Zaur Ustac – Ana yurd

Anamın doğum gününə
ANA YURD
(esse)
Ana təkcə insan dünyaya gətirən varlıq deyil. Ana həm də yaddaşdır, kökdür, başlanğıcdır, ocaqdır. İnsan ilk nəfəsini ananın qucağında alırsa, ilk kimliyini də ana yurdun qoynunda tapır. Dünyanın bütün yolları haradan başlayırsa başlasın, mütləq bir gün insanı öz ana yurduna aparır. Çünki insanın ruhunun xəritəsi doğulduğu torpağın yaddaşında çəkilir.
Ana yurd torpaqdan böyük anlayışdır. O, daşın yaddaşı, ağacın nəfəsi, suyun səsi, ocağın istisi, ananın laylasıdır. Hər xalqın varlığı onun ana yurdunun yaddaşında yaşayır. Min illər boyu nəsillər dəyişir, zaman dəyişir, dünya dəyişir, amma ana yurd dəyişmir. O yalnız öz övladlarını gözləyir.
Biz çox vaxt dünyanı böyük şəhərlərdə, uzaq ölkələrdə, yad küçələrdə axtarırıq. Halbuki dünyanın ən böyük həqiqətləri bəzən bir ananın ilmə-ilmə toxuduğu xalçada gizlənir. Bir palazın naxışında yüz illərin sözü yatır. Bir gəbənin rəngində bir xalqın taleyi yaşayır.
Analar sadəcə yun əyməyiblər. Sadəcə xalça toxumayıblar. Onlar tarix toxuyublar. Tale toxuyublar. Kimlik toxuyublar. Hər ilmədə bir nəsihət gizlədiblər. Hər naxışda bir yol qoyublar. Hər çeşnidə gələcəyə ötürülən sirr saxlayıblar.
Ana yurd da belə yaranıb. Əllərin zəhmətindən, alın təri ilə yoğrulmuş torpaqdan, min əzabdan keçmiş yaddaşdan.
Babalar at belində qoruyub bu yurdu. Nənələr sandıqlarda yaşadıb. Analar laylalarda böyüdüb. Atalar əmanət qoyub. Övladlar da onu yaşatmaq üçün doğulublar.
Bir xalqı məğlub etmək üçün əvvəl onun yaddaşını əlindən almaq lazımdır. Amma yaddaşı xalçaya köçmüş xalqı unutdurmaq çətindir. Palazına tarix yazılmış milləti tarixdən silmək mümkün deyil.
Ana yurd bəzən kənd yoludur. Yağışdan sonra torpaq qoxusudur. Payızda yarpaqların ayaq altında xışıldamasıdır. Uşaqlıqda qaçdığın küçədir. Səni tanıyan ağacdır. Qapısında adını bilmədən səni gözləyən evdir.
Ana yurd insanın içində yaşayır.
İllər keçir. İnsan uzaqlara gedir. Başqa şəhərlər görür. Başqa dillər eşidir. Başqa həyatlar yaşayır. Amma bir gün qəfil bir qoxu, bir səs, bir mahnı, bir xalça naxışı insanı geri aparır. Uşaqlığa. Ocağa. Anaya. Yurda.
Çünki insan heç vaxt ana yurdundan tam ayrı düşmür.
Ana yurdun daşı da doğmadır. Suyu da doğmadır. Küləyi də doğmadır. Çünki insan özünü yalnız tanıyan torpaqda bütöv hiss edir.
Ana yurdun sevgisi sərhəd tanımır. O, yalnız xəritədə görünən məkan deyil. O həm də insanın ruhunda yaşayan vətəndir.
Ana yurd bizə danışmadan öyrədir. Səssiz şəkildə böyüdür. Bəzən bir qocanın baxışında görünür. Bəzən bir uşağın gülüşündə. Bəzən bir ananın yorğun əllərində.
Ana yurd öyrədir ki, insan haraya getsə də, ipin ucunu itirməməlidir. Kələfin ucu yaddaşda qalmalıdır. Kim olduğunu unutmaq olmaz. Hansı ocaqdan çıxdığını unutmaq olmaz.
Çünki ağac kökü ilə yaşayır.
İnsan da elə.
Ana yurd min illərin arğacından keçən ömür yoludur. Dünənlə sabahın arasında uzanan körpüdür. Ata sözünün, ana nəfəsinin, xalq yaddaşının müqəddəs ünvanıdır.
Ana yurd bir xalqın özünü tanımasıdır.
Ana yurd insanın özünə qayıdışıdır.
Ana yurd — Anadır.
05.11.2021. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir