Bəstəkar Arzu Rzayevanın Bakıda “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub
5 aprel 2026-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan Azərbaycan diasporunun fəal üzvü, bəstəkar və musiqiçi, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin sədri Arzu Rzayevanın “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub. Tədbir Oslo Azərbaycav Evi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov layihənin milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətini vurğulayıb və diaspor nümayəndələrinin bu işdəki rolunu yüksək qiymətləndirib. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını bildirib. Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Arzu Rzayevanın yaradıcılığını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb. Professor, tanınmış dirijor və A.Rzayevanin müəllimi olmuş Ağaverdi Paşayev tələbəsinin uğuruna çox sevindiyini bildirib və bu cür layihələrin Azərbaycan mədəniyyəti üçün vacib olduğunu vurğulayıb. Tanınmış tarzən, Beynəlxalq Muğam Mərkəzinin direkztoru Sahib Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında bu cür mədəni tədbirlərin rolunu xüsusi qeyd edib. Konsertin aparıcısı, əməkdar artist Dilarə Əliyeva A.Rzayevanin yaradıcılıq yolu haqqında danışıb və A.Rzayevanın bəstələrində vətənə və torpağa sevgisinin xüsusi yer tutduğunu vurğulayıb. D.Əliyeva tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Arzu Rzayeva çıxışında layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Oslo Azərbaycan Evinə və tədbirin təşkilinə töhfə verən bütün qurum və təşkilatçılara təşəkkürünü bildirib. Konsert proqramı Azərbaycan musiqi ənənələrinə əsaslanan zəngin əsərlərlə təqdim olunub. Arzu Rzayevanın müəllifi olduğu bəstələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin ruhunu hiss ediblər və layihənin milli-mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Konsertdən fotolar:
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Arzu Rzayevanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Respublikainfo.com xəbər verir ki, Referans Medianın “Musiqi saatı” rubrikasının növbəti qonağı bəstəkar, pianoçu, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublika Beynəlxalq müsabiqə və “Gənclər Mükafatı” laureatı Vəfa Bağırzadədir.
– Xoş gördük Vəfa xanım! Əvvəlcə istərdim ki, oxucularımıza, özünüz haqqında qısa da olsa məlumat verəsiniz! Vəfa Bağırzadə kimdir?
Mən 29 oktyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşam. Musiqi təhsilimə erkən yaşlarımdan, Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbində Və Xan Şuşinski adına Ağdam Muğam Musiqi məktəbində başlamışam. Peşəkar təhsilimi 2007–2011-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsində aldıqdan sonra, Azərbaycan Milli Konservatoriyasında Bəstəkarlıq ixtisası üzrə (2012–2019, bakalavr və magistr) ixtisaslaşmışam. Bu illərdə bəstəkar, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun və bəstəkar-pianoçu Pikə Axundovanın sinfində dərs almışam ki, bu da yaradıcılıq yolumun formalaşmasında əsas rol oynayıb. Karyeram ərzində müəllim kimi də fəaliyyət göstərmişəm; 2018–2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında çalışmışam. Eyni zamanda, 2024–2025-ci illərdə Üzeyir Hacıbəylinin Ev-Muzeyində şöbə müdiri vəzifəsini icra etmişəm. 2022-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm.
– Ümumiyyətlə sizin musiqiyə, xüsusilə də fortepianoya olan sevginiz nə zamandan yaranıb?
Musiqiyə olan sevgim çox erkən yaşlardan yaranıb. Valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə evdə daima Betoven, Şopen, Motsart kimi dahi bəstəkarların əsərləri səslənirdi. Bu mədəni mühit mənim musiqiyə marağımın yaranmasında və sənət yolumu seçməyimdə həlledici rol oynadı. Əvvəlcə yalnız səslərin harmoniyasından zövq alırdım, lakin sonralar musiqinin ruh oxşayan emosional dərinliyi məni özünə valeh etdi, həyatımın ayrılmaz hissəsinə çevrildi. Fortepiano mənim üçün sadəcə bir musiqi aləti deyil, həm də duyğularımı ifadə etməyin, iç dünyamı musiqi vasitəsilə çatdırmağın ən yaxın yoludur. Bu sevgi məni təbii olaraq zamanla bəstəkarlığa yönəltdi, fortepianoda hiss etdiyim hər ritm və melodiyalar məni öz əsərlərimi yaratmağa, musiqi vasitəsilə duyğularımı ifadə etməyə sövq etdi.
– Sizin üçün musiqi nə deməkdir? Həyatınızı musiqisiz təsəvvür edirsinizmi?
Musiqi mənim üçün zaman və məkan sərhədlərini aşan, insanın daxili aləmini və hisslərini ifadə edən bir dildir. O, yalnız eşitdiyimiz səs deyil, eyni zamanda düşüncələrimizi və emosiyalarımızı formalaşdıran bir vasitədir.. Musiqisiz həyatı təsəvvür etmək mənim üçün qeyri-mümkündür. Çünki o, həyatın özüdür, düşüncələrimin və hisslərimin təzahürüdür. Musiqi yoxdursa, zaman dayanır, duyğular susur, dünya öz harmoniyasını itirir. Ona görə də musiqi mənim həyatımın təməl daşıdır, onsuz yaşamaq, nəfəs almaq qədər çətin olardı.
– Vəfa Bağırzadənin sevdiyi bəstəkar və əsərlərini daha çox dinlədiyi bəstəkarlar kimlərdir? Daha çox hansı musiqi janrını sevirsiniz?
Mən çox vaxt klassik musiqi dinləyirəm. Bach, Çaykovski, Raxmaninov, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Elza İbrahimovanın əsərlərini xüsusilə sevirəm. Sevdiyim janr isə əsasən klassik musiqidir, amma caz, rok və estrada musiqisinə də marağım var.
– Bu gün təəssüflər olsun ki, cəmiyyətin əksər hissəsi keyfiyyətli musiqilər əvəzinə adətən bayağı musiqilər dinləyir. Sizə görə bunun başlıca səbəbi nədir?
Məncə, bu problemin bir neçə əsas səbəbi var və bunlar bir-biri ilə sıx şəkildə bağlıdır. İlk növbədə, insanların musiqi zövqünün formalaşmasında maarifləndirmə kifayət qədər güclü deyil. Musiqi mədəniyyəti uşaqlıqdan formalaşır, lakin bu gün təəssüf ki, həm ailədə, həm də təhsil mühitində keyfiyyətli musiqiyə maraq oyadan imkanlar əvvəlki kimi güclü deyil. İnsan nə ilə böyüyürsə, zövqü də onun üzərində qurulur. Digər mühüm səbəb isə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin təsiridir. Sosial platformalarda daha çox gündəmdə qalmaq, trend olmaq üçün sadə, tez yadda qalan və ritmik musiqilər çoxlu dinləyici toplayır. Keyfiyyətli musiqi isə adətən dərinlik, intellekt, diqqət və musiqi savadı tələb etdiyi üçün geniş kütlə tərəfindən çətin qavranılır. Bayağı musiqi isə həm daha çox təbliğ olunur, həm də sürətlə yayılır, çünki istənilən məzmunsuz kontent kimi, istehlakı asandır. Üçüncü səbəb insanların gündəlik həyat tempidir. Bugünkü sürətli ritm içində insanlar çox vaxt düşünmək, analiz etmək, musiqini hiss etmək kimi proseslərdən uzaqlaşırlar. Bu da onların daha çox “fon musiqisi” kimi qəbul edilə bilən, sadə və emosional dərinliyi olmayan mahnılara yönəlməsinə səbəb olur. Bundan əlavə, kommersiya maraqları da böyük rol oynayır. Bayağı musiqi həm ucuz başa gəlir, həm də geniş auditoriyaya sürətlə satılır. Prodüserlər və musiqi bazarı isə təəssüf ki, keyfiyyət yox, gəlir yönümlü çalışdığı üçün bu tip mahnılar çoxaldıqca çoxalır. Nəticədə həm təbliğatın gücü, həm musiqi tərbiyəsinin zəifliyi, həm də insanların gündəlik həyat ritmi cəm şəkildə keyfiyyətli musiqinin arxa plana keçməsinə gətirib çıxarır. Bu isə cəmiyyətdə musiqi zövqünün tədricən sadələşməsinə və səviyyənin aşağı düşməsinə səbəb olur.
– Professional musiqi adamı olaraq ümumən insanlara və xüsusilə də gələcəkdə musiqi ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var ?
Gənclərə tövsiyəm budur: musiqi ilə məşğul olmaq istəyirsinizsə, daima araşdırın, fərqli musiqi janrlarını dinləyin və bədii ədəbiyyat oxuyun. Bu, həm zövqünüzü, həm də yaradıcılıq qabiliyyətinizi zənginləşdirəcək. Musiqiyə sadiq olun və sevgi ilə yanaşın . Musiqi yalnız texniki bacarıq deyil, eyni zamanda hiss və ruh tələb edən bir sənətdir. Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir.
(VəfaBağırzadənin “Duyğuların yürüşü” konsert pyesinifleyta və orkestrin ifasında dinləyərkən)
Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.
Haşiyə:
Bəstəkar: Vəfa Bağırzadə Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev Solist: Nəzrin Əmirli (fleyta)
Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.
“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…”(yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.
Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.
Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.
Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.
Qısa arayış:
Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır. Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.
Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.
Xüsusi qeyd:
Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:
Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!
Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!