Etiket arxivi: YAZAR

SEYMUR SÖNMƏZ – ŞEİRLƏR

SEYMUR SÖNMƏZİN YAZILARI

SEVGİSİZ YAŞASAM
Yaxşılar fərqlənməz, pislər olmasa,
Heç yağış yağarmı, bulud dolmasa?
Əgər bu dünyada izim qalmasa,
Yəqin ki, varlığım daşa dönərdi!
* * *
Axı, kim yamanlıq görüb dilimdən,
Heç vaxt ayrılmaram doğma elimdən.
Nə vaxtsa qələmim düşsə əlimdən,
Hər kəlməm gözümdə yaşa dönərdi!
* * *
Tənhalıq adamın qəddini bükər,
Dərd-qəm sınıq qəlbi min səmtə çəkər.
Bircə an sevgisiz yaşasam əgər,
Ömrüm bir şaxtalı qışa dönərdi!

SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ
Bilmirəm sən niyə xəbərsiz getdin,
Qoydun ürəyimdə neçə iz,-getdin.
Son dəfə üzümə baxmayıb,düz getdin,
Döndünmü zülmətdə dumana-çənə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Əllərim arxanca uzalı qaldı,
Həsrətim kölgənə qısılıb qaldı.
Eşqim göz yaşımdan asılb qaldı,
Ürəyim gör necə sızlayır yenə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Adını qəlbimdən de, necə silim,
Keçir dərd içində hər ayım, ilim.
Hələ də sabaha çatmayır əlim,
Üzümü tutmuşam hər ötən günə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Elə zənn etmə ki, dönmüşəm yada,
Ülvi bir sevgini vermərəm bada.
Əllərim əlinə toxunmasa da,
Adını anıram hey dönə-dönə –
Səndən xatirədir sənsizlik mənə!

İNDİ MƏNSİZ NECƏSƏN…
Bu ayrılıq ürəyinə yatdımı,
Ahım-naləm görən sənə çatdımı?
İşıq saçan bəxt ulduzun batdımı,
Zülmətəmi çevrilmisən gecə sən –
Söylə görüm, indi mənsiz necəsən?
* * *
Bilə-bilə saf eşqimi tapdadın,
Gedib döndün girovuna sən yadın.
De, başında çatladımı inadın,
Bir vədələr sığınmışdın gücə sən –
Söylə görüm indi mənsiz necəsən?
* * *
Bəxtinləmi de vermişdin səs-səsə,
Mat qalmışdım belə gizli həvəsə…
Bir ayağın qaçaq idi nədənsə,
Barı qaçıb qoşuldunmu köçə sən –
Söylə görüm, indi mənsiz necəsən?
* * *
Daha mənə deyiləsi sözün yox,
Ürəyində bircə qalam közün yox.
Danışmağa bəhanən yox, üzün yox,
İstəmirəm ta qarşımdan keçəsən –
Baxıb deyəm, indi mənsiz necəsən?

ƏHSƏN HÜNƏRİNİZƏ
(Qazilərimizə həsr edirəm)
Vətənin ən ağır günlərində siz,
Şəhid olmağa da hazır idiniz.
Düşmən çökən kimi qarşınızda diz,
Nur saçdı odunuz-közünüz sizin!
* * *
Vətən dünya boyda ürəkdi-candı,
Torpaq qorunanda yurddu-məkandı.
Deyəndə, “Qarabağ Azərbaycandı”!
Yayıldı hər yana sözünüz sizin!
* * *
Heç vaxt qeyb olmasın gözdə nurunuz,
Zəfər sevinciniz bəhrə-barınız.
Qoy, qaysaq bağlasın yaralarınız,
Gülsün zaman-zaman üzünüz sizin!
* * *
Haqq yolunda hər əzaba dözdünüz,
Yağıların bənd-bərəsin kəsdiniz.
“Dəmir yumruq”la düşməni əzdiniz,
Dil açdı hər yanda iziniz sizin!

20 YANVAR ŞƏHİDLƏRİ
Qarlı-zülmət bir gecədə nur saçdılar,
Yağılarla ərən kimi savaşdılar.
Azadlığa gedən yoldan söz açdılar –
20 Yanvar şəhidləri!
* * *
Paytaxt Bakı dönəndə qan dənizinə,
Bələd olduq imperiyanın iç üzünə.
Çevrildilər bəxtimizin gündüzünə –
20 Yanvar şəhidləri!
* * *
Nalə qalxdı asimana, üzüldü can,
Hər tərəfə yağış kimi çiləndi qan.
Ulu xalqın yaddaşında təzə ünvan –
20 Yanvar şəhidləri!
* * *
Namərd düşmən düşsə də qara niyyətə,
Məğlub oldu el gücünə, əzəmətə.
Alnı açıq üz tutdu əbədiyyətə –
20 Yanvar şəhidləri!
* * *
Biz bu dərdi daşısaq da aya-ilə,
Matəm rəngi ta yaraşmır qərənfilə.
Nəğmə kimi düşübdülər dildən-dilə –
20 Yanvar şəhidləri!

DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR
Nə gün-günə bənzər, nə də il-ilə,
Hər çiskin çevrilmir yağışa, selə.
Kövrək xatirələr gələndə dilə
Elə bil geriyə qayıdır illər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Uşaqlıq çağımdan söz açır şəklim,
Cavanlığım kimi nur saçır şəklim.
Gah gözə görünür, gah qaçır şəklim,
Yaxamdan yapışıb dartanda əllər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Hər biri saralıb solan varaqdı,
Sükuta qərq olan səsdi-soraqdı.
Piltəsi közərən şamdı-çıraqdı,
Titrəyir yarpaqtək əsdikcə yellər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Yaddaşım çatsa da hərdən dadıma,
Kim çəkibsə, düşmür adı yadıma.
İsinəndə közərtimə-oduma,
Qəlbimdə gizlicə titrəyir tellər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Seymuru sızladan alovdu-közdü,
Üstünü qar örtmüş cığırdı-izdi.
Dumanlı-çiskinli pərişan üzdü,
Dəyişə bilməyir səmtini sellər –
Danışır mənimlə köhnə şəkillər!

VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ
Tərsinə fırlanır dünyanın oxu,
Bir ümid dalınca yollanır çoxu.
Atalar əzəldən deyibdir axı,
Dönük üzlü bəxti ha axtar, ha gəz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Bəzisi tez çıxır haqqın yolundan,
Büdrəsən yapışmaz sənin qolundan.
Yansan da xəbəri olmur halından,
Halal süd əmmişə heç varmı əvəz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Etdiyin səhvləri gəl, azca bələ,
Kim bilir qabaqda nələr var hələ.
Yüz yol öz-özünü danlasan belə,
Gecikmiş etiraf solğun bir həvəs –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Adam var, astarı üzündən baha,
Hər vaxt beləsindən uzaq qaç daha.
Odunu-közünü saxla sabaha,
Bil ki, ülvi sevgi qəddini əyməz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Seymur az görməyib işin tərsini,
Bir addım atanda düşün ger(i)sini.
Nə vaxtsa həyatadan alsan dərsini,
Baxıb görəcəksən ya gec, ya da tez –
Vəfasız qızları sevməyə dəyməz!

DOĞMA YURDUM-MƏSKƏNİM
Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana,
Əzəl gündən sığınmışam sənin doğma qoynuna.
Qollarımı gеniş açıb qoy, sarılım boynuna,
Sənsən mənim yer üzündə qanad açan yelkənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Hər ürəkdə məhəbbətin, bir əbədi izin var,
Odlu qəlbin, isti qoynun, al günəşli izin var.
Varlığından soraq verən, neçə-neçə sözün var,
Yenilməyən əzəmətim, varlığımsan sən mənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Zaman-zaman gözlərini qamaşdırdın yadların,
Tükənməyən xəzinədir, həm sərvətin, həm varın!
Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın,
Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Sabahından söhbət açır, dalğalanan bayrağın,
Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın!
Zəfərindən soraq verir xoş müjdəli hər çağın,
Seymur deyir, qoy daşına-torpağına mən dönüm –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – HƏSRƏTİN İZİ İLƏ

LEYLA YAŞARIN YAZILARI

HƏSRƏTİN İZİ İLƏ
Uzanan, sonu bilinməyən bir yolu əlinə almışdı o bugün. Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına.
38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına.
İllər öncə orda bir ömür qoyub gəlmişdi
12 illik sevgi ömürü.
17 yaşında, özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan, özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi .
67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı. Qalan ömürünü sadəcə nəfəs almışdı.
12 illik sevgisini yaşatmaq üçün.
Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan, həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi.
Gedirdi, yox getmirdi qanadlanıb uçurdu. İllərdi yeriyə bilməyən ayaqları, əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş, sevgi bulagında yuyulmuşdu sanki.
38 il öncə bu qəsəbəni tərk etmişdi, etmişdi yox,
tərk etməyə məcbur qalmışdı.
Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı.
Son görüşünü xatırladı.
Qovaq acagının altında üz – üzə dayanmışdılar.
Gözlər danışır, dillər susmuşdu. Kədər dolu, ümüdli ayrılıga qol çəkmişdilər o gün.
Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu, hüzur dolu ailəsi, sevdiyi dostları, ən əsası qəlbinin başında yer ayırdıgı,
İlknuru vardı.
Ata – anasının ömrü vəfasız oldu. Onu 18 yaşında ailəsiz qoydu. Evin tək oglu idi Ərturqut. Əziz – xələf, sevimli, sevgi ilə böyümüş, ətrafına nur saçan bir oglu.
Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu.
İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı.
Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi.
17 yaşında sevmişdi İlknuru. Yox, yox bu sevgi deyildi əslində.. Ərturqut üçün yeni dogan günəş idi. Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut.
Bulagın saf sularına daha da gözəllik atan, ürkək baxışlarıyla həyatdan qorxan, amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur. Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə, İlknuru öz həyat yolunun sakininə çevirmişdi.
Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş, qəlbində daşıdıgı, nura boyanmış, gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı.Və bir gün ..
Özüylə kasıb, çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun, möhkəm körpü salmaq qərarına gəldi.
Tələbə, miskin, İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi. O gün bu gün o açarı geri almadı, daha dogrusu almaq fikirinə düşmədi. O böyük sevgi 12 il sürdü.
İlknurun təhsili,ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi.
Nişanlı cütlük toy xəyallarına qərq olarkən, müharibə qartal kimi şıgıdı. Ərturqutu ondan cismən ayırdı.
Çatır artıq, tanıdı, həmən ağac . Qocalıb heydən düşmüş, budaqları sınmış, amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı. Adlarını yazdıqları qovaq agacı.. Dayanıb nəfəs aldı. Agaca yaxınlaşdı, heysiz qollarıyla onu qucaqladı, yox bu dəfə aglamayacaq.
Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi. Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi?
Müharibə,sonra əsirlik həyatı Ərturqutun beynindən, qəlbindən, ən əsası ruhundan İlknuru qopara bilməmişdi. İlknuru İlknursuz sevmişdi.
Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı. Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı.
Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı .
– İlknura gəldim, Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim.
Əlisahib hönkürdü .
Tale bizə çox agır zərbə vurdu, Əlisahib qardaş. Bilmirəm bəlkə də həyatda deyil, amma inanıram ki onun sevgisi bax buradadı, agacın köksündə.
Əlisahib aram – aram danışmaga başladı.
– İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi.
Hamı onu bura gələndə şaqqanaq çəkib gülən, gedəndə aglayan görürdü. İllərlə bu agacı özünə sirdaş bildi.
Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular. Amma İlknur səni gözlədi, ailə qurmadı.
Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb, saatlarla səni gözlədi. Aglamaqdan o gözəl gözləri tutuldu.
Bilirsən
nə deyirdi?
– Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi,onun dünyanı görüb – görməməsi mənə lazım deyil. Bəxtiqara İlknurun alın yazısı burada bitdi.
Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu.
Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı;
– Məzarına gedə bilərik?
Əlisahibin cavabı onu yerlə – yeksan etdi. Sən onun məzarına gəlmisən, Ərturqut .
– Bax,bu agac onun başdaşıdı. Onu burada dəfn etdik. Öz istəyi idi.Ərturqut mütləq bura gələcək deyirdi.
Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl, mənalı, sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi.
Əlisahib kişiyə çeviriilib:
– Mən öləndə məni də burada basdırın dedi.
-Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı. Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC İLƏ GÖRÜŞ OLACAQ

Zaur Ustac haqqında məlumat

Əziz gənclər! “Ədiblərimiz” layihəsilə yenidən qarşınızdayıq.

Budəfəki qonağımız “Yazarlar” jurnalının baş redaktoru, tanınmış ziyalı, şair, yazar Zaur Ustacdır.

Ədibimİz keçiriləcək görüşdə öz yaradıcılığından və söz sənətinin incəliklərindən danışacaq.

Sirli sözlərlə dolu şair dünyasına edəcəyimiz səyahəti qaçırmamağınız tövsiyə edilir.

🗓️ Tarix: 27 yanvar🕗 Saat: 20:00

Görüş “Zoom” platformasında baş tutacaq.📥 Qeydiyyat linki https://chat.whatsapp.com/C0xzmsVFPjM50W1oOjUfCk


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – FANTAZİYA

ŞƏLALƏ CAMALIN YAZILARI

Fantaziya 

(felyeton)

Beş mininci  il də gəlib çatdı. Çox dəyişikliklər, fərqliliklər var. Min illər biz insanlar heyvan əti ilə qidalanırdıq. Amma indi heyvanlar da adi qaydada qidalanır. Quşlar, mal – qaralar insanlar kimi ayaqqabı geyinir, ziynət əşyaları taxır, salonlara gedirlər. Heç də pis görünmür.

İndi insanlar ədviyyatlı ərzaqlarla qidalanırlar.

Atları dənizdə görmək çox maraqlıdır. Onlara çimərlik geyimləri necə də gözəl yaraşır. Insanlar qoyunlarla bir gəzir, atlarla oturub dururlar.  Hər heyvanın da özünəməxsus işi var. Şəxsən gördüyümü deyəcəım.

         Bir xəstəxanaya girdim. Baş həkim at idi. registrasiyada oturan xanım (hansı ki, məni birinci palataya göndərdi) keçi, xəstəxananın süpürgəçisi isə eşşək idi.  Məəttəl qaldım: normal danışırdılar, insani hərəkət edirdilər. Orada pələng də gördüm. Açığı üstümə hücum edər deyə çox qorxdum. Lakin elə deyildi. Onunla tanış oldum. O qədər gözəl xasiyyəti var idi ki, gəl görəsən. Gözündən əməliyyat olunmuşdu, çox heyif.

         Mən xəstəxanada çox qalmadım, cəmi iki gün yatdım. O da ki, onurğa sümüyüm bir balaca əzilmişdi deyə özümü narahat hiss edirdim. Xəstəxanadan evə göndəriləndə bir az eynim açılsın deyə mağazalara baxmaq üçün çıxmışdım. Hə… bu arada artıq şəhər, kənd ayrı – seçkiliyi yoxdur. Ancaq dağlıq olan yerlər kənd sayılırdı. Ona da mikrokənd deyirdilər. Qalan kəndlərdə isə ağacları, meşələri yox etmiş, yerində göydələnlər ucaltmışdılar. Bu isə makroşəhər sayılırdı. Nə isə, mən mağazalara baxırdım. Satıcılardan it olanı da var idi, eşşək olanı da. Küçədən toy maşını keçirdi. Dönüb baxdım ki, bir adam quzu ilə evlənirdi. Çox qəribə zamandı.

         Mən gələcəkdən keçmişə birbaşa sualtı raket vasitəsilə qayıtdım. İndi  2014 – cü ildir. Amma bu hadisəni kimə danışıramsa inanmır, gülür. Demək olar ki, hamı məni dəli, ya da sadəcə yalançı kimi qəbul edir. Düz də edirlər. Amma mən yalan danışmırdım.

2014.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – UNUDUM GƏRƏK

Şəlalə CAMAL – şair, yazar.

YAŞIM ÖTÜB
Hanı sevgin, hanı əhdin, ilqarın?
Hanı sənin yenilməyən vüqarın?
Hanı ürəyində qalan qubarın?
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Əvvəl mənlə əhdi-peyman bağladın,
Ayrılsan da ürəyində ağladın.
Heyif sənə bu yaşımda bağlandım,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Kaş geri dönəydi sənli günlərim,
Mənimlə saralıb, soldu güllərim.
Salam ver, havada qaldı əllərim,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Hanı andın, sənki məni sevirdin?!
Səni sevdiyimi yaxşı bilirdin.
İndisə olmusan, sən mənə düşmən,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Tanrım salar səni min bir oyuna,
Baxmaz baharına, baxmaz yayına.
Lənət gəlsin bu cür sevgi payına,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Məndən ayrılmağın olacaq gizli,
Ürəyimdə sevgim varsa təmizdi.
Allahın qarğışı tutacaq bizi
Yaşım ötüb deyə üz döndərirsən.

UNUDUM GƏRƏK
(Nüsrət Kəsəmənlinin şeirindən ilhamlanaraq)
Mənə “ ayrılırıq”, “unut” deyirsən,
Sənli günlərimi yox edim gərək.
Sən mənim özümsən bunu bilirsən,
Unutsam özümü unudum gərək.
* * *
Hər gecə yuxuma gizli gəlirsən,
Döyünən qəlbimin sevgisi sənsən.
Sən mənim yuxumun şəhzadəsisən,
Unutsam yuxumu unudum gərək.
* * *
Allahdan arzumdur geri dönəsən,
Xoşbəxt anlarını birgə böləsən.
Heyif ki, sən mənə unut deyirsən,
Unutsam dünyamı unudum gərək.
* * *
Sevgin məni şair etdi biləsən,
İstəyirəm göz yaşımı siləsən.
Axı niyə mənə unut deyirsən?
Unutsam hər şeyi unudum gərək.

YUXU
Hər gecə yuxuma gizli gəlirsən,
Bu ki, həqiqətdir, yuxu deyilsən.
Gizlincə durursan bir qıraqda sən
Bəlkə də özünsən bildirməyirsən.
* * *
Oyatma sən məni yuxudayam mən,
Dünyanın ən şirin yuxusundayam.
Yuxuda görürəm bir sən, bir də mən,
Sevgi körpüsünün ortasındayam.

GEDİRƏM
Yoluma bax gizli-gizli köks ötür,
Ürəyində qubar bağla, gedirəm.
Gəlib ürəyimi təkcə sən götür,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Ürəyim çırpınır quş qəlbi kimi,
Artıq günəş belə üşüdür məni.
Xətrimə dəymisən, neynirəm qəmi?
Yasıma gələrək ağla, gedirəm.
* * *
Məktubları saxla, qoy yadigar olsun,
Sevgilim deyirsən, qoy xitab olsun,
Qəlbin başqasına qoy mehtab olsun,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Başım gicəllənir, görmürəm heç nə,
Yanımdan beləcə ötəri keçmə.
Sevgi şərabından sən hələ içmə,.
Yasıma gələrək ağla, gedirəm.
* * *
Yenə səni xoşbəxt görmək istərəm,
Uşaq kimi coşub-çağla gedirəm,
Məni heç düşünmə, amma bircə gün
Yasıma gələrək ağla, gedirəm.

HEÇ OLDU
Mən aşiqdim, bir cavana vuruldum,
Könlün alım deyə ona qul oldum.
Ürəyimdə sevinc əkdim, qəm bitdi,
Nalə çəkdim iztirabım heç odu.

NİYƏ MƏNDƏN KÜSMÜSƏN?
Leylidən, Məcnundan söylədin mənə,
Sevirəm deyərək yanaşdın mənə.
Gizli-gizli girdin sevən qəlbimə,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Hündür zirvələri tən yaratmışam,
Qara saçlarımda dən yaratmışam,
Bu sevda yolunda “Sən” yaratmışam,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Həyatda qəlbimi sənə vermişəm,
Tək sənə inanıb, səni sevmişəm.
Tanrıdan tək səni istəmişəm mən,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Sabahdır, ağladım bütün gecəni,
Düşündüm eləcə olub keçəni.
Sevənlər də günahlardan keçəndi,
Söylə indi nədir məndən küsmüsən?
* * *
İncisəm də səndən küsən deyiləm,
Özümü doğrayıb, kəsən deyiləm.
Sünbülün mən idim, süsən deyiləm,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Dərdimi, qəmimi sənlə bölərəm,
İnan bu həyatda sənsiz ölərəm.
Həyatın mənası səni bilərəm,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Qəribə bir eşqə düçar olmuşam,
Qıfıllı qəlbinə açar olmuşam.
Günəştək istilik saçar olmuşam,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Küsməyinin səbəbi olmalıdır,
Bu sevən gözlərim kor baxmalıdır.
Bu ömrüm ömrünə yar olmalıdır,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Ərşə çəkildi yuxu gözlərimdən,
Taqət düşdü bu duran dizlərimdən.
İncimisən de hansı sözlərimdən?
Söylə indi nədir məndən küsmüsən?
* * *
Böyük tarixim var səninlə birgə,
Hörmətim, sevgim var səninlə birgə.
Həyatda böyüdüm səninlə birgə,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Ürəyimi aldın, qaytar demədim,
Sevgimi yad qızda axtar demədim.
Mən sənə, “Axtaran tapar” demədim,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Sənin sevgin məni Leyli eylədi,
Qəməri təqvimi Hicri eylədi.
Əsli də Kərəmi yanar eylədi,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Hər şeyin səbəbi olmalıdır, bil,
Ağlasam gəl yenə gözlərimi sil.
Məcnunun sevdası itəcək deyil,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Şəlaləyəm, üzüm güldü səninlə,
Qəlbindəyəm, qəlbin səsini dinlə.
Sənsiz ömrüm hədər oldu qəminlə,
Söylə indi nədir məndən küsmüsən?

GÖZƏL
Gözə gələrsən, gözəlim,
Gözlərin gözəldi sənin.
Gözəllərdən seçilirsən,
Sənə baxır bu gözlərim.

APARIR MƏNİ
Bu necə sevgidir üzür qəlbimi,
Ağlayıram hər gün düşünüb səni,
Bacarmıram ürəyimlə deyəsən,
Sevgim uçuruma aparır məni.
* * *
Şirin candan keçərəm, bil, səninçün,
Dözərəm hər əzaba səninçün.
Son qoyaram bu həyata səninçün,
Sevgim uçuruma aparır məni.

ƏZƏLİ, YA ƏBƏDİDİR?
Bu sevgidə ikimiz də günahkarıq,
Yaşamaqçün səbəbimiz de nədir?
Yaşamağa ikimiz də inadkarıq,
De sevgin əzəli, ya əbədidir?
* * *
Heç biri,.. demək ki, bir variant var,
Sevgiylə oynamaq, tez atmaq da var.
Sevməyəndə qəlbi oyuncaq etmək,
Sevənlərdə sevgi yaratmaq da var.
* * *
Hardan girdin ürəyimə bilmədim,
Həyatımda sən olandan gülmədim.
Mən sənin sevgini oyun bilmədim,
De sevgin əzəli, ya əbədidir?
* * *
Yaratmaq eşqilə yaşayıb yazdım,
Səni sevib tez də yolumu azdım.
İstədim məktubda bir sual yazım,
De sevgin əzəli, ya əbədidir?
* * *
Eşqindən şamların başına dönüb,
Pərvanə olmuşam, səni düşünüb.
Sual verəcəyəm, qəlbinə düşüb,
De sevgin əzəli, ya əbədidir?
* * *
Bu həyatdan köçsəm, bil, üzülmərəm,
Ürəyimi qəm oduyla üzmərəm.
Gözlərimə kədər yaşı düzmərəm,
De sevgin əzəli, ya əbədidir?
* * *
Ayları qatmışam artıq illərə,
Səs-sədam düşübdü indi ellərə.
Pərişan – pərişan düşüb çöllərə,
De sevgin əzəli, ya əbədidir?

GİZLİ
Sən getdin, “Əlvida” deyərək mənə,
Getdiyin yollara baxıram gizli.
Daha gücüm çatmır bir də sevməyə,
Getdiyin yollara baxıram gizli.
* * *
Qarşında diz çöküb ağlamayacam,
Ölsən yasını da saxlamayacam.
Alışdım, bird aha odlanmayacam,
Getdiyin yollara baxıram gizli.
* * *
Ayrılıq, amma ki, sevmişəm düzü,
Əlvida olmuşdu sənin son sözün.
Nədən sevmədinsə yaşardı gözün?
Getdiyin yollara baxıram gizli.
* * *
Hərdən yuxularıma girəndə mənim,
Qəlbimi odlara yaxıram gizli.
Ağrıdı həmişə yandı bu qəlbim,
Getdiyin yollara baxıram gizli.
* * *
Ayrılmayaq, yalvarmışdım Allaha,
Qələm də mürəkkəb axıtmır daha.
Saxta məhəbbəti satmışdın baha,
Getdiyin yollara baxıram gizli.

CAN DİLƏ
Sevgi üçün candan keçib can dilə,
Xəstə oldum, bağlanıbdır can dilə.
Şirin sözün ilan çıxardar qından,
Gərək bu dil cana yetsin, can dilə.

DE NİYƏ?
Nə oldu ki, ayrılırıq biz indi?
Ağlamağa tab gətirmir göz indi
Danış bilim, de mənə bir söz indi,
Aramızdan yel də əsmir de niyə?
* * *
Ayrılırıq, dözə bilmirəm buna,
Sevgimi sən indi yetirdin sona
Qəlbimi vermərəm yad bir oğlana
Aramızdan yel də əsmir de niyə?
* * *
Qəlbim quş qəlbitək indi döyünür,
Sevənlərə baxıb hər kəs öynür,
Məhəbbətim kəmmi gəldi sevəndə?
Aramızdan yel də əsmir de niyə?
* * *
Darıxdığım zaman təsəllim olmur,
Ağlayıram amma gözlərim dolmur,
Əllərim əlinə dəyməyib donur,
Aramızdan yel də əsmir de niyə?

QOCALMA SEVGİLİM
Mən səni sevmişəm ömrüm uzunu,
Həyatda sevgi də, nifrət də olar,
Dəyişərəm ölsəm alın yazımı,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Gözünə nur gəlsin, qoluna qüvvət,
Dilinə söz gəlsin, dizinə taqət.
Heç zaman ölməyər sevgiyə hörmət,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Heyif deyilmi ki, cavan qalasan,
Bil ki, istəyirəm qocalmaysan.
Hətta istəyirəm mənlə olasan,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Qocalsan saçına vaxtsız düşər dən,
Qəlbində olmasın nə kədər, nə qəm,
Uşaqlıq sevgimsən, deyirdim hərdən,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Mən uşaq, sən isə yetkin bir gəncdin,
Mənim ürəyimi kədərlə sancdın.
Bəlkə də mənimçün adi inancdın,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Səni gördüm, sanki dünyam dəyişdi,
Ürəyimdə bil hisslərim dəyişdi.
Aradan vaxt keçdi, zaman dəyişdi,
Qocalma, sevgilim, qocalma nə olar.
* * *
Sevgi əzabından uzaq olacam,
Kədər yuvasında boş qalacağam.
Dizinə baş qoyub çox yatacağam,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Ürək dəftərindən adımı silmə,
Zəmanə tez keçir, bil, ilmə-ilmə.
Qocalıq nə şeydi sən hələ bilmə,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Mən bir dilənçiyəm, sənə əl açıb,
Sevgimi geriyə istəsəm olar?
Xatırımdə ancaq məhəbbət qalar,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Unutma, tənhalıq yıxar evini,
Hələki cavanlıq yaşadır səni.
Mən hələ görmədim eşqin məhvini,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Sən məni atmısan, unutma ey yar,
Sevgiyə dönüklər sayılar əğyar,
Həyat gözlərində görünəcək dar,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Cavansan, çalış ki, xoş yaşayasan,
Qocalıq barədə düşünmə hələ,
Nə badə bir daha qocalmaysan
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Qoy nəzər dəyməsin gözəlliyinə,
Sən hələ cavansan, qal həmişə belə.
Qocalıq kəlməsin gətirmə dilə,
Qocalma, sevgilim qocalma nolar.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülyaz ƏLİYEVA – Ortaqlıq, ya qardaşlıq?

Gülyaz ƏLİYEVA

ORTAQLIQ, YA QARDAŞLIQ?

Vallahi, billahi, mən bu işə çox məətəl qalmışam, Müstəqilliyin illərlə arzusunda olmuşuq, niyə? Çünki, müstəqil dövlət heç kəsdən asılı olmayan, öz milli-mənəvi dəyərlərinə özü sahib çıxan, nə siyasətdə, nə iqtisadiyyatda heç kəsdən asılı olmayaraq qanun və qərarlar qəbul edən, öz dili, pulu, himni, gerbi, ordusu olan dövlətdir. Öz torpağına, vətəndaşına və dilinə sahiblik müstəqil dövləti şərtləndirən əsas xüsusiyyətlərdəndir. Şükür, biz müstəqilliyin çətin yollarında addımlayaraq bütün bunlara sahib oluruq, ərazimizə sahib çıxır, işğal olmuş torpağımızı geri alaraq qoruyur, bərpa edir, bayrağımızı yenidən əzəmətlə ucaldırıq. Və bu, bizim dövlətimizin bölgədəki müstəqilliyinin nüfuzunu get-gedə artırır və dünya dövlətləri artıq onunla hesablaşmağa başlayır. Bununla yanaşı, müstəqillik dönəmində ölkədə ana dilinin işləkliyi, istifadəsi ilə də bağlı da bir sıra qanun və sərəncamlar verilir. Doğrudur, müstəqillik əldə etdikdən sonra əcnəbi dildə yazılı reklamlar ölkəni daha çox başına alaraq, ana dilimizi obyekt adları və reklamlardan daha sürətlə sıxışdırnağa başladı. Amma inanırıq ki, görülən tədbirlər, xalqın ziyalılarının çoxsaylı müraciətlərindən sonra bu yöndə irəliyə doğru müsbət addımlar atılacaq və istər Bakı şəhəri, istərsə də regionlarda reklam və obyekt adları əcnəbi dillərin işğalından qısa müddətdə təmizlənəcək.

Bizim dilimiz çox zəngin və hər cür fikri – istər diplomatik, istər bədii və publisistik fikri ifadə etməyə qadir zərif və çoxşaxəli, əhatəli bir dildir.

Azərbaycan dili türk dilləri ailəsinə mənsub, ədəbi dil baxımından çox inkişaf etmiş, oz sabit fonetik, leksik və qrammatik qayda-qanunları möhkəmlənmiş, sabitləşmiş bir dildir. Vaxtilə  hətta Azərbaycan türkcəsi nəinki türklərin, hətta Qafqazdilli xalqların da ortaq dili olub. Ruslar Qafqaza gəlməmişdən bu bölgənin xalqları həmin ortaq dildə danışırdılar. Bu haqda çoxlu faktlar var və onun  fransız dilinin Avropadakı mövqeyi ilə müqayisəsi hamımıza məlumdur.

Əslində Azərbaycan türkcəsi türk dilləri içərisində kökünə daha çox bağlı olan, leksikası çox da dəyişikliyə uğramayan ən gözəl və ən mükəmməlidir, lakin biz bunu təbliğ edə bilirikmi? Anadolu türkləri müəyyən dönəmdə öz kökündən daha çox uzaqlaşıb, öz leksikasına daha çox əcnəbi sözlər daxil edib, nəinki biz. Əslində onlar bizdən çox söz götürə bilərlər, lakin etmirlər. Bunun da müxtəlif səbəbləri var. Bir tərəfdən Türkiyə 600 il imperiya olmuş dövlətdir deyə digər türk xalqlarına bir az böyük qardaş kimi baxır. Digər tərəfdən də biz sanki hər zaman kiçik qardaş olmağa öyrəncəliyik. Öz dilimizi təbliğ etməkdənsə, hansı dilinsə hegemonluğunu qəbul etməyi daha asan yol hesab edirik. Bu gün Güney Azərbaycanda olan türkçülük, dilinə sahib çıxma, onun uğruna dirəniş nə Quzey Azərbaycanda var, nə də Türkiyədə. Niyə mən bu barədə danışıram? Çünki hazırda yenidən gündəmə gələn  mövzulardan biri də ortaq türk dilinin yaradılması məsələsidir ki, bu barədə  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin APA-ya müsahibəsində oxuyuruq:

“- Məşhur alimimiz Afad Qurbanov bu işlə (Ortaq türk dili -G.Ə) peşəkar məşğul olurdu. Bununla bağlı layihə də hazırladı. Ondan sonra müxtəlif alimlər bu işlə məşğul olub. Bu günə kimi iş gedir. Burada müəyyən əngəllər var. O xalq udacaq ki, iqtisadi cəhətdən güclüdür. Hesab edirəm ki, Anadolu türkcəsi bütün türkdilli xalqlar üçün ortaq dil ola bilər. Türkiyə iqtisadi cəhətdən bütün türk dövlətlərindən güclüdür. “Kayu” cizgi filmi evlərə girəndən sonra balaca uşaqlar da türkcə danışmağa başladı. Bu gün İranda yaşayan soydaşlarımız da bizə meyllənmirlər, onlar da Türkiyə türkcəsində danışırlar. Zaman yolumuzu ora aparır. Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir. Digər türk dövlətlərindəki yeni nəsil Anadolu türkcəsində çox söz işlədir. Düşünürəm ki, ortaq dil məfhumu yaransa, bu, Türkiyə türkcəsi olacaq. Lakin bu prosesin yekunlaşması uzanır.”

Məncə, ortaq dil məsələsi çox ağır mövzudur: “Onun incəliklərini bilmədən “ortaq dil yaradaq”, “birləşək” şəklində şüarlar verməklə iş getməz. Bu, çox ciddi araşdırma, üzərində çox ciddi işləmə tələb edən böyük problemdir. Dərindən düşünməmiş belə bir mövqe tutmaq dilimizin məhvinə aparıb çıxara bilər. Dilini sevən, onun dəyərini, incəliklərini bilən heç bir dilçi, məncə, bu fikrə düşməz.

Niyə axı biz M.Ə.Sabir demiş:

Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi, bir ay gəlməmiş?…

Bu yerdə C. Məmmədquluzadənin sözləri yadıma düşdü, ortaq əlifbanın qəbulu ilə bağlı dediyi sözlər…mən xoruza horuz deyə bilərəm, amma xəstə ölür, son nəfəsidir xırıldayırı, necə xəstə hırıldayır demək olar axı?!

Axı nəyə görə Sovet dövründə ruslardan qoruyub inkişaf etdirdiyimiz dilimizi müstəqillik dövründə “özümüzünkülərdən” qorumaq müşkülə çevrilib?!. Hərəsi dilin başına bir oyun açır. Bilmirsən, bu qəsdən, bilərəkdən, planlı şəkildə görülən bir işdir, ya düşünülmədən, təsadüfən olan bir iş. İndi dili sanki elə dilçilərdən qorumaq lazım gəlir! Nəyə görə?

“Kayu” cizgi filmini evlərə salıb yuxarı başa keçirməkdənsə,  balaca uşaqların öz ana dilinə sevgi yaradan cizgi filmlər çəkməyi, özümüzü, öz dilimizi təbliğ etməyi düşünmürük?! Bu yolla İranda yaşayan soydaşlarımızı da özümüzə meylləndirmək, təsir etmək əvəzinə onların da Türkiyə türkcəsində danışmasına rəvac veririk? “Kayu” cizgi filmini sıxışdıracaq, uşaqlarda maraq oyadacaq, kökümüzə soyumuza bağlayacaq, dilimizi, özümüzü sevdirəcək “Kitabi – Dədə Qorqud”un motivləri əsasında bir cizgi filmi çəkməyi, cənublu qardaşlarımıza da arxa olmağı niyə düşünmürük axı?! Kimdir bizə mane olan? Zamanın yolumuzu başqa yerə aparmasına deyil, bizimlə birləşməyə gətirməsi üçün iş görmək, çaba sərf etmək lazımdır. “Allahdan buyruq, ağzıma quyruq”la iş getməz! “Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir”. Bizim iqtisadi qüdrətimizə nə gəlib? Niyə çalışmırıq ki, yeni nəsil Anadolu türkcəsində “anahatar”a meyl etməkdənsə, elə türklərdə də bizim işlətdiyimiz “açar” sözü işlənsin? Bizim müstəqil dövlətimiz var, Cənubda isə dilimizə sevgi çox artıb. Biz, Dərbənddən Həmədana, Bakıdan Kərkükə, Qarsa, İğdıra qədər Azərbaycan türkcəsinin inkişafına çalışmalıyıq. Şübhəsiz, bütün Türkiyəyə sevgimiz var və onlarla qaynayıb-qarışmada heç bir problemimiz yoxdur. Eləcə də Kərkük, Xorasan, ya Qaşqay türkləri ilə də.

Amma hər şey  qarşılıqlı olmalıdır. Yoxsa, indidən hegemonluğu kiməsə verməklə razılaşıb oturmaq düzgün dil siyasəti deyil, məncə.

Azərbaycanlı kimliyi, Azərbaycan dili bizə doğmadır. Ancaq bunu Türk kimliyindən və dilindən kənarda təsəvvür etmirik, bərabərhüquqlu qardaşlar olaraq təsəvvür edirik. Eyni atanın oğulları kimi. Daha böyük-kiçik qardaş misalı ilə yox. Böyük qardaşdan ağzımız bərk yanıb axı…

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.

Yüz il bundan qabaq M.Ə.Sabir deyirdi:

“Osmanlıdan türkə tərcümə” – bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.

Sabir türkcə deyəndə Azərbaycan türkcəsini nəzərdə tuturdu. O zaman Osmanlı türkcəsi Azərbaycan türkcəsinə baxanda daha anlaşılmaz idi. Biz Azərbaycan türkcəsini daha da inkişaf etdirməliyik, bütün sahələrdə ön plana çıxartmalıyıq. Amma bu o demək deyil ki, Azərbaycan dilinin varlığını türk dili, mədəniyyəti, ədəbiyyatından kənarda təsəvvür edirik.

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAVİD QURBANOVUN ATASI QƏNBƏR QURBANOVA İTHAF

CAVİD QURBANOV VƏ ATASI QƏNBƏR QURBANOV

CAVİD QURBANOVUN ATASI QƏNBƏR QURBANOVA İTHAF
İndi şəkillər də danışmır, susub,
Ruhunla dinirsən, Qənbər müəllim,
Kədər naləsini qəlblərdən asıb,
Qəlblərə dağ basdın, Qənbər müəllim.
* * *
Yasını de necə saxlayaq indi?
Yoxluğun çox pisdi, Qənbər müəllim.
Haqqında danışıb nələr deyərdim?
Nitqim də kəsildi, Qənbər müəllim.
* * *
Qəfildən getdiniz, de niyə belə?
Cənnətmi tələsik çağırdı sizi?
Əzəldən hər kəslə halallaşdınız,
Xəbərsiz gedişin çox üzdü bizi.
* * *
Üzünün nurunu torpağa tökdün,
Torpağını nura boyadan əmim,
Bağrımı de niyə bu boyda sökdün?
Ağrını içimdə oyadan əmim…

Müəllif: Şəlalə CAMAL

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülyaz ƏLİYEVA – Kimin vecinədir?

GÜLYAZ ƏLİYEVA

KİMİN VECİNƏDİR?

Müstəqillik dövründə televiziyadan gözləntilərimiz çox idi.

Öz milli-mənəvi dəyərlərimizin aliliyi qorunacaq!

Tariximizi doğru-dürüst əks etdirəcək samballı tarixi-qəhrəmanlıq filmləri çəkiləcək.

Uşaqlar bizim gələcəyimizdir. Uşaqlıqda qazanılan biliyin, öyrədilən dəyərlərin insanı ömrü boyu tərk etməyəcəyini nəzərə alaraq, tarixi qəhrəmanlarımızdan, milli-mənəvi dəyərlərimizdən bəhs edən, təmiz ana dilində səsləndirilən cizgi filmləri çəkiləcək.

Ən azından radiolarımız Sovet dövrünün yaxşı ənənələrini – “Bulaq” kimi verilişlərin ənənələrini davam və inkişaf etdirəcək.

Teatr sənətimiz Sovet dövründə özünün yüksək inkişaf pilləsində idi, bu inkişafı davam elətdirərək, müstəqil Azərbaycanın teatr sənətini daha da inkişaf elətdirərək, ən azından keçmişdə efirə gedən  “Komediyalar aləminə səyahət” verilişindən daha irəli getmiş, səhnə əsərlərindən bəhs edən teatr məktəbi yaradılacaq.

Musiqimizin çox gözəl örnək sənətkarları var idi, onların təcrübəsindən istifadə yolu ilə Azərbaycan musiqisi daha da inkişaf elətdiriləcək.

Televiziya kanalları xalqa xidmət edəcək.

Vətənpərvərlik, ana dili, təhsil təbliğ olunacaq. Televiziya verilişlərinin keyfiyyəti daha da yaxşılaşdırılacaq…

Deyir, sən saydığını say, gör bizim televiziyalar nə sayır..

İllərdir, “Bozbaş Pictures”, “Bu şəhərdə”, “Komedixana” və s. adlar altında arvad paltarı geymiş”kişi”lər xalqın zövqünü korladılar və korlayırlar. Bayağı, şit, ədəbsiz hırıltı…bəli, hırıltı, gülüş yox, illərdir, insanları buna öyrətdilər, düşüncəsiz, hırıldıyan kütlə formalaşdırdılar. Bu cür verilişlərlə “tərbiyə” alanlar  üçün xalq, dövlət marağı, milli təəssübkeşlik önəmlidirmi?  Önəmli olsaydı, Soçidə KVN yarışmasında ölkəni təmsil edən komanda erməni Rubenin təkidi ilə “Şuşa” adını “Buta” adı ilə əvəz edəcək qədər alçalmazdı. Nə vacidir ki, o adla qalıb çıxış edəsən?! Nəyə görə onların alçaldıcı təklifi ilə razılaşırsan? Şuşa adının şərəfini Azərbaycan əsgəri öz qanı, canı bahasına qoruyub qazanmadımı? Şuşa Azərbaycanın Mədəniyyət mərkəzi adını almadımı?  Əgər sən o adı qoruya bilməyəcəksənsə, sənin o adı götürməyə mənəvi haqqın var idimi ki, sonradan onu biabrçı şəkildə dəyişəsən? Sənin orada çıxışının bizim üçün nə önəmi var?!

Azərbaycanı təmsil edən “Şuşa” komandası adını ermənilərin “tələbi” ilə “Buta” olaraq dəyişənlər ermənidən artıq erməni olan KVN -cilər , məncə, qəhrəman Azərbaycan oğullarının dişi və dırnağı ilə azad etdiyi Şuşanı, şəhidlərin ruhunu, qazilərin qürurunu tapdayıblar.

Komandanın adı “Şuşa” olmsa da olar, təki erməni Ruben inciməsin, ona xoş getsin, eləmi?!. Yəqin ki, o KVN-ciləri ora gondərən dövlət qurumunun da bir izahi olacaqdır. Hər haldan bu sıradan bir hadisə deyil…

Bütün bunları “Bozbaş Pictures”, “Bu şəhərdə” səviyyəsinin acı nəticələri sanıram. Bu gün televiziyalarımızın səviyyəsin nə əks elətdirir?

Gəlin televiziya verilişlərinin birində oxunan bir mahnıya diqqət yetirək.

Bu cür mahnını yazana da, oxuyana da, televiziya kanalları vasitəsilə Azərbaycan xalqına çatdıran TV rəhbərliyi və verlişin aparıcısına da əhsən! Vətən müharibəsindən sonra televiziyalarımızda gedən verilişlər bizi çox qürurlandırır.  Tamaşaçıları tam aşağılayaq,  istədikləri cür hərəkət edirlər!   Xalqın qarşısında,  milyonlarla auditoriya qarşısında küçə söyüşü oxunmaz!

Mən bu cur kuçə sözlərindən ibarət mahnını ifa efənə də, mahnının sözlərin yazan “şairə” də bir daha əhsən deyirəm. Buyurun mahnının sözləri ilə tanış olun:

Hədlərini aşarlar,
Kəlməbaşı çaşarlar,
Arxamca danışarlar,
Mənim vecimə deyil.

Haqlı düz yolu seçər,
Haqsız olan and içər,
İt hürər karvan keçər,
Mənim vecimə deyil…

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – GÖRMƏYƏCƏKSƏN

Şəlalə CAMAL – şair, yazar.

GÖRMƏYƏCƏKSƏN
Darıxsan yanına gələ bilərəm,
Ağlasan gizlində gülə bilərəm,
Yatsan yuxuna da gələ bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.
* * *
Dindirsən çox şeyi deyə bilərəm,
Deyərək xətrinə dəyə bilərəm.
Bəlkə də qəddini əyə bilərəm,
Əysəm də sən məni görməyəcəksən.
* * *
Gəlib əllərindən tuta bilərəm,
Kədəri bir yolluq ata bilərəm.
Səninlə arzuma çata bilərəm,
Çatsam da sən məni görməyəcəksən.
* * *
Dayanıb gözünə baxa bilərəm,
Baxaraq qəlbini yaxa bilərəm.
Əyilsəm özüm də qalxa bilərəm,
Qalxsam da sən məni görməyəcəksən.
* * *
Həyatı həmişə qəliz bilərəm,
Sevgi hisslərini təmiz bilərəm.
Mən səni gözümdə əziz bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.

BÜDRƏYİB KEÇİR
Həyatın yolları keşməkeşlidir,
Kimi asta gedir, kimi bərk gedir.
Kimi keçə bilmir, dayanıb baxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Həyatı ikiyə bölən insanlar,
İkini ikiyə bölə bilməyir.
Yaşaya-yaşaya ölən insanlar,
Ruhsuz bir bədəndə ölə bilməyir.
* * *
Həyatın bir üzü əgər ağ olsa,
Mütləq digər üzü qara olacaq.
İnsanlar əbədi yaşayacaqsa,
Bil ki, ürəkləri yara olacaq.
* * *
Kimi bu yollara həsrətlə baxır,
Kimi də qəlbini yandırıb yaxır.
Kimisi yollarda əyilib qalxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi uçuruma düşür ağlayır,
Kimi ürəyini üzür ağlayır,
Kimi həyatından bezir ağlayır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi başqasının əlindən tutur,
Kimi keçmişini çox tez unudur.
Kimi yıxılana söyəyir ki, dur,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi bu yolların xəstəsi olub.
Kimi mahnıların bəstəsi olub.
Kimi bu yollarda canını qoyub,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi ürəyində min diləyilə,
Kimi başqasının köməyi ilə.
Kimi öz gücünün əməyi ilə,
Kimi də keçəndə büdrəyib keçir.

SƏNİ DƏ VƏFASIZ BİR ADAM SEVƏR
Rüzgar olub niyə əsdin qəlbimə?
Xışıltında ayrılıqdan söyləmə.
Sən özünlə bir bu qədər öyünmə,
Səni də vafasız bir adam sevər.
* * *
Bir daha mənimlə görüşə gəlmə,
Ciddi ol həmişə, mənimlə gülmə.
Məni aldatmısan, çox da sevinmə,
Səni də vafasız bir adam sevər.
* * *
Tale yollarını palçıqlı edər,
Nikbin ürəyində kədər gizlənər.
Çox özünü öyüb döşünə döymə,
Səni də vəfasız bir adam sevər.
* * *
Ayağın büdrəyər, düşərsən yerə,
Duranda gözünə görünər dərə.
Bundan sonra getsən hansı ellərə,
Səni də vafasız bir adam sevər.

NİYƏ BİZ AYRILIRIQ
Sanıram ki, bu son görüşümüzdü,
Gözlərin gözümə baxmayır artıq.
İlk görüşdən bir-birimizə bağlandıq,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Gözlərini qaçırırsan, baxmırsan,
Yox, bu sən deyilsən, qəlbi yaxmırsan.
Gedirsən, geriyə heç qayıtmırsan,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Əlimdən əlinin istisi getmir,
Sənə olan eşqim tükənib bitmir.
Gözlərin gözümün önündən getmir,
Söylə indi niyə biz ayrılırıq?

AĞLA GÖZLƏRİM
Vəfalı bildiyim vəfasız çıxıb,
Durub oğrun-oğrun ağla, gözlərim.
Sənin ürəyini uçurub, yıxıb,
Üzünə baxaraq ağla, gözlərim.
* * *
Ürəyin yanacaq, qanın donacaq,
Əlinin istisi tez soyuyacaq.
Sevənlər həmişə xoşbəxt olacaq,
Sevənlərə baxıb ağla, gözlərim.

OLSUN
Məni sevsən cavabında hə desəm,
Sonra bu sevgidən baş alıb getsəm.
Səndən ayrılmağı özüm istəsəm,
Yatdığım çarpayım məzarım olsun.
* * *
Əgər ki, sevgidə dürüst olmasam,
Ayrılan günü mən alt-üst olmasam,
Sevgi çiçəyitək təmiz solmasam,
Dayandığım yerdə baş daşım olsun.
* * *
Bütün sevənlərə bir arzum olub,
Sevib sevilənlər qoy xoşbəxt olsun.
Yaman kövrəlirsən, gözlərin dolub,
Xoşbəxtlik bizə də qoy nəsib olsun.

HEYİF
Sənə söz deməyə çox utanıram,
Onsuz da ayrıyıq, faydası nədir?
Dərdimi deməyə adam tapmıram,
Sənsiz bu həyatım puçdur, heç nədir.
* * *
Sənsiz qalmağımda səbəb özüməm,
Kaş sənə yalandan deyəydim getmə.
İndi sənsizliyə necə dözüm mən?
Sevgilim nə olar gözümdən itmə.
* * *
Nə vaxt ki, əlimdən tutmaq istədin,
Mən isə əlimi qaçırdım, heyif.
Gözümə baxaraq sevirəm dedin.
Gözümü gözündən qaçırdım heyif.

YUXULU KEÇİB
Gəlsən də görüşə ayrılacağam,
Daha bu həyatdan yorulacağam.
Tutsan da qolumdan yıxılacağam,
Ömrümün yarısı yıxılı keçib.
* * *
Öndə durmasam da arxadayam mən,
Matəmdə, yasda, ağıdayam mən,
Sən məni düşünə yuxudayam mən,
Ömrümün yarısı yuxulu keçib.

GECİKDİ
Bu ilk görüşümüz çox tələsirəm,
Həyəcan tez gəldi, sevinc gecikdi,
Həyəcandan titrəyirəm, əsirəm,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Vurulmuşam qamətinə nə işdi?
Sevənlərin məzarları behiştdi.
Çox tələsdim görüşünə tez gəlim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Gül çöhrəni görcək qəlbim sevindi,
O gülər üzünə dedim mənimdi.
Sevinc gətirəndə yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Ömür karvanıyla birgə gəlirdim,
Geciksəydim, gedəcəkdim, bilirdim.
Bu ilk görüşümüz, yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Həyat yavaş-yavaş davam elədi,
Hər kəs bu həyata nakamdı dedi.
Gecikməmək üçün tez gəlmişdim mən,
Tələssəm də ümidlərim gecikdi.

ATMASIN
Mənəm öz bəxtində taleyi kəm qız,
Bu gen dünyada mən qalmışam yalqız.
Tanrıdan diləyim bil budur yalnız,
Səni taleyimdən silib atmasın.
* * *
Bu həyat üzümə gülmədi bir an,
Öz tale, bəxtimdən olmuşam viran.
Tanrı həqiqəti etməsin yalan,
Səni taleyimdən silib atmasın.
* * *
Tək arzum bu olub yaradanımdan,
Səni əziz bildim mən öz canımdan.
Bir gün üzüm dönsə də həyatımdan,
Səni taleyimdən silib atmasın.
* * *
Səni sevdiyimi mən gizlətmirəm,
Səndən qeyrisini mən gözlətmirəm.
Allaha əl açıb yalvaran mənəm,
Səni taleyimdən silib atmasın.
* * *
Getdiyin yolların torpağı olum,
İstəsən gülünün yarpağı olum,
Qumral saçlarının darağı olum
Səni taleyimdən silib atmasın.
* * *
Gözlərin qaradı, dodağın baldı,
Bu kasıb ömrümdə məhəbbət boldu,
Tanrıya etdiyim duam bu oldu,
Səni taleyimdən silib atmasın.

UNUTSAN ƏGƏR
Sevgimlə gözünü kor eyləyərəm,
Bəlkədə bu sözüm xətrinə dəyər.
Səni el içində xar eləyərəm,
Məni bu dünyada unutsan əgər.
* * *
Sənsiz bu dünyada solaram yəqin,
Sənin də yanacaq gizlində qəlbin.
Əqlini başından alacam bir gün,
Məni bu dünyada unutsan əgər.
* * *
Qəlbini yandırıb yaxacam sənin,
Dünyanı başına yıxacam sənin,
Nifrəti gözünə sıxacam sənin
Məni bu dünyada unutsan əgər.
* * *
Dünya qucağıdan atacaq səni,
Sevgin başqasına satacaq səni,
Alahın qarğışı tutacaq səni,
Məni bu dünyada unutsan əgər.
* * *
Gecə yuxu nədir bilməyəcəksən,
Yatsan yuxunda da dərd görəcəksən.
Sən mənim eşqimlə əriyəcəksən,
Məni bu dünyada unutsan əgər.
* * *
Beynində, qəlbində mən dolaşaram,
Eşqindən dünyada mən alışaram,
Sənə qarğış edib çox danışaram
Məni bu dünyada unutsan əgər.

SEVGİMİ QƏLBİMDƏ YAŞADACAĞAM
Dağdan coşub daşan bir şəlaləyəm,
Mən böyük qüvvəyəm, çırağam, şəməm.
Məcnunun eşqindən yanan Leyliyəm,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Leylinin sevgisi yox olub daha,
Məcnunun kamanı ox olub daha,
Məhəbbət aşkarda çox olub daha,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məhəbbəti ələ salıb gülməyin,
Nakam həyat sevgisiyçün ölməyin,
Bu sevginin sonunu siz bilməyin,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnundan əbədi ayrılıb getdim,
Ömür kitabına nələr qeyd etdim…
Mən onu tükənməz eşqlə sevirdim,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnuntək səhrada səni axtarsam,
Sənsə Leyli deyib başqasını tapsan.
Başqası naminə məni unutsan,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Al, qanlı bıçağı qəlbinə vur, sanc,
Al qanlı bıçaqda minlərlə qazanc.
Daha can verirəm, sən yenə qısqanc,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Hanı uzun saçlım deyib ağlama,
Hanı qonur gözlüm deyib ağlama.
Hanı şirin sözlüm deyib ağlama,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
İsti nəfəsimçün çox da darıxma,
Sevgi həvəsimçün pərişan olma.
Sən mənim sevgimçün nigaran olma,
Sevgimi qəlbimdə yaşadacağam.

İNDİ HARDA QALDIN?
Bu sevgidən cəfa çəkdim bilmədən,
Vaxt var idi bir sən idin, bir də mən.
Tələsirdin görüşə tez gələsən,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Çox gözlədim saçlarıma düşdü dən,
Dünya gözlərimdə dəyişdi hərdən.
Sevincim dəyişdi oldu kədər, qəm,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Sən yoxsan, saçıma heç sığal dəymir,
Heç kim heç kimə bir sağ ol demir.
Sevginin saatı, vaxtı bilinmir,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Eşqim, bir dənəm, bir sən, bir də mən,
Dünya dəyişsə də mən dəyişmərəm.
Eşqim, bir dənəm, gözlərimdə nəm,
Yerini kimsəyə verə bilmərəm.

XOŞBƏXTİN XOŞBƏXTİ
Səninlə bir ömür paylaşıram mən,
Səninlə birlikdə yaşayıram mən,
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Şirin röyayam mən, bir xəyalam mən,
Bil sevinc də mənəm, kədər də mənəm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Röyayam, mələyəm, iblis deyiləm,
Sualla doluyam, qəliz deyiləm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.

ALMARAM
Əgər məndən sevə-sevə ayrılsan,
Düz gedərəm, dönüb geri baxmaram.
Nə vaxtsa üz-üzə gəlsək bir zaman,
Üz çevirib salamını almaram.
* * *
Yaddaşına yaz ki, mən Şəlaləyəm,
Heç kimi özümə tay eyləmərəm.
Sevgi üçün qürurumu əymərəm,
Üz çevirib salamını almaram.
* * *
Köksünə dağ basıb kül eyləyərəm,
Tikanı, qanqalı gül eyləyərəm,
Hər zaman sevinib, gül söyləyərəm,
Üz çevirib salamını almaram.
* * *
Sevsəm öz sevgimə dönük çıxmaram,
Dönük deyə xəyanətkar olmaram.
Sağ olunu məcbur olub alsam da,
Üz çevirib salamını almaram.
* * *
Sənsiz qalıb bu qəlbimi dağlaram,
Gecə-gündüz zari-pünhan ağlaram.
Qürur bir hissdir ki, o da məndə var,
Üz çevirib salamını almaram.
* * *
Söylə, mən ki iblisi can deyiləm,
Bu həyatda gizli cahan deyiləm.
Qəlbində gizləndim, pünhan deyiləm,
Üz çevirib salamını almaram.
* * *
İlahi qüvvəyəm, sevincəm, eşqəm,
Üç günlük ndünyada əsla çəkmə qəm.
Mən yanından düz keçəcəyəm hərdən,
Üz çevirib salamını almaram.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞƏHİD HAQQI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru