
Atalar yatağa düşməsin Allah
Neçə dağlar keçdim, neçə yol aşdım
Neçə qapıları döydüm, dil açdım
Tək sənə sığındım, sənə əl açdım
Uca varlığına gətirdim pənah
Atalar yatağa düşməsin Allah.
Sovuşsun evlərdən qada bəlalar
Atalar bir ömür sağlam qalalar
Atasın yataqda görən balalar
Ah necə ürəkdən ah çəkərmiş ah!
Atalar yatağa düşməsin Allah.
Mən ki yoğrulmuşam qanından onun
Bir an ayrılmaram yanından onun
Kaş ala biləydim canından onun
Özüm ağrıların çəkərdim vallah
Atalar yatağa düşməsin Allah.
Muradam, atayam, həm də övladam
Atama baxanda balama yadam
Üsyançı naləyəm, acı fəryadam
Sənə yalvarıram hər axşam, sabah
Atalar yatağa düşməsin Allah.
16.03.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var