Gülbəniz Heydər qızı Abbasova. ANA URƏYİNİN SƏRHƏDDİ YOXDUR…

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

ANA URƏYİNİN SƏRHƏDDİ YOXDUR…
Ana mövzusu çox dərin və incə bir mövzudur.İlk nümunələri çox qədimlərə gedib çıxan şifahi xalq ədəbiyatımızın müxtəlif janr-bayatılarda, ağılarda,nəğmələrdə və s. rast gəlirik.
Əziziyəm mərd ana,
Sözunu dedim mərdana
Qarabağa dönməsəm
Oğul deməz mərd ana!

Azərbaycanın bir parçası olan Qarabağın anaları neçə nəsillər böyütmüş, Azərbaycana Şükufə Mirzəyeva,Sara Qədimova, Mirvari Dilbazi və.s. kimi görkəmli səxsiyyətlər bəxş etmişdir.
Tarixən Şah Qacardan başlayaraq işğalşçılar Qarabağ analarına çox ağrı-acı yaşadıblar. “Xarı bülbül” əfsanəsi ilə yaranan fikirlər Qarabağ analarının taleyinə bir misaldır.Qırxqız dağı kimi adı tarixə düşən toponimlərimiz ipək kimi həlim təbiətli analarımıza olan hörmətdən yaranmışdır. Əsrlər boyu Qarabağ anaları ürəklərində bir nisgil, bir ağrı daşımışvə bacardıqları qədər Azərbaycanın harayına səs vermişlər.
Qarabağın dilbər guşəsi olan Gülablının anaları Qızılqaya kimi uca, Nur bulağı kimi təmiz,pakdırlar.Gülablı qadınları bir zamanlar xoşbəxt idilər.Qarabağ müharibəsi bu xoşbəxtliyi onların əlindən aldı.Qarabağ anaları haqqında çəkilən filmlərdə onların Vətən həsrətini görmək olur.
Bu gün haqqında qələmə aldıqım Ana gözəl Qarabağın dilbər güşəsi olan Gülablıda yaşamış Səyyarə anadır. Qarabağ aşıqı Xaspolad Coşqunun ömür-gun yoldaşı Səyyarə xanım Mirzəliyevadır. Uzun sürən Qarabağ müharibəsi və ondan sonrakı 30 illik ayrılıq dövründə vaxtaşırı müsahibim olan bu ana Qarabağ analarının bir timsalıdır.
Təbiətən Səyyarə ana kövrək bir insan olub. Kəsdiyi çörəyin,daddığı duzun qədir-qiymətini həmişə uca tutardı.Uzun illərdən bəri tanıdığım Səyyarə ana uşaqdan böyüyə kimi hamının hörmətini qazanmışdı.Ürəyində Allah xofu olan,mərhəmətli,elin xeyir-şərinə yarayan gözəl bir insan idi Bu qadın! Bu ana mənim qəlbimdə alicənablığı, xeyirxahlığı ilə ağbirçək adına da hörmət, izzət gətirib.O saflıq, insanlıq nümunəsi kimi özünə əbədi yer tapıb.
Əgər bir vaxtlar Gülablının yaraşığı gül-çiçək,bülbüllər olubsa, həyatımızın yaraşığı isə analardır.Anası olmayan ev suyu sovulmuş dəyirmana bənzəyir. Bütün başımıza gələnləri yoluna qoyan analardır,onların fəhmi-fərasətidir.Anaların əli ilə ömrümüz mənalanır.
Vaxtilə görkəmli ədibimiz Y.V.Çəmənzəminli yazırdı ki, XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman veribmiş.Bu fərmanın anlamı böyükdür. Belə ki, fərman oğlan uşaqlarının hünərli olmasında Qarabağ analarının südünün ecazkar gücündən xəbər verirdi.
Səyyarə ana eldə,obada tayı-bərabəri olmayan oğulların anası olmuşdur.O,Gülablı kəndinin ilk qadın ziyalılarından biri idi. Gülablıda doğulmuş və kənd idarəsində uzun müddət mühasib işləmişdi. Səyyarə ana elə kökdən böyümüşdü ki,bu kökdən qol budaq atanların hamısı Vətəninə,xalqına, el-obasına layiqincə xidmət göstərmişdilər.
Gülablı Qarabağın kiçik bir guşəsi idi.Özü gözəl, havası səfalı, insanları çox zəhmətkeş,mehriban idi. Hər yandan Qarabağ bülbüllərinin cəh-cəh səsi eşidilirdı.
1992-ci ilə qədər toy-büsat Gülablı kəndinin bəzəyi idi. Amma bu rahatlıq,şən həyat uzun sürmədi, sanki gözə gəldi.Toyların səsini güllə, mərmi səsləri əvəz etdi.Göz yaşları, ana-uşaq fəryadları bir-birinə qarışdı. Əzəldən Abdal-Gülablı camaatının qəlbində hörmət qanamış Nofəl Mirzəliyev Səyyarə ananın böyük oğlu idi. Müharibə başlayan gündən etibarən kəndinin namərd ermənilər tərəfindən hücumlara məruz qalması Nofəl müəllimi çox narahat edirdi.O zaman ərazi müdafiə dəstələri yaradılması haqqında dövlətimiz qərar verəndə, kənddə uşaqdan-böyüyə hamı gözünü Nofəl müəllimə dikmişdi. Nofəl müəllim kəndin sədri kimi bütün qeyrətli oğulları Vətənin müdafiəsinə qaldırdı. Kişi qeyrətli Səyyarə ana daim deyirdi ki,Vətən, torpaq qarşısında hamımızın borcu var.Ovladlarının hamısı Səyyarə ana üçün əziz idi. Ancaq, onun, Nofələ olan məhəbbəti sankı qəlbinin dərinliyə varmışdı.O, bu sevgini heç kimsəyə bəlli etmirdi.
1992-ci ilin sentyabrında kəndin üstünü qara buludlar aldı və kənd quduz ermənilər tərəfindən işğal olundu.O gündən bəri hər gün Nofəl müəllim Xındırıstanda yerləşən kənd idarəsində kəndin xilas olunması üçün əlindən gələni edir,bütün gününü idarədə keçirirdi.O, həmişə Səyyarə anaya deyirdi ki: – Anacan,evdə qalmağa mümkünat yoxdu,vəziyyət çox ağırdı.Səyyarə ana çox həyəcanlanır,canına qara fikirlər gəlirdi.
Günlərin birində Nofəl anasına mən bu gün mütləq getməliyəm dedi. Oğlunun qəfil sözlərindən Səyyarə ana yerindəcə quruyub qaldı. Sankı oğlu ilə son görüş olduğunu ana hiss edirdi. Nofəl müəllim doğmaları ilə vidalaşıb yola düşdü.Ölüm onu qarabaqara izləyərək Nəvaidə haqladı.Qəzaya uğramış maşın Nofəl müəllimə ağır xəsarət yetirmişdi.Onun son sözləri:Kəndimiz…..Ana!… oldu.
Ana el-obada tayı bərabəri olmayan oğlunu itirmişdi. Amma yenə də dözümlü idi Səyyarə ana! Oğul itgisi onun vüqarını sındırmadı,urəyi sızlasa belə özünü möhkəm tutmağa çalışdı kı,elinin anaları ona baxıb sinsiməsinlər.
Oğul həsrəti çəkdi illərlə ağbirçək ana!! Ürəyindən çox şeylər keçirdi Səyyarə ananın.Səyyarə ana oğlunun əzəmətli duruşunu, məğrur yerişini unuda bilmirdi. Bir zamanlar Ana,Vətən sözlərinə hay verən oğulların anası həsrətindən yanıb yaxılırdı. Kəndin gözəl günlərində Nofəl müəllim camaatın, xalqın xeyir-şərinə çox yarımışdır.O, öz torpağında yaxşı iz qoyub getmişdir. Bir sözlə insanpərvərliyi ilə şərəfli bir ömür yaşamışdır. Kəndin bütün adamları Səyyarə ananın,onun övladlarının xətrini çox isdəyirdilər. Həyatda bütün anaların böyüklüyü var.Qarabağın el ağbirçəyi Səyyarə ana isə tamam başqadır. O həmişə daim ucalıqda yaşayacaq. Xatirimdədir “Xocalı faciəsi” zamanı Abdal Gülablıya 300 faciə qurbanı pənah gətirəndə Səyyarə ana hönkürtü ilə ağlamışdı.Ayaqıyalın,köməksiz vəziyyətdə sağ qalanlara Səyyarə ana sığınacaq,əyin-baş vermişdi.Onların çoxunun xərclərini öz üzərinə götürmüşdü.
O, nisan üzüyünü, sırğasını, başqa zinət şeylərini müdafiə fonduna vermişdi.Səyyarə ana sabaha ümidini heç zaman itirmirdi. Bilirdi ki,Azərbaycan xalqı öz torpağını heç vaxt yağı əlində qoymayacaq.
Ağarıb saçların Səyyarə ana
Gümüş çələngitək düşür çiyninə
Nə edək taleyin tərəzisinə
Çox görüb,çox çekib,çox itirmisən.

Son müsahibələrimizin birində Səyyarə ana hönkürərək ağladı.Mən yaxşı bilirdim ki,bu hönkürtü itirdiyimiz o gözəl cənnət torpaqlarımıza, şəhid oğullarımıza görə idi.
Onun bir arzusu var idi:torpağının azad olunması.2020-ci ilin noyabırında o, bu xoş xəbəri eşitdi.Ana hələ də dərin iztirab və həsrətlə TV-yə azad olunmuş kəndinə baxdı.Oğlunun yoxluğunu duysa belə,yenədə onun yolunu gözləyən ananın kədəri öz əksini tapmışdı.
2022-ci ilin fevralında ananın ölümü onu sevən doqmalarının,qohum- qonşularının ürəyini sızlatdı….
Əbədiyyət dünyasına qovuşdu Səyyarə ana .Uzun illər qəlbində oğul nisgili, Vətən həsrıtli Səyyarə ana əbədəyyətə qovuşdu Son mənzilə nəvələrinin çiynində getdi……. Ağdamın Quzanlı qəbristanlığında dəfn olundu. Bu yaxınlarda Səyyarə ananın vəfatının ildönü qeyd olundu.Onun məzarı önündə dayanan qızları analarının vaxtilə dediyi sözləri xatırlayıb,hönkür-hönkür ağladılar.
Torpağın azad indi
Bu nə bəlaydı Nofəl?
Sil gözündən həsrəti
Vətən azaddır Nofəl.

Belə analar kəndimizdə onlarcadır. Kişi qeyrətlli, igid dəyanətli, övladlarına həm ana, həm ata,həm qardaş olmuş analar…
Qarabağ müharibəsi analarımıza vurduğu fiziki və mənəvi yaralarla heç də öyünməsin.
Anaların ürəyi səma qədər sonsuzdur,məhəbbəti də,inamı da dözümü də dünyaya analar bəxş edib. Hər bir insanın qəlbində bu sonsuzluğun, dözümün özünəməxsusluğu vardır. Biz son məzaradək analara çox borcluyuq.Analar bütün dövrlərdə mütəfəkkirlərimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu nöqteyi nəzərdən C.Cabbarlının, M.Müşviqin, M.Cəlilin “Ana” əsərləri ana obrazının tərənnümündə çox dəyərli əsərlərdir.
Sonda Qarabağ analarının əvəzsiz olduqlarını, bir daha müasir müharibələrin onlara bəxş etdiyi nisgilli həyata baxmayaraq mübariz olduqlarını söyləməkdir.
Səyyarə ana yerin behişt olsun,qəbrin nurla dolsun!! Qalan analarına isə can sağlığı arzu edirəm!!
Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV. YENİ ŞEİRLƏR.

MURAD MƏMMƏDOVUN YAZILARI

???…
Yaşamaq gözəl hissdir,
Sənə dəyən olmasa.
Dünyanın nəyi pisdir,
İnsan yaşa dolmasa?!
* * *
Gül canıyla əlləşər,
İstidən bağrı bişər.
Onlar da gözdən düşər,
Saralmasa, solmasa.
* * *
İnsan qisas alarmı,
Bir-birini çalarmı,
Kin, küdurət olarmı,
Pislik yadda qalmasa?!
* * *
Saf eşq səni əyərmi,
Sevən özün öyərmi,
Yaşamağa dəyərmi,
Yar qadanı almasa?!
* * *
Murad görür, götürür,
Ətrafına ötürür,
Baxır, dünya itirir,
Gündə təbil çalmasa.

DAMLA-DAMLA
Damla-damla ömür axır,
Can quruyur, yanaq solur.
Günahlarım dönüb baxır,
Yaddaşıma pərçim olur.
* * *
Günahımı yuyammıram,
Çalışıram təmiz olam.
Bu dünyadan doyammıram,
İzi itən bir dar yolam.
* * *
Tükənməyir arzularım,
Bu dar yolun sonundayam.
Üç övladdı mənim varım,
Mən onların canındayam.
* * *
Tanrım, sevgim sənə görkdü,
Çarəsizəm, qolum bağlı.
Baxan deyir canı bərkdi,
Daş kimidi zalım oğlu.
* * *
Mənə canı verən sənsən,
Yaş artdıqca kölgəm itir.
Günahımı görən sənsən,
Ya bağışla, ya da bitir.

XOŞ GƏLDİN
(60 yaşın astanasında öz-özümlə söhbətim)
Getdiyim bu yolun sonu işıqdır,
Bilməsəm, bir addım atarammı heç?!
Qismətim ömrümə bir yaraşıqdır,
Bu qismətə haram qatarammı heç?!
* * *
Bu yolun əvvəli gün kimi aydın,
İşıqlı sonuna arxayınam mən.
Etdiyim səhvləri hərdən bir saydım,
Ancaq istəmişəm hey yayınam mən.
* * *
Demirəm sərrafam, naşıyam mən də,
Dünyanın çəmini tapa bilmədim.
Kefim kök olardı kənarda, gendə,
Amma dar ayaqda heç vaxt gülmədim.
* * *
Bu dünya fanidi, mənə də qalmaz,
Mən mələk deyiləm, çox günahım var.
Nə qədər yaxşılıq etsəm bəs olmaz,
Bir kəsə çəp baxsam dünya dağılar.
* * *
Altımış yaşım var çox şeyi gördüm,
Həyatın dəyişməz qanunları var.
Bezmədim ağrı da, kədər də dərdim,
Bildim ki, yaxşı gün məni də tapar.

BƏZƏN
Bəzən qanın qaralar,
Bəxtin səni öyməsə.
Hər bir dərdə çarə var,
Allah səni döyməsə.
* * *
Yüz səhv edər dayanmaz,
Günahını sayanmaz,
Baxma, insan oyanmaz,
Başı daşa dəyməsə.
* * *
Düzdə xana qurulmaz,
Piylənmiş baş durulmaz,
İnsan oğlu qırılmaz,
Dövran onu əyməsə.
* * *
Ruhum safdı, qoyarmı?!
Heç şeytana uyarmı?
Murad sənə qıyarmı?
Dilin onu söyməsə.

O
Sevən ürək paxıl olmaz,
Halal, təmiz doğular o.
Sevən kəsdə ağıl olmaz
Eşq içində boğular o.
* * *
Uşaq kimi tez aldanar,
Sevdiyini canı sanar,
Öz eşqini bəzən danar,
Öz içinə yığılar o.
* * *
Evdə qalsa, tək qarıyar,
Bəxti korsa, susar, duyar,
Eşqdən solar, tam quruyar,
Kor bulaq tək soğular o.
* * *
Dara düşsə, susmaz, dinər,
Hikkəsiylə səni yenər,
Məhvərindən silkələnər,
Kərpic-kərpic dağılar o.
* * *
Yarı ölsə o an solar,
Susar, dinməz, fikrə dalar,
Sevdasından dəli olar,
Məcnun deyə çağrılar o.

DÜNYANIN
Gözü doymaz bu dünyanın,
Hər gün gedib gələni var.
Dərdə düşüb ağlayanı,
Sırtıq-sırtıq güləni var.
* * *
Qaraqışqırıq salanı,
Ömrünə balta çalanı,
Yalandan nəfəs alanı,
Ayaq üstə öləni var.
* * *
Dar ayaqda zaman getməz,
Dərd qurtarmaz, azar bitməz,
Eh, aşmağa ömür yetməz,
Yüz təpəsi, bələni var.
* * *
Murad, boylan, sən də dur keç,
Vaxtın varsa bir yuva seç,
Hamı nankor olarmı heç,
Qədir-qiymət biləni var.

60 YAŞIMA
Bu da bir qismətdi, buna da şükür,
İlahi, başqa bir umacağım yox.
Duyuram ürək də qaş-qabaq tökür,
Təkəm, sığınmağa bir qucağım yox.
* * *
Hər kəsin sonu var, bunu bilirəm,
Bu ömür alnıma yazılan yazı.
Allahın əlindən tutub gəlirəm,
Nə vaxt ki buraxdı, bitər ən azı.
* * *
Bu ömrü sevərək duydum, yaşadım,
Çalışdım düz gedəm yolumu hər an
Hər il bir nişanə qoydum, yaşadım,
Bildim ki, məni də udacaq zaman.
* * *
Ruhum tər-təmizdi axar su kimi,
Hər günə şükr edər, sevinər, gülər.
Hələ ki sınmayıb könlümün simi,
Kökdədi, hər nəğmə çalına bilər.
* * *
Bu ürək çox dözdü mənim oduma,
Dinmədi, görmədi üzümdə kədər.
Ləkə gətirmədi mənim adıma,
Nə də incitmədi bu vaxta qədər.
* * *
İlahi, hər zaman sənə borcluyam,
Ağlım üstümdədi, təbim rəvandı.
Bilirsən əzəldən nəçiyəm, oyam,
Cismim qocalsa da, ruhum cavandı.

SEVİN
Siz ey mənim əzizlərim, qismətdəki adı sevin!
Hər bir dilə vaqif olun, demirəm ki yadı sevin!
* * *
Eşqə biganə qalmayın, sevginizə sadiq olun,
Millətimin eşq simvolu Şirini, Fərhadı sevin!
* * *
Şirinliyi dil anlayar, tez ötürər beyinlərə,
Sərraf olun, aqil olun, ağzınızda dadı sevin!
* * *
Dostluq edin, seçin hər vaxt fərəhlənən könülləri,
Müxənnətdən uzaq olun, arayın, dilşadı sevin!
* * *
Heç qəzəl yazmamışam, anlayıram mən ərk elədim,
Vaxtınız olsa əgər, bir az da bu Muradı sevin.

BİLİNMİR
Bir sual həmişə hey yorar məni,
O nədi heç zaman yaşı bilinmir.
Nə bir ölçüsü var, nə bir ölçəni,
Bu işdə nə usta, naşı bilinmir.
* * *
Əvvəl gəl-gəl deyər, üzünə gülər,
Həyatda hamının başına gələr,
Sonu nə olacaq, bir Allah bilər,
Axırı, əvvəli, başı bilinmir.
* * *
Ay Murad, naşısan, sən də çox oxu,
Görmədim doyanı, harını, toxu,
O elə dağdı ki çıxammır çoxu,
Ətəyi, zirvəsi, qaşı bilinmir.

DEYİLMİŞ!
İçimdə o qədər ağrı-acı var,
Baxıram, bu dünya mənlik deyilmiş!
Çevrəmdə o qədər qardaş, bacı var,
Dərdimi soruşmaq sənlik deyilmiş!
* * *
Başım açılmayır mərəkə, yasdan,
Nə səndən yarıdım, nə də ki, dostdan,
Sanki sıxılıram bu basa-basdan,
Ayılıb görürəm tünlük deyilmiş!
* * *
Üzümə baxanlar dərdimi anlar,
Mənə yad deyil ki, qohumdu onlar,
İllərin dərdimlə ortaqlığı var,
Nə aylıq, nə də ki, günlük deyilmiş!
* * *
Ay Murad, taleyin min oyun oynar,
Köksün alovlanar, qaynar ki, qaynar,
Baxma, dərdlərinin hər an həlli var,
Əgər həlli yoxsa, tənlik deyilmiş.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səriyyə Abidova. QUBA QƏZASININ MÜDAFİƏÇİLƏRİ

SƏRİYYƏ ABİDOVANIN YAZILARI

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi araşdırmalar,

ekspozisiyası və fond şöbəsinin əməkdaşı.

QUBA QƏZASININ MÜDAFİƏÇİLƏRİ

         Aprel ayının 28-də 1920-ci ildə Azərbay­canda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının  müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.

Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.

Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.

Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məc­­bur oldular.

Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.

Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.

Bundan ruhlanan bolşevik koman­dirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.

Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.

Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.

Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıx­­­­lar, Güdəkli, Ağa­şirinoba, Dəvəçinin Gən­­dov, Qalagah, Zöh­ramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşe­viklər minlərlə əs­gər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.

Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.

Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.

Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məm­məd əfəndi və Molla Məhəm­­məd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəy­ləri – Həsən bəy, İbra­­him bəy, Mürsəl bəy, əs­lən Dağısta­nın Mis­kincə kəndindən olan Ləz­­gi Məhəm­məd, Os­man Mayıl oğlu, polkov­nik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.

                                              Ədəbiyyat siyahısı:

1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2

2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12

3. Vikipedia.az

4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144

5. Xalq qəzeti 25.05.2016-ci il. Səh 2-3

MÜƏLLİF: SƏRİYYƏ ABİDOVA

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi araşdırmalar,

ekspozisiyası və fond şöbəsinin əməkdaşı.

SƏRİYYƏ ABİDOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahənşah şair. Xətai yaradıcılığında irfan

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Şahənşah şair. Xətai yaradıcılığında irfan

Dörd qapu,qırx məkan,yetmiş iki qat,

Məhəbbət dedigin təcəlliyi-zat. (Xətai)

Dörd qapu-Təsəvvüf əhlinə görə haqqa çatmaq üçün 4 mərhələdən keçmək lazımdır. Bu mərhələlər adi müsəlmanların getdiyi şəriət pilləsi,zahidlərin getdiyi təriqət mərhələsi və ariflərin yetişdiyi həqiqət və mərifət məqamıdır.

Qeyd:

 Təriqətindən aslı olmayaraq hər bir müsəlman iman ruhu ilə həqiqət mərhələsinə yetişə bilir. Molla Sədra ruhu bir neçə yerə bölmüşdür ki, həmin bölgülərən biri iman ruhu,digərisi isə etiqad ruhudur. Etiqadı yəni təriqəti müxtəlif olan kəslər,iman ruhu ilə özlərini təkmilləşdirib həqiqət məqamına yüksəlirlər.

Qırx məkan-İslam dininə görə 40 ədədinin özünəməxsus özəllikləri vardır. Bu beytdəki 40 ədədini isə iki yol ilə izah edə bilərik.

 1.Tarixi yol- İmam Hüseynin(ə) ailəsi əsir düşərkən 40 mənzil ilə Şam şəhərinə əziyyətlə aparılmışdır.

    2.İrfani təqva yolu~  Yüksək dərəcəli irfani məqamlara çatmaq istəyən bir müsəlman üçün əsas şərtlərdən biri budur ki,O, 40 gün 40 fərqli məsciddə şam namazından sonra ziyarəti-aşura oxumalıdır.

    3.Şəriət-Təriqət-Həqiqət və Mərifət yollarının hərəsinin özünə uyğun 10 qanunu,cəm olaraq isə 40 qanunu vardır.

Yetmiş iki qat- Din fəlsəfəsində 72 ədədinin ayrı məqamı vardır.

    1.İslam tarixində Kərbəla döyüşündə İmam Hüseynin(ə) 72 tərəfdaşı şəhid olmuşdur.

    2.Həqiqətin mənbələrində üçlər, beşlər, yeddilər, qırx kimsənə, yetmiş iki pir,üç yüz on üç əsgərlə yanaşı, doxsan min qulamın da adı çəkilir

    3.72 rəqəmi əbcəd hesabı ilə kəf ك , nun ن və bə ب hərfləri ilə işarə edilir. Kəf və nun hərflərini birləşdirdikdə kun sözünü əldə edirik. Bu hərf ol sözünü ifadə edir. Belə ki, islam fəlsəfəsinə görə Allah yeri-göyü ol sözü ilə yoxdan var edib. Bəqərə surəsinim 117-ci ayəsində buyurulur ki, Allah ol deyər və olar.

Bə hərfinin isə əbcəd elmində mənası dərindir. Belə ki, Qurani-Kərim Fatihə surəsinin 7 ayəsində yığcam,amma müfəssəl formada təcəlli olmuşdur. Fatihə surəsi ilə Bismillahir-rəhmanir-rəhim sözündə,Bismillah sözü isə Bə hərfində təcəllidir. Hədislərdən birində qeyd edilir ki,Hz.Əli(ə) bə hərfinin altındakı nöqtədir. Yəni ki, O(ə) ümumi Quranın natiqi və canlı müfəssiridir(təfsir edən).

Beytin 2-ci misrasında qeyd edilən məsələ isə məhəbbətdən söhbət açılır. Eşqin xüsusiyyətlərindən biri budur ki,insan öz yarına həddən artıq aşiq olanda,ondan qeyrisini görə bilmir. Ariflərin də Allaha olan eşqi əndazədən kənara çıxdığı üçün onlar təbiətdə Allahdan başqa heç bir varlığı görmürlər. Və onların zənnincə, gözlə görünən materialarda Allahın nişanələri vardır və Allah bütün kainatı bürümüşdür. Şərq fəlsəfəsində bu dünya görüşünə vacibül-vücudun vəhtədi yəni ,vəhdətül-vücud deyilir. Qərb fəlsəfəsində isə buna oxşar fəlsəfi baxış,bilinənin əksinə panteizm deyil, transsentensializmdir. Molla Sədranın hikmətil-mütəaliyyə fəlsəfəsi Amerika fəlsəfəsində Ralf Emerson tərəfindən bu cür adlandırılmışdır. Molla Sədraya görə Allahın varlığı və mahiyyəti onun zatındadır və O insanda varlıq yox,məhz mahiyyət etibarı ilə təcəlli olmuşdur. Belə ki, Allahın varlığı elə onun Allah adında,mahiyyəti isə Rəhman,Rəhim,Qəhhar,Alim,Əzim və.s kimi 1001 sifətindədir. Mümkün əl-vücudda( yaranmışda) təcəlli olan Allah sifətlər yəni mahiyyət etibarı ilə hülul olmuşdur.Transsendentsializm cərəyanına görə də insan mən etibarı ilə,təbiət isə qeyri-mən etibarı ilə Allahla əlaqədədir. Ariflər üçün də hər yerdə Allahın sifətlərinin nişanəsi olduğu üçün,onlar bilavasitə Allahı böyük eşq ilə sevir,məhəbbət bəsləyirlər.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru