
YAR, GƏLMİŞƏM!
Yar, bu gecə göz yaşımı şərbət kimi içib gəldim,
Neçə zirvə aşıb gəldim, neçə dərə keçib gəldim,
Gen dünyanı yana qoyub, dar qapını seçib gəldim.
Dağdan uca qürurunu yollarında əyən mənəm,
Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
* * *
Neçə yollar ayaqladım gah dolanbac, gah da haça,
Uşaq kimi qucağına yüyürmüşəm qaça-qaça.
Aç qapını! Nəfəsimdən cana gəlsin həyət-baca.
Varlığına gizli-gizli güvənən mən, öyən mənəm,
Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
* * *
İnnən belə alovunun həsrətinə qızmayacam,
Yağış kimi sətirləri pəncərənə cızmayacam,
Yer tapmayıb, tavanından damla-damla sızmayacam.
Külək deyil, misraları həzin-həzin deyən mənəm,
Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
* * *
Gəlmişəm ki, əridən mən qəlbindəki buzu, qarı,
Vücuduma hopduraraq, gətirmişəm ilk baharı,
Qoy, ətirli çiçəkləri otağına dolsun barı.
Qapınızı döyə-döyə, ürəyini yeyən mənəm,
Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
* * *
Heç bilmədim, bu günədək ayrılığa necə dözdüm?!
Bu həsrətdən, bu hicrandan sən də bezdin, mən də bezdim.
Dəli könlüm, daha bəsdi Tanrı kimi tənha gəzdin!
Bir ömürlük taleyinə göydən yerə enən mənəm,
Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
QISQANDIM!
Sən bəxtimin yazısı, xoş naxışı,
Bahar etdin ömrümdəki qar-qışı.
Bilirəm ki, çox sevirsən yağışı
Hər damlaya, selə səni qısqandım!
* * *
İlmə-ilmə taleyimə toxunan,
Xoş nəğməsən dodağımda oxunan.
Oxşadığım tellərinə toxunan,
Əsib keçən yelə səni qısqandım!
* * *
-Dönüb bu gün heç baxmadın üzümə…
-Niyə qulaq kəsilmədin sözümə?
Gah beləcə səbəb tapdım özümə,
Gah da elə-belə səni qısqandım!
* * *
İncidəndə biri sənə döz, dedi,
Biri yalan, biri doğru-düz dedi.
Mənim kimi de, kim sənə söz dedi?
Acı-şirin dilə səni qısqandım!
* * *
Günlər keçdi dava-dalaş, çarpışma.
Gah incimə, gah küsülmə, barışma.
Deyəmmədim, heç bir əldən yapışma,
Hər tutduğun ələ səni qısqandım!
* * *
İstəyirsən sözlərimə gül daha,
Açacağam sənə yeni sirr daha.
Gül gətirmə, yarım, mənə bir daha!
Əlindəki gülə səni qısqandım!
YERİNƏ
Göz yaşını gizlin tökmə,
Aşkar silləm siləninin yerinə!
Gələn gəlmir, boynun bükmə,
Durub gəlləm, gələninin yerinə!
* * *
Deyəcəyəm yorulmadan,
Varım-yoxum sənə qurban!
Ürəyimdən axsa da qan,
Hər gün gülləm, güləninin yerinə!
* * *
Tükəndikcə səbr-dözüm,
Dayaq olar sənə sözüm.
Deməsən də, gülüm, özüm
Dərdin billəm, biləninin yerinə!
* * *
Qəm üstünə kölgə salsa,
Qəlbim durar gözün dolsa.
Vallah, sənə rahat olsa
Canım verrəm, öləninin yerinə!
QURBAN OLDUĞUM!
Əlim yollarına açılı qalıb,
Gəl, gözümün nuru, qurban olduğum!
Ömrüm həsrətindən asılı qalıb,
Könlümün qüruru, qurban olduğum!
* * *
Sən dərdli köksümdə kök salıb susan,
İstədim dizinə baş qoyub, susam.
Sanki, səhralarda bir damla susan,
Dodağım qupquru, qurban olduğum!
* * *
Səsin Muğamların həzin havası,
Qəmli segahımın qəmli avazı.
Şirvan şikəstəsi, Bayatı-şirazı,
Həm Rastı, həm Şuru, qurban olduğum!
* * *
Sənsən şair ruhum, yazmaq həvəsim.
Cismimdə, canımda dönən nəfəsim!
Hay saldım, Tanrıya yetışsin səsim,
Ey haqqın zühuru, qurban olduğum!
Müəllif: Nuranə RAFAİLQIZI
NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru