LEYLA YAŞAR – “YARALI“ ÇƏKMƏ

LEYLA YAŞARIN YAZILARI

“YARALI“ ÇƏKMƏ
Müharibənin odlu – alovlu günləri olsa da, kənd əhalisi kəndi boşaltmamışdı. Öz doğma yurd – yuvalarını tərk etməməkdə israrlı görünürdülər
Hər gün eşidilən silah səsləri onları qorxutmur, əksinə qələbə əzmi ilə yaşayırdılar .
Asif meşəyə getməyə hazırlaşırdı. Odun ehtiyyatları tükənmək üzrə idi Meşəyə belə vaxtı getmək təhlükəli olduğundan, o həmişə getdiyi cığırdan yox, başqa istiqamətdən getməyi planlaşdırırdı.
Baltasını götürüb meşəyə yollandı. Evdən çıxarkən hər kəslə sağollaşdı. Geriyə qayıtmaya da bilərdi axı .
Tanımadığı yeni cığırla səssiz addımlarla irəliləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də, özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi.
Canlar alan müharibə bitmək bilmirdi. Hərdən sərhəd kəndi oldugu üçün, əsgərlər görsənirdi onların kəndində. Çox sevirdi əsgərləri. Özünün yaşı əsgərliyə çatmırdı. Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə, geyimlərinə. Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi.
Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu. Hərdən gələn şıqqıltı səslərindən diksinir, sonra toxtayıb yoluna davam edirdi.
Payız fəsli olduğundan ağaclar
“paltarlarını soyunmağa” başlamışdılar. Ona görə hər yeri aydın görmək olurdu .
Aha, deyəsən qabaqda istədiyini tapmışdı. Baltanı bərk vura bilməyəcəkdi deyəsən, bura tam açıqlıq idi. Səsi aləmi götürəcəkdi. Eləcə yerə tökülən ağacların qol-budağından yığıb tez uzaqlaşmalı idi. Çünki yaxınlıqdan silah səsləri ilə bərabər, qarışıq danışıqlar da eşidilirdi. Yolu da aza bilərdi, Çox irəli getmişdi.
Deyəsən bura mərmi düşmüşdü. Hər yer darmadağın idi. Ayağını irəli atmışdı ki, gözünə əsgər çəkməsi dəydi. Ürəyi əsə-əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi.Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşağı əyildi. Və həmin anda, az qaldı ki,ürəyi getsin. Çəkmənin içində qanlar içində, dizdən aşağı kəsilmiş əsgər ayağı var idi. Qanı qurumayan ayağın təzəlikcə bura düşdüyü açıq-aydın görsənirdi.
Asif nə edəcəyini bilmədi.
Bir az özünə gəlib, elə həmin yerdəcə çəkməni basdırmağa qərar verdi . Əlindəki baltayla torpağı bir qədər qazdı. Çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb elə ordaca basdırdı. Sonra həmin yerə bir daş qoyub baş tərəfinə bir ağac basdırdı ki, yeri itməsin. Ağacın üstünə baltanın tini ilə “yaralı“ çəkmə yazdı.
Bir az çıl-çırpı topalayıb ordan uzaqlaşdı .
Axır ki, neçə-neçə ailələri başsız qoyan, evlərin çırağını söndürən lənətə gəlmiş müharibə bitdi.
Asif də artıq böyümüşdü. Bu gün-sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı, amma yadından da çıxmırdı. Hər gün o ayağın sahibinin ayaqsız necə yaşadığını düşünür, pis olurdu. Bəlkə də heç həyatda deyildi , o
“yaralı” çəkmənin sahibi …
Bir gün kəndə səs düşdü. Əsgərlər gələcəkdi kəndə. Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi. Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələ də qələbə abu -havası hökm sürürdü .
Budur, əllərində bayraq bir neçə gənc, əsgər paltarında kəndin mərkəzinə doğru irəlləyir. Bütün kənd burda idi. Asifin boyu hündür olduğundan, əsgərləri daha yaxşı görür, ətrafındakılara məlumat verirdi.
Şəhid bulağının yanına gələn əsgərlər, əl -üzlərini yuyub qoyulan stullarda oturdular. Onlar artıq əsgər deyildilər. Əyinlərindəki geyimə görə hər kəs:
– Eşq olsun bizim ordumuza – deyib qışqırırdı .
Bəzilərinin yaralı olduğu hiss olunurdu. Asifin diqqətini kənarda sakitcə oturub, uzaqlara qəmli-qəmli baxan oğlan çəkdi .
Bir-bir müharibə ilə bağlı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı. Keçdikləri o şərəfli yolda, qazandıqları qələbədə, hər kəsin əməyi olduğunu söyləyir, həm maddi, həm mənəvi cəhətdən onların yanında olan kənd camaatına öz dərin minnətdarlığını bildirirdi.
Sonra bir-bir əsgərlər müharibə ilə bağlı ağrılı-acılı xatirələrini bölüşdülər. Asifin diqqətini çəkən o gəncə söz verildi. Utana-utana ayağa qalxan gəncin dizdən aşağı ayağının olamadığını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb gəncin danışığına diqqət kəsildi .
Gənc dili -dodağı əsə-əsə bir- iki kəlmə danışdı. Sonda üzünü meşəliyə tutub:
– Mənim yeriyən ayağım bu meşəlikdə gəzir. Mən onu sizlərə ənanət verdim. Keşkə bircə hara düşdüyünü biləydim.
Asif qabağa şığıyıb, oğlanı bərk-bərk qucaqladı. Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamağa çalışdığından, səs – küy aləmi götürmüşdü.
Hamı Asifdən açıqlama gözləyirdi .
Asif ağlaya – ağlaya:
-Arxamca gəlin – dedi.
Hər kəs səssizcə onun arxasınca düşdü.
Budur, Asifin çəkməni basdırdığı yer.
İlahi, gənc necə ağlayırdı.
Əlləri ilə həmin yeri qazıb, çəkməsini çıxartdı.
Maraqlıdı, çəkmənin içində ayaq tam çürüməmişdi.
Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi.
Asif onu sakitləşdirib:
– Qardaşım, bu gün çox xoşbəxtəm, sənin əmanətini qoruyub saxlaya bilmişəm. Sənin o bir parçan, bizim can parçamızdı, qardaş.
“Yaralı” çəkmə basdırılmaq üçün gəncə verilsə də, gənc onu götürmədi.
– Vətənimə canım qurban olsun.
Qoy mənim bir parçam bu meşəlikdə uyusun.
“Yaralı” çəkmənin basdırıldıgı yer o vaxtdan ziyarət yerinə çevrildi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir