Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir
Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir. Oxu saatında “Xarıbülbül” hekayəsi balaca dostlar tərəfindən maraqla qarşılanmışdır. 2020-ci ildə Mücrü nəşriyyatında çap olunan kitabın müəllifləri yazıçı, rəssam Səkinə Z. Bağırova və Turan Novruzludur, redaktoru isə yazıçı, tənqidçi Müşfiq Şükürlüdür.
Mövzusu uşaq hekayələri olan kitabın rəssamı da nağıl qəhrəmanımız olan Nərgizgülünün anası Səkinə Z. Bağırovadır. Kitab Nərgizin babası dünya şöhrətli alim Əsgər Zeynalova ithaf olunmuşdur.
Aqşin HACIZADƏ – Şair, “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!”nin müəllifi.
“O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” – Aqşin Hacızadə
(…bir şeirin sorağıyla…)
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!
“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.
Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.
Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur…”
Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun – “Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.
“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır…”
Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə- şeiriyyət aləmi” adlı maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.
Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.
Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda, sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur…” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: – “…Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeirini sizlərə təqdim edirəm:
O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!
(“…Zor ilə ayırdılar….” Ərdoğan) Quzu kəsim şeir deyən dilinə, O şeiri bir də söylə Ərdoğan! Səs verəcək harayına qırx milyon, Hədəfinə yaman dəyib, bax, yaman, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Bircə bəndlik şeir ilə oyanıb, Təbriz indi əyaq üstə dayanıb. Əsrlərlə əsarətdən usanıb, Çalxalanır, silkələnir bax bu an, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Haqdan deyir, sevmir haqqı, düzü də, Bir şeytandı astarı da, üzü də. Zamanıdı, dağılacaq özü də, Bizi bizdən ayrı salan, ayıran, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Dilindəki şər-böhtandı, yalandı, Erməniyə mehri-ülfət salandı. İran ki var, İran deyil, ilandı, Bu “ilana” qənim olsun o Quran, * O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Yox, dolmasın Araz daha lil ilə, Axsın Araz o tay-bu tay gül ilə. Biz ki, birik millət ilə, dil ilə, Niyə axı ayrı qalsın bu məkan, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * O tay bu tay Araz üstə yol salaq, Bu birliyə alqış deyək, əl çalaq. Bəsdir daha əsarətdə alçalaq, Alçalmışıq düz iki yüz il, zaman, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran! * * * Bu ayrılıq əbədilik yad olsun, Pişəvəri ruhu daim şad olsun, * Ünvanımız bircə ünvan, ad olsun, Hey bir olsun Azərbaycan sonacan, O şeiri bir də söylə Ərdoğan, Qoy partlasın, qoy çatlasın bu İran!
Qeydlər: 1. Müqəddəs Quran kitabı. 2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri. 12.12.2020.- Bərdə ş.
Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etməkdən ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:
Füzuli virandı, izi qalmayıb, Ağdamın adı var, özü qalmayıb. Yaram var sinəmdə, yox, sağalmayıb, Xocalım inləyir, Şuşam can verir, Vətən oğullara silahlan deyir.
Və ya
Söyləyə bilmirəm dildə arzumu, Ağzımdan alırlar halal ruzumu. Özüm öz əlimlə tutub ağzımı, Boğula-boğula yaşayıram mən. * * * Narahat çırpınır rahatlıq tapmır, Hər əlim yetənə ürəyim yatmır, Ürəyim deyənə əllərim çatmır, Yaxıla-yaxıla yaşayıram mən.
Digər bir nümunə
Bu dil mənim dünyada Türklüyümü bildirir, Cürətimi, əzmimi, sərtliyimi bildirir. Neçə ağır döyüşdə mərdliyimi bildirir, İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim. Ay mənim doğma dilim, ay mənim ana dilim.
Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:
Gen gün üçün qoçumuz çox, Şirinindən acımız çox. Günahımız, suçumuz çox, Tanrı bizi bağışlamaz. * * * Nə qədər ki, qalxmamışıq, Ələ silah almamışıq, Yurda övlad olmamışıq, Tanrı bizi bağışlamaz.
Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçünAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.
Hələlik bu qədər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.-Bakı ş.
BƏYLƏR, KƏRAMƏTİ ÖLDÜRMEYİN! Bu gün şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət haqqında yazdığı şeiri oxudum və çox təsirləndim. Kəraməti illər əvvəl atası Qəşəm Nəcəfzadə ilə birlikdə gördüm. Saçları dolaşıq olan bir gənc oğlan Türkiyədən bir neçə yazıçı qarşısında dayanmadan danışırdı. Atası isə, əlbəttə ki, heyranlıqla gülümsəyərək onu seyr edirdi. Hər dəfə Kəramət haqqında nəsə eşidəndə o səhnəni yadıma salıram: Üsyankar, dayanmadan danışan oğul və sakit, ürkək bir ata … Bəlkə də atası Kəramətin o dəqiqə canlı və iddialı münasibəti ilə fəxr edirdi. Sosial mediada Kəramətlə dost idik. Amma uzun müddətdir ki, onu dostluqdan çıxartmışdım. Səbəb onun üsyankar ruhu və ya bəzən mənasız danışması deyildi. Ən önəmli səbəb belə istedadlı bir gəncin gözümün önündə məhv olması idi. Sosial şəbəkələrdə belə onu izləməyə dözə bilmədim. Bəzən üsyan edərək cəmiyyətin hörmət etdiyi Xəlil Rıza, Elçibəy və Vahapzadə haqqında ağzına gələni danışırdı. O vaxt qulaqlarımı və gözlərimi bağlayırdım. Mən niyə belə etdiyini bilirdim, amma nədənsə Azərbaycan cəmiyyətinin bir hissəsi bunu bilmirdi və ya bilmək istəmirdi. Yazılarımdan birində yazdım: Buddan soruşdular: “Sən kimsən, tanrı, peyğəmbər və ya filosof?” Budda dedi: “Xeyr, mən oyanan adamam!” Kəramət oyanmış adam idi, amma zəif idi. Nazım Hikmət bir dəfə Türkiyədə oxşar işlər görmüşdü. Məhmət Akif və Abdülhak Həmid kimi böyük şairlərin fotoşəkillərini qəzetə tərs qoyaraq çap etdirdi və altına aşağıdakıları yazdı: “Biz bütləri yıxırıq!” Lakin Nazım cəmiyyətə və cəmiyyətdəki güc mərkəzlərinə qarşı üsyan edərkən, üzərində dayandığı bir ideologiyaya sahib idi. Marksizmə din olaraq inandı və heç vaxt Kəramət kimi yıxılmadı, özünü spirtə atmadı. Müqavimət göstərdi, həbs edildi və bütün üsyanlarını dünyaya elan etdi. Təəssüf ki, Azərbaycan cəmiyyəti üsyanı həmişə yalnız “Kefli İskəndər”in qəhrəmanı ilə eyniləşdirdi. Nədənsə cəmiyyət, Nesimi və ya Pir Sultan Abdal kimi üsyan etmək ənənəsini yaşada bilmədi. Yalnız üsyanlarını deyil, inanclarını və dünya görüşlərini də yaşada bilmədi. Ötən əsrdə yaradılan yeganə “qəhrəman” “Kefli İskəndər” idi. Şairlər və yazıçılar cəmiyyətdən şikayət edəndə dərhal `Kefli İskəndər`in rolunu öz üzərinə götürdülər. Çünki bu rol çox asan idi. Şərab şüşəsi və öz xalqının qarşısında axmaqcasına gülmək! Nə ciddilik, nə mübarizə, nə də təklif olunan bir həll … Sadəcə sərxoşluq, lağ etmək və gülmək … Əvvəlcə dünyada cəmiyyəti dərindən təsirləndirən və sarsıdan qəhrəmanların həyatına və həmçinin Kefli İskəndərin roluna baxın… Kefli İskəndər ilə qələmi və diliynən xalq kütləsini ayağa qaldıran savadlı qəhrəmanları bir araya gətirin! Hər şeyi rədd edən, bütün əxlaqi dəyərlərə laqeyd yanaşan, xalqını cahil və 21 -ci əsrdə, hələ də “Danabaş Kəndi”nin sakinleri kimi görən bəzi insanlar, onların yerinə hansı fikri, hansı tərbiyəni, hansı mənəvi dəyəri yarada bildi? Xarici təsirlər altında və çox şey bildiyimizi düşünərək olanları da birlikdə məhv etdik. Amma bilirik ki, xalq adlandırdığınız kütlələr inancsız və hər şeyi rədd edən bir dünyada yaşaya bilməzlər. Ya hamısına iman yeri verməlisən, ya da hər gün iradəsini antidepresanlarla gücləndirməlisən. Biz bunları etməmişik və etmirik də … Amma dərhal üsyan bayrağını qaldıranlara baxırıq və onları Kefli İskəndər olaraq ələ salmağa başlayırıq. Eşitmissinizdir. Bəzi balıq növləri özlərini sahilə ataraq kütləvi intihar edirlər. Bilmirəm niyə belə edirlər. Bəlkə də yaşamaqdan bezdilər və ya dənizə üsyan edirlər. Bəlkə də onların dünyasında da haqsızlıqlar var! Dünyanın heç bir yerində bütün insanlar bir araya gələrək balıqlar kimi intihar etməzlər! Amma Mövludlar, Kərametler cəmiyyət adına ağlayır, Kefli İskəndər olur və özlərini öldürürlər! Bəzilərinin söylədikləri kimi sadəcə onların valideynləri günahkar deyil. Onların günahkarı sən, mən, biz, bütün cəmiyyətdir. Öz mənəvi zəifliklərinə baxmayaraq, bu gənclərin yaşadıqları cəmiyyət də onların faciələrindən məsuldur. Əyləncədən, puldan, geyinməkdən, yeyib -içməkdən doymayan insanlar qarşısında Keramətin etdikləri normal bir vəziyyətdir. Çünki bu cəmiyyətdə heç kim özünə sual vermir, heç kim “bir günah sənindir, bər günah mənim” demir. Bu cəmiyyətdə heç kim “bu qədər istedadlı bir gəncin niyə bu hala düşdüyünü” düşünmür Cəmiyyətin bir hissəsi pul hərisliyi, tamahkarlığı, əvlərinə çəkdikləri beş metrlik divarlarla, cəmi 18 yaşında uşaqlarına verdikləri bahalı avtomobillərlə Mövlud və Kəramətlərin ümidlərini qırdılar. Onları ya ölməyə, ya da spirt bataqlığına göndərdilər. İndi yeni bir Kefli İskender yaratmaq rahatlığı ilə qeybət edirlər. Çox oxuyan(!) çox şey öyrənən(!) və ən qısa müddətdə hər şeyə nail olan bu adamlar bu xalqı narahat edir. Cəmiyyətin bütün dəyərlərini tapdaladılar. Ailə, mənəvi dəyərlər, adət -ənənələr, hörmət, ehtiram, müəllimlik, qonşuluq məhv edildi! Pul, güc, səlahiyyət və yalan hər şeyin açarı oldu. Yeyib -içən, firon kimi gəzən insanlar cəmiyyətin bütün dəyərlərinin təməlinə dinamit qoyurlar. Nədənsə, Azərbaycanda ən çox nifrət etdiyim sözlərdən biri, “O, yeyən və içən adamdır.” İfadəsi idi. Nədənsə sadəcə azərbaycanda “yəmək içmək” sözü içimdə xalqı istismar etmək kimi bir hiss yaratdı. Amma ümidsiz deyiləm. Hər dövrdə həmişə “Kral çılpaqdır” deyəcək bir uşaq olacaqdır. Məsləhətim budur ki, Keramətə gülməyin, onu öldürməyin, onu təhqir etməyin, onu qınamayın! Kəramət kimi istedadlı cavanlara iman, iradə, ümid verin və onların, hamını qürurlandıracaq qəhrəmanlar olmalarına kömək edin! O zaman siz və övladlarınız həm özünüzlə, həm də cəmiyyətinizlə qürur duyacaqsınız və Kəramətlərin günahını vicdanlarınızın üzərində əbədi olaraq daşımayacaqsınız! Əks halda Kəramətin günahı bütün cəmiyyəti sarsıdacaqdır.
YUXULARDAN OYANMAQ… (Kəramət Böyükçölə) Anana demişəm, Pişık çırmaqlayan dizindən danışmasın. Əmiziyini xatırlatmasın, Qolundakı xalını yadıma salmasın… Doğum evində demişdim ki, Körpəmiz dəyişik düşər. Demişdi, qolunda qara xalı var, qorxma… Bəs böyüyəndə, Sən kimlə dəyişik düşdün, oğlum? İndi deyirəm o xalı Yaddaşımdan pozsun. Bütün xatirələrini Birdəfəlik büküb Palazın alta qoysun. Mənə Bir dənə xatirəni göstərməsin. Işə bax, Göbəyin quruyub düşəndə İlk kitabımın arasına qoymuşammış… Bu axşam anan göstərdi mənə. Süd dişini hələ də saxlayırammış, Yapışıb kitabın son vərəqinə. Evdə atıla –atıla yeriyərim ki, Ayaq izlərini əzməyim. Şirin yuxulardan oyanıram ki, ləzzətlə səni gözləyim. Evimiz elə böyükdü ki, Anan məni axtarır evdə. Oyunçağı olmayan uşaqlara bənzəyirik, Yuxuya gedirik, hərəmiz bir güncdə. Gəlib indi görsən, ağlarsan Səpmişik evə sənin uşaqlıq şəkillərini, Şəkillərlə oynaya – oynaya Yuxu bizi aparıb… Göbəyin və süd dişin ananın əllərində Balaca süd şüşəsi yırğalanır sinəmdə…
VƏSSALAM Zaman bizi dəyirmaninda üyüdüb, Ələyində ələyib, xəlbirindən keçirib Mindirir karivana tapsırır sarivanana Göndərir gedər- gəlməzə
Gələn qala biıməyib, gedən gələ bolməyib. Yığdığın aparan yox , Dünya tamam dəyişib, Dünyaya gələn az , gedən çox. Qsrşıda iki yol var , Vənnət cəhənnəm yolu. Hamı özü ilə aparır , Çiynində yazdırdığı, Bir sağı,bir də solu. Nə var ay insan, nə qovhaqovdur, nə qaphaqapdır, Hamının ki yeri Axırda gordur, Vəssalam…
İSTƏYİR Göylər məni yaman çəkir özünə, Deyəsən verdiyin geri istəyir. Ruhum səmaları ,cismim torpağı, Payıma yazılan yeri istəyir. * * * Bu boyda dünyaya sığışmıram mən, Sıxılır,darıxır ruhum bədəndə. Deyəsən,azadlıq istəyir məndən, Əslində yamanca yorğunam mən də. * * * Dünyanın şələsi elə ağırdır, Yaman yorulmuşam çəkə bilmirəm. Nə qoyub getməyə ixtiyarım yox, Nə də ətəyimdən tökə bilmirəm. * * * Gözlərim dikilib ulduza,aya, Xəyalım göylərdə piyada gəzir. Yalın ayaqlarım qərib dünyada, Nabələd yollarda karıxıb qalər. * * * Niyə cəzb eləyir məni bu göylər, Niyə xəyalımı çəkir özünə. Deyəsən tapmışam ,yanılmıramsa, Düşmüşəm bir ,,gizli,, yolun izinə.
BİZƏ YETİM DEMƏYİN Mənə yetim deməyim,mən şəhid balasıyam, Qarayaylıq anamın ürəyi şan-şan olar. Atam şəkildən baxar,ruhu sizdən inciyər Axı narahat olsa,qəbri od tutub yanar. * * * Mən daha böyümüşəm, çox da ki beş yaşım var, Atam gedənddə deyib evin kişisi sənsən Nənəm hey ağıadıqca basır məni bağrına Deyir gözümün nuru oğlumun əvəzisən * * * Ayam şəhid olandan sonra doğuldu bacım, Otuz yaşlı anamın ismət qalası kimi. Bacımsa tanıyacaq atamı şəkillərdən. Meçə-neçə şəhidi şəhid balası kimi. * * * Bizə yetim deməyin,biz şəhid balasıyıq, Tarixi yazanların xalqa əmanətiyik. Məzarı da torpağa əsgər kimi düzülən, Tarixin qsn yaddaşı,millətin qeyrətiyik.
İtkin düşən əsgərim qalib. Başına dolanım ay dağım,dərəm, Səndə itkin düşən əsgərim qalıb. Üstüaçıq yatıb yaş torpaq üstə, Evimin dirəyi ,sərvərim qalıb. * * * Düşməndən qisası alıb dincəlir, Meylini dağlara salıb dincəlir. Balam şəhid adın alıb dincəlir, Ruhumun qidası ,ülkərim qalıb. * * * Dumanı üstünə çək üşüməsin, Elə bas bağrına bük üşüməsin. Özün al qoynuna tək üşüməsin, Dizimin taqəti,hünərim qalıb. * * * Özün laylasını çal rahat olsun, Yaralı könlünü al rahat olsun. Sən Allah qeydinə qal rahat olsun. Səndə şəhid adlı əsgərim qalıb.
QADIN (Nigar Rəfibəyliə) Bir şair ömrünü yaşayan qadın, Bir ana adını daşıyan qadın, Bir ömür yoldaşı böyük ustadın, Bu üçbucaqlının mərkəzində sən, Bərabər hissənin tənbələnisən. Ana bucağından qalan məsafə, Şair bucğına bərabər gəlir. Ömür-gün yoldaşı olan bucağdan Könlümü oxşayan bir səs yüksəlir. ,,Ala gözlüm səndən ayrı gecələr, Bir il kimi uzun olur eyləyim.,,
2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zənzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb.
Bu barədə İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat verib.
Tədbirdə qeyd olunub ki, Abdulrazak Gurnah “müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə” bu mükafata layiq görülüb.
Ədəbiyyatımızın fədakar dostu İmdat Avşarın əsərləri
Uluslararası Kitab Fuarında
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6 – 10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərinə görə bu il “Nizami Gəncəvi” mükafatı ilə təltif olunmuş Ədəbiyyatımızın fədakar dostu və yorulmaz təbliğatçısı, çağdaş türk ədəbiyyatının ən başarılı və özgün imzalarından olan İmdat Avşarın əsərləri də Beynəlxalq Kitab Sərgisində yer almaqdadır. “Övliya Çələbinin izi ilə Azərbaycan” torpağını ata yurdu doğmalığı ilə qələmə alan İmdat Avşarın imzası Azərbaycan oxucularına olduqca əzizdir. Tanınmış yazara həsr olunmuş guşədə “Çiğdemleri solan bozkır”, “Soğuk rüya”, “Güvercin sevdası” kimi türkcə kitabları ilə yanaşı Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsində “Mütərcim” nəşriyyatında yenicə işıq üzü görən “Göyərçin sevdası” kitabı da var. Xatırladaq ki, sərgidə yer alan bu kitab İmdat Avşarın Azərbaycan türkcəsində yayımlanan ikinci kitabıdır.
Şairin xoşbəxt uşaqları ilə birlikdə qayığa minirəm və bir quş kimi mavi dənizin üstündə uçuram.
Divanu Lügati’t Türkdə “təniz” olaraq adlandırılan bu mavi dünya, hansı şairi arxasınca aparmadı ki?
Tevfik Fikrət:
“Bir çocuk ruhu kadar şimdi münevver, lekesiz, Uyuyor mai deniz”.
Yahya Kamal:
“Yürü! Hür maviliğin bittiği son hadde kadar! İnsan, alemde hayal ettiği müddetçe yaşar”.
Orhan Vəli:
“Bakakalırım giden geminin ardından Atamam kendimi denize, dünya güzeli Serde erkeklik var, ağlayamam!”
Yalnız onlarmı? Cahit Sıtkı, Fazıl Hüsnü Dağlarca, Edip Cansevər, Turqut Uyar həmişə əbədiyyət, azadlıq və ya dənizin mavisində sevgililərinin gözlərini axtarmışlar. Mistik şair Nacip Fazıl təqvim vərəqindəki şəkildən mavi dənizi axtarır:
“Yüzüme o resimden, Köpükler vurdu sandım. Duymuş gibi tıkandım, Ciğerimde bir yosun. Artık beni kim tutsun. Denizler oldu tasam, Yakar onu bulmazsam!”
Laçında doğulan, amma dənizin mavisində eşqin rəngini görən şair Nazim Əhmədli də, Türkiyədəki şairlər kimi, eşqinin fəryadını dənizlə bölüşür:
“ruhum əsir oldu, harda, babam diksindi, məzarda; ürcah oldum, uzaq yurda, sevdim, uzaq bir dənizi”.
Uzaq dənizlər əslində, əlçatmaz arzulardır. Keşiş atası ilə birlikdə itən Əslilər, dəyişən və pisləşən bir dünyada yenidən doğulmaq arzusundadırlar. Həssas qəlbi olan şair, nəinki uzaq dənizi sevir, həm də göyə baxır, buludlarla danışır və xəyal dünyasında gələcəyin gözəl günlərini bir bostan kimi əkir:
“göydə bulud ləliyir, damcı-damcı çiləyir; fələk tumu ələyir, mən də, bostan əkirəm;”
Nədənsə, hər dəfə Nazim Əhmədlinin şeirlərini oxuyanda ağlıma alman şairi Rilke gəlir. O da, solğun və utancaq sətirləri ilə şeirlərində şəkillərə fərqli mənalar verirdi. Simvolik reallıq, ən sadə formada, fərqli mənaları görünən varlıqlara aid etməkdir. Bir çiçək, bir uşaq və ya əsən bir külək, axan su, bir dağ zirvəsi Rilke və ya Nazim Əhmədli kimi şairlərin gözündə tamamilə fərqli formalar alır:
“daşı, ağacı qara, göyüzü para-para; suyu çəkilib hara bir ölü dənizi var;”
Nazim Əhmədlinin şeirlərində zaman-zaman xalq şeiri üslubuna yaxın şeirləri də görmək mümkündür. Onun bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, XVII əsrin böyük şairi Qaracoğlandan oxuyuram:
“gəl gizlicə çıxıb gedək, bağçanızın gül yerinə; mənə bir şeir bəstələ, oxuyaq, bülbül yerinə;”
Sözlər öz yerindədir, axıcıdır və musiqisi ilə insanlara rəhbərlik edir. Belə sadə görünən çətin şeirləri yalnız ustad şairlər həyata keçirə bilərlər. Qısa müddət əvvəl şair Nazim Əhmədlinin “Uzaq dənizi sevdim” kitabı Almaniyada nəşr olundu. Yusif Savalan kitabdakı qırx şeirin səkkizini tərcümə etmişdir. Qalan 32 şeiri mən tərcümə etdim və türkoloq K.H.Kielin redaktəsiylə kitab çap olundu.
Nazim Əhmədli alman dilində nəşr olunan kitabında uzaq ölkələrdən, uzaq dənizlərdən və itkin sevdiklərindən bəhs edərkən, uşaqlıqda yaşadığı kəndin görüntüsünə diqqət çəkir. Onun hər şeirində uşaqlıq həsrətinin səsini eşitmək və görmək mümkündür. Kitabda əsasən təbiət, sevgi və mistisizm mövzusunda şeirləri olan şair Əhmədli insan ruhunu əhatə edən şeirlərində çox uğur qazanır. Şeirlərində işıq, ümid və gələcəyə inam onu bədbin bir ümidli şairə çevirir. Onda təbiətin rəngi daxili duyğularla qarışıb. Sevgi haqqında danışarkən, təbiətin daxili sistemindəki harmoniyadan daha çox simvolları nəzərdə tutur.
Şairin ana dilinə olan sevgisi yüksəkdir. Hisslərini şeirlə ifadə edərkən dili olduqca səlisdir. Zaman zaman yerli dildən istifadə edən şair, şeirlərinin bu şəkildə yadda qalmasını da asanlaşdırır. Bəzən bir güllə sanki insanla danışır kimi danışır. “Çiçəklər yetim qaldı” şeirində bir bitkinin şeirin axıcılığında özünü necə ifadə etməsi heyrətləndiricidir:
“deyir, nə dərdim qalıbdı, külək bir ötüm qalıbdı; çiçəklər yetim qalıbdı, bulud naxır-naxır gedir;”
Torpağın, çiçəklərin, böcəklərin və quşların dilində danışan şair tez -tez gözlərini özünə çevirir:
“bilmirəm, nədir bu səs, içim boşca bir qəfəs; min ildi, nəfəs-nəfəs, canımı bir dərd sökür;”
Əminəm ki, alman oxucular da Azərbaycandan gələn bu yəni melodik səsi eşidəcəklər.
Norveçli yazıçı Raqnhil Thori Nizami Gəncəvinin əsərlərindən danışır
Norveçli yazıçı Nizami Gəncəvinin əsərlərindən danışdı
Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.
Həftəsonu məktəbinin müəlllim, şagird və valideynlərinin iştirak etdiyi görüşə onlayn format vasitəsilə Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova, şair-pedaqoq Zaur Ustac, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və şagirdləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız qatılıblar.
Tədbirin qonağı qüdrətli söz ustadının əsərlərinin araşdırmaçısı, “Leyli və Məcnun” əsərindəki aforizimlərdən uşaqlar üçün kitab hazırlamış norveçli yazıçı Raqnhil Thori olub. Tədbiri giriş sözü ilə açan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Alıyev şairin irsinin zənginliyindən və yeni nəslin təlim-tərbiyəsində Nizami dəyərlərinin tədrisinin vacibliyindən danışıb.
Azərbaycan xalqının misilsiz ədəbi xəzinə yaratmış Nizami Gəncəvi kimi parlaq şəxsiyyətə malik olmasını böyük xoşbəxtlik adlandıran Raqnhil Thori belə mükəmməl irsi araşdırmağa başladığı üçün çox məmnun olduğunu, bu məqsədlə il ərzində iki dəfə Azərbaycana səfər etdiyini söyləyib. Yazıçı dahi şairin yaradıcılığı ilə ilk tanışlığının Gəncə şəhərində olarkən ona hədiyyə edilən “Leyli və Məcnun” poemasından başladığını və bu əsərdən çox təsirləndiyini nəzərə çatdırıb. Əlavə edib ki, “Leyli və Məcnun” poeması məhəbbət və qadın azadlığı mövzusunda dünyada yazılan ən gözəl əsərlərdən biridir. Fotolar:
Tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığının Avropa oxucusuna belə mükəmməl formada təqdim edilməsini milli ədəbiyyatımıza dəyərli töhfə və ədəbi irsimizin dünyada tanıdılması üçün gözəl vasitə kimi qiymətləndiriblər. Görüş məktəblilərin ifasında Nizami yaradıcılığından nümunələrin sələndirilməsi ilə yekunlaşıb.
Tədbirdən sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Norveç Azərbaycanlıları Koordinasiya Şurası dahi şairin əsərlərindən və aforizimlərindən ibarət kitabın Norveç dilində nəşr olunması barədə qərar qəbul edib.