əsgər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.
Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.
Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məmməd əfəndi və Molla Məhəmməd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəyləri – Həsən bəy, İbrahim bəy, Mürsəl bəy, əslən Dağıstanın Miskincə kəndindən olan Ləzgi Məhəmməd, Osman Mayıl oğlu, polkovnik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2
2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12
3. Vikipedia.az
4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144
ERMƏNİLƏRİN AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ “BÖYÜK ERMƏNİSTAN ARZUSU“
(1918-1920-Cİ İLLƏR)
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi – azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Sonrakı mühüm tarixi hadisələr – 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və XI Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa da 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanılmış, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan xalqı bir daha öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır. Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqı üçün heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur. Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. Əslində bütün bu hadisələrin hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar.
I Dünya müharibəsinin başlanması ilə, 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, neftlə zəngin Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.
Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.
I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 6 vilayəti ərazisində “Böyük Ermənistan”ı yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər. Çoxsaylı erməni əhalisi “Daşnaksutyun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirilər.
Bu cəza əməliyyatı “Daşnaksutyun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində Erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək Erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin “dənizdən dənizə” qədər uzanan “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.
Bakı qəzası-Mart 1918-ci il
1918-ci ilin martında Bakıdasiyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Ter-Mikaelyans Erməni Milli Şurası və “Daşnaksutyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış 36 cild 3500 vərəq istentaq materiallarından 6 cild və 740 vərəqi təkcə Bakı və onun ətraf kəndlərində baş verən faciələrlə bağlıdır. Bu sənədlərdən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlman öldürülmüş, xalqın bir çox ziyarətgahları o cümlədən Təzə pir məscidi və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş və şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edilmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.
Quba qəzası-Aprel-May 1918-ci il
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Qubada da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi buraya Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız ermənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Hamazaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini inkar etmirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm” deyirdi. Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Harınlamış ermənilər qocalara, uşaqlara, qadınlara belə aman verməyərək qabaqlarına çıxan bütün müsəlmanları məhv etmişdilər.
Şahid ifadələrinə görə aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin burada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qeyri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə “Dəyirmançı” ləqəbli yerli erməni Harutyun Hayrapetov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.
Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyidlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi əhalini qorxutmaq və vahimə içində saxlamaq. Zorakılıqlar, qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.
Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdir. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur.
Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayan vəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların meyitlərindən əl çəkmirdilər. Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi.
Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən ailələrə dəymiş ziyan ümumi şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdir.
Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600-700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi
1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmış, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmişdir.
Quba qırğınlarının birbaşa təşkilatçıları – Şaumyan, Korqanov, icraçıları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idilər. Bolşevik və daşnak S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi – soyqırımı hadisəsi idi.
Şamaxı qəzası-1918-ci il
Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı soyqırımı ayrıca yer tutur.Şamaxı qəzasında bədnam S. Lalayanın və T. Əmirovun rəhbərlik etdikləri erməni daşnakları azğınlaşaraq müsəlman əhaliyə misli görünməmiş divan tutmuşlar. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, pullarını alır, sonra ailələri bütünlüklə qətlə yetirmişlər. Eləcə də S.Lalayanın əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidlərinə, həmçinin VIII əsrə aid olan Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırmışlar. Zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.
Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdır. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai bina¬lar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilmişdir.
Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumlarından zərər çəkmişlər. Hücumlar zamanı və əsirlikdə öldürülənlərin – ümumi sayı 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülmüşdür. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi 607.167.420 rubl təşkil etmişdir.
Şamaxı soyqırımını Azərbaycanın digər bölgələrindəki soyqırımlarından fərqləndirən cəhət qəzanın molokan-rus əhalisinin də bu hadisələrdə ermənilərlə birgə fəal iştirakı olmuşdur. Şamaxı soyqırımına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsinin miqyasını bilməyə imkan verir.
Göyçay qəzası-1918-ci il
1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün evlər talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir. Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir. 1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.
Cavad qəzası-1918-ci il
Aprel ayının əvvəllərindən başlayaraq erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından başlayaraq Kür boyu hərəkət etmiş və qəzanın azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi və Hilə-Mirzəlikəndə hücumlar etmişlər. Gözlənilmədən kəndləri mühasirəyə alan erməni daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə yetirilmiş, 44 yaşayış evini , kənd məscidini, müqəddəs kitabları yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər. Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndlər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə misli görünməmiş vəhşiliklə qətlə yrtirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Məşədi Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edilişdir. Bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əlimərdan bəy Topçubaşovun arxivindən aşkar edilmişdir. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olmuşdur.
Uşaqların “Xaçlı Yürüşləri” 1212-ci ildə uşaqların “Xaçlı Seferi” , Etienne adlı bir fransız uşaq tərəfindən başlanmışdır. Bir çoban olan bu uşaq, Isanı gördüyünü və onun özünü, “Müqeddes torpaqların” xilas edilməsi üçün təyin etdiyini iddia edirdi. Yürüşə başlayan Etienneye yolda minlərlə qız və oğlan uşaqları qatıldı. Bunların bir qismi silahlı idi. Bütün Fransanı bir çılğınlıq dalğası bürüdü. Valideyinlər uşaqları ilə bacarmadılar. Nəhayət bütün uşaqlar, Marsel yolu üstündə sahilə toplandılar və Etiennenin tapşırığı ilə dənizin çəkilib yol açılmasını gözlədilər.Belə bir şey olmayınca da gəmilərə dolub dənizə çıxdılar. Yeddi gəmi dolu uşaq “Müqeddes Torpaqları” xilas etməyə gedirdilər. Ancaq, yolda gəmilərdən ikisi batdı. Sağ qalan uşaqlar ise gəmiçilər tərəfindən İskendəriyyədəki əsir bazarlarına aparılıb, kölə olaraq satıldılar. 1237-ci ildə Erfurta buna bənzər bir hadisə baş vermişdi. Uşaqların “Xaçlı Yürüşləri” Fransada 1458-ci ilə qədər davam etmişdir.