Aytac İbrahim – Fikriyyənin taleyi…

AYTAC İBRAHİMİN YAZILARI

Fikriyyənin taleyi…

O zamanlar 10 yaşım olardı.Həyətimizin önündə dörd böyük şam ağacı var idi.Evimiz dağların ətəyində, insanlardan uzaq bir guşədə yerləşirdi…
Həmin illər, yaşımın az olmasına baxmayaraq, gördüklərimi analiz edər, düşüncələrimin içində qərq olardım…
Ən çox da onu düşünərdim, qonşumuz Fikriyyə xalanı…
Deyilənlərə görə, onun heç düşünməyəcəyimiz qədər qarışıq, bir o qədər də acınacaqlı həyat hekayəsi olub.Fikriyyə xalanın həyat yoldaşı onu tərk edib, başqa bir ölkəyə getmişdi.Övladları isə ondan üz döndərmişdi…
Çox fədakar qadın imiş, özü öz həyatını başqalarının uğrunda itiribmiş…
Qonşuluğumuzdakı yaşlı adamlar danışırdı ki, Fikriyyə xala yay, qış bilməzmiş, bir yırtıq kürkü var imiş, heç onu çıxartmazmış.
Hər gün həyətdə, bir daşın üstünə oturub, saatlarla göy üzünə gözünü dikib baxarmış…
O zaman hələ tam dərk edə bilmirdim, sonradan öyrəndim ki, o böyük bir eşq ilə ailə həyatı qurmuşdu.Ətrafındakı insanlara, ən əsası da sevdiyi adama çox dəyər verər, lazım gəlsə onların uğrunda öz canını belə qurban verərmiş…
Fikriyyə xala bizim şəhərdə dərc olunan qəzetin ən fəal yazarı idi.O, evi tərk edəndən sonra, anam evin çöl qapısındakı gül dibçəyinin altından bir dəstə məktub tapmışdı.Fikriyyə xalanın öz-özünə yazdığı məktublar…
Həmin məktubların birində, Fikriyyə xalanın necə ürək yanğısı ilə məcburən yaşadığı qeyd olunmuşdu.Yazılmışdı ki, gecələri səhər saatlarına kimi onu tərk edən övladlarının, kiçik vaxtı böyük sevinc ilə geyindirdiyi paltarları qoxlayıb bağrına basır.Onu tərk edən, o çox sevdiyi insanı hələ də qəlbində bağışlaya bilmir.Axı, o bu qədər çətinliklərə rəğmən həmişə  onun yanında olmuşdu.Arif dayı içki butulkalarının evin digər otağında içib bitirəndə, evdə olan son qəpik-quruşunu qumarda uduzanda, ona bir yox, min cür yalan danışanda, orda-burda başqalarının namusuna göz dikib, şorgözlük edəndə və hətta Fikriyyə xalaya dəfələrlə xəyanət edəndə belə, onu bir göz qırpımında, kiçik təbəssümlə bağışlamışdı.İndi isə bağışlaya bilməzdi…
Əsla bağışlaya bilməzdi.Qəlbi möhkəm qırılmışdı.Sanki sevdiklərinin timsalında, bütün insanlardan küsmüşdü…
Məktublarında, övladlarından zərrə qədər də gileylənmirdi.Sadəcə, onlar üçün darıxdığını yazırdı…Bəllidir ki, məktubları yazanda ağlamışdı.Yazılar ala-bula görünürdü, qələmin mürəkkəbi göz yaşına qarışmışdı…
Tez-tez özünü günahlandırır, harda səhv etdiyini düşünürdü.Bəlkə də, həddindən artıq dəyər verməyin sonu belə imiş…
Fikriyyə xala hamıdan xəbərsiz yaşadığı yeri tərk edəndə, evin qapısını açıq qoyub getmişdi.Bircə o yırtıq kürkünü götürmüşdü…
Deyirlər, öz ata-baba yurduna, Naxçıvanın hansısa kəndinə gedibmiş.Son dəfə uşaqlığının keçdiyi evi görüb, kəndin heç kimin yaşamadığı, qayalıqların çox olduğu hissəsində, yalnız yırtıq kürkünü soyunub intihar etmişdi…
Kəndin çobanı Fikriyyə xalanın cansız cəsədini, qayalıqların aşağısından tapmışdı…
Bu xəbəri eşidəndə hamımız sarsılmışdıq…
Axı, o bizim qərib və sirrli Fikriyyə xalamız idi…
Onun cəsədi qohumlarına təhvil veriləndə, övladları da gəlmişdi.Hərəsi bir tərəfdə ağlaşma qurmuşdu.Guya ki, sağlığında Fikriyyə xalanı tək qoyan, özlərinə yaraşdırmayan onlar deyildi.Dəfn mərasiminə çoxlu qərənfillərlə gəlmişdilər.Onu sağlığında görmək istəməyən bütün qohumları, orda ahu-zar edirdi…
Yas mərasimində üç cür yemək var idi.Aşı, dolması, doğası…
Hərə bir tərəfdə bəh-bəhlə yeyirdi.Halbuki, Fikriyyə xala bu yeməklərdən ildən, aydan bir dəfə dadardı…
Rəhmətlik…İndi qohumlarının belə halını görsəydi, yəqin ki, heç intihar barədə fikirləşib özünü məhv etməzdi…
Üç gün, Qırx gün…Aylar və illər…
Beləcə, Fikriyyə xala bəzi beyinlərdə unuduldu… Ondan xatirə olaraq isə bircə yırtıq kürkü qaldı…
Həmin yırtıq kürk Fikriyyə xalanı tək qoymayan, canını isidən yeganə nəsnə idi.Fikriyyə xala da öz öz kürkünü tərk edərək ölümü seçmişdi…

Dəyər – elə bir şeydir ki, səni məhv də edə bilər, şaxə də qaldıra bilər.Bunların tən ortasını tapıb tarazlığı qorumaq lazım imiş.Bir azı sənə, digərləri sevdiklərinə…
Vəfa- elə bir şeydir ki, hər insan nəfsinə sadiq qalıb pak qala bilməz.
Eşq- elə bir şeydir ki, xəyanət əhli əsla aşiq sayıla bilməz.
Xəyanət- elə bir şeydir ki, fikirdə başlayar, əməldə sona yetər.Davamı mütləq var…
Vicdan- elə bir şeydir ki, ya yaradılışından səndə olacaq, ya da heç zərrəsi belə olmayacaq.O heç nə ilə satın alına bilməz!
Doğmalıq- bütün xoş duyğuların toplusdur.O səni qovsa belə, ağlatsa belə əsla ondan gedə bilməzsən.Könül bir dəfə hansısa qəlbi özünə yaxın bildisə, artıq onu heç nə və ya heç kim ayıra bilməz…
Ölüm- haqqdır.Tanrıdan gələn haqqdır…Bir gün hamımız ölümü dadacağıq…
İntihar-  hər insanın psixologiyası və düşüncə tərzinə görə formalaşan psixoloji addımdır.Bəziləri buna cəsarət deyir, bəziləri “Günah”… 

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.