ŞAH İSMAYIL SƏFƏVİ – ÇİNGİZ XAN – GÖYTÜRKLƏRİN AŞİNA XAQAN NƏSLİ – ARAZ ŞƏHRİLİ YAZIR:
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından
Şah İsmayıl Səfəvinin anası Aləmşahbəyim xatun ağqoyunluların I sultanı Uzun Həsənin və Trabzon şahzadəsi Dəspinə xatunun (yunan dilindəki despina sözü türk dilindəki xatun sözü ilə eyni mənanı ifadə edir) övladı olmuşdur. Dəspinə xatunun anası isə Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. Digər məlumata görə, Dəspinə xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi Dövlət Berdi xanın nəvəsidir. Dövlət Berdi xan 1419–1421-ci və 1428–1432-ci illərdə Qızıl Ordanın hakimi olmuşdur. Məhz Hacı Gəray xanla Dövlət Berdi xanın ulu babası – İslam dinini ilk qəbul etmiş Qızıl Orda hökmdarı Bərkə xanın yardımı sayəsində Misir və Suriya müsəlmanları o dövrdə hələ İslamda olmayan monqol döyüşçülərinin şiddətli hücumları qarşısında duruş gətirə bilmişdilər.
Dəspinə xatunun atası – Trabzon imperatoru IV İoann Komninin (1403–1459) ana babası Feodor Paleoloqun ana nənəsi İrina Asen Bulqarıstanın türk əsilli çarı İvan Asenin (1259–1303) nəvəsi idi. Ehtimala görə, Asen nəsli qədim göytürklərin Aşina xaqan nəslinin bir qoludur.
Dəspinə xatunun atası IV İoann Komninin ata nənəsi Gülkan xatun Gürcüstan çarı IX Davidin (1346–1390) və onun həyat yoldaşı Sinduxtar xatunun qızı, Sinduxtar xatunun özü isə Samstxe atabəyi Qvarqvare Cakelinin övladıdır. Gürcüstanın indiki Samstxe–Cavaxetiya (Axısqa) və Acarıstan diyarlarını əhatə edən Samstxe atabəyliyi Elxanilər tərəfindən yaradılmış bir dövlət idi. Bunun bir səbəbi də o idi ki, monqol yürüşləri zamanı axısqalılar (Axısqa türkləri) və acarlar könüllü şəkildə monqolların tərəfinə keçib gürcülərə qarşı hərbi əməliyyatlarda iştirak etmişdilər. Sonradan axısqa türkləri, acarlar və onların atabəyləri könüllü olaraq Osmanlı təbəəliyini qəbul edib İslam dininə iman gətirmiş, bunun əvəzində Cakeli nəslinin nümayəndələrinə irsi paşa titulu verilmişdi. Cakeli nəslindən olan Atabəy II Manuçöhr (1581–1614) Səfəvilərin tərəfinə keçmiş və Azərbaycana qaçmışdı. Cakeli nəsli, eləcə də digər axısqalılar və acarlar Osmanlı imperiyasının gürcü knyazlarına və Rusiya imperiyasına qarşı apardığı müharibələrdə fəal iştirak etmiş, XIX əsrdə rus işğalçılarına inadlı müqavimət göstərmişdilər.
Şah İsmayıl Səfəvinin ata babası Şeyx Cüneydin atası Şeyx İbrahimin anası isə Cəlairilər türk-monqol dövlətinin sonuncu sultanı Cəlaləddin Hüseynin nəvəsi olmuşdur. Sultan Cəlaləddin Hüseynin ulu nənəsi Ulcatay xatun Çingiz xanın kiçik oğlu Toluy xanın nəslindən olan Elxani hökmdarı Arqun xanın qızı və sonrakı Elxani hökmdarları Qazan xanla Ulcaytu Sultanın doğma bacısı idi. Qeyd etmək lazımdır ki, Qazan xan İslam dinini, Ulcaytu Sultan isə On İki İmam məzhəbini Elxanilər dövlətinin rəsmi dini və məzhəbi elan etmiş xaqanlardır. Əmir Teymur öz tüzüklərində (məsləhətlərində) onların hər ikisinin adını İslam dininin şənini ucaltmış altı nəfərin sırasında qeyd etmişdir.
Ümumiyyətlə isə, Şah İsmayıl Səfəvinin əcdadlarının hamısı Peyğəmbər, alim-mütəfəkkir, xaqan, imperator, xan, sultan, şah, çar nəslinə mənsub olmuşdur.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Müəllif: Araz ŞƏHRİLİ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru