Etiket arxivi: Vaqif İbrahim (1945 – Şəki)

Vaqif İbrahim (1945 – Şəki)

VAQİF İBRAHİMİN SÜKUTLA KEÇƏN YUBİLEYİ

1983-cü il 29 oktyabrda yaşadığı mənzildən Sumqayıt məzarlığına qədər insan axını-izdiham vardı. Sevənləri onu son mənzilə yola salırdı. Üzlərdə kədər, gözlərdə səssiz-səmirsiz göz yaşı… Dilimizdə ona deyə bilmədiyimiz, ürəyimizdə ona olan sevgi, sayğı…

26 oktyabrın axşamı idi. Xatırlamıram kim zəng etdi:Vaqif müəllimin getdiyi avtobus yol qəzasına uğrayıb, respublika xəstəxanasındadı. Vəziyyəti ağırdı..
O qəzada bir-neçə nəfər yüngül yaralanmışdı, yalnız o, həyatını itirdi. Tək O…
Bütün gecəni xəbəri eşidənlər, rəhbəri olduğu Respublika Gənc Yazarlar ədəbi birliyinin bir çox üzvləri, yaxınları yatmadı. Onu son dəfə yatdığı otağın pəncərəsində olan iynə boyda yarıqdan gördüm. O görüntü hələ də gözlərimin önündədir. Nə o görüntünü, nə də o kiçik yarıqdan son dəfə gördüyüm adamın böyüklüyünü unuda bilmədim.

Onda cavan idim, çox cavan. Hələ pislərin, pisliklərin necə və neçə olduğundan o qədər xəbərim yoxdu. Yaşadıqca, adamları gördükcə O- Vaqif İbrahim bir az da böyüdü mənim üçün.
O illərdə “Göyərçin” jurnalında məsul katib idi. Nə vaxt getsən, makinada gənclərin şeir və hekayələrini yazdığını görərdin. Yazardı, sonra da aparıb qəzetlərə verərdi. Əslində kiminsə şeirlərini makinada yazmaq onun işi deyildi, amma bilirdi ki, əksəri rayon və kəndlərdən gələn bu uşaqların yazı makinası yoxdu, hardasa yazdırmaqsa, əlavə xərcdir.
Belə idi. Sevqi dolu, qayğı dolu. Hamıya kömək etməyə çalışırdı.
Vaqif İbrahim. 80-ci illərdə ədəbi mühitə gələn çoxunun yaradıcılığında, həyatında onun adı var, zəhməti var, qayğısı var. Çoxu unutsa da…
Dost idi. Qardaş idi. Doğma idi. O həm də şair idi. O illərin ən istedadlı imzalarından biri, bəlkə də birincisi idi. O qədər istedadlıydı ki, bir şeirinə, bir misrasına, bir hekayəsinə görə kimsəni tərifləməkdən qorxmazdı. Çünki hələ 1961-ci ildə, 16 yaşında yazdığı kimi bilirdi ki, adam ilk növbədə özünə cavabdehdi:

Bu ada cavabdehəm…
Özümə cavabdehəm.
Ömrümdən düşüb qalan
İzimə cavabdehəm…
Narahatam hər zaman.

Şəkidə orta məktəbi bitirdikdən sonra indiki ADNSU-ya (AZİ) qəbul olmuşdu. İxtisasca mühəndis olsa da, uşaqlıqdan ədəbiyyata olan bağlılığı üstün gəlir. Əmək fəaliyyətinə Sumqayıt radiosunda jurnalist kimi başlayır. Sonralar Əli Kərim adına Sumqayıt poeziya klubunun sədri olmuş, “Ulduz” və “Göyərçin jurnallarında çalışmışdır. O, SSRİ- Bolqarıstan “Drujba” jurnalının redaksiya heyətinin üzvü olub. Maksim Qorki adına Ümumittifaq və Azərbaycan SSR Lenin komsolu mükafatlarına layiq görülüb.
Yaratdıqları, elədikləri qısa ömründən böyük idi. Poeziya onun həyatı idi həm də:

Nə vaxt ki, bir misra yaza bilmirəm.
Sanıram qurumuş bir budağam mən.
Dərsini bilməyib sinifdə qalmış
Ən əfəl, ən tənbəl bir uşağam mən.

   (Kədərli anlarım)

İstənilən mövzu var yaradıcılığında. Hər mövzuda yazılan şeirdə  Vaqif İbrahim qələminin, duyumunun, ürəyinin zənginliyi var:


Yağış yağır
Buludun büllur barmaqları
görünür pəncərəmdən.
Yağış yağır gilə-gilə.
Bulud hardan bilib ayrılığımızı
kövrəlib belə?
Bəlkə külək deyib ona?
Yağış yağır…
Pəncərəmdə göz yaşlarının əksi,
Qulağımda bu yağışda
məni gəzən xəyalının addım səsi…( Bu yağışda)
 

Şeirlərini oxuduqca düşünürsən: bir şair ağacı, yarpağı, yağışı, sinif otağını, məzarlığı, insan qəlbini, müharibənin dəhşətlərini və s…belə görə bilir? Elə bil bu gün üçün yazıb vətən mövzulu şeirlərini.

Vətən sevgisini sözlə deməyi
Ar bildi özünü oda atanlar,
Ancaq bu Vətəni necə sevməyi
Bizə ölümüylə göstərdi onlar!…

Sonra düşünürsən ki, axı o Vaqif İbrahimdir. İstedadlı, Sakit, təvazökar, alicənab, mədəni, əxlaqlı… Vaqif İbrahim.

30 sentyabr 1945-ci ildə Şəkidə dünyaya gəlmişdi. 1983-cü ildə bu dünyadan köçdü.Yaşasaydı bu il 80 illiyini qeyd edəcəkdi. Yaşasaydı? Belə yazdığıma peşiman oldum. Axı, o yaşayır. Poeziya sevənlər, sözə dəyər verənlər onu yaşadır. Bu sətirləri yazmaq mənim üçün həm də çox üzücüdür. Ağırdır. Onun doğum günləri, hətta yubiley illəri belə sükutla keçir. 80 illiyi də…

Amma sevməsə belə, arxasınca min söz danışsa belə, vəzifədə olan birini, ya necəliyindən xəbərsiz olduğu atasını qəbirdən çıxarıb oxşayan, əzizləyən, bağrına basanlar nə qədər istəsən var. 

Niyə sevməyi bacarmırıq? Ürəyimizin sevgi tutumu nə qədərdi görəsən?

Onun 80 illik yubileyinin sükutu qədər…

P. S. 70 illiyində onun latın qrafikası ilə “Mən də varam” kitabını hazırladım. Çap etdirdim öz gücümə. Vaqif İbrahim üçün anım günü və kitabın təqdimatını keçirdim. Gələnlər çox oldu. Kitabı alan az. Hətta kitabda xatirələrini verdiyim imzaların da çoxu kitabı götürüb bir kitabxanaya verməyi belə düşünmədilər. Paşa Qəlbinurun 5-10 kitab alıb , gələnlərə hədiyyə etməsini xatırlayıram… Bir də “525-ci qəzet” və “Ədalət”-ə xatirə yazılarını, şeirlərini göndərirdim. Bir-neçə gün ardıcıl bu yazılar gedirdi. Bir daha onlara təşəkkür edirəm. Elə bu yazını verəcəklərinə görə də təşəkkür edirəm.

P.S. Vaqif müəllim nəşriyyatın mənzil növbəsində idi.  Ailəsinə ikiotaqlı ev verdilər. Bu işdə ehtiramla andığım Tofiq Mahmudun da səyi oldu.  İki uşaqla- Rəşad və Aytənlə tək qalan Məlahət xanım övladlarını böyüdə, oxuda bildi çətinliklə olsa da. Bu günə qədər oğlunun ailəsi ilə  o kiçik mənzildə yaşayır. Deyir ki, müraciət etmək istəmişəm, amma əvvəl köçkünləri düşünüb, utanırdım. İndi də şəhidlər, qazilər var. Amma bizə də çox çətindi. Vaqifin 80 illiyidir. Görəsən, AYB-yə, prezidentə müraciət etsəm, bir otaqlı da osa mənə mənzil verərlər?”-deyə düşünür. Mən yazmasını məsləhət gördüm. Bilmirəm yazdımı? 

Müəllif: KAMALƏ ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana