
TANRIYA XİTAB
Yuxularım qat-qarışıq…
Yozumunda yoxdu işıq.
Qarşındayam bircə qaşıq
Ümid ver, geri qayıdım.
* * *
Harda, nə vaxt ki, sənsizəm
Həm karsızam, həm yönsüzəm.
Dən sənindi, mən dənsizəm
Üyüt ver, geri qayıdım.
* * *
Ömrüm ölüm sorağında,
Bir uçqunun qırağında.
Mən varamsa marağında
Öyüd ver, geri qayıdım.
* * *
Ya möhürlə fərmanımı,
Vaxtında al sən canımı.
Ya olmayan imkanımı
Böyüt ver, geri qayıdım!
TANRIM
Tanrım, məni elə yaşat,
Səndən əlim üzülməsin.
Cəhənnəmə dönsə həyat,
Səndən əlim üzülməsin.
* * *
Zamanım yağı olsa da,
Köksümün dağı olsa da.
Ürəyim yağır olsa da,
Səndən əlim üzülməsin.
* * *
Göy gözümdə ensə belə,
Yer zülmətə dönsə belə,
Son ulduzun sönsə belə,
Səndən əlim üzülməsin.
Müəllif: Musa ƏLƏKBƏRLİ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru