RƏŞAD MƏCİD NECƏ VARSA
Bədii yaradıcılığın bir neçə istiqamətində uğurla fəaliyyət göstərən Rəşad Məcid müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və mətbuatının əsas yaradıcılarındandır.
Rəşad Məcidin lirikası dərin lirizmlə üzvi əlaqə əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir. Rəşad Məcidin 1993-cü ildə ilk şeirlər toplusu kimi nəşr edilən onun yaradıcılığı “vaxt var ikən şeir də yazım” – məntiqindən deyil, yazmaya bilməmək zərurətindən meydana çıxmış xalis lirika nümunələridir. “Hələ ki vaxt var” şeirlər kitabına yazdığı “On il əvvəlin toplusu” adlı müqəddimədə etiraf etməli olduğu kimi, artıq səksəninci illərdə, yəni 18-21 yaşlarında özünü, gələcək həyatını şeirdən, ədəbiyyatdan uzaqda düşünməyin mümkünsüzlüyünü dərindən hiss etmişdir. “Hələ ki vaxt var” kitabından görünür ki, Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də özünün təbii şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin hər misrasının “göyərçin qanadı” kimi bənzərsiz obrazlı görkəmi, bayatılarda olduğu kimi hər bəndin lirik-fəlsəfi mənası vardır. Rəşad Məcidin şeirləri həyata şairanə baxışın özünəməxsus bədii ifadəsidir:
Leysanların, tufanların inadı sınır,
Gün işığı parıldayır qaya döşündə.
Şəfəqləri qucağına sıxıb qızınır,
Gülümsəyir damlaların düzülüşündə.
Rəşad Məcidin şeirləri həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur. Bu şeirlər dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulmuşdur. Rəşad Məcid şeirlərində bütün hallarda, o cümlədən, lirik duyğularını ictimailəşdirəndə də obrazlı düşüncənin təbiiliyini və səmimiyyətini, lirizmi qoruyub saxlayır. Ona görədir ki, Rəşad Məcidin lirik qəhrəmanı da həmin işığın, milli-mənəvi varlığın real və təbii bir daşıyıcısıdır. Yol qırağında əlində çomağı ilə yurda keşik çəkən balaca çoban haqqındakı obrazlı düşüncələrin ifadəsi və mövzunun ictimai mahiyyətinin orijinal poetik təqdimi ilə yalnız Rəşad Məcidə məxsus olan şeirin təbii doğuluşu baş vermişdir:
Tərpənən qanımız, qeyrətimizdir,
Balaca boyuyla heyrətimizdir.
Mürgüsü dağılan millətimizdir.
Orda – keşik çəkir yol qırağında,
Yurda keşik çəkir yol qırağında.
Rəşad Məcidin şeirlərində təkcə təbiətin deyil, milli-mənəvi dünyamızın daxili mahiyyəti, işıqları bütün təbiiliyi ilə sayrışır. Bu, Azərbaycan ədəbiyyatında zaman-zaman “Bakının sayrışan işıqlarından”, “közərən ocaqlar”dan, yollara çıxan “işıq qatarlarından” sonra yaranmış yeni bir işıq dalğasıdır. Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Elman Həbib və başqaları həmin yeni şeir axınına hərəsi bir hadisə olaraq gəlmişlər. Rəşad Məcidin şeirləri bu böyük dalğanın içərisində özünəməxsus bir poetik hadisədir. Rəşad Məcidin lirikası – işıqlı düşüncələrin şeiriyyətidir. Onun şeirləri Günəş, işıq, Ay işığı, ümid, ulduz, ocaq, pərvanə, şəfəq, şam, nur, od, alov, köz, kibrit, çiçək və sair kimi işıqlı ifadələrin cazibəsi üstündə qurulmuşdur. Bu şeirlər dəmirçi kürəsi və ya qızmar günəşin altındakı torpaq kimi istidir. “Gül-çiçəklər yaraşıqdı, lalələr xaldı eləcə”, “Od-alov sazını basıb döşünə, Kərəm qisasını aldı Ədalət”, “Bir işıqdan keçdim, anam, Gözlərimi dörd elədi” misralarında işıq əsas mənanın mühüm daşıyıcısıdır.
Müdriklik ölçülərində də Rəşad Məcid təbii bədii düşüncənin ən fəlsəfi və ümumiləşdirilmiş obrazlı örnəklərini təqdim edə bilir. Gənclik illərində yazdığı şeirlərindəki kamillik ömrünün yetkinlik dövrünü yaşayan təcrübəli bir insanın mütəfəkkir düşüncəsinin ümumiləşmiş poetik ifadəsi kimi səslənir:
Sonrakı təəssüf hədərdi, hədər –
Ağlayıb sızlama hər addımbaşı.
Qəlbin günahını yuyar bəlkə də,
Ağlın günahını yumaz göz yaşı.
Rəşad Məcid şeirinin qayəsində “Arazlaşan, Kürləşən Vətənin” bütövlüyü və qüdrəti, “At belində, döşündə saz, əlində qılınc” nər oğulların daim ayıq-sayıq ölkənin keşiyini çəkməsinin müqəddəsliyi, obanın, elin tarixi yaddaşı olan Cıdır düzünün timsalında torpağımızın bölünməzliyinin qorunması ideyaları müsəlləh əsgər qüruru ilə dayanır. Rəşad Məcidin vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir. O, ana Vətənlə özü arasında da, xalqı və ölkəsi müstəvisində də geniş mənada bütövlüyün tərənnümçüsüdür. Böyük ideallara həsr olunmuş Vətən şeirlərində həm də yüksək şeiriyyət, böyük bədiilik vardır.
…Dərəsi, torpağı, düzü, dağıyla,
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdır bölünən bölünməzliyi,
Bir namərd baxışlı göz deşən Vətən.
***
…Dikələn qayası, ucalan dağı
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.
Müşahidə olunur ki, Rəşad Məcidin şeirlərində obrazlı işıqlı düşüncələr, həyata lirik-romantik və gerçəkçi baxış həm də epik təhkiyə ahəngində ifadə edilir. Bu şeirlərin bir çoxunda zahirən görünməsə də, hiss olunacaq səviyyədə müəyyən süjet əlamətləri də nəzərə çarpır. Bunlar heç də süjetli lirika nümunələri deyildir. Bu şeirlərdə dialoq da yoxdur. Rəşad Məcid şeirlərində dərin, zərif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, elə bil nağıl kimi danışır. Rəşad Məcidin şeirlərinin ritmində və mahiyyətində özünəməxsus bir nağıl təhkiyəsi vardır. Bu şeirlərin əksəriyyətinin mahiyyətində lirik-romantik düşüncə, təqdimatında isə zərif epik təhkiyə diqqəti cəlb edir:
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez girir yuxularıma
At belində, döşündə saz, əlində qılınc.
Rəşad Məcidin şeirlərindəki nağılvarilik həm lirizmi zənginləşdirir, həm də epik təhkiyənin poetik daşıyıcısına çevrilir. Təkcə nağılvarilik yox, ümumiyyətlə, şifahi xalq ədəbiyyatı Rəşad Məcidin bədii yaradıcılığının, xüsusən də şeirinin əsas qaynaqlarından biridir. Onun dünyagörüşünün formalaşmasında da şifahi xalq ədəbiyyatı mühüm rol oynamışdır. Rəşad Məcidin yaradıcılığındakı millilik amili də öz kökləri etibarilə real həyati qavrayışla yanaşı, həm də zəngin şifahi xalq ədəbiyyatı ənənələrinə bağlıdır. Rəşad Məcid uşaqlıq illərinin nağıl-dastan dünyasının onun taleyindəki yerini, izini geniş ürəklə etiraf etmişdir:
Məni çağırdılar… çəkib nağıldan
Sehrli qarını çağırmadılar,
Qıratı, Düratı çağırmadılar.
O uzaq illərin işıqlığında
Çiçək arzularım boy atır hələ.
Ayrılıb ilahi uşaqlığımdan
O səsin ardınca gedirəm hələ.
***
Rəşad Məcidin “Roman” adlandırdığı poeziya serialı onun yaradıcılığında şeiriyyətlə, lirika ilə epik əlamətlərin sintezinin inkişafı və ümumiləşmiş ifadəsidir. Onun liro-epik şeirləri “Roman”a keçid üçün körpü funksiyası daşıyır. Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq “Roman” adlandırmışdır. Bu, çılğın məhəbbətlə sevən, qarşı tərəfdən anlaşılmazlıq və tərəddüdlər hiss edən, tamam cavab ala bilməyən, sevdası nakam sonluqla bitən bir gəncin düşüncələrinin poetik təqdimatından ibarət olan tale romanıdır. Hətta bu əsərdə əks etdirilən mətləblərdən, iztirablardan bəlkə də real olaraq roman janrında ayrıca bir əsər də yazmaq olar. Buna görə “Roman” ifadəsi əsərin janrını deyil, ilk növbədə adını, sonra isə mahiyyətini bildirir. Romana məxsus çoxplanlılıq, obrazların zənginliyi, hətta geniş həcm bu əsərdə nəzərdə tutulmayıb.
Rəşad Məcidin “Roman” adlandırdığı əsər janr baxımından liro-epik poemadır. Əsər lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulmuşdur. Liro-epik şeirlərində olduğu kimi, 1996-cı ildə tamamlanmış “Roman”da da əslində süjet qabarıq şəkildə deyildir. İki gəncin macərasının ayrı-ayrı məqamlarını, təfərrüatlarını, düşüncələrini və iztirablarını əks etdirən bu əsərdə şeirdən-şeirə keçid əhval-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaradır. Silsiləvari şeirlərdən əsərdəki əsas obrazın tərcümeyi-halını, xasiyyətini, aqibətini də müşahidə etmək olur. Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, “Roman”da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. “Tapdım” şeiri ilk növbədə “Roman”da epiloq funksiyasını yerinə yetirir. Bu, bədii müqəddimədən əvvəl gələn, əsər boyu cərəyan edəcək hadisələri, çıxarılacaq nəticələri ifadə edən dərin mənalı bir bədii ümumiləşdirmədir. Şeir yaradıcılığındakı “gözəgörünməz” süjetləri özündə daşıyan bəndlərin funksiyasını Rəşad Məcidin “Roman”ında ayrı-ayrı şeirlər yerinə yetirir. Cəmi 56 şeirdən ibarət olan bu poetik silsilə süjetin inkişafından doğan poetik düşüncələr və qənaətlərdir. Başlanğıc hissədəki “Gəldim” şeiri əsərin süjet xəttində bədii müqəddimənin girişi – proloqu funksiyasını daşıyır. “Uşaq, uşaq…, balaca uşaq” şeiri “Roman”dakı obrazların ilkin təqdimatıdır. “Roman”ın qəhrəmanının “yoluna çiçəklər sərmək”, “saçına çələnglər hörmək” istədiyi Uşaq ilə onun arasında həm “yaş adlı uçurum qılıncı durur”, həm də yaşdan doğan dünyagörüş fərqini də əks etdirir. Bundan sonra hadisələrin ilkin dolaşıqlıq mərhələsi başlayır. “Çərlədim” şeiri “yüz addımın qabağında bir addıma gücü çatmayan”, “sözü kəlbətinlə çıxan” Uşağın xarakterindən yaranan ilk iztirabların ifadəsidir. Onu sanki iki dünya arasına salan “Quyu” şeiri ilə ziddiyyətlərin daha da artmaqda davam etdiyi görünür. “Qurtul, görüm”, “Qurtulmasan batma yasa”, “Ağla” şeirləri əsərdəki sevgi iztirablarını dilləndirir. “Mən gəlib çatanda getmişdin artıq” şeirində tərəf müqabilin obrazı “nərgiz topası” kimi təqdim olunur. “Son” şeirində iztirabların dərin həyəcanı döyünür. Amma “Yaxşı ki bu son olmadı” şeiri ilə hadisələr nikbin məcra alır, yeni nəfəs qazanır. “Bu həftə”, “Mənim bəsimdir”, “Qurban vermə gəl”, “Öldürmək istədiyin hissin nəğməsi” şeirlərindən hər biri qarşılıqlı münasibətlərin inkişaf etməkdə olduğunu göstərir.
“Roman”da janr baxımından əsl romanlarda olduğu kimi bir neçə yerdə haşiyə xarakterli şeirlər vardır. Üç hissədən ibarət olan “Ovqat” şeiri də haşiyə funksiyasını yerinə yetirir. Haşiyələr əsərdəki əhvalatın, ovqatın həmin andakı mahiyyətinin açılmasına, aydınlaşmasına, gərginliyin azaldılmasına xidmət edir. “Qayıdır” şeirində vüsala çatmaq yox, hicranın çətinlikləri qarşısında qalan qəhrəmanın “çəkdiyi təlaş”ların yenidən qayıtdığı dilə gətirilir. Ümidqarışıq ilkin qənaət: “Hələ də uşaqsan”. Və birinci qəti addım: “Əlindəki öpüş yeri”:
Yaqut qaşlı üzük kimi,
Bahalı bilərzik kimi,
Göyərəcək, qızaracaq
Çapıq kimi, kəsik kimi
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
“Əlindəki öpüş yeri” həm də bu mövzuda yazılmış müstəqil bir şeirdir. Ümumiyyətlə, “Roman”dakı şeirlərin çoxu mətndən kənarda ayrıca şeir nümunəsi kimi qəbul oluna bilər. “Gəldim”, “Ağla”, “Sənə görədir”, “Səndən bir söz çıxanacan”, “Sənsiz”, “Getdinsə”, “Məni”, “Saatım qurulub sənin vaxtına” və sair şeirlər Rəşad Məcidin lirikasının da, yeni Azərbaycan şeirinin də dəyərli nümunələri sayılmağa layiqdir. Eyni zamanda, bu şeirlər “Roman”da süjetin inkişafını, tərəflərin əhval-ruhiyyəsini, həyatın, sevginin, iztirabların da mənasını açmağa, aydınlaşdırmağa, inkişaf etdirməyə xidmət edir. Azərbaycan ədəbiyyatında poema yaradıcılığında lirik ricətlər, haşiyələr kimi şeirlərdən istifadə olunması ənənəsi zəngindir. Lakin “Roman”da özünəməxsus nazik bir süjetə malik olan poemanın əsasən biri digərinin davamı olan şeirlər üzərində qurulması nadir ədəbi hadisədir.
Hələ XX əsrin səksəninci illərinin sonlarından sürətlə dəyişməyə, hətta dağılmağa başlayan və tamamilə təzə məcrada yenidən qurulan dünya və ölkə artıq şairlər üçün “əzəldən yaranan tamaşa” səviyyəsində xalis lirika nümunələri yaratmağa çağıra bilmirdi. Artıq zaman ayrılıqda heç bir janrı ön sıraya çəkə bilmirdi. Həyatda, mübarizə yollarında, səngərlərdə olduğu kimi, ədəbiyyatda da janrların bir-birinə köməyi, yardımı, birgə iştirakı zəruri bir tələbat kimi meydana çıxmışdı. Rəşad Məcidin yaradıcılığında özünü büruzə verən lirika ilə epik əlamətlərin birliyi Zamanın tələbatından doğan, yeni ədəbiyyatın qarşısında duran mühüm vəzifələrdən biri idi. Bu mənada Rəşad Məcid bir yaradıcı insan olaraq ən yeni dövr Azərbaycan ədəbiyyatının, şeirinin üslubunda doğulmuşdur. “Roman” liro-epik poeması müstəqillik dövrü Azərbaycan ədəbiyyatının müasir tələblərinin və yeni üslubunun mükəmməl bir nümunəsidir. Bu romanda lirik ədəbi növün qoşma, gəraylı, heca vəznli şeirin beşlik, altılıq, yeddilik poetik formaları və sərbəst vəznli şeirlər hadisələrin axarına, obrazların ovqatına uyğun olaraq “iştirak edir”, ya da hadisələri və düşüncələri dərinləşdirir və inkişaf etdirirlər. Epik təhkiyədən də müxtəlif üsullarla istifadə həm “Roman”ın ifadə tərzini zənginləşdirir, həm də ayrılıqda müstəqil bədii nümunələr kimi səsləşən şeirləri bir-birilə əlaqələndirir və hərəkətə gətirir.
“Roman”ın kulminasiya nöqtəsi hesab etdiyimiz “Səndən bir söz çıxanacan” şeiri həm ümumən Rəşad Məcid yaradıcılığının, həm də konkret olaraq bu epik xarakterli lirik-romantik poemanın özünəməxsus səciyyəvi ideya və üslub imkanlarını nümayiş etdirir. “Roman”ın qəhrəmanı eşqinə – andına sadiqliyin son həddinə qədər dözüm və inam göstərir. Mənəvi iztirabların ən çətin anlarında “Cavan” adı ilə təqdim olunan naməlum oğlanın varlığı bəlli olanda özünüittiham kimi meydana çıxan daxili monoloq əsərdəki bütün gərginliyi qabarıq şəkildə ifadə edir:
Hər nə dedim, dümdüz dedim,
Gecə dedim, gündüz dedim.
Mən bir kitablıq söz dedim
Səndən bir söz çıxanacan.
***
…Ay düşüb, yerə enərdi,
Günəş bezərdi, sönərdi.
Daşlar da dil öyrənərdi
Səndən bir söz çıxanacan.
Ayrılıq və ondan sonrakı mənəvi iztirabların təsviri ilə “Roman” sona çatır. Lakin əsər tamamlansa da, “Roman”da təsvir olunan kiçik macəranın həyəcanları bitmir. Oxucudan ötrü düşünmək üçün bir romanlıq da təəssüratlar qalır. Bu mənada “Tapdım” epiloqundakı “Beş ildi xəbərim yox idi ondan, İtmiş ürəyimin yerini tapdım” misraları ilə təkcə bir əsərin qəhrəmanının taleyində yox, bütövlükdə insanın mənəvi ucalığının işığında “Roman” davam edir.
Ümumiyyətlə, “Roman” liro-epik poeması insanın mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. “Roman” – şeirlə yazılmış macəravari serialdır. Liro-epik poema janrında yazılmış “Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. “Roman” – Rəşad Məcidin liro-epik şeirlərinin bütöv bir silsiləsidir. Nəhayət, “Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir.
***
Rəşad Məcidin yaradıcılığında 2004-2010-cu illər yeni mərhələyə keçid üçün ciddi bir hazırlıq dövrü kimi diqqəti cəlb edir. Bu illərdə Rəşad Məcid daha çox publisistika ilə məşğul olmuşdur. Publisistika, qəzetçilik işi onu həyatın, cəmiyyətin daha da dərinliklərinə nəzər salması, mühiti və insanları bütün reallıqları ilə tanıya və tanıtdıra bilməsi üçün şərait yaratmışdır. Bundan başqa, 2004-cü ildə qırx yaşında Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsinə seçilməsi istər-istəməz təşkilati işlərə, ədəbi mühitin yenidən qurulması vəzifələrinə üstünlük verməsini tələb etmişdir.
2009-cu ildə nəşr etdirdiyi “Əlvida və salam” kitabında toplanmış publisistik məqalələr, yol qeydləri və esselər Rəşad Məcidin yaradıcılığında yeni mərhələyə keçidin növbəti məşqləridir. Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaratdığı Gənc Ədiblər Məktəbində yeni ədəbi nəslin böyük ədəbiyyata hazırlanması qayğıları ilə ciddi surətdə məşğul olması zərurəti onun özünü də bədii yaradıcılıq baxımından yenidən səfərbər etməyə sövq etmişdir. Rəşad Məcidin yaradıcılığında 2011-ci ildən etibarən başlanan yeni dalğa həmin ideya-sənətkarlıq axtarışlarının, daxili-mənəvi səfərbərlik səylərinin qanunauyğun məntiqi davamıdır.
Rəşad Məcidin 2011-ci ildən sonrakı mərhələdə yaranan şeirlərini aşağıdakı kimi qruplaşdırmaq: 1) “Roman” liro-epik poeması ilə səsləşən yeni şeirlər; 2) “Dastan” qrupu şeirləri; 3) Hekayə poetik silsiləsi.
Müxtəlif mətbuat orqanlarında Rəşad Məcidin 2014-cü ildə oxuculara təqdim etdiyi yeni şeir silsiləsinin bir hissəsi ilk baxışda sanki onun “Roman”ının yazıldığı, yaxud çap olunduğu vaxt unudulub kitabına daxil edilməmiş parçalar təəssüratı yaradır. Başqa bir istiqamətdən baxsaq, yeni silsiləyə daxil olan “Sənsən”, “Bəsdi”, “Bəsdi nədir”, “Əlac”, “Çıxmışam”, “Məni anla”, “Daha”, “Mələyim, iblisim”, “Sənə sarı”, “Məni”, “O” şeirləri sanki “Roman”a sonradan yazılmış əlavələr kimi görünür. Həmin şeirlərdən hər birini çox asanlıqla “Roman”ın kompozisiyasında münasib məqamlarda oturtmaq olar. Bu şeirləri ayrı-ayrı bölmələrə daxil etməklə “Roman”ı daha da qüvvətləndirmək mümkündür. Bununla belə, təzə şeir silsiləsində “Roman”a münasibətdə başqa bir meyil daha qabarıq şəkildə hiss olunur. Sanki bu şeirlər yeni bir “Roman”ın ilkin parçalarının əlyazmalarıdır. Bu şeirlərin əksəriyyəti fərqli bir süjet ətrafında birləşir. Şeirlərdən get-gedə süjet xəttinin dərinləşdiyi və genişləndiyi müşahidə edilir. “Roman”dakı şeirlərin çoxusu daha çox “Mən”ə – lirik qəhrəmana aiddir. Yeni silsilədə isə üçüncü şəxs kimi “O”ya ağırlıq verilib. Bu “O” “Roman”dakı Uşağa bənzəsə də, onun eynisi deyildir. Rəşad Məcid “O”nu “boynuna biçilən kəfəni”, “dar ağacı”, həm də “xilası”, “mələyi və iblisi”, lirik qəhrəmanı “gah göydə yaşadan, gah yerə çırpan” qüvvə kimi təqdim edir. “Roman”dakı Uşaqla müqayisədə “O” ilə münasibətlər xeyli dərəcədə aydındır. “O” – silsiləsi eşqinə vəfalı lirik qəhrəmanın əbədi sevdasının nəğməsidir. Yeni şeirlərdəki lirik qəhrəmanda “Roman”dakı ümidsizlik, sentimental əhval-ruhiyyə nikbinlik və inam hissləri ilə əvəz olunmuşdur:
Üstümdə Tanrı nəfəsi,
Üzümdə sevda həvəsi
Dağıtmışam dar qəfəsi
Ölməmişəm, sağ çıxmışam.
***
Keçdim çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu on ballıq zəlzələdən
Bir boy qalxıb sağ çıxmışam.
Fikrimizcə, “O” – şeir silsiləsi daha dərin həyat həqiqətlərini və daha yüksək sənətkarlıqla ifadə etməklə təzə bir roman meydana qoymaq cəhdinin, niyyətinin poetik ifadəsidir. O – “Roman”dakı Uşağın davamının, “Mən” isə əsərin yeni qəhrəmanının inkişafının fərqli əks-sədasıdır. Bu, bir-birinə üzvi surətdə bağlı olan, lakin hadisələrin inkişafından doğan təzə əsərdir. Yeni silsilənin lirik qəhrəmanı “Roman”dakı kimi “ürəyinin yerini” beş ildən sonra tapan romantik bir gənc yox, artıq əlac haqqında düşünən, “ağrıların min iz yeri” yaddaşında sızlasa da çarə axtaran, qərar qəbul edən təpərli, ürəkli bir cavandır:
O-dur sənə dərman, ilac,
Gördün ki, yox başqa əlac.
Əlindən tut, üstünə qaç,
Diri tərpən, di tez yeri.
Rəşad Məcidin “Hekayə” adlandırdığı şeirlər onun yaradıcılığında “Roman”dan “Dastan”a keçid funksiyasını daşıyır. Bu şeirlər Azərbaycan süjetli lirikasının poetik hekayəsidir. “Roman”da özünü göstərən nağılvari təhkiyə “Hekayə” şeir silsiləsində konkret süjetli lirika vasitəsilə təkcə hadisəni yox, həm də baş verənlərə münasibətin poeziyasını yarada bilmişdir. Bu baxımdan Rəşad Məcidin “Həsrət” şeiri Azərbaycan süjetli lirikasının orijinal bir nümunəsi sayılmağa layiqdir.
Rəşad Məcidin yaradıcılığında “Roman” kimi “Dastan” da şərti ad olub, lirik qəhrəmanın inkişaf edərək yetkinləşmiş obrazını təqdim edən fərqli bir əsərin mahiyyətini ifadə edir. Hadisələrin epik tərəfinin bir qədər də qüvvətlənməsi, qəhrəmanın hərəkət və davranışlarındakı ayıqlıq və qətiyyətin, çətin vəziyyətlərdən çıxmaq qabiliyyətinin nisbətən geniş təsviri “Roman”la müqayisədə yeni əsərin “Dastan” adlandırılmasını şərtləndirmişdir. Bu mənada “Dastan” əsəri “Roman” liro-epik poemasındakı hadisələrin davamı yox, həmin əsərlə səsləşən, lakin qəhrəmanı fərqli ampluada təqdim edən yeni romandır.
“Roman”da olduğu kimi, 2014-cü ilin “Dastan” qrupuna aid olan poetik sovqat da müəyyən süjet xətti ətrafında cəmləşən lirika nümunələri olmaqla bərabər, həm də hər biri ayrıca, müstəqil şeirlərdən ibarətdir. Silsiləyə daxil olan “Sənsən”, “Mələyim, iblisim”, “Üzünə qurban” şeirlərində lirika o qədər dərindir ki, onları yalnız Rəşad Məcidin yaradıcılığına çox yaxından bələd olanlar hər hansı bir süjetin tərkib hissəsi kimi görə bilərlər. Şeirlərdən süjet düzəltmək artıq Rəşad Məcidin şeir yaradıcılığının oturuşmuş bir sistemidir. Hər biri müstəqil poetik nümunə olan ayrı-ayrı şeirlər vasitəsilə geniş süjet xətti yaratmaq, kompozisiya qurmaq Azərbaycan ədəbiyyatında ilk dəfədir ki, Rəşad Məcidin yaradıcılığında bu qədər davamlı olaraq təzahür edir. İlk şeir dəftərində, “Roman” liro-epik poemasında nəzərə çarpan və şeirdən-şeirə inkişaf edən süjet xətti yaratmaq xüsusiyyətinin “Dastan” qrupu şeirlərində də açıq-aşkar görünməsi bu tip ifadə vasitəsinin Rəşad Məcidə məxsus fərdi üslubi keyfiyyət olduğunu təsdiqləyir.
Son onilliyin şeir silsiləsində “Roman”a yaxın olmayan, “Dastan”dan xaric şeirlərdə də Rəşad Məcidin yaradıcılıq təkamülü aydın surətdə müşahidə olunur. Əvvəla, yeni mərhələdə şairin yaradıcılığında ictimai motivləri genişləndirmişdir. Rəşad Məcid poeziyada mənəvi münasibətlərdən daha çox, ictimai prosesləri mənalandırmağa çalışmışdır. O, artıq indiyə qədər “cavabını tapmadığı suallar”ı bədii yaradıcılığının əsas obyektinə çevirmişdir. Yeni mərhələnin şeirləri illərdən bəri onu daxilən “topalaşıb qurd kimi gəmirən”, uzun vaxt ərzində “düşünməkdən yağmalandığı” məsələləri diqqət mərkəzinə çəkir. “Göz yaşı” şeirində Rəşad Məcid ölkə səviyyəsində itki sayıla biləcək dəyərlərin ağısını oxuyur. O, artıq “ölkədə, dünyada nə yenilik var” sualını poetik baxımından mənalandırmağı vacib sayır, “mənim danışmağa öz xəbərim var” deyərək dünyaya biganə qalmadan milli maraqlara cavab verən sualların ədəbiyyatını yaratmağa üstünlük verir. Rəşad Məcid bütövlükdə bədii yaradıcılıqda, o cümlədən də şeirlərində daha çox yazıçı-vətəndaş kimi çıxış edir. Bir çox şeirləri müstəqillik dövrü Azərbaycan vətəndaşlıq poeziyasının layiqli poetik nümunələri sayıla bilər.
Yaradıcılığının XXI əsr mərhələsində vəznindən və mövzusundan asılı olmayaraq, Rəşad Məcid bütün hallarda şeirlərində vətəndaşlıq duyğusunu özünəməxsus lirika ilə ifadə etməyi zəruri hesab edir. Onun əksər şeirləri ictimai motivlərin bədiiliklə sintezindən yaranmışdır. Dərin ictimai məzmuna malik olan “Bayrağım” şeiri müstəqil dövlətinin bayrağına dərin sədaqətini ifadə edən şairin həm də millətinə və ölkəsinə xidmət edən sənətin, ədəbiyyatın bayrağını gələcəyə aparmaq andının dolğun poetik ifadəsidir.
“Bayrağım” şeiri həm də “Dastan”ın epiloqu kimi səslənir.
Rəşad Məcid şeirinin estetik idealı kimi ifadə edilən ağ atlı oğlan ölkənin bütövlüyünün və xalqın milli-mənəvi varlığının etibarlı keşikçisidir. Bu ağ atlı oğlan – əslində yurdun, torpağın sahibidir. “Köç yolunda at üstündə” doğulan, qəlbində bahar çağlayan ağ atlı oğlanın idealı isə “işləri qayadan-daşdan” keçən xalqına xoş günlər bəxş etməkdir. Rəşad Məcid “ümidi işıqlı”, “yolları açıq” təsvir etdiyi ağ atlı oğlanında xalqın bütün gücünü cəmləşdirir:
Köç yolunda, at üstündə
Qəfil körpələr doğulub,
Hamıdan sağlam oldular,
İldırımla savaşdılar,
Küləklərlə vuruşdular,
Ağ atlı oğlan oldular!
Rəşad Məcidin ağ atlı oğlanı müstəqillik yollarında inamla irəliyə gedən Azərbaycanın dövlət bayrağının keşiyindədir:
Səni ən çətin
Günlərimdə qorudum.
Beynimə həkk edib,
Ürəyimə sarıdım.
Mahnımda,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzumu sevdim.
Üç rənginə öyrəndim,
Hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən, tufandan keçirdim.
Bir gün qaldırdım başımın üstünə
Saxladım,
Əymədim.
Qarabağ mövzusunda yazılmış ən yaxşı şeirlərin sırasında Rəşad Məcidin “Şuşa” və “Cıdır düzü” şeirlərinin də özünəməxsus yeri vardır. Çox səmimi duyğular və orijinal bədii vasitələr əsasında 2021-ci ildə yazılmış “Şuşa” şeiri dərhal mahnıya çevrilmişdir. Rəşad Məcidin “Şuşa” şeiri Azərbaycan poeziyasının Şuşanaməsinin diqqətəlayiq poetik səhifəsidir.
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla:
Dilimin şəhdidir, dadıdı Şuşa.
***
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
***
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığı torpaq qoxulu, Vətən ətirli poeziyadır. Rəşad Məcidin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Rəşad Məcidin estetik idealının mahiyyətidir.
***
Məlum olduğu kimi, bədii nəsr sahəsinə Rəşad Məcid az müraciət etmişdir. Hələlik onun bizə məşhur “10 sentyabr” və “Cənnət dərəsi” hekayələri məlumdur. Qeydlərindən aydın olur ki, “Tüstü” adlı bir hekayəsi isə nə vaxtsa hansı redaksiyadasa itib. Lakin bu qədər azsaylı hekayələr də Rəşad Məcidin nəsr imkanları haqqında fikir söyləməyə, söz deməyə şərait yaradır.
“10 sentyabr” hekayəsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının ən yaxşı nümunələrindən biridir. Bu, yeni tarixi mərhələdə kiçik hekayənin böyük nümunəsidir. “10 sentyabr” kiçik hekayəsində dövrün böyük mətləbləri öz əksini tapmışdır. Hekayədə böyük dövlətlər və kiçik xalqlar kimi ciddi bir problem sadə bir əhvalat əsasında həll edilmişdir. Rəşad Məcid hekayədə kiçik cizgilərlə xarici vətəndaşın portreti də cızılmışdır: “Gombul, balacaboy kişi. Kişinin ovurdları işləyir. Əslində… paxlavanı çeynəmir, bütöv-bütöv udurdu…
Bayaqkı gombul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi… Kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı… Alıb çantanı açdı, dollarları saydı. Əlindəki şax əsginaslara işarə edərək:
– Çim it alacaq.
Sonra pulları çantanın içinə qoyub əlini uzatdı:
– Sağ ol! Minnetddar-am!”.
Rəşad Məcidin portretin zahiri görkəmi ilə daxili aləmi arasında yaratdığı uzlaşma oxucunun “xarici qonaq” haqqında obyektiv nəticə çıxarmasına imkan yaradır.
“10 sentyabr” hekayəsindəki taksi sürücüsü Akif müasir mərhələdə Azərbaycan ədəbiyyatında kiçik adamın böyük obrazıdır. XX əsrin əvvəllərindəki “kiçik” adam obrazlarından fərqli olaraq, artıq müəyyən peşə sahibi olan, zavodda işləyib mükafatlar alan, dəyişən zəmanənin “taqəzası” ilə iş yeri bağlanan, çətinliklərlə üzləşən Akif halallığı, zəhmətkeşliyi, sədaqəti və səxavəti ilə səciyyələnən obrazdır. Taksi sürücüsü Akif cəmiyyətdə gedən ictimai-siyasi proseslərin yaratdığı böhranın doğurduğu kiçik adamın bütün taleyini daşıyır və psixologiyasını özündə əks etdirir. Akif keçid dövründə baş verən mənəvi aşınmaları adlayıb keçən, sıxıntılara düçar olsa da, ləyaqətini uca tutmağı bacaran azərbaycanlı obrazıdır. Cəmiyyətdə xaos, çaşqınlıq dövrü kimi səciyyələndirilən həmin mərhələnin adamlarının ədəbiyyatda daha çox mənəvi böhranından, aşınmasından yazmaq meylinin üstün olduğu vaxtda Rəşad Məcidin sabit mənəviyyata malik kiçik adamın böyük dəyərlərini təqdim etməsi ədəbi prosesin də axarına təsir edən əhəmiyyətli hadisədir.
1987-ci ildə qələmə alınmış “Cənnət dərəsi” hekayəsi Rəşad Məcidin bədii nəsr sahəsində ilk addımı olsa da, həm də “10 sentyabr” hekayəsi üçün məşq funksiyasını daşıyır. Təhkiyə və təsvirlərindəki doğmalıqdan başqa, vətənpərvərlik notları bu hekayələri yaxınlaşdırır. “Cənnət dərəsi”ndə ifadə olunan kəndə qayıdışa çağırış “10 sentyabr” hekayəsindəki milli-mənəvi dərketməyə qayıdışın start nöqtəsidir. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid həcm etibarilə kiçik bədii forma daxilində böyük və dərin ictimai mətləbləri ifadə etmək bacarığını nümayiş etdirir. Bu mənada ümumi yaradıcılığının fonunda nəzər salsaq, “10 sentyabr” hekayəsi Rəşad Məcid nəsrinin “Roman”ıdır. Sabitləşmiş, inkişaf edən və dünya ilə üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının epik mahiyyətinin gerçək romanı “10 sentyabr” hekayəsinin bətnində müşahidə olunur. Bu hekayənin on xarici dilə tərcümə edilərək bir kitabda çap edilməsi qlobal məkanda həm müasir Azərbaycan nəsrinin indiki səviyyəsinin dünyaya təqdim edilməsi baxımından əhəmiyyətli hadisədir. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid böyük ənənəsi olan Azərbaycan nəsrinə layiqli bir əlavə gətirə bilmişdir. Rəşad Məcid bir hekayə ilə – “10 sentyabr” hekayəsi ilə müasir Azərbaycan ədəbi mühitində nasirlik səlahiyyəti qazanmışdır.
***
Hansı istiqamətdən baxmağımızdan asılı olmayaraq, Rəşad Məcid daha çox mətbuat aləmindəki geniş fəaliyyəti və publisistikası ilə görünür. Rəşad Məcidin publisistikası onun nəsri ilə jurnalistikası arasındakı xüsusi bir yaradıcılıq hadisəsidir. Günün nəbzindən doğan çoxsaylı məqalələr yazmaq meyli jurnalistika fəaliyyəti baxımından Rəşad Məcid daha çox naşirdir. Rəşad Məcidin Baş redaktoru olduğu “525-ci qəzet” müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafının mükəmməl bir göstəricisidir. “525-ci qəzet” Azərbaycanda ictimai-siyasi mətbuatla ədəbi mətbuatın hər ikisinin funksiyalarını birlikdə daşıyan və yüksək peşəkarlıqla inkişaf etdirən nadir qəzetçilik nümunəsidir. Bu mənada “525-ci qəzet” yeni tipli jurnalistika məktəbi yaratmış mətbuat orqanıdır. Çoxaspektli mətbuat orqanı olan “525-ci qəzet” Rəşad Məcidin Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətidir.
Bununla belə, Rəşad Məcid həm də özünəməxsus publisistikası olan qəzet adamıdır. Publisistikası konkret problemlər ətrafında araşdırmaların və mühakimələrin ifadəsi əsasında formalaşır. Publisistikasındakı analitik təhlil həyatı, prosesləri, insanları daha dərindən göstərməyə, obyektiv nəticələr çıxarmağa şərait yaradır. Müxtəlif illərdə yazılmış “Unudulmamaq haqqı”, “Yeni paytaxt ehtiyacı”, “Səfərin təzəsi, dostun köhnəsi”, “Əlvida və salam”, “Ağ dənizin duzu” və sair kimi publisist məqalələri müasir cəmiyyətin doğurduğu konkret məsələlər ətrafında müşahidələr və mühakimələrdir. Publisistikasında Rəşad Məcidin bir ziyalı-vətəndaş olaraq aydın mövqeyi ifadə olunur. Publisist məqalələrindəki təmkinli və aydın mövqeyə malik Rəşad Məcidlə cəmiyyətdən, gündəlik həyatdan tanıdığımız Rəşad Məcid bir-birini tamamlayır. İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraq birlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərk olunmuş obyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasının mahiyyətini təşkil edir.
Rəşad Məcidin siyasi publisistikasında da müəyyən mənada bədiilik var, dərin səmimiyyət ifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə 2013-cü ildə iki görüşdə – Milli Mətbuat Günündə və dövlət başçımıza “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimindəki çıxışları bir media təmsilçisindən çox, yüksək ziyalı – vətəndaş düşüncəsinin təbii və səmimi ifadəsidir. “Dəlicəsinə” kitabına “Mətbuat tarixinə yazılacaq böyük hadisə” və “Dostluğun böyük nümunəsi” adları ilə daxil etdiyi mətnlərdəki müraciət, xitab üstündə qələmə alınmış məqalə əhəmiyyətli publisistika nümunələridir.
Daha bir publisistika nümunəsində – “İdarəçilik Akademiyasında jurnalistika dərsi” məqaləsində “yaxşı nədir, pis nədir” sualına verdiyi şərhlər həm də Rəşad Məcidin mətbuata, publisistikaya, əslində, bütövlükdə həyata münasibətindəki sabit və aydın mövqeyi dolğun şəkildə əks etdirir: “Yaxşı nədir, pis nədir” sualının cavabına toxunmuşkən qeyd edim ki, əslində, istənilən məsələyə ən azı iki yanaşma var. Cəmiyyətdən özünü təcrid edən, ətrafında baş verənlərə biganə yanaşan insanlar, adətən, bu seçimdə daha asan olana – mənfi çalara, neqativə üstünlük verirlər. Yaşadığı topluma, onun problemlərinə laqeyd qala bilməyənlər, lokal yox, mümkün qədər qlobal görünən, ölkəsinin, Vətəninin işıqlı gələcəyini arzulayanlar isə mənfilikləri görüb qeyd etməklə yanaşı, cəmiyyətdəki müsbət tendensiyaları da qabartmağa, ətrafına pozitiv baxmağa çalışırlar”.
Qarabağa Böyük Qayıdış mövzusunda 2021-2022-ci illərdə yazdığı məqalələr bu mövzuda meydana çıxan ən yaxşı publisistika nümunələridir. “Şuşa havasının gətirdiyi nağıl”, “Şuşa gör nələr eylər”, “Gecikmiş Ağoğlan bələdçiliyi”, “Şuşaya getmək” kimi məqalələri publisistikanın mükəmməl Qarabağnamələri adlandırıla bilər.
Son illərdə yaratdığı “Qələmsiz yazılanlar” status-esseləri ilə Rəşad Məcid Azərbaycan publisistikasında tam yeni bir istiqamət yaratmışdır. Rəşad Məcidin statusları və sms-esseləri müstəqillik dövrü Azərbaycan sosial şəbəkə publisistikasında yeni hadisədir. Bu statuslar və sms-esselər yeni tarixi mərhələdə Azərbaycan publisistikasının feysbukdakı stenoqramıdır. “Qələmsiz yazılanlar”la Rəşad Məcid geniş mənada sosial şəbəkə ədəbiyyatını, xüsusən də feysbuk publisistikasını ilk dəfə olaraq ədəbi dövriyyəyə daxil etmişdir. Onun bir çox sms-statusları kiçik hekayə təəssüratı yaradır. Rəşad Məcid status esse və sms miniatür hekayəsinin yaradıcısıdır.
Bütün bunlardan başqa, “525-ci qəzet” vasitəsilə Azərbaycanda publisistikanın yeni nəslinin formalaşdırılmasına açdığı geniş meydan, verdiyi böyük dəstək də jurnalistikanın inkişafı yollarında izi qalacaq hadisədir. Publisistikasındakı özünəməxsus sənətkarlıq Rəşad Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını göstərir.
Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, axtarışlarının ardıcıllığı və bədii təfəkkürünün orijinallığı və genişliyi, baxışlarının və inamının bütövlüyü ilə fərqli görünən kamil və professional bir Azərbaycan yazıçısıdır. Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi baxış vəhdət təşkil edir.
Müəllif: İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
İlkin mənbə: edebiyyatqazeti.az
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru