ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü
OTUZ İKİNCİ YAZI
Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.
Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.
İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.
QISA ARAYIŞ. . Əli bəy AZƏRİ (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.
O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.
Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.
Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.
HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏ, ƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.
PARALELLƏR
Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…
O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”
Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.
Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.
MƏZMUN
Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.
Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.
ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK
Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.
VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX
Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.
Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.
Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?
“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.
“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.
Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…
Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…
Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.
Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.
HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.
Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.
1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.
Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.
ƏSƏRİN ƏHƏMİYYƏTİ
Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi Zəngilandadır. Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.
Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!
Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…
And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!
04.04.2021 – Bakı.
QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.
BAHAR TƏNHALIĞI Demişdin, alçalar çiçəkdən çıxsın, Gələcəm, ilk gələn qaranquşla mən. Deyir, heyvalar da ta çiçək açıb… Hardasan, vəfasız, bəlkə gələsən!? * * * İndicə bir foto aldım dostlardan, Bu günə, sabaha açar yasəmən… İtib bu sevdanın qibləsi, səmti… Kim azdı bu yolda, mənmi, yoxsa sən? * * * Bahar çiçəkləri arı görmədi, Arımı gecikir, gülmü tez açıb? Sənin olmadığın hər ana heyif, Sənsiz bu dünyanın ləzzəti qaçıb… * * * Sənsiz bu dünyanın ləzzəti qaçıb… 13.04.2022. – Bakı.
Həmişə yerli yazarlar barədə tənqid görəndə günahı bir az da özümüzdə axtarmalı olduğumuzu düşünürəm.
Adətən bu tənqidlər müxtəlif səpkilərdə olur; maraqlı yazmırsınız, mövzular köhnədir, yaman şikayət edirsiniz və sair, və ilaxır.
Allah tərəfi, bir çox məqamlarda bu tənqidlərlə razılaşıram. Hərdən mən də aramsız şikayətlərdən yoruluram, nəyisə dəyişməli olduğumuzu düşünürəm. Bir dönəm hamı ağız-ağıza verib şikayətlənirdi. Yerli yazarlar arasında şikayət etmək yoluxucu xəstəlik kimi durmadan yayılırdı. Kimi dindirirdin tiraj azlığından, qonorarsızlıqdan, nəşriyyat sisteminin yoxluğundan ürək ağrısıyla danışırdı. Türklər demiş, bir ara yerli müəlliflərə bir toxunan min ah eşidirdi.
Haqsız idilər? Əlbəttə ki, yox. Mütləq nələrisə dəyişmək lazımdır.
Bakıya gələndə tez-tez kitab dükanlarında oluram. Son vaxtlar yerli müəlliflərə dəstək məqsədilə onların kitablarını daha çox almağa başlamışam. Bu vərdişim kitab mağazalarında hələ də qəribə qarşılanır. Sözügedən dükanların əməkdaşları əsasən rusdilli xanımlar olurlar. Onların böyük əksəriyyəti yerli müəllifləri tanımır. Uzağı, Elxan Elatlıdan, Qaraqandan, Çingiz Abdullayevdən məlumatlıdırlar. Onlar üçün yerli müəlliflər adını çəkdiyim üç-dörd nəfərdən ibarətdir.
Bu əməkdaşlardan hansısa yerli müəllifin kitabını soruşanda hıqqana-hıqqana qalırlar. Ən yaxşı halda səni yerli müəlliflərin kitabları “gizlədilən” rəfin yanına gətirib taleyin ümidinə buraxırlar.
Gizlədilir deyirəm, çünki bu hərəkətə başqa bir ad tapa bilmədim. Fikir vermişəm, bu rəflərdə yerli müəlliflərin kitabını tapmaq ehtimalı samanlıqda iynə tapmaq ehtimalına bərabərdir. Çox vaxt yerli müəlliflərin kitabları rəflərin ən görünməz gözündə, döşəməyə yaxın hissələrində gizlədilir. Sanki kitab mağazaları bilərəkdən bu kitabları ən naqolay yerlərə qoyur, iz itirir, oxucunu azdırırlar.
O mağazaların birində yerli müəlliflərimizdən birinin əvvəlcədən almağı planlaşdırdığım kitabını güclə tapdım. Həmin kitabı adi bir oxucunun təsadüfən görməyi zəif ehtimaldır.
Özü də bu rəflərdə bir yerli müəllifin – məsələn, Seymur Baycanın, Qismətin, Aslan Quliyevin, Kənan Hacının, – hansısa bir kitabını tapa bilmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Bu kitablar rəflərin elə hissələrinə yerləşdirilir ki, bəzən onları götürə bilmək üçün akrobatik hərəkətlər nümayiş etdirməli olursan.
Hələ bu müəlliflər bizim tanınmış imzalarımız hesab olunurlar. Vay gənc yazarlarımızın halına… Onların kitablarını bu mağazaların vitrininə çıxara bilməsi ən azı Bukerin uzun siyahısına düşmək qədər qəliz məsələdir.
Kitab mağazaları sanki oxucuları yerli müəlliflərdən uzaqlaşdırmaq üçün mümkün olan bütün yollara əl atırlar.
Əlqərəz, şikayətlənmək azarına mən də yoluxmaq istəmirəm. Bir az da yaxşı şeylərdən yazaq.
Bu yaxınlarda həmkarım Həmid Piriyevin hekayələr kitabını çapa hazırladığını eşidəndə çox sevindim. Düzü, Azərbaycan reallığında indiki şərtlərdə kitab çap etdirmək istəyən adam görəndə kövrəlirəm. Az qalıram ki, onu qucaqlayım, bağrıma basım. Hazırda Azərbaycan şəraitində kitab çap etdirmək Sizif əməyindən fərqlənmir. Boşuna enerji sərfiyyatı, maddi itki…
Amma yenə də sevindim. Həmid son dövrlərdə yerli müəlliflər arasında nəsrini doğma hesab etdiyim imzalardan birinə çevrilib. Nərmin Kamalın, Seymur Baycanın, Mirmehdi Ağaoğlunun Həmidin yaradıcılığına işıq tutan sözlərindən, yazılarından sonra onun bir neçə hekayəsilə tanış olmuşdum.
Həmid yaxın günlərdə “Yer üzündə axırıncı gecə” adlı hekayələr kitabını çap etmək fikrindən daşındığını elan edəndə xeyli təəssüfləndim. Kitabın elektron variantıyla tanış olanda geniş oxucu kütləsinin bu sadə, bəzəksiz, gözəl hekayələrdən məhrum olması təəssüfümü birə-beş artırdı.
Yəqin ki, yuxarıda sadaladığım problemlər Həmidi də təngə gətirib. Hər halda kitabın müəllifi kimi özü bilən məsləhətdir. İndi isə həmin kitab haqqında təəssüratlarımı bölüşmək istəyirəm.
Həmidin sözügedən kitabını oxuyanda qəribə ovqatda idim. Bu kitabdakı hər hekayə mənə doğma, məhrəm göründü.
Həmid kitabdakı hekayələri “Abşeron hekayələri” və “Və başqa hekayələr” adları altında iki hissəyə ayırıb.
Hekayələr hər nə qədər iki hissəyə bölünsə də, mən bir oxucu kimi onların arasında möhkəm bağların, bənzərliklərin olduğunu sezdim. Fikrimcə, bu kitabdakı bütün hekayələri (“Sərçələr üçün poema”, “Qanadlarım ağrıyır”, “Nəlbəkidə üzər kağız gəmilər”, “Ölüm və başqa xoşbəxtliklər”, “Göyqurşağında balıq ovu”, “Əllərində göyüzü”, “Qarğalar oturub üzü qibləyə”, “Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri”, “Qarışqa tapdalamayan”, “Məryəm xalanın oğlu”, “Yer üzündə axırıncı gecə”) Abşeron hekayələri adlandırmaq olar.
Bu hekayələrin hər birində Abşeronu, sahil kəndlərinin məhlələrinə dolan dəniz qoxusunu, qumsallıqdakı qum dənəciklərinin narınlığını, Bakının mehini, xəzrisini, gilavarını, mazut qoxusunu iliklərinə qədər duya bilirsən.
Həmid oxucunun əlindən tutur, onu yeni bir dünyaya müsafir edir, Bakı kəndlərinin nabələd məhlələrində, dəniz sahillərində gəzişdirir. Həmidin hekayələrindəki personajlar qərib, nisgilli adamlardır. Onların hər biri darıxır, xiffət çəkir, çətin günlərdən keçir, adi şeylərlə həyata tutunur, təsəlli tapır.
Həmid personajlarının adi günlərindən, məişət qayğılarından, gündəlik vərdişlərindən, gileylərindən yeni bir dünya yaradıb.
Hər şeydən əvvəl, hekayələrin ad seçimlərindəki orijinallıq oxuculara bu dünya haqqında az da olsa ipucu verir.
Həmid hay-küysüz, gurultusuz təhkiyəylə oxucunu yaratdığı bu dünyanın aralı qapısının ağzına gətirir və çıxıb gedir.
Son dövlər Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox müraciət olunduğunu görürük. Həmidin 12 hekayədən ibarət bu kitabı həmin axının ən uğurlu, parlaq nümunələrindən biri hesab oluna bilər.
Ümid edirəm ki, Həmid Piriyevin timsalında bir gün bütün yerli müəlliflərimizin qədri bilinəcək.
İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.
Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!
Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.
Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?
HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.
Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.
Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.
Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…
Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…
Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:
10.02.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
“Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.
HƏSRƏTİN TAXTA ÇIXIBDIR Baxışların şimşək kimi Çaxıb başımda -sevmişəm . Mən səni aprel ayında On dörd yaşımda sevmişəm . * * * O vaxtdan sevgin Gərayın Canı , qanı ,iliyidir . Bilirsənmi sevgimizin Bu aprel qırx illiyidir ? * * * Sanki indicə sevmişəm . O günlər lap dün kimidir. Gözlərimdə inan mənə Bu qırx il qırx gün kimidir . * * * O vaxtkıtək sevən qəlbim Eşqin yanan ocağıdır . Dəli -dolu sevgimizin İndi ən müdrik çağıdır ! * * * Həsrətin taxta çıxıbdır , Qırmızı geyib əyninə . Qəzəblə çağırır səni Eşqimizin yubileyinə ! 31.03.2017.
ÖLÜM NEYLƏSİN Nanə yarpağıtək əsməsin ürək , Saçlarına dəyən əlim neyləsin ? Sənin həsrətindən , gözəlliyindən, Yanmasın ağzımda dilim , neyləsin ? * * * Bu necə taledi , həyatdı , gülüm ? Səndən ayrı düşmək zülümmüş ,zülüm ! Kərəm xoşbəxtiymiş qovuşdu külü , Sənə qovuşmayan külüm , neyləsin ? * * * Görüşdük , çox yaxşı , gedirsən niyə ? Dünyamı tarımar edirsən niyə ? Qəlbimi tərlantək didirsən niyə ? Haraya çatmasın ölüm , neyləsin ?
QURBAN SƏNƏ,MƏNİ DİNLƏ ! Sığışmırdım bu dünyaya , Sığışdırdın öyə məni . Allahım , Tanrım , bağışla , Yerə məni , göyə məni ! * * * Sevgini et ,başıma tac , Qapıları üzümə aç , Sənə olum , etmə möhtac , Şaha , xana , bəyə məni . * * * Halal yerdən ver ruzimi , Qara eyləmə üzümü , Külə döndərmə ,közümü , Yandır , döndər , neyə məni ! * * * Qurban sənə , məni dinlə , Qəmini ver. gözəlinlə , Canımı al , mərd əlinlə , Qiyma , namərd əyə məni . * * * Qoy vətənim olsun abad , Millətimi görüm azad . Düşmənləri sən etmə, şad , Dərdlə döyə -döyə məni . * * * Nə olar yetiş , haraya , Məlhəm göndər, hər yaraya ! Yiyə dur ,şair Gəraya , Ucalt , öyə -öyə məni ! 04.04.2020 .
GƏL BAŞDAN , TƏZDƏN BAŞLAYAQ Dünya , bu oyun olmadı , Gəl başdan , təzdən başlayaq . Qismət ola , ya olmaya , Beş arşın bezdən başlayaq . * * * Baş vurdum dərdi -sərinə , Heyran qaldım hünərinə ! Çox da getməyək dərinə , Dayazdan ,üzdən başlayaq . * * * Bəhrələnməyək talandan , Uzaq dolanaq yalandan , Mayada olub -qalandan , Doğrudan , düzdən başiayaq . * * * Qılıncı çıxaraq qından , Vətən üçün keçək candan! Qarabağdan , İrəvandan , Hətta Təbrizdən başlayaq . * * * Təzələnək gəl bu gündən , Söz açaq insafdan , dindən , Uca vətən sevgisindən , Eşq adlı közdən başlayaq . 05.04.2020.
ƏYDİ GƏL Cana gəldim ürək üzən dözümdən , Zalım həsrət axır məni əydi ,gəl . İnan , dünya tamam çıxdı gözümdən , Yeri – göyü bir- birinə dəydi , gəl . * * * Kim qarğadı görən belə qarğışı , Gətirmədi bu sevdanın naxışı . Tutdu yenə həsrətinin yağışı , Dərdin məni dolu kimi döydü , gəl ! * * * Həyacandan az titrə , az əs, gülüm , Neynək , tale gətiribdir nəs , gülüm , Sən məndən yox , öz bəxtindən küs ,gülüm , O gileyin , o güzarın nəydi , gəl ?! * * * Dünya bənzər nemət dolu zəmiyə , Bir suyu yox dəyirmandı kimiyə . Daha bıçaq işləyibdir sümüyə , Ölüm sənsiz yaşamaqdan iydi , gəl ! * * * Duyğularım aşıb -daşan pətəkdi , Bu dünyada bənzərsizdi , o təkdi , İndi cismim başdan -başa ürəkdi , İndi Gəray nəğmə dolu neydi , gəl !
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
30.12.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.