Bütün xoşbəxtliklər bədbəxtliyin ovcundadı
(Gənc şair Əntiqə Səməndərin şeirləri haqqında)
Bir çiçək boyda küləkdi Əntiqə, Ağdamdan əsir. Göynən uçur, yernən gedir. Söznən qanadlanır, dilnən gedir. Bakı hərdən çox incidir Ağdam küləyini. Bakı küləyi dənizdən əsir, Ağdam küləyi dağdan. Bakı küləyi Şimaldan əsir Ağdam küləyi Qarabağdan. Hirsli bir küləkdi Əntiqə. Bir bənövşə boyda, bir yarpaq dolusu küləkdi Əntiqə.
Odur, daxil oldu, Azərbaycan Yazıçılar Birliyinə. Birinci mərtəbədə bir az əylənər, elanlara baxar, vərəqləri yellədər, bir qızla qucaqlaşar, birinə də əl edər. Sonra uçar ikinci mərtəbəyə, sağa, sola gedib burular üçüncü mərtəbyə, orda sürəti artar, gələr “Azərbaycan” juranalına, ordan da “Ulduz” jurnalına…
Həmişə düşünürəm bu qızı uçuran nədir? Səbrsiz edən, yerindən oynadan nədir? Sonra gördüm əlində vərəqlər var, vərəqlərdə şeirlər var, şeirlərdə sevgi var.
Ağdamdan gələndə nə yaşı vardı, böyüdü Əntiqə.
Universitetə daxil oldu, Ağdam bilmədi.
Üç kitabı çıxdı, Ağdamın xəbər olmadı.
Sevdi, Ağdam sevinmədi, gülmədi, çünki Ağdam sevginin üzünü görmədi.
İndi neyləyək? Günah kimdədi, məndədi, yoxsa səndə? Ağdamdadı, yoxsa Bakıda?
Əntiqə uşaq idi, ağdamsızlığın günahı kimdədi anlamadı. Televiziyada Ağdama baxdı, yenə bilmədi. Şahmar Əkbərzadəni, Aqil Abbası, Qulu Ağsəsi oxudu, Qədir Rüstəmova qulaq asdı, ağdamsızlığını sirrini öyrənə bilmədi ki, bilmədi. Axırda sürətlə böyüdü, Əntiqə. Böyüdü ki, uçan buludların ayağından tutub getsin Ağdama. Amma buludların ayağı qırılıb düşdü Muğana. Əntiqə də ayağında. Bir bənövşənin ləçəyinə düşdü Əntiqə. Bənövşəni oxudu Əntiqə.
Gedənləri sevmək,
gələnləri qarşılamaqdan,
daha gözəldir.
Qorxma, gözəlim.
Böyüdü Əntiqə, balaca yumruqlarıyla, qırmanc əsəbləriylə. Redaksiyalara şeir verdi, sonra unutdu, yox, unutmadı, gözlədiyini heç vaxt dilə gətirmədi, guya yadında deyil, guya yadına düşmədi. Amma hamsı yadındaydı. Sevən də, unudan da. Düz də, əyri də. Yalançı da, doğruçu da…
Uşaq şeiri kimi dəcəldi, dolu kimi hirslidi, yağış kimi mehribandı Əntiqə. Özündən böyüyə -kiçiyə həmişə bu şeiri oxudu:
Fərz et ki, yıxılırsan,
Əlin xatirələrdən başqa,
-heç nəyə çata bilmir…
Rəbbindən dilə, nə diləyirsənsə…
İllərdi yalvarmağın qaydasını unutmusan.
Dost ol yalvarmağa,
Sən ona əmanətsən.
Başa düşdülərmi, düşmədilərmi Əntiqənin eyninə deyil. Sözləri gülüşləri ilə qoşadı, söz ağacdı, gülüş meyvə.. Əntiqənin əsəbi sözlərini döyəçləyir, döyür, döyür, sonra da Əntiqə əlini belinə qoyub ərkyana deyir:
Kədərin ölçüsü kiçik,
O, mənim əynimə deyil.
Əntiqə həmişə nəzərimdə dəniz küləyinə söykənmiş kimidir. Elə bil yayın tən ortasında külək onu silkələyir. Saçlar dağınıq, üzündə sevincdən çiliklənmiş kədər, bəzən nadinc, bəzən isə sakit olan görkəmində bir dalğınlıq… Bu şeir də onun sakit halının şeirdir:
Yordu məni elə kaşlar,
Ovcumdan düşdü dualar,
Bəxtim, bir az səbrli ol,
Sevincin yenidən başlar.
Əyilməyi kim sevir ki?
Hər kəs özündən ucada.
Şansını göydə axtarır,
Beli bükülmüş qoca da.
Dəcəl bir qızın hikmətinə bax. Mənə elə gəlir ki, dəcəllər böyüyəndə daha müdrik olurlar. Sakit uşaqlar isə, bir az yaşlandımı, başlayırlar dəymədüşər olmağa, kal heyva kimi yerində digildəməyə.
Əntiqənin aşağıdakı şeiri onun mənsub olduğu ədəbi gənçlyin epiqrafı ola bilər. Üz-güzündən nadinc gülüşü heç vaxt əskik olmayan gənc bir qızın düşünsəsinə, ağlına bax.
Ovcunu sıx,dost,
Xoşbəxtlik uça bilər,
Biz mütləq deyilik, dost
-hər şey “ola bilər”di bizdə.
Olacaqlar da ola bilər qədər,
Gözlənilməzdi…
Bütün xoşbəxtliklər
bir bədbəxtliyin ovcundadır,
-ovcunu sıx,dost.
Əntiqə hadislərin, adamların yan-böyründən sürətlə keçən və mənzil başına tez çatmaq istəyən bir səsdi. Yeriyən, axan, burulan, qıvrılan bir zəngulədir. İstedadı hələ kifayət qədər durulmayıb. Hələ təcrübəsi azdı.. Ancaq bu gənc şair bəzən özündən xəbərsiz elə həqiqətləri deyir və pıçıldayır ki, istər-istəməz onun düşüncəsində formalaşan yenilik hissi səni ələ alır. Aşağıdakı şeirinə baxaq.
Mən içimdən kiçilirəm,
Bölünürəm hissələrə,
budaq-budaq.
Hopuram sözlərinə,
Yaz məni, dostum
varaq-varaq.
Alnımdan yerə düşüb,
Sınıbdı alın yazım
qırıq-qırıq.
Əntiqə 1994-cü ildə Aqdamda anadan olub. Mən həmişə 1990,1991, 1992,1993, 1994 -ci illlərin uşaqlarını kədərlə düşünürəm. Bu illərin uşaqları, xüsusən Qarabağ uşaqları öz yurd-yuvalarından ayrı düşdülər. Onlardan biri də gənc şair Əntiqədir. Mənə elə gəlir ki, bu illərin Qarabağda doğulan uşaqları daim harasa təlisirlər, qaçırlar, yüyürürlər və əsəbləşirlər. Onlar küləklər və çiçəklər kimi hər yana səpələniblər. Bu illərin uşaqları ona görə tələsirlər ki, bir yol tapıb Qarabağa qayıtsınlar. Elə bil anaları onları həyətə oynamağa göndəribmiş, indi evlərinə qayıda bilmirlər.
Aşağıdakı şeirdə deyildiyi kimi, bəziləri bu hisləri hardan bilsinlər axı, nə bilsinlər ki, yay səhərlərində üşümək necə olur?
Sən hardan biləsən axı,
Yay səhərlərində üşüməyi.
..hələ qumsal sahildə üzmək eşqini
Hardan biləsən axı,
Atasızların ana məhəbbətini,
Hələ xatirələr yada düşəndə,
özündən gizlənmək var,
…və birdə göyün altında yaşamaq
Bir fəsil xatirən vardı,
Bircə yağış payızda
yuyulduqca yadıma düşürdü,
gözümdən düşməyin!
Yüyürür, qaçır, tələsir, yazır, pozur Əntiqə, Bakının oprtasında Ağdam axtarır.
Yuxarıda dediyim kimi, elə bil anası Əntiqəni həyətə oynamağa göndəribmiş, indi evlərinə qayıda bilmir.
Qızım, sən qayıdacaqsan hökmən. Düş misralarının birinə get, Ağdama gedir bu yol.
Müəllif: Qəşəm Nəcəfzadə,
Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru