Biz niyə ayrıldıq günün bu vaxtı?!

PAYIZ TABLOSU
(elegiya)
Biz niyə ayrıldıq günün bu vaxtı,
Torpağın, çəmənin-gülün bu vaxtı,
Baharın içində, yazın içində!
Ayrılıq payızdan gələn günahdı!
Bu boyda yamyaşıl sözün içində,
Nə ömrə xoş gəldi, nə də torpağa!
Nə də ki, bahara-yaza yaraşdı!
Döndü saplağından qopan yarpağa
Hələ yaşanmamış ömrə qarışdı.
Bizim sevgimizin gözləri bumbuz,
Bizim sevgimizin alnı qırışdı!
Qopdu məhvərindən sayrışan ulduz,
Kükrədi ardınca kövrələn bulud.
Nə gəldi torpağa-göyə, bilmədim.
Çökdü ömrümüzə qərib bir sükut,
Sən susdun, mən də söz deyə bilmədim!
Biz niyə ayrıldıq, niyə, bilmədim!..

Dörd yol ayrıcında çıxdıq vətəndən!
Daha nə qaldı ki, quru bədəndən,
Qürbətə aparan yoldan qeyrisi!
Bir də nə cücərər bizdə bitəndən,
Ürək fərarisi, ruh fərarisi –
İmisti taxtından-tacından qaçaq!
Uddu möhnətini qara daşın da,
Alnında bir güllə yeri var ancaq!
Ömrün çiçəklənən bahar yaşında
Nə bir günü oldu, nə də dincliyi!
Həzin bir gecədə, ay işığında
O yaşıl yarpaqlı fidan gəncliyi
Payıza qəpiyə-quruşa satdıq!
Satdıq! Nəyimiz var öz əlimizlə
Taleyin saralmış qoynuna atdıq!
Gizlənpaç oynadıq əcəlimizlə,
Gör bir nə tez gəlib ölümə çatdıq –
Adımız daş kimi göyərdi yurdda!
…Daha indən belə nə qalsa yadda,
Son dəfə günbəgün bölərik ömrə!
Oturub bir salxım söyüdün altda
Həm də yas yerinə gələrik ömrə…

Müəllif: İbrahim RÜSTƏMLİ 

Şair-publisist, Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir