Akif ABBASOV – ÇAYTİKANI

ÇAYTİKANI

(hekayə)

         Asif həmişə evdən çıxanda həyat yoldaşı Minayə xanımdan soruşardı:

         -Evə nə alınacaq?

         O da lal-dinməz əlində tutduğu siyahını ona uzadardı. Asif siyahını alıb yola düzələrdi.

         Asif pilləkənləri düşə-düşə siyahıya baxdı. Üç şey alınası idi: yulaf,  itburnu, bir də çaytikanı.

         Minayə xanım Asifin xarakterinə bələd idi. Ağır xasiyyəti vardı. Özündən tez çıxırdı. Hövsələsiz idi. Ona görə də Minayə xanım onun qayda-qanunlarını pozmamağa çalışırdı. Qadın deyəndə ki, dükan-bazardan filan-filan şeyləri al. Asif də öz növbəsində:

-Onları bir siyahıya yaz, – deyə bildirirdi. -Bir də görürsən ki, nə isə yadımdan çıxıb, beynimi çatlada-çatlada qalıram ki, axı arvad yenə nə isə tapşırmışdı almağa. Ya da götürüb zəng edir, bir daha səndən soruşuram: aldıqlarım budur, yaddan çıxan nədir? Həm də beynimi  yükləmək istəmirəm. Alınacaq şeylərin siyahısı olanda ona baxır, alıb yığıram çantalara. Beynim də yorulmur. 

Asif  bir də Minayə xanıma tapşırmışdı: siyahıda çörək yazmısansa, qarşısında göstər – 1 ədəd, yoxsa 2 ədəd. Makaron, un, şəkər tozu, qənd alınacaqsa, yaz neçə kiloqram, yaxud yarım kilo və s. və i.a. Yoxsa girinc qalıram: neçə çörək alım, un neçə kilo olacaq?

          İndi Minayə xanım yazmışdı: 1. Yulaf – yarım kilo. Özü də  Elmlər Akademiyası metrosundan bir qədər aralıda yerləşən “İvanovka” mağazasından alınacaq. 2. İtburnu – 1 stəkan. 3. Çaytikanı – 1 stəkan.

         Asif  “Akademkitaba” dəyib “İvanovka” mağazasına yollandı. Yarım kilo yulaf aldı. Gördü ki, yaxşı kəsmik var. Yarım kilo kəsmik də alıb, 3 manat 50 qəpik ödədi. Yarım kilo yulafa – 1 manat, yarım kilo kəsmiyə – 2 manat 50 qəpik.

         “İvanovka” mağazasında itburnu ilə, çaytikanı olmadığından 39 nömrəli avtobusa oturub “İnşaatçılar” metrosunun yanına gəldi. Avtobus dayanacağının yanında ağbirçək bir qadın dərman bitkiləri, ədviyyalar satırdı: kəklikotu, çobanyastığı, bağayarpağı, nanə, çayçəpişi, çörəkotu, cirə… Nə istəsən vardı.

         Asif itburnu aldı, çaytikanı isə olmadı. “Bizim market”ə gedən yolda Şəkililərin bir dükanı vardı. Burada mer-meyvədən, ədviyyadan, cürbəcür çərəzlərdən, meyvə qurularından, qoz, fındıq, şabalıddan tutmuş hər şey vardı.

         Burada da çaytikanı tapmadı.  Satıcı dedi:

         -İndi aprel ayıdır, çaytikanı çətin taparsan.

         Asif evə zəng etdi. Minayə xanım dedi ki, aptekə dəysin.

         Asif  gəzə-gəzə “Kaktus” restoranının yanındakı aptekə gəldi. İri cüssəli aptekçi:

         -Buyurun, nə lazımdır? – deyə soruşdu.

          Asif:

         -Çaytikanı lazımdır.

         -Varımızdır.

         Asif sevindi. Aptekçi soruşdu:

         -Çaytikanı yağı istəyirsiniz, yoxsa çaytikanı şamı?

         Asif tez:

         -Yox, – dedi. –Meyvəsi lazımdır.

         Aptekçi təəccüblə:

         -Çaytikanının meyvəsi olmur.

         Asif qaldı mat-məəttəl. Bu aptekçi deyəsən təzə idi. Dava-dərmana yaxşı bələd deyildi. Ən azından hansısa tibb kollecini   bitirmişdi. Amma xam adama oxşayırdı. Asif aptekçinin iri bədənini süzüb onun kimi nataraz, qarnı burnuna dəyən Dava Dərmanovu yadına saldı. Dava universiteti bitirib poliklinikada həkim işləyirdi. Can həkimi idi. Xəstəni özü bildiyi kimi müayinə edəndən sonra:

         -Çıx, çöldə gözlə, resept yazıram, – deyirdi.

         Xəstənin çölə çıxdığına əmin olandan sonra köhnə, saralmış bloknotunu çıxarır, ora baxaraq dava-dərmanın adını kağıza yazırdı ki, xəstəyə versin. Əllə yazılmış bu konspektdəki latın dilində olan hansısa sözdəki hərfi ayırd edə bilməyəndə necə gəldi yazırdı ki, guya xətti belədir.

         Resepti yazandan sonra xəstəni çağırıb ona verirdi.  Bir dəfə özü Asifə etiraf etdi:

         -Nə edim?! Universitet qurtarmışam, amma mənim əvəzimə atam oxuyub. Mən isə yeyib-içib gəzmişəm. Bu da axırı. Mənim yerim bilirsən haradır? İdman oyunları olur ha. Bir də görürsən biri yıxılır, birini əzirlər. Bu vaxt onu elə oradaca  ilk tibbi yardın edilmək üçün stadionun, oyun meydançasının yanını kəsdirmiş həkimin yanına gətirirlər. Sən də orasına-burasına spirt çəkir, dava-dərman edirsən, qurtarıb gedir. Əyər-əskiyin də bilinmir.

         Aptekçi deyəndə ki, çaytikanının meyvəsi olmur, Asif olub-keçənləri, dostu  Dava Dərmanovu xatırladı.

         Aptekçi Asifin dayanıb durduğunu görüb irişirdi. Asifi də gülmək tutdu. Bu aptekçi də sən demə elə Dava Dərmanovun tayı imiş. Buna əmin olduğundan Asif dedi:

         -Yaxşı, həkim, deyirsən çaytikanının meyvəsi olmur. Əgər meyvəsi olmursa, bəs onda onun yağını nədən çəkirlər, şamını nədən düzəldirlər?

         Aptekçi daha irişmirdi. Qıpqırmızı qızarmışdı. Asif yaman yerdə onu yaxalamışdı.

                                                     Bakı şəhəri, 09 aprel 2021-ci il


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir