
MƏŞƏQQƏT
(…hər səhər…)
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru