Etiket arxivi: ZAUR USTAC

BU GÜN RƏŞAD MƏCİDİN DOĞUM GÜNÜDÜR!

RƏŞAD MƏCİD

ZAUR USTAC – AĞ ADAM
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Qeyd:

            21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.

Rəşad müəllim 58-i  tamamlayaraq, 59  yaşınına qədəm qoyur. “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs  Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən  01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

RƏŞAD MƏCİDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın “Çiçəklər, dağlar … və Xudayar dastanı”  (şeirlər) adl yeni kitabı işıq üzü görüb. Yaxın günlərdə kitab “Mustafa Müseyiboğlu – 70” yubiley tədbirləri çərçivəsində nəşr olunub.

Ön sözün müəlifi filologiya elmləri doktoru, professor Vaqif Yusiflidir.

Bu münasibətlə dəyərli ziyalımız Zaur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan və Azərbaycanlı anlayışı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Azərbaycan və Azərbaycanlı anlayışı

  Tarixi mənbələrdə “Azərbaycan” adı kifayət qədər nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı guya Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena dövləti  zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi- ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “… O cümlədən Ərdəbil barəsində soruşulduqda (ora)Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindəndir  və islamdan əvvəl oranın mərkəzi olmuşdu.”

  İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ‏ حِینَ تُمْسُونَ…»- ayəsindən «…وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi, ey Allahın rəsulu, Savalan nədir? Buyurdu: «Azərbaycan  torpaqlarından bir məntəqədir ki, behiştin bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb-islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.

  Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.

Qətranın əlyazmasından nümunə:

بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان

  Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi… O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”

Azərbaycanlı anlayışı nədir?!

  Azərbaycan adı qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı İ.V.Ç Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk xalqın adıdır, Azərbaycanlı isə milliyyətin kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(tatlar, talışlar, çeçenlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər və.s) xalqlar vardır ki,bu xalqların əksəriyyətinin tarixi-ana vətəni məhz Azərbaycandır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi nəzərdə tutulur. “Mən Azərbaycanlıyam” deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam ifadəsini diqqətə çatdırırıq.İddia olunduğu kimi XX əsrdə yaranan “anlayışın” yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:

  Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, ləzgi fərqli – fərqli xalqlardır . Danışdıqları dil,genetika,eyni zamanda adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən,dinindən və irqindən  aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq təqdim edirik. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.

  Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini nümunə çəkmək olar.

 Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.

Mənbələr :

Əl-Qeybət kitabı səhifə 194

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Qətran Təbrizinin divanı

İsgəndər bəy Münşi tarixe-aləmaraye Abbasi

İnternet resursları:

İslamquest.net

Millikimlik.az

Müəllif : Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİN ŞÜKÜR – ZAUR USTAC

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

MİN ŞÜKÜR
(Dildən dilə süzdürənə min şükür)
Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016.  Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYATILAR

ZAUR USTACIN YAZILARI

Mən aşiq beləsinə,

Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.
—————————————————–
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟
* * *
مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.
* * *
مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KİTABSEVƏRLƏR GÜNÜ HAQQINDA

Kitab burada >>>> Bookhouse

KİTABSEVƏRLƏR GÜNÜ HAQQINDA

Kitabsevərlər günü: Təranə Məmməd “Sirr” kitabı. Qiyməti:5 AZN

Kitabı əldə etmək istəyənlər Bakı şəhərində, İçərişəhər Bookhouse & Cafe – Asəf Zeynallı 16. ünvanına müraciət edə bilərlər. (Bulvar tərəfdən, köhnə”Meridian” otelin yanından və Azneft meydanı tərəfindən”Yaşıl aptek”in yanından rahat gəlmək mümkündür). Tel: 050-356-27-94

16 Asəf Zeynallı küç, Bakı.

İçərişəhər Bookhouse & Cafe

Məkan-marşrut >>>> Bookhouse

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Bayatı

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Mən aşiq ağ əllərə,

Sübhdən şehli güllərə,

Tanrım zaval verməsin

Şirin dinənən dillərə…

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 AVQUST KİNO GÜNÜDÜR!

“Bu gün kino günüdür. Ağlım kəsəndən indiyə qədər baxdığım filimlərin içərisindən təkrar olaraq tək bircə filim seçib baxmaq şansı verilsəydi. O imkanı “Mən ki, gözəl deyildim” filminə xərcləyərdim.” Zaur Ustac

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QİSMƏT HEKAYƏSİ

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

QİSMƏT
(hekayə)
2008-ci il, oktyabrın 11-i, şənbə günü idi. Çiçək qızımın 4 yaşının tamam olmasına hələ 2 ay qalırdı. Çox vaxt axşamlar işdən evə gələndə onun üçün nəsə alıb gətirsəm də hər ayın 11-i mütləq özəl bir hədiyyə olmalıdır.
Bu gün də ona nəfis tərtibatlı rəngləri və meyvələri öyrədən yeni bir kitab almışam. Evə çatana qədər onun kitabı görəndə necə sevinəcəyini təsəvvür edib mən də uşaq kimi sevinirdim.
Bakı şəhərində, “Beşmərtəbə” deyilən köhnə binadan ayaqla 30-35 dəqiqəlik məsafədə, şəhərin ən gözəl, ən səfalı yerində öz əlimlə ürəyim istədiyi kimi tikdiyim yığcam 3 otaqlı fərdi evdə yaşayıram. Elə də böyük olmayan, 3-4 maşın dayana biləcək, güllü-çiçəkli səliqəli kiçik həyətim də var. Çətinliklə olsa da həyətdə bar verən meynə, ərik, albalı, gilas, alma, nar və “yapon əzgili” ağacları əkib-becərmişəm. Bu gül-çiçək və ağaclar hər səhər məni işə yola salır, axşamlar da qarşılayırlar… Səhər işə, axşam da evə gəzə-gəzə, piyada gedib-gəlirəməyi xoşlayıram.
Əlimdə ev üçün aldığım bir-iki xırda-para və Çiçəyimin bükülü kitabı gəzə-gəzə gəlib həyət qapısına çatdım. Qapını ancaq ailə üzvlərinə və bir də tez-tez gəlib-gedən dost-tanışa məlum xüsusi üsulla bayırdan özüm açıb həyətə daxil oldum. Həyətə girən kimi birinci sol tərəfdə qalan meyvələri artıq çoxdan sovulmuş, çiçək açmağa hazırlaşan “yapon əzgili”nə salam verib (qonağa hörmət adətdəndir), nar ağacına tərəf getdim. Batmaqda olan payız günəşinin yaratdığı qıpqırmızı fonda qoşa ovuca sığmayan qanqırmızı narlar qapqara görünürdü. Narlarla da xoş-beş edib, sol tərəfdə qonşu ilə aramızdakı alçaq hasarın dibində sıra ilə əkdiyim ilboyu açan qızılgüllərin də könlünü ala-ala pəncərələrinin önündən keçib evin giriş qapısına çatdım. İşdən gəlməyimə az qalmış Çiçəyin öz otağının həyətə baxan pəncərəsindən məni gözləməsi, hər dəfə pəncərənin önündən keçəndə məni görüb, -“Atam gəldi, atam gəldi”,- deyə-deyə qapıya qaçması da artıq adət etdiyimiz hallardan biri idi. Mən giriş qapısını açıb evə daxil olanda artıq Çiçək qızım anası ilə qapının ağzında hazır dayanmışdı. Salamlaşdıq. Ev üçün olan xırda-paranı həyat yoldaşıma, bükülünü isə Çiçəyə verdim. Hədiyyənin kitab olduğunu anlayanda mən təsəvvür etdiyimdən də çox sevindi. O hər dəfə belə sevinəndə mənim də özümdən asılı olmayaraq gözlərim yaşarırdı. Kövrəlirdim. Bükülü hədiyyəni əlində tutub, qarşımda dayanmış Çiçək ayaqqabılarımı çıxarda-çıxarda adəti üzrə yenə məni sual atəşinə tutmuşdu. Anası da həmişəki kimi, –
“Ay Çiçək, imkan ver ata bir içəri girsin. İşdən indi gəlib axı”, – desə də o məhəl qoymadan, növbəti qəfil sualı mənə ünvanladı:
– Ata, Allah nə bilir ki mən burdayam?
Ayaqqabının birini çıxartmışdım, o biri tayı hələ ayağımda idi. Ani olaraq heç dəxli olmayan bu qəfil uşaq sualından tutulsam da Çiçəyə vaxtında cavab vermək lazım idi. Ağlıma belə bir cavab gəldi:
– Çiçəyim, bax bu əlində tutduğun hədiyyəni apar, öz otağında yazı masasının üstünə qoy gəl.
– Hə qoyub gəldim, – heç bir dəqiqə keçməmiş Çiçək yenə qarşımda peyda oldu.
– İndi öz otağının qapısını ört və yanıma gəl.
– Hə gəldim, – cəld otağın qapısını örtüb yanıma gəldi.
– İndi sənin hədiyyən haradadı? – ondan soruşdum.
– Öz otağımda.
– Daha dəqiq desək…
– Mənim hədiyyəm öz otağımda, yazı masamın üstündədir.
– Sən indi onu görürsən?
– Xeyr. Qapı bağlıdır.
– Qapı açıq olsa, görərdin?
– Xeyr. Onda da divar qoymur görəm…
– Bax belə. Bəs, sən nə bilirsən ki, hədiyyən otağında yazı masasının üstündədr?
– Özüm qoydum. Ona görə bilirəm ki, ordadır.
– Ay sağ ol. Bax, Böyük Allah da belə bilir kim hardadır.
– Bizi Allah baba qoyub bura?
– Ay sağ ol. Bütün insanların ulu babası Adəmi Böyük Allah yaradaraq yer üzünə göndərib. Ancaq Allah elə Allahdır. Ona Böyük Allah, Uca Allah, Mehriban Allah, Bağışlayan Allah deyirlər. Əgər ona baba desək bəs onda Adəm babaya nə deyərik, hə Çiçəyim?
– Bildim. Mehriban Allah. Hər şeyi bilən Allah.
Nəhayət ki, ayaqqabılarımı çıxarda bildim. Əynimi dəyişib, əl-üzümü yumaq üçün hamam otağına keçdim. Çıxanda Çiçək məni hövsələsiz halda dəhlizdə gözləyirdi.
– Bəs onda “qismət” nədir?
– Hə, bax bunu sabah sənə parkda göstərəcəm, indi get sən “kitablarını oxu”, ata da çay içsin, yemək yesin, – deməklə vəziyyətdən çıxmağı bacardım.
Sabah Çiçəyə parkda əyani olaraq nə göstərəcəyim barədə dəqiq fikrim olmasa da bu cür vəziyyətlərdə uyğun ssenarilər qurmaq bacarığıma güvənərək ona belə bir söz vermişdim. O da sevinə-sevinə öz otağına keçdi…
Uzun yay günlərində işdən sonra, bayram və istirahət günləri isə, həmişə Çiçəyi şəhərimizin gözəl parklarına, əyləncə mərkəzlərinə gəzməyə aparıram.
Bu gün də bizim adi istirahət günümüzdür. Səhər oyanar-oyanmaz Çiçək “qismət” marağını yenə büruzə verdi. Səhər yeməyimizi yeyib, geyinib evdən çıxana qədər bir neçə dəfə də “qismət”i görmək üçün necə tələsdiyinin şahidi oldum. Nəhayət hazırlaşıb, həyətimizdəki qonşu ilə aramızda olan gül-çiçəklərlə salamlaşıb, sağollaşıb həyətdən çıxdıq. Əsas küçəyə çıxanda həmişə olduğu kimi məhləmizin girişindəki demək olar gündəlik istifadə olunan bütün malların satıldığı xırda dükandan parkdakı göyərçinlərə vermək üçün 1 manatlıq buğda aldıq. Gəzə-gəzə eyni adlı prospektdə yerləşən Hüseyn Cavid parkına gəldik. Biz parka çatanda saat 9:45 idi. Göyərçinlər hələ gözə dəymirdi. Harda olsalar da indi bir-bir, iki-iki uçub gələcəklər. Göyərçinləri gözləyə-gözləyə bayaqdan bəri axtardığım “qismət”i tapmışdım. Bu arada yeri gəlmişkən şəhər göyərçinlərinin bir maraqlı xüsusiyyətini də sizə deyim, kim inanmasa yoxlasın. Hər gün görməyə adət ediyimiz göyərçinlər iş günləri səhər saat 8:00 – 9:00-dan parklarda olsalar da ilin fəsillərindən asılı olmayaraq, istirahət günləri saat 10:00 –dan tez gəlmirlər. Biz Çiçəklə bir xeyli oynadıqdan sonra göyərçinlər də tək-tək, dəstə-dəstə park ərazisində görünməyə başladılar. Parkda hələ elə də çox adam yox idi. Bir-iki mənim kimi valideyn öz uşaqları ilə oynayırdı. Deyirəm, getdikcə vəziyyət bütün sahələrdə dəyişir. Əvvəllər uşaqlar bir-biri ilə oynayardır. İndi, özüm valideyn olandan sonra fikir vermişəm ki, hətta qışda qartopunu da uşaqlar öz ata-anaları ilə oynayır… Belə müxtəlif fikir xəyallarla və “qismət”i necə yaxalayıb Çiçəyə göstərəcəyimi düşünə-düşünə parkdakı ən sakit guşədə yerləşən oturacaqların birində əyləşib göyərçinlərə dən atmağa başladıq. Çiçək də yanımda oturub dəni quşlara tərəf ətrafa sovururdu. Tezliklə yaxın-uzaq ağaclarda olan bütün göyərçinlər hamısı uçaraq yanımıza gəlməyə başladı. Bir neçə dəqiqə ərzində tamamilə göyərçinlərin əhatəsində qalmışdıq. İşarə ilə Çiçəyə sakit dayanıb, kəskin hərəkətə yol vermədən məni izləməsini bildirdim. Torbadakı dəndən ətrafa sovurur, sonra yenidən ovucumu dolduraraq, yer bərabərində göyərçinlərin içində saxlayırdım. Nəhayət göyərçinlərin ən diribaş olanları dəni ovucumdan yeməyə başladılar. “Qismət”i yaxalamışdım. Belə məqamlarda Çiçəyə işarə ilə ovucumdan yeyən göyərçinlərə diqqətlə baxmasını istədim. Bu qaydada dənlərin hamısını göyərçinlərə səpdik. Göyərçinlər dənləri yeyəndən sonra parkın başqa səmtlərində onlara tum səpən, çörək ovan digər valideyinlərin də uşaqlarını əyləndirməyə getdilər. Çiçək əyləncənin bitdiyini görüncə, – “Ata, bəs qisməti nə vaxt göstərəcəksən?, – deyə, bayaqdan söhbətə başlamaq üçün böyük səbrsizliklə gözlədiyim sualı verdi.
– Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi?
– Hə. Baxdım.
– Ovucumdan dən yeyən göyərçinləri gördünmü?
– Hə. Gördüm.
– Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovucumdan yeyirdi. Sən dost olsan hansı göyərçinlərlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dəni yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə?
– Ovucundan yeyən göyərçinlərlə, – heç düşünmədən Çiçək cavab verdi.
– Nə üçün?
– Çünki onlar qoçaqdı. Onlar qorxmur.
– Əhsən mənim ağıllı balama. Əhsən.
– Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala.
– Hə. Deməli, “qismət” bu imiş?
– Hə. Ağıllı bala, “qismət” bax budur.
Son.
30.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GÖLƏQƏLƏMSANCAN

ZAUR USTACIN YAZILARI

GÖLƏQƏLƏMSANCAN
(hekayə)
Kimya-biologiya müəllimi olsam da, tələbəlik illərindən alverə necə alışdımsa, daha doğrusu əlim pula elə öyrəşdi ki, diplomu alandan sonra bir müəllim məvacibinə baxdım, bir də gündəlik qazancıma və alveri seçdim. Öz əlim, öz başım yavaş-yavaş girələnirəm. Hələ üstəlik “simpatiya” bəslədiyim bir-iki nəfərə də köməklik göstəririəm. Yeni Yasamalda “Qızım” marketin qarşısında balaca bir meyvə-tərəvəz dükanım var. Hər gün səhər saat 6:00 – da açıram, gecə yarıdan keçəndən sonra bağlayıram. 46 yaşım var. 16 yaşımdan günüm belədir. Mənim başqa işim yoxdur. Universiteti də burada oxumuşam. Əsgərliyi də burada çəkmişəm. Min şükür Allaha. Taleyimdən razıyam. Ailəliyəm. Evim-eşiyim. Oğlum-qızım. Özüm min-bir əziyyətlə oxusam da uşaqların başını belə boş-boş işlərlə qatmadım. Ailəlikcə günümüz elə bu balaca dükanda keçir.
2021-ci ilin oktyabr ayının son günləridir. Havalar qəfil çox soyuyub. Bax elə üzbəüz qonşum olan məşhur “Qızım” marketin Yekəpər ləqəbli mühafizəçisi ilə bağlı hekayət də bu günlərə təsadüf edir. Dünən səhər-səhər yazıq buradaca, marketin qabağında durduğu yerdə dəli olub. Aparıblar “Maştağa”ya. Deyirlər ki, ora çatan kimi də dəlilərdən biri “kor quyu”, “kor quyu” deyə-deyə üstünə necə hücum çəkibsə, o boyda adamın ürəyi partlayıb ölüb. Bəlkə də başqa cür olub. Amma belə danışırlar. Bu gün dəfn etdilər. Gəlib-gedən müştərilər deyir ki, havanın belə qəfil soyumasının da səbəbkarı o mühafizəçidir. Hərə ona bir şəbədə qoşsa da mənim onunla quru salam-əleykümdən, bir də arada-bərədə bekarçılıqdan yaranan söhbətlərdən başqa heç bir haqq-hesabım olmayıb. Allah rəhmət eləsin. İndi bəndədir də nəsə günahı olubsa, Allah Bağışlayandır. Biz kimik ki, onun haqqında nəsə danışaq, qərar verək!? Yazıq, belə baxanda sakit adam idi. İşinə gələr, axşama qədər elə bu marketin gah içərisində, gah çölündə gününü keçirib, axşam da çıxıb gedərdi evinə. Gedərdi deyəndə ki, qalxardı yuxarı. Yekəpər elə marketin üstündəcə 40 – cı mərtəbədə ailəsi ilə birlikdə kirayədə qalırdı. Kənddə yaranmış ailə söz-söhbətlərinə görə Bakıya köçməyə məcbur olub. Dəfələrlə yeri gələndə hansı rayondan olduğunu soruşsam da, “Azərbaycan”dan, – deyərək, söhbəti tez dəyişərdi… Yalan-gerçək deyirlər, qaynənəsi də onlarla birlikdə yaşayır. Hələ onu da deyirdilər ki, arvad bu boyda adama göz verir, işıq vermir. Yazığı salıb lap gözüm-çıxdıya. Belə söhbətləri eşidəndən sonra ona çox yazığım gəlirdi. Bu şoğərib market qəbzindən pul qazanmaq məsələsi ortaya çıxana qədər hər şey əla idi. “ƏDV” –ni geri al, deyirsiniz? Nə deyirsiniz, bilmirəm? Bu market qəbzindən pul qazanmaq məsələsi təzə çıxmışdı. Əvvəllər heç bu kağızlara fikir verən yox idi. Gündə neçə dəfə gözümüzün qabağında aparıb boşaldırdılar zibil qutularına. Marketdən çıxan zibillərə də mühafizəçilər nəzarət edir axı? Bu yazıq da həmişə marketdən çıxan zibilləri diqqətlə yoxlayar, sonra xadimələr aparıb zibil qutularına atardı. Elə ki, bu kağızlardan pul qazanmaq məsələsi çıxdı, bir gün gördüm ki, bu yazıq kassadan çıxan qəbzləri su töküb isladır. Sonra xadimələrə atmağa icazə verir. Əvvəllər fikir vermirdim. Sonra bu məsələ hər gün bir neçə dəfə təkrar olunduqca, dəfələrlə söhbət etdiyimiz yerdə gözümün qabağında baş verdikdə, özümü saxlaya bilməyib soruşdum (indi soruşmayım):
– Qardaş, neynirsən o kağızları belə isladıb? – mənə nə cavab vesə yaxşıdır?
– Belə məsləhətdir, Əmioğlu!
– Əla, əla, – deməkdən başqa çarəm qalmadı.
Bu söhbətimizdən bir-iki gün keçmişdi. Bir də görürəm, qarşıdakı zibil qutularından həmişə zibil yığan oğlan öz-özünə qarğış edə-edə gedir: “Səni görüm elə o vedrədəki suda boğulasan”, “…yox-yox, səni görüm elə kor quyuda boğulasan… heç su da tapılmasın…”, “…səni görüm elə murdar olasan… yumağa su da tapılmasın…” Gəlib düz qarşımdan keçəndə əl eləyib saxladım. Deyirəm:
– Qardaş, nə məsələdir? Yenə kimi asıb-kəsirsən?
– Görmürsən bu şərəfsizi? Halal çörəyimizə bais olur…
– Kim? Nə məsələdir? Açıq danış görüm…
– Allah hökumətimizin canın sağ eləsin. Yaxşı imkan yaratmışdı. Ta zir-zibil yığmağa ehtiyac yox idi. Kreditə ucuz bir telefon götürmüşdüm. Gündə bu kağızlardan çoxlu yığıb aparırdım evə yoldaşım da yükləyirdi telefona sonra da bizə rahat pul gəlirdi. Biz də o pulla işlərimizin bir qismini yola verir, balalarımıza bir qismət əppək alırdıq. Elə axşamlar səndən nə qədər qutularda qalan əzik-üzük meyvələri alıb aparmışam? Yalandır?
– Yox, qardaş. Yox. Yalan deyil. Bəs indi nə olub ki, rahat pulunu qazana bilmirsən?
– Görmürsən, bu şərəfsiz Yekəpəri? Çekləri vedrədə isladıb zay edəndən sonra zibil qutularına atdırır ki, mən istifadə edə bilməyim.
Eşitdiklərimdən dəhşətə gəlmişdim. Hər ikisinə acıyırdım. Maraq güc gəldi:
– Qardaş, gündə nə qədər qazanırdın?
– Elə qəşəng nizama salmışdım ki, hər gün telefonumuza üç- dörd manat pul gəlirdi. Ordan da yoldaşımın kartına göndərib yaxşıca istədiyimiz yerə işlədirdik. Allah bu Yekəpərin bəlasını versin. O ki, mənim işimi, gül kimi güzəranımı pozdu…
– Narahat olma, qardaş! Hər gün sənin 4 manatın bax bu piştaxtada! – əlimi üstünə meyvə-tərəvəz yığdığım dəzgahın üzərinə qoydum.
– Doğrudan?
– Əlbəttə. Hər axşam evə gedəndə gəlib buradan gedirsən. İstəsən 4 manatı nağd götür get başqa yerdən ehtiyacın olanı al, istəsəndə 4 manatlıq ürəyin istəyən meyvə-tərəvəzdən götür, – belə danışdıq, zibilyığan oğlan islanmış qəbzləri unudaraq sevinə-sevinə evinə getdi.
O gündən sonra hər gün olmasa da arada-bərədə zibilyığan oğlan gələr, gah meyvə-tərəvəz, gah da, – “evdə qənd-çay yoxdur, çörək yoxdur”,- deyərək, nağd pul alıb gedərdi. Bu vəziyyət təxminən 3-4 aydır ki, belə davam edir. Deyəsən zibilyığan oğlan bu məsələni hər yerdə danışır, nədi? Son vaxtlar müştərilərimiz də əməlli-başlı artıb. 2 ay olar ta gündə bir dəfə səhər-səhər mal gətirməklə çatdıra bilmirəm. Məcbur olub günortadan sonra da mala gedirəm. Hər şey əla idi. Ta dünənki o hadisəyə qədər. Görənlər deyir ki, Yekəpər səhər tezdən marketin qapısını açdıqdan sonra həmişəki kimi qapının ağzında dayanıb siqaret çəkirmiş qəfildən yuxarıdan kimsə bir vedrə suyu əmdərib bunun başına. Səhər-səhər alaqaranlıq, bir az yuxulu adam, soyuq hava, qəfil təpəsinə tökülən buz kimi su… Yazıq elə yerindəcə dəli olub. Aparıblar “Maştağa”ya… Ta sonrası da sizə məlumdur… Amma bir məsələni də sizə deməsəm olmaz. Vəziyyətdən xəbərdar olandan sonra hər dəfə yanımda kassa qəbzlərini isladanda gah südə su qatan südçü ilə oğlunun hekayətini, gah da göləqələmsancan uşağın əhvalatını ona anladırdım… O isə işini görə-görə diqqətlə məni dinləyər, hekayət bitəndə belə deyərdi:
– Nağıllara inanma…
Mən isə nağıllara inanıram. Hələ üstəlik, bütün işlərimə örnək “Atalar sözləri”ni tuturam. Ən son eşitdiklərimi də sizə çatdırım, vəssalam. Deyirlər ki, Yekəpərin qaynanası elə bax bu “Qızım” marketdən 3-4 gün əvvəl yekə, qapqara bir plastmas vedrə alıb, qalxıb yuxarı. Hələ liftdə onunla birlikdə qalxan qonşunun dediklərinə görə tez-tez dodaqaltı deyirmiş: “İndi mən sənə göstərərəm, ay Yekəpər… Göstərərəm…”
Son.
27.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru