AYSU TÜRKEL – ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ yaxud ŞÜKÜR UCALIĞI 

AYSU TÜRKELİN YAZILARI

ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ
yaxud
ŞÜKÜR UCALIĞI 

27 sentyabr… Ardı-arası kəsilməyən güllələrin səsi ilə açıldı səhər. Cəbhəyanı bölgələrdə yaşayan kənd sakinləri yenə də atəşkəsin pozulduğunu zənn etdilər.

Nəriman baba pəncərədən boylandı: – Yenə bu vicdansızlar, bu üzdəniraq kafirlər hücum etmək istəyirlər deyəsən. Kaş ki, Ali Baş Komandan əmr verərdi, şanlı ordumuz bu erməni dığalarını torpaqlarımızdan birdəfəlik süpürüb atardı, – deyə düşündü. Sonra üzünü nəvəsinə tutaraq: – Ay bala, ay bala, o televizoru aç görək. Bəlkə nəsə xoş bir xəbər eşitdik, dedi.

-Yaxşı baba, bu dəqiqə açıram, Nurlan cəld yerindən sıçradı. Nəriman baba zənnində yanılmamışdı, elə “Xəbərlər”in efir vaxtı idi. Atəşkəsin pozulduğu haqqında məlumat verilirdi. Xəbərlərin bitməsinə az qalmış aprıcı yeni məlumatların əldə edilməsini bildirdi və sevinc göz yaşları içində hıçqıra-hıçqıra: “Füzulinin dörd, Cəbrayılın isə iki kəndi işğaldan azad edilib” xəbərini çatdırdı. Xeyli vaxt idi ki, qulaqlar qələbə xəbərinə öyrəşməmişdi. Ona görə də hər kəs heyrət və tərəddüd içində idi. Doğrudurmu? – deyə inam və inamsızlıq içində bir-birini təbrik edir, sevincdən atılıb-düşürdülər. Amma bu bir həqiqət idi. Ordumuz sürətlə irəliləyir, illərdən bəri işğal altında inləyən kənd və qəsəbələrimiz düşmən caynağından qurtulurdu.

-Şükürlər olsun, şükürlər olsun ki, artıq igid əsgərlərimiz irəliləyib, işğal altında olan torpaqlarımızı azad etməyə başlayıblar, – Nəriman babanın gözlərindən od parladı. Elə bil yanağında bərq vuran sevinc yaşları yerə düşüb yox olmaqdan ehtiyatlanırdı.

Görəsən Şükür hansı bölgədə, hansı səngərdədir, neçə vaxtdır bir xəbər də eləmir, – Nəriman baba düşündü. Ciyərparası Əzizəyə, Nurlana, ömür-gün yoldaşı Könülə bir zəng də vurmur. Bəlkə də haqlıdır, axı Vətən, torpaq məhfumu hər şeydən üstündür?! 

Cəbhə bölgəsini, səngəri öz evi sanan Şükür Həmidov döyüşlərin ən fəal iştirakçısı idi. Ömrünü hərb sənətinə həsr etmiş bu cəngavər vətənin dar günündə onun imdadına çatmaqdan qürur duyurdu. O, hələ 4 il öncə Qarabağa gedən yolda atılan ilk addım olan Aprel döyüşlərində iştirak etmiş və misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir. O zaman Şükür Həmidov  Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. O, üzərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlmiş, gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelərini, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsinin işğaldan azad edilməsində böyük rol oynamışdı. Elə bu səbəbdən də son 17 ildə sağlığında ilk Milli Qəhrəman adını alan şəxs kimi tarixə düşmüşdü. Amma hazırda Qarabağ uğrunda gedən döyüşlərdə daha böyük qəhrəmanlıq göstərməli idi. Çünki bu, Qarabağın azadlığı uğrunda atılan ən böyük addım olacaqdı. Vətən onu imdada səsləyirdi.

Şükür Vətəni qanı, canı bahasına olsa belə qorumağı, “Vətən!” deyə hayqıran əsgərləri ilə birgə Qarabağı işğaldan azad etməyi qarşısına məqsəd qoymuşdu. Onun ən böyük amalı da elə bu idi. Döyüşə yollanmazdan əvvəl onlara tövsiyyələr verir, nəyin bahasına olursa-olsun döyüşdə bir addım da geriyə çəkilməyəcəklərini, illərlə ürəklərdə yığılıb qalan yurd həsrətinin bitməsi üçün qisas məqamının yetişdiyini bildirirdi:

-Şanlı Azərbaycan ordusunun yenilməz əsgərləri, 30 ildir biz itirdiyimiz yurd həsrəti ilə yaşayırıq! Artıq vətənə olan borcumuzu yerinə yetirmək zamanıdır! Sizə hücum tapşırığı gələndə qartal kimi şığıyıb düşmənləri məhv edib, o müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmalısınız! Bu müqəddəs yolda şəhid də ola bilərsiniz! Hər bir igid getdiyi haqq yolunda şəhadətə hazır olmalıdır! Amma öncə ölmək yox, öldürməyi düşünməliyik.

Coşqun çay kimi kükrəyən kəlmələr əsgərləri nə qədər ruhlandırırdısa, bir o qədər də onların məsuliyyətini artırırdı. Döyüşə yollanan əsgərlər irəli atılanda komandirin söylədiyi kimi düşməni öldürmək üçün sanki yarışa çıxırdılar. Bu mübarizədən qalib çıxmaq üçün alternativ tədbirlərdən istifadə edir, düşməni aldadıcı zərbələrlə mühasirəyə salmağa çalışırdılar. Odur ki, cəsarəti, təpəri, əzmi ilə düşməni əzib keçməyi bacarırdı Azərbaycan əsgəri. Qisas hissi ilə alovlanan qəlbin qığılcımı idi igidlərə döyüşmək üçün güc verən. Şükür Həmidov da bu döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə idi.

Füzuli istiqamətində vəziyyət xeyli gərginləşmişdi. Ən ağır döyüşlərdən biri olacağını Şükür əvvəlcədən təxmin edirdi. Elə bu səbəbdən də o, əsgərlərinə ehtiyatlı olmağı və çevik tərpənməyi tapşırmışdı. Zaman keçdikcə döyüşlər daha da qızışırdı. Xeyli şəhid və yaralıların olduğunu nəzərə alan Şükür əmr etdi ki, cəsədləri də, yaralıları da təhlükəsiz yerə çəksinlər. Özü isə digər silahdaşları ilə birlikdə düşmənə tərəf irəliləməyə çalışdı. Düşmənin Füzuli istiqamətində ən güclü müdafiə olunan mövqelərini darmadağın edərək, Füzulinin bütün ərazisini işğalçılardan tamamilə təmizlədilər.

  • İgid əsgərlərim Füzulini işğaldan azad etməyi bacardıq! Gözümüz aydın! Biz bunu şəhidlərimizin, yaralılarımızın qanı bahasına qazandıq! Amma bu qələbəmiz bizi nə qədər sevindirirsə, bir o qədər də ruhlandırmalıdır. Çünki hələ irəlidə neçə-neçə azad olunası torpaqlarımız, neçə bayraq taxacağımız zirvələr var! Haydı, igidlər, irəli! – polkovnik Şükür Həmidov sözünü tamamlayıb cəng meydanına yenidən atıldı.

Günlər bir-birini əvəz edir və hər gün igidlərin yeni zəfər müjdələrini eşidirdik. Oktyabrın 20-si Şükür Qubadlı rayonu ərazisində döyüşlərə qatıldı. O bu istiqamətdə də məğrurluğu ilə əsgərlərinə örnək oldu. Həftələrlə uzanan döyüşlərin yorğunluğu Şükürü daha məğrur və yenilməz edirdi. Ac-susuz günlərin, yuxusuz gecələrin uzunluğuna baxmayaraq Şükür əzmlə, mətanətlə döyüşür, yorulmaq bilmirdi. Çünki başladığı işi sona çatdırmamışdı. Yorğunluq hissi də onun bu əzəmətli duruşu qarşısında aciz idi.

Qubadlı istiqamətində gedən döyüşlərdə 1 gün ərzində 12 yaşayış məntəqəsi işğaldan azad edildi. Şəhərin bir addımlığında yerləşən Mahmudlu kəndi uğrunda şiddətli döyüşlər səngimək bilmirdi. Təəssüf ki, bu döyüş Şükürün son döyüşü oldu. Yəqin ki, Şükürə elə burada şəhidlik şərbətin içmək nəsib imiş. Beləcə, o da Xarı bülbül ətrafında birləşən şəhidlər cərgəsinə düşdü. Ölümüylə, ölümsüzlüyə qovuşdu!

Nəriman baba bir qüllab vurub siqareti külqabında söndürdü. Bayaqdan bəri masa üstdə buxarlanan çay isə soyuyub buza dönmüşdü. Könül xanım canından artıq sevdiyi ömür-gün yoldaşına demək istədiklərini torpağa gömmüşdü o gün. Amma hər kəsin bir təsəllisi vardı. Şükür ən ali məqama – Tanrı dərgahına ucalmışdı. Və o, ölümü ilə hərb tariximizin şanlı səhifəsinə qəhrəmanlıq dastanını yazmışdı.

Televizor hələ də açıq idi, deyəsən “Xəbərlər” proqramı davam edirdi. Cəbhədən xoş xəbərlər gəlməkdə idi.

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir