DOĞULUŞ
Onsuz keçən üç ayda müalicə almaq üçün xəstəxanaya getdiyim yollarda, ara küçələrdə, ixtiyarsız svetoforun işığında surətini yavaşladan maşınların içində də gözüm onu axtarırdı. Mənim kimi həyat təcrübəsi olan qoca sonuncu görüşü necə hiss edib duyuq düşməmişdi, hələ də başa düşə bilmirəm. Ömrümün insan çoxluğundan səs-küylü, zıppıltılı illərini geridə qoyub, məni yavaş-yavaş ölümə aparan xəstəliyimin surətini zəiflətməyə çalışıram. Daha doğrusu, mənim təbirimlə desək, olmayan enerjimlə həyat eşqimi qaytarmağı məhz onu görmək üçün qarşıma məqsəd qoymuşdum. Boynuma düşən bütün missiyaları yerinə yetirmişdim. O qız mənim sonuncu missiyam, məsuliyyətimiydi. Yarımçıq qoya bilməzdim.
Üç ayda mən də ximya almalı oldum. Nəfəs almaqda çətinlik çəkdim, halsızlıq, iştahsızlıq, bir tərəfdən də əsəb doğmalarımı acılamağıma səbəb olurdu. Düzdür, məni başa düşürdülər, loru dildə desək, sözün yaxşı mənasında məni yola verirdilər, lakin ağrılarım şiddətlənəndə gözüm onları da görmək istəmirdi. Xəstəxanaya gedəndə ximya alan gənclərin arasında onu gəzirdim, yoxuydu.
Ondan fərqli olaraq xərçəng canımda gümrah, cəngavər oğlanıydı. Mən onun yanında siqaret çəkməkdən parıltısını itirib ucları saralmış bığlı qoca kişiydim. Deyəsən bir az buna görə xəcalət çəkirdim. Nəvəmin telefonunda you tube da baxanda bilmişəm ki, avropada mənim taylarım hələ də subaydı, ya da ən yaxşı halda qucaqlarına nəvə yerinə körpələrini götürürlər. Necə deyərlər, hər kəsin taleyi coğrafiyasına görə yazılır. Xərçəngin daha çox Qafqazda yayılması alın yazısı ola bilməzdi.
Zəhrimar xəstəlik məndə həyata qarşı soyuqqanlğımı da cilalayıb, hisslərimi ipi nazik sap formasına salmışdı. İndi dörd divarın arasında oturmuşam, kreslonu qəsdən pəncərənin qabağına qoydurmuşam ki, arada onu görmək ümidiylə pəncərədən baxa bilim. Hələ də özümü söyürəm; – Ay köpəkoğlu, qızın nömrəsini niyə götürmədin? Ay qoca köpək, cəhənnəm hansı küçədə yaşadığını soruşaydın da.
Sonra özüm-özümə cavab verirəm.
– Tutaq ki hansı küçədə yaşadığını soruşdun. Neyniyəcəkdin? Küçənin başından tutmuş ayağına qədər düzülmüş binalara girib qapıları bir-bir döyəcəksən? Ya əlinə mikrofon alıb; – “ay balıqlarımı dənizə atan qız, hansı evdəsən çıx, qonağın var” deyəcəksən?
Əvvəl qəzetlər vardı, kim evlənmək istəyirdi, ya da tənhalığından boğaza yığılanda haqqında qısa məlumat yazıb qəzetə göndərərdi ki, bəlkə taleyi üzünə güldü, alma yarısını tapa bildi. Əvvəl elə şeylərə pis baxardım. İndi çox güman həssaslığımdandır, heç nəyə pis baxmıram. Adam gərək keçən hər gününü də adam kimi yaşaya…
Adam cavanlığında əks cinslə burun-buruna gələndə ürəyinin döyüntüsünü qabarıb-enən sinəsindən başa düşür, amma qocalıqda köksündə döyünən ürəyi sinən biruzə verməsə də əməlli-başlı eşidirsən. Sağlam ürəyim indi bütün orqanlarımdan güclüdür. Həkim evdəkilərlə birlikdə məni aldada bilər, istəmir həyat eşqim ölsün. Ölümün vaxtını biləndə keçən günlərin qədrini bilmədiyin üçün it peşmançılığını yaşayırsan, üzünə gələn günləri isə ləzzətlə, asta-asta zövq alıb yaşamaq istəyirsən. Mənim həkim dilindən çıxan cəmi-cümlətani üç ay ömrüm qalmışdı. Bir az gecikməyim, bir az da ximyanın tökəcəyi saçlarımın ortaya çıxardacaq daz başı özümə yaraşdırmadığımdan, müalicəyə gec başlamışdım. Övladlarım da yaxşı bilirlər, mənə görə indiyə qədər qazandıqlarını havayı xərcləyirlər. Samirə haqlıydı, indiyə qədər bu zəhrimara qalib gələn olmamışdı. Rəhmətlik nənəmin bir sözü vardı, insan hara qaçırsa qaçsın, axırda öz taleyinə qayıdır, fərqli də olsa həmin taleyi yaşayır. Bütün talelər fərqlidir. Lap yemək kimi. Fərqli hansı yeməyi yeyirsən ye, fərqli hansı dadı damağında hiss eləmək istəyirsən istə, nəticədə sən yenə də yeməkdə duz axtarırsan. Deyəsən, o qız mənim topal həyatımın duzuydu. Heç nə yox, bircə dəfə ömrümün sonuna bircə gün də qalmış onu görmək istəyirəm.
Yatmış sarsaq beynimə təpər vermək lazımdır. Axı mən ölməmişəm, onu diri saxlamaq lazımdır.
İndi evdə məndən başqa nə adam var, nə də başqa varlıqlar. Gözlərimi yumub düşünürəm. Qəfildən indiyə qədər ağlıma gəlmədiyi üçün başıma bir-iki dəfə yüngülcə döyəclədim.
– Gicbəsər, axmaq. O qızın ünvanını tapmağa nə var axı. Kül sənin başına.
Ximya şüşəsi boynumdan asılıb, halsızlığımı yüngülcə hiss edirəm, açığı, o hayda da deyildim. Bacardığım qədər cəld geyinməyə çalışırdım, ancaq kənardan baxanda paltarlarımı asta geyinirdim. Paltarımı geyinənə qədər yoruldum. Mətəəl qalmışdım, müharibədə düşmən gülləsindən qorunmaq üçün gah yerə uzanıb, bir balaca sakitlik olan kimi pişik cəldliyiylə bir iki addım qaçıb təzədən yerdə sürünə-sürünə qorunmağa çalışan gənc adamın qocalığı beləmi yorucu olurmuş? Gəncliyimə də heyfim gəlirdi. Evlənənə qədər təcrübəli qadın tərəfindən də dodağımız öpüş nədi bilməmişdi.
Evimlə arasındakı məsafə beş dəqiqəlik olan dayanacağa ağır addımlarla iyirmi dəqiqədən çox keçərdi gəldim. Yoldan keçən taksilərdən birinə əl eləyib, xəstəxanaya tez çatdım. Həkimimlə hal-xoşdan sonra guya öz aləmində məni uşaq kimi danladı.
– Siz niyə tək gəlmisiz axı? Axı, yanınızda mütləq adam olmalıdır.
– Mən evdəkiləri yanımdan qovan adamam, adamı neynirəm? Bura gəlməkdə məqsədim başqadır. Sizin yanınıza ilk dəfə gələndə bir qız varıydı. Samirə xanım.
– Hə, təxminən yadımdadır.
– Təxminən deyəndə ki, xəstəniz olub axı?!
– Sizdən əvvəl ximya almağa gəlib. İki aydan sonra yenə gələcək.
Ağlımdan keçən sualı verməyə qorxurdum, yenə də soruşdum.
– Mənim ömrümü başa düşdük. Onun yaşamaq şansı var?
– Elə danışdız, elə bil ömrünüzə bir-iki həftə qalıb.
– İki həftədən çoxdu. Üç-dörd ay desək kifayətdi.
Həkim də, mən də güldük.
– Bunu sizə kim deyib? Allah qoysa çox yaşayacaqsız.
– Məni aldatmaq lazım deyil, həkim. Yaşadığımı yaşayıb, gördüyümü görmüşəm. O qızın yaşamaq şansı var?
– Vaxtı vaxtında müalicəsini eləsə niyə yaşamır?
– Harda qalır? – həkimlərlə uzun-uzadı danışmağa hövsələm çatmayıb. Mətləbə birbaşa keçmək istədim.
– Niyə soruşursuz? – axtarışım həkimə də maraqlı gəldi.
– O qızla bizim xeyli söhbətimiz olub. Ruhdan düşmüşdü, istədim düşməsin də. Onu görüb başa salmaq istəyirəm ki, o zəhərdən məndə də var, amma bax, mən qoca yaşımda yaşamaq üçün əlləşirəm.
– Maşallah dayı, sizin haranız qocadır. Birazdan saçınız, qaşınız da yerinə gələcək, əvvəlkindən də cavan görünəcəksiz.
– Doxtur, mən bura özümü aldatmağa gəlməmişəm. Mənə qızın yerini deyin bəsimdir.
– Deyəsən Nizami tərəfdə qalır. Onu tibb bacısı yaxşı bilər. Əvvəl qonşu olublar.
– Maraqlana bilərsiz?
Həkim otaqdan çıxa-çıxa: – Elə əlimdə işim var. Aynur xanım palatada xəstəyə sistem köçürür. Siz gözləyin, görsəm, soruşacam.
Həkim qapını örtəndə gözümü yumub dərindən nəfəs almağa çalışdım. Dərindən nəfəs alanda sinəm ağrıyardı. Arada öz-özümə deyirəm, ay Allah, insan nəyə lazımdır? Doğul, oxu, işlə, evlən, sonra isə öl, kitabın bağlansın. Bunun üçün gəlmişik dünyaya? Arada pəncərədən çölə baxıram. Daha doğrusu, çöl-bayırı keçmişimin yerinə qoyuram. Səhvsiz həyatım olub. Deyəsən stabil həyatıma ara-bərədə həyəcan qatmadığıma görə peşman oluram. Qadın dostum da olmadı ki, kənar qadınların da ruhundan xəbərim olsun. Mən ancaq evdar qadınların ruhunu tanıyıb, iş-gücündən xəbər almışam. Anamın, arvadımın simasında bütün qadınları onlar kimi tanımışam.
Samirə fərqliydi, o indi uşaq kimi bir şeydi. Ümidini qaytara bilsəm, bəlkə də gələcəkdə tamam fərqli qadın ola bilər.
Həkim gələnə qədər özümü də diri saxlamaq üçün yaxşı şeylər haqqında düşünürdüm.
– Dayı, qız Nizami metrosu tərəfdə qalır.
– Küçənin adı?
– Əli Bəy Hüseynzadə küçəsi tərəfdə. Aynur xanım heç özü də evlərini dəqiq bilmir.
– Bəs necə qonşu olublar ki, tanımır?
– Day orasını bilmirəm.
– Yaxşı, bunu da bilmək böyük işdi.
Mənim üçün isanlarla rahat ünsiyyət qurmaq heç vaxt problem olmayım. Qarşımdakı kim olsa həmişə sözümü ərkyana deyən özüm olmuşam. Sözümün gücünə bələdiydim. Amma altmış yaşımdan sonra başa düşdüm ki, sözümün gücü bircə Samirəyə çatmadı. Bəlkə də çatıb. Onunla söhbətimiz ona təsir edib ki, ximya qəbul eləməyə razı olub. Həkimlə sağollaşıb ağır addımlarla xəstəxanadan küçəyə çıxdım. Əynində kişi geyimi olan ortayaşlı qadın mənə yaxınlaşdı. Görünüşcə qadınıydı, amma hərəkəti, davranışı kişi kimiydi. Dedikləri məşhur “kişi kimi qadın” deyəsən qarşımdakı xanıma aidiydi. Yenə də qadındakı incəliyi heç nəyə dəyişən deyiləm.
– Dayı, hara lazımdır aparım.
– Sürücüsən?
– Hə dayı. Hara getmək istəyirsən, aparım səni?
Ordaca diqqətlə ona baxdım. Elə onu süzməyimi ona da hiss elətdirdim. Əsəbləşdi, ancaq o qədər də biruzə vermədi.
– Siz niyə mənə elə baxırsız? Nədi? Qadın taksi sürə bilməz?
– Sənin başqa zakazın yoxdu ki?
– Necə yəni?
– Yəni deyirəm ki, zənglə kənardan müştərin yoxdu ki?
– Həə, yo e dayı, narahat olma. Səni hara desən apara bilərəm.
– Əla- deyib ehmalca maşının arxa oturacağında oturdum, küçənin adını ona dedim, sonra ərkyana:
– Bacı qızı, axşama qədər mənləsən. Haqqın nədi verəcəm. Axırda da məni evimə aparacaqsan.
– Baş üstə, dayı. Ayağın hara, başımda ora.
İkimiz də sonuncu cümləsinə gülüşdük.
Nizami metrosuna yaxın maşını saxladı. Qadın sürücümün maşını da köhnə kişiləri yad edən QAZ 24-dü. Qadın maşından düşüb başqa taksiyə yaxınlaşdı, sonra qayıdıb maşına oturdu.
– Dayı, dediyin küçə Kubinkanın içindədir. Ora getməliyik – deyib maşını xodladı.
– Maşını neçiyə almısan?
– Bizim ceyranı deyirsən? Almamışam, atamdan qalıb. Nə dədəmi yarıyolda qoyub, nə də məni. Dədəmdən əvvəl bir rusun olub, rusdan da əvvəl bir qadın sürüb. Axırda da mənə qismət oldu.
– Hmm, deməli, əşyalar da öz taleyinə qayıdır.
– Necə?
– Sən mənə fikir vermə. Öz-özümə danışıram. Deyilən küçəyə çatdıq. Samirəyə qarşı o qədər həssasam ki, mənə mikrafon verən olsaydı, səsim batana qədər bağırardım. Maşından düşüb, marketin qabağınca səkidən sürücü qadının köməkliyiylə keçdim. Maşını yol kənarında saxlamışdıq. Samirəylə danışanda mənə təzə tikilən binalarda qaldığını demişdi. Hüseynzadə küçəsində gördüyüm yeganə hündür bina marketin üstündəki binaydı.
Sürücü – Dayı, biz indi qızı axtarırıq? soruşdu.
Yolda Samirə haqqında danışmışdım. Nədənsə sürücü qadınla zarafatlaşmaq istədim, o halda deyildim. Üstümdəki ximya şüşəsini işarə elədim.
– Ruh əkizimi axtarıram. Onu tapa bilsəm, elə bilirəm rahat ölə bilərəm.
– Allah eləməsin. Müalicə alırsız, niyə öləsiz axı?
Maşından düşdük, binaya yaxınlaşdıq. Sürücü xanım qolumdan tutmuşdu.
– İstəyirsən, binalara girək, bir-bir qapını özüm döyüm. Vallah, belə sizdə hal qalmaz.
– Yox, qız səni tanımır.
– Nə bilirsən axı burda yaşayır?
– Eybi yox, sabah da gələrəm.
– Sabah mən də gələcəm sənlə. Haqqım nədirsə, verərsən, lap istəsən dünyanın o başına da gedərik
Gülümsədim, heç nə deyə də bilmədim. Binanın içinə təzəcə girmişdik ki, arxadan hündür, yaraşıqlı bir kişi bizə yaxınlaşdı.
– Salam əleyküm.
Başımla salamını aldım. Boynumdan asdığım ximya şüşəsinə baxdı.
– Ağsaqqal, kiməsə qonaq gəlmisiz? – sözün əsl mənasında nəzakətli tərzdə soruşdu.
– Bala, mən Samirə adında bir qızı axtarıram. Bilirəm ki, buralarda təzə tikilmiş binaların birində qalır.
Cavabım adamı təəccübləndirdi.
– Bu binadır?
– Bilmirəm. Eləcə axtarıram.
– Bəlkə bu bina deyil? Burda o qədər təzə bina tikilib ki. Siz desəydiniz nə üçün axtarırsınız, mən də maraqlanardım.
Sürücü mənim yerimə o cavab verdi.
– Xərçəngdi qız. Ona görə axtarırıq. Siz bizə kömək edə bilərsiz? Bir dəqiqə ey, siz bu binada işləyirsiz?
– Yaxınlaşmışamsa, deməli, axranasıyam.
– Axranasınızsa, deməli, bilərsiz də bu binanın xərçəng olan sakini var, ya yox.
– Düzdür, neçə ildir bura işləyirəm. Amma sizin üçün soraqlayaram. Qızın adı nəydi?
– Samirə.
– Siz bir yerdə oturun, maraqlanıb gəlirəm.
Axran bizim üçün binaya girəndə biz maşına tərəf qayıtdıq. Hava həm istiydi, həm də çox pis yoruldum. Elə bil enerjim qalmamışdı.
Mən maşında oturmalı oldum, sürücü maşını binaya yaxın kölgəlik bir yerdə saxlamışdı. Nəzarətçi on beş dəqiqə qayıdanacan, sürücü mənə içmək üçün su almışdı. Naharımı eləməliydim. Evdə xəstəliyimlə bağlı yeməyimi xüsusi hazırlayırdılar. Bəzən fikirləşirdim ki, əslində, bizdəki xəstəliyi sağaltmaq, ləkələnmiş güzgünü silib tərtəmiz eləməkdən asandır. Hamamdakı güzgümüzün üstündəki ləkəni gəlin hər gün təmizləyir, apara bilmir. Adam adamla prinsip apardığı kimi, bizim gəlində məhz o güzgüyə gücünü göstərir ki, görən o, güclüdür, yoxsa güzgü. Dərmanlarımı da atmamışam. Evdə elə məni danlayan birinci gəlin olacaq. Binanın nəzarətçisi bina qapısından göründü. Bizə baxa-baxa yaxınlaşdı.
– Ağsaqqal, bizdə Samirə adında sakin olub. Ata-anası Rasiyada qalırdı, tək yaşayırdı. Üç aydan çoxdu yoxdu, harda olduğunu da bilmirəm. Siz deyənə qədər heç xərçəng olduğunu da bilmirdim.
– Aydındır. Evlərini satıblar?
– Yox, satılsaydı, birinci mən bilərdim. Mən biləni başqa yerdə də evləri var.
– Hansı tərəfdədir? Xahiş edirəm, bilirsənsə, mənə de. Hörmətini də edərəm.
– Nə hörməti, ağsaqqal. Mənə ayıb olar ki. Baxıram ki, nurani dayısan. Nömrəsi də yoxdu ki, verəm. Mən heç qıza fikir verməmişəm. Ata-anasını tanıyıram.
Ümidimi itirdim, bilmədim nə deyim. Sağollaşıb, sürücüyə məni evə gətirməsini xahiş elədim.
Allah bizi qarşılaşdırmışdı. Allah məni onun yaşadığı binaya aparmışdı, amma yenə həyat yollarımız kəsişmədi. Əslində, çox real insanam, ancaq möcüzələrə də inanırdım. Mənim üçün möcüzələr ümidimi diri saxlayan dərmandır.
Ximya məni elə hala salmışdı ki, adam kimi normal gəzintiyə çıxa da bilmirdim. Gözümü yummuşdum və yuxuda dənizdə çoxlu balıq tuturdum. Görürdüm ki, dənizin kənarında oturmuşam, balıqları bir-bir tutub ağ vedrəyə atıram. Üstəlik, ximya şüşəsidə boynumdan asılmamışdı. Tutduğum balıqlar balaca balıq da deyil ha. Kimin əlinə düşsə, ağzının suyunu dəsmalla silə-silə silər, sonra o balıqları qızardıb yeyərdi.
Vedrəyə nə qədər balıq tutub atdığımı saymamışdım. Bu zaman gənc bir oğlan yanıma gəlib vedrəni götürdü, sonra balıqları dənizə atıb kənarda dayanıb başını aşağı saldı.
– Ay oğlan, başın xarabdı, ya adamı qana salmaq üçün gəlmisən? Balıqları niyə atdın?
– Ona görə ki istəyirəm yaşasınlar.
O idi, səsindən tanımışdım. Oğlan paltarı geyinmişdi, səsi isə Samirənin səsiydi. Sonra əynindəki paltarı soyunduqca, utandığımdan üzümü çevirdim.
– Ay qız neynirsən? Dənizin ortasında niyə soyunursan?
Əlini çiynimə qoyanda gözümü açıb ona tərəf baxdım.
– Necəsən, dayı?
Əlindən tutdum. Özüm də həyəcanlıydım.
– Dayın qurban olsun sənə, ölmə. Çalış, bacardığın qədər çox yaşa. Belə deyirəm ha, nə vecimə, yaşadığımı yaşamışam, vallah, yalan deyirəm. İstəyirsən bu həyatı it kimi yaşa, bez, bezəndə özünə ölüm arzula, elə ki ölüm gəlir, vallah, yaşamaq qədər şirin, mənalı heç nə olmur. Yalvarıram, çalış yaşa.
Gözlərimin içinə baxıb gülümsədi.
– Hər gün dənizə gəlirəm, yoxsuz.
– Doğrudan? Mən də gəlirdim, sən yoxuydun axı.
– Sonsuz dənizdir də. Yəqin hərəmiz bir yerdə olmuşuq.
– İndi nə yaxşı tapdın məni? Dünən evini tapmışdım, amma sən köçmüşdün.
– Əvəzində mən sizi tapmışam. Həm də siz dostlarımı qarmağa ilişdirmisiz. Məni onlar çağırdı.
Dənizə baxıb balıqları nəzərdə tuturdu.
– Əyər sən söz versən ki, hər gün gələcəksən, vallah, birdə balıq tutmayacam. Lap lazım olsa marketdən alıb ölüsünü də yeməyəcəm. Bircə sən yaşa. Xahiş edirəm.
– Sizin xahişinizi çoxdan eşitmişəm. Müalicələrimi alıram, ximya da alıram. Bəs siz müalicə almırsız?
– Niyə ki? Düzdür, bir az gecikmişəm, amma həkim dedi ki, elə də gec deyil. Çox yaşayacam. Gəl belə edək, sən enerjinin gücünə inanırsan?
Samirənin əlini buraxmadan ayağa qalxdım, yatağıma qədər gəldim.
– Həkim mənə dedi ki, mən hələ iyirmi il də yaşayacam. Canım bərkmiş. Baxma da dağda-kəsəkdə böyüyən uşaq olmuşam.
Samirə qəşş edib gülməyə başladı.
– Sənin gülüşün xoşuma gəlir. Ümumiyyətlə, kiminsə güldüyünü görəndə özümü xoşbəxt hiss edirəm. Elə bilirəm ömrümün üstünə əlavə bir gün də yazılır. Əslində elədir. Səndən sonra bilirsən nə qədər kitab oxumuşam?
-Doğrudan?- Samirə təəccübləndi. Bildim ki, dediklərimə inanmadı.
– Yox, oxumamışam. Kitabı bəhanə edirəm ki, dediklərimə inanasan. Axı kitablar həm də həqiqəti yazır. Gözünü yum. Yum, xahiş edirəm. Əyər mənim bundan sonra da iyirmi il yaşayacağamsa, istəmirəm. Öz daxili enerjimlə iyirmi ilimi könüllü sənə verirəm.
Gülümsəyib gözlərini yumdu.
– Suss. Danışmaq olmaz.
– Siz niyə danışırsız?
– Sus, xahiş edirəm. Birazdan mən də susacam, öz enerjimi sənə göndərəcəm. Səndən xahişim, bircə məni hiss elə.
Mən də gözlərimi yumdum, susdum. Hiss elədim ki, ətrafımız işıqlanıb.Gözümü açanda əllərimin boş olduğunu, Samirənin yanımda olmadığını gördüm, getmişdi Bu zaman cib telefonum çaldı. Ximya şüşəsini boynuma asıb yerimdə uzandım, dərin, məni kiminsə oyada bilməyəcəyi yuxuya getdim. Cib telefonum dayandı, on saniyə keçməmiş yenidən zəngi eşidildi. Səsini eşidirəm, cavab verə bilmirəm. Yataqdan qalxmaq istəyirəm, taqətim yoxdu. Bu zaman oğlum otağıma girdi, stulun üstündən telefonu götürüb cavab verdi.
– Bəli. Kimdir? Samirə xanım, atam yatıbdır. Oyadım, sonra sizi yığar. Aha. Samirə xanım, atamın nömrəsini hardan tapmısız?
Samirənin səsini eşidirdim.
– Xəstəxanadan götürmüşəm. Baş həkimin yanında çalışan Aygün xanımdan xahiş elədim, verdi.
– Gözlüyün, atamı oyadım, danışın.
Oğlum məni bir-iki dəfə səslədi, cavab vermədim. Sonra oğlumun səsindəki kövrəkliyi hiss elədim. Bədənim də üşüyürdü deyəsən, üşütməni canımda hiss edirdim, reaksiya verə bilmirdim.
– Ata, qurban olum, gözünü aç, zarafat eləmə. Ata
Deyəsən, enerjimi doğrudan Samirəyə ötürə bilmişdim. Və mən artıq dünyada yoxuydum.
Sonuncu dəfə Samirəni başdaşı qoyulmamış məzarımın üstündə əlində gül gördüm. Başında qara papaq, qulağına balıq formasında sırğa taxmışdı.
Müəllif: Şəfaqət CAVANŞİR
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru