Mən Tağıyev Qismət Nəsib oğlu (Seyid Qismət Nəsiboğlu) 20 oktyabr 1949-cu ildə Füzuli rayonun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşam.1967-ci il kənddə yerləşən orta məktəbi əla qiymətlərlə bitirərək elə həmin il Azərbaycan Politexnik İnstitunun İnşaat fakültəsinə qəbul olunmuşam.5 il əyani təhsil alaraq 1972-ci ildə institutu bitirib ,ali təhsilli inşaat mühəndisi kimi Beyləqan şəhərində olan tikinti idarəsində işə başladım.Uzun illər tikinti idarələrində müxtəlif vəzifələrdə işləyəndən sonra 2016-cı ildə təqaüdə çıxmışam.Hələ uşaq yaşlarımdan kitab oxumağı çox sevirdim. Oxuduğum kitablar həyatımda çox böyük dəyişiklər edərək bir insan kimi formalaşmağıma kömək etmişdir. Topladığım böyük söz ehtiyyatı, müşahidə qabilliyətim imkan yaratdı, mən də bədii əsərlər yaza bilim.Yazdıqlarımdan bir üç kitabda nəşr etdirərək oxuculara paylamışam. Kitabların adı belədir.
1.Bizim zəmanənin nağılları- 4 povest
2.Aldanmış qadın 4 povest.
3.Azərbacan faciəsi 3 povest.
Hazırda Beyləqan şəhəri, Sərdar İmrəliyev 154 saylı ünvanda yaşayıram, ailəliyəm, üç övladım, altı nəvəm var.
Səssizlikdən doğan fırtınanın möcüzəli sevgisi… Qar dənəcəciklərinin xoşbəxtliklə qarşıladığı qış fəslini əslində şəhərin sakinləri imtahan verərək qarşılayacaqdılar.Həyat imtahanı…Acılarında boğulan əllərinə bıçaq batırıb,nəfəslərini kəsəcəkdilər,çünki onlar yaşamaq nədir bilmirdilər.Sevgisiz bir dünyanı təsvir edərkən dalğalı dənizdə boğulurdular.Qadınlar və qızlar da bu intiqamı bu səfər qırılmış,ölü saçlarından deyil,qəlblərinə gömdükləri sevgiylə alacaqdılar.Bu şəhərciyin sakinləri fırtınanın səssizliyinə dözə bilmirdilər.Onlar daima yaşayıb,yaradıb,çalınan musiqi notlarına tutunub ayaqda qalırdılar.Onların yaşamaq həvəsi zərrələrinə kimi toxunan,hətta fırtına qoparan sevgiyə deyildi, sevgi adlandırdıqları işgəncəyə məruz qalıb,acılarıyla boğulmaqları idi.Soyuq qışın üsyanında sarılardı onların əlləri kiçik qar dənəciklərinə,ancaq nolsun? Bir dəfə də olsun sarmazdılar yaralarını.O yaralardan fışqıran qan ətrafa boylanaraq baxın beləcə insanların qəlbini ələ keçirərdi…Tək Muraddan başqa… Bəlkə həyatı doya-doya yaşamamışdı,ancaq həyat sevgisini əllərində deyil,ruhunda,qəlbində qorumağı bacarmışdı.Bəlkə də yeganə insan o idi…Ta ki, 1 oktyabr 2021-ci ilə qədər… Bu hadisəni sizlərlə də bölüşəcəm,amma bir anlıq özünüzü dərin boşluğa atın.O boşluqda saatlarca savaşın,eynən Murad kimi.Anlayacaqsız nə söyləmək istədiklərimi… Bu gün şəhərin ən hay-küylü zamanına təsadüf edirdi.Soyuq,kinli insanlar yenə öz dünyalarına qapılmışdılar.Səhər saatları 06:30 idi.Bomba partlayışının səsi hələ də qulaqlarımda cingildəyir.İnsanların evdən qaçışı gözlərimin önündən silinmir.Sanki ayaqlarını geridə qoyub,kölgələrini izləyərək qaçırdılar.Murad isə evində şirin yuxusunda idi.O an qapısının döyüldüyünü eşidib təlaşla ayağa qalxdı.Nişanlısı Dəniz nəfəsi kəsiləcəkmiş kimi içəri dalıb: -Murad,qaçmalıyıq. -Hara? Nolub Dəniz? -Söz soruşma,tezz…Tez ol! -Axı niyə? O küçədən gələn səslər nədir? -Partlayış baş verib.Vaxtımız azdır.Gəl,əlini mənə ver,qaçaq bu şəhərdən! -Yox,yox mən… -Nolub axı?! -Bağışla məni,Dəniz,mən bu səfər səninlə qaça bilməyəcəm. -Sən dəli olmusan,Murad,yoxsa ağlını itirmisən? -Yox,yox! Ancaq mən səni özümlə birgə təhlükəyə ata bilmərəm,əgər əcəlim gəlibsə,demək mən səninlə gələ bilmərəm.Əzizim,biz səninlə görüşəcəyik,heç narahat olma… -Murad,mən…Mən sənsiz yaşaya bilmərəm! Mən solmuş çiçəklərləmi gələcəyəm sənin yanına?! Sən nə danışdığını bilirsənmi? -Bilirəm,mən ölməyəcəm.Söz verirəm sənə,Dəniz! Söz! Murad Dənizin əlini öz qəlbinin üzərinə qoydu və dedi: -Biz qəlbdən qəlbə də sevəcəyik bir-birimizi.Tanrım bizi qovuşdursa,qovuşdurmasa da,sən mənim həsrətimin vüsalı olaraq qalacaqsan daima! Dəqiqələr qalmışdı… -Dəniz,qaç,canını qurtar bu vəhşi şəhərdən! Qaç! -Muraaaaaad… -Qaç! Arxasına baxmadan qaçan Dənizin ayağı büdrədi…Bombanın partlayışına son dəqiqələr qalmışdı.Zaman getdikdə qısalırdı..Dəniz yerindəcə qaldı.Murad nəfəsi kəsiləcək qədər qışqırsa da,Dənizin tək sözünü xatırlayıram… -Öləcəyəmsə,sənsizliklə deyil,bu dəhşətli şəhərin imtahanına çəkilməməkdən ötrü öləcəyəm! Və səndən alacaq intiqamı,qoy məndən alsın bu şəhər! Murad evdən qaçıb Dənizin qollarına atıldı.Artıq çox gec idi…İki sevgili də bu şəhəri susduracaq həyat hekayəsi yaşatmışdı insanlara.Artıq mənim də üzərimə düşən qələmə almağım idi… 5 ay sonra… Dəniz göz yaşlarını Muradın yanında gizlədərdi…Zülmətin səssizliyində qəlbində susmuş fırtına üsyan edərdi.Alovlanıb kül olana qədər hönkürtü çəkərdi gözləri.Heç kəsi,heç göz yaşlarına da düşünməzdi,zatən düşünsə idi o da tək Murad olardı… Murad ayaqlarını,qollarını da itirmişdi.Onları itirsə belə onu ayaqda tutacaq sevgisi var idi.Dənizin qəlbində heç vaxt böyütmədiyi,əmanəti olan sevgi… Başını Dənizin qəlbinə həyəcanla döyünən döyüntülərinə həmişə bu sözləri təkrarlayardı: Sən yaşa.Sən yaşadıqca,mən də yaşayacam.Bax beləcə uşaq kimi qal,heç vaxt böyümə.Göz yaşlarını ver tök mənim saçlarıma,onlar islansa da olar.Təki sən Dənizin qəlbindən heç vaxt getmə.Mənimsə baxışlarımdan…
Uzun illərin xatirələrini xatırlatdı mənə Bakıxanovun səsləndirməsi.Səsin sehirli olması bir başqa möcüzədir.Çox qiraətçilərdən dinləmişəm,lakin əzizimin,yaxınımın səsləndirməsində eşidərkən bir başqa dünyaya qərq oldum.Öz dünyama yenidən səyahət etdim.Bəzən olur ki,dünyamdan ayrılıram,ancaq bir daha Nizami Gəncəvinin “Sevgili Canan” qəzəlini İbrahimdən dinlədikdə dünyama rəng qatan səsi duydum.Necə söyləmişdin:”Mavi və bənövşəyi tonlara bənzəyən bir az hüznlü,bir az sevgi dolu dünya”ma yenidən səyahət etdirdin! Var ol!
İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim. Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır. İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.
– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?
– İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.
– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.
-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra…
– Rəfail müəllim, neçə yaşınız var?
– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)
– Nə bildiniz ki, bürcünüzü soruşacam?
– Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.
– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?
– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.
– Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?
– Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.
– Allaha inanırsınız?
– Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.
– Sizinçün yaşamaq nədir?
– Yaşamaq səndən sonra yaşamaqdır.
– Bəs ölüm nədir?
– İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.
– Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?
– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.
– Ölümdən qorxursunuz?
– Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…
– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?
–Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.
– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?
– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.
– Gözəlliyi sevərsiniz hər halda.
– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?
– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?
– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.
–Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?
– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.
– Bəs aşıq musiqisini sevirsiz?
– Əlbəttə. O bizim qanımızdadır.
– “Musiqiçi dostum, bir nöktrün çal, məni məndən qopar, məni məndən al“. Bu sözləri yazan məncə klassik musiqini də sevir?.
– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.
– Bəlkə cazı da sevirsiniz?
–Konsertlərinə qatılıram. Dinləyirəm.
– Sizcə sevgi nədir?
– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…
– Yaşından asılı olmayaraq?
– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.
– Sevgi insana nə verir, sizcə?
– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…
– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.
– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı… – Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.
– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.
– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.
– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.
– Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?
– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.
–Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!
– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.
Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.
Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.
Qeyd:
2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.
Bu günlərdə yazıçı Pərvanə Bayramqızının “Karantin zədəsi” adlı 3-cü kitabı çapdan çıxıb.
Müəllif Ana dilinin qorunması mövzusunda yazdığı məqalələri, tanınmış ziyalılardan götürdüyü müsahibələri və gündəmlə səsləşən: pandemiya, müharibə və ümumi mövzulu statuslar kimi qruplaşdırdığı yığcam fikirləri ilə özünəməxsus şəkildə oxucunu dialoqa cəlb edir. “Oxucu rəyləri” bölümündə pandemiya dövrünün izolyasiyasının insanlara göstərdiyi mənəvi-psixoloji təsir, karantin rejimində müəllifin fərdi yaşantıları əksini tapıb.
“Yeddi sual”, “Ağ divarda qara yazılar”, “Yoluxmayan xəstəlik” və digər hekayələrdə virus təhlükəsiylə bir-birindən uzaqlaşan insanların faciəsindən, ömrünün son ayını karantinin bitəcəyini gözləyərək başa vuran qocanın həsrətindən, vaxtsız gələn sevgi və eləcə də sevənin üzüdönüklüyündən bəhs olunur.
Kitabın redaktoru yazıçı-publisist Vasif Sadıqlı, korrektoru isə şair Ramiz İsmayıldır.
Pərvanə Bayramqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Pərvanə xanım!
Bakı şəhərində yerləşən Azərkitab kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib.
“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir. Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır. Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir? Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır… Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir? Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm. Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz? Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir… Ən çox sevdiyiniz rəng hansıdır? Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm. Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur? Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək istəyir… Sizcə qadın olmaq asandır? Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar. Hansı insanlarla ünsiyyət qura bilmirsiniz? Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə. Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir? Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm. Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi? Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur… Demək, Şahnaz Şahin sevginin varlığına inanır? Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!.. Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki? Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi… Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz? O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım. Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı? Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir. Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib. Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar. “Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları. Şahnaz Şahin poeziyası əsasən kimin üçündür? Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz. Hər sətirə ürəyimi qoymuşam, Məndən sonra şeir balam yaşasın. Arı kimi çiçəklərdən yığmışam, Məndən sonra şeir balam yaşasın. Uçuqlayıb dodaqlarım söz üstə, Nə istəyib, demişəm ki, göz üstə. Ayaqyalın oynayıram köz üstə, Məndən sonra şeir balam yaşasın. Pəri kimi o nazlanır önümdə, Toxunuram zəri qalır əlimdə. Ölməmişdən ölmək keçir könlümdən, Məndən sonra şeir balam yaşasın. Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz? Şair kütlə deyil. Əbədi tənhadır. Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil? Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir. Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik? Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir… Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum. Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var... Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz? Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza. Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız? Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur… Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim. Bir yağış yağar dünyaya ilin-günün xəstə vaxtı, üşüdər damarlarını çarəsizliyin… Havaya baxıb dodağını büzərsən, …bezərsən… və hər gün çarəsizliyini bir cür bəzərsən… Göy üzünü çətirtək tutarsan başına, Söz-söz tökülər gözündən çəkdiklərin. Hardasa unutduğun ləpirlərin gəlib düşər ayaqlarına… …Nağılmı ömrün, ömürmü nağıl imiş, sonda bilərsən… Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım. Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin… Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.