Seyran Səxavət mənim 75 yaşlı balamdı…
(Gündəliyimdən səhifələr)
25 noyabr 2016-cı il, cümə
…İllərdir, bu gündəliyi yazıram. Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. Bilmirəm, bu göz yaşlarım niyə dinmək bilmir… Əlbət ki, sevincdəndi. O “Qazanılmış manat”dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım “manat”ı əlim yana – yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Bu gün Universitetin Elmi Şurası – böyük ziyalılar qarşısında müdafiə etdim…
Axır ki, “Dar köynək”dən azad oldum… Möhtəşəm duyğudu… Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərində çalışdığım elmi tədqiqatımı müvəffəqiyyətlə yekunlaşdırıb ictimaiyyətə təqdim etdim. Adətən, dünyaya övlad gətirən insana “dar köynəkdən azad oldu” deyirlər… Əslində, bu da bir növ valideyn olmaqdı… Sənin ruhundan, canından, düşüncəndən mayalanan elmi ya bədii əsər də sənin balandı, gözünün nuru kimi bəslədiyin, zəhmətlə böyütdüyün övladındı… Bax, mən yazdığımı o cür sevirəm – balam kimi… Ruhumun, mənəviyyatımın, düşüncəmin önəmli bir parçası kimi…
Bu yazdığım isə mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentimin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki mənə elə gəlir ki, sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. Bəli, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…
Və bir ana üçün valideyn iclasında övladının ünvanına deyilən sözlər necə qürurverici, xoş bir duyğudursa, bu axşam yəqin ki, müdafiədən sonra o duyğuları yaşamaqdayam…
7 may 2017-ci il
Yenicə doğulmuş körpələrin otağındayam… Ömrümdə ilk dəfədir, belə bir yerə qədəm qoyuram. Dünyanın cənnət guşəsi yəqin elə buradı. Necə məsumdurlar, ilahi… Hamısı da bir – birinə bənzəyir… Elə bil bir almanı neçə yerə dilimləmisən… Hamısını da ağ geyindiriblər… Balaca mələklərdir… Sən balaların hamısını bu dünyanın qara adamlarının qara düşüncələrindən hifz elə, ya Rəbbim… Elə gəldikləri bu mələk paklığında qoru onları…
Bu oxşarlığı sözlə ifadə eləmək olmur. Heç rəssam çəksə, bu qədər bənzərlik alınmazdı bəlkə də. Sən İlahinin qələminin qüdrətinə bax… Bir günün içində bir doğum evində yüzdən çox körpə dünyaya gələ, hamısı da bir – birinə bənzəyə… Qələminə qurban olum…
Bəlkə soruşum uşaqlara baxan dayələrdən. Soruşum ki, mənim… mənim… mənim yavrum hansıdı? Yox, o sözü necə deyərəm. Ən yaxşısı yavaş – yavaş baxım hamısının biləyinə. Mənim biləyimə bağladıqları lentdən bəbəyə də bağladıqlarını gördüm. Üstünə də soyadımı yazdılar.
İçimdəki hansısa bir hiss məni düz otağın o biri başına aparır. Analıq hissi buymuş yəqin… Biləyini oxuyuram, yüzdən çox körpənin içində necə düppədüz beşiyinin başına gəlmişəm. Göz yaşlarım yanaqlarımdan üzüaşağı sellənir. Dayələrin pıçıltısı gəlir qulağıma:
- O niyə ağlayır uşağın yanında?
- Dəymə, sən Allah, cavandı, sevinir, qoy ürəyini boşaltsın…
Orda – balaca Mələyin beşiyinin başında nə qədər qalmışam, fikrə getmişəm, xəyala getmişəm, yuxuya getmişəm, bilmirəm… Bir də telefonun titrəşimini hiss edirəm, baxıram ki, Seyran babadı. Necə ürəyi düz adamdı… Sakitcə körpəni qoxulayıb beşiyinə qoyur, barmaqlarımın ucunda dəhlizə çıxıram…
- Baba…
- Can baba, axşamın xeyir, evdəsən, yoxsa bu gün də konfransa getmişdin?
- Yox, baba, dünən çıxışımı elədim konfransda. İndi… indi mən … indi xəstəxanadayam…
- Yaxşısanmı, ay Xəliş? Nə narahatçılığın var ki, getmisən?
- Yox, yox, hər şey qaydasındadı, …. bəbə… bəbə dünyaya gəlib…
- (telefonun o başında səsinin titrədiyini, kövrəldiyini aydınca duyuram) Şükür sənə, ay Allah. Atalı – analı böyüsün. Gör nə yaxşı baladı. Bəlkə də dünyadakı yeganə uşaqdı ki, dünyaya gəlməzdən bir neçə saat əvvəl beynəlxalq konfransda iştirak eliyib, Seyran babası haqqında məruzəyə qulaq asıb- deyir, gülüşürük.
Türkiyəyə səfərim var idi, ay Xəliş. Dedim sağollaşım sizinən, gedim qayıdım, qurban demişəm. Sən müdafiə edəndə demişdim ki, sağ- salamat balasını da qucağını alsın, qurban kəsəcəm. Şükür Allahın böyüklüyünə…
- Nəsə demək istəyirəm. Təşəkkür eləmək istəyirəm, amma söz tapa bilmirəm. Bəzən elə minnətdarlıqlar, elə hisslər olur ki, onları adi cümlələrə düzüb ifadə edə bilmirsən.
Gülnaz yəqin ki, dünyadakı ən xoşbəxt baladı ki, Allahdan bəxtinə Seyran kimi baba düşüb…
Hansı yazıçı deyir ki, Ay Allah, filan doktorant müdafiəsini elədi, filan, beşməkan, ona qurban deyirəm. İndi camaat öz dərdini çəkə bilmir.
Deməli, başqasının dərdini çəkmək, sevincinə baba kimi qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı…
Bir doktorant yoldaşım deyirdi ki, bəxtəvərsən vallah, səninlə bərabər qəbul olmuşam, 5 ildi gedirəm həmin yazıçının iş yerinə, hər dəfə də köməkçisi deyir ki, yanında qonaq var, Bakıda deyil, toplantıdadır, uyğun olan vaxt sizə xəbər edərəm. Hələ beş ildə uyğun bir vaxtı olmayıb ki, mənə ayırsın?
Dedim, Allah köməyin olsun, kaş elə belə olacağını bilsəydin, rəhmətlik Füzulidən mövzu götürüb yazaydın, ürəyin dolanda heç olmasa, gedib heykəlin dizinin dibində oturub dərdləşəydin…
Belə də olur…
2012-ci ilin 14 martı, yel çərşənbəsi axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz da vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…
Bəli, bu Seyran müəllimin məhz özünəməxsus simvolik tərzi idi…
O doktorant yoldaşımdan fərqli olaraq mən Seyran müəllimi görməyə gedə bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim. Bizim kənddə deyirlər ki, Məhəmməd dağa yaxın getmirsə, neylək, Dağ Məhəmmədə sarı gedər… Həmin axşam Seyran müəllim bizə gələndə o məsəl yadıma düşüb o qədər utanmışdım ki…
21 oktyabr 2017-ci il
Bu gün Seyran Səxavətin qardaşı Vaqif Əminin ocağına yığışmışıq. Bütün ailəmiz, qohum – əqrəbamız dəvət olunub körpə üçün kəsilən bu qurbanlıq mərasiminə. Nə ürəyiböyük insanlardır. Nə fədakar, qayğıkeş, bir – biri üçün yanan bacı – qardaşlardır. Adam yaxşı mənada qibtə edir onlara baxanda. Vaqif əmi, xanımı Sevda bibi, bacıları Natella bibi hamımızın başına pərvanə kimidir. 15 yaşımda Universitetə, 19 yaşımda magistraturaya, 21 yaşımda doktoranturaya qəbul oldum, heç vaxt imkan vermədim ki, tayfa-törəmiz məndən ötrü belə məclis qurub xətrimi əziz eləsin. Zarafat bir yana, doğrudan da, indiki vaxtda hardadı bu cür münasibətlər?
Telefonumda səsi hələ də qalır, üç il bundan əvvəl ustadımız Musa Yaqubla müsahibə zamanı Seyran Səxavətlə necə tanış olduğunu soruşmuşdum. Onda Musa Yaqub demişdi ki, qızım, Seyran Səxavətdən danışanda birinci növbədə onun dostluğundan, yoldaşlığından danışmaq lazımdı. Sonra Seyranın yaradıcılığı gəlir. Düzdü bizi yaxınlaşdıran ədəbiyyat olub, ürəyimizdə qaynayan söz olub. Seyran yaxşı deyir ki, Sözün belindən gələn adamlar qardaşdırlar. Ona görə biz dostdan daha çox, doğma qardaşıq. Yaradıcılıqda ilk dəfə şeirlərlə dost olursan, ordan başlayır bağlılıq. Bu mənada, mən Seyranla çoxdan tanışam, özündən əvvəl şeirləri ilə dost olmuşam. Sonradan istədim onunla tanış olum, amma öyrəndim ki, artıq Universiteti bitirib xaricdə işləyir. Bir dəfə Çingiz Ələkbərzadəylə birlikdə Yazıçılar Birliyinin ezamiyyəti ilə Füzuliyə getmişdik. Füzulidə bizi çox yaxşı qarşıladılar. Mən ömrümdə bir Füzulidə, bir də Neft daşlarında o cür qarşılanma görmüşəm. Füzulini mən həm Qarabağın bir parçası kimi, həm də füzulilərin şeirə, sənətə, ümumən ədəbiyyata, sənətə məhəbbətinə görə çox sevirəm. Deməli, o görüşdən çıxanda dedilər ki, Seyran Səxavətin böyük qardaşı Xanlar burdadı, Sizi gözləyir. Biz o vaxta qədər tanış deyildik, ilk dəfə idi görüşürdük, amma o bizi elə isti qarşıladı ki. Dedi, mütləq bizim qonağımız olacaqsınız. İlk dəfə Seyranın qardaşı ilə tanış olmuşam – Xanlarla. Bizi qonaq apardı, kabab çəkdi, gözəl bir qonaqlıq verdi… Rəhmətlik çox ürəyiaçıq, çox yaxşı oğlan idi. Sonra tanış olanda gördüm ki, Seyran da onun kimi çox ürəyiaçıq oğlandır. Bəlkə elə böyük qardaşı öz ürəyiaçıqlığını da ona qoyub gedib…
Mən Seyran müəllimin qardaş, bacısını – Vaqif əmini, Natella bibini – bu ailəni yaxından tanıdıqca anladım ki, Musa Yaqubun dediyi ki, həqiqətən də, ürəyiaçıqlıq sanki bu insanlara bir ata – ana, qardaş yadigarıdır.
Gündəlik yazmaq intim yaradıcılıqdır, bəlkə də. Düşünürsən ki, orda yazdıqlarının səndən başqa heç kimə dəxli yoxdu. Amma bəzən də istəyirsən ki, orda yazılanın 3-5 səhifəsini hamı oxusun. Çünki bəzən o 3-5 səhifə təkcə sənin özünə aid olmur.
Ədəbi mühitdə hamının sevə – sevə milli, bəşəri, böyük ideyalar müəllifi kimi qiymətləndirdiyi yazıçını istəyirsən ki, bütün şair, dramaturq, yazıçı, publisist, vətəndaş ziyalı və sair statuslarından öncə Adam kimi Adam olduğunu təqdim edəsən. Həm də böyük hərflərlə ADAM…
O Adam ki, Ona olan böyük sevgini, bağlılığını, təşəkkürünü adi cümlələrə düzüb ifadə edə bilmirsən… O Adam ki, bütün çətinliklərə rəğmən məhz O var deyə – Onun varlığına tutunub yaşaya bilirsən… Onun varlığı nəzərində dəyərdən düşmüş bu bomboz dünyanı qiymətə mindirir. Seyran Səxavət məhz O adamdı… Varlığına tutunduğum, İşığından pay aldığım, Mənəvi dünyamın memarı… kəlmələrə sığmayacaq qədər dəyərli və böyük hərflərlə ADAM…
Seyran Səxavət həm də mənim beynimdə ədəbi mühitlə bağlı bəzi qarmaşıq düşüncələrimi dağıdan obrazdı…
IV kursda oxuyurdum. İstedadlı bir yazıçının yaradıcılığı haqqında diplom işi yazırdım. Sağ olsun, özü də mənə xeyli material vermişdi ki, əziyyət çəkməyim. Haqqında yazılan ədəbi-tənqidi məqalələri ardıcıl oxuduqca qəribə bir məqamla rastlaşdım; qələminə inanmaq istədiyim bir tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanını 6 ay sonra elə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər Murakamidən plagiat imiş. Universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edə bilmirdim belə şeyləri. Yəni necə ola bilər ki, o boyda kişi 6 ay qabaq yazdığını inkar edə… Qəzetləri götürüb getdim birbaşa yazıçının yanına. Adam mənə çox sakitcə qulaq asdı. Sonra dedi ki, qızım, incitmə özünü belə şeylərlə. Mən onun araq qonaqlığını yaxşı verməmişəm deyə inciyib elə yazır. Bu qədər sadə izahı var. O yazıçı danışdıqca elə bilirdim ki, Yer kürəsi dayanıb mən fırlanıram onun başına… Axı Söz müqəddəs şeydi, Sözün başına belə oyun açmaq kişilikdən deyildi. Onun dediklərini anladım. Amma həmin gün bir şeyi də başa düşdüm ki, araya “vodka” girəndə ədəbiyyatın fatihəsi oxunur. Vodkanın qradusuna uyğun yazılan tərifin, tənqidin ömrü onu yazanın ömründən çox qısa olur.
O gündən sonra elə bilirdim ki, ədəbi mühitdə adamlar bir – birinə elə bu müstəvidən yanaşır…
Seyran müəllimi tanıyanda isə yanıldığımı anladım. Başa düşdüm ki, bütün münasibətlərdən daha ucada dayanan əlahəzrət Sözdü… İlk dəfə Seyran Səxavəti tanıdığım gün bizim evdəki süfrə başında Rəşad Məciddən danışırdı: “Elə bilirəm ki, Rəşadnan min ilin doğmasıyıq…”
Sonra Yazıçılar Birliyində Seyran müəllimin yazı masasının üstündə Rəşad Məcidin şəklini görəndə bu doğmalığın min ildən çox yaşı olduğunu duydum…
Bir sabah da mənə zəng edərək: “Qızım, Aqil Abbas təzə bir hekayə yazıb. Sədi Məmmədovun xatirəsinə. Mütləq oxu onu. Sadəcə şedevrdi…”
Belə… Adamları min ilin doğması, yazdıqlarını şedevr adlandıra biləcək ürəyə sahib olmaq üçün Seyran Səxavət olmaq lazımdı…
Bir gün də mətbuatdan oxudum, Fuad Poladovun xanımı deyir ki, Fuad dünyasını dəyişəndən sonra onun telefonuna bircə nəfərdən zəng gəlir – Seyran Səxavətdən. Hər həftə bizi axtarır, hər bayramımızda, dərdimizdə – sərimizdə.
Bu siyahını sabaha qədər uzatmaq olar: rəhmətlik Camal Yusifzadənin ailəsi də eyni fikirdədir, başqaları da. Bir sabah: “Hardasan, Baba? – deyə soruşanda “Uşaqlıq dostum rəhmətlik Zeynalın yoldaşı dünyasını dəyişib, bu gün dəfn edəcəklər, gedirəm onun balalarının yanında olum…” Bilmədim nə deyim…
Bir gün də dedi ki, bu gün səhərdən həyətdəki üzüm tənəkləri ilə məşğul olmuşam, dostum rəhmətlik Adilin yadigarıdı onlar mənə…
Biz həyatımızda var olanlara dəyər verməyi bacarmayan adamlarıq. Qismətinə yazılan adamları Allahın verdiyi pay kimi yoxluğunda da əzizləməyi bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Fuad Poladov dünyasını dəyişəndə bir yoldaş mənə dedi ki, Seyran müəllim özünü niyə elə zərbə altına qoydu. Fuad Poladovun dəfnində deyib ki, filankəslər Fuadın vida mərasiminə yaxşı ki gəlmədilər. Gəlsəydilər, Fuadın paklığına ləkə düşərdi…
O dediyin filankəslər hamısı “təfəkkürünün istifadə müddəti qurtarmış “adam”lardı – dedim. Seyran Səxavət özünü qanandan o nadan kütləyə qarşı mübarizə aparıb. Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq… Gerçəkləri heç zaman eşitmək istəmədik. Gerçəyi deyəni də sevmədik – Fuadı sevə, Seyranı anlaya bilmədiyimiz kimi…
Bəli, istedad həm də gerçəyi deyə bilməkdir. İstedad o vaxt böyük olur ki, cəsarətə söykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın. Şərəfini, ləyaqətini, sözünü medala, evə, hər hansısa mandata, komforta dəyişən ruhu satılmışların yaşadığı bir toplumun içində hələ də nəfəs ala biliriksə, bu məhz şəxsiyyəti xırdalanmayanların, sürüşə-sürüşə ucalmaq sevdasına düşməyənlərin hesabınadır. Bu cür insanlar dəyərdi – Seyran Səxavət kimi.
Sizlər var olduqca bizim yaşamaq, qorumaq və mücadilə etmək üçün nədənlərimiz olacaq, Ustad. Düşünəcəyik ki, Sözünün və özünün azadlığını kölgələməyən, xırdalanmayan beşcə nəfər belə varsa, onlara tutunub yaşamağa, yola davam etməyə dəyər. Azadlığı hər şeydən uca tutan Vicdanın – Böyük Ürəyin qarşısında baş əyirəm!
Yaxşı ki Varsan, Ustad!
Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!
Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!
Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!
Həmişə Var ol, Ustad! Səni ürəkdən təbrik edirəm. Müzəffər Ordumuz Sənə Qarabağ boyda bir dünya bəxş edib. Adama bundan daha böyük ərməğan nə ola bilər?! Azad Qarabağın mübarək! Ata yurduna müqəddəs qayıdışın mübarək! Müdriklik nərdivanında bu şərəfli pillən – 75 yaşın mübarək, Ustad!
Sonsuz sayğı və sevgilərimlə: Xəyalə ZƏRRABQIZI
QEYD:
Fotolar pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlərdən əvvəl AYB – Natəvan zalında (Bakı ş.) çəkilib.
YAZARLAR cameəsi olaraq biz də yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
2 thoughts on “Xəyalə ZƏRRABQIZI – Seyran Səxavət mənim 75 yaşlı balamdı…”