
Çətin
Ağrın alım ay kasıb
Yaşa çətin, öl çətin
Durmağa yer də yoxdu
Ev qaramat, çöl çətin.
Bəyənmədin qucağı
Özün seçdin bucağı
Di ha üflə ocağı
Közərərmi kül? Çətin!
Nə evinə gəliş var
Nə üzündə gülüş var
Nə əppək var, nə iş var
Sevin çətin, gül çətin.
Dərdin var hər biçimdə
İsinmədi peçin də
Bu qayğılar içində
Dikələrmi bel? Çətin!
Kimsə sənə yanmasa
Adın haraylanmasa
Gül ordan boylanmasa
Oxuyar bülbül? Çətin.
Tək əldən çıxmaz səmir
Fikirlə iş düzəlmir
Bəlkə Murad düz demir
Anla çətin, bil çətin.
25.02.2021.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var